Super User

Super User

BU GÜN BÖYÜK REJİSSOR VAQİF MUSTAFAYEVİN DOĞUM GÜNÜDÜR

 

 Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Tqəvim şöbəsi

 

Müsahibələrinin birində deyir ki:- “Uşaq vaxtlarımda “Sovetski”də yaşayırdıq. Bir adətim vardı, həyətimizdə gizlənirdim. Gizlənirdim ki, heç kim məni tapa bilməsin. Bilmirəm, niyə belə edirdim, ancaq içimdə həmin hiss indi də var. Desəm izdihamı sevmirəm, yalan olar. Əksinə, çoxluğu xoşlayıram, ictimai insanam, ancaq tez-tez insanlardan qaçmaq istəyirəm. Xatırlamaq, düşünmək üçün, tək qalmaq lazımdır. Yüz nəfərin içində, iclasda bu mümkün deyil. Bu, bəlkə də, uşaq oyunlarına xas məsələdir, gizlənmək lazımdır ki, hamı səni axtarsın. Bəli, mən kinostudiyaya küçədən- “Sovetski”dən gəlmişəm. Orda hamıya böyük adam kimi baxırdım, hamısı zirvələr, kultlar idi mənim üçün. Ancaq sonra küçənin məntiqi ilə ordakıları bir-bir dişimə vurmağa başladım, görüm həqiqətən, maraqlı adamdır ya yox? Şəxsiyyətdir ya yox? Məncə, hər şey şəxsiyyət olmaqdan başlayır.”

 

O, 1953-cü ilin qorabişən ayında Bakıda dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu, daha sonra Moskvada Ali Rejissorluq və Ssenaristlik kursunda, Eldar Ryazanovun emalatxanasında rejissor bölməsini bitirib. Əmək fəaliyyətinə 1973-cü ildən Cəfər Cabbarlı adına “Azərbaycan” kinostudiyasında başlayıb. Xidmətlərinə görə “Xalq artisti” fəxri adına, “Şöhrət”, “Şərəf” və II dərəcəli Əmək ordenlərinə layiq görülüb. Dövlət mükafatı laueratı, Prezidentin fərdi təqaüdçüsüdür...

“Mən hədsiz dərəcədə çox kitab oxuyan adam olmuşam. Səmimi deyirəm, bəlkə də, oxumadığım azsaylı əsərlərdən biri də Şarl Kosterin “Ulenşpigel”i idi. Elə oldu ki, onun adına mükafat qazandım, öz-özümə dedim ki, gec də olsa, oxumaq lazımdır. Kitabı aldım, həvəslə başladım, amma oxuya bilmədim, bir də oyandım ki, yuxuya getmişəm. Nə bilim, belə alındı. “Don Kixot” isə dünyada ən çox sevdiyim əsərlərdən biridir. Oğlum İspaniyadan mənə Servantesin yaşadığı yerdən barelyefinin fotosunu göndərmişdi, çox sevindim. Sizə deyim ki, uzun müddət “Don Kixot”u çəkmək haqqında düşünmüşəm. Ən böyük arzularımdan biri olub. Əvvəllər “Don Kixot” çəkilib, məsələn, Qriqori Kozintsev çəkib, yaxşı filmdir, ancaq nəsə mənə qaramat gəlir. “Yaramaz” filmini çəkəndə aktyor axtarırdım, yadıma düşdü ki, tələbəlik vaxtı Nikita Mixalkov bizə Gürcüstan İncəsənət Universitetinin məzunlarının qısa filmlərini göstərmişdi, orda mən bir qısa film görmüşdüm: Kvazimoda. Orada kök bir aktyor oynayırdı, həmin aktyor yadıma düşdü, başladım onu axtarmağa. Zəng vurdum, dedilər Gürcüstanda deyil, sorağı gah Parisdən gəldi, gah da İspaniyadan. Dedilər, “Don Kixot”a çəkilir, Sanço Pansa rolunda. Bu, Mamuka Kikaleyşvili idi. Onu tapa bilmirdim, bir gün bir nəfər gəldi ki, sənin axtardığın adam “İçərişəhər”dədir. Getdim ki, indi Muğam Mərkəzinin yerində çəkilişdədir. Orda tanış olduq, filmə dəvət etdim.

Rezo Çxeidze də “Don Kixot və Sançonun rəvayəti” adlı çoxseriyalı film çəkmişdi. O film də məni bir o qədər açmadı. Mən “Don Kixot”u başqa cür təsəvvür edirdim. Mənim içimdə “Don Kixot”la bağlı arzu hələ də diridir. Əsas olan da budur. Sizə deyim, biz sənət adamları da Don Kixotuq, bəlkə, bu əsər ona görə bizə belə doğma gəlir, çünki bu, elə bizim haqqımızdadır. Xəyal qurmağı bacaran hamı bir az Don Kixotdur.”- söyləyir.

Bəli, söhbət kinorejissor, ssenarist, professor Vaqif Mustafayevdən gedir. Xarakter baxımından cazibədar və sirli xüsusiyyətlərə malikdir. Duyğuları ilə hərəkət etməyi xoşlayır. Təbiətcə çox emosionaldır. Romantikaya böyük əhəmiyyət verir. Ətrafındakı insanlara qarşı diqqətli və anlayışlı davranışı ilə tanınır. Yüksək intellekti var. İti düşüncəsi və rasional yanaşma tərzi istənilən çətin vəziyyətdə ona doğru qərar verməsinə kömək edir. Dostluq və iş münasibətlərində güclü təsir bağışlayaraq qarşısındakı insanları heyran qoymağı bacarır. Mehriban, qonaqpərvər, əyləncəli, simpatik, düşüncəli və cəlbedicidir. Elə bunlara görə də, ona həsəd aparanlar, qibtə edənlər yetərincədir...

Deyir ki:- “Mən aktyorlarla işləməyi yaxşı bacarıram, onlar da məni yaxşı anlayırlar. Məsələn, mərhum aktyor Yaşar Nurinin yaratdığı obrazlar mənim filmlərimdə çox uğurlu alınıb. Mərhum sənətkarlar Həsənağa Turabov da, Səməndər Rzayev də bu filmlərdə çox gözəl oynayıblar. Kinoda qeyri-aktyorlarla işləmək çətindir. Aktyorlarla işləyərkən gərək onların daxili aləmini yaxşı biləsən. Qeyri-aktyorlarda isə onları öz daxili aləmlərinə qaytarmağı bacarmalısan. Çünki bu insanları real həyatdan kinoya gətirirsənsə, deməli, səni qane edir. Kameranın qarşısında isə, o artıq aktyora çevrilir...”

Bir sözlə, o, insanları özünə cəlb edən təsirli, parlaq və cazibədar bir şəxsiyyətdir. Ciddidir, amma asanlıqla zarafat edə bilir və ətrafındakı insanların diqqətini özünə cəlb etməyi bacarır. Yumşaq və eyni zamanda həssas xarakteri var. İzdihamın, dava-dalaşın və savaşın olmadığı dinc mühitləri axtarır. Həyatda həmişə nəsə öyrənmək istəyir. Daim özünü təkmilləşdirməyə çalışır. Sosial həyatında çox aktiv və çılğındır. Dostları ilə vaxt keçirməyi, əylənməyi və söhbət etməyi xoşlayır. Dostlarının yaxşılığı üçün əlindən gələni edəcək qədər fədakardır. O, yüksək səviyyəli yumor bacarığı ilə ətrafındakı insanlara sevinc bəxş edir, bir sözlə, mühitdə axtarılan simadır...

““Bəyin oğurlanması” filmindəki məşhur bir ifadə tez-tez yadıma düşür,- "bu kino ki var, çox qəliz məsələdir". Orada bir məqam da var: jurnalistin rejissordan müsahibə aldığı epizod. Jurnalist soruşur ki, siz yenidən doğulsaydınız yenə rejissor olardınızmı? Rejissor isə cavab verir ki, yox! Hərdən fikirləşirəm ki, bu ənənəvi suala mən necə cavab verərdim? Əlbəttə ki, bəli, əgər yenidən doğulsaydım, yenə də rejissor olardım. Çünki bu günədək mənim yaradıcılığım dövlət tərəfindən daim yüksək qiymətləndirilib.”- söyləyir.

Bu gün - avqustun 28-i haqqında söhbət açdığım Vaqif Mustafayevin 73 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2026)

 

 

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Qərbi Azərbaycanda maddi və mənəvi irsimizi tam olaraq məhv etdilər ermənilər. İndi o torpaqlarda yetişmiş ziyalılarımızın irsi bizə təsəllidir. 

Ermənistan SSR Yazıçılar İttifaqının Azərbaycan bölməsinin rəhbəri olmu

Əkbər Yeravanlı (İrəvanlı) barədə danışacağıq. Bu gün onun anım günüdür. 

 

Əkbər İrəvanlı 1921-ci il iyunun 17-də İrəvan şəhərində anadan olub. Burada orta məktəbi bitirib. İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin Şərq şöbəsində təhsil alıb. 

Əmək fəaliyyətinə 1938-ci ildə İrəvanda Azərbaycan dilində nəşr edilən "Kommunist" (1939-cu ildən "Sovet Ermənistanı") qəzetinin redaksiyasında başlayıb, ədəbi işçi, məsul katib, tərcüməçi, Ağbabada, Basarkeçərdə müəllim işləyib. 

1951-ci ildə Ermənistan SSR EA M. Abeğyan adına Ədəbiyyat İnstitutunun aspiranturasna daxil olub, 1954-cü ildə "Azərbaycan-erməni ədəbi əlaqələri tarixindən" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1950–1965-ci illərdə İrəvan Dövlət Universitetində Azərbaycan ədəbiyyatı müəllimi olub, 1956-cı ildən X. Abovyan adına İrəvan Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri işləyib. Erməni və Azərbaycan qarşılıqlı ədəbi əlaqələri sahəsində ardıcıl tədqiqat aparıb, bir sıra erməni yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib. Onun erməni dilində "Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası", "Cəlil Məmmədquluzadə və erməni xalqı", "Nəsimi", "Xatabala" jurnalı Azərbaycan haqqında"  kitabları çap olunub.

İrəvan şəhərində Azərbaycan dilində "Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri", "M. Ə. Sabir və erməni xalqı", "Hovannes Tumanyan və Azərbaycan ədəbiyyatı", "Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı" tədqiqat əsərləri və bədii yaradıclıq nümunələri toplanmış bir neçə kitabı çap olunub. Əkbər İrəvanlının  Sabir Rzayevlə birgə yazdıqları 166 səhifəlik illüstrasiyalı "Yunis Nuri" kitabı 1980-ci ildə Ermənistan Teatr Cəmiyyəti tərəfindən İrəvanda çap olunub.

Cəfakeş tədqiqatçı, nasir, dramaturq 28 avqust 1982-ci ildə İrəvan şəhərində vəfat edib, valideynlərinin yanında dəfn olunub.

O, 1988-ci il deportasiyasından xəbərsiz dünyadan köçüb. Amma növbəti deportasiya içi onun əzizləri qarışıq bütün azərbaycanlıların o torpaqlardan qovulması ilə sonuclanıb. 

 

Əsərləri

Ədəbi

Mənim günəşli ölkəm

Gözəllik və səadət nəğmələri

Azadə

Yay gecəsində

Qəlbimin çırağı

Yeddinci övladın anası (rus. Мать седьмого ребенка)

 

Elmi 

1. Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası 

2. Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri.

3. M. Ə. Sabir və erməni xalqı

4. Cəlil Məmmədquluzadə və erməni xalqı

5. Azəri-erməni ədəbi əlaqələri (Qədim dövrdən XVIII əsrin sonuna qədər)

6. Nəsimi

7. "Xatabala" jurnalı Azərbaycan haqqında

8. Hovannes Tumanyan və Azərbaycan ədəbiyyatı.

9. Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı

10. Yunis Nuri.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2026)

 

 

 

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.  

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.  

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

ÜMUMMİLLİ LİDERİN MÜTALİƏYƏ MÜNASİBƏTİ 

Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyev kitaba və mütaliəyə həmişə böyük dəyər vermişdir.

Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən Ulu Öndər daima gəncləri və ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət etmiş, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə 

yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini söyləmişdir.

Ümummilli liderimiz hətta M.F.Axundov adına Milli Kitabxanamızın fondunun yeni ədəbiyyatla necə komplektləşdirilməsi ilə də maraqlanmış, bu işin çox vacib olmasını söyləmişdir. Ulu öndər kitabxanaya çox az sayda yeni 

ədəbiyyatın daxil olduğunu görərək demişdir: “Kitabxana elə bir yerdir ki, gərək daim onun fondu genişlənsin. Çünki dünya 

dəyişir, yeni əsərlər, kitablar yaranır. Ona görə də bizim bu mərkəzi kitabxanamız gərək daim yeni nəşrlərlə təmin olunsun”. 

Eyni zamanda bunu nəzərə alaraq Heydər Əliyev öz şəxsi kitabxanasından 300 nüsxəyədək çox qiymətli kitabı Milli Kitabxanaya 

hədiyyə etmişdir. 

Heydər Əliyev deyirdi: “Kitab nəşri hər ölkənin, hər xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazır­laşmışıq. Ona görə də hər birimiz kitablara bocluyuq. Həm kitabları yazıb yarat­maq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik. Mən respublikanın prezidenti kimi bunu əsas vəzifə­lərimdən biri sayıram”.

Ulu Öndərin bütün elmlərə vaqif olduğunun hər birimiz dəfələrlə şahidi olmuşuq 

və bir sıra xarici jurnalistlərin ona verdikləri “Siz hər bir sahənin mütəxəssisi ilə onların özü kimi mühakimə yürüdə bilirsiniz və bu qabiliyyət Sizdə haradandır?” sualına Heydər Əliyev cavab verirdi ki, hər sahəyə dair çoxlu sayda kitab oxumaq və zəngin həyat təcrübəsinə malik olmaq lazımdır. Doğrudan da ulu öndərin oxuduğu kitablara, onların geniş tematikasına və həmin kitabların içərisində aparılan qeydlərə nəzər yetirərkən dahi şəxsiyyətin bu fikrinə tam əmin olursan. Yaxşı bir deyim var: “Nə oxuduğunu de, mən deyim sən kimsən”. Bu deyim kitabın, mütaliənin Ulu Öndərin həyatında oynadığı rola əyani misal ola bilər.

