Super User

Super User

 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Musiqi Günü münasibətilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, festivalda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Almaniya, İspaniya, Avstriya, Koreya, Türkiyə, Braziliya, Hindistan və digər ölkələrdən tanınmış ifaçı və kollektivlər iştirak edəcəklər.

 

Festival çərçivəsində Bakı ilə yanaşı, Şuşa, Gəncə və bir sıra şəhərlərdə açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans və ustad dərsləri təqdim olunacaq.

 

Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təqdimatında “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi reallaşacaq.

 

Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq.

 

Tədbirdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor: Əməkdar artist Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor: Xalq artisti Gülbacı İmanova) çıxış edəcək. Solistlər Xalq artisti Ülviyyə Hacıbəyova (piano), Əməkdar artistlər Ramil Qasımov (tenor), İnarə Babayeva (soprano) və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə (bariton) ifalarını təqdim edəcəklər.

 

Həmçinin bütün ölkə üzrə Heydər Əliyev mərkəzləri və kinoteatrlarda Üzeyir Hacıbəylinin əsərləri əsasında lentə alınmış bədii filmlərin nümayişi, xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərində müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2024)

Azərbaycanın kitab bazarının formalaşmasında müstəsna işlər görən Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyi (ANAİB) bir neçə ildir ki, uğurla Kitabqurdu Oxu Marafonunu keçirir.

 

“Ədəbiyyat və incəsənət” portalına XAN nəşriyyatının direktoru, marafonun təşkilatçı tərəfinin rəsmisi Səbuhi Şahmursoy növnəti marafonla bağlı belə açıqlama verib: 

-Sabah Kitabqurdu Oxu Marafonunun növbəti final turu və mükafatlandırma mərasimidir və bu dəfə mərasimi ictimaiyyətə açıq keçirməyi qərara almışıq. 

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunun finalını canlı izləməyə hamı dəvətlidir. Heç bir qeydiyyat və ödəniş də tələb olunmur. Ölkənin ən kitabqurdu müəllimini ilk tanıyanlardan olmaq istəyirsinizsə, sabah - 12 sentyabr, saat 15.00-da Hədəf liseyinin Nəsimi filialına gəlin. 1000, 600 və 400 manatın sahibi olacaq müəllimlərin hansı imtahandan keçərək qalib olduqlarını öz gözlərinizlə görün.

Əminik ki, bu çağırışa qoşulanlar çox olacaq!

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2024)

Çərşənbə, 11 Sentyabr 2024 11:36

Qürub edən Günəş - HEKAYƏ

“Ədəbiyyat və incəsənət” portalı bu dəfə sizlərə Azərbaycan Yazıçılar Birliyinin üzvü Səma Muğannanın növbəti, “Qürub edən günəş” hekayəsini təqdim edir. Xatırladaq ki, Səma xanım görkəmli  yazıçı, Azərbaycanın Xalq Yazıçısı İsa Muğannanın nəvəsidir və artıq 3 kitab müəllifidir.

 

 

“Qəlbindən silsən də, tale, alın yazısı insanın ən böyük düşmənidir, çünki heç vaxt silinmir”....

 

Reyhanın kənarı yanmış dəftərində nə qədər gizli arzular, tükənməz sevgi varmış. Əgər o gün, məhz təqvimdə yazılan o tarixdə Reyhan Muradı bağışlasaydı, onlar xoşbəxt olacaqdı. Bu küçədə, bu otaqda Reyhanın qoxusu dolaşırdı. Dəli olan Murad Reyhanın qoxusunu ətrafda izləyirdi. Dəli-divanə olduğu bu eşq onun qəlbində ağır bir silah kimi dayanmışdı.

  Şəkillər kimidir sevgi.Bir foto çəkdirərsiniz və bütün sevginizi o şəkilə ərmağan edərsiniz.O şəkil parçalana,yırtıla,hətta kül ola bilər,ancaq bilirsinizmi ki,hər foto kül olarkən onun içindəkilər də məhv olar? Açarla qapını açırsınız.Kilid açılır.Bəs fotoların kilidi nədir? Sevgi..Sevgi şəkillərin ən böyük kilididir.Bu kilidi açıb qazanmaq üçün yalnızca bağışlamaq lazımdır.Bəs,Reyhan Muradı bağışladımı? Nə zaman? Yaxın əyləş,əziz oxucum! Mən söyləmişdim axı mənim hər günüm filmdir.Gəl bu filmi birlikdə izləyək...

Axşam saat 21:00 radələrinə təsadüf edirdi.Soyuq,tənha payız elə bil bu dərdləri vücuduna don geymişdi.Reyhansa evdə tək-tənhaydı.Stolun üstündə isti çay,yanan şam və dəftəri vardı.Nə edə bilərdi başqa? Onun da tək təsəllisi bu idi...

