“Duyğulara məhkumam…” - Bəhram Bilaloğlunun şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Bəhram Bilaloğlunun şeirləri təqdim edilir. 

 

1.

Vətən dediyin bu ad

Tarix yazan can olur.

Ruhu müqəddəs edən

Torpaq udan qan olur.

 

Hər ruha qismət olmur

Çatsın dərin qatlara.

Sevgi, hünər istəyir -

Qatsın qanın qatlara.

 

Sevgilər cürbəcürdür,

Bunun adı başqadır.

Vətənə can verməyin

Eşqi, dadı başqadır.

 

Zirvələri fəth edən

Şah olar, padşah olar.

Eşq yolunda gedənin

Yardımı Allah olar.

 

 

2.

Məni məndən qoparan -

Duyğulara məhkumam.

Səcdədən eşqə çatan -

Baxın, həmin məktubam.

 

Səmadadır bu ruhum -

Duam qunut əldədir.

Möminlər anlayarlar -

Qunut hansı dildədir.

 

Oxumağa, yazmağa

Nə çox mövzularım var.

Quran vurub təsdiqin,

Möhür avazlarım var.

 

Bəlkə də, anlamazsan

Orda olan ayəni.

Əş-şüara qeyd edir

Yazdığım hər qayəni.

 

 

3.

Bu nə hicrandı ki, ya Rəbb,

Bəşəri heyrətə salmış.

Zamanla nihan eyləmiş,

Əqli pak, xəyala dalmış.

 

Elə bir zirvədə durmuş,

Saxlamış adını hər dəm.

Kim onu yada salarsa,

Axmaz ürəyinə bir qəm.

 

Həsrətə qərq olar yadlar,

Tanıtmaz İlahi eşqi.

Seçilər bəndə sınaqla,

Unutmaz İlahi eşqi.

 

Özünü anlamaz çoxu,

Oyanmaq istəməz, qəflət.

Dərinə baş vuran anda,

Yağdırar şeytana lənət.

 

 

4.

Cürəti varsa o kəsin,

Versin nizam, əməlinə.

Nameyi-əmalı üçün

Töksün, mizan təməlinə.

 

Asılmasın günahlardan,

Ruh qurtarsın çün, ahlardan.

Açılmayan sabahlardan

Çəksin azan səm dilinə.

 

Məkan etsin məzlum evin,

Alqış deyin, həm də sevin.

Pak olanı ruha geyin.

Çöksün hər an çəm əlinə.

 

Boşluqlara vurmayın baş,

Peşman olar, deyər, dil, kaş.

Çatdır əhdə, etmə çaşbaş.

Əksin xəzan şum belinə.

 

 

5.

Dünyanı vəsf edərəm

Axirətə yetmək üçün.

Savaba yol verərəm

Məlakütü ötmək üçün.

 

Kim gəlsə, utanmaram,

Saxlayaram qamətimi.

Bu səbəbdən də, mənə

Allah verər nemətini.

 

Cənnətin hər yerini

Ruhuma səyyar eləyər.

Kim ki, nadanla olar,

O ruhu əğyar eləyər.

 

Yazıram əhdimi mən,

Əş-şüara qeyd eləsin.

Allaha ərz olunan,

Beytinə bir beyt eləsin.

 

6.

Bir qələm yazmadığı

Naməni yazdın, ey gözüm.

Düldülün gözündəki

Fəryad edən, qəmə dözüm.

 

Kim dözər, naləsinə,

Dərk eləyər, eşqə çatar.

Arifin göz yaşı da

İlahi eşqində yatar.

 

Necə çəkdinsə, gözüm,

Qəlbimi yardı, göz yaşı.

İçimi sızladacaq

Qəsrilərdə bəla daşı.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.