Super User

Super User

Cümə axşamı, 12 Sentyabr 2024 12:48

Qrafika cizgilərin qabarıq əksi sənətidir

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Rəsm əsərləri ətrafdakı ən gözəl mənzərələrin, simaların inikasıdır, bu səbəbdən də daim diqqət çəkirlər. 

İsmayılova Gülcahan xanım da özünü bu sahəyə həsr edənlərdəndir. 

 

O, qadınlar bayramında - 1985-ci ilin 8 martında Lənkəran rayonunun Osakücə kəndində ziyalı ailəsində anadan olmuşdur. Uşaq ikən incəsənətlə maraqlanmış, daha sonra 9-cu sinifdən Lənkəran Dövlət Humanitar Kollecinin Qeyri Azərbaycan məktəblərində Azərbaycan dili və milli məktəblərdə ibtidai sinif fakültəsinə daxil olmuşdur. 2014-cü ildə İ.Hüseynov adına Osakücə kənd tam orta məktəbində işləmişdir. 2018-ci ildən isə U.B.T.R (Uşaq Biliyinin təşkilat rəhbəri) rəhbəri olaraq çalışmaqdadır. 

Əsasən qrafika janrına müraciət edən  Gülcahan xanımın rəsmlərindən bir neçəsini sizlərə təqdim edirik.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2024)

Cümə axşamı, 12 Sentyabr 2024 13:37

BİR SUAL, BİR CAVAB Əlizadə Nuri ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

" Qəlbə zərər verən iki şey var: qəm və qayğı. Qəm yuxu gətirir, qayğı isə yuxu qaçırır." ( Hippokrat)

Əziz şairimiz, pərişan halınızda qələminiz ruhunuza sığal çəkə bilirmi? 

 

CAVAB

- Yağışdan sonra göy üzü necə toxtayırsa, şeirdən sonra da şairin ruhsal halı eynən olur. Hərçənd, burda qələmin yox, sözün gücündən danışmaq gərək. Qələm, sadəcə, bir alətdir. Durna lələyiylə də dünyanın ən yaxşı şeirini yazmaq olar.

Əsas o ki, "Şair gərək tanrı qədər gözəl olsun bu dünyada" (Puşkin) Və... Yazdığın şeir sənə yox, sən yazdığın şeirə məxsus olmalısan...

 

Ədəbiyyat və incəsənət”

(12.09.2024)

Cümə axşamı, 12 Sentyabr 2024 12:29

İBRƏTAMİZ - İnsanın qiyməti nə qədərdir?

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə İBRƏTAMİZdə sizlər üçün bir Şərq pritçası əldə edib bölüşürəm. Əminəm ki, sizlər üçün çox faydalı olacaq. 

“İnsanın qiyməti nə qədərdir?”

Heç bu sualı özünüzə, yaxud kiməsə vermisinizmi? 

 

Riyaziyyat alimi əl-Xarəzmidən insanın 

qiyməti haqqında soruşduqda o, belə bir

cavab verir:

-Əgər insanın əxlaqı varsa, bu, 1 rəqəm 

demakdir;

-Əgər insan həm də gözəldirsa, bu 1-in

yanına sıfır da artır =10;

-Yox, əgər insanın həm də pulu varsa, bura daha bir sıfır artır = 100;

-Əgər insan həm də əsil-nəcabətlidirsə

daha bir sıfır artır =1000.

Alınan rəqəm kifayət qədər böyükdür və orda ilk baxışda ən kiçik yük əxlaqındır. 

Amma siz qərar çıxarmaqda tələsməyin. Alınan rəqəmdən 1 (yəni ki, əxlaq) getsə, insanın qiyməti yerdə qalan sıfırlara bərabər olacaq...

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2024)

Bu kitab bir Qaǧayının mübarizǝ hekayǝsidir - mǝhdudiyyǝtlǝrlǝ, “olmaz”larla barışmayan, yalnız yemǝk üçün uçmaq istǝmǝyǝn, daim yüksǝklǝrǝ can atan vǝ nǝhayǝt buna nail olan bir Qaǧayının, hǝm dǝ hǝr birimizin daxilindǝ yaşayan gerçǝk Qaǧayının.

 

Bu kitabı oxumaq üçün Cəfər Cabbarlı adına Gənclər kitabxanasına yaxınlaşa bilərsiz.

Kitablar 10 gün müddətinə oxuculara verilir.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2024)

Cümə axşamı, 12 Sentyabr 2024 12:04

“Çinar yazıları” - Mübariz Örənin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Mübariz Örənin hekayəsi təqdim edilir.

 

Adamları bir-birinə doğmalaşdıran o fərəhli günlərin zirvəsi Şuşanın azad olunduğu gün oldu! Olur, dolub-daşan hisslərini tək yaşaya bilmirsən, evdən çıxıb harasa üz tutmaq, sevincini kimlərləsə bölüşmək istəyirsən.

Dostumla votsaplaşıb köhnə "Bakı" mehmanxanasının yerində salınmış parkda görüşməyə vədələşdik.

Bakını heç vaxt belə izdihamlı görməmişdim; bütün şəhər mərkəzə axırdı. Yollar, səkilər adamlarla doluydu. Maşınlar adam əlindən yol tapıb irəliləyə bilmirdi. Sürücülər aramsız siqnallar verir, bir-birlərilə maşın dilində danışır, maşın dilində bir-birlərinə gözaydınlığı verirdilər. Əsgər forması geymiş gənc qızlar maşınların açıq şüşələrindən başlarını çıxarıb sevinclə qışqırışır, müharibəyə aparılmamalarının əvəzini, sanki bu yolla çıxırdılar. Əllərində bayraq, hərəkətdə olan maşınların banından bədənlərini çıxaran coşqun gənclər təkərli postamentdə yeriyən "Zəfər abidəsi"ydi. Neftçilər xəstəxanasının ikinci mərtəbəsindən - açıq palata pəncərəsindən yalın sinəsini qabağa verib, bir əli ürəyinin başında, dibdən kəsilmiş o biri qolunun sarğısı ilə "əl eyləyən" qazi isə canlı "Qəhrəman büstü"!  

Taksist cavan oğlan idi. Yolboyu yumruğunu sükana vurdu ki, neçə dəfə vayenkomata getdim, məni əsgər aparmadılar! Hər dəfəsində təskinlik verməyə çalışdım, özü də razılaşdı ki, əsas qələbədi, o da var. Varımızdı - hamımızındı! Ayaqla daha tez çatacağımı başa düşüb yarıyolda maşını saxlamasını istədim. "Düş, dayı, düş, vallah, heç nə lazım deyil. Mən özüm də maşını atıb şəhərə qayıdıram", - gənc qələbədaş gedişhaqqı götürmək istəmədi. Təxmini məbləğin ikiqatını oturacağa atıb, düşdüm.  