  Birdən qəfildən qapı döyüldü.Diksinərək ayağa qalxıb qapıya keçib: -“Kimsiniz?” deyə fısıldadı.

-Mənəm,Murad.Reyhan,qapını aç,xahiş edirəm!

-Rədd ol,sənin kimi birisini tanımıram.Çıx həyatımdan!

-Xahiş edirəm,ölürəm.Son nəfəsimi sənin qollarında təslim etmək istəyirəm.

-Çıx get dedim!

-Qapını açıb baxsan,görəcəksən ki,həqiqəti deyirəm!

   Reyhan fikirləşirdi.Qapını açacaqdımı? Bu tilsimi məhv edəcəkdimi? Açar kilidi açıb Reyhanla Muradı birləşdirəcəkdimi? Bu sualların cavabı Reyhanda idi,ancaq Reyhan özü də qaçırdı bu suallardan.Bilirdi,bilirdi ki,açarla açılan bütün qapılar hər zaman xoşbəxtliyə aparmır.

   Açar sevginin düşmənidir,əziz dost.Qıfıla bənzəyir.Bizim taleyimizdəki nöqtələri bir-birinə doğru bağlamır...

Reyhanın son qərarı qapını açmamaq oldu.Göz yaşlarına hakim ola bilmirdi,ancaq onun göz yaşlarını heç kəs duymurdu,yalnız Muraddan başqa...

-Reyhan,bilirəm ki,yenə göz yaşlarına boğulmusan.Aç qapını,danışaq.

-Mən sənə bir damla da göz yaşı tökmərəm! Yetər!

-Bəs niyə susursan?

   Murad çox yaxşı bilirdi ki,Reyhan susduqda göz yaşlarına boğulur.Həmişə çiyinlərində ağlayan qadın indi ona üz çevirmişdi..Əslində,bu göz yaşları Reyhanın deyil,Muradın həyat hekayəsinin damla-damla yığılan və səhifələrində quruyub ölən çiçək idi.Sevgi şəkilə bənzədiyi kimi göz yaşlarına da bənzəyir.Damla-damla dolur və sonunda yaşaya bilməyib tərk edir bu fani dünyanı,insanları da.

-Murad,sən heç vaxt ölə bilməzsən.Əgər ölsəydin,bu gün qarşımda deyildin.Sənin simanı görmək deyil,sənin səsini duymaq belə istəmirəm!

  Xənçər kimi ürəyinə batan bu sözlərdən sonra səs gəlmədi.Reyhan stola tərəf yaxınlaşanda isti çay üstünə dağıldı və yanan şam dəftərin üzərinə düşdü.Reyhandan qəfildən bir qışqırıq qopdu.Ardınca hönkürtü çəkdi..Bütün taleyi o dəftərə bağlı idi,ancaq dəftərin kənarı yanmışdı.Bununla belə elə bil Muradın da əcəli onu aparmağa gəlmişdi...

-Muraaad!

   Səs gəlmirdi.Reyhan daha dözə bilməyib qapını açdı.Muradı qarşısında hönkürtü çəkən yağışın altında islanmışdı.Nəfəs almırdı,ancaq simasında qəribə təbəssüm vardı.Reyhan onun qollarının arasına alıb:-“Muraaad,Muraaad” deyə səslədi.Səs gəlmirdi.Sadəcə Reyhana gülümsəyən bir sima vardı orada...Bu kiçik daxmada yaşayan kiçik qız və onun dostu qələmi vardı...

1 il sonra....

 Reyhan yenə də otağında dörd divarın bir küncünə sığınıb ağlayırdı.1 il boyunca Reyhan bu cür yaşamışdı? Bəli..Gözlərindən kainata sığmayacaq sevginin kədərli baxışları yatırdı,ancaq Reyhanın göz yaşlarıyla birgə onlar da oyanmışdı.Səssizcə gəzinən körpə onun göz yaşlarını silir və yenə “tənhalar ölkəsinə” qayıdardı.Qapı döyüldü.Kim gəlmişdi? Bilinmirdi.Dəfələrlə Reyhanın qapısı çalınmış,ancaq o Muradı itirdikdən sonra bir dəfə də olsun geriyə dönüb baxmamışdı.Qapıları bu dəfə açarla deyil,qıfılla bağlamışdı.Çıxmadığı otağın qapısını yalnız açarla kilidləmişdi.Kilidlənən qapınan heç kim keçə bilmirdi.Bu qapı dəfələrlə çalındı,ancaq nə eşidən,nə də o qapını açan oldu.Reyhana xatirə qalan yalnız Muradla olan fotoları idi.Hər dəfə şəkillərinə baxdıqda göz yaşlarını saxlaya bilməz və onlarla söhbətləşərdi...

