
Super User
Xocalıda Hacı Əli Günbəzi
“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını, əfsanələrini ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər. Əfsanələr isə yurdumuzun qədim tarixi, toponimləri barədə hamı üçün bir mənbədir.
Çox-çox əvvəllərdə, qədim Aran torpağında qocaman bir diyar vardı. Bu diyar dağlar arxasında, bol sulu çayların kənarında yerləşirdi. Buranın ərənlərinə igidlikdə çatan olmazdı. Ərənlərin içində Əli adlı bığ yeri təzəcə tərləmiş bir igid vardi. Əli mahaldakı cavanlarla qurşaq yarışına çıxar, hamısının da kürəyini yerə qoyardı. Beləcə bu diyar öz igid pəhləvanları ilə ad çıxarmışdı.
Sizə kimdən deyim, kimdən danışım... Gözəl bir diyarda, çox- çox uzaqlarda, mənəm-mənəm deyən bir zalım padşahdan. Bu padşah sanki müharibə etmək, qan tökmək üçün doğulmuşdu. Ömrü döyüşlərdə keçmiş, bircə dəfə də olsun məğlub olmamışdı. Neçə-neçə padşahların dizlərini yerə vurmuşdu. Şəhərlər, obalar, mahallar dağıltmış, əldə etdiyi qənimətləri xəzinəsinə yığmışdı. Amma yenə də qana susayıb gözü ac idi. Hər il ordusunun sayının artırır, yalnız torpaqlar tutmaq, evləri, obaları viranə qoymaqla həyat sürərdü. Onun əsgərləri dağlardan, düzlərdən qasırğa kimi ötüb keçərdilər. Bir gün şah yuxusunda görür ki, bir cavan uşaq onu yerə yıxıb xəncəri ilə başın kəsmək istəyir. Şah qan-tər içində yuxudan oyanır. Yuxu yozanı yanına çağırıb soruşur ki, bu yuxu nə yuxudur. Yəni bu dünyada onun kürəyini yerə vuran, qalib biri ola bilərmi? Yuxu yozan həm də rəmmal idi. Rəmmal deyir ki, bəs filan yerdə Əli adlı bığ yeri təzəcə tərləmiş bir pəhləvan var, sən ona uduzacaqsan. Padşah hirslənir, rəmmalı zindana atır, özü isə qoşun götürüb həmin diyara gəlir. Həmin vaxt Əli meşədə idi, düşmən qoşunu atları dörd nala çapıb camaatı mahaldan meşəyə qaçmağa vadar qoymuşdu. Toz-tozanaq içində itən meşənin üz-gözünə elə bil kəfən salınmışdı. Deyirlər ki, bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid isə bir eli qurtarar. Əli camaatın qırıldığını görür. Ərənlər döyüşlərdə ikən, arvad-uşaq meşələrə üz tutub dağlarda, kahalarda gizlənir. Əli ah-fəğan edən insanları eşidir, qılıncını götürüb sevdiyi qızın yanına vidalaşmağa gəlir. Əlini sevən qız ona deyir ki, sən igidləri başına topla, düşmən üzərinə arxayın get. Mən yumurta qabığında bütün qoşunu doyuran plov bişirərəm. Elə bir kilim toxuyaram ki, bütün igidlərin onun üstündə yerləşər, düşmənə göydən zərbə endirib qalib gələrsən.
Bəli, Əlinin başına toplaşan igidlər Əlinin sevgilisinin bişirdiyi plovdan yeyib gücləndilər. Dağ qüdrətli, qüvvətli oldular. Belə igidlərin qarşısında şahın qoşunu tab gətirə bilmədi. Hamısını Əlinin silahdaşları qılıncdan keçirdi. Sonda şahla təkbətək qaldı. Əli əvvəlcə şahla qılınc döyüşünə girdi. Yeddi gün, yeddi gecə vuruşdular, bir-birinə qalib gələ bilmədilər. Sonra qurşaq tutdular. Əli sevgilisinin ona verdiyi yaylığı cibindən çıxarıb ətrini aldı. Bir anda şahı iki əli ilə qaldırıb yerə çırpdı. Şah həmin dəqiqə canını tapşırdı. Beləcə düşmən öz əcəli ilə qırıldı. Mahalın ağsaqqalları yığışıb Əlinin şərəfinə qonaqlıq verdilər. İllər keçdi. Əli haqq yolunu tutub, Həccə getdi. Doğma yurdunda qızıl gümbəzli məscid tikdirdi. Məscidin gümbəzi hər səhər doğan günəşin şəfəqləri altında bərq vururdı. O vaxtdan gümbəzli məscid Hacı Əli gümbəzi kimi yaddaşlarda qalır. İnsanlar azan səsilə camaat namazı qılmaq üçün məscidə gedir. Belə deyirlər ki, məscidə gedən insanların o yolda atdıqları hər addıma görə günahları silinir, məscidi tikənə isə o addımlara görə savab yazılır.
Söylənilən bu əfsanə Xocalıda XIV əsrdə inşa edilmiş Hacı Əli günbəzi haqqındadır.
“Ədəbiyyat və incəsənət”
(17.02.2025)
Şəhidlər barədə şeirlər – Mənsur Ağayev
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Mənsur Ağayevə həsr edilmiş şeirlə tanış olacaqsınız.
MƏNSUR AĞA OĞLU AĞAYEV
(29.07.1994.-09.11.2020.)
Əslən Kürdəmirin Sığırlı kəndindən olan, Hacıqabul rayonunun Padar kəndində doğulmuş Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
MƏNSUR
Vətən uğrunda candan keçdi nə qədər igid,
Onlar ölmədilər ki, oldular canlı-şəhid.
Belə aslanlar ilə duyuruq fəxr, qürur,
Bu igidlər nə qədər? - tanıyaq - biri Mənsur.
Əslən Sığırlıdandır, Padarda yaşa doldu,
Vaxt gəldi, gün yetişdi, orduda əsgər oldu.
Əsgərlikdə hamının qazanmışdı hörmətin,
Gizlədə bilməyirdi kafirlərə nifrətin.
Qurtarıb əsgərliyi qayıtsa da evinə,
Nə eyni açılırdı, nə bilirdi sevinə.
Hər gün həyəcan ilə xəbərlər izləyirdi,
Ali Baş Komandanın əmrini gözləyirdi.
