Super User
GÜLÜŞ KLUBUnda 30 yaşlı uşaq
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Görəsən necə olar, bütün magistrlər, elmlər namizədləri müdafiə eləmək əvəzinə hücuma keçələr?
2.
ÜDM artır deməklə ağız şirin olmaz.
3.
İki cibgir metrodan çıxarkən.
Birinci:
-Sən o dama-dama pencəkli şişman kişinin saatını gördün?
İkinci:
-Göstər baxım.
4.
-Məni valideyinlərim bezdirib. Hər dəfə əsassız yerə üstümə gəlirlər.
-Nə deyib gəlirlər?
-Hər dəfə mənə - 30 yaşlı kişiyə deyirlər ki, bəsdir uşaq qaldın, böyü.
-Sizcə onlar səhv deyirlər?
-Əlbəttə. Mən də hər dəfə belə olanda oyuncaqlarımı yığıb, samokatımı da götürüb nənəmgilə gedirəm.
5.
Nişanlı vaxtı oğlan qızın səsini eşidəndə xoşbəxt olurdu. Evliliyin beşinci ilində isə səsi kəsiləndə xoşbəxt olur.
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)
EVDƏ HƏKİM - Qadınlarda sonsuzluq əlamətləri hansılardır?
Əlbəttə ki, ailələrin ən əsas problem sonsuzluqdur və məhz bu problem yeni qurulan ailələrin üçdə ikisinin süqutunu təmin edir. “Ədəbiyyat və incəsənət” portalının EVDƏ HƏKİM rubrikası bu gün yenə işləyir, iş başında mama-ginekoloq Yaqut Qasımovadır.
Tibbin qanunları var, bunlar dəyişməzdir. Əgər kişi və qadın 1-2 il mütəmadi qaydada cinsi əlaqədə olursa və bu zaman hamiləliyə qarşı heç bir vasitədən istifadə olunmursa, lakin hamiləlik baş vermirsə, bu cür cütlük sonsuz hesab olunur. Sonsuzluğun səbəbkarı hər iki tərəf ola bilər.
Bəs qadının sonsuz olduğunu necə müəyyən etmək olar?
Hamilə qala bilməmək
Müəyyən müddət qadının hamilə qalması mümkün olmursa, bu, sonsuzluğun ilkin əlamətlərindən biridir. Bir ildən sonra həkim sonsuzluq istiqamətində diaqnoz qoya bilər. Bundan əlavə, 35 yaşlı qadının 6 ay ərzində hamilə qala bilməməsi də sonsuz olduğunu göstərir.
Ağır və sancılı keçən menstruasiya dönəmi
Ağır və ya ağrılı keçən menstruasiya dönəmi döllənməyə təsir edə və daxildə gizli problem olduğuna işarə verə bilər. Bəzi qadınlar menstruasiya vaxtı bir neçə gün normal qanama yaşayarkən, digərləri mütəmadi olaraq ağır və ağrılı kramplar yaşaya bilir. Bu cür problemlə üzləşənlərdə qarnın alt bölgəsində uşaqlığın xaricində uterus mukozasına bənzər toxuma meydana gəlib, müxtəlif orqanlara yayılan endometrioz ola bilər. Bu, sonsuzluq üçün risk faktorudur.
İntim əlaqədə ağrı
Cinsi əlaqədə ağrı və ya displaziya qadının döllənməsinə təsir edə biləcək sağlamlıq probleminin əlaməti ola bilər. İnfeksiyalar, endometrioz və miyomalar bu cür sağlamlıq problemlərinə misaldır.
Tünd və ya donmuş qan rəngi
Əgər menstruasiya qanı normaldan daha soyuqdursa, bu həyəcan siqnalı ola bilər. Qan ilk günlərdə parlaq qırmızı olur, sonradan tündləşə bilər. Lakin ilk günlərdə görülən tünd və soyuq qan endometriozisə işarə edir.