Uğultu qatı duman kimi şəhərin canına hopmuşdu; ağla gəlməyən yerdən səs gəlirdi. Vədələşdiyimiz yerdə dostumla görüşüb - heç vaxt olmayan kimi bərk-bərk qucaqlaşdıq da  - insan selinə qarışdıq. Hara gedəcəyimizin fərqi yox idi, hər yan qələbəlik idi.

"Nizami" kinoteatrından sola dönəndə maşın yolunun ortasında dövrə qurub rəqs edən coşqulu insanları dostum Feysbukda canlı yayıma qoşdu. Ortaya düşüb mən də o ki var oynadım, oynaya-oynaya baxdım ki, ətraf binalar da bizə qoşulub şən-şən oynayır.

Kukla Teatrının yanındakı keçiddən nisbətən sakit dənizkənarı bulvara çıxdıq. Ağır qübbə kimi şəhərin üstünə çökmüş səs kütləsi prospektin o üzündə qaldı.

- Bu səs adamı dəli edər, - neçə vaxtdı cəbhədən gələn həyəcanlı xəbərlər, qələbəli Tvitlər, fərəhli, yuxusuz gecələr hipertoniyalı canıma təsirsiz ötüşməmişdi. Azacıq səs-küydən qulaqlarım dolur, sinə-başım guppuldayırdı.

- Bəs o evlərdəki xəstələr, qocalar neynəsin? - Prospekt boyu bayraqlarla bəzədilmiş eyvanları göstərib, dostum şübhə qarışıq təbəssümlə mənə baxdı.

"Çinar Bakını sevdi." - Bu sözləri isə səs-küydən azca aralanmış, yanımızda ayaq saxlayan bəstəboy qoca dedi. Yaşı səksəni ötərdi, zövqlə geyinmişdi, görkəmindən hansısa tanınmış rəssama, yaxud memara oxşadardın. Ərklə qolumuza girib başını yuxarı tutdu, iyirmi-otuz ilə Bakı iqliminə ancaq ki uyğunlaşmış cavan çinarları göstərdi: "Daha Bakı küləyi oları yerindən qopara bilməz", - dedi, sonra öz sözünü başıyla təsdiqləyib yoluna davam etdi.  

Qəribədir, bu ağacların yanından, bəlkə milyon dəfə keçmişdim, amma heç vaxt çinar olduqlarının fərqinə varmamışdım. İllərdi küləklərlə çarpışmada olan bu inadkar pöhrələr əkildiyi gündən gücünü, şirəsini deyəsən, kökə, rişəyə vermişdi, qol-qanad açmağa, böyüməyə - çinarlaşmağa ancaq ki macal tapmışdı.

"Bəs Bakı necə, çinarı sevdimi?" - bu yöndəmsiz sual isə tum kimi çırtlayıb hardansa mənim içimə düşdü, cücərdi, pöhrələndi... dostumla sağollaşıb ayrılan kimi yay-qış açıq havada gecələyən arabaçını görmək keçdi könlümdən...

 

*

O qəribə adam haqda mənə başqa bir dostum - köhnə əsgər yoldaşım danışmışdı. Bazarda təsadüfən rastlaşmışdıq, əlüstü hal-əhvaldan sonra qoluma girib məni yaxınlıqdakı çayxanaya dartmışdı: "Gəl, sənə maraqlı şey göstərəcəm..." 

Bazarla köhnə doqquzmərtəbənin arasında daim ayaqaltı, basırıq, səs-siqnallı bir yerdəydi dediyi yer. Diribaş talış balasıdı, - sonradan dostlaşdıq, - hardansa köhnə pinəçi budkası tapıb gətirib, necəsə icazəsini alıb, böyür-başına stol-stul düzüb, samovar qoyub, eləyib çayxana. Amma neynirsən, o şəraitsiz, darqəlib yerdə adama bir çay verir ki, dadı damağından getmir. "Binəqədidə qohumu var, həyətindən Şollar axır, hər gün sürüb ordan təzə su gətirir...", - dostum çayçını ağızdolusu tərifləsə də, hiss edirdim ki, mənə göstərəcəyi əsas şey o deyil. 

"Görürsən o evi?" - nəhayət, oturduğumuz yerə bitişik, dəmir borularla əhatələnmiş qatı kölgəli ağaclığı göstərmişdi. Bazar maşınlarının, arabaların, orda-burda qalaqlanıb-tığlanmış boş yeşiklərin  gediş-gəliş yolunu belə tutub iflic elədiyi  bir yerdə, qəribəydi, o yaşıl sahə qorunub toxunulmaz qalmışdı! "Evi görürsən?" - ikinci dəfə deyəndə, diksindim; təzə sulanıb-süpürülmüş nəm torpağı, yuyulub ipə sərilmiş kişi dəyişəyi, ağaca bərkidilmiş əldəqayırma əlüzyuyanı, mıxdan asılmış məhrabası, boş banan yeşiklərindən, karton qutulardan "yığılmış" "divar mebeli"... ilə o yer, doğrudan da, səhmanlı, qurulu evi xatırladırdı! 

"Bazarda araba sürür, harda olsa, indi gələcək. Bir saat buranı yiyəsiz qoymur, elə bilir, o olmayanda kimsə gəlib evini dağıdacaq...", - o qəribə adam haqda danışdıqları qaibanə maraq oyatmışdı məndə, öz mağarasına qayıdacaq div kimi gözləmişdim onu. - "Yaddaşını itirib... Heç kəsi yoxdu...".

Sonrakı hadisələr əməllicə tilsimləmişdi məni: "həyətin" qapı yerindən arabasını içəri salıb guya qarajında saxladı, tərli köynəyini çıxarıb ipin üstünə atdı, dabanını dabanına sürtüb dar çəkmələrini bir qırağa itələdi, yerdəncə oturub kürəyini ağ gövdəli ağaca söykədi, - ağacdı, ağacdı da! - ayaqlarını uzadıb bir müddət hərəkətsiz qaldı, tərli bədənini, corabsız ayaqlarını yalayan yüngül mehdən xoşallandı - və bütün bu "hadisələr" baş verdikcə, mənə elə gəldi ki, kimdisə, bu adamı yaxından tanıyıram: manerasından, hərəkətlərindən... - dincini alandan sonra qalxıb "həyət-bacasını" gəzdi, "divar mebeli"inin qapılarını bir-bir açıb yoxladı, "gözümü çəkən kimi aparırlar", - deyib, donuq baxışlarla bizə tərəf baxdı, - onda yox! - su dolu balonları çıxarıb ehmalca "məhəccərə" düzdü, öz aləmində guya silib tozunu aldı, bir balon suyu aparıb əlüzyuyana tökdü, oxxay-oxxayla sinə-başına su vurdu, - onda da yox! - dizəcən çirmələnib ayaqlarının qarasını yudu, bir dolu balonu da götürüb üstdən-aşağı, başından belinə şırıldatdı, sonra məhrabasını boynuna atıb yaş saçlarını silib quruladı, biz-biz elədi və o pırpız, gülməli halıyla çevrilib ikinci dəfə bizə baxanda - bax onda! - tanıdım: Nağı oğlu Tağı!