Nəhayət, o gün gəldi, çatdı intiqam vaxtı,
Mənsur döyüşə getdi, düşündü, gülür baxtı.
Necə də hünər ilə, ürəklə savaşırdı,
Azğın düşmən özünü itirirdi, çaşırdı.
Kafirlərin üstünü cəngavərtək almışdı,
İblisgöz düşmənləri pərən-pərən salmışdı.
Şəhid olan zamanı sanki ulduz yağırdı.
Fikirləşdi bir anlıq - Göylər məni çağırdı.
...Ən böyük arzum idi, çatdım, Şuşanı gördüm,
Ana, nigaran olma, daha yoxdur bir dərdim.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
POETİK QİRAƏTdə Əlizadə Nuri “Göy üzü bir çətirdi...” şeiri ilə
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə:
O ay işığına bax.
Kim dəyişər altuna?
Göy üzü bir çətirdi-
Hamı girib altına.
-deyir şair. Və bu dəfə də mükəmməl deyir. Bir gün o çətirin başımızın üstündən çəkilməsi ehtimalı varmı, varsa da nə qədərdir?
Xoş mütaliələr!
Yağış yağıb...çiçəklər
Elə bil doluxsunub.
Gecəni məst eləyib
Axan çayın ovsunu.
O ay işığına bax.
Kim dəyişər altuna?
Göy üzü bir çətirdi-
Hamı girib altına.
Bu da yaşın əllisi,
Ölüm gəlib haqlayıb.
Sənin yükün ağırdı-
Ver, dərdini saxlayım...
...Çıxıb getdim evimdən,
Qaldım yağışlar ilə.
Ad günümü keçirdim
Çöldəki quşlar ilə...
İçim səhra olandan,
Gözlərimdən qum gəlir...
...Unutmuşdum adımı-
Adıma məktub gəlib...
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
Dolores – ağrı, qəm, hüzn? ƏSLA YOX!
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Tibb elmləri doktoru, akademik Əbdüləhəd Səftər oğlu Həsənov sağlığında tibb sahəsində tanınan alimlərdən biri olub. O, "karoto-naftalan" (karotinlə naftalanın qarışığı) təbii pereparatının müəllifidir və bu preparat İkinci Dünya müharibəsi illərində irinli yaraların müalicəsində geniş tətbiq olunub...
Bu gün sizə mərhum akademikin yadigarı- Dolores Həsənova haqqında söhbət açmaq istəyirəm. Dolores xanım 1940-cı ildə dünyaya gəlib. Adının Dolores olması sizi təəccübləndirməsin. Atası azərbaycanlı olan bu gözəl xanımın anası alman olub. Elə bu ispan mənşəli adı da ona anası qoyub... Dolores ispan dilində qəsəbə adıdır. Bir də, latın dilində ağrı, qəm, hüzn bildirir. Olsun ki, akademik və həyat yoldaşı qızlarına buradan qaynaqlanan ad qoyubar.
Atasının yolunu davam etdirərək Dolores 1965-ci ildə indiki Azərbaycan Tibb Universitetini həkim-farmakoloq kimi bitirib. Elə o vaxtdan da həmin universitetdə qalaraq baş laborant, assistent, baş müəllim vəzifələrində çalışıb. 1996-cı ildən indiyədək isə universitetin farmakologiya kafedrasının dosentidir. 2011-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb, tibb elmləri namizədidir...
Emosional xarakteri var. Sərbəstliyi çox sevir, azadlığına bağlı xanımdır. Onunla uzun müddət bir yerdə olan doğmaları və dostları bu xüsusiyyətlərini yaxşı bilirlər. Olduqca qərarlıdır və etmək istədiyinə mütləq nail olur. Dəyişkən və bacarıqlı xarekterə sahib olması bu mövzuda ona hər zaman kömək edir. Gözəl xüsusiyyətləri ilə diqqəti öz üzərinə çəkə bilir. İnsanlarla ünsiyyətdə isə mehriban və diqqətlidir...
Deyir ki:- “Belə uzunömürlü olmağımın əsas səbəbi insanlara olan məhəbbətimdir. Heç vaxt, heç kimin pisliyini arzulamamışam. İstəmişəm ki, hamı xoşbəxt olsun, mən də onlardan biri...”
Mərd, sözübütöv xanım olduğu üçün yaxınları, tanışları tərəfindən çox sevilir. Əsasən məntiqi davranışı ilə tanınır. Təmkinlidir, hər kəsi dinləməyi bacarır, sonda isə ədalətli qərar verir. Heç kimin işinə, şəxsi həyatına qarışmağı sevmir. Təbiiliyi, səmimiyyəti sevir və bununla ətrafdakıları özünə heyran etməyi xoşlayır. İş həyatında yeniliklərə həmişə açıq adamdır. Liderlik ruhu sayəsində bir çox işlərdə uğur qazanır. Kollektiv işlərdə bacarıqlı, nizamlı və intizamlıdır. İşlərinə müdaxilə olunmasını sevmir və sevmədiyi adamlarla ünsiyyətdə olmağı xoşlamır...
Bəli, haqqında söhbət açdığım akademik qızı, dosent Dolores Həsənova belə xanımdır.
Bu günlərdə xanımın 85 yaşı tamam oldu. Ona uzun ömür, ağrı-acısız günlər arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
Heydər Baba, igid əmək itirməz!
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Güney, o gün sanki özünün tarixi yaddaşını yenidən yaşadı. Gözlərdə sevinc, qürur, həyəcan və bir az da rahatsızlıq vardı. Rəisi-Cümhur Məsud Pezeşkian doğma şəhərin adına düzənlənən “Mədəniyyət Həftəsi”ndə çıxış edirdi. O, tribunaya qalxanda məkanın enerjisi dəyişdi; əslində, Təbriz adının enerjisi üzə vurmuşdu… Bəlkə də tarix, illər sonra bu məqamı dönüb-dönüb xatırlayacaq. Çünki bu, sadəcə bir çıxış deyildi – sözün ulusa qayıdışı idi.
Pezeşkian sanki Şəhriyarın ruhunu çağıraraq danışdı və elə bil vəd verdi, yəmin etdi:
“Heydər Baba, igid əmək itirməz!”