Menstruasiya tsiklinin nizamsız olması
Menstruasiya tsikli qadınlarda zamanla dəyişir. Bununla belə bir çox qadın həmin etapı nizamlı keçirir. Hər dövr arasındakı vaxt təxminən eynidir. Nizamsız menstruasiya tsikli göstərir ki, mütəmadi olaraq yumurtalama getmir. Bu da sonsuzluğa gətirib çıxaracaq. Ovulyasiya uşaqlıqlığa bir yumurta buraxmaq deməkdir. Nizamsız ovulyasiya polikistik yumurtalıq sindromu, piylənmə, həddən artıq arıqlıq və tiroid problemlərdən qaynaqlana bilər.
Hormonal pozğunluq
Hormonal dəyişikliklərin simptomları spesifik deyil. Qadın bunu hiss etməyə və altda gizlənən səbəbi görməyə bilər. Ancaq həkimin analizlər nəticəsində hormonal problemləri aşkar etməsi mümkündür.
Piylənmə
Piylənmə döllənməyə mənfi təsir edir. Bu problemlə üzləşən qadınların hamilə qalmaq şansı daha aşağıdır və hamiləlik müddətində çəkinin artması risk yaradır.
Allah bütün qadınların köməyi olsun, onları sonsuzluq əzabına tuş eləməsin. Növbəti dəfələrdə daha effektiv mübarizə yollarına birlikdə baxacağıq.
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)
Gəncə Dövlət Filarmoniyasında bu dəfə “Naz-Nazı” muğam qrupu çıxış edəcək
Sentyabrın 30-da “Bakıdan Gəncəyə” layihəsi çərçivəsində Xalq artisti, tarzən Malik Mansurovun rəhbərliyi ilə “Naz-Nazı” muğam qrupunun konsert proqramı keçiriləcək.
“Ədəbiyyat və incəsənət” pprtalına Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasından verilən xəbərə görə, konsertdə “İz” və “Yari-pünhan” kompozisiyaları, “Xumar oldum” və “Dağların başı”, “Gül dəstəsi” xalq rəqsi, “Qarabağ şikəstəsi”, “Çahargah dəramədi” əsərləri səslənəcək.
Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə, həmçinin xalq mahnıları ifa ediləcək.
Biletləri Filarmoniyanın kassasından və iticket.az saytından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)
Kərimli Kurqanları - HÖKMDAR MƏZARLIĞI
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi.
Zəngin təbiəti ilə hər bir azərbaycanlının və eləcə də turistlərin diqqətini çəkən Oğuz rayonu həm də tarixi abidələr diyarı kimi tanınır.
Oğuz elinin əski mədəniyyət mərkəzlərindən biri kimi tanınan bu rayonda eradan əvvələ aid olan tarixi abidələr buranın qədim yaşayış məskəni olduğunu bir daha təsdiq edir.
Belə qədim yaşayış məskənlərindən biri də turistlərin xüsusi diqqətini cəlb edən Yaqublu kəndi yaxınlığındakı Kərimli kənd bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşən qədim kurqanlardır. Məlumat üçün onu da qeyd edək ki, ,,kurqanlar çölü” və “hökmdar məzarlığı” adlandırılan bu ərazidə vaxtilə mövcud olmuş 9 kurqandan 5-i öz ilkin formasını saxlamış, 4-nün isə yerüstü hissəsi təsərrüfat işləri aparılarkən dağıdılmışdır.
Xüsusi olaraq qeyd edək ki, tarixi terminologiyada kurqan torpaq təpə deməkdir, yəni sosial bərabərsizliyin mövcud olduğu dövrdə tayfa başçılarının hakimiyyətinin qüdrətini ifadə edən sərdabə tipli qəbirdir. Kurqanlar, məqbərələr bütün dövrlərdə varlı, mənsəb sahibi olan insanlara, hökmdarlara, xaqanlara məxsus olub. O da maraqlıdır ki, tarix boyunca, kurqanlar ancaq türk xalqlarına aid olub.