Başlıqda qeyd etdim ki,sevgi şəkillər kimidir.Şəkillər də gizlənər.O insan həyatımızda oldu,olmadı bizi həmişə izləyər.Bəs yanan dəftərçə? Niyə məhz o gün şam o dəftərin üzərinə dağıldı və niyə dəftərin yalnız kənarı kül oldu? Onun kül olmasıyla birgə Murad da fani dünyadan köç etdi? Çünki şam da insan ömrü kimidir.Yanarkən sönər,alovlanarkən üsyan edər.Bəs bu dəftərçənin günahı idi? Bu yaşananlara şahid olması...

Şahid olduğumuz hadisələr filmə bənzəyə bilər,ancaq insan taleləri film deyildir.Qatar kimi gəlib keçərdir...Yolda olan qatar yenə gecikdi.Sizə Reyhanın Murada yazdığı son məktubu oxumağınızı istəyirəm.İndi Reyhan haradadır? Sualının cavabını məndən soruşmayın,çünki yoxdur.Mən tale izlərini izləyərək qələmə aldım. “Tənhalar ölkəsindən”   iki sevdalı da köç edib getdi...

“Gecədir.Bir azdan Ay doğacaq”...

Murad,bu sənə son məktubumdur.Bəlkə də səhv edirəm sənə yazmaqla,ancaq sən bu məktubu oxuduqda mən burada olmayacam.Mən “Tənhalar ölkəsini” bir azdan tərk edirəm,Murad.Bir azdan taleyimdə gizlənmiş bütün sirrləri göz yaşlarım yuyub apardıqda mən də çiyinlərimə yeni yükləri alıb gedəcəyəm.Bu sənə sevgi mesajı deyil.Bəlkə də bu məktub başqa birisinin əlinə keçərsə,o da elə düşünər,ancaq bu bir əlvida məktubudur.Məni bilirsən,təsadüfləri sevmədiyim kimi əlvidaları da sevmirəm,ancaq qərarım qətidir.Bəlkə bir gün səni bağışlayacam,amma bu yalnız sonsuz kainatda olmayanda baş verəcək.Bəlkə bir gün göz yaşlarım səni bağışlayacaq.Nə bilmək olar? Mən tale yüklərimi çiyinlərimə alıb gedirəm.Bir azdan sən doğulacaqsan.Axı gecədir.Bax,Günəş bir neçə saat öncə qürub edib.Günəş axı mənəm,Murad.Sənin hər səhər səbirsizliklə oyanıb gözlədiyin doğmayan Günəşin...O Günəş heç vaxt doğulmadı.Tanrının hüzurunda sənə əlini uzatsa da,doğulmadı.Bəlkə də sən onun əlini tutsaydın,o doğulacaqdı.

  Murad,sənin sevgini,sənin özünü,duyğularını çox yaxşı bilirəm,əzizim.Sadəcə bizim alın yazımız buna icazə vermədi.Həmişə yadındadırmı deyirdim ki,insanın ən böyük düşməni tale nöqtələri və alın yazısıdır? Çünki onlar bizim əlimizdə deyil təəssüf.Biz onları idarə edə bilmirik.Onlar xəritədə yollarını itirərlərsə,bizi qurban verərlər.Verdilər.Noldu? Ayrıldıqmı? Əlbəttə ki,yox! Sadəcə bu fani dünyada qovuşmaq bizə qismət olmadı. “Qovuşmaq” sözü bilirsən necə ağırdır? Çünki göz yaşları olan yerdə qovuşmaq deyə bir şey yoxdur! Mənim göz yaşlarım damla-damla axdı,ancaq sonunda sel oldu.Xəritədə yollarını itirdilər.Səni itirdilər.Mən səni,sən məni itirdin.Hamısı bilirsən niyə? Göz yaşlarıma və açara görə.Talelərimizi birləşdirən açar qapalı qapıların kilidini açmadı.Bəlkə də mən açsaydım,bu belə olmayacaqdı.Nə açar,nə də sən izin verdin.Ola bilər ki,bu yazını oxuduqda məni günahkar hesab edəsən,ancaq günahkar mən deyiləm! Nə mən,nə o kimsəsiz körpə! Mən dəli olmuşam artıq sən görmürsənmi? Ölü bir insana məktub yazmaq da nə demək? Yenə qapını açarla kilidləmişəm və qarşımda əriyən şamla,kənarı kül olan dəftərçəm mənə baxır.Hər gecələri və hər səhər tezdən bir uşaq gəlir yanıma.Balaca qızcığaz.Məni bəzən əzizləyir,bəzən boğmağa çalışır.Məni incidir və hər dəfə sənin ölümünlı bağlı məni günahkar hesab edir.Bu uşaq kimdir,Murad? Nolar axı,Murad,əvvəl yuxularıma gəldiyin kimi yenə gəlsən? Dərdlərinə dərman olsan? Ancaq sən də qaçırsan.Bilirəm,əzizim;günahkar sən deyilsən,amma bil ki,mən də deyiləm! Günahkar tale nöqtələri alnımıza yazılan alın yazımızdır! Necə ki,təqvimdəki tarixləri,yaddaşımızdakı düşüncələri silib ata bilmiriksə,eynən onlar da elədir.Görürsən bir-birlərinə necə bənzəyir? Bu fani dünyada bir-birinə zidd olan yalnızca gündüz-gecə,Günəş və Ay’dır! Mən qürub edən Günəş,sən gecənin ən səssiz zamanında doğulan,işıldayan Ay...Ulduzların içində tənha deyilsən,əzizim,əksinə,daha çox xoşbəxtsən.Sənin xoşbəxtliyin mən deyiləm,Murad.Mən  qürub edən Günəşəm...Həm taleyində,həm də yaddaşında.Yalnızca qəlbində səhərlərinin aydınlanan Günəşiyəm...

