Yerli bəstəkarların son dövrlərdə yazdığı əsərlər 2024-2025-ci dərs ilindən başlayaraq musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək. Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndələri arasında keçirilmiş görüşdə bununla bağlı müzakirə aparılıb.
“Ədəbiyyat və incəsənət” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu prosesin vaxtaşırı davam etdirilməsi, yeni bəstələrin müvafiq təhlillər aparıldıqdan sonra proqramlara əlavə edilməsi ilə əlaqədar razılığa gəlinib.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən hazırlanacaq not nümunələri sistemli şəkildə həm elektron daşıyıcılarda, həm də kağız formatında sözügedən məktəblərə təqdim olunacaq.
Proqrama salınacaq nümunələr arasında Firəngiz Əlizadənin "Zəfər marşı", Elnarə Dadaşovanın fortepiano üçün pyesləri, Adilə Yusifovanın fortepiano üçün pyesləri və "Yaz nağılı" kantatası, həmçinin Sərdar Fərəcov, Faiq Nağıyev, Mehriban Əhmədova, Zabitə Məmmədova, Cahangir Zülfüqarov, Pikə Axundova, İlahə Qismət və digər bəstəkarların uşaqlar üçün əsərləri yer alır.
Bu təşəbbüsün əsas məqsədi yeni nəsil musiqiçilərin milli və müasir musiqi üslublarını mənimsəməsini təmin etmək, eyni zamanda müasir dövr bəstəkarların yaradıcılığının təbliğinə dəstək olmaqdır.
Yenilənmiş tədris proqramı sayəsində musiqi və incəsənət məktəblərinin şagirdləri rəngarəng repertuarla tanış olaraq bu sahədə bilik və bacarıqlarını daha da inkişaf etdirəcəklər.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)