"Amma o, axı indi Ufada olmalıydı!.." - Nağı oğlu Tağı ilə bağlı müəmma dolu bir hadisəni yada salmağa çalışırdım ki, bir yarpaq, eləmə tənbəllik, dolana-dolana uç, gəl qon masamızdakı qəndqabının qapağına!

- Bu nədi?! - heyrət içində yarpağı əlimə götürdüm.

- Yarpaqdı da, çinar yarpağı. İndi görürsən?..

Başımı qaldırıb yuxarı baxanda əsasən akasiya, şam ağacları ilə əhatələnmiş ağ-iri gövdəli, gen çətirli, sağlam, tanış - doğma çinarı gördüm! 

*

Ay işığında keçid olmur.

Keçmiş döyüşçü heç vaxt belə ağılsız işə qol qoymaz.

Amma o zəhrimar arağın təsiri, bir də gör, neçə ildi Tağını görmürdülər. Onun qürub kimi qızaran gözləri, yalvarıcı baxışları qarşısında tab gətirməmişdilər.

Kanalın üstündə hündür qovaqlı, yeltutan yerdə oturmuşdular. Köhnə sinif yoldaşlarını, dostlarını başına yığıb qonaqlıq verirdi Tağı. Ufadan təzə gəlmişdi, əli yaxşıydı. Kəndin kənd vaxtlarından, qaçqınçılıqdan söz salıb pis oldular, o vaxtkı məzəli əhvalatlardan danışıb, o ki var güldülər, - haldan-hala düşdülər. Kefləri yaxşıydı, birdən nə oldusa, Tağını möhkəm ağlamaq tutdu. Nə elədilər, sakitləşdirə bilmədilər. Ovutduqca hönkürtüsü şiddətləndi: "Ürəyim partdıyır e, partdıyır, başa düşürsüz?! Burdan-bura gedib dədəmin qəbrini görə bilmirəm! Buz kimi sularımız axıb gedir, bircə qurtumuna tamarzıyam!.."

"Səni elə yerə aparım ki, Daşlı bulağın səsini eşit!" - bax onda, dözməyib İso ayağa durdu. O da sinif yoldaşlarıydı, Birinci Qarabağ müharibəsində vuruşmuşdu.

Rusiyadan üç-dörd günlük anasına dəyməyə gəlmişdi Tağı, - kaş gəlməyəydi; o gəldi, bircə gün sonra anası qospital yolunda ürəktutmasından öldü, - aeroportdan taksini birbaşa sürdürmüşdü Biləsuvara, qaçqın qəsəbəsinə. Neçə illərin küsülüsü olsa da, - o vaxt anasını tək qoyub Ufaya getmişdi, - qonum-qonşunun yanında anası onu pərt eləmədi. "Nə yaxşı gəldin", - deyib, boynunu qucaqladı. Hər küncdən bir matah tapdı çıxartdı, sortbasort balonları qucağında daşıyıb pilləkən daşına düzdü, yaxşı toyuq-cücəsi vardı, bir-ikisini kəsdirib biş-düş elədi... Hamı dağılışıb gedəndən sonra isə arvadın hikkəsi təzədən körükləndi, - ona ən çox yer eliyən o idi ki, niyə o vaxt itkin qardaşının pasportunu götürüb gedib! - oğlunun üzünə baxmadı, nə dedi, ortalığa dedi. Gecə keçənəcən həyətdə oturdular, susdular... Tək-tük danışdıqları da... öz həyatları deyildi elə bil, başqasının nağılıydı... Atası Nağı adında fağır kişiydi, rayonda işıqçı işləyirdi, hər gün, qışın sazağında, yayın qızmarında səkkiz kilometr yolu işə piyada gedib-gəlirdi, qazancı çox olmasa da, dolanışıqlarına bəs edirdi. Sonra nə oldusa, kişi sürətlə arıqlamağa başladı, səbəbini bilən olmadı, vaxtında üstünə düşmədilər, həkimə aparmadılar, ayaq üstə, göz görə-görə qurudu əldən getdi. Dalıyca Ənnağı getdi - balaca qardaş: qaçaqaçda qoyun-quzusunu Arazdan keçirəndə itkin düşdü; çay apardı, duman aldı, düşmən əlinə keçdi, o tayda başına nə oyun gəldi, - bilinmədi. 

Sonra da o özü getdi - Tağı.

O ili institutu bitirib rayona su idarəsinə gəlmişdi. Qeyri-müəyyən vaxtlar idi, bu gündən sabaha ümid yox idi, qaçqınlıq düşdü, belləri tamam qırıldı; hər şeyləri alt-üst oldu, qaldılar havada: yolsuz, ruhsuz, çəkisiz... Düşdükləri vəziyyət gülməli dərəcədə ağlamalı idi, birdən-birə heç nəsiz heç kimə çevrilmişdilər: varlısı, kasıbı, vəzifəlisi, vəzifəsizi, müdriki, səyi... Alınlarına yekə bir "Qaçqın" damğası vurulmuşdu, qaraçı taboru kimi düşmüşdülər çöllərə...

Çadır şəhərciyində bir ilə yaxın boş-bekar gəzdi, ortalıqda it döydü. Yekə darvazadan - Rusetdən uşaqlar gəlmişdi, qoşulub olara getmək istədi. "Beş-altı ay işləyib qayıdaram", - dedi. Anası daş atıb, başını tutdu ki, olmaz; yeganə ümidgahını əlindən buraxmaq istəmirdi. Hətta pasportunu da apardı harasa soxdu ki, tapmasın. Tağı nə qədər yalvardı, düşdü anasının ayaqlarına, olmadı. Arvad iki ayağını bir başmaga dirədi ki, olmaz: "Getmiyəssən, vəssalam!" "Vəssalam, vəssalam da..." - bu da daha bir söz demədi, sandıqda sənədlərin arasında eşələnəndə, itkin qardaşının - Ənnağının pasportu keçdi əlinə, onu götürüb getdi! 

O gedən - bu gedən!

Səhərə az qalırdı, yuxu gözlərindən tökülürdü, durdu anasının boynunu qucaqladı, - arvad ha dartınsa da, - o üz-bu üzündən öpdü, - ha qoluyla itələsə də, - dedi, ay arvad, yekə qızsan, bu nazı-qozu qoy bir qırağa, dur yerimi sal, yorğunam, üç min kilometr yol gəlmişəm, iki oğul nəvən gəlib dünyaya, dur bir sevin, ikisi də sənəddə "Ənnağı oğlu" gedir, birinə dədəmin adını qoymuşam, öz adım heç it dəftərində də yoxdu!.. 