  Əlvida,əzizim.Mən “Tənhalar ölkəsindən”  göyərçin kimi köç edib gedirəm.Gözlərini qırılmış qanadlarımla örtüb gedəcəyəm,narahat olma.Bu dəfə salamat qal deyil, “əlvida” deyirəm...

Gecikən qatar tez gəlsə də,burada bir cəsəd yatırdı.İnsanlar bu cəsədin üstündən atlayıb keçirdi.Kimiləri ağlayır,kimiləri isə təəccüb içində,kimiləri də qaçırdı “Tənhalar ölkəsinin” gecikən qatar stansiyasından. “Gecikən qatar” stantiyasında cəsəd tapıldı! Reyhan adlı bir şəxs.Yaxınları haradadır?

   Heç kəs bu sualın cavabını bilmirdi,amma bütün qəzetlər Reyhandan danışırdı.Bütün qəzetlərdə Reyhanın şəkilləri vardı.Demək,Reyhanın düşmən bildiyi alın yazısı yenə də ona oyun oynamışdı,ancaq bu dəfə tək “alın yazısı” deyil,şəkillər də bu oyunda qalib gəlmişdi.Bəzən şəkillər də acımasız ola bilirmiş...

  Reyhanın qapısında yatan Muradın cəsədi, “gecikən qatar” stansiyasında isə  Reyhan..Bu dəfə tale nöqtələri onları o biri dünyada qovuşduracaqdı? Bəs,qürub edən Günəş və gecənin səssizliyində doğulacaq Ay harada idi? Bəs,Reyhanın göz yaşları?

   Hər şey dayanmışdı.Neçə-neçə insan “Tənhalar ölkəsindən” qaçırdı.Demək olar ki,heç kəs qalmamışdı.Tək qalan Reyhanın gözlərində qurumayan göz yaşları idi.Son damlası da gözlərində qurudu Reyhanın...

   Hamının cəsəd kimi gördüyü bu iki sevdalı,əslində,ruhlarını təslim etmişdi Tanrıya.Payızın da soyuq vücuduna geyindiyi don kimi onlar da vücudlarındakı sevgini Tanrıya təslim etmişdilər.Əcəl gəldikdə isə onların yalnız soyuq,çürümüş vücudlarını aparmağa gəlmişdi.Heç kəs..Heç bir insan bu iki sevdalının yaşadıqlarını bilmədi.Bu hadisələrin şahidi yalnız şam,süfrəyə dağılan çay və kül olan dəftər oldu...

    Reyhanın ayaq izləri “gecikən qatar” stansiyasına kimi davam edirdi.Qatar dayanmış,amma ayaq izləri silinməmişdi. “Tənhalar ölkəsinə”  qar da yağdı,çovğun da başladı,lakin bu ayaq izləri silinmədi.Artıq “Tənhalar ölkəsində” heç kəs qalmamışdı,zatən yaşaya da bilməzdi.Burada yalnızca yaşayan Murad və Reyhanın ruhu idi.Bu iki ruh da ayrı-ayrı evlərdə dörd divara qapanmışdı.Doğru,bəlkə də onlar bu dünyada qovuşmadı,lakin Tanrı onları öz yanına aldı. Onların sevgisi çəkilən şəkillərdə yaşayır...

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2024)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. “Qobustan” jurnalının əməkdaşı, həm hekayələri, həm də şeirləri bəyənilən Narıngül Babayevanın sırasədır. Onun yeni şeiri “Mənəm” adlanır. 