Heydər Əliyev müxtəlif çıxış, nitq və məruzələrində hər zaman Azərbaycanın və türk dünyasının görkəmli ədiblərinin, yazıçı və şairlərinin, alim və ictimai fikir sahiblərinin, maarifpərvər ziyalıların ölkəmiz, xalqımız, türk dünyası və ümumilikdə bəşər mədəniyyəti üçün bəxş etdiyi töhfələrdən danışaraq İbn Sina, N.Tusi, Firdovsi, Nizami, Nəvai, Y.Əmrə, Məhtimqulu, Abay, M.Kaşğari, M.Füzuli, İ.Nəsimi, M.P.Vaqif, M.F.Axundov, Sabir, C.Məmmədquluzadə, M.S.Ordubadi, Ü.Hacıbəyov, H.Cavid, S.Vurğun, Homer, Şekspir, Puşkin kimi məşhur ədiblərin əsərlərini mütaliə etməyi, yaşatmağı gənc nəslə tövsiyə edib. Müxtəlif müsahibələrində ən çox sevdiyi şeirin Səməd Vurğunun “Azərbaycan” şeiri, ən çox sevdiyi şairin Məhəmmədhüseyn Şəhriyar, ən çox sevdiyi pyesin Cəlil Məmmədquluzadənin “Ölülər”pyesi, ən çox sevdiyi dramaturqun Hüseyn Cavid, ən çox sevdiyi jurnalın isə “Molla Nəsrəddin” olduğunu bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2026)

 

 

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

Onunla söhbət zamanı siyasət, hava haqqında danışmağına dəyməz. Söhbət xatirinə söhbət edən insanlardan deyil. Onu düşündürən mövzular haqqında danışmağa səy göstərsəniz, bəlkə də, sizi diqqətlə dinləyər. Kobudluqdan, kəskin ifadələrdən xoşu gəlmir. Ondan tərcümeyi-halı ilə maraqlanmağına da dəyməz, onsuz da danışan deyil. Bəlkə də bundan irəli gəlir ki, onun ömür yolu haqqında geniş məlumata heç bir yerdə rast gəlmək olmur. Əslində, o, öz tərcümeyi-halını çiyinlərində gəzdirir...

 

Deyir ki:- “Hazırda çoxları iddia edirlər ki, guya ziyalılarla cəmiyyət arasında böyük uçurum var, lakin mən belə düşünmürəm. Ziyalı təbəqəsi sadəcə efir, televiziya vasitəsi ilə deyil, auditoriyalarda, müxtəlif toplantılarda, gündəlik həyat tərzində də insanlarla ünsiyyətdə olur. Ziyalılar və gənclər arasında görüşlər keçirilməsi ünsiyyətin tam səmimi və uğurlu qurulması üçün heç də vacib şərt deyil. Əsas odur ki, ziyalının mövqeyi, düşüncələri, onun əməlləri ilə üst-üstə düşsün və cəmiyyətin tərəqqisinə xidmət etsin. O zaman ziyalının düşüncələri gənclərə örnək olacaq. Hər hansı bir şüarla, tribunadan danışıb, bəyanatlar verməklə, gənclərin zehninə istədiyin fikri təlqin etmək mümkün deyil. Çünki gənc elə qüvvədir, özü qavrayıb düşünür, qərar verir. Bu, bütün zamanlarda belə olub...”

Ənənəvi həyatda olduğu kimi, iş həyatında da mübarizdir. Sakit həyatı xoşlamır. Çox məhsuldar xanımdır, öhdəliklərini vicdanla yerinə yetirməkdən, bildiklərini xalqa çatdırmaqdan zövq alır. Səmimiyyət və dürüstlük onun üçün vacib amillərdəndir. Hissləri və intuisiyası güclü olduğu üçün qarşısındakı insanın daxili aləmini görməyi bacarır...

“Sovet dönəmində ziyalılarımız ideoloji çərçivə daxilində fəaliyyət göstərən şəxslər olub. Onlar imkanları daxilində bu və ya digər məsələdə millətin, xalqın mövqeyi ilə bağlı səy göstəriblər. Çox zaman bu ziyalıların həyatı bahasına başa gəlib, cəzalandırılması ilə nəticələnib. Amma bütövlüklə həmin ziyalıların fəaliyyətinin üzərindən xətt çəkmək cəmiyyətin sivil düşüncə tərzinə fayda gətirməyəcək. İstənilən məsələdə qərəzlə hərəkət etmək obyektiv nəticəyə gətirib çıxarmır. Bunu anlamasaq, gələcəkdə də eyni səhvləri etməli olacağıq. Gənclər düşünsün ki, mən bu gün obyektiv təhlil edə bilmirəmsə, gələcəyimi necə düzgün planlaşdıra bilərəm?..”- söyləyir.

Mükəmməl xasiyyətə malik olduğu üçün araşdırmaları da maraqlıdır. Həddən ziyadə realistdir, onu boş-boş xəyallarla, iddialarla fikrindən döndərmək mümkün deyil. Adətən heç vaxt ram edə bilməyəcəyi məqsədlərin arxasınca getmir. Elə ona görə də ən nifrət etdiyi məsələlərdən biri də qeyri-müəyyənlikdir. Bu səbəbdən də hədəfə doğru planlı şəkildə irəliləyir...

Deyir ki:- “Azərbaycan gəncliyi bilgilənməyə laqeyd deyil. Mən də sosial şəbəkələrdən istifadə edirəm və gəncləri də izləyirəm. Müşahidələrimə görə, deyə bilərəm ki, gənclərimiz nəinki bilgi almağa meyllidir, hətta o bilgini paylaşaraq maarifçilik fəaliyyəti göstərməkdə də aktivdirlər. Sosial şəbəkələrdə yayılan məlumatlar içərisində çoxlu elektron kitablar, məqalələr də yer alr. İstifadəçilər maraqlı materialları paylaşır və öz dostlarına oxumağı tövsiyə edir. Amma mən yaşlı nəslin nümayəndələri arasında belə nümunələrə rast gəlmirəm. Ona görə, bu gün kitabı tək klassik formada oxumağın informasiya mənbəyi olduğunu demək düzgün olmaz. Kitabları alıb oxumaq da lazımdır, lakin texnologiyanın inkişafı sayəsində ağırlıq elektron kitablara düşüb. Maddi baxımdan da bu kitablar sərfəli olduğundan gənclər elektron kitablara üstünlük verirlər...”

Həm də çox emosionaldır. Amma duyğularını gizlətməyi bacarır. Özünə, biliyinə çox güvənir. Kənardan sərt və amansız görünür, amma göründüyü qədər də nəcib, mülayim və nəzakətli xanımdır...

“Hər bir Azərbaycan vətəndaşı özünün müstəqil dövlətə sahib olmağı ilə fəxr etməlidir. Çünki Yer üzündə yaşayan bütün xalqların dövləti olmaq xoşbəxtliyi yoxdur. Amma Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun müstəqil dövləti var və biz müstəqil dövlətin vətəndaşlarıyıq. Bu, müstəqil cümhuriyyətdən yaranan bir tarixdir. Çünki Azərbaycan dövlətçiliyinin tarixi çox qədimdir - e.ə. III minillikdən gələn bir tarixdir. Amma Azərbaycan ərazisində dövlətçiliyimizin varisliyi zaman-zaman yadelli işğalların nəticəsində kəsilibdir. Bütün bunlara baxmayaraq, Azərbaycan böyük bir imperiya yaradan dövlət olub. XV əsrin sonu – XVI əsrin əvvəli Səfəvilər dövləti yaranıb. Bu dövlətin əsasını Azərbaycanəsilli sülalə qoyub. Yəni zəngin bir dövlətçilik tariximiz var. Ən qürurlusu da ondan ibarətdir ki, 105 il öncə bütün türk dünyasında ilk türk cümhuriyyətini 1918-ci il 28 Mayda Azərbaycan xalqı qurub. 105 ildir ki, respublika quruluşunda yaşayırıq. Düzdür, 23 aydan sonra birbaşa Sovet Rusiyasının hərbi müdaxiləsinin nəticəsində müstəqil dövlətçiliyimizə son qoyuldu, amma yenə də Azərbaycan Respublikası sovetlər formasında, müttəfiq dövlətlər statusunda öz varlığını saxladı. 1991-ci ildə isə dövlət müstəqilliyini bərpa edəndə özünü Azərbaycan Cümhuriyyətinin varisi kimi bərpa etdi. Bunlar çox qürurverici tarixdir”.- söyləyir.

Ölkədə cümhuriyyət tarixini mükəmməl bilən nadir alimlərdən biri də odur. Uzun illər bu mövzunu araşdırıb, necə deyərlər, gecəsini gündüzünə, gündüzünü gecəsinə qatıb. Dövlət İdarəetmə Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosentdir. “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülüb. "Nəriman Nərimanov – ideal və gerçəklik" kitabının, 40-dan çox elmi məqalənin, "Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası" iki cildliyində isə 200 məqalənin və 7 elmi toplunun tərtibçilərindən biridir...

...Bəlkə də bu yazını növbəti ad günündə- noyabrın 7-də qələmə alsaydım, lap yerinə düşərdi. Məni tələsdirən, haqqında söhbət açdığım Firdovsiyyə xanım Əhmədovanın Cümhuriyyət tarixinin və eləcə də inqilabdan sonrakı Azərbaycanın araşdırılmasında göstərdiyi misilsiz xidmətləri oldu. Və bu yolda bir əzmkar alim kimi müvəffəqiyyətlə addımlamaqdadır. Ona bu fədakarlığına görə ehtiram göstərməyə borcluyuq...

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2026)

 

Nigar Xanəliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Türk Mdəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının layihəsində bu dəfə siyasi deyil, iqtisadi mövzuya baş vuracağıq: Orta əsr Türk şəhərlərində bazar mədəniyyəti və ictimai həyat.

 

Orta əsr türk şəhərləri yalnız inzibati və hərbi mərkəzlər deyil, həm də iqtisadi və mədəni həyatın qaynadığı mühüm məkanlar idi. Bu şəhərlərin ən canlı hissəsi bazarlar olmuşdur. Bazar mədəniyyəti ticarətlə yanaşı, ictimai münasibətlərin, mədəniyyətin, adət-ənənələrin formalaşdığı mühüm sosial institut idi. Türk şəhərlərində bazarlar ticarət məkanı olmaqla yanaşı, həm də sosial həyatın nizamlayıcısı və mədəniyyətin daşıyıcısı kimi çıxış edirdi.

Orta əsr türk şəhərlərində bazar şəhərin mərkəzində yerləşir, ətrafında məscidlər, karvansaralar, hamamlar və sənətkar məhəllələri qurulurdu. Bazar yalnız alış-veriş yeri deyil, həm də şəhərin ictimai-siyasi həyatının mərkəzi hesab olunurdu. Burada dövlət qərarları elan olunur, xalq toplaşır, mühüm xəbərlər yayılırdı.

Bazar türk şəhərlərinin iqtisadi həyatının əsası idi. Burada yerli məhsullarla yanaşı, uzaq ölkələrdən gətirilmiş mallar da satılırdı. İpək Yolu üzərində yerləşən şəhərlərdə (Səmərqənd, Buxara, Təbriz və s.) bazarlar beynəlxalq ticarət mərkəzi rolunu oynayırdı. Bu, türk şəhərlərini dünya iqtisadi sisteminə bağlayırdı.

Bazar mədəniyyətinin əsas hissəsini sənətkarlar təşkil edirdi. Hər bir sənətkar qrupu öz məhəlləsində və bazarda ayrıca fəaliyyət göstərirdi. Sənətkarlıq birlikləri (loncalar, ahi təşkilatları) təkcə peşə fəaliyyəti ilə deyil, həm də sosial-mədəni münasibətlərlə bağlı idi. Onlar gənclərə sənət öyrədir, eyni zamanda əxlaq və davranış qaydaları aşılayırdılar.

Bazar həm də ictimai ünsiyyət mərkəzi idi. Burada insanlar görüşür, fikir mübadiləsi aparır, xəbərlər öyrənirdi. Ədəbi və dini məclislərin təşkili, xalq oyunlarının və tamaşaların keçirilməsi də bazar mədəniyyətinə daxil idi. Beləliklə, bazar şəhərin ictimai-mədəni həyatının ayrılmaz hissəsi olmuşdur.

Orta əsr türk dövlətlərində bazarlara xüsusi diqqət yetirilirdi. “Muhtəsib” adlanan dövlət məmurları bazarda qayda-qanuna, ölçü və çəkiyə nəzarət edir, alverin ədalətli aparılmasına çalışırdılar. Bu, dövlətin bazar mədəniyyətini sadəcə iqtisadi yox, həm də sosial ədalət mühiti kimi qəbul etdiyini göstərir.

Orta əsr türk şəhərlərində bazar mədəniyyəti sadəcə ticarət mühiti deyil, həm də ictimai həyatın mərkəzi idi. Bazarlar iqtisadiyyatla yanaşı, sosial münasibətlərin, mədəni ünsiyyətin, adət və ənənələrin inkişafında mühüm rol oynayırdı. Onlar türk şəhərlərinin canlı ruhunu əks etdirir, həm dövlətin, həm də xalqın birgə fəaliyyətinin təzahürü kimi çıxış edirdi. Bazar mədəniyyəti sayəsində türk şəhərləri orta əsrlərdə yalnız siyasi deyil, həm də iqtisadi-mədəni mərkəzlər kimi dünya tarixində öz yerini tutmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2026)

 

                                                                                

 

 

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Tqəvim şöbəsi

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq təkrar nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

NƏSR

 

ANAR,

Xalq yazıçısı

 

MƏN, SƏN, O VƏ TELEFON

(hekayə)

Telefon nömrələri
Oxşamaz bir-birinə
amma hamısında
insan səsi...


...pis günlər
oxşamaz bir-birinə
birində özün susarsan,
birində telefon.