Bu günə kimi ərazidə yerləşən 9 kurqandan ancaq bir neçəsində arxeoloji qazıntılar aparılıb. Arxeoloji qazıntılar Kərimli kurqanlarının eramızdan əvvəl (e.ə. 14-16-cı əsrlərə) aid olduğunu göstərir. Burada tədqiqat işləri aparmış, Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutunun əməkdaşı mərhum, Nəsib Muxtarov (Qaznıtı aparılan kurqanın bir addımlığındakı Yaqublu kəndində yaşadığıma görə tez-tez ora gedər, tapılan eksponatlara maraqla baxar, Nəsib müəllimin izahlarını acgözlüklə dinləyərdim. Onu da deyim ki, rəhmətlik burada yeraltı muzey yaratmaq istəyirdi) qeyd edirdi ki, bu kurqanlar son tunc dövrünə aiddir və onlardan ən balacasının diametri 70 metrdir. Kurqanın quruluşu Azərbaycanın orta tunc dövrünə aid torpaq kurqanlarla oxşar olsa da, səciyyəvi cəhətlərə malikdir. Bu abidələrin bir xüsusiyyəti də var ki, onların əksəriyyətinin həndəsi düzülüşü aypara şəklindədir.
Kurqandan eramızdan 1500 il bundan əvvələ aid çoxlu qədim əşyalar tapılıb. Belə bir kurqanın tapılması II minilliyin ortalarında Azərbaycanda çox güclü bir dövlətin olmasından xəbər verir. O dövrdə dövlət birləşməsi və təşəkkülü o səviyyəyə çatıb ki, hakimiyyətdə təmsil olunan sülalər üçün hətta kurqan da düzəldiblər.
Kərimli kurqanları yerli əhalinin iqtisadiyyatı, ticarəti və mənəvi dünyası haqda hərtərəfli araşdırmalara imkan verir, yaşanmış tərəqqini izah edir. Zəngin mifologiya, yüksək sənətkarlıq, siyasi və ticarət əlaqələri bu tapıntılarla təsdiq edilir.
Nəsib müəllim deyirdi ki, kurqan iki qatlıdır. Belə ki, burada ilk dədə bir hökmdar basdırılıb. Bir neçə əsr keçəndən sonra, həmin kurqanın üstündə yenə də digər bir kurqan tikərək, digər hökmdarı dəfn ediblər.
Kurqan bir neçə dəfə talanıb. Çünki qazıntılar zamanı dəmir bir nizə tapılıb. Belə ehtimal olunur ki, tunc dövrünə aid olan bir yerdə birdən- birə dəmir nizənin tapılması ondan xəbər verir ki, kurqanı bir neçə əsr sonra talayan adamlar, buranı qazarkən aləti unudub gediblər.
Burada aşkar edilmiş insan və at skeletləri, qab-qacaq və alətlər əcdadlarımızın qədim dəfn, yaşayış, inanc və digər adət-ənənələrini, məişətini aydın şəkildə əks etdirir. Dəfn kamerasında (11 m. x 4 m. x3 m.) aşkar edilən dəfn adəti xüsusi maraq doğurmuşdur. Dəfn adəti səciyyəvi cəhətlərə malikdir, xüsusi diqqət çəkir. Adətən belə kurqanlar dövrün mənsəb sahiblərinə aid olurdu və onların uyuduqları yerdə sağlıqlarında işlətdikləri əmək alətləri, məişət alətləri, qab-qacaqları, bəzək düzəkləri ilə yanaşı, o biri dünyada yeyib –içəcəkləri azuqələri, nemətləri , onların sevdikləri atları və itlərini də də özləri ilə birlikdə dəfn edirdilər. Həmin qabların, alətlərin üzərindəki işləmələr isə təkcə naxış deyil, onlar həm də danışan petroqlif yazılarıdır, rəmzləridir. Bunların hər biri İslamaqədərki abidələrdir.
Beş metr dərinlikdəki kameradakı qu quşu, göyərçin, bülbül, qaz, ördək, ilan fiqurları öz orijinallığı ilə fərqlənir. Nəsib müəllimin köməkçisi İ.Bədəlova söyləyirdi ki, ola bilsin belə ilan və quş fiqurları totemlər olub, həmin dövrün insanlarınıninançlarını, tamğalarını, mənsubiyyətini və hakimiyyətlərin simgələrini göstərir. Bir də ki, bizim arealın insanları hər zaman ilana hörmətlə yanaşıblar. Qədimdə hər evin bir ilanı olardı. O ilanlar insanların həyətinə gələndə ev yiyəsi onun üçün bir qabda su və ya süd qoyardı. Əgər bir ilan evi tərk edərdisə, deyərdilər ki, həmin evin bərəkəti getdi. Bir də ki, bu ilan fiqurları qədim türk torpaqlarında Mar tayfalarının yaşamasına da bir işarə ola bilər.