Balaca üzünü yaylığına sıxıb ağladı arvad, ağız-burnunun heliyi göz yaşlarına qarışdı... 

"Öz adım heç it dəftərində də yoxdu..." - soyunub yerinə girsə də, bu söz onu yatmağa qoymadı. Necə yəni, adım it dəftərində yoxdu!.. Ola bilməz ki insan yaşasın, amma adı heç yerdə olmasın! Öl, başdaşında da başqasının adı yazılsın! Əvvəllər heç vaxt fikirləşməmişdi bu haqda. Nə axmaq taledi bu: ömrünün bir yerinədək yaşa, ondan o yana öz adın itsin!..

Amma yox, - bədəninə ilıq bir arxayınlıq axdı, - var! "T+П=С" - kənddə çinarın gövdəsində kiril hərflərilə adı yazılmışdı. "Tağı, üstəgəl Pərvanə, bərabərdi Sevgi!". Dünya dağılsa da, o ad ordan silinən deyildi!

Kənddə çinar çox idi, kökündən göz yaşı kimi saf bulaq qaynayan ana çinar isə bir dənəydi! Ruhu vardı o çinarın; inanırdılar ki, ata-babalarının, əbəcdadlarının ruhu neçə yüz illərdi bu əzəmətli, güclü, sağlam çinarda bərqərardı. Əziz bayramlarda böyükdən-kiçiyə, bütün kənd yığılardı o çinarın başına. O qədər geniş, sıx çətiri vardı ki, hamıya yer çatardı, hamı yüngüllük tapardı orda - qocası, cavanı, uşağı... Tonqallar qalanardı, yerdən xalça-palaz salınardı, ağacın ən qəlbi budağından yelləncək asılardı, -  o qədər qəlbi ki, yellənəndə adamın içi uçardı, gedib çaylağı görüb gələrdin, - uşaqlar sevincdən qışqırışardı, oğlanlar çığır-bağırla eşşəkbeli, dirədöymə oynayardı, qızlar pıqqıldaşıb gülüşərdilər, böyüklərin ürəyi dağa dönərdi, sevinərdilər ki, ölənlərinin ruhu şaddı, rahatlıq tapardılar ki, nə vaxtsa öz ruhları da əcdadlarının ruhuna bu əzəmətli, sağlam, ölümsüz ağacda qovuşacaq.

Əsgər gedən oğlanlar o ərəfədə sevgi etiraflarını yazardılar çinarın gövdəsinə. Gecəynən - gizlin! Tale yazısı olmasa da, o yazı heç vaxt silinməzdi. İllər keçdikcə "qaysaqlayıb" daha qabarıq görünərdi.

Neçə nəslin sevgi etirafları vardı o çinarın gövdəsində. Tağıyla Ənnağının da vardı.

Bir kişinin iki qızını istəyirdilər: Tağı - Pərvanəni, Ənnağı - Qətibəni!

...Təmas xəttinə yaxınlaşdıqca ətraf kəndlərin işıqları tədricən yoxa çıxdı. Aşağıda - solda adda-budda sayrışan işıqlar, dedilər, İran tərəfdədi. Getdikcə vahiməli səssizlik zolağına düşdülər; öz maşınlarının uğultusundan başqa heç nə eşidilmədi. Müharibə vaxtından tankların tırtıl izi asfaltda qalmışdı deyə, maşın yeridikcə tank səsi çıxarırdı.

"Müharibə yolun yadındadı", - kimsə dedi.

Əsas yoldan burulub dik qalxdılar. Qəlbidə bizim əsgərlər dayanmışdı, yaxınlıqdakı kəndə getdiklərini deyib, birinci postu rahat keçdilər. Tək-tük işığı közərən kəndi sağda qoyub, sola buruldular. Orda, dərədə möcüzə bir bulaq üzə çıxmışdı. Maşından düşüb yaş torpağa sərələndilər!..

...İsoyla o, aralanıb yal yuxarı gedirdilər. Dərə-təpələrin tanış qoxusu çəkib aparırdı oları. "Burdan kəndə dördcə kilometr yoldu", - o gecə göydən ulduzları da dərmək asan görünürdü İsoya. Bir şey ki, yolu əlinin içi kimi tanıyır, hər qarışını dizin-dizin sürünüb. "Bu gecə kəndimizi görməsəm, ölərəm!" - Tağının səsində təlaş hiss olunsa da, istək daha güclüydü. Sərxoşluq ürək verirdi. "İki saata çatdırıb qayıtmasaq, qanımız getdi!" - aşkar olunmaq qorxusu İsoda Tağıya görəydi; ona başıyla cavabdehdi.

Çaqqal izləri ay işığında aydınca seçilir. Görsənən yerləri - quru, kol-koslu yalları, daşlı-pıtraqlı açıqlığı dizin-dizin süründülər. Təpə arxası azca dikəlmək də olardı. "Qayıdanda asan olacaq, - İso deyəsən, özü-özünə təskinlik verirdi. - Tut gəldiyin yolun ucundan, qayıt. Təhlükə yoxdu, çünki keçilib...".

Düz yolla getmək olmazdı, - düz yol postun üstünə çıxarır. Dağıdılmış, xaraba qalmış evlərin arasıyla sürünüb genişliyə çıxdılar. Ordan kəndlərinə az qalırdı. Aralıdan hansısa çayın "danışığı", postda qışqırışan kefli ermənilərin səsi gəlirdi. "Post itləri səhərəcən oynaşır...", - İso xırıltıyla dedi. - "Araznan da gedə bilərdik, amma orda da su minaları var, bir toxunuş bəsdi ki, açıla, xosunvay olaq".

Kəndin yerini tapsalar da, kəndi tapmadılar; tapdıqlarını tanımadılar. Bir vaxtlar asfalt boyu təsbeh daşı kimi düzülən şüşəbəndli, eyvanlı evlərin yerində uçuq divarlar qalmışdı, daşlar qalaqlanmışdı. Təpəsinə tənəklər dırmanan qəlbi dağdağan, vən ağacların yerində cır nar kollarından başqa heç nə yox idi.

"Dədə vay, çinar da yoxdu!" - deyib, Tağı, deyəsən, huşunu itirdi. 