 

Nə qədər cəhd edirəm, yerindən qoparıb atım,

Qaldıra bilmədiyim zindan kimi o daş mənəm. 

 

Heç kimlə işim olmaz, sükutam, sülhəm, dincliyəm, 

Savaş öz içimdədir, səngiməyən savaş mənəm.

 

Qaçdım yer kürəsindən, hey qaçdım azad olmadım,

Bu başdan qaçıb gedirəm, amma ki, o baş mənəm.

 

Uçmasaydım sağ idim, qırdılar qanadlarımı,

Göydə uçan quşlara yol mənəm, yoldaş mənəm.

 

Təkliyin, darıxmağın yolu gəlib məndən keçir,

Nə qədər tənha var, tək var,  onlara sirdaş mənəm.

 

Hər gün qonaq gəlirsən, hər gün qapımı döyürsən

Döymə yad qapısı tək, döymə yad tək,  yavaş, mənəm.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Bəhram Bilaloğlunun şeirləri təqdim edilir. 

 

1.

Vətən dediyin bu ad

Tarix yazan can olur.

Ruhu müqəddəs edən

Torpaq udan qan olur.

 

Hər ruha qismət olmur

Çatsın dərin qatlara.

Sevgi, hünər istəyir -

Qatsın qanın qatlara.

 

Sevgilər cürbəcürdür,

Bunun adı başqadır.

Vətənə can verməyin

Eşqi, dadı başqadır.

 

Zirvələri fəth edən

Şah olar, padşah olar.

Eşq yolunda gedənin

Yardımı Allah olar.

 

 

2.

Məni məndən qoparan -

Duyğulara məhkumam.

Səcdədən eşqə çatan -

Baxın, həmin məktubam.

 

Səmadadır bu ruhum -

Duam qunut əldədir.

Möminlər anlayarlar -

Qunut hansı dildədir.

 

Oxumağa, yazmağa

Nə çox mövzularım var.

Quran vurub təsdiqin,

Möhür avazlarım var.

 

Bəlkə də, anlamazsan

Orda olan ayəni.

Əş-şüara qeyd edir

Yazdığım hər qayəni.

 

 

3.

Bu nə hicrandı ki, ya Rəbb,

Bəşəri heyrətə salmış.

Zamanla nihan eyləmiş,

Əqli pak, xəyala dalmış.

 

Elə bir zirvədə durmuş,

Saxlamış adını hər dəm.

Kim onu yada salarsa,

Axmaz ürəyinə bir qəm.

 

Həsrətə qərq olar yadlar,

Tanıtmaz İlahi eşqi.

Seçilər bəndə sınaqla,

Unutmaz İlahi eşqi.

 

Özünü anlamaz çoxu,

Oyanmaq istəməz, qəflət.

Dərinə baş vuran anda,

Yağdırar şeytana lənət.

 

 

4.

Cürəti varsa o kəsin,

Versin nizam, əməlinə.

Nameyi-əmalı üçün

Töksün, mizan təməlinə.

 

Asılmasın günahlardan,

Ruh qurtarsın çün, ahlardan.

Açılmayan sabahlardan

Çəksin azan səm dilinə.

 

Məkan etsin məzlum evin,

Alqış deyin, həm də sevin.

Pak olanı ruha geyin.

Çöksün hər an çəm əlinə.

 

Boşluqlara vurmayın baş,

Peşman olar, deyər, dil, kaş.

Çatdır əhdə, etmə çaşbaş.

Əksin xəzan şum belinə.

 

 

5.

Dünyanı vəsf edərəm

Axirətə yetmək üçün.

Savaba yol verərəm

Məlakütü ötmək üçün.

 

Kim gəlsə, utanmaram,

Saxlayaram qamətimi.

Bu səbəbdən də, mənə

Allah verər nemətini.

 

Cənnətin hər yerini

Ruhuma səyyar eləyər.

Kim ki, nadanla olar,

O ruhu əğyar eləyər.

 

Yazıram əhdimi mən,

Əş-şüara qeyd eləsin.

Allaha ərz olunan,

Beytinə bir beyt eləsin.

 

6.

Bir qələm yazmadığı

Naməni yazdın, ey gözüm.

Düldülün gözündəki

Fəryad edən, qəmə dözüm.

 

Kim dözər, naləsinə,

Dərk eləyər, eşqə çatar.

Arifin göz yaşı da

İlahi eşqində yatar.

 

Necə çəkdinsə, gözüm,

Qəlbimi yardı, göz yaşı.