Həmin ərazidən, gildən eramızdan əvvəlki minilliklərə aid 100-ə qədər qab, mis, tunc, sümükdən hazırlanmış ox ucları, tunc və misdən hazırlanmış əşyalar, anqob naxışlı qablar, metal məmulatı da aşkarlanıb.
Diqqəti cəlb edən ən maraqlı eksponatlardam biriisə, bu gün dünyada ən çox geyilən və istifadə olunan “adidas” ayaq geyiminin üzərindəki naxışa bənzər işləmələri olan saxsıdan düzəldilmiş ayaqqabı fiquru oldu. Düzdür, dünyanın bir çox yerlərində müxtəlif tarixi dövrlərə aid ayaqqabı modelləri tapılıb. Kurqanlarda tapılan ayaqqabılar daha çox dini əhəmiyyət daşıyırdılar. Bu kurqanda tapılan ayaqqabı modelinin yaşı isə 3500 ildir. Bəlkə də yarandığı dövrdə başqa bir funksiyası da olub. Ya da ki, ancaq dini ritual mərasimlərdə işlədilib. Ancaq belə bir ayaqqabı modelinin tapılması ondan xəbər verir ki, həmin dövrün adamları da nəfis işlənmiş, yüksək sənətkarlıqla hazırlanmış ayaq geyimlərindən istifadə ediblər. İslama qədərki insanlarımız oda və Tanrıya sitayiş ediblər. Bəlkə də adidas ayaqqabısına bənzəyən bu fiqur müqəddəs odu saxlamaq məqsədi ilə çıraq kimi istifadə edilib.
Burdan həmçinin lap alt qatdakı olan kurqanda 59 qramlıq, 99 əyyarlı qızıldan hazırlanmış öküz başı eksponatı tapılmışdır. Qızıldan öküz başı olan yerdə həm də qızıl qolbağın bir hissəsi, qızıl üzük və sırğalar da tapılıb. Bu tapıntıların hər biri öz dövrləri haqqında xalqımıza yazılan məktublardır. Öküz başı fiqurları vaxtı ilə Şumerdən, Misirdən də tapılıb. Bu dünyada tapılan 5 və ya 6-cı öküz başı fiqurudur. Lakin Kərimli kurqanından tapılan öküz başı fiquruŞumer və Misirdən tapılan öküz başlarından fərqlənir. Həm də bu öküz başı özlüyündə çox orijinaldır. Bu tapıntı tədqiqatçılara böyük və qədim bir tarixin açarını vermişdir.
Kurqandan yüzdən çox muncuq aşkar edilmişdir. Bu cür zinət əşyalarına, metal və qeyri-metal muncuqlara, sinə bəzəklərinə Azərbaycandan kənarda - Anadolu, Mesopotamiya, Şimali Qafqaz, Çin, Hindistan, Əfqanıstan, İran ərzilərindəki abidələrdə də rast gəlinib. Bu muncuqlar bizi aparıb Şumer muncuqları, Misir muncuqları ilə bağlayır.
Burada tapılan əşyalar onu deməyə əsas verir ki, həmin dövrün də öz texnologiyasına və sivilizasiyasına görə bir tərəfdən Sarı dəniz, bir tərəfdən Atlantik okeanı bir-biri ilə həmişə təmasda olub. Azərbaycanın bu ərazisi Şimaldan Cənuba, Cənubdan Şimala körpü rolunu oynayıb. Gəlib gedən sivilizasiyaları həm qəbul edib mənimsəmişik, həm də ötürmüşük. Kərimli kurqanlar və buradan tapılanların hamısı onu deməyə əsas verir ki, biz yaranan bütün sivilizasiyalarda iştirak etmişik. Əcadadlarımızın yaradıcı olması da bu maddi mədəniyyət abidələrinin yaranıb- yaşamasına səbəb olub.