Bu cümlə, bir dövlət başçısının çıxışı olmaqdan çox, bir ulusun varlığını təsdiq edən nidaya çevrildi. Hər kəlməsi, ruhunda Şəhriyarənə nisgil daşıyan milyonlarla insan üçün bir işıq oldu. O, bir anlıq Rəisi-Cümhur kimi deyil, yanar ürəkli soydaş kimi danışırdı – içdən, dərin, könlünün ən həssas yerindən gələn səslə…
Amma elə bu anda, səhnəyə başqa bir səssizlik çökdü. Köməkçisi bir kağız gətirdi, tribunaya qoydu, dönüb getdi. Rəisi-Cümhurun üz-göz ifadəsindəki incə dəyişiklik, səsinin bir anlıq titrəməsi göstərdi ki, onun türkcə danışmasından rahatsız olanlar var. Bəzi dairələr bu çıxışın farsca davam etməsini istəyirdi. Hər şey göz önündə idi: İranın ali kürsüsündə oturan türkün - azərbaycanlının tam yetki sahibi olmasına icazə verməyən bir sistem, bir zehniyyət, bir mexanizm vardır.
Sözün yükü və üslubunun ismarıcı diqqətdən qaçmadı.
Pezeşkianın öz ismarıcını məhz Şəhriyar üslubunda verməsi təsadüfi deyildi. Çünki bu, sadə bir nitq deyildi – özünəxas anlam daşıyan siyasi və mədəni səsləniş idi. Şəhriyarın “Heydər Babaya salam” poeması təkcə bir poetik əsər deyil, Güney Azərbaycanın ruh halını ifadə edən bir manifestdir. Və Pezeşkian da məhz bu ruha incə toxunuş etdi...
O, bir daha sübut etdi ki, İranın içində tarazlıq məsələsi təkcə siyasi və iqtisadi güclərlə bağlı deyil – bu, eyni zamanda mədəni amil və dil məsələsinə bağlıdır. O, “Heydər Baba” deyərkən təkcə Şəhriyarın ruhuna deyil, həm də İranın dörd yanına, habelə Gündoğarın, Günbatarın bir çox guşəsinə səpələnmiş milyonlarla soydaşına səslənirdi elə bil. Onun səsinin titrəməsi, yalnız emosional bir məqam olmayıb, həm də mövcud (dəyişimə möhtac) gerçəkliyin təsdiqi idi. O bilirdi ki, türkcə danışması müəyyən dairələrdə rahat qəbul olunmur. Ancaq ismarıcını yetərincə aydın verdi və lazım olan mətni kövrək mətanətlə də olsa, söylədi.
Bəli, Pezeşkianın o çıxışı bir anlıq emosional hadisə kimi görünə bilər. Əslində, bu, çoxdan yığılıb qalmış bir enerjinin təcalla etməsi idi. Çağdaşlaşa bilməyən İranda azərbaycanlı Rəisi-Cümhurun seçilməsi tarixi hadisədir, lakin bu, yetərlidirmi? Sistem ona tam yetki vermək istəmir və bu, açıq-aydın görünür.
Tarixin gedişi göstərir ki, söz nə qədər boğulsa da, bir gün öz yerini tapır. - Su axar, öz çuxurunu tapar misali… Çıxan qan damarda durmaz dediyimiz kimi…
Pezeşkianın titrəyən səsi təkcə onun şəxsi hisslərinin yox, eyni zamanda bir ulusun uzun illər susdurulmuş, amma boğulmamış duyğularının əksi idi. O gün Tehranda Təbriz adına səslənən bu sözlər nə qədər susdurulmağa çalışılsa da, artıq dünyanın dörd yanına yayıldı. Bu, təkcə İran sınırları içində qalmadı – bu, hər yerdə eşidildi.
İlələlbət, Təbrizə Gün doğacaq! İlklərin şəhəri (شهراولینها) Təbriz, İranda baş verən bir çox ilklərin ocağı olduğunu bir daha doğrulayacaqdır!
Savalanda yatan igid - o, əmək itirməyən igid illa oyanacaq!
Ərk qalası, Bəzz qalası, Babək qalası şennənəcək, tonqallar gur yanacaq!
Ərbili unutmayan Ərdəbil bildiyini biləcək!
Xoy “hoydu, dəlilərim, hoydu!” deyəcək!
Mərənd nə bənd tanıyacaq, nə bərə…
Marağa marığa yatan kəmfürsətlərin önünü kəsəcək, yenə ulduzlar seyrangahına dönəcək!
Sulduz da, su və ulduz fəlsəfəsinə varacaqdır!
Qəzvin qəzavü-qədərlərdən İlahi qüdrətlə qorunacaq!
Bəs sənə nə ismarlayım, Salmas? -
Deyir:
Salmasa,
Xoydan gedək Salmasa;
Bəndə bəndəyə neynər,
Tanrı gözdən salmasa?..
Hələ, Urmu, Urmu! Susuzluqdan cadar dodaqlarına qan gələcək Urmunun!
Germi isə daha güney-batıya - Kərkükə sələnəcək!
Əskişəhirə, İçərişəhərə mistik salam göndərən Meşkinşəhr olacaq!
Maku, Bakı, Şəki, Ləkidə ürəklər eyni ritmlə döyünəcək!
Yarınlar bugünlərdən üstün olmağa borcludur!
Və mən Pezeşkiana umudlu deyiləm, umudlu olduğuma umudluyam! Tanrı bizə yar olu!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
Tələsən bir ömrün dolaylarında...
Tural Balabəyli, “Ədəbiyyat və incəsənət” üçün
Onun 60 illiyi ölkə miqyasında keçən il geniş qeyd olundu, amma yubileyi hələ də davam edir... Bu dəfə dostların xatirələrində.
Tanınmış şair-publisist Faiq Balabəylinin 60 illik yubileyinə həsr olunmuş “Bu ömür yaman tələsdi” adlı kitab oxucuların ixtiyarına verilib.
Tələsən bu ömrün dolaylarındakı bir çox maraqlı məqamlar kitabda əksini tapıb. Elə kitabdakı yazıların birində deyildiyi kimi, F. Balabəyli 60 ildə mürəkkəb bir yaşam trayektoriyası cızıb, Cəlilabad rayonunun Sabirabad kəndindən ədəbiyyatın ağuşuna, ədəbiyyatdan dənizə, dənizdən mətbuata, arada bir dəfə Bayıla sözlə günah çəkməyə, sonradan hamısını bir yerdə yaşatmağa qədər yol qət edib.