                 Vaqif Səmədoğlu


Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki... Telefon nömrələri də ölür.
Ömrün boyu çox rəqəmləri unudacaqsan: pasportunun nömrəsini, axırıncı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, Aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. Hamısını unudacaqsan.
Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiyyə idi. Beş rəqəm, onun səsi və telefon dəstəyindən gələn bənövşə ətri.
Bəzən mən qara telefonun dəstəyini elə qaldırırdım, elə bil royalın qapağını qaldırıram. Bəzən bu qara dəstəyi elə qoyurdum, elə bil tabutun qapağını örtürəm.
İndi bu nömrə yoxdur. Yəni ki var, amma mənimçün yoxdur. Mənimçün bu nömrə indi yasaq ərazidir.
Barmağımın altında telefon dairəsində yerləşən bu beş rəqəm indi mənim üçün keçilməz bir məsafədir - kilometrdir, millər, parseqlər.
Mən bu məsafənin beşdə dördünü keçə bilərəm - dörd rəqəmi yığa bilərəm, amma heç vədə son rəqəmi - beşincini yığmayacağam. Sənin nömrən bağlı qapıdır - açarını itirmişəm.
Səni görməyə də bilərdim. Zəng edirdim, səsini eşidir və deyirdim: əzizim, əlin niyə belə soyuqdur? Səni görməyə də bilərdim, amma məsafədən belə duyurdum. Sahil kəndlərinin sakinləri dənizi görməyəndə belə onu duyduqları kimi. İndi isə dəniz qeyb oldu. Yoxa çıxdı.
Min dəfə təkrar olunan əhvalat mən, sən, bir də o, əlbəttə. Amma bir də telefon. Hər şey Rasimin toyundan başlandı.
Firuz tostunu davam etdirirdi:
- Biz beş yoldaş idik. Lap o filmdəki kimi, yadınızdamı: onlar beş nəfər idi.
Mən, Kamal, Murad, Rasim, Seymur. Bizi bir-bir fəth etdilər, bir-bir boyunduruğa saldılar. Bax, bunlar saldı - bizim xanımlar. Hələ evdə də bir çətən külfətimiz var - oğul-uşaq. Bəli, külfət bizi basdı, yaman basdı - hamı gülüşdü. - Bu gün də biz Rasimi itiririk. Heyf ondan. Əlbəttə, mən zarafat edirəm. Xoşbəxt olun Fəridə, Rasim. Mən sizə çoxlu səadət, cansağlığı, uzun ömür arzulayıram. Oğullu, qızlı olasınız. Amma sizin sağlığınıza içmişik, yenə içəcəyik. İndi bu badələri mən axırıncı igidin sağlığına - bizim canımız-ciyərimiz Seymurun sağlığına qaldırmaq istəyirəm. Subaydı-sultandı. Sağ ol, var ol, bülbül ol, qəfəsdə olma.
Hamı mənə baxırdı, gülüşlərin və badələrin cingiltisi arasından tanış üzləri görürdüm - dostlarımın üzlərini. Üzlərdə sevincli, bir qədər də təəccüblü ifadə vardı.
Qonaqlar dağılışanda biz hamımız - Firuz, Kamal, Murad arvadlarıyla, bir də mən tək, bir yerdə çıxdıq. Biz yatmış şəhərin gecə küçələriylə addımlayırdıq və birdən Firuzun arvadı mənim qoluma girdi:
- Yaxşı, Seymur, sənin toyunu haçan eləyirik?
- Uzaq gələcəkdə.
- Belə niyə? Yoxsa sən bu naqqalın sözlərinə inanırsan? - O, şıltaq bir nəvazişlə ərinin böyrünə qısıldı. - Elə bilirsən ki, ailə həyatı cəhənnəmdir?
Firuz: - Özünə layiq qız tapa bilmir, - dedi.
- Doğrudan? Uşaqlar, eşidirsiniz? Gəlin Seymura bir qız tapaq. Səninçün Bakının ən gözəl qızını tapsaq, evlənərsən?
- Mütləq, - dedim, - ancaq bir şərtlə. Gərək, bax elə bu saat, bu dəqiqə tapasınız. Yoxsa fikrimi dəyişərəm.
 Kamal: -Gözümün işığı, - dedi, - gecənin bu vaxtında sənə hardan qız tapacağıq? Küçədən tapmayacağıq ki... həm də gecənin bu vaxtında küçələri gəzən qızı almazsan yəqin.
- Bəli, - dedim, - tamamilə doğru buyurursunuz. Odur ki, bu söhbəti xətm edək.
- Mənim bir təklifim var, gəlin Seymura telefonla qız tapaq. Budur, bax, avtomat da var, - Kamal əlavə etdi.
- Gözəl fikirdir, - dedim, - amma iki qəpikliyim yoxdur.

Hər tərəfdən mənə iki qəpikliklər uzatdılar. Budkaya girdim.
- Nömrəni deyin.

Firuz: - Əşi, ağlına gələn nömrəni çək, - dedi. - Məsələn... - birdən o, sözünü yarımçıq qoydu. - Yox, qardaş, keçəl suya getməz. Birdən qayınananla yola getmədin, yapışacaqsan mənim xirtdəyimdən.
- Qorxaq, - dedim, - məsələ də bundadır. Evlənmək ciddi işdir. Heç kəs məsuliyyəti boynuna götürmür.
- Mənim bir təklifim var, - deyə Firuzun arvadı sözə qarışdı. Onun həmişə bir təklifi olurdu, - heç kəs boynuna məsuliyyət götürmək istəmir. Gəlin onda məsuliyyəti bölüşək. Hərə bir rəqəm desin.
Firuz: - Əla, - dedi. O həmişə arvadının təkliflərini bəyənirdi. - İki. Mən iki çəkdim.

 Firuzun arvadı: - Doqquz, - dedi.
 Kamal: - Sıfır, - dedi və arvadına baxdı, - Sən de.
- Mən? Nə deyim, bilmirəm... yaxşı, dörd.
Murad: - Beş, - dedi.
Bircə Muradın arvadı heç nə deyə bilmədi, çünki dəstəkdən artıq kəsik siqnallar eşidilirdi.
- Nişanlım yatıb, - dedim, hamı gülüşdü. Mən dəstəyi asdım.
Yolumuza davam etdik, yavaş-yavaş dağılışdıq, hərə öz evinə getdi və mən, nədənsə, özümü çox tənha hiss elədim.
Dəniz bağına qayıtdım, uzun müddət adamsız bulvarı dolandım, qaranlıq dənizə və uzaqdakı rəngbərəng işıqlara baxırdım, birdən zəng elədiyim telefon nömrəsi yadıma düşdü. Gecə saat iki idi.
Mən yaxındakı avtomat budkasına girdim, yarığa iki qəpiklik saldım və nömrəni yığdım.
Telefonun dəstəyindən qadın səsi eşidildi. Yuxulu səs də deyildi, belə - azacıq yorğun, azacıq da təəccüblü.
- Bəli.
- Salam.
- Salam. Kimdir?
- Mənəm. Gəlin tanış olaq.
Mən sillə kimi üzümə vurulacaq sərt cavab gözləyirdim. Ya da elə bilirdim ki, üzünə çırpılan qapı kimi dəstək də birdən asılacaq. Amma nə söydü, nə asdı. Səsi əvvəlki kimi sakit idi.
- Axı tanışlıq üçün vaxt bir az gecdir.
- Gecdir? Xeyr, əsla! Əsil vaxtdır. Mən bu saat ən yaxın bir yoldaşımın toyundan çıxmışam. Bu, mənim axırıncı subay dostum idi. Mənə elə gəlir ki, bu gün onun toyu yox, yası idi.
- Vay, vay, vay. Elə niyə deyirsiniz? Bəs siz özünüz evli deyilsiniz?
- Yox. Bəs siz ərdəsiniz?

O güldü.
- Tanışlığın elə birinci dəqiqəsindən hər şeyi bilmək istəyirsiniz?
- Bağışlayın, siz Allah. Elə bilməyin ki, mən telefon xuliqanlarındanam. Yox, nədənsə, təklikdən bağrım çatlayır. Odur ki, dedim zəng eləyim, bir adamla danışım.
- Bəs mənim nömrəmi hardan tapdınız?
- Təsadüfən. Ağlıma gələn rəqəmləri yığdım, vəssalam.
- Əcəbdir.
- Bilirsiniz, bir az içmişəm, odur ki, özümü çox yalqız hiss eləyirəm.
- Olur, eybi yoxdur.
- Sizinlə görüşə bilərik?
- Yox, bax, bu baş tutan iş deyil. Gəlin belə danışaq. İndi gecdir. Gedin evinizə, yıxılıb yatın. Səhər duracaqsız, bütün dərdi-qəminiz uçub gedəcək. Görərsiz.
- Axı mən sizi görmək istəyirəm, heç olmasa danışmaq istəyirəm sizinlə.
- Telefonumu ki, bilirsiniz. Sabah ayılandan sonra yenə də görsəniz ki, mənimlə danışmaq istəyirsiz, zəng eləyin.
- Doğrudan?
- Doğrudan. Gecəniz xeyrə qalsın.
- Xeyrə qarşı. Sabah sizə zəng eləyəcəyəm.
Gülməlidir vallah, amma dəstəyi asıb boş, adamsız küçələrlə addımlayarkən mənə elə gəlirdi ki, daha mən də tək deyiləm. Mənim də kimimsə var.
Səhərisi gün, təbii ki, mən zəng eləmədim. Bütün günü yüz əlli iki min işlə məşğul oldum və hər şeyi unutdum. Bir neçə gündən sonra iş planının müzakirəsində laboratoriya müdirimizlə möhkəm toqquşduq. O həm də mənim elmi rəhbərim idi.
Müzakirədən sonra Firuz məni evlərinə apardı. Biz onunla bir institutda işləyirdik. Yolda o mənim başıma ağıl qoyurdu, deyirdi ki, cırtqoz olma, hər şey üçün partlama. Əgər haqlısansa da həqiqəti ifadə və müdafiə etməyin müxtəlif formaları var. Hamını özünə düşmən eləməklə heç kəsi inandıra bilməyəcəksən. Bir az rəftarın olsun, qılığın olsun. Görürsən ki, biri düz danışmır. Deynən ona ki, siz, görünür məsələyə hərtərəfli nəzər salmamısınız, mənə elə gəlir ki, bu məsələyə bir də baxsanız, mənimlə razılaşarsınız. Yoxsa sənin kimi: siz heç bir şey qanmırsınız, nadansınız, cahilsiniz. Ona görə də...
- Ona görə də, - dedim, - sənin bu siyasətçiliyin lap məni boğaza yığıb.
- Yaxşı, görürəm ki, səninlə adam kimi danışmaq olmaz. Gedək bizə çay içməyə...

 

Firuzun arvadı: - Bilirsən, - deyirdi, - heç birimiz onu öyrətməmişik. Bilmirəm heç bu sözləri hardan bilir, özü tapıb, deyir: anna, atta.
O bir yaşı təzə tamam olmuş oğullarından danışırdı. Firuz o biri otaqda ev paltarlarını, məstlərini geyinib gəldi.
- Doğrudan, - dedi, - qəribədir. Bilirsən mən təzə bir nəzəriyyə icad eləmişəm. Mənə elə gəlir ki, dili uşaqlar yaradıblar. Böyüklər yox, məhz uşaqlar. Biz - böyüklər də onların düzəltdiyi sözlərdən istifadə edirik. Seymur əmisi, de görüm, harda belə şirin bala görmüsən, kimin belə oğlu var, hə?..
Nə qədər eləyirdim, telefon nömrəsini yada sala bilmirdim. İkinci yarısı yadımda idi, əvvəlindəki iki rəqəmi də yadımda idi, üçüncü rəqəm sıfır idi, bəs ikinci - yadıma sala bilmirdim ki bilmirdim.
- Bura bax, Səmayə, o axşam sən hansı rəqəmi dedin?
- Hansı axşam? Nə rəqəm?
İzah etməli oldum. Bir yığın zarafata, gülüşə, fərziyyəyə, məsləhətə qulaq asmalı oldum. Ələ saldılar, doladılar, başıma ağıl qoydular. Amma hamısı bir yana - qapıdan çıxanda Səmayə dedi:
- Hə, yadıma düşdü: doqquz. Mənim trolleybusumun nömrəsidir.

- Allo. Salam. Mənəm.
- Salam. Kimdir?
- Nə tez unutdunuz. Yadınızda, mən sizə zəng eləmişdim. Üç gün bundan qabaq. Elə bu vaxtlar idi.
- Onda səsiniz başqa idi, - dedi və istehzayla əlavə etdi, - ya bəlkə bu səfər danışan başqa adamdır, keçən səfər evlənənin indi də başqa dostu təklikdən şikayət edir? Məşğulətçin telefon macəralarına qurşanmısız.
O, sərt və kəskin danışmağı bacarırdı.
- And olsun ki, mənəm. Yəqin keçən səfər səsim sərxoş səsi idi, onunçun tanımadız. İndi necə, tanıyırsınızmı?
- Hə, indi tanıdım. Mənə elə gəldi ki, başqa adamdır, bağışlayın, - o, arxayınlıqla güldü. - Deməli, bu gün ayıqsınız.
- Yüz faiz. Ayıq vaxtımda zəng elədim ki, mənim haqqımda yanlış təsəvvürünüz olmasın. Sonra elə bilərsiz içkibazam. İldə-ayda bir dəfə içirəm.
- Yaxşı ki, zəng elədiniz, yoxsa bu axşam mən də yaman darıxırdım. Radiom xarab olub.
- Siz həmişə belə gec yatırsınız?
- Hə, gecə yarısına qədər radioya qulaq asıram. Amma bu gün radiomun lampası xarab olub, lap dəli kimiyəm.
Dəstəkdən piano səsi eşidilirdi. Lap uzaqdan eşidilirdi.
- Siz suallara cavab verməyi sevmirsiz, amma deyin, kimdir bu keçə vaxtı piano çalan?
- Aa, - o güldü. - Bizdə deyil, qonşudadır. Bir zəhlətökən qızdır ki, səhərdən axşamacan çalır. Divarlar nazikdir, bu qammalar məni lap cana yetirib. Radiom işləyəndə heç olmasa eşitmirəm onun çalmasını.
- Radioyla nəyə qulaq asırsınız ki?
- Efir evimin içi kimidir. Bax burda həmişə gecə konserti var - elə bil mən onun radio-dalğaları üzərində gəzən barmaqlarını görürdüm - burda da kəsik-kəsik melodilərdir, uzaq okeanların üstündən uçub gəlir. Burda həmişə tufan uğuldayır, burda da anlamadığım bir dildə danışırlar. Burda həmişə səs-küy olur. Konferansye zarafat edir, camaat gülür, əl çalır, mən sözləri başa düşmürəm, amma hamı gülür, fit verir, əl çalır, mən də şənlənirəm. Burda da nə isə intim bir verilişdir. Kişiylə qadın lap yavaş, pıçıltıyla danışırlar, mikrofonda nəfəslərini də eşidirəm. Radio qəribə şeydir. Elə bil bütün dünya mənim otağımdadır. Dünyanın gecəsi. Göy, melodiyalar, dramlar, təyyarələr...
- Təyyarələr niyə?
- Qulaq asın, - dedi. Başa düşdüm ki, susub dinləyir. Mən də qulaq verdim və bir qədər sonra təyyarə uğultusu eşitdim. Görəsən bu təyyarə bizim evin də üstündən keçəcəkmi? Görəsən onun evi hansı səmtdədir, şəhərin hansı tərəfində?
- Radioyla təyyarələr qohumdurlar, eləmi? - deyə qəfilcəyə soruşdu.
-Hardan qohumdurlar ki?
- Səmadan, - dedi və yenə susdu. İndi dəstəkdən təyyarə uğultusu deyil, yenə də bayaqkı kimi yeknəsəq qammalar eşidilirdi.
- Mən elə hey danışıram, danışıram, siz isə susursunuz. Siz də mənə bir şey danışın.