Təəssüf ki, digər kurqanların tədqiqi məlum olmayan səbəblərlə dayandırılmışdır. Halbuki burda qazıntıların davam etdirilməsi tək Azərbaycanın deyil, həm də regionun tarixinin öyrənilməsi üçün əlavə maraqlı, nadir arxeoloji materiallar üzə çıxarar, yerli əhalinin iqtisadiyyatı, ticarəti və mənəvi dünyası haqda hərtərəfli araşdırmalara təkan verər,yaxın kurqanların tunellərlə birləşdirilməsi ilə yaradılan yeraltı muzey isə unikal bir məkan olmaqla turizmin inkişafına güçlü təsir edərdi.
Deyəsən, Kərimli kurqanları barədə söhbəti çox uzatdıq. Ta Sizləri yormayaq. Ən yaxşısı gəlib öz gözlərinizlə görün!
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Elnaz İslamvəndin “Urmu” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Elnaz İslamvəndin şeirlərini təqdim edir.
Elnaz İslamvənd
Təbriz
URMU
O qədər dedilər: “Dənizdir, dəniz”,
Deyirəm bəs sənə göz dəydi, Urmu!
Dərdi təzələsəm hənizdi həniz,
Bilirəm yarana duz dəydi, Urmu.
Al bu göz yaşları Təbrizdən gəlir,
Qıymasan üzünə baxmaram, Urmu!
Biz ana torpağın övladlarıyıq,
Gərəkdir paylaşaq çətin durumu.
Gördün babaların sözü düz çıxdı,
Dedilər: “İçindən yeyilər ağac”.
Duz yeyib duzqabı sındıran oldu,
Daraşdı üstünə hər ac yalavac.
Pisliyi pis etmək ayıbdır, ayıb,
Əti dırnağından ayırmazlar ki?!
Döyüşdə arxadan vurana lənət,
Əsgəri qurşunla doyurmazlar ki?!
Dərdi təzələsəm hənizdi, həniz,
Nə bilim, bəlkə də bir zaman oldu.
İndi duzlağında oynayan uşaq,
Gələcək günlərə Səttarxan oldu!
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)
Rəşad Məcidin 60 illiyinə həsr olunmuş kitab çap olunub
Şair, yazıçı, jurnalist, Azərbaycan RespublikasınınƏməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcidin (Məcidov Rəşad Museyib oğlunun) 60 illik yubileyinə həsr olunmuş “Ağ adam” adlı yeni kitab işıq üzü görüb.
Yazar Zaur Ustacın “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, kitab müstəqil ədəbi qurum olan “Yazarlar” jurnalı tərəfindən həyata keçirilmiş “Rəşad Məcid – 60” uzunmüddətli layihənin yekunu olaraq, bu müddət ərzində müxtəlif mətbu orqanlarda yayımlanmış ən seçmə nəsr və nəzm nümunələri əsasında ərsəyə gətirilmişdir.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin“Vətəndaşlıq və professionallıq nümunəsi” adlı giriş məqaləsində yubliyarın həyat və yaradıcılıq fəaliyyəti barədə tam dolğun məlumat verilib. Kitabda Rəşad Məcidin ömür yoluna işıq tutan Fəxri Uğurlunun, Vaqif Yusiflinin, Xalq şairi Nəriman Həsənzadənin və digər qələm adamlarının yazıları yer alıb. “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac tərəfindən tərtib olunmuş “Ağ adam” kitabının redaktoru Günnür Ağayeva, naşiri isə Tuncay Şəhrilidir.
Kitab yaxın günlərdə yubilyara və geniş oxucu kütləsinə təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)
BİR ŞEİRİN HEKAYƏTİ - İ. İlyaslı, “Qarşınızda bir ömür sayğı duruşundayız”
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və İncəsənət" portalı yeni mövsümdə daha yeni bir rubrikasını poeziyasevərlər üçün təqdim edir.
Yaradıcılıq həm özü düşünüb, həm də digərlərini düşündürməyi bacarmaqdır. Bu istedad isə hər kəsə nəsib olmur.