Ən doğrusunu da özü yazıb:
Məni çağırdılar, yoxsa dayandım,
Məni oyatdılar, yoxsa oyandım,
Üz tutub keçdiyim yollara baxdım-
Yollar duman idi, yollar çən idi,
Səksəkə içində bir az duruxdum
O yola, yolağa qayıtmaq çətin,
O yola, yolağa dönmək əbəsdi,
Bu ömür deyəsən yaman tələsdi.
Şərif Ağayarın redaktorluğu ilə “Qanun” nəşriyyatında nəfis tərtibatla çap olunan kitabda xalq şairi Sabir Rüstəmxanlı, millət vəkili Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, filologiya elmləri doktorları Vaqif Yusifli, Mahirə Nağıqızı, əməkdar jurnalist Sona Vəliyeva, Azərbaycan Yazıçılar Bilrliyinin katibləri Səlim Babullaoğlu və İlqar Fəhmi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Ədəbiyyat Fondunun baş direktoru Varis, şair və yazıçılardan İbrahim İlyaslı, Salam Sarvan, Vasif Süleyman, Xatirə Rəhimbəyli, Ayaz Arabaçı, Rasif İmanoğlu, Zemfira Məhərrəmli, Kəmalə Abıyeva, Hümbət Şamiloğlu, Əzizağa Elsevər, Sevinc Qərib, Sevinc Eİ-sevər, İradə Aytel, Adilə Nəzər, jurnalistlər Ceyhun Musaoğlu, Natiq Muxtarlı, Nəzirməmməd Zöhrablı, Özbəkistanda, Türkiyədə, Rusiyada, Almaniyada yaşayan tanımış elm və qələm adamları, dənizçi dostları və digərlərinin Faiq Balabəylinin 60 illik yubileyi ilə əlaqədar ürək sözləri, onun yaradıcılığı haqqında düşüncələri yer alıb.
Faiq Balabəyli “Eh ayrılıq nə yamansan”, “Sənə yazılan şeirlər”,”Burda darıxmaq olmaz”, “Yaşıl yuxulu dəniz”, “Bayıldan bayıra”, “Kəsilməyən həyəcan fiti”, “Bakı buxtası - 20 Yanvar”, “Yağışdan sonra” , “Bir ovuc kədər”, “Gəmilərin əmniyyətli idarə olunması”, “ Xəzərin çirklənmədən qorunması”, “Dənizçilərimiz Vətən müharibəsində”, Onlar qəhrəmandır” adlı poeziya, nəsr və publisistik kitabların müəllifi, AYB-nin üzvü, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvü, Müstəqil.az saytının həm yaradıcısı, həm də baş redaktoru, gəmi kapitanı, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədridir.
Bütün ömrü SÖZlə DƏNİZin qonşuluğunda keçən Faiq Balabəyli bu QONŞULARIN heç birinə xəyanət etməyib. Bunun bir sübutu da “Bu ömür yaman tələsdi” kitabıdır.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
Allah ondan heç nəyi əsirgəməyib...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Əsgərlikdə olarkən, günlərin birində anasının ölüm xəbərini alır. Tez gedib hadisəni komandirinə məruzə edir və təcili evə getməyinə icazə istəyir. Komandiri isə teleqramın üzərində Qazax rayon hərbi komissarının imzası və möhürü olmadığını bəhanə edib, ona icazə verməkdən boyun qaçırır. Anasından başqa kimsəsi olmadığını nə qədər desə də, komandir eşitmək istəmir. Əsəbləri gərilir, necə deyərlər, özünü saxlaya bilmir. Çiynindəki avtomatı komandirin üstünə çəkir. Komandir qorxusundan əllərini qaldırıb, onun çıxıb getməsini işarə edir.
Binadan çıxanda görür ki, onu mühasirəyə alıblar. Avtomatı yerə qoymasını tələb edirlər. O da: “heç kim yaxın gəlməsin, vuraram!”- söyləyərək, oradan qaçıb uzaqlaşır. Qazaxa çatanda silahı qohum evinə qoyub qəbiristanlığa, anasının dəfninə yollanır. Dəfndən sonra xidmət etdiyi hərbi hissəyə qayıdır və əzablı günləri başlayır...
Bu ərəfədə hərbi hissədə şairlərin görüşü keçirilirmiş. Nigar Rəfibəyli, Rəsul Rza da bu görüşdə iştirak edirmişlər. Nigar Rəfibəyli onu tanıyıb tədbirdə şeir oxumasını təklif edir. O da ağlayaraq oxuya bilməyəcəyini söyləyir. Sonra baş verən hadisəni Nigar xanıma danışaraq, ondan kömək istəyir və bildirir ki, bu görüşdən sonra onu ağır cəza gözləyir. Azadlıqdan məhrum oluna bilər. Nigar xanımın israrlı xahişindən sonra hərbi hissənin komandanlığı onu bağışlayır...
Qəribə hekayədir, deyilmi? Bunu, bu günlərdə 94 yaşını qeyd edəcək, qosqoca şairimiz Nəriman Həsənzadə söyləyib. Onun yaradıcılığı, davranışı adama həzin bir musiqini xatırladır. İnsanı düşündürən, xəyalən uzaqlara apara bilən musiqiyə. Bəlkə də ondan irəli gəlir ki, şairin söz-söhbəti, səsi də həzindir…
1931-ci ildə anadan olub. Bir yaşında atasını, iyirmi üç yaşında isə anasını itirib. Erkən gəncliyindən həyata təkbaşına atılıb. Həsən bəy Zərdabi adına indiki Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnib. Sonra SSRİ ordu sıralarında hərbi xidmətdə olub. Daha sonra Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı ikiillik ədəbiyyat kursuna göndərib. Bu kursu başa vuraraq Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. Beş il də orada təhsil alıb. Uç il Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspiranturasında oxuyub. "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.
Ötən müddətdə müxtəlif vəzifələrdə çalışıb. Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsinədək yüksələ bilib. Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. Azərbaycanın xalq şairidir. "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenlərinə layiq görülüb. Prezidentin fərdi təqaüdçüsüdür. İndiyədək 30-dan yuxarı kitabı işıq üzü görüb…
Deyir ki,- "Şair olmaq bədbəxçilikdir. Daim öz aləmində olursan, qəm-qüssə çəkirsən, duyğularla yaşayırsan..."