"Qansız uşağı, qansız!" - İso niyəsə öz həyətlərinə tərəf qaçdı. Qayıdanda Tağını yerində görmədi. "Bu hara rədd oldu?!" - deyib, var gücüylə çığırmaq istədi, səsini uddu; post yaxındaydı. Təlaş içində özünü ora-bura vurdu, gümanı gələn hər yeri axtardı, Tağıgilin yurd yerlərinə baxdı, dərə aşağı yellənib, - son gümanı oraydı! - yal döşündə qəbiristanlığı ələk-vələk elədi, qəbir-qəbir gəzdi, - bütün qəbirlər dağıdılmışdı, sümüklər üzdə qalmışdı, - orda da tapmayanda İsonu soyuq tər basdı, durduğı yerdəcə dizləri qatlandı.

Gecə tənhalığında şeytan ağlına min fikir gətirdi: yəqin ələ keçdi! Ələ keçdisə, vəssalam! Kələsər dirəyinə bağlayıb işədincə döyəcəklər. Barmaqlarını qıracaqlar, qulağını, dilini kəsəcəklər. Dilini kəsməzlər, yox, dil hələ onlara lazım olacaq; niyə gəldiklərini öyrənmək üçün. "Axtarın, görün, kimi var! Ola bilməz ki tək gəlsin, kimisə olmalıdı!" - işgəncə verib onun da yerini öyrənəcəklər. Mütləq öyrənəcəklər. Satmaya bilməz, insan olan kəs o əzablara dözməz, o ağrılara tab gətirməz. Heç kəs dözə bilməz.

Tağı ölsə, - ağlına gələn fikirdən özü də üşəndi, - onu qoyub qaçacaq. Başqa yol yoxdu: özü silahsız, onların da sayı çox. O da, hələ qaça bilsə. Belə olanda postlar gücləndirilir, ayıq-sayıqlıq artır. Amma yerini dəyişə bilər, bir zirzəmi tapıb gizlənər. Yox, orda da tapacaqlar. Quyuda, qəbirdə gizlənsə də tapacaqlar. İtlərə yedizdirəcəklər!

Ağlına nə verdisə, durub, çaylaq aşağı qaçmağa başladı! Dayanmadan, daş-çınqıl demədən, qan-tər içində!.. Bir vaxtlar çinarın dağ kimi dayandığı yerə çatanda kilidlənib qaldı; çinarın yoxluğunda kəhriz də quruyub yoxa çıxmışdı. Bir vaxtlar kənd uşaqlarının qışqırışaraq tumançaq çimişdiyi, qız-gəlinlərin paltar-palaz toqqaşladığı daş kanavda... quru torpaq təpələnmişdi, - təzə qəbir kimi, - o torpağın üstündə üzüqoyulu düşüb qalmışdı Tağı!..

Səhərisi xəbər yayıldı ki, təmas xəttinə yaxın ərazidə iki mülki şəxs minaya düşərək ağır bədən xəsarətləri alıb...

 

*

Bazara çatanda gözüm onu axtardı.

Bu yekəlikdə şəhərdə qələbəni müjdələyəcəyim, bəlkə də birinci adam o idi!

Hər yeri gəzsəm də, onu yenə orda, - ağ-iri gövdəli, gen çətirli çinarın altında tapdım. Sərin noyabr günortası corablarını çıxarıb arabasında yatmışdı. Elə rahat ki, yırğalı beşikdə yatıb, deyərdin. 

Onunla söhbətləşməyə ürəyim atsa da, şirin yuxusundan eləmək istəmədim.

Üstündəki paltarı kənara itələyib nəhayət, özü dikəldi, təəccüblə üzümə baxdı.

- Tanıdın? - dedim.

- Hə, - dedi, - orda çay içirdin.

- Kəndimizi aldıq e, xəbərin var?

- ... - qəribə şəkildə hıqqıldadı.

- Yadında, yaşıl rəngdə velsebetin vardı, elə bu araba rəngində, "Orlyonok"?! Bir dəfə mənə sürməyə də vermişdin hələ... 

Ayaqları çəkmələrini tapdı, qalxıb diqqətlə üzümə baxdı.

- Yadındadı, çinara ad yazmışdın...

Bir az da yaxına gəldi, dodaqları əsdi, ifadəsiz üzündə tanış cizgilər sayrışdı.

- " T+П=С", yadında?! "Tağı, üstəgəl Pərvanə, bərabərdi Sevgi".

Sifəti gərginləşib əyildi; nəsə vacib söz demək istəyirdi, dağınıq yaddaşından o sözü tapıb çıxara bilmədi. Sərt hərəkətlə qolumnan tutub məni çinarın o üzünə dartdı, ağ gövdəli ağacın üstündəki çapıq izlərini titrək-sevincək barmaqları ilə göstərdi. Niyəsə sevindi, gülmək istəyirdi, gülə bilmədi, hıqqıldadı, - başa düşdüm ki, bu neçə illər ərzində adam gülməyi yadırğayıb! - bir şey kəsdirməsəm də, ağacdakı çapıq yerləri get-gedə aydınlaşdı, üç iri kiril hərfinə çevrildi:  "Ə+Г=С ".

"Q" niyə?! - heyrət içində çevrilib bircə söz soruşmaq istəyirdim.

Arabasını sürüb getmişdi...

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2024)

Sentyabrın 17-dən 19-dək Ufa şəhərində keçiriləcək MDB-nin iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının XVII Forumunda Başqırdıstan Respublikasının Milli Kitabxanası unikal “MDB xalqlarının mədəni irsi” adlı sərgisini təqdim edəcək. 

 

Bu barədə AzərTAC MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir.

 

Təşkilatçılar bildirib ki, sərgidə kitabxana fondlarından MDB xalqlarının tarixi və mədəniyyətinə həsr olunmuş ən yaxşı və məzmunlu kitablar təqdim olunacaq.

 

Sərgidə aşağıdakı nəşrlər təqdim olunacaq:

 

“Koblandı-Batır” qazax xalq qəhrəmanlıq dastanı, “Huyrlukqa-Həmra” və “Sayatla Həmra” adlı iki türkmən məhəbbət dastanı, “Manas” Qırğız xalq dastanı və XX əsrin əvvəllərində müasir Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər MDB ölkələrində nəşr olunmuş digər nadir kitablar, rus, başqırd və tatar dillərində nəşr edilmiş qazax, qırğız, özbək, tacik müəlliflərinin çox sayda kitabları. Sərgi folklor, yaradıcılıq və milli geyimlərə həsr olunmuş kitablarla tamamlanacaq.

 

Tədbirin məqsədi ümumi mədəni səriştənin formalaşdırılması, MDB ölkələri xalqlarının ədəbiyyat dünyasına yiyələnmə, mütaliə mədəniyyətinin və xalqlar dostluğunun təbliğidir.