Hər zamanın öz şairləri olub və olmaqda davam edəcək. Yaddaşlarda isə öz əsərləri ilə zirvəni fəth edən Şairlər qalacaq. Elə bugünki qonağımız kimi.
İzləyiciləri intizarda saxlamağı sevmirəm, o Şairin misralarını diqqətinizə çatdırıram:
Şəkillənir qələmimdə
Doğulmamış bir adam.
Mən şair deyiləm, yavrum,
Mən bir dəli rəssamam.
Bəli, "Mən şair deyiləm, yavrum"- desə də, bu Şairin misraları ruhumuzu oxşayır.
Beləliklə, rubrikamızın açlışını sevimli şairimiz, qəlbi mərhəmət dolu İbrahim bəy İlyaslı ilə başlayırıq.
-Xoş gördük, əziz İbrahim bəy. Bəzi insanlar var ki, aurasının mənfi enerjisi onu sevdirə bilmir.
Sizin əsərləriniz kimi ruhunuz da gözəldir. Həmişə istedadlı gənclərin yanındasınız, ən əsası elə ustadcasına tövsiyələriniz bizlərin yolunda bir mayakdır, var olun, əziz Ustadımız.
İndi isə yeni rubrikamızın formatına görə yaradıcılığınızdan bir şeirin hekayətini öz dilinizdən eşitmək istəyirik.
Əlbəttə, İbrahim İlyaslı yaradıcılığı zəngindir, amma bu an İbrahim bəyin ürəyindən keçən "Bir şeirin hekayəti"- ni dinləmək istəyirik.
-Əslində, şeirə izah verməklə aram yoxdur desəm, səmimiyyətimə inanın. Çünki ciddi poeziya nümunəsi olan hər şeirin mətn şəkillənməsindən daha çox alt yapısı olur. Oxucu isə bunu ya mətnin məntiqindən çözür, ya da onu bu alt yapının enerjisi ağuşuna alıb aparır. Bəzən, məlum şeiri niyə sevdiyini heç oxucu da izah edə bilmir. Bir kəlmə ilə deyir ki, mənim duyğularıma toxunur, vəssalam. Oxucu düz deyir. Çünki şeir ilk öncə duyğu, sonra isə poetika və dil hadisəsidir.
Şeir yaranmamışdan öncə onun qəlbdə qığılcımı peyda olur. Qığılcım güclü olduqca ətrafını alışdırmağa başlayır və ürəkdən alov püskürür, şairin cismi tonqal misallı yanır. Burda yanğı ilk baxışda mücərrəd görünsə də, alov elə alovdur. Onu görməmək, hənirini hiss etməmək mümkün deyil.
Odur ki, bəzi şeirlərin qığılcımdan tonqala kimi gələn yolunu qismən də olsa dilə gətirmək, söyləmək olar.
Söz konusu mənim 44 günlük Vətən müharibəsinin Şəhid və qazilərinə üz tutub yazdığım “Qarşınızda bir ömür sayqı duruşundayız!” adlı şeirim olsun…
Oradan başlayaq ki, mən Qazax rayonunun xain və mənfur qonşularımızla həmsərhəd olan İncə Dərəsinin Aslanbəyli kəndindənəm. Hələ biz balaca uşaq ikən vaxtilə Azərbaycan torpaqları olmuş yaylaqlara artıq Ermənistan ərazisi olaraq gedirdik. 1970-ci illərdə yaylağa qalxmağımıza müxtəlif bəhanələrlə ermənilər tərəfindən yasaq qoyuldu. 1984-cü ildə isə ayağı yer alan düşmənlər saxta 1969-cu il xəritəsini bəhanə gətirərək Azərbaycanın Qazax rayonu ərazisindən torpaq iddiası qaldırdılar və rayon əhalisinin güclü dirəniş göstərməsinə baxmayaraq, o zamankı Azərbaycan rəhbərliyinin xəyanəti ucbatından 2000 hektardan çox ərazi Ermənistana təslim edildi. Bütün bunlar uşaqlıq, yeniyetməlik və gənclik dövrümüzə təsadüf etdiyindən Vətənə sahiblənmək, doğma yurdu qorumaq, eyni zamanda düşmənə nifrət hissi bizi heç zaman tərk etmədi, əksinə gücləndi. 90-cı illərdən başlayaraq gecə-gündüz düşmənlə səngər-səngərə dayanası olduq. Kəndin erməni kəndləri ilə sərhəd olan otlaq, biçənək sahələrində dinc əhali arasında itkilərimiz oldu, doğma ocaqlarımız atəş altında qaldı, könüllü döyüşçülərimiz Şəhid düşdülər...
