Super User
Bu gün ilk xalq artistimiz Qurban Pirimovun doğum günüdür
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycantarzəni, AzərbaycanınilkxalqartistQurbanPirimovun bu gün doğum günüdür. Musiqi tariximizin bu ölməz sənətkarını əlbəttə ki unuturuq, gənc nəslə də unutmamağı tövsiyyə etmək brcumuzdur.
Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir. XIX əsrin sonlarında ifaçılıq etməyə başlayıb, həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində ifalar nümayiş etdirib.
Belə ki, o,1905-ci ildən xalq müğənnisi Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradıb. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirib. Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif yerlərdə — Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılıb.
15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edib. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürüb. 1905-ci ildə Qurbanın taleyində uğurlu tarix olur. Çünki Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənib və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirib.
Dramatik və musiqili səhnə əsərlərində tarda müşayiət edib. O, Üzeyir Hacıbəyovun 1908-ci ildə ilk dəfə tamaşaya qoyulan "Leyli və Məcnun" əsərində orkestrin solisti olub, tarda ifa edib. 1920-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. O, Qliyerin "Şahsənəm" operasının tamaşaya qoyulmasında bilavasitə iştirak edib.
Eyni zamanda 1934-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya xalqlarının olimpiadasında birinci yeri tutmuş, 1939-cu ildə Moskvada keçirilmiş musiqiçilərin ümumittifaq baxışının qalibi olub.
Filmoqrafiya
1. Neft və milyonlar səltənətində
2. Bakılılar
3. Üzeyir ömrü
4. Qızıl fonddan seçmələr
Mükafatları
1. "Azərbaycan SSR xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
3. "Qırmızı əmək bayrağı" ordeni
4. "Şərəf nişanı" ordeni
Məşhur xanəndələri müşayiət edən tarzən onların arasında ən çox Xan Şuşinskiyə bağlanır. Görkəmli musiqişünas Şuşinski xatirələrində belə yad edirdi:
"Mən Qurban Primovu son dəfə 1965-ci il avqustun 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edərkən görmüşəm. Konsertdə gənc ifaçılarla bərabər, 85 yaşlı qocaman tarzən də iştirak edirdi. O, "Rahab" çalırdı. Sənət yollarında saç ağartmış tarzən öz sədəfli tarını sinəsinə, barmaqlarını simlərə gənclik ehtirası ilə toxundurduqca tellərdən qopan xoş, ürək oxşayan səda dinləyicilərin ruhunu oxşayırdı. Tarzən "Rahabı" 23 dəqiqə çaldı. Dinləyicilər hərarətli təbrik sədaları altında qocaman tarzəni 3 dəfə səhnəyə dəvət etdilər."
Qurban Pirimov 29 avqust 1965-ci ildə Bakı şəhərində vəfat edib və I Fəxri Xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(29.08.2026)
Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir
28 avqust 2026-cı il tarixində Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Özbəkistan Milli İnformasiya AgentliyininBaş direktoru cənab Abdusaid Kuçimov ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüş zamanı tərəflər Fond ilə Özbəkistan Milli İnformasiya Agentliyi arasında əməkdaşlığın perspektivlərini müzakirə edərək, türk xalqlarının maddi və qeyri-maddi mədəni irsinin qorunması, öyrənilməsi və təbliğinə yönəlmiş beynəlxalq mədəni-humanitar layihə və təşəbbüslərin informasiya dəstəyinə xüsusi diqqət yetiriblər.
Professor Aktotı Raimkulova Fondun əsas layihə və təşəbbüsləri, o cümlədən “Türk mədəni irsinin çoxdilli kataloqu”, “Türk folkloru antologiyası”, TurkicHeritage rəqəmsal platforması, bərpa, nəşriyyat və elmi-maarifləndirici layihələr, eləcə də Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlər barədə məlumat verib.
Özbəkistan Milli İnformasiya Agentliyinin Baş direktoru cənab Abdusaid Kuçimov Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini, türk xalqlarının ortaq mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndirərək, Fondun layihə və təşəbbüslərinə informasiya dəstəyinin göstərilməsində maraqlı olduğunu bildirib.
Tərəflər, həmçinin birgə media layihələrinin həyata keçirilməsi, türk dünyasının mədəniyyət və irsinin beynəlxalq media məkanında daha geniş təqdim olunmasına töhfə verəcək tematik nəşrlərin, müsahibələrin, foto və videomaterialların hazırlanması ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondu ilə Özbəkistan Milli İnformasiya Agentliyi arasında Əməkdaşlıq Memorandumunun imzalanması imkanları da nəzərdən keçirilib.
“Ədəbiyyat və incəsənət”
(28.08.2026)
Yeraltı düşmənləri məhv edən gənc musiqiçi
Mina Rəşid,
“Ədəbiyyat və incəsənət”
Bu günlərdə sosial şəbəkələrdə fəlsəfə üzrə fəlsəfə doktoru, şair Vəsilə Möhsümovanın belə bir paylaşımı qarşımıza çıxdı.
“Biz hər ikimiz müharibədən çıxmışdıq… hər ikimizin də ağrıyan yerləri vardı… əslində gözəl xəyallarımız da… Bu istedadlı gənc Qarabağın yetirməsidir - Azadxan Mirzəliyev…”
Azadxan adlı bu gəncin sazda gözəl ifası dinləyənlərin, elə bizim də marağımıza səbəb oldu. Bir paylaşım və saz havasının izi ilə “Vətən səsi”nin əməkdaşı Azadxan Mirzəliyevlə həmsöhbət oldu. Gəlin, əvvəlcə bu istedadlı gənclə tanış olaq.