 

Xatırladaq ki, MDB-nin iştirakçısı olan ölkələrin yaradıcı və elmi ziyalıları Forumunun təşkilatçıları MDB iştirakçısı olan Dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Başqırdıstan Respublikası Hökumətidir.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2024)

Kitabqurdu çox kitab oxuyana deyirlər. Və kaş ki, xalqımızın kitabqurdları çox olaydı…

 

Azərbaycanın kitab bazarının formalaşmasında müstəsna işlər görən Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyi (ANAİB) bir neçə ildir ki, uğurla Kitabqurdu Oxu Marafonunu keçirir.

 

“Ədəbiyyat və incəsənət” portalına XAN nəşriyyatının direktoru, marafonun təşkilatçı tərəfinin rəsmisi Səbuhi Şahmursoy növbəti marafonla bağlı belə açıqlama verib: 

-Bu gün Kitabqurdu Oxu Marafonunun növbəti final turu və mükafatlandırma mərasimidir və bu dəfə mərasimi ictimaiyyətə açıq keçirməyi qərara almışıq. 

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunun finalını canlı izləməyə hamı dəvətlidir. Heç bir qeydiyyat və ödəniş də tələb olunmur. Ölkənin ən kitabqurdu müəllimini ilk tanıyanlardan olmaq istəyirsinizsə, bu gün saat 15.00-da Hədəf liseyinin Nəsimi filialına gəlin. 1000, 600 və 400 manatın sahibi olacaq müəllimlərin hansı imtahandan keçərək qalib olduqlarını öz gözlərinizlə görün.

Əminik ki, bu çağırışa qoşulanlar çox olacaq!

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2024)

Malik Məmmədov, “Ədəbiyyat və incəsənət”

 

Sumqayıtımız bir çox sahələrdə ad çıxarıb, müsbət nümunə göstərib. Buna görə də hər bir sumqayıtlı öz şəhəri ilə qürurlanır. 

İndi isə sizlərə Sumqayıtın qeyri-adi və heyrətamiz hadisələrin təqdimatından yaranan məşhur “Ginnesin Rekordlar Kitabı” ilə bağlılığından danışacağam. 

 

Bildiyiniz kimi, bu nəşr dünyada ən uğurlu nəşr sayılır. Ötən 2023-cü ildə bu kitab 100 milyondan artıq tirajla satılıb.

Oraya bir neçə azərbaycanlı da düşə bilib.

İlk düşən isə Fəxrəddin Vəliyev olub. 

Belçikada yaşayan və həyatı­nın 25 ilini qrafika sənətinə həsr etmiş Fəxrəddin Vəliyev Sumqayıtda boya-başa çatıb. 2004-cü ildə 5 dəqiqəyə 20 nəfərin siluetini çək­məklə rekordçu adını qazanıb.

Həmyerlimiz 1992–1995-ci illərdə Afinada və İstanbulda fərdi sərgilər təşkil edib, 2003-cü ilin dekabrında “Belqium” muzeyində Belçika kraliçasının rəsmini çəkib. Kraliça isə ona məktub va­sitəsilə təşəkkürünü bildirib.

Fəxrəddin Vəliyev Azərbaycanın Belçikada tanın­ması üçün də xeyli işlər görüb. O, ha­zırda bu ölkədəki Avropa–Azərbaycan diaspor mərkəzinin vitse-prezidentidir.

Bax belədirlər, bizim sumqayıtlılar!

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2024)

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin birgə  təşkilatçılığı ilə gənc şair Arzu Əyyarqızının “Ən müqəddəs pay kəlağay” kitabının təqdimat mərasimi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalının verdiyi məlumata görə, tədbirdə mədəniyyət, ədəbiyyat, ictimaiyyət, media nümayəndələri, tələbə-gənclər iştirak edib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin direktoru, şair-publisist Güllü  Eldar Tomarlı gənc şairə Arzu Əyyarqızını yaradıcılığı haqqında geniş məlumat verərək,  “Ən müqəddəs pay kəlağay” kitabı, müəllifin sayca üçüncü kitabı olduğunu qeyd etdi. Redaktoru araşdırmaçı, yazar, publisist Vaqif Osmanlı, ön söz müəllifi Güllü Eldar Tomarlı, məsləhətçisi Elvira Həmidli olan kitabın Azərbaycan kəlağayısının UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyinə bir töhfə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova tədbir iştirakçılarını salamlayaraq, bu səpkili tədbirlərin, kitab təqdimalarının, gənc müəlliflərlə görüşlərin kitabxanalarda, keçirilməsi əhəmiyyətindən və gələcəkdə geniş audioriyada təbliğ olunması imkanından danışdı.  Şairə Arzu Əyyarqızının poeziya janrında yazıb-yaratdığını və yaradıcılığında müşahidə edilən mövzu rəngarəngliyindən, şeirlərində vətənpərvərlik ruhunun, Vətənə, həyata ali sevgi motivlərinin üstünlük təşkil etdiyini söylədi. Poeziyanın, ədəbiyyatın çox mühüm, eyni zamanda çox həssas, incə bir janrı olduğunu vurğulayaraq, bu gün poeziya janrında vətənpərvərlik ruhlu əsərlərin yazılması əhəmiyyətini vurğuladı. Gələcəkdə müəllifin kitablarının elektron variantının hazırlanaraq Respublika Gənclər Kitabxanasının elektron kitabxanasına verilməsini də təklif etdi.

Tədbir iştirakçıları Arzu Əyyarqızının lirik dünyasının onun milli ruhu, azadlıq, haqq-ədalət savaşı, sevgisi kimi saf və duyğulu olduğunu, şeirlərinin milli ruh nəğmələri olduğunu bildirdilər, şairənin poetik nümunələrində  Əlibəy Hüseynzadə, Əhməd Cavad, Mikayıl Müşfiq, Səməd Vurğun dəsti-xəttinin sezildiyini dilə gətirdilər. Şairənin gənc olsa da, müdrik düşüncələri, milli mənəvi dəyərlərə sonsuz ehtiramı ilə hər bir  oxucusuna nümunə olduğunu söylədilər.

Müəllif Arzu Əyyarqızı poeziyanı, şeiri ruhunun, qəlbinin ayrılmaz bir hissəsi olduğunu deyərək, yaradıcılığa gənc yaşlarından başladığını və bu gün kitablarının işıq üzü görməsindən, geniş oxucu auditoriyasına təqdim edilməsindən qürur duyduğunu söylədi, tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirdi.  

Tədbirdə şairənin “Kəlağay”, “Düşüb könlümə”, “Kaşki”, “Alın darıxmağın əlindən məni” və digər şeirləri, sözlərinə bəstələnən mahnılar səsləndirildi. Tədbirin sonunda müəllif kitablarını kitabxanaya hədiyyə etdi.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2024)

Cümə axşamı, 12 Sentyabr 2024 10:37

Ölümün intiharı

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Səhər saat: 08.00

 

Beyin: Soruşmamaq üçün özümü güclə saxlayıram, amma yenə də alınmır. Onu bilirəm ki, səni yeyib bitirən hər nədirsə, məni yoracaq. Danış görüm nə olub?