Yəqin ki, bütün xoşbəxtlər kimi, onun da öz xoşbəxtliyindən xəbəri yoxdur. Erkən gəncliyindən kimsəsiz qalsa da, necə deyərlər, bütün ömrü boyu kimsəsizlər KİMSƏSİNİN kimsəsi olub. Allah ondan heç nəyi əsirgəməyib- İstedad, ailə, ağıllı övladlar, rahat həyat, şan-şöhrət və ən başlıcası uzun ömür. Uzun ömür isə Allahın bəndəsinə olan xüsusi mərhəmətidir. Elə bil, səni can borcunu geri qaytarmağa heç kim tələsdirmir…
Bəli, xalq şairi Nəriman Həsənzadə ömrünün ixtiyar çağlarını- qocalığını yaşayır. Elə yaşayır ki, ağlı, yaddaşı, nitqi, ədəb-ərkanı, davranışı, düşüncə və hərəkətləri ilə QOCALIĞI insanlara sevdirə bilir. Necə deyərlər, qoca olanda da Nəriman Həsənzadə kimi QOCA olasan...
Bu gün xalq şairinin növbəti ad günüdür, hələlik bir əsrdən altı il balacadır. Ona can sağlığı, ağrı-acısız günlər arzulayırıq...
“Ədəbiyyat və incəsənət”
(18.02.2025)
Dərdlərin içində də ümid işığını axtarır – ƏDƏBİ PORTRET
Cahangir Namazov, Özbəkistan. “Ədəbiyyat və incəsənət” üçün
Namiq Dəlidağlı müasir Azərbaycan poeziyasında öz dəsti-xətti olan, əsərləri ilə ədəbi dəyər yaradan şair kimi tanınır. Bu gün mən deyərdim ki, onun yaradıcılığı, yalnız Azərbaycanda deyil, Türk dünyasında da təbliğ olunmaqdadır. N.Dəlidağlı
bir qələm sahibi kimi dərin düşüncələrini, fəlsəfi təfəkkürünü və emosional
zənginliyini poeziyasına yansıdaraq, ədəbiyyata mühüm bir töhfə verməkdədir.
Onun yaradıcılığı xalqın duyğularını, həyatını, mədəniyyətini və
tarixini dərinliklə əks etdirərək hər dövrdə oxucuların marağını cəlb etməyə
qadirdir.
Poeziyasında ən çox işlənən mövzular arasında insanın daxili mübarizəsi,
əbədi mövzu olan məhəbbət, azadlıq və vətənə olan sevgi yer alır. O, sözün gücündən istifadə edərək, oxucusunun düşüncələrinə dərin təsir edə və bədii ifadələrdəki incəliklə emosional bir mühit yarada bilir.
Onun şeirlərində işıq və qaranlıq arasında keçən mübarizə, əbədi insanlıq məsələlərinə toxunma şairin sənətindəki fəlsəfi zənginliyi göstərir. Bir çox şeirlərində oxucusunu yalnız gözəlliklərlə deyil, həm də dərin sosioloji və fəlsəfi
düşüncələrlə qarşılayır. Namiq bəyin şeirlərində insanın daxili dünyası, həyatın
acıları və mövcudluğun mənasızlığına dair dərin düşüncələr özünü göstərir. Onun
şeirlərində həm emosional yük, həm də fəlsəfi dərinlik duyulur. Şairin aşağıdakı
şeirində müasir insanın mənəvi sarsıntıları və həyatdan aldığı acılar bədii dillə çox
gözəl əks olunub. Ağrılıdı:
Bir yer göstər, çıxım gedim,
Yaşaya bilmirəm Tanrım.
Ən əziz dərdimi belə,
oxşaya bilmirəm, Tanrım.
Şair "Tanrım" şeirində insanın qəlbini sıxan həyat yükü ilə tablaşmasını və bu yüküdaşımağı təsvir edir. Şeir, Tanrıya olan müraciətlə başlayır vəşairin onun qarşısında gücsüzlüyünü deyil, həyatın ona verdiyi çətinlikləriqəbul etməsini göstərir. Şeirdə həmçinin insanın daxili mübarizəsi, özünə etirazıtəfsilatıyla təqdim edilir. Tanrının qarşısında insanın çarəsizliyini, mövcud həyatınağırlığını hiss etdirməklə, şair oxucunu düşünməyə və öz həyatınıqiymətləndirməyə sövq edir.
Bu dərd çəkdikcə azalmır,
çəkdikcə gördüm böyüyür.
Çölümdə mən kiçilirəm,
içimdə dərdim böyüyür.
"Bu dərd" şeirində şair insanın ağrılarını, düşdüyü psixolojisarsıntını və bu sarsıntının qarşısında necə əlacsız olduğunu vurğulayır. Dərd, şairin həyatında getdikcə böyüyən və onun daxili dünyasını tərpədən bir qüvvə kimi göstərilir.
Dön geriyə bax, demədim,
bu qismətə baxt, demədim.
Nə istədi yox, demədim,
nəyim var, verdim, böyüyür.
Həyatının gətirdiyi çətinlikləri qəbul etməkdən başqa bir əlacı qalmayan şair, bu
dərdlərin içində bir ümid işığı axtarır, amma mənim fikrimcə yenə də bədbinlik və kədərdən qaça bilmir. Bu şeirdə, insanın öz taleyi ilə mübarizəsi və bəzən taleyə boyun əymək məcburiyyəti incə bir şəkildə ifadə edilir.
...Ölümə təslim olmaq
istəməyənlərin
qələbəsidi intihar;
öz qanına susayanların
son nidasıdı intihar;
bütün etirazların
haqq səsidi intihar;
dipdiri duyğuların
qəfil nəfəsinin
kəsilməsidi intihar.
"İntihar düşüncələri" şeirində şairin ölüm və intihar mövzusuna mürəkkəb, eyni zamanda fərqli yanaşmasını görürük. Şairin intihara dair düşüncələri, onun həyatın
ağırlıqları və dərdləri ilə necə barışdığını göstərir. Şeirdə "intihar" bir növ "qələbə"
kimi təqdim edilir. Bu qələbə həyatla mübarizənin sonu, yəni ölüm deyil, əksinə, bir "ayrılıq" təsvirində canlanan obrazlaşdırılır.