İçimi sızladacaq

Qəsrilərdə bəla daşı.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2024)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə sizləri qardaş Türkiyənin dəyərli uşaq yazarlarından biri olan Dilan Doğanla tanış edirəm. 

 

-Xoş gördük, Dilan xanım! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz.

 

-Türkiyədən qardaş Azərbaycana salamlar!

Mən Dilan Doğan. İzmirdə yaşayıram. Bir qızım var. 12 ildir işimi sevərək görürəm. Ədəbiyyat özümü tapdığım sənət sahəsidir. Hələ uşaqkən həmişə ədəbiyyatla məşğul olmuşam. Özümü tanıyandan ədəbiyyatın müxtəlif janrlarında yazmışam. Qızım Özümün dünyaya gəlişindən sonra uşaq ədəbiyyatı ilə maraqlandım. Onu tərbiyə edərkən yüzlərlə uşaq kitabına nəzər salmaq imkanım oldu. Nəticədə 9 kitab yazdım. Hazırda müxtəlif nəşriyyatlarda çapa hazırlanan daha 3 kitabım var. 2024-cü ildə beş kitabımı balaca oxucularıma təqdim edəcəm.

 

-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?

 

-Əsərlərim məktəbəqədər və ibtidai sinif uşaqları üçün hekayələrdən ibarətdir.

Bəlkə də uşaq dünyasını yaxşı bildiyim üçün hələ də içimdə uşaq tərəfi var.

İnsanları yaşatdığım üçün həm sevincli, həm də ibrətamiz hekayələr yazmaq mənim üçün çətin deyil. Uşaqlar üçün ən yaxşı şey gülməkdir. Hekayələrimi yazarkən həm də onları güldürmək istəyirəm. Uğurlu olduğumu düşünürəm. Hekayələrimi kitab kimi görmək ən böyük arzum idi. Xəyalımı reallaşdırdığım üçün xoşbəxtəm. Bəzi kitabların imza mərasimlərində uşaqlarla görüşdük. Onların kitablarımı oxumaqdan həzz almaları, gözlərindəki nur məni yazmağa daha çox həvəsləndirir. Gözəl layihələrim var. Gələcək illərdə hekayələrimi daha çox uşağa çatdırmağın həyəcanı içindəyəm.

 

-Yazarkən nələrdən ilham alırsınız?

 

-Əslində bütün uşaqlar mənim üçün ilhamvericidir. Onların mütləq sehrli dünyası var. Onlar hər mənada kitablar üçün ilham mənbəyi ola bilərlər. Kitablarımı yazarkən ən böyük ilham mənbəyim qızım Özüm Durudur. Onu mərhəmətli, sevgi dolu bir insan olaraq yetişdirməyə çalışıram. Çoxlu davranışları ilə mənə yepyeni hekayələr təklif etməyi bacarır. Əslində bütün kitablarım qızım Özüm Duruya həsr olunmuş hekayələrdən ibarətdir.

Heyvanları, ağacları, dənizi, bir sözlə təbiəti çox sevirəm. Bunlar mənim digər ilham qaynaqlarımdır. Flamingo, kirpi, kağız təyyarə və bəzən rənglər mənim əsas personajlarım ola bilər.

 

-Türkiyədə kitab oxuma sizi qane edirmi?

 

-Ah, bu, bəlkə də mənim ən böyük problemimdir. Təəssüf ki, biz kitab oxumaqda bir az yetərsizik. Çox yaxşı oxuyan, türk və dünya ədəbiyyatını izləyən oxucular olsa da, kitab oxumağı əhəmiyyətsiz hesab edənlərin sayı da az deyil. Mən bir türk dili müəllimi olaraq tələbələrimə kitab oxuma vərdişi vermək istəyirəm. Bu mənim üçün böyük əhəmiyyət kəsb edir. Çünki bir uşağa edə biləcəyiniz ən böyük investisiya onun kitab oxumağa alışdırmaqdır.

Biz yaxşı inkişaf edirik, lakin kifayət qədər yüksək səviyyədə deyilik. Valideynlər, pedaqoqlar bu məsələdə gənclərə nümunə olmalıdırlar.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?

 

-Əlbəttə. Türk ədəbiyyatı ilə yaxından maraqlandığımı bildirmək istəyirəm. Təhsilimi türk dili və ədəbiyyatı üzrə almışam.

Azərbaycan ədəbiyyatından danışarkən Füzuli və Nəsiminin adını çəkməmək mümkün deyil. Əzbər xatırladığım şeirləri var. Hərdən bu haqda düşünürəm. Belə dərin mənalı sözlər demək ancaq ustadın işidir.

Onlardan sonra Bəxtiyar Vahabzadə gəlir. Vətən sevgisini hər misrada hiss edirsən.