Ürək: Özünün xatirinə halımı soruşursansa, heç soruşmamağın daha yaxşıdır. Səni yormağımla bağlı olan məqama gəlsək, mənim yaralarımın birinin üstünə beşini qoyub yenidən əzabıma əzab qatan sənsən.

Beyin: Bəsdi də, səni artıq anlaya bilmirəm. Niyə həmişə özünü haqlı çıxarmaq üçün əlindən gələni edirsən?

Ürək: Mənə deyənə bax, sən sanki heç etmirsən? Həm sən məni qara düşüncələrinlə doldurmasan, özüm öz yaralarımı sağalda bilərəm.

Beyin: Ay yazıq, sənin başqasının fikirlərinə ehtiyacın varsa və öz qərarlarını özün qəbul edə bilmirsənsə, bu olanlarda mənim günahım nədir?!

Ürək: Ay Allah, sən mənim düşdüyüm vəziyyəti görürsən?!

Beyin: Allah sənə nə edə bilər ki? Sən onun sənə bəxş etdiyi heç nəyi lazımlı yerdə və düzgün istifadə edə bilmirsən. Ən sonda da adını qoyursan ki, sənsən günahkar. Saf tapmısan də!

Ürək: Nə? Sənsən saf olan?! Sən mənim ilə hər gün min dildə danışırsan. Keçən dəfə sənə kiçik bir mövzu dedim, böyüdüb dağ boyda elədin. O qədər əzab çəkmişəm ki, yazıq sahibimə gecə yatmağa belə icazə verməmişəm.

Beyin: Mənəm min dildə danışan?! Əgər eləyəmsə, onda məni niyə dinləyirsən? Ayrıca mən heç vaxt sənin dərdlərin üçün pis fikirlər irəli sürməmişəm. Hər problemdə ağıla gəlməli olan başlıca məsələləri səninlə bölüşmüşəm. Sən isə oturub hamısını düşünüb dəli olmusan.

Ürək: Başlıca məsələləri söyləyirmiş, yox bir. Bir dəfə də son ağlına gələni söylə, qorxma ölməzsən. Arada bir qayğıma qal, çünki mənə bir şey olsa, sənin də sonunu gətirəcəyəm.

Beyin: Deyirlər ki, dərd sahibləri uzun yaşayır. Düşünüb özünü yormağa çalışma, elə əlavə bir səbəbi yoxdur. Dərd düçar olduğu qulunu bütün varlığı ilə sevib, onun od-ocağına hakim kəsilən və onu əbədi tək qoymayan yeganə məfhumdur.

Ürək: Bunu  kim deyir?

Beyin: Mən!

Ürək: Səfeh, boşboğaz!

Beyin: Özünsən!

Ürək: Əsla...

Beyin: Bundan sonra sənin işinə qarışan namərddir. Özün öz halına çarə tap. Belə də ki, mənim kimsəyə ehtiyacım yoxdur.

Ürək: Mənim də sənə ehtiyacım yoxdur. Xoş getdin!

Beyin: Sən də xoş getdin!

 

Axşam saat: 23.59

 

Beyin: Mənə bax, hələ də mənə əsəbisən?

Ürək: Deyəsən, milçək səsi eşidirəm. Yox, məncə, milçəyə haqsızlıq edirəm, çünki bu səs tonu onu ifadə edir ki, onun şüuru həmin həşəratın belə şüurundan kölgədə qalır. Səni daşıyanın məhz bu səfehliyinin səbəbindən halım hal deyil.

Beyin: Ey! Mənim fikrimcə bu qədər uzatmağın heç bir mənası yoxdur. Axı belə nə qədər davam edə bilər ki?

Ürək: Aydın oldu, sən mənə rahat yatmağa imkan verməyəcəksən. Nə istəyirsən, onu de!

Beyin: Mən səndən yaxşılığından başqa nə istəyə bilərəm ki? Öz içimdə hiss etdim ki, sənin mənim köməyimə ehtiyacın var. Sən yaxşı bilirsən ki, mən laqeyd bir dost deyiləm. Taleyimiz o qədər qəribədir ki, girdiyimiz qapıdan birlikdə çıxacağıq.

Ürək: Hər nə qədər mənasındakı dərinlik itsə də, dost dəyərli bir kəlimədir. Az əvvəl ölüm məsələsinə toxundun. İnsanları bir uçurum, yaxud bir qəza düşmənləri ilə birgə də həmin qapıdan çıxara bilər. Bizə də belə olacaq, ona görə ki, düşüncə və hisslərini bir -birinə düşmən edən insan öz-özünə düşməndir.

Beyin: Əlbəttə, bəzən elə bir an  olur ki, dözə bilmədiyin, səni yandıran bütün hisslərini bir nəfərdə söndürmək istəyirsən və elə o an ağlına yeganə insan gəlir. Ona inanırsan, güvənirsən düşünürsən ki, dilindəki bir damla su ilə səni fərahladar, lakin bəzən hər şey istədiyin kimi olmur. Sənin ruhunu heç düşünmədən külə çevirən, ən sevdiklərin olur.

Ürək: Əvəzsiz olan, sənə özünü xoşbəxt hiss etdirən hər şey bir gün getməyə məcburdur. Peşman olmaq üçün, bəlkələrlə yaşamaq üçün, lap elə özünü sənə tanıtmaq üçün bunlar sadəcə bir imtahandır.

Beyin: Bəlkə də, bu söylədiklərin bizə nəyi isə öyrətməyə çalışır. Artıq bizim üçün son parlayan günəşdir, keçən həftə bizim üçün son dəfə yağmur yağdı, ən son keçən il göyqurşağını gördük və bu sözləri sənə son dəfə deyirəm... Məni son dəfə diqqətlə dinləməyini xahiş edirəm: İkimiz də həmişə eyni səmtə baxdıq. “Fəqət hansımızın gözündə canlanan mənzərə daha parlaq oldu?” -bax bu, böyük müəmmadır. Baxdığımız o səmtdə nə baş verdi? Özünə bir dəfə də olsun heç bu sualı vermisən? Düşünürəm ki, cavab məndə çoxdan hazırdır. Biz eyni səmtə baxıb fərqli mənzərələri görərkən eyni sualları içimizdə boğacaq qədər ağır ruhlu olduq. Ola bilər ki, sən mən deyildin və mən də heç vaxt sən olmağı bacara bilmədim, amma içimizdə olan bütün suallar bizi hər zaman eyni mövqedə qarşı-qarşıya gətirdi. Və bu, sadəcə bizə şamil olmayacaq. Əgər sən belə zənn etmisənsə, çox yanılırsan.