...Əcəlin intihar
edənlərə ölüm borcu qalır.
İnthar ölüm deyil,
intihar ölmək deyil,
sadəcə ayrılıqdı:
ancaq geri dönülməz.
Həm də deyərdim ki, bu şeir insanın içindəki intihar istəklərinin bir növ həyatla barışın və ayrılığın ən son mərhələsi olduğuna çağırışdı. Bu, ölümə qarşı mübarizənin yalnız bir fəndidir və obrazın yaşamaq üçün özünü tapmağa çalışdığı çabadan doğur.
Payız adam,
bu fəsil sənin çiyinlərindən
nimdaş plaş kimi asılı qalıb.
Qış kürkünü görmədim.
Dörd ildi gözlərimdə
bir fəsildə qalmısan:
bomboz rəngdə.
Payız adam!
Bu fəsil əynində
köhnəldi sənin.
Ürəyinə qabqardığın
heydən düşmüş arzularınla
can üstə olan xatirələrinə
yol gedirsən.
Hələlik...
"Payız adam" şeirində payız fəslinin insan həyatına yansıması bir obraz kimi
göstərilir. Payız, həmçinin insanın içindəki köhnəlmiş arzuların və keçmişin zaman
şəklidir. Şair, "payız adam" obrazından istifadə edərək, həyatın və zamanın
hərəkətliliyini, insanın özünü necə keçmişin yükü altında hiss etməsini təsvir edir.
Şairin sükut içində keçirdiyi zamanla əlaqələndirilən payız, həmçinin insanın
keçmişə olan bağlılığını və bu bağlılığın onu necə xatirələrə köklədiyini ehtiva
edir.
Mənə şəkil göndərdin...
o şəklin içində hər şeyin
öz şəkli var:
Baxışın öz şəkli var,
ürəyin öz şəkli var.
... Mənə şəkil göndərdin,
nə rəngli şəkildi...
Bomboz ağrılarıma
duz basar, "məlhəm" olar...
Göyərər ağrılarım,
qaysaqlamaz, nəm olar.
Bundan belə hər dəfə
o şəklə baxanda
xumarlanar gözlərim,
baxışlarım dəm olar...
Mənə şəkil göndərdin....
"Şəkilli şeir" şeirində şair, bir şəkil vasitəsilə insanın hiss və duyğularını, həsrətin-hicranın ağrısını və ötənləri necə canlandırdığının şahidi oluruq. Şəkil, şair üçün yalnız bir xatirə və ya vizual təsvir deyil, eyni zamanda ürəyinin ağrılarını və keçmişin izlərini üzə çıxaran bir vasitədir. Şeirdə, şəkilin vasitəsilə insanın içindəki hər şeyin təmsil olunduğu bildirilir; ağrılar, keçmişin göynərtisi və həsrət – bütün bunlar bir şəkil vasitəsilə ifadə edilir. Bu şeir, bədii detalların gücünü və onların insanın daxili aləmi ilə necə əlaqələndirildiyini göstərir.
Bir sözlə, bu şeir, şairin keçmişə olan nostalji münasibətini təsvir edir:
Hərdən yolun düşürdü,
bu “xaraba qalmış”a-
Nə vaxtandı bir güman,
ümidinə qalmışam.
Mən xaraba deyəndə,
bu şəhəri deyirəm.
Sənsiz havası, suyu,
bu zəhəri deyirəm
Şeirdə sevdiyinin gedişi ilə aşiqinə "xaraba" təsiri bağışlayan şəhər və bu şəhərdə
tənhalığına sığınmış insanın daxilindəki kövrək hisslər sözlə ustaca şəkilləndirilib.
Şair, keçmişə olan bağlılığı, zamanın necə əldən getdiyini və bu gedişin gətirdiyi
kədəri vurgulayır. Ayrılığın acısı və zamanın keçməsi ilə bağlı təəssüf hissi şeirdə
ön plana çıxır.
"Sizə elçi gəldi, bizə ayrılıq"
Bu şeir, sevgi və ayrılığın gərgin emosional vəziyyətini təqdim edir. Şair, "elçi"
obrazı vasitəsilə ayrılığı bir növ hökm kimi qəbul edir və bu ayrılıqla mübarizəni
təsvir edir. Ayrılıq, burada həm fiziki, həm də emosional bir ağrı kimi
təmsilolunur. Şeir, ayrılıq mövzusunu hüzünlə, lakin bir qədər də təbii bir yanaşma
ilə təqdim edir.
Qapınız döyüldü bir axşamçağı,
sizə elçi gəldi, bizə ayrılıq.
Yenə niyyətini dəyişməmişdi,
köhnə libasında təzə ayrılıq.
Namiq bəyin şeirlərindəki əsas mövzu insanın daxili aləmi, həyatda qarşılaşdığı
çətinliklər və bu çətinliklərə yenilməmək xüsusiyyətini aşılamaqdır. Şairin bədii
üslubu, qəlbin dərinliklərini və ruhun ağrıyan vəziyyətini çox təsirli şəkildə təqdim
edir. Onun şeirlərindəki metaforalar, duyğuların dərinliyini və insanın
mövcudluğuna dair fəlsəfi düşüncələri əks etdirir. Hər bir şeir, oxucunu öz daxili
dünyası ilə qarşı-qarşıya qoyur və onlara həyatın təbii və bəzən acı olan tərəflərini
göstərir.
Dəlidağlı, həm də Azərbaycan xalqının tarixini, mədəniyyətini və mübarizə
ruhunu öz əsərlərində təcəssüm etdirir. Onun poeziyasındakı vətən sevgisi təkcə bir
coğrafi məkanı əks etdirməklə bitmir. Eyni zamanda qədim bir xalqın ruhunu,
mədəniyyətini, əxlaqını vəözünə inamını bədii dillə yksək səviyyədə vəsf edir.
Onun şeirlərində vətənə olan sevgi yalnız fiziki sərhədlərlə bağlı deyil, həm də
millətinin tarixi və gələcəyinə olan bağlılıqla əlaqələndirilir. N. Dəlidağlı, xalqının
milli kimliyini təbliğ edərək, onu gələcək nəsillərə sözlə, ədəbiyyatla çatdırmağa
çalışır.