Özüm də özümə təəccüblənə-təəccüblənə, bilmirəm heç niyə, mən bu yad adama heç kəsə danışmadıqlarımı danışmağa başladım. İşdəki çətinliklərimdən, köhnə dostum Firuzla günü-gündən uzaqlaşmağımızdan, elmi rəhbərimi neçin sevmədiyimdən, müzakirədə ona ağzımdan çıxanı dediyimdən və başqa-başqa bu kimi şeylərdən. Ona heç bir dəxli olmayan şeylərdən. Niyə mən bunları məhz ona danışırdım? Özüm də bilmirəm. Amma özümü saxlaya da bilmirdim.
Birdən özümə gəldim. Tələsik onunla xudafizləşib dəstəyi asdım.
Evimə tərəf addımlaya-addımlaya düşünürdüm. Düşünürdüm ki, bunu kimə danışsam inanmaz. Doğrudan da tanımadığın, üzünü belə görmədiyin adama qəlbini necə açmaq olar? Mən onun haqqında nə bilirdim? Heç nə. Bircə onu bilirdim ki, gecələr o, radio dinləməyi sevir, qonşusu isə pianoda qamma çalır.

Bu hekayənin iştirakçılarından biri - telefondur. Mən telefon haqqında bir neçə kəlmə demək istəyirəm. Son vaxtlar mən telefonlar barəsində çox düşünürdüm: onlar mənə qəribə və müxtəlif cür görünürdülər. Bizim laboratoriya müdirimizin otağında - masanın üstündə qara bir telefon aparatı var. Hər dəfə bu aparata baxanda mənə elə gəlirdi ki, onun xətti dinamik məftilinə oxşayır. Müdirin daima nigaran, daima təlaşlı, qorxu çəkən gözlərinə baxanda mənə elə gəlirdi ki, bu telefonu onun otağına gec partlayan mina kimi qoyublar. O, hər zəngdən, hər hərəkətdən diksinirdi. Yəqin ona elə gəlirdi ki, bu mina-telefon hər dəqiqə bəd bir xəbərlə partlaya bilər. Bir gün zəng eləyib ona deyəcəklər ki, səni işdən çıxarıblar, yaxud arvadın qaçıb...
Kanselyariyamızda da telefon vardı. Amma diski rəqəmsiz, bağlı, qara bir dairə idi, elə bil möhürlənmişdi. Mənə elə gəlirdi ki, bu telefon təkərsiz maşın, ünvansız məktub kimi köməksiz və acizdir. O, sanki mütiliyin, asılılığın, passivliyin, təşəbbüssüzlüyün rəmzi idi - sənə zəng vura bilirlər, amma sən heç kəsə zəng vura bilmirsən.
Bu tipli telefonların müqabilində telefon avtomatlar da mövcud idi. Telefon avtomatlar disksiz telefonların tam əksi idi. Sən zəng edə bilirsən, amma sənə cavab verə bilmirlər.
Zəng elə, ağzına gələni de, lap söy, kim səni tapacaq? Telefon avtomatlar - cəzasızlığın, məsuliyyətsizliyin, özbaşınalığın rəmzi idi. Onların üstünlüyü bombardmançı təyyarənin silahsız gəmi üzərindəki üstünlüyünə oxşayırdı.
Bilsəniz evimdə telefon olmamasına nə qədər hayıfsılanırdım? Əlimə keçən iki qəpikləri Hacı Qara kimi xəsisliklə yığır, gizlədirdim. Tanış-bilişdən iki qəpik toplayırdım, imkan düşən kimi ayrı pulu xırdalayıb iki qəpiklik alırdım.
Hər gecə ona zəng eləyirdim. Həmişə də gec zəng eləyirdim. Bu, vərdiş və adət halını almışdı.
Bu söhbətlərə alışmışdım - onun bir az yorğun, bir az istehzalı, bir az kədərli səsinə, divar dalından eşidilən yeknəsəq qammalara, radionun güclə sezilən nəfəsinə, təyyarə uğultusuyla dolu pauzalara.
Mən indi onun haqqında bəzi şeyləri öyrənmişdim, amma çox az şey. Bilirdim ki, adı Mədinədir, tək yaşayır. Bilirdim ki, gözləri qonurdu, çəkməsinin nömrəsi otuz beşdir. Bundan artıq heç nə bilmirdim.
Bir dəfə soruşdum:
- Neçə yaşındasınız?
- Eh, qoca qarıyam, nəvələrim, nəticələrim var, - dedi və mən onun cavan səsindən duydum ki, məni dolayır. Və bir də bildim ki, nə yaşından danışmaq istəyir, nə işindən, nə də ailə vəziyyətindən.
Mən də inad edib soruşmurdum. O özü də bu barədə məndən bir şey soruşmurdu, amma bilirdi ki, iyirmi doqquz yaşım var, subayam, elmi idarədə işləyirəm.
Bircə adımı bilmirdi. Nədənsə ona əsil adımı deyil, başqa ad demişdim: Rüstəm. Niyə? Bilmirəm. Bəlkə onun da əsil adı Mədinə deyildi, başqa idi.
- Axı biz haçan görüşəcəyik?
- Neylirsiz görüşməyi? - dedi. - Bəyəm belə pisdi? Sizi bilmirəm, amma mənimçün bu telefon söhbətləri çox xoşdur. Həyatıma nə isə təzə bir şey gətirir. Mənə xoşdur ki, müəyyən saatlarda zəng gözləyirəm. Zəng eləyən adamı heç tanımıram, üzünü də görməmişəm, ona görə də onunla açıq danışa bilirəm, o da ürəyindəkiləri mənə deyə bilir. Məni heç vaxt görməyib, heç təsəvvür də eləmir ki, necəyəm. Məgər bu pisdir?! Görüşərik, bir-birimizi bəyənmərik, hər şey də pozulub gedər. Əgər bir-birimizi bəyənsək belə, yenə hər şey dəyişər, adiləşər, bayağılaşar. Gəlin əlaqələrimizi elə bu şəkildə saxlayaq. İnandırıram sizi, bu, daha yaxşıdır. Ondansa işinizdən danışın. O məsələ necə oldu? Davanızı deyirəm? Ötüşdü?
- Yox. Ərizə vermişəm, gedirəm ordan.
- Hara?
- Hələ bilmirəm. Siz nə məsləhət görürsünüz?
O, cavab vermədi və mən təyyarə uğultusunu eşitdim.

Yeni ili Firuzgildə qarşılayırdıq. Təzə bəylə gəlin - Rasimlə Fəridə də gəlmişdilər. On ikiyə on dəqiqə qalmış masanın arxasına keçdik. Masanı Firuzun arvadı, başqa arvadların iştirakıyla çox yaraşıqlı düzəltmişdilər.
Mən hamıdan gec gəlmişdim, soyuq idi, qarlı-çovğunlu küçədən sonra evin istisi, işığı adama daha xoş gəlirdi.
Saat on ikini vurdu, bir-birimizi qucaqlayıb öpdük, hamıya, hamıya xoşbəxtlik, səadət arzuladıq və Firuz dedi ki, bu il tarixi il olacaq - Seymur evlənəcək. Biz bir qədəh də içdik və Firuz məni kənara çəkdi.
O, axşamdan içmişdi, lap dəm idi və qədəhin böyründən tutub tək bir mənim sağlığıma tost deyirdi. Özü də ancaq mənə deyirdi.
- İçirəm sənin sağlığına. Həmişə belə olasan. Mərd, prinsipial, amma bir az da ülfətli, qılıqlı, rəftarlı. Həyata açıq gözlə baxasan. Bilirəm, ürəyində mənə gülürsən, bəlkə də nifrət edirsən. Elə bilirsən ki, mən də bax bütün bunlardan - o par-par parıldayan təzə mebelini göstərdi, - ya da Səmayənin şubasından ötrü mənliyimi satmışam. Yox. Mən heç bir vaxt vicdanımın əleyhinə getmərəm, heç vədə elə söz demərəm ki, vicdanım onu qəbul eləməsin. Buna əmin ola bilərsən. Amma... - o, pauza verdi, - amma gərək adamın ağlı başında olsun. Xoruz kimi atılmasın hər dəqiqə ortalığa. Elə yer var, gərək çəkiləsən, güzəştə gedəsən, elə yer də var ki, gərək qabarasan, sözünün üstündə möhkəm dayanasan. Bəzi xırda işlərdə güzəştə getmək lazımdır ki, böyük işlərdə getməyəsən.
- Bəlkə də sən haqlısan. Amma mənimçün bu haqq-hesab çox qəliz məsələdir, burda geri çəkil, orda irəli çıx, mən belə idmandan baş çıxara bilmirəm.
O, əlini yellədi: - Ay-hay. Yaxşı, gəl içək. Yeni ildən harda işləyəcəksən?
- Qəzetdə, - dedim. - Dünəndən əmrim verilib.
- Özün bilən yaxşıdır, amma məndən soruşsan, nahaq getdin.
O, royalın arxasına keçdi, çalmağa başladı, arvadı da oxudu. Bizim radionun son mahnılarından biri idi. Birdən mənim yadıma qammalar, sonra isə radio düşdü.
- Tost demək istəyirəm, - dedim.
Hamı təəccüblə mənə baxdı, bilirdilər ki, mən heç vaxt tost-zad deyən deyiləm.
- Bax, biz hamımız burdayıq, bir yerdə, kefimiz də sazdır. Gəlin amma fikirləşək görək bu axşam tək qalanlar neyləyir? Məsələn, növbətçilər, yol baxıcıları.
- Kim, kim? - deyə ordan-burdan səsləndilər.
- Yol baxıcıları deyirəm. Bəli, o yol baxıcıları ki, qatarların cədvəlini əzbər bilir, təpə-tənha daxmalarından gecə vaxtı, qarda-çovğunda yola çıxıb qatarları ötürürlər.
Rasim: - Dinməyin, deyəsən aşnamız dəmdir, - dedi, hamı bərkdən gülüşdü.

Firuz tez mənə baxdı və ayağa durdu: - Dayanın, dayanın, - dedi. - Deyəsən xətrinə dəydi. Xahiş edirəm gülməyəsiz, məsələ ciddidir. Deməli, yol baxıcılarının sağlığına, eləmi, Seymur?
Hamı qədəhləri qaldırdı.
- Yox, - dedim, - mən yol baxıcılarının sağlığına demək istəmirdim. Sözümü ağzımda qoyduz. Mən başqa bir adamın sağlığına içmək istəyirdim və bax, əgər dolayıb eləsəz, məndən inciməyin.
- Pah atonnan. Yaxşı, de gəlsin..., -yerbəyerdən səsləndilər.
- Mən bir adamın, bir tək-tənha, yalqız adamın sağlığına içmək istəyirəm. İndi o, oturub radionun qabağında. O, bütün radiostansiyaların proqramını, cədvəlini bilir. Yol baxıcısı qatarların qarşısına çıxan kimi o da efirdəki konsertlərin qabağına çıxır. Bütün dünya onun otağındadır, bütün bu dünyayla birlikdə o necə təkdir...
Mən bir qurtuma qədəhi başıma çəkdim.
Hamı səssiz-səmirsiz içdi, təəccüblə baxışdı, amma bir şey demədilər. Bir azdan sonra isə başqa şeylərdən danışmağa başladılar.
Mən dəhlizə çıxdım, nömrəni yığdım və dinləməyə başladım. Dəstək susurdu. "Bu da sənin yol baxıcın - deyə düşündüm. - Nahaq sən onun dərdini çəkirsən. O da yəqin hardasa yeni ili qarşılayır. Niyə də qarşılamasın axı?"
Sonra mən yenə zəng elədim. İstədim ki, yeni ilini Moskva vaxtıyla təbrik eləyəm. Cavab çıxmadı, bir saatdan sonra yenə zəng elədim, Praqa vaxtıyla yeni ilini təbrik etmək istədim, yenə hay vermədi. Bir saat da keçdi, yenə zəng elədim. Hansı vaxtla yeni il idi, bilmirəm, bəlkə Qrinviç vaxtıyla.
Nəhayət, səhər altının yarısında, küçədəki avtomatdan zəng eləyəndə cavab çıxdı.
- Sizi Atlantik yeni iliylə təbrik edirəm, - dedim.