Azadxan Mirzəliyev 2002-ci ildə Füzuli rayonunun Qazaxlar kəndində anadan olub. Ancaq onlar Cəbrayılın Cocuq Mərcanlı kəndindəndirlər. O, Horadiz qəsəbəsində orta məktəbdə oxuyub. Eyni zamanda, Horadiz Uşaq Musiqi Məktəbində tar sinifində təhsil alıb.
Azadxanın ailəsi hazırda işğaldan azad Cocuq Mərcanlı kəndində yaşayır. Anası dogma yurdunda orta məktəbdə dərs deyir.
Azadxan istedadlı bir gəncdir. O ixtisasca tar sinifini bitirsə də, sazda da mükəmməl ifa edir. O, həm də gitarada və türk sazında da ifa etməyi yaxşı bacarır. Bu gün istedadı ilə, özünün dediyi kimi, parlamasa da, Azadxan xüsusi qabiliyyətinə görə uşaqlıqdan ətrafına işıq salmağı bacarıb. Elə ona görə də, hələ orta məktəb illərində Turkiyədə musiqi yarışmalarında iştirak edərək uğurlar qazanıb. Bu barədə isə bizə Vəsilə Möhsümova məlumat verir.
Vəsilə xanım deyir ki, Azadxanın istedadlı bir uşaq kimi meydana çıxması 2014-cü ildə “Qarabağın səsi” adlı layihə ilə bağlıdır. Təkamül və İnteqrasiya ictimai Birliyinin Yunis Əmrə İnstitutu ilə birgə həyata keçirdiyi bu layihə o vaxt Qarabağdan olan istedadlı uşaqları aşkar etmək məqsədi daşıyırdı: “Bunun üçün o vaxt biz ən ucqar bölgələrimizə qədər gedib köçkün düşərgələrində istedadlı uşaqları axtarırdıq. Bir dəfə də Füzuliyə getdik. Yay aylarında az qala 40 dərəcə istidə Sabirabad, Saatlı rayonlarından sonra beləcə Füzuliyə gəldik. İndiyə qədər rast gəldiyimiz uşaqlar xüsusilə muğama həvəsi olanlar idi. Düşündüm ki, niyə bu uşaqlar arasında bircə nəfər də saz çalan olmasın. Fikrimi orada paylaşdıqdan sonra öyrəndim ki, Azadxan adında belə bir saz çalan uşaq var. Amma o qonşu kənddən yarım saata gələr. Hamı artıq yorulmuşdu və seçimini edib geri dönmək ərəfəsindəydi. Onlardan xahiş etdim ki, bir az səbr edək. Təxminən 20 dəqiqədən sonra bir də gördük balaca, özü kimi, bu istidə uzunqol paltarı da qapqara olan bir oğlan gəlir. Sazı özündən böyük idi. Azadxanı ilk gördüyümdə, düzü, onun bu qədər istedadlı olacağına inanmadım. Ancaq onun saza elə ilk toxunuşundan axtardığımı tapdığımı düşündüm…”
Beləliklə, 12 yaşlı Azadxanın yoluna işıq düşür. O, bu layihə çərçivəsində əvvəlcə Milli Konservatoriyada keçirilən Qala konsertində iştirak edir. Sonra isə Türkiyədə uşaqlar üçün keçirilən müsabiqələrdə iştirak edərək uğurlar qazanır. O, qardaş ölkədəki yay düşərgələrində olur və öz ifası ilə dinləyicilərini heyran edir. Vəsilə xanım deyir ki, Azadxanla bax, belə tanış olmuşuq…
Bu gün isə istedadlı gəncimiz öz sazını, yeri gələndə, gitarasını bağrına basaraq azad torpaqlarımızda keçirilən el şənliklərində iştirak edərək, bu tədbirlərə ayrıca bir rəng qatır. Ancaq o yalnız öz sənəti ilə məşğul olmur. Artıq 4-cü ildir ki, ANAMA-da çalışır. Deyir ki, bu işi təkcə maddi vəziyyətinə görə qəbul etməyib. Həm də ona görə bu işi seçib ki, o da Vətən qarşısında hər hansı bir borcunu yerinə yetirsin, işi, əməli ilə dogma Qarabağa öz töhfəsini versin.
Azadxan bir gənc kimi 44 günlük Vətən Müharibəsində qazandığımız böyük Zəfərdən qürur duyur və müharibədə iştirak edə bilmədiyi üçün bu gün dogma yurdu naminə əlindən gələni etməyə çalışır. “Mən də istərdim ki, yeraltı dümənlərimizi məhv edim”, - deyən musiqiçi inanırıq ki, istedadı ilə daha böyük səhnələrdə çıxış edəcək və öz layiq olduğu qiymətini alacaq.
“Ədəbiyyat və incəsənət”
(28.08.2026)
Həm çarizmin, həm Stalin repressiyasının məhbusu olmuş Əli Abbas Müznib
Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan Yazıçılar Birliyinin üzvü Əliabbas Müznib 1883-cü ildə Azərbaycanın Bakı şəhərində doğulub