İndiyə qədər şairin yaradıcılığı diqqətdən kənarda qalmayıb, müəyyən şəkildə
dəyərləndirilib və bu dəyərləndirmə mövcud zamanda da davam edir. O bir çox
mükafatlarla təltif edilib, həm yerli, həm də ölkə xaricində uğurlar qazanmaqdadır. Onun şeirləri müxtəlif xarici ölkələrdə tərcümə olunub və yayılıb.
Bu gün N.Dəlidağlı öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına, əsl
sözə xidmət etməklə onun nüfuzunu daha da artırmağa və onu digər ölkələrdə
tanıtmağa çalışır. Şairin ilk zamanlardan etibarən təqdim etdiyi poetik yeniliklər,
onun ədəbi üslubunun zənginliyini və dərinliyini göstərir. N.Dəlidağlı həm klassik
Azərbaycan poeziyasının təməl prinsiplərini qoruyub saxlamaqla, ona yeniliklər
gətirir, həm müasir dünya ədəbiyyatını özünəməxsus şəkildə qavrayıb. Onun
şeirlərindəki dil incəliyi, poetik zənginlik və simvolizm, hər zaman təhlilçilər və
ədəbiyyatşünaslar tərəfindən yüksək qiymətləndirilməkdədir. Namiq Dəlidağlının
ədəbiyyat sahəsindəki uğurlarından biri də, onun əsərlərinin yalnız poeziya sevərlər tərəfindən deyil, həm də akademik dairələrdə yüksək dəyərləndirilməsidir. Şair Azərbaycan poeziyasının inkişafında öhdəsinə düşən missiyanı layiqincə yerinə yetirir. Onun gələcək ədəbi nəsillər üçün gərəkli irs formalaşdırmaq cəhdi və əməyi nəzərdən qaçmır.
Şairin uğurları hələ də davam etməkdədir. İnanırıq ki, onun yaradıcılığı gələcək
nəsillərə ilham verəcək və ədəbi irsi Azərbaycan ədəbiyyatının mühüm bir hissəsi
olaraq uzun illər boyu oxuculara xidmət edəcəkdir. Dəlidağlı, təkcə şair olaraq
deyil, həm də bir fikir, fəlsəfi düşüncə sahibi, jurnalist kimi ədəbiyyata, sözə xidmət etməkdədir.
N.Dəlidağlının uğurları, yalnız şəxsi yaradıcılığı ilə məhdudlaşmır. O həm də milli
ədəbiyyatın və mədəniyyətin inkişafına olan əvəzsiz qatqısı ilə yüksək dəyərə
layiqdir. Şairin əsərləri, hər zaman yeni dövrün tələblərinə cavab verərək və xalqın
ruhunu əks etdirərək, Azərbaycan ədəbiyyatının parlaq gələcəyinə ümid yaradır.
Namiq Dəlidağlı, həm şəxsiyyəti, həm də əsərləri ilə Azərbaycan ədəbiyyatında öz
mühüm yeri olan müəllifdir.
Poeziyasının dərin fəlsəfi və emosional qatları, eyni zamanda vətənə olan sevgisi
və insanın daxili dünyası ilə bağlı təhlilləri şairi müasir ədəbiyyatın tanınan simalarından biri etmişdir. Onun yaradıcılığını və ədəbi mirasını
qiymətləndirmək, gələcək nəsillərə ötürmək, Azərbaycan ədəbiyyatını daha da
zənginləşdirərək dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirmək müasir
ədəbiyyatın ən mühüm məqsədlərindən biri olmalıdır. Namiq Dəlidağlının davamlı
uğurları ilə bağlı ümidlərimiz sonsuzdur və əsərlərinin gələcəkdə
ədəbiyyatsevərlərə bələdçi olacağından əminik.
“Ədəbiyyat və incəsənət”
(18.02.2025)
Yerində saymağı sevməyən, efirimizin Zümrüd daşı olan - Esmira...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Mehriban, ünsiyyətcil xanımdır, yalqızlığı xoşlamır. Ətrafında kifayət qədər insan olanda, özünü xoşbəxt hiss edir. Sərbəstliyi sevir, həyatda çox müstəqildir. Necə deyərlər, azadlıq aşiqidir, ictimai rəyə elə də önəm vermir. Sonadək özü olmağa çalışır. Başqalarına oxşamağa can atmır, ona görə də çoxlarından fərqlənir. Bu heç də onun biganə və ürəksiz olduğunu göstərmir. Əslində o, çox xeyirxah və diqqətcildir. İstədiyi yerdə görünür, istəmədiyi yerdən isə imtina etməyi bacarır…
Deyir ki,- “Mən televiziyaya və jurnalistikaya “əlvida” deməmişəm, “hələlik” demişəm. Axı mənim ikinci ixtisasım da var – Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. İkinci ixtisasıma uyğun dövlət işində çalışmağa başladığım üçün AzTV-ni tərk etdim. Jurnalistika çox sevdiyim bir işdir və həmişə də ondan zövq almışam. Hər zaman efirə işimi, tamaşaçını sevərək çıxmışam, məşhurluğu, reytinqi yox. Bir az yorğunluq, özünəgəlmə dövrü var idi və efirdən uzaqlaşmalı oldum. Bu qərar ümumiyyətlə, həyat axarıma müsbət təsir göstərdi. Çünki AzTV-dəki iş rejimim çox çətin idi. Sabahın yox, axşamın yox, bütün günü orada olurdum. Özümü yalnız televiziyaya həsr etmişdim. Proqramımın biri səhər tezdən, digəri axşam idi. Ortada qalan zaman kəsimində isə ya çəkilişlər olurdu, ya layihələrimin ssenarisini yazırdım. Səhər 6-da evdən çıxırdım, axşam 12-də qayıdırdım. Nə özümə bir xanım kimi zaman ayıra bilirdim, nə də şəxsi həyatıma. Amma dövlət işində stabil iş saatım var idi. Səhər 9-dan axşam 6-ya kimi. Özümə də zaman ayırırdım, dincəlirdim. Bu addımım şəxsi həyatıma da düşərli oldu və ailə həyatı qurdum. Gözəl bir ailəm oldu, övladlarım dünyaya gəldi…”