Yəqin ki, nə demək istədiyimi başa düşmədi, mən də izah eləmədim.
- Sizsiz? İndicə girmişəm qapıdan.
- Bilirəm. Bütün gecəni sizə zəng vurmuşam.
- Rəfiqəmgildəydim.
- Dəxli yoxdur, - dedim, -yeni ildə mən sizə vacib bir şey demək istəyirəm. Mən sizi sevirəm. Özü də dəliçəsinə sevirəm.
- Belə de. - O güldü. - Əcəb şad xəbərdir. Yeni il pis başlamır.
- Siz mənim əzizim, gözümün işığısınız, bilmirəm hansı sözləri demək lazımdır, amma mən heç kəsi belə sevməmişəm. Bilirəm, sizə gülməli gəlir, axı biz heç bir-birimizi görməmişik. Amma neyləmək, bu belədir ki, var. Mən sizsiz yaşaya bilmərəm.
- Daha doğrusu, mənim telefonumsuz, - dedi. - Bilirəm, bu sözlər havayı söhbətdir, amma hər halda onları eşitmək xoşdur.
İlk dəfə idi ki, bizim söhbətimizi qammalar müşayiət etmirdi. Səhər açılırdı. Mən vaxtilə musiqi məktəbində oxuduğuma görə ağlıma belə bir bənzətmə gəldi - həyatın xromotik qamması - ağ və qara pərdələrin - gündüzlərin və gecələrin, yaxşı, işıqlı günlərin və pis, qaranlıq günlərin ardıcıllığı...
- Mən sizi haçan görəcəm axı? Amma siz düz deyirsiniz, görüşməyək. Bu, məhəbbətin ən gözəl formasıdır, bir-birimizə telefon xətləriylə bağlanmışıq. Gözəl əlaqədir.
- Birtərəfli əlaqədir, - dedi, - o, mənada ki, mənə zəng edə bilirsiz, amma mən sizə yox.
- Bəli, ona görə də mən sizi görməliyəm. Ünvanınızı deyin, bu saatca gəlim ora.
- Xahiş edirəm sizdən,- dedi və səsində ağrı duydum. Davam etdi: -Xahiş edirəm, bu sevinci məndən almayın. Belə təklifi mənə çoxları edir. Siz də etsəz, sizinlə də salam-kalamım kəsiləcək, - susdu, sonra əlavə etdi, - amma sizə mən çox isnişmişəm. Siz ilk adamsınız ki, ərimin ölümündən sonra özümə yaxın, məhrəm bilirəm.


Yanvarın ikisində təzə işimə gəldim. Bütün günü böyük bir materialı redaktə etdim, işin axırına yaxın makinaçıya verdim. Dedim ki, mütləq səhərə hazır edin. Kanselyariyanın qabağında böyük bir siyahı asılmışdı - işçilərin familiyaları və telefon nemrələri. Mən gözucu bu siyahıya nəzər saldım və birdən diksindim - elə bil tanımadığım adamlar içində tanış bir sifət görmüşdüm.
- Vəlizadə kimdir? - deyə xəbər aldım.
- Bizim makinaçıdır. İndicə material verdiz e, ona... Nədir ki?
Mən pəncərədən baxdım. Qonur gözlü makinaçı pilləkənlərlə aşağı düşürdü. Dikdaban çəkmələri - tuk-tuk-tuk, - pilləkəndə səslənirdi və mən bilirdim ki, onun çəkməsinin nömrəsi otuz beşdir.
Bu, lap nağıla oxşayırdı. Tale bizi bir idarədə rastlaşdırmışdı, amma o hələ bu barədə bir şey bilmirdi. İndi o, makinasında mənim verdiyim böyük materialı yazarkən heç ağlına da gətirmir ki, bu materialı ona mən vermişəm, yəni, bilir ki, mən vermişəm, amma bilmir ki, mən oyam, yox, daha doğrusu, necə deyim, mən - mənəm.
Mən özümü saxlaya bilmirdim, bu yeniliyi ona çatdırmaq istəyirdim, avtomatdan ona zəng elədim. İlk dəfə belə erkən zəng vururdum və telefon susurdu. "Zərər yoxdur, həmişəki vaxt zəng edərəm, qoy sürpriz olsun".
Gecə ona zəng vurdum.
- Salam. İki saat bundan qabaq sizə zəng eləmişdim.
- Belə tez niyə? Rəfiqəmgildə idim. Əlimdə işim vardı, onlarda işləyirdim.
Gülüşümü güclə boğaraq: - Nə işdi ki? - deyə soruşdum.
- Evə iş götürmüşəm. Təzə müdirimizin tapşırığıdır.
- Təzə müdir?
- Hə, bu gün idarəmizə təzə şöbə müdiri gəlib.
- Yox əşi, - mən yenə də gülməkdən özümü güclə saxlayırdım, - hə, necədir təzə şöbə müdiriniz?
- Nə deyim vallah. Nə isə məni açmadı. Çox təkəbbürlüdür. Düzdür, ilk təəssüratla çətindir demək, amma, hər halda...
Mən quruyub qaldım. Bu variant heç mənim ağlıma gəlməmişdi.
- Niyə xoşunuza gəlməyib ki?
- Əşi, heç. Birinci təəssürat çox vaxt səhv olur. Bəlkə də yaxşı adamdır. Hər halda, özünü belə tox tutur. Hündür, göyçək oğlandır. Sifəti də gözəldir, amma bir az forsludur deyəsən... Adama elə bil yuxarıdan aşağı baxır. Danışanda da belə əmrlə danışır: sabaha çap eləyin.
İlk dəfə olaraq o öz peşəsi haqqında ağzından söz qaçırtdı. Amma mən bu sözdən yapışıb, onun peşəsini soruşmadım, axı onsuz da bilirdim.
- Bəs sizin işiniz nə oldu? - deyə soruşdu. - Təzə işə düzəldiniz?
Onda mənim ağlıma da gəlmədi ki, qəribə bir oyun başlayıram, amma ani olaraq hansı daxili qüvvəsə məni saxladı və belə cavab verdim:
- Yox, bilirsiz, fikrimi dəyişdim. Köhnə yerimdə qaldım.
Səhərsə ilk dəfə Mədinəni, mənim Mədinəmi gördüm. Yəni dünən də görmüşdüm onu. Amma dünən bu sifət başqa sifətlərdən biri idi, xoş, yapışıqlı bir sifət idi, xüsusi bir şeylə ayrılarından fərqlənmirdi. Adi bir sifət... Bəlkə hətta ona gözəl də demək olardı, amma nə isə solğun, tutqun bir gözəllik idi bu. Bütün bunlar dünən idi. Bu gün isə hər şey bambaşqa idi. Onun çap etdiyi kağızlara baxa-baxa oğrun-oğrun özünə də nəzər salırdım. Onun mənə yad olan zahiri görünüşüylə bu qədər yaxın, dogma, məhrəm səsi arasında, real varlığıyla telefon varlığı arasında bir ahəng, uyğunluq axtarırdım.
Mən onunla çox mehriban, həssaslıqla davranırdım və çox maraqlanırdım, görüm o bu dəyişikliyi duyurmu?
Bunu bilmək üçün axşamı gözləyirdim. Telefon saatını.

- Deyirdim də sizə, ilk təəssürat çox vaxt aldadıcı olur. Sən demə belə mehriban, belə həssas adammış ki...
- İkinci təəssürata da çox inanmayın. O da aldadıcı ola bilər.
- Yox, yox, dünən onun gözlərinin içinə baxa bilməmişdim. Bu gün baxdım - "görəsən haçan baxıb ki, mən sezməmişəm", - deyə düşündüm. - Bilirsiz gözləri nə təmizdir, ağıllıdır.
- Qısqanıram sizi ha, - dedim.
Bu oyun belə başladı. Mən artıq bu oyunun qaydalarını da bilirdim. O isə hər şeydən bixəbər idi.

Artıq mən heç bir şey edə bilməzdim. Hadisələr mənim nəzarətimdən, ixtiyarımdan çıxmışdı. Poçt qutusuna atdığın məktub kimi. Bu oyunun öz çətinlikləri vardı. Gərək bütün sözlərini, ifadə, düşüncə tərzini dəyişdirəydin. Telefonda bir adam olaydın, işdə başqa. Hərəsinin də öz aləmi, öz davranışı, öz psixologiyası.
İşdə mən tamam başqa adam idim. Xeyirxah, amma arada pərdə saxlayan, bir qədər özünü çəkən. Telefonla o mənə mənim barəmdə danışırdı, hər hərəkətimi, hər addımımı, üzümün hər ifadəsini təhlil edirdi.
Çox vaxt söhbəti mən özüm salırdım, amma axır vaxtlar hiss edirdim ki, mənim söz açmağıma heç ehtiyac qalmır. O özü həvəslə Rüstəmlə uzun-uzadı telefon söhbətləri zamanı Seymur müəllimdən danışırdı. Amma Seymurla heç vaxt Rüstəm barəsində danışmırdı. Ümumiyyətlə, onun telefon həyatı haqqında heç kəsin təsəvvürü yox idi.
Mən bilmirdim sevinim buna, ya kədərlənim. Bəzən mənə elə gəlirdi ki, onun bu barədə heç kəslə danışmamasına səbəb tam bir laqeydliyi, biganəliyidir. Bəzən də əksinə düşünürdüm. Düşünürdüm ki, o bunu ən titrək, ən əziz, ən sirli bir hiss kimi gizlədir, heç kəsə açmaq istəmir. Qəribə şey idi - elə bil duyğularım qatmaqarışıq düşmüşdü.
Təsəvvür edin, Seymur kimi mən onu telefon həyatına qısqanırdım. Gecə telefon söhbətlərində isə məni - Rüstəmi onun Seymur haqqında uzun-uzadı söhbətləri əsəbiləşdirirdi.
Bir dəfə ona: - Gəlin, - dedim, - bir-birimizə "sən" deyək. Axı çoxdan tanışıq.
- Yaxşı, gəl, - deyə telefondan cavab eşitdim.
- Sağ ol, gecən xeyrə qalsın, - dedim və uşaq kimi sevindim ki, indi Mədinə mənimlə "sən" deyə, onunla isə "siz” deyə danışır.
Birdən ağlıma gəldi ki, ilk dəfə özüm haqqında, özümün ikinci "Məni" haqqında özgə bir şəxs kimi düşünürəm.
- Mənə elə gəlir ki, sən bir balaca ondan kəsirsən?
- Nə bilirsən? - deyə işvəylə cavab verdi, - bəlkə o məndən bir balaca kəsir?
Mən hirslə dəstəyi asdım. Üç gün ona zəng eləmədim. İşdə isə o gün həvəslə mırt vururduq. İdarənin köhnə işçilərindən biri mənə yanaşdı:
- Əbəs yerə özünü yorma, - dedi və gülümsündü,- hələ heç kəs bizim bu balaca xanımın qəlbini fəth eləyə bilməyib.
Hər üçümüz güldük, Mədinə gedəndən sonra müsahibim dedi:
- Rahibə kimi bir şeydir. Heç kəs onun ürəyinə yol tapa bilmir. Vəfalı arvad imiş. Əri neçə il bundan qabaq həlak olub.
Öyrəndim ki, əri təyyarəçi imiş, göydə həlak olub.
O gün işdən gec çıxmışdım. Qapıdan çıxanda eşitdim ki, Mədinə makinada nə isə yazır. Onun uzun, nazik barmaqları vardı və o, makinada yazanda adama elə gəlirdi ki, pianoda çalır.
Gecə ona zəng elədim.
- Salam.
- Salam. Deməli, sənin özündən çıxmağın da varmış. O gün niyə dəstəyi çırpdın? Sənin açığına bu gün Seymur məni evə ötürdü.
- Necə? - deyə mən təəccüblə soruşdum və təəccübümün səmimiyyətinə inana bilərsiniz.
- Elə, işim çox idi. Gec çıxdım. O da məni ötürdü. Çünki mərifətli adamdır.
"Daha doğrusu, mərifətsiz, gicin biridir" - deyə düşündüm. Kül ağlıma, elə gec qalmışdı, mən də vidalaşıb getdim, fikrimə gəlmədi ki, ötürüm".
Ancaq mən başqa şeyi də anlamışdım. Başa düşmüşdüm ki, onu ötürmək istəsəm, “yox” deməz, hətta bəlkə ona xoş gələr. Bəlkə də acıqla deyirdi, telefonu çırpdığım üçün məni - Rüstəmi hirsləndirmak üçün deyirdi.

Deməli, o mənə - telefon tanışına da laqeyd, biganə deyildi. Ancaq bunu necə biləsən? Bunu bir vaxt bilə biləcəyəmmi?
Gümanlar, fərziyyələr içində çaşıb qalmışdım. Amma bircə şeyi dəqiq dərk etmişdim və odur ki, gələn səfər o, işdən gec çıxanda nə etmək lazım olduğunu bilirdim.
Biz gediş-gəlişi azalmış, adamları seyrəlmiş küçələrlə keçirdik və mən ondan soruşdum:
- Bəs işiniz olmayanda axşamlar neyləyirsiz?
- Evdə otururam, - dedi.
- Elə tək-tənha oturursunuz evdə?
- Bəli, nədir ki? Oxuyuram, radioya qulaq asıram.
Görəsən radio haqqında danışdıqlarını indi də danışacaqmı? Amma tamam başqa məsələdən söz saldı və mən bununçun ona minnətdar idim.
- Bu da mənim pəncərəm, - deyə üçüncü mərtəbəni göstərdi.
- Bəlkə pilləkən qaranlıqdır, qoyun sizi yuxarıyacan ötürüm.
- Yox, - dedi.
Amma mən geri çəkilmək istəmirdim,
- Bəlkə məni evinizə dəvət edəsiz?
- Məmnuniyyətlə. Amma indi gecdir, - o, saatına baxdı və mən hiss elədim ki, əsəbiləşir.
- Gecdir? Siz belə tezdən yatırsınız?
- Yox, amma... - o, narahat idi, söz tapa bilmirdi.
- Yaxşı, indi ki mənə bir stəkan çay vermək istəmirsiniz, gəlin bir az da gəzişək, hava alaq.
O dinmədi. Biz bir neçə dəfə onların evlərinin başına hərləndik. Mən yaman getmək istəyirdim onun evinə. Telefon söhbətlərindən mənə bu qədər tanış olan bu ala-işıq mənzili, radionu, yumşaq kürsünü görmək istəyirdim.
Bəlkə də o gün məni evinə dəvət etsəydi, hər şeyi ona deyəcəkdim. Ancaq dəhliz qapısının qarşısında ayrılarkən o, əlini tələsik mənə uzatdı.
- Yaxşı, hələlik Seymur müəllim. Çox sağ olun. Gecəniz xeyrə qalsın.
Gülümsündü, cəld çevrilib qaçdı.
Mən onun addım səslərini dinləyirdim və birdən hər şeyi başa düşdüm. Başa düşdüm ki, o niyə tələsir, əsəbiləşir, tez-tez saata baxırdı. O, telefon zənginə gecikməkdən qorxurdu. Mənim zəngimə.


