“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün şeir vaxtıdır, sizlərə Cavid Fərzəlini şeirləri təqdim edilir.
Cavid FƏRZƏLİ
ÇİÇƏK LƏKƏSİ
Albalı çiçəkləri tökülür yaddaşıma,
Bu yaz qızının əllərini şəhərin soyuğu yolur.
Kağız təyyarələrin qanadlarından
Bir parça göy üzü asılır...
Bu ala dumanın qız vaxtında,
Qıpqırmızı yanaqları solur albalı çiçəklərinin.
Dönüb olarsan çiçək ləkəsi...
Arzuların bataqlığında yaşayarsan,
Bir küçə işığında qopub düşər qapqara addımların.
Küləklərin üzü bozarır,
Könlünü ala bilməyir qız yağışların...
Şüşədən asılmış ay işığı
Od vurub yandırır çiçəklərin ürəyini.
Neyləyim, küçələrə üsyanını sevdirə bilmədim.
Bu küskün çiçəklər
Boynunu büküb həbsxana divarında...
Günahların dərisini soyur
Kəpənək yaddaşından ayrı düşmüş bir qızcığaz.
Ağrılarının qucağında böyüdür şəkillərin ləpirini.
O qız pəncərəyə göz ləkəsi salır,
Hər axşam bir az da uzağa vurulur xəyalı,
Bir payız evi gizləyir aynalarda.
Daha albalı çiçəkləri
Kölgələrin addımlarını daşıya bilmir.
Bu yaz da şəhərin buz yaddaşında
Bir körpə çiçək ləkəsi bəsləyir.
QIRMIZI XƏRÇƏNG
Hər dəfə anam məni kimyaterapiya otağına gətirəndə
Divarların üzü bomboz mələfə rənginə bürünür,
Dəhliz uzunu tökülən saçlarım toz dənələrini qızıla bələyir.
Anam payız boyu həmişə deyirdi:
– Sənin saçların çox şabalıdıdır,
Gəl kəsək tellərini, balam...
Gözəllik salonlarına satarıq,
O pulla da səni sağaldarıq.
Yenə saçların kəpənək gətirər,
Yenə kəhraba havaya dırmaşar,
Yenə güzgülər su kimi üzündən axar...
...Dünən iyirmi doqquz yaşım oldu.
Tibb bacısı təbrik etdi məni.
Həyətdə küləyin yerdən qaldırdığı
Yarpaqlarda
Gözlərim yüyrük təki yellənirdi,
Gözlərimə bükdüm pəncərəni.
Gün sovurdu saat əqrəblərini,
Saçlarım havanı qaraltdı,
Bircə, anam gəlmədi
Payızdan.
KÖHNƏLƏRDƏN
Şəklinin divarlarına sarılmışam,
Sənsiz qırış-qırışdı günlərim.
Mən səni şam işığına bükmüşəm,
Kölgələr titrəyir kirpiklərində.
Balaca bir uşaq barmağın əzən kimi,
Qanayan canıma üfürdüm şəklini...
Baxışların yerə düşüb sınmasın deyə,
Aynanın içində gizlətdim gözlərini.
İndi yağışlar ayrılıq qoxuyur,
Pencəyimin çiyinlərini payız dərir.
Yuxum hər gecədən keçirir səni,
Bir səhər gözlərin günəşi əllərimdən alır.
Mən səndən elə ayrıldım ki,
Bir balıqçı balığı sudan ayıran kimi...
Nə sən qayıda bildin dərin sulara,
Nə mən suya döndüm-səhra kimi.
DÜNƏN
Dünən şəklimə baxırdım,
barmaqlarım ovuclarımı vərəqləyirdi,
ayaqyalın kölgələrin dalınca qaçırdım
küçələrin gözləri dən gəzəndə,
boz sərçələrə çörək qırığını dənələyirdim...
Bala bir quşun çiyinlərini yağışdan qorudum
çəhrayı bir payız səhəri,
üzümü küləyə döndərdim.
Mən daha nə qədər qanadlanmalıydım ki,
Qarışqaların da göy üzü olum,
Balıqların da?!
Üzümə çırpılan hər qapıda
özümə havadan qapı düzəldirdim,
külək darvazanın zəngindən asılanda,
boşluqdan səsə sarı qaçırdım.
Gecənin gözlərində,
Divarımızda qaranlıq iməkləyirdi,
neft lampasında işıq boynuma dolanırdı...
Sonra günəşdən səhərləri qopardım,
əllərimi qorxumdan gizləyirdim,
böyürtkən kollarında
ipək arzular böyütdüm.
Kür çayında boğulurdu bir qayıq,
bəmbəyaz şəkillərin əlləri suya dağılmışdı,
ovuclarım yelkən olmuşdu göy üzünə.
Hələ də döyüşkən sularda qayıq olmaq istəyirdim...
Mən daha nə etməliydim ki,
Şəkillərimin yaddaşı qayıtsın?!
RUHUM
Gözlərinə mirvari yuxu diyirlədim,
Sən uyu,
Ruhum...
Mən şəkil-şəkil kimsəsiz
bir bucaqda dayanmışam.
Kimdir haraylayan məni bu qızılı tozun içində?
Qıvrım-qıvrım yollar udur addımlarımı.
Kimdir yanan kibrit şöləsinə?
Ovuc-ovuc ev qurmasan işığına,
Çətir-çətir kölgə daşımasan,
Kim yanar kül yağışlara, kim?!
Hər yanım göyümtül divardır indi,
Söykəmişəm havaya əllərimi.
Qarşımda buludlar boy-boy rəqs eyləyir,
De, necə ürəyimi qaldırmayım ayağa?
Küçələrin rəngini boz sərçələr dənləyir,
Quşların qanadları göy üzünü doğrayır,
Dupduru havada bir az da qarışıram əllərimə!
“Ədəbiyyat və incəsənət”
(27.08.2026)