Vaqif Səmədoğlu da Azərbaycan ədəbiyyatından tanıdığım adlardandır.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Qoyun qarnında kəlləpaçanın 

hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR 

§ Qoyun qarnı – 45 qr

§ Qoyun kəlləpaçası – 214 qr

§ Duz – 6 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ sirkə – 10 qr, sarımsaq – 2 qr, meyvə turşuları (məti) – 20 qr, tərəvəz turşuları – 20 qr,

nar dənələri – 15 qr,

göyərti – 10 qr, təndir çörəyi

QEYD: Bu xörək pay şəklində, ayrıca parça şəklində doğranmış qarına bükülüb, ağzı boğça şəklində bağlanaraq bişirilə bilər.

 

HAZIRLANMASI:

Kəlləpaça yuyulur, təmizlənir, doğ- ranır. Qarın yenidən bütöv halda isti suda yuyulur, təmizlənir. Kəlləpaça qarının içinə yerləşdirilir, duz, istiot vurulur. Kəsik yerlər möhkəm bağla- nır. Qazana yığılır, üzərinə çıxana qə- dər su əlavə olunur və bişməyə qoyu- lur. Vam odda 2,5-3,5 saat müddətində bişirilir. Qazanın ağzı bağlı saxlanılır. Süfrəyə bütöv halda verilir. Sirkə, sa- rımsaq, meyvə turşuları (məti), tərəvəz turşuları, nar dənələri, göyərti, təndir çörəyi ilə süfrəyə verilir.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2024)

Çərşənbə, 11 Sentyabr 2024 15:44

GÜLÜŞ KLUBUnda TU 134

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

COP 29

Planet şikayətləndi: - Siz insanlar ağacları kəsir, suları çırkləndirir, heyvanları qırır, havanı zəhərləyirsiz. Siz məni məhv edirsiz. 

İnsanlar cavab verdilər: - Əgər biz isti dəri ilə örtülsəydik, uça bilsəydik, ağaclardan da kökələr asılsaydı nə zavod tikər, nə plastik kəşf edərdik. Nə əkərsən, onu da biçərsən, əziz planetimiz. 

 

2.

-Sənin bir dostun vardı e, maşın alverçisi, adı gərək ki Ələmdar idi, nə zamamdır görmürəm onu.

-O canını Əzrayıla satdı.

-Bəlkə tapşırdı?

-Yox, satdı. 

 

3.

-Şaxtaçılar tətil etdilər!

-Şaxtaçılara əməkhaqqı verin. 

-Sürücülər tətil etdilər!

-Sürücülərə əməkhaqqı verin. 

-Müəllimlər tətil etdilər!

-Müəllimlərə əməkhaqqı verin. 

-Şaxtaçılar, sürücülər və müəllimlər birlikdə tətil etdilər!

-Çevik polisə əməkhaqqı verin!

 

4.

Boinqin pilotları onlara marqat elətən TU-134 təyyarəsini görəndə şoka düşdülər.

 

5.

Axtarış zamanı Albuxaralı qəsəbəai bələdiyyə sədrindən Albuxaralı qəsəbəsini tapdılar.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2024)

Çərşənbə, 11 Sentyabr 2024 14:40

BİR SUAL, BİR CAVAB Əkbər Qoşalı ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

 “Sözünü yaxşı bişirgil,

   Yaxşı us ilə düşürgil,

   Yaramazını şaşırgil,

  Canına оlur dağ bir söz”.

(Xətai)

Əkbər bəy, sözün gücü nə ilə ölçülə bilər?

 

 CAVAB

-Şah şair babamız elə həmin o “Bir söz” şeirində gərəyalısında bu suala cavab verib:

 

“Söz vardır, kəsdirər başı,

Söz vardır, kəsər savaşı, 

Söz vardır ağulu aşı, 

Bal ilən edər yağ bir söz”. – Bax, buradan belə bir sonuca vara bilərik: Sözün gücü onun kəsərində, adamına, zamanına görə və uhulət-suhulətlə deyilməsindədir. – Yəni, necə deyərlər – hər adamın öz sözü, hər sözün öz adamı var; yaxud hər sözün öz zamanı, hər zamanın öz sözü var...  

 

Ədəbiyyat və incəsənət”

(11.09.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı dünya və insanlıq sevgisiylə dolduracaq"

(M. Qorki) 

 

İstərdim bu gün bir qədər mütaliənin faydaları və kitabların sağaldıcı təsirindən danışaq.