Bir neçə gündən sonra bizim məsul katib istehsalat müşavirəsində axmaq bir çıxış elədi. Mən söz aldım və onu birtəhər elədim. O mənə cavab vermədi və birdən mənim yazığım gəldi bu kişiyə. Neçə ildir qəzetdə işləyir, yəqin hələ heç kəs onunla bu tonda danışmayıb. Özü də adam içində.
Müşavirədən sonra mən özümü narahat hiss elədim, əvvəla ona görə ki, tamamilə haqlı deyildim, ikincisi, ona görə ki, Firuzun məsləhətlərini xatırladım, üçüncüsü də ona görə ki, bu işdən də getmək istəmirdim. Axı Mədinə burda işləyirdi. Nə isə,  məsul katibin otağına getdim, üzrxahlıq elədim.
Gecə Mədinəyə zəng eləyəndə bilirdim nədən danışacaq.
- Bilirsən, Rüstəm, - onun səsində bir canlanma, həvəs vardı, - bizim Seymur bilirsən necə mərd adamdır? Bu gün mən olmamışam, amma hamı danışır ki, müşavirədə durub məsul katibi birtəhər eləyib. Yaş yuyub, quru sərib. Ağzından çıxanı deyib. Bilirsən, hamı bundan danışır. Axı hələ indiyə kimi onun bir sözünü iki eləyən olmayıb. Özü də bu qədər adamın içində kişini biabır eləyəsən.
- Bilirəm, - dedim, - bu tipdə adamları mən yaxşı tanıyıram. İclaslarda alovlu nitqlər deyirlər, adamların içində basıb-kəsirlər, amma sonra təklikdə gedib üzr istəyirlər. Yəqin sənin Seymurun da iclasdan çıxıb, gedib o kişinin yanına, şahidsiz-zadsız yıxılıb ayağına, başlayıb yalvarmağa.
O, kədərli səslə: - Axı belə niyə danışırsan? - dedi. - Niyə sən onu sevmirsən?
- Ona görə ki, sən onu sevirsən. Mən də səni sevirəm.
- Çox gözəl. Hamımız bir-birimizi sevək də.
- Əlbəttə, sən zarafat elə. Bəla ondadır ki, onunla sən görüşürsən, üzbəüz danışırsan, kinoya gedirsən.
- Kinoya? Nə bilirsən ki, onunla kinoya gedirəm.
- Niyə də getməyəsən?
O güldü. Görünür bu fikir ona xoş idi.
- Mənimlə isə ancaq telefonla əlaqə saxlayırsan.
- Axı biz səninlə danışmışdıq.
- Sən mənim haqqımda ona bir şey demisən?
- Nə danışırsan? Mən bu barədə heç kimə, heç vaxt bir kəlmə də deməyəcəyəm. Mənimçün bu, necə deyim, - o bir an susdu, söz axtardı, - müqəddəs bir şeydir.


Səhərisi günü biz onunla kinoya getmişdik. Film sınaqçı pilotlar haqqında idi və Mədinə qəhərlənmişdi. Bəlkə buna görə onda qəlbini boşaltmaq ehtiyacı vardı və biz bulvarla evə qayıdarkən o mənə həlak olmuş ərindən danışırdı.
Deyirdi ki, bizim bütün ömrümüz göydə keçdi. Göydə tanış olduq. O pilot idi, mən adicə sərnişin. Sonra mən stüardessa işləməyə başladım ki, həmişə onunla olum. Evləndik. Bakıdan - Moskvaya, Moskvadan - Bakıya uçurduq və təyyarədə xəlvət guşə tapıb öpüşürdük. Sonra boynuma uşaq düşdü, məzuniyyətə çıxdım. Axırıncı dəfə onu trapa qədər ötürdüm.

Ayrılanda onların dodaqları arasında məsafə yox idi, amma bilmirdilər ki, bu məsafə həyatla ölüm arasındakı məsafədir. Əbədi göylə, onun heç bir vaxt qayıtmayacağı əbədi göylə yer arasında, Mədinənin onu daim gözləyəcəyi yer arasındakı məsafə.
Təyyarə yerindən tərpənəndə Mədinə onun arxasınca su atdı. Yəqin aviasiya tarixində ilk dəfə idi ki, müasir hava laynerinin ardınca, min il bundan qabaqkı adət üzrə su atırdılar. Sonra o, göyə qalxdı. Sonra yağış yağdı.
Mədinə ayaq saxladı, nəyəsə qulaq verməyə başladı. Bir qədərdən sonra bu uğultunu mən də eşitdim və başa düşdüm ki, o bu səsi hamıdan qabaq eşidir. Biz göydə hərəkət edən rəngbərəng işıqlara baxırdıq və Mədinə dedi:
- Onun qəbri ordadır. Arvadlar ərinin qəbri üstə qəbiristanlığa gedir, mən də göyə baxıram.
Sonra Mədinə mənə danışdı ki, bəzən axşamlar aerodroma gedir, elə-belə bir kənarda dayanır, düşən, qalxan təyyarələrə tamaşa edir.

Sonra dedi ki, uşaq da ölü doğuldu, ərinin bu yadigarı da qalmadı.
Mən əlimi onun üzünə çəkib yanaqlarındakı göz yaşlarını sildim, sonra dəli kimi onu öpməyə başladım.
O: - Yox, yox, yox, lazım deyil, - deyirdi və mən hiss edirdim ki, get-gedə o bu sözləri daha böyük çətinliklə deyir.
Mən onu ötürdüm və dərhal zəng elədim.
Səsi həyəcanlı və hətta bir qədər şən idi və mənim bütün romantiklərə - havada, yerdə, dənizdə həlak olmuş bütün biçarələrə yazığım gəldi.
- Bilirsən, - dedim. - İndi işdə də onunla "sən" deyə danışırdıq, - dünən biz ayrılan kimi sənə zəng elədim, telefonun məşğul idi. Gecənin o vaxtında kiminlə danışırdın belə?
Mən heç gözləməzdim. Onun rənginin qaçdığını, sifətinin gərginləşdiyini duydum. Amma tez özünü ələ aldı və dedi:
- Yəqin ayrı yerə düşmüsən. Mən gələn kimi yatdım...

- Dünən səni yuxumda görmüşəm.
- Qəribədir, həyatda heç bir vaxt görmədiyin adamı yuxuda neçə görmək olar?
- Səsini görmüşdüm yuxuda. Bir də "Nerinqa" radionu.
- "Nerinqa"nı yenə təsəvvür edə bilərəm, amma səsimi necə görmüsən, heç ağlıma sığışdıra bilmirəm. Səncə, mən necəyəm? Heç məni təsəvvür edə bilirsənmi?
- Əlbəttə. Hündür boylu, uzun qıçlı, uzun saçlı - mən onun əsil görkəminə uyğun olmayan şeyləri deyirdim.
- Afərin sənə, - dedi. - Lap düz təsəvvür edirsən. İndi mən hər gecə sənin yuxuna girəcəyəm.
- Yəqin sən tək mənim yuxuma girmirsən...
- Yenə başladın?
- Yox, bilirsən, deyirlər, Məhin Banu hər gecə yüz kişinin yuxusuna girirmiş. Sənin tirajın neçədir?
- Mən bircə nüsxəyəm və ancaq sənin yuxuna girirəm. Sən mənim gözümün işığısan.
- Hədsiz dərəcədə minnətdaram.
- Bura bax, gözümün işığı, bir məsələni səninlə məsləhətləşmək istəyirəm. Amma, xahiş edirəm, özündən çıxma, hay-küy salma, telefonu da atma.
Mən bu söhbəti üç gündü gözləyirdim. Üç gündü təəccüblənirdim ki, niyə bu barədə danışmır.
- Qulaq as. Amma əvvəl yanına gətir validol qoy.
- Yaxşı, ürəyimi çəkmə.
- Yaxşı. Üç gün bundan qabaq Seymur mənə təklif elədi ki, ona ərə gedim. Ürəyin getmədi ki?
- Yox, - dedim. - Nə cavab verdin ona?
- Hələ heç bir cavab verməmişəm. Səninlə məsləhətləşmək istəyirəm. Axı sən mənim ən yaxşı, ən əziz dostumsan. Ən əziz adamımsan.
"Qadın psixologiyası qəribədir. Başqasına aşiq olan kimi sən ən yaxşı dost, ən yaxın adam olursan".
- Lazım deyil - dedim və ən qəribəsi bu idi ki, mən səmimi deyirdim - heç kəsə getmə. Ya da mənə gəl. Mən səni sevirəm. Ay allah, kaş telefonla evlənmək olaydı.
O qəhqəhə çəkdi. Bir qədər əsəbi və süni gülürdü.
- Ağıllı oğlan ol. Axı sən hələ lap balaca uşaqsan.
- Mən? Nə bilirsən, sən ki, məni görməmisən.
- Mən hiss edirəm. Hər şeydən hiss edirəm, sənin səsindən, xasiyyətindən, mənlə əlaqəndən. Yalvarıram sənə, həmişə belə qal, böyüməyə tələsmə.
- Nə bilirsən, bəlkə mən sənin Seymurundan böyüyəm?
- Yox, yox əzizim. Qadın hissləri heç vaxt aldatmır.

Bu lap məzhəkəyə oxşayırdı, amma mənim gülməyə həvəsim yox idi. Nə isə doğrudan da ağrı, kədər, intizar duyurdum.
- Lazım deyil, Mədinə, - deyirdim. - Bəs mən nə edəcəm? Axı ərin icazə verməyəcək ki, gecə sənə zəng vurum.
- Fikirləşib bir şey taparıq. Telefon əlaqəsi xəyanət deyil, günah deyil. O vaxta sənin də evində telefon olacaq, mən özüm sənə zəng eləyəcəm.
Axı ona necə başa salaydım ki, bu heç bir vaxt mümkün olmayacaq.
- Məni başa düş, - deyirdi, səsi ciddi və kədərli idi, - bax, siz kişilər hərdən təklikdən, tənhalıqdan şikayətlənirsiz. Mənim lap gülməyim tutur, çünki siz əsil təkliyin nə demək olduğunu heç vaxt başa düşə bilməzsiniz. Elə təklik ki, onu yalnız qadın başa düşə bilir. Gecə ayılırsan, divarlar üstünə gəlir... nə isə, qəmli şeylərdən danışmayaq. Sən nə desən, onu edəcəm. İstəyirsən “yox” deyim.
Mən ona nə deyə bilərdim? O susdu, sonra mən təyyarə uğultusu eşitdim və başa düşdüm ki, bu özü elə cavabdır. Heç bir vaxt bizim heç birimiz - nə mən - Rüstəm, nə də mən - Seymur onun həlak olmuş ərinin yerini tuta bilməyəcəyik.
O axşam işdən sonra ilk dəfə məni evinə dəvət etdi. Mən dəhlizi və mərtəbəni bilirdim, amma mənzil qapısını tanımırdım. Qaranlıqda başqa qapını döydüm. Açan olmadı.
Kibrit çəkdim və qapının üstündə not vərəqində yazılmış "Açar qonşudadır" sözlərini oxudum. Not kağızını görən kimi qammalar yadıma düşdü və bildim ki, qapını çaşdırmışam. Çönüb qarşıdakı qapını döydüm.
"Nerinqa" radiosu, yumşaq kürsü, torşer - hər şey eynilə mən təsəvvür elədiyim kimiydi.
- Bu saat, Seymur, sənə əntiqə musiqi tutacam, - dedi. - Sən qulaq as, mən də çay qoyum.
Sonra mən onu öpürdüm, qucaqlayır, oxşayırdım. Hiss edirdim ki, ona qadınlığı xoş və çətin bir ağrıyla qayıdır.
Divar dalında lap yaxınlıqda qamma çalmağa başladılar, birdən o mənim əllərimin arasından çıxdı və nəyəsə qulaq asmağa başladı.
Mən də dinləyirdim. Bilirdim ki, bir neçə saniyədən sonra mən də bu uğultunu - təyyarə uğultusunu eşidəcəyəm. Amma heç bir təyyarə - filan yox idi. Birdən başa düşdüm ki, Mədinə nəyə qulaq verir. Mədinə telefonu dinləyirdi. Bu vaxtlar o zəng edərdi.
O - yəni mən.
Bilirdim ki, o daha zəng eləməyəcək, daha heç bir vaxt zəng eləməyəcək, amma bir an mən də şübhələndim, mən də gözlədim və mən də möcüzə arzuladım - istədim, telefon səslənsin.
Telefon susmuşdu.

                           (1967)

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2026)

 

 

Cümə axşamı, 27 Avqust 2026 12:00

“Biri ikisində” Cavid Fərzəlini şeirləri ilə

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün şeir vaxtıdır, sizlərə Cavid Fərzəlini şeirləri təqdim edilir.

 

Cavid FƏRZƏLİ

 

 

ÇİÇƏK LƏKƏSİ

 

Albalı çiçəkləri tökülür yaddaşıma,

Bu yaz qızının əllərini şəhərin soyuğu yolur.

Kağız təyyarələrin qanadlarından

Bir parça göy üzü asılır...

 

Bu ala dumanın qız vaxtında,

Qıpqırmızı yanaqları solur albalı çiçəklərinin.

Dönüb olarsan çiçək ləkəsi...

Arzuların bataqlığında yaşayarsan,

Bir küçə işığında qopub düşər qapqara addımların.

 

Küləklərin üzü bozarır,

Könlünü ala bilməyir qız yağışların...

Şüşədən asılmış ay işığı

Od vurub yandırır çiçəklərin ürəyini.

 

Neyləyim, küçələrə üsyanını sevdirə bilmədim.

Bu küskün çiçəklər

Boynunu büküb həbsxana divarında...

 

Günahların dərisini soyur

Kəpənək yaddaşından ayrı düşmüş bir qızcığaz.