Ürək: Bəs bütün bu olanlarda özümü günahkar hesab etməliyəm? Axı bir nəfər günahkar olmalıdır. Mənə ən son nə vaxt birlikdə qərar verdiyimizi söyləyə bilərsən?

Beyin: Bütün bu suallara cavab axtarmaq üçün səncə də artıq gec deyilmi? Ömrünün bu çağında, zahirin qırışmışkən, ruhunu dərin bir qorxu əsir almışkən və ən önəmlisi, sənə gedən bütün yolların bağlanmasına çox az bir vaxt qalmışkən gecikmiş cavablarını dinləməyi özümə rəva bilmirəm.

Ürək: Özüm də uduzduğumun, artıq mənim üçün hər şeyin gec olduğunun, yolun tamamilə sonunda olduğumun fərqindəyəm. Onu çox incitdilər, elə bu səbəbdən də o da məni yaralamağı seçdi. Az sonra ona içimdə olan bütün suallarla, məni vahiməyə salan qorxularımla, susduğum bütün haqsızlıqların yara izləri ilə vida edəcəyəm. Yanlış seçimləri məhz indi onu bir ip kimi özündən asır. Bu ölüm bir intihardan daha ağır olacaq, bunu hiss edirəm. Elə məhz bu an sənin düşüncələrində gəzinən ilk sual nədir?

Beyin: Bu sualı eşitmək istədiyinə əminsən?

Ürək: Düşünürəm ki, artıq əmin olub, ya da olmamağımın heç bir əhəmiyyəti yoxdur. Buna hazıram.

Beyin: Deyir ki, həyatda yaşadığımız bütün pis və ya yaxşı hadisələr Tanrının seçimləri olduğu təqdirdə, bir qulun alın yazısına yazılan intiharı yaşaması axı necə günah ola bilər? Hər şeyi yerlə yeksan etməyə qadir olan UCA YARADAN’IN məhz bir qulunun ayaqları altındakı kiçik bir kətili saxlamağamı, yoxsa onun boğazını öz əlinə alan mənfur ipi qoparmağamı gücü yetmir? Əgər bu bir həyat oyunu deyilsə, niyə yaşamağa məcburuq? Çox maraqlıdır,  bütün bunlara verəcək hansısa bir cavabın varmı?

Ürək: Mən cavab vermək üçün deyil, içimdə yaşadıb böyütmək və daha da çox özümü məhv etmək üçün yaranmışam... Deyəsən, artıq yavaş-yavaş təslim oluram. Əgər sənin gücün çatırsa, özünə mənim onu heç vaxt bağışlamayacağım düşüncələrini ək.

Beyin: Belə başa düşürəm ki, bu dəfə də sən intihar etmək fikrindəsən. Bəlkə, səninlə paylaşdığım bütün sirlər üçün məni də yox etməyi düşünürsən? Elədi, ay qısqanc?

Ürək: Sən necə qaçmaq lazımdır çox yaxşı bilirsən. Mənim üçün isə narahat olmağın əsassızdır, kədər ortağım.

Beyin: Bəsdi görək, ay səfeh.

Ürək: ..............

Beyin: Nə tez getdin? Bir də... bir də ki.... onun üçün məndəki son düşüncəsi sənin adına həkk olunan böyük bir peşmanlıqdır. O, sənə yaşatdığı hər şey üçün çox........

Ürək: ............!

 

***

Yeni günə salam olsun, bitən gün isə özü ilə bərabər bir çox əzabı, sevinci, kədərin yanıqlı toxumlarını külə çevirdi. Artıq əqrəblər daha həzin hərəkət edir, saniyələr əzabın hökmü altında sürünür, dəqiqələr axına qarşı üzən gəmi tək gücünün təkəbbürü əlində oyuncağa çevrilir, saatlar isə öz hökmünü çoxdan verirdi. Kimlərsə yeni günün doğan günəşi ilə birlikdə dünyaya gözlərini açarkən, bəzilərini də dünənin batan günəşi özü ilə birlikdə çoxdan tarix etmişdi. Günəşin batışını dərin bir sükutla ötürən asiman günü böyük səs-küylə qarşılayırdı. Hər kəs bir-birinin rüzgarı ilə fərqli diyarlara səpələnirdi və daha sonra alışdıqları məskəni unudub yenidən qədəm qoyduqları həyata alışmaq məcburiyyətində qalırdılar. Dünəndən qalan cavabsız suallar heç kimin maraq dairəsinə daxil belə deyildi. Səmanı ağuşuna alan qara buludlar gündüzü gecəyə çevirəcək qədər güclü idilər. Yolun mərkəzindən uzun bir karvan keçirdi. Onlar çiyinlərində çoxdandır axtardıqları vicdanlarını son mənzilinə çatdırmağa çalışırdılar. Bəziləri qara geyimdə, bəzilərinin gözündə qara eynək, bəzilərinin əlində yalandan bir əsa və yalnız bir neçəsinin gözlərində kədəri bariz görə bilirdim. Bu kasıb insan karvanı hər birinin vicdanından bir parça daşıyan tabutu göməcək boş torpağı tapa bilmirdi. Əlləri havaya açılmış, gözləri ilə bizi bir ölçüb min biçən şəxs isə üzünə çisələyən yağmur dənəciklərini silmək üçün əllərini üzündə büsbütün rəqs etdirirdi. Əlləri üzünü örtsə belə, ruhundakı etinasızlığı örtməyə onlar da çarəsiz idi. Və... ən sonda hər kəs nizama düzülmüş əsgərlər kimi eyni anda əks istiqamətə yönəlirdilər. Çıxışın qapısı onları qarşılamaq üçün hər iki qolunu büsbütün açaraq iki ayaqlı heyvan sürüsünü gözləyirdi.

 Səssiz və yaramaz baxışlardan uzaq bir həyat səni ağuşuna çoxdan almışdı. Artıq səni onlara xatırladan bir tək yeni qazılmış isti torpağına sancılan taxta parçası idi. Üzərində günəşin doğuşu və batışının dumanlı tarixləri həkk olunmuşdu və ən sevmədiyim səkkiz rəqəmini də elə bu taxta yatağa uzatmışdılar. Baxışlarım elə hey birotaqlı, rütubətli evimin açıq pəncərəsi ilə arasına uzun bir yol inşa edirdi. Bir zamanlar daşdan möhrü qoyulan bu səssiz insan sürüsünə o həmin pəncərədən baxırdım. İndi isə ağır payız küləyinin təsiri ilə rəqs edən pəncərəmin qiyafəsi onun tam arxasına iz salan stulun çiyinlərinə gücsüz əlləri ilə toxunaraq, -“Səssiz ol”- deyirdi.

Elə bir kimliyə bürün ki, sənin səssizliyin bitən əzablarının imzası olsun!

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.