Mütaliə bir çox yerdə bizim əlimizdən tutur. İnsanlarla daha rahat ünsiyyət qurmaq, daha aydın və effektli nitq söyləmək, özünü daha yaxşı ifadə etmək lügət ehtiyatını zənginləşdirmək, asudə vaxtını ən faydalı şəkildə dəyərləndirmək, hər gün yeni biliklər öyrənmək və dünyagörüşümüzü genişləndirmək üçün, deyə bilərəm ki, ən gözəl yol mütaliədən keçir. 

Kitab oxumaq elmimizi, biliyimizi artırmaqla  bərabər, həm də ruhi və zehni sağlamlığımız üçün də çox faydalıdır.

Çünki kitab oxumaq həmçinin bir terapiya (müalicə) üsuludur.

Daha aydın desək kitab, "Biblioterapiya"  adlanan və kitab oxunmaqla həyata keçirilən bir müalicə üsulunun əsasıdır.

Biblioterapiya qədim yunan sözü olub tərcüməsi "kitabla müalicə" deməkdir.

Psixoterapiyanın bir forması olan biblioterapiyanın tarixi çox qədim dövrlərə gedib çıxır.

Belə ki, mənbələrə görə Misir fironu II Ramzesin kitabxanasının girişində üzərində "Qəlb üçün dərman" sözləri yazılmış lövhə asılmışdır.

Qədim yunan filosofu və riyaziyyatçısı Pifaqorun da bir sıra xəstəliklərin müalicəsində musiqi ilə yanaşı kitablardan da istifadə etdiyi bildirilir.

Orta əsr mənbələrində qeyd olunduğuna görə 1272-ci ildə Qahirədə Əl-Mənsur  xəstəxanasında Qurani-Kərimdən  müalicə üsulu kimi istifadə olunmuşdur.

Avropada isə biblioterapiyanın əsası ilk dəfə kilsə kitabxanalarında qoyulmuşdur. 

Yəni hələ uzun illər öncə, ta qədim zamanlarda belə kitablar insanlar üçün bir müalicə vasitəsi olub.

Biblioterapiyanın ilk dəfə  bir termin kimi işlənməsi isə Samuel Mc Chord Crothersin adı ilə bağlıdır.

Bibloterapiyanın insanın psixoloji sağlamlığına bir çox faydası vardır.

Biblioterapiya şəxsin yaşamaqda olduğu problemin yalnız onun başına gəlmiş bir problem olmadığını, bir çox insanın da bənzər çətinliklər yaşadığını görməsini təmin edir.

Kitabı oxuyan şəxs özünü tam olaraq qəbul etməyə başlayır. Həmin insanda vaxt ötdükcə özünə qarşı inam hissləri daha da artır. 

Kitablar həm də bir qaçışdır deyərdim, qaçmaq və səni heç kəsin tapa bilməyəcəyi özünəməxsus gizli bir dünyaya sığınmaq.. Çünki, insan kitab oxuyarkən qısa bir müddət belə olsa, uzun-uzadı onu düşündürüb üzən şeyləri unudur. 

Kitab oxumaq insanın əsəblərini sakitləşdirir və bir kitabı oxuyub bitirdikdən sonra insan özünü çox daha yaxşı hiss edir.

Mütaliənin stresi azaltdığı elmi araşdırmalar nəticəsində də sübut olunmuş bir həqiqətdir.

Kitab oxumaq insanda önyarğı vərdişinin tərbiyə olumasına və empatiya qurmaq vərdişinin inkişaf etməsinə kömək edir.

İnsan bəzən günlərlə oxuduğu bir kitabın təsirinə düşür, bəzən bəzi obrazlara əsəbləşib, bəzilərini doğması kimi çox sevir. 

Kitab oxumaq insanın dünya görüşünün inkişafında yeni üfüqlər açır. Kitablar eyni zamanda bizə istər maddi istər mənəvi olaraq müxtəlif dünya və zamanlara səyahət etmək imkanı təmin edir. Kitablar ən ucuz, ən sərfəli və ən rahat səyahət vasitəsidir.

Əsəbi və ya məyus olduğunuz anlarda əlinizə bir kitab alın, əvvəl qoxusunu çəkin ciyərlərinizə, karbon qazıyla birlikdə içinizdəki mənfi enerjini də qovub çölə atın və sonra oxumağa başlayın. Vərəqlər bir-birinin arxasınca qaçmağa tələsdikcə və siz sətirlərin içində daha dərinlərə qərq olduqca hirsiniz üzərinə günəş şüası düşmüş buz parçası kimi əriyib yox olacaq və siz özünüzdən xəbərsiz rahatladığınıza şahid olacaqsız.

Kitablarda yazılmaz bəlkə bu, amma, hər nə qədər özündə ağrılı həyat hekayələrini daşısalar da kitablar sağaldır.

Dünyaya qarşı özünüzə kitablardan ibarət bir mütaliə divarı hörün!

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.