Ağrılarının qucağında böyüdür şəkillərin ləpirini.

 

O qız pəncərəyə göz ləkəsi salır,

Hər axşam bir az da uzağa vurulur xəyalı,

Bir payız evi gizləyir aynalarda.

 

Daha albalı çiçəkləri

Kölgələrin addımlarını daşıya bilmir.

Bu yaz da şəhərin buz yaddaşında

Bir körpə çiçək ləkəsi bəsləyir.

 

 

 

 

QIRMIZI XƏRÇƏNG

 

Hər dəfə anam məni kimyaterapiya otağına gətirəndə

Divarların üzü bomboz mələfə rənginə bürünür,

Dəhliz uzunu tökülən saçlarım toz dənələrini qızıla bələyir.

​Anam payız boyu həmişə deyirdi:

– Sənin saçların çox şabalıdıdır,

Gəl kəsək tellərini, balam...

Gözəllik salonlarına satarıq,

O pulla da səni sağaldarıq.

​Yenə saçların kəpənək gətirər,

Yenə kəhraba havaya dırmaşar,

Yenə güzgülər su kimi üzündən axar...

​...Dünən iyirmi doqquz yaşım oldu.

Tibb bacısı təbrik etdi məni.

Həyətdə küləyin yerdən qaldırdığı

Yarpaqlarda

Gözlərim yüyrük təki yellənirdi,

Gözlərimə bükdüm pəncərəni.

Gün sovurdu saat əqrəblərini,

Saçlarım havanı qaraltdı,

Bircə, anam gəlmədi

Payızdan.

 

 

KÖHNƏLƏRDƏN

 

Şəklinin divarlarına sarılmışam,

Sənsiz qırış-qırışdı günlərim.

Mən səni şam işığına bükmüşəm,

Kölgələr titrəyir kirpiklərində.

 

Balaca bir uşaq barmağın əzən kimi,   

Qanayan canıma üfürdüm şəklini...

Baxışların yerə düşüb sınmasın deyə,

Aynanın içində gizlətdim gözlərini.

 

İndi yağışlar ayrılıq qoxuyur,

​Pencəyimin çiyinlərini payız dərir.

​Yuxum hər gecədən keçirir səni,

​Bir səhər gözlərin günəşi əllərimdən alır.

 

Mən səndən elə ayrıldım ki,

Bir balıqçı balığı sudan ayıran kimi...

Nə sən qayıda bildin dərin sulara,

Nə mən suya döndüm-səhra kimi.

 

 

DÜNƏN

 

Dünən şəklimə baxırdım,

barmaqlarım ovuclarımı vərəqləyirdi,

ayaqyalın kölgələrin dalınca qaçırdım

küçələrin gözləri dən gəzəndə,

boz sərçələrə çörək qırığını dənələyirdim...

 

Bala bir quşun çiyinlərini yağışdan qorudum

çəhrayı bir payız səhəri,

üzümü küləyə döndərdim.

Mən daha nə qədər qanadlanmalıydım ki,

Qarışqaların da göy üzü olum,

Balıqların da?!

 

Üzümə çırpılan hər qapıda

özümə havadan qapı düzəldirdim,

külək darvazanın zəngindən asılanda,

boşluqdan səsə sarı qaçırdım.

 

Gecənin gözlərində,

Divarımızda qaranlıq iməkləyirdi,

neft lampasında işıq boynuma dolanırdı...

 

Sonra günəşdən səhərləri qopardım,

əllərimi qorxumdan gizləyirdim,

böyürtkən kollarında

ipək arzular böyütdüm.

 

Kür çayında boğulurdu bir qayıq,

bəmbəyaz şəkillərin əlləri suya dağılmışdı,

ovuclarım yelkən olmuşdu göy üzünə.

 

Hələ də döyüşkən sularda qayıq olmaq istəyirdim...

Mən daha nə etməliydim ki,

Şəkillərimin yaddaşı qayıtsın?!

 

 

 

RUHUM

 

Gözlərinə mirvari yuxu diyirlədim,

Sən uyu,

Ruhum...

Mən şəkil-şəkil kimsəsiz

bir bucaqda dayanmışam.

 

Kimdir haraylayan məni bu qızılı tozun içində?

Qıvrım-qıvrım yollar udur addımlarımı.

 

Kimdir yanan kibrit şöləsinə?

Ovuc-ovuc ev qurmasan işığına,

Çətir-çətir kölgə daşımasan,

Kim yanar kül yağışlara, kim?!

 

Hər yanım göyümtül divardır indi,

Söykəmişəm havaya əllərimi.

 

Qarşımda buludlar boy-boy rəqs eyləyir,

De, necə ürəyimi qaldırmayım ayağa?

 

Küçələrin rəngini boz sərçələr dənləyir,

Quşların qanadları göy üzünü doğrayır,

Dupduru havada bir az da qarışıram əllərimə!

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2026)

 

 

 

Cümə axşamı, 27 Avqust 2026 14:02

Əbədiliyin mədəniyyət kodu

(Nizamidən Nəvaiyə… Füzulidə Uluqbəyə… – Azərbaycan–Özbəkistan dostluğunun dünəni, bugünü və sabahı üzərinə bir neçə söz)

 

Əkbər Qoşalı,

“Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

“Əbədi” sözü zamanın içində yaranır, ancaq zamana sığmır. Zamana sığmamaq bizim ədəbi-fəlsəfi idrakımızda ən gözəl ifadəsini Nəsimidə tapıb:

“Məndə sığar iki cahan,

Mən bu cahana sığmazam!”

Nəsimidən öncə Nizami, Nizamidən öncə Yəsəvi, Yəsəvidən öncə Fərabi vardı… Nəsimidən sonra Nəvai, ondan sonra Füzuli, daha sonra Vaqif gələcəkdi…

 

Bəli, zamana sığmamaqdan danışırıq; onun ədəbiyyatda, fəlsəfədə yeri-göyü bir başqadı; dövlətlərarası münasibətlərdə isə bu sözün məsuliyyəti daha böyükdür - daha praktik, daha əllətutulan, gözlə görüləndir. Diplomatiya adətən gələcək haqqında danışarkən ölçülü-biçili anlayışlara üstünlük verir: uzunmüddətli işbirliyi, strateji tərəfdaşlıq, müttəfiqlik, qarşılıqlı maraq… “Əbədi” isə başqa sözdür. O, müqavilə müddətini ötərək, münasibətin mahiyyətini ifadə edir…

2026-cı il avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladığı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” də məhz bu baxımdan tarixi hadisədir.

Ancaq biz bu sənədə yalnız siyasi münasibətlər müstəvisindən baxmırıq. Çün dövlətlər əbədi olmaları haqqında müqavilə bağlaya bilər, lakin əbədiliyin mədəni bazisi yoxdursa, söz (iraq olsun) kağız üzərində qala bilər.

23 avqust 2026-cı ildə imzalanan sənəd iki xalq arasında dostluğu yaratmadı - yüzillər boyu mövcud olmuş dostluğa dövlətçilik möhürü vurdu. – Azərbaycanla Özbəkistanın üstünlüyü bax, bundadır!

Sanki, prezidentlərin imzası Nizami, Nəvai sözünün ruhi gücüylə zənginlənmişdi.

Sanki Əbədi dostluq haqqında Müqavilənin görünməyən ilk səhifəsi yüzillər öncə yazılmışdı…

Nizami Gəncəvi ilə Əlişir Nəvai heç vaxt eyni zamanın adamları olmayıbl.

Nizami XII yüzildə yaşayıb, Nəvai XV yüzildə. Aralarında təxminən üç yüz il var. Lakin mədəniyyətin qəribə bir zaman ölçüsü mövcuddur: ruh üçün üç yüz il bəzən üç addımdır…

Nəvai Nizamini görmədi, amma onunla danışdı. Nizami Nəvainin dünyaya gələcəyini bilmədi, amma ona yol açdı.

Gəncəli Nizaminin “Xəmsə”si Şərq ədəbi-fəlsəfi düşüncəsində elə böyük mənəvi orbit yaratdı, yüzillər sonra Əlişir Nəvai həmin orbitə daxil olaraq öz “Xəmsə”sini yaratdı. Məgər bu, sadəcə ədəbi təsirlənməydimi? – Əlbəttə, yox! – Söhbət, bir böyük sənətkarın başqa böyük sənətkara cavabı, yüzillərarası mədəni dialoq idi.

Təsadüfi deyil, Prezident Şavkat Mirziyoyev Azərbaycanla Özbəkistanın mədəni bağlarından danışarkən Nəvainin Nizami yaradıcılığından ilham aldığını, böyük Gəncəlini “şairlərin şahı” adlandırdığını ayrıca vurğulayıb. Özbəkistanın Şərqşünaslıq İnstitutunda Nizami, Xaqani, Nəsirəddin Tusi, Füzuli, Xətai və başqa Azərbaycan klassiklərinin nadir əlyazmalarının qorunduğunu da məhz Özbəkistan Prezidenti diqqətə çatdırıb.

Bəli, bizim ədəbi əlaqələrimiz diplomatik münasibətlərimizdən çox qədimdir.

Azərbaycanla Özbəkistan arasında səfirliklər yaranmamışdan yüzillər öncə sözün səfirlikləri vardı...

Kitab səfir idi… Şeir, əlyazma səfir idi.

Nizami, Nəvai irsi səfir idi.

Və bu səfirlərin diplomatik pasporta qətiyyən ehtiyacı yoxdu…

Mədəniyyətin üst qatı tədbirlərdir: konsert, sərgi, kitab tanıtımı, yubiley, festival və s… Bir az aşağıda ədəbiyyat, musiqi, teatr, memarlıq, dil dayanır. Daha dərində isə mədəni kodlar yerləşir. Bəs “dərin mədəniyyət” deyərkən nəzərdə tutduğumuz əsas məqamlar nədir? – Biri budur: ulusların yaxınlığı yalnız bir-birinin mahnısını sevməsi ilə ölçülmür. Əsl yaxınlıq onların zaman, insan, ailə, dövlət, ədalət, gözəllik, söz, yaddaş və gələcək haqqında təsəvvürlərinin bir-birinə hansı dərəcədə yaxın olmasıdır.

Azərbaycanlı Nizamini oxuyanda Nəvaiyə yad qalmır.

Özbək Nəvaini oxuyanda Füzulini qərib saymır. – Niyə? – Çün sözlər fərqlənsə də, sözün arxasındakı mənəvi kainat doğmadır. Ürəyimizə doğan, Ürəyimizdə doğan Günəş var axı…

Nizaminin insanı kamilləşdirmək istəyi, Nəvainin insan ləyaqətinə verdiyi dəyər, Füzulinin eşqi ilahi-fəlsəfi qata yüksəltməsi eyni böyük Şərq və türk-islam mədəniyyət hövzəsinin müxtəlif ucalıqlarıdır.

Ona görə Azərbaycan–Özbəkistan münasibətlərini yalnız “ikitərəfli əlaqələr” termini ilə anlatmaq mənə həmişə yetərsiz görünür.

Burada iki dövlət var, amma bir-birinə yad iki mədəniyyət yoxdur...

Deyir, tarixin gözəl qafiyələri olur.

Azərbaycan Prezidentinin budəfəki dövlət səfərinin ən təsirli hadisələrindən biri Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni korpusunun açılışı oldu.

Bax, bu artıq yalnız abidə, küçə adı, yubiley tədbiri sayıla bilməz.

Nizami burada dərin instituta çevrilir.

Onun adı müəllim yetişdirən universitetin üzərində yaşayır.

Daha maraqlısı budur ki, həmin universitet Azərbaycan universitetləri ilə birgə elmi-təhsil proqramları həyata keçirir; “Yeni Daşkənd”də qurulan 40 hektarlıq yeni kampusda 20 min nəfərlik tədris infrastrukturu, 5 min nəfərlik tələbə yataqxanası və Nizami Gəncəvi Muzeyi nəzərdə tutulur.

Bəs Azərbaycanda?

Füzulidə Mirzə Uluqbəy adına məktəbdən daha öncələr bir neçə dəfə söz açmışıq.

Buyurun, indi bu iki faktı yanaşı qoyaq:

Daşkənddə Nizami…

Füzulidə Uluqbəy…

Biri şair-mütəfəkkir, biri hökmdar-astronom.

Biri sözün göyüzünü ölçürdü, biri ulduzların…

İndi onların adları iki qardaş ölkənin uşaqlarının, tələbələrinin, müəllimlərinin həyatına daxil olur.

Biz Füzulidə Uluqbəy məktəbinin yaradılmasını öncədən yalnız tikinti hadisəsi saymamaqda haqlıyıq.

Füzuli Qarabağ Zəfərinin, qayıdışın, dirçəlişin coğrafiyasıdır. Uluqbəy isə Türk-İslam intibahının, elmin, zəkanın, göyüzünün adıdır.

İndi həmin məktəbin ilk məzunlarının Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetdə qrantla təhsil hüququ qazanması isə rəmzi gerçək münasibətə çevirir. Rəsmi bilgiyə görə, məktəb məzunlarının 20 faizi artıq həmin universitetə qəbul olunub. Möhtəşəmdir!

Beləcə qəribə, amma gözəl bir mədəni dövran yaranır:

Özbəkistan Füzulidə məktəb qurur,

Füzulidə yetişən gənc Daşkəndə gedir,

Daşkənddə Nizaminin adını daşıyan universitetdə oxuyur…

Bax, bax, bu, diplomatiyanın mədəniyyətə, mədəniyyətin təhsilə, təhsilin insan taleyinə çevrilməsi faktıdır.

Dərin mədəniyyət yaxud mədəniyyətin dərinliyi məhz bu deyilmi?

İndi isə gəlin abidədən adama doğru yol alaq…

Bakıda Əlişir Nəvainin, Daşkənddə Nizami Gəncəvinin abidəsi var. Bakı küçələrindən biri Mirzə Uluqbəyin adını daşıyır. Dövlətlərarası münasibətlərin öncəki mərhələlərində də iki xalqın klassiklərinə qarşılıqlı sayğı göstərilib.

İndi isə münasibətlər başqa mərhələyə keçir.

