“Sosial şəbəkələrdə xoş günlərini paylaşanlar acı çəkənləri depressiyaya salırlar…” Featured

QAYNAR MÜSAHİBƏDƏ PSİXOLOQ MÜJGAN MƏMMƏDOVA

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə öz yayımı ilə diqqət çəkən, sevilən, çox izlənilən “Ədəbiyyat və İncəsənət" portalının QAYNAR MÜSAHİBƏdəki qonağı CİBS təlim-psixologiya mərkəzinin psixoloqu Müjqan Məmmədovadır.

 

-Xoş gördük, əziz Müjqan xanım, danışılacaq o qədər mövzu var ki, lakin rubrikanı nəzərə alaraq ən qaynar mövzulara toxunacağıq.

 

1) Uşaqların sağlam psixologiyada böyüməsi üçün əsasən nələrə diqqət edilməlidir? 

 

-Bu gün psixologiyaya olan maraq getdikcə artmaqdadır, yeni ana olanlar və ya uşaqlarını düzgün psixologiyada böyütməyə çalışan analar informasiya bolluğundan yanlışlar çox edirlər, ona görə də bu suala çox uzun cavablar verilə bilər. İlk öncə hər  bir coğrafiyanın öz psixologiyası var. Qərbyönümlü tərbiyə metodikasında uşaq yıxılırsa, onu qaldırmırlar, özünün qalxmasını gözləyirlər. Bu gün bizim cəmiyyətdə də bunu çox görürəm, amma bizim insanlar çox duyğusaldır, emosionaldır, ailə bağlari önəmlidir. Buna görə eyni metodika bizdə tətbiq edildikdə uşaqda güvən sarsıntısı yaranir. Bu da valdeyninə güvənli yox, təşvişli bağlanma yaradır.

 

2) Valideynlər uşaqları ilə bağlı daha çox nəyə diqqət etməlidir?

 

-Ən çox onları dinləməli və izləməlidir. Uşağın valdeyninə güvəni çox önəmlidir. Bu onun dərdini deməsinə, özünü ifadəsinə öz güvəninə, cəmiyyətdə tutacağı mövqeyə təsir göstərəcək.

0-6 yaş dönəmində uşaq güvənli, yoxsa təşvişli bağlanmağı öyrənir. 7 -14 yaşında da harada olması, kimlərlə ünsiyyət qurması gələcəkdəki kimliyini, şəxsiyyətini müəyyən edir.

 

3) Yeniyetmələr arasında aqressiyanın çoxalma səbəbləri nələrdir?

 

-Bu, sosial şəbəkənin bu qədər əl çatan olmasıyla yaxından bağlıdır. Sosial şəbəkələrdəki yalnış informasiyalar, doğru olmayan təbliğatlar uşaqlarda aqressiyadan başqa fəsadlar da yaradır. Oyunlarda şiddət təbliğ olunur, evdə kompyüter başında daha çox zaman keçirirlər. İnsan insana ehtiyaclı varlıqdır. Bu gün amma görünən odur ki, insanlar sosiallıqdan uzaqlaşdırılır, robotlaşır, duyğusuzlaşır. Kök səbəb - ağıllı telefonlar mütləq uşaqların gələcəyi üçün limitli istifadə olunmalıdır. Kitab oxumanın təbliğatı çoxalmalıdır.

 

4) Bəs bu gün insanların bu qədər çox depressiyada olma səbəbi nədir?

 

-Çünki insanlar xoşbəxt ola bilmir. Digər insanların onlardan daha çox xoşbəxt olduğunu düşünür, çünki instaqrama, tik- toka baxanda bunu görür hamı ancaq parlaq həyatını paylaşır. Bu, izləyənlərdə yetərsizlik duyğusunu yaradır.  Mən uğursuzam, amma onlar uğurludur düşünür, bu da insanı depressiyaya salır. Lakin heç kim düşünmür sosial şəbəkələr yalan dedektoru kimidir. Hamı yoldaşıyla sevdiyi- şəxslə filmə getdiklərini, əl- ələ şəkil çəkdirdiklərini paylaşır. Amma heç kim yol tıxac olduğu üçün yolda dalaşdıqlarını bilmir. Evdar xanım səhəri güllərlə açan bir xanımı görür və mənə niyə belə münasibət yoxdur- deyib düşünərək özünü günahlandırır, amma güllərin foto çəkdirmək üçün gül salonundan müvəqqəti götürüldüyünü bilmir. İnsanlar yediyini, gəzdiyini, sevildiyini paylaşır, amma arxa fonda baş verənlər traqikomikdir.

 

5) Məktəblərdə keçilməsinin önəmli olduğunu düsündüyünüz hansı mövzu var?  

 

-Çox istərdim ki, etik qaydalar və cinsi tərbiyə mövzuları dərslik kimi keçilsin. Cinsəl mövzular bizim cəmiyyətdə uşaqla danışıla bilinməyən mövzulardır. Bu mövzu məktəblərdə danışılsa, daha düzgün olardı və uşaqlar yanlış insanlardan, yanlış mənbələrdən nələrisə öyrənməzdi, ən azı öz bədənini tanıyardı. Öz bədənini öyrənmək, tanımaq çox vacibdir.

 

-Müjqan xanım, suallarımıza ətraflı cavab verdiyiniz üçün Sizə minnətdarıq.

 

-Növbəti mövzularda görüşmək ümidi ilə.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.