Hələ Tovuz döyüşləri yenicə başlayanda aidiyyəti olan qurumlara müraciət edib, ön cəbhədə döyüşən əsgərlərimizin yanında olmaq istəyimi bildirdim. Hər dəfə də, buna ehtiyac yoxdur deyə, - cavab aldım. Amma 44 günlük Vətən müharibəsi zamanı təkidlə tələb etdiyimi nəzərə alıb, müharibənin 13-cü günü bir qrup ədəbiyyat və incəsənət xadimi ilə ön cəbhəyə getməyimə icazə verdilər. Bir günlüyə də olsa igid əsgər və zabitlərimizin yerləşdiyi kazarmada, onların əhatəsində olduq, səhra hospitalında yaralı döyüşçülərimizlə görüşdük, onların barıt qoxulu hərbi mundirlərinin qoxusunu aldıq, atəş altında olmağın həyəcanını və qürurunu yaşadıq. Hərbçilərimizin Vətən uğrunda döyüş ruhunu gözlərimizlə görüb, canımızda hiss etdik. Döyüşçülərimizin cəsarətini, qorxmazlığını, Vətənin hər qarışı uğrunda Şəhid olmağa hazır olduqlarını gözlərimlə görəndə əmin oldum ki, biz qalib gələcyik.
“Bir şeirin hekayəti”nə uzaqdan başlayıb bəzi mətləblərimi çatdırmaqda məqsədim odur ki, qığılcımdan başlayıb alova qədər gələn yola bir daha nəzər yetirim. Hiss, həyəcan, ağrı, qürur dolu bir şeir, bəzən, əvvəlcə şüuraltı olaraq illərlə qığılcım kimi şairin qəlbində tüğyan eləyir və anidən qəlbdən qopub varağa enir...
Yerdə qalanını, və əslində bu mətnə sığmayan mətləbləri isə şeir özü deyər...
Bu qədər...
İbrahim İLYASLI
Qarşınızda bir ömür sayğı duruşundayız
Vətən müharibəsinin Şəhid və qazilərinə
Vətən Sizə can dedi, Vətənə can verdiniz,
Damarları təpimiş torpağa qan verdiniz.
Otuz il otuz yerdən yaraları çatlayan,
Millətə qırx dörd gündə şəfayla şan verdiniz!
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayğı duruşundayız!
Bir çağrışı bəs etdi Ali Baş Komandanın,
Yüz illərə tən oldu – hökmünə bax bir anın?!
Vahimədən yağılar pərən-pərən oldular,
Haləsi böyüdükcə çəkdiyiniz hilalın.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayğı duruşundayız!
Belə cəng, belə savaş yer üzü görməmişdi,
Nə dağı, nə dərəsi, nə düzü görməmişdi...
Bu xalq on min doqquz yüz əlli gecə yaşayıb,
On min doqquz yüz əlli gündüzü görməmişdi.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayğı duruşundayız!
Xan Araz Sizi görcək qəhərlənib ağladı,
Köhlən Xudafərinin şahə qalxdı tağları.
O taydan bir ün qopdu, yer-göy lərzəyə gəldi,
Bu tayda ucalınca sənin zəfər bayrağın!
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayğı duruşundayız!
Azğın düşmənlərinə çoxları çıxdı yiyə,
Avropa diş qıcadı, Asiya getdi küyə...
Ancaq birə-beş artdı gücünüz, qüdrətiniz,
“Hər zaman yanındayız!”- haykırınca Türkiyə.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayğı duruşundayız!