Abidədən məktəbə… Məktəbdən universitetə… Universitetdən tələbəyə… Parkdan şəhərə… Şəhərdən insana…

Məncə, Azərbaycan–Özbəkistan münasibətlərinin indiki mərhələsinin kulturoloji yeniliyi elə buradadır.

Mədəniyyət artıq keçmişi yad etmək vasitəsindən daha çox gələcəyi layihələndirmək texnologiyasına çevrilir.

Nizaminin heykəlini ucaltmaq yaddaşdır; Nizaminin adına müəllim hazırlayan universitet yaratmaq isə gələcəkdir.

Uluqbəy haqqında konfrans keçirmək sayğıdır; Uluqbəyin adına Qarabağda uşaqların oxuduğu məktəb yaratmaq isə mədəniyyətin həyatlaşmasıdır.

Bu fərq çox önəmlidir.

Yenidən qayıdaq, Əbədi dostluğa.

“Əbədi” sözünün türk dövlətçilik yaddaşında ayrıca çəkisi var.

Orxon abidələrinin bəngü/məngü daş düşüncəsini yada salaq.

Daşa söz nə üçün yazılırdı? – Daş danışsın deyəmi? Yox. – Zaman danışsın deyə!

“Türk bəyləri, türk ulusu, eşidin!” çağırışı daşın üzərinə həmin gün üçün həkk edilməmişdi. Söz gələcəyə göndərilmişdi.

Bu baxımdan mən 2026-cı ildə Azərbaycanla Özbəkistan arasında imzalanmış Əbədi dostluq haqqında Müqavilədə qədim bəngü düşüncəsinin çağdaş dövlətçilik dilində qəribə bir əks-sədasını görürəm.

XXI yüzilin müqaviləsi Orxon kitabəsi olmasa da, ancaq mahiyyətin dərin qatında oxşar bir iradə var:

bugünün qərarını sabaha ötürmək…

Dövlət başçıları “əbədi” deyərkən yalnız öz siyasi zamanları haqqında danışmır. Onlar hələ doğulmamış nəsillərimizə münasibətin yönünü göstərir.

Bu səbəbdən həmin müqavilənin ən böyük təminatlarından biri onun mədəni yaddaşdır.

Nizami ilə Nəvai arasındakı ruhi bağ, Füzuli ilə özbək oxucusu arasındakı bağ, Uluqbəy ilə Qarabağ məktəblisi arasındakı bağ da təminatdır.

Bəlli olduğu kimi, mədəni yaxınlığın çox incə bir ölçüsü vardır: başqa xalqın böyük şəxsiyyətinə nə qədər “başqası” kimi baxırsan?

Əgər Nizami Daşkənddə yalnız “Azərbaycan şairi” kimi yad edilirsə, bu, sayğıdır.

Əgər özbək tələbəsi onu öz mənəvi dünyasının müəllimlərindən biri kimi qəbul edirsə – bu artıq ortaq mədəniyyət hadisəsidir.

Eyni söz Nəvai haqqında Bakıda deyilə bilər.

Nəvai özbək xalqının böyük oğludur. Bununla yanaşı, onun türk dilinin bədii-fəlsəfi imkanlarını yüksəltdiyi mərtəbə bütün türk xalqlarının mədəni sərvətidir. “Mühakimətül-lüğəteyn” – “İki dilin mübahisəsi” kimi…

Nizami Gəncədən dünyaya baxırdı, Nəvai öz yurdundan bəşəriyyətə səslənirdi.

Böyük ustadlar bir torpaqda doğulur, amma bir torpağa sığmırlar. – Onların

qəribə özəlliyi budur.

Elə buna görə də biz “Gəncəli Nizami Daşkənddədirsə, Əlişir Nəvai Bakıda olacaq, əlbət!” deyəndə bunu sadəcə poetik paralel kimi düşünmürük.

Bu, ortaq mədəni məkanın təbii qanunudur.

Beləliklə, Azərbaycan–Özbəkistan mədəni bağlarının dünəni zəngin, bugünü daha sistemlidir. Sabahı isə bundan da böyük ola bilər. Niyə də olmasın?

Dünənin modeli əsasən ustadların qarşılıqlı tanıdılması, çevrilər, ədəbi təsirlər, əlyazmalar, şəxsi yaradıcılıq bağları idi.

Bugün bunlara dövlət siyasəti, universitetlərarası işbirliyi, qarşılıqlı Mədəniyyət Günləri, məktəblər, şəhər qardaşlaşmaları, parklar, elmi proqramlar əlavə olunur. Prezident İlham Əliyev səfər öncəsi Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA-ya) müsahibəsində də mədəni-humanitar və təhsil işbirliyini münasibətlərin aparıcı sahələrindən biri kimi səciyyələndirib.

Sabah isə üçüncü mərhələyə keçmək lazımdır: ortaq mədəni istehsal mərhələsinə… Yəni yalnız bir-birimizin keçmişini tərcümə etməyək – gələcəyimizi da birgə yazaq.

Azərbaycan və özbək alimlərinin ortaq türkoloji araşdırmaları;

Nizami–Nəvai müqayisəli araşdırmalarının daimi elmi platformu;

ortaq rəqəmsal əlyazmalar kitabxanası;

gənc yazıçı və çevriçilərin qarşılıqlı rezidensiyaları;

ortaq kino, animasiya, sənədli film layihələri;

uşaqlar üçün Azərbaycan–Özbəkistan ortaq ədəbiyyat seriyası;

süni intellekt dönəmi üçün Azərbaycan və özbək dillərinin qarşılıqlı rəqəmsal resursları və s…

XXI yüzildə mədəniyyət yalnız muzeydə qorunmur; o, həm də rəqəmsal dünyada yaradılan və gələcəyə ötürülən yaddaşdır.

Əbədi dostluğun sabahkı dili bir az da belə olacaq.

Bakı–Daşkənd xətti gücləndikcə Gəncə ilə Səmərqənd, Şuşa ilə Xivə, Füzuli ilə Daşkənd, Nizami ilə Nəvai arasında yüzillərdir mövcud olan görünməz bağlar yeni institusional məzmun qazanır.

Burada siyasət mədəniyyəti yaratmır.

Siyasət mədəniyyətin yüzillər boyu yaratdığı yaxınlığa yol açır.

Fərq bundadır.

Deyir, dövlətlərin də mədəni özkeçmişi vardır. İnsan özkeçmişini yalnız imzaladığı sənədlərlə yazmır.

Dövlət də elədir. Bir dövlətin özkeçmişində müqavilələrlə yanaşı tikdiyi məktəb, qoruduğu əlyazma, başqa xalqın şairinə ucaltdığı abidə, tələbəyə verdiyi təqaüd, başqa ölkədə saldığı park da yaşayır.

Ona görə Azərbaycan–Özbəkistan münasibətlərinin indiki yüksəlişinə yalnız geosiyasət pəncərəsindən baxsaq, mənzərəni yarımçıq görərik.

Onun geokulturoloji ölçüsü də var.

Bəlkə, daha dərini məhz odur.

Çün siyasi maraqlar dəyişə bilər.

İqtisadi konyunktura, yükdaşıma marşrutları dəyişə bilər; amma Nizaminin Nəvaiyə təsir etmiş olması dəyişməyəcək.

Daşkənddə qorunan Azərbaycan əlyazmalarının yaddaşı dəyişməyəcək.

Füzulidə Uluqbəy adına məktəbin ilk zənginin səsi tarixdən silinməyəcək.

Mədəniyyətin siyasətdən daha uzunömürlü olmasının sirri də budur.

Mədəniyyət bayrağımız da, dövlət bayrağımız da daim uca olsun!

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Tqəvim şöbəsi

 

Teatr həiqətən də möcüzəvi bir yerdir. Onun sehrinə düşdünsə, bir də heç vaxt bu sehirdən qurula bilmirsən.

Bu gün sizə teatra sədaqətlə xıdmət edən bir aktrisa - Azərbaycan Respublikasının Əməkdar Artisti Əminə Babayeva barədə danışacağam. Əlbəttə ki, 75 illik yubileyini qeyd edən, haqsızlıqlarla üzləşən Əminə xanım barədə söz açmamaq qəbahət olardı.

 

Əminə Babayeva 27 avqust 1950-ci ildə Bakı şəhərində anadan olub. Səhnə fəaliyyətini ilk illərdə görkəmli rejissor Lütfi Məmmədbəyovun rəhbərlik elədiyi Xalq Teatrında başlayıb. İlk gündən irili-xırdalı bir çox uğurlu tamaşalarda çıxış edib.1969-cu ildə görkəmli rejissor Tofiq Kazımovun dəvəti ildə Azərbaycan Dövlət Akademik Teatrından fəaliyyətə başlayıb. Teatrda ilk rolu X. Vahidin "Bağ qonşuları" tamaşasında Rəmziyyə obrazı olub.

 Teatrda işlədiyi müddət ərzində o həm klassik, həm də çağdaş Milli və əcnəbi dramaturqlarının pyeslərinin tamaşalarında dram obrazlarına səhnə həyatı verib. Ə. Babayeva 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni maarif işi fakültəsini bitirib. Azərbaycan televiziyasında müxtəlif proqramlarda, o cümlədən "Poeziya axşamı","Komediyalar axşamı","Hekayələr axşamı" adlı verlişlərdə mütamati olaraq çıxış edirdi. Oynadığı bir çox teatr tamaşaları və televiziya tamaşalarının lentləri Qızıl Fondda saxlanılır.

Aktrisa 1990-cı ildə Akademik Milli Dram Teatrının direktoru olan xalq artisti Hüseynağa Turabov tərəfindən teatrdan uzaqlaşdırılıb.10 il səhnədən ayrı düşən aktrisa 10-ildən sonra 2000-ci ildə İrəvan Azərbaycan Dövlət Dram Teatrında işləməyə başlayıb, daha sonra Bakı Bələdiyyə Teatrında az müddət çalışıb.10 il ərzində aktrisa "Əlvida" adlı 16 seriyalı bədii filmdə əsas obrazlardan birinə - Ana roluna çəkilib, eləcə də bir neçə bədii filmlərdə rol alıb..

2002-ci ildə televiziya rejissoru Rövnəq Həsənli Əminə Babayevanın həyat və yaradıcılığından bəhs edən "Bu nağılın sonu yoxdu" adlı film çəkib. 16 il Akademik Milli Dram Teatrından uzaqlaşdırmasından sonra 2006-cı ildə yenidən Akademik Milli Dram Teatrına qayıdan Əminə Babayeva T. Kazımovun "İmzanının hökmü" tamaşasında Nazlı xanım obrazını yaradıb və o gündən teatrda fasiləsiz çalışır.

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

1969–1990-cı illərdə oynadığı rollar

- Rəmziyyə("Bağ qonşuları"X. Vahidin)

- Naz-Naz ("Yol ayrıcında", İslam Səfərli)

- Vəfa, Vəfanın qızı ("Xəyyam" Hüseyn Cavid)

- Fitnə ("Fitnə", Abdulla Şaiq)

- Rassa ("Nazirin xanımı", Branislav Nuşiç) (birinci quruluş, 1970-ci il)

 

2006-cı ilə Akademik Milli Dram Teatrında yenidən qayıdığı gündən teatrda oynadığı rollar

- Nazlı xanım ("İmzanının hökmü" Tofiq Kazımov)

- Missis Boyl ("Tələ", Aqata Kristi)

- Semeçka satan("Qatarın Altına Atılan Qadın" Afaq Məsud)

- Gülpəri ("Qaraca qız", Abdulla Şaiq)

- Pəri xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə)

 

Filmoqrafiya

1. Kişilər

2. Göz həkimi

3. Qeybdən gələn səs

4. Bu nağılın sonu yoxdu

5. Mötəbər insanlarımız

6. Sonuncu şahid (film

7. Sarıköynəklə Valehin nağılı

 

Mükafatları

- İlin ən yaxşı aktrisası

- Fəxri mədəniyyət işçisi

- "Sənətkar" medalı

- "Azərbaycan Respublikasının Əməkdar Artisti" fəxri adı

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2026)

 

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Və rəssamlığın bir sahəsi də var: kino rəssamı. Filmlərin uğurlu alınmasında bu sənətin xüsusi qatqısı olur. Bir bqxın, bu gün Hollivudda peşəkar kino rəssamlarına necə ehtiyac var. Hətta Bollivudda kino rəssamları böyük məbləğdə kontraktlarla işləyirlər. Bizim müasir filmlərimizdə isə, nə gizlədək, kino rəssamları yerli-dibli olmur. Az büdcəli filmlərimizdə bu sahəyə pul ayrılmır.

 

Sovet dönəmində kino rəssamlığı sahəsində bir rəssam parlamaqdaydı  - Azərbaycan SSR əməkdar rəssamı Nadir Zeynalov.

O, 27 avqust 1928-ci ildə Bakıda anadan olmuşdu. 1943–1949-cu illərdə Azərbaycan rəssamlıq məktəbində təhsil alıb. 1949–1955-ci illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil almışdı.

Yəni, biri var kino rəssamı olasan, tutalım, rəssamlıq institutunu, tərtibtçı rəssam kursunu və s. bitirib özünü bu sahədə sınayasan. Biri də var ölkənin bu sahədə bir nömrəli təhsil ocağında oxuyasan, ustadlardan dərs alasan.

1956-cı ildə Nadir Zeynalov "Azərbaycanfilm" kinostudiyasında rəssam kimi fəaliyyətə başlayıb. "Azərbaycanfilm" kinostudiyasında rəssam kimi 40-a yaxın filmin yaradılmasında iştirak edib. İlk rəngli Azərbaycan bədii filminin quruluşçu rəssamı olub.

 

Filmoqrafiya

- Rəssam kimi

1. O olmasın, bu olsun

2. Mahnı belə yaranır

3. Məhəmməd Füzuli

4. Mahnı qanadlarında

5. Qatır Məmməd

6. Bir qalanın sirri

7. Axırıncı aşırım

8. Yeddi oğul istərəm

9. Oxuyur Müslüm Maqomayev

10. Həyat öyrədir

 

- Geyim rəssamı kimi

Şərikli çörək

 

- Haqqında çəkilən film

Rənglərin dili ilə. Nadir Zeynalov

 

Rəssam 16 mart 1987-ci ildə vəfat edib. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.