Haqqında söhbət açdığım Esmira Çərkəzqızı 1971-ci ildə dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra ali təhsilə yiyələnib. 21 yaşından başlayaraq on beş il AzTV-də çalışıb. 2007-ci ildən dövlət qulluğuna keçib və ailə quranadək həmin sahədə işləyib. 2010-cu ildən Türkiyədə yaşayır, həyat yoldaşı Osmanlı türküdür, üçəm övladları var…
O, bütün iyerarxiya formalarının əleyhinədir və tamamilə əmindir ki, bütün insanlar binədən bərabərdirlər və eyni bir diqqətə layiqdirlər. Onun öz prinsipləri var. Onların uğrunda və ədalətsizliyə qarşı vuruşmağa hər zaman hazırdır. Niyyəti, amalı təmizdir, sərt məntiqə əsaslanır və özünün düzgün, haqlı olmasına şübhə etmir. Əlbəttə, bu o demək deyil ki, o, çox ciddi və tələbkardr. Heç kimi dəyişməyə cəhd etmir, hər kəsi olduğu kimi qəbul etməyi bacarır…
“AzTV-də 4 sədr dəyişmişəm. Məmməd İsmayıl, Babək Hüseynoğlu, Nizami Xudiyev və Arif Alışanov. Arif Alışanovla bir il işlədim. Belə bir fikrim var: mənə ehtiyac olmayan yerdə qalmaram. AzTV-də kifayət qədər maraqlı işim vardı. Bu sferada olan insan götür-qoy edir, düşünür. İşdən çıxan ərəfədə artıq özüm üçün perspektiv görə bilmədim. Həm də yorulmuşdum. Ağıllı başla düşünə bilmirdim. O demək deyil ki, Arif Alışanov mənə şərait yaratmadı. Xeyr, belə hal baş vermədi. AzTV-dən öz ərizəmlə ayrılanda “Səhər” proqramının baş redaktor müavini idim, işim də sevdiyim iş idi. Amma inanın səmimiyyətimə, çox yorulmuşdum, yeknəsək iş, qeyri-semimi atmosfer, hər şey mənə təsir edirdi. İndiki dildə desək, tükənmişlik sindromına tutulmuşdum.”- söyləyir…
Keçmişdən daha çox gələcək haqqında düşünür. Elə buna görə də onun mühitində olmaq xoş və maraqlıdır. Həyata müasir baxışı, hadisələrə nikbin yanaşması onun şəxsiyyətindəki fərdiyyəti, müstəqilliyi açıb göstərir…
Deyir ki,- “Televiziya mənim içimdədir, Teleməkana təkrar dönmək istərdim, amma çox istərdim ki, bu, TRT-də gerçəkləşsin. Yerində saymağı sevmirəm, öyrənmək ehtirası güçlüdür məndə. Türkiyədə türkcəmi təkmilləşdirmək üçün dil kurslarına getdim, bu sektoru diqqətlə izlədim, öyrənməyə çalışdım. Amma həyat bizə hansı sürprizləri vəd edir, deyə bilmərəm. İnşallah gözəl sürprizlərlə qarşılaşarıq…”
Xalqına, vətəninə çox bağlı xanımdır. On iki ildir ki, Türkiyədə yaşayır, amma Azərbaycana sevgisi tükənmir ki, tükənmir. Fürsət düşən kimi vətənə gəlir. Məhz bu sevginin qarşılığıdır ki, Esmira Çərkəzqızı imzası Azərbaycanda sevilib, sevilir və seviləcək də. Axı insanın imzası unudulandan sonra, özü də yaddaşlardan silinir…
Yeri gəlmişkən, Esmira adının mənası- yaşıl rəngli Zümrüd daşı deməkdir. Bu daş heç vaxt öz qiymətini itirmir...
Dünən - fevralın 17-si növbəti ad günüydü. Gec də olsa onu bu münasibətlə təbrik edir, cansağlığı arzulayırıq...
“Ədəbiyyat və incəsənət”
(17.02.2025)
Türklər barədə bildikləriniz və bilmədikləriniz – MARAQ DÜNYASI
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türklərin tarixi və mədəniyyəti zəngin və maraqlı faktlarla doludur. Budur, türklər haqqında bəzi maraqlı məlumatlar:
1.Türk adının mənası
“Türk” sözü qədim türk dilində “güclü” və ya “qüvvətli” mənasını verir. Bu ad ilk dəfə Göytürk Yazılarında qeyd olunmuşdur.
2.Dünyanın ilk atlı ordusu
Türklər dünyanın ilk atlı ordusunu qurmuşlar. Xüsusilə Hunlar və Göytürklər atlı döyüş taktikaları ilə məhşur olmuş və bu üsul sonralar başqa xalqlar tərəfindən də mənimsənilmişdir.
3.Qədim Türk yazısı
Orxon-Yenisey Yazıları dünyada ilk türk yazılı abidələri hesab olunur. Bu yazılar 8-ci əsrə aid olub, Göytürk Kağanlığının hakimiyyəti dövründə yazılmışdır.
4.Dövlət idarəçiliyi və demokratik elementlər
Qədim türk dövlətlərində xaqan xalq məclisi olan “Kurultay” ilə məsləhətləşərək qərarlar verirdi. Bu, dövrünün demokratik idarəetmə formalarından biri kimi qəbul edilir.
5.Qədim Türk təqvimi
Türklər özlərinə məxsus 12 illik dövrü olan təqvimdən istifadə etmişlər. Hər il bir heyvan adı ilə adlandırılmışdır (məsələn, İt ili, Əjdaha ili).
6.Qadınların yüksək statusu
Qədim türklərdə qadınlar yüksək statusa malik idi. “Xatun” adlanan hökmdar xanımları dövlət işlərində söz sahibi olurdular və bəzən elçiləri qəbul etmək səlahiyyətinə də malik idilər.
7.Qəhrəmanlıq dastanları
Türklərin zəngin ədəbiyyatı qəhrəmanlıq dastanları ilə doludur. “Oğuz Kağan Dastanı”, “Alp Ər Tonqa” və “Dədə Qorqud Kitabı” qədim türk mədəniyyətinin ən qiymətli nümunələrindəndir.
8.Şamanizm və inanc sistemi
İslamdan əvvəl türklər Şamanizmə inanırdılar. Onlar Göy Tanrıya (Tengri) ibadət edir və təbiət qüvvələrinə hörmət edirdilər. Şamanlar (kamlar) isə dini ayinləri idarə edirdilər.
“Ədəbiyyat və incəsənət”
(18.02.2025)