Nərənizdən Şuşada qaya qopdu, daş yandı,
O gün qaş qaralmadı, qaralacaq qaş yandı.
DƏMİR YUMRUĞunuzun zərbindən yer titrədi,
Odlu nəfəsinizdən düşmən başa-baş yandı!
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayğı duruşundayız!
Ruhlar səltənətində ucalıqlar Sizindi,
Uca başlar Sizindi - uca dağlar Sizindi.
Başqa yerdə gəzməsin haqqı haqq arayanlar,
Məmləkətdə haqq olan bütün haqlar Sizindi.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayğı duruşundayız!
Ürəyim parçalansın, üzüm ağ olsun!- dedi
Heç nəyimiz olmasın, Qarabağ olsun!- dedi.
Bundan böyük ibadət görünməyib cahanda -
Şəhid doğan analar: “Vətən sağ olsun!”- dedi.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayğı duruşundayız!
Azərbaycan adını sinənizdən asdınız,
Yeni tarix yaradıb, yeni dastan yazdınız.
Qazi hüzurlarıdır daha səcdə yerimiz,
Şəhid məzarlarıdır ən müqəddəs andımız.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayğı duruşundayız!
(17.12.2020)
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)
Əməkdar rəssam ABŞ-da “Yaz təranələri” əsəri ilə Azərbaycanı təmsil edir
Azərbaycanın Əməkdar rəssamı Mehriban Əfəndi dünya üzrə seçilmiş 17 məşhur sürrealist rəssam içində "Yaz təranələri" əsəri ilə ölkəmizi ABŞ-da təmsil edir.
AzərTAC xəbər verir ki, Vaşinqtondakı “Shotgun Studio” incəsənət qalereyasında açılan sərginin üç ay davam etməsi gözlənilir.
Sərginin baş kuratoru Amerika sürrealist rəssamı Roch Fautch və Portuqaliyanın məşhur sürrealist rəssamı Santiago Ribeirondur. Onların təşkilatçılığı ilə həyata keçirən sərgidə heykəl, instalyasiya və müasir sürreal sənət nümayişi ilə birgə, həmçinin davamlı olaraq yaradıcı performanslar, şou olacağı da gözlənilir.
Sərgi iştirakçıları xüsusi seçim turu vasitəsilə təsdiq olunublar.
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)
Azərbaycanlı rejissorun ekran əsəri Kazan Film Festivalında iştirak edir
Rejissor Əli-Səttar Quliyevin “Stadionlar səssiz olanda” bədii filmi “Qızıl minbər” Kazan Beynəlxalq Film Festivalının iştirakçıları sırasında yer alıb.
AzərTAC xəbər verir ki, festivalda Rusiya, İran, Pakistan, Qazaxıstan, Qırğızıstan, Yunanıstan, Türkiyə, BƏƏ, Sinqapur, Tacikistan, Hindistan, Estoniya, Özbəkistan, Azərbaycan, Misir, İraq, Gürcüstan, Ermənistan, Latviya, Belarus, Fransa, Avstraliya, ABŞ, Kanada, Braziliya, Fələstin və Suriya istehsalı olan filmlər nümayiş olunur.
“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanova həsr olunan filmin xronometrajı 71 dəqiqədir.
Ekran əsərində mütəxəssisin XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Ağdam klubu ilə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti göstərilib.
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)
Gənclər Kitabxanası təklif edir: Ernest Heminqueyin “Əcəl zəngi”
“Əcəl zəngi” romanı Ernest Heminqueyin dünya şöhrətli əsərlərindəndir . Yaradıcılığından qırmızı xətt kimi keçən ispan mövzusuna sadiq qalan yazıçı bu əsərində 1936-1939-cu illərdə bu ölkədə baş verən vətəndaş müharibəsinin insanların taleyində qoyduğu dərin psixoloji izləri ön plana çəkmiş, müharibə dəhşətlərini özünəməxsus bir şəkildə təsvir etmişdir .
Bu kitabı oxumaq üçün Cəfər Cabbarlı adına Gənclər kitabxanasına yaxınlaşa bilərsiz.
Kitablar 10 gün müddətinə oxuculara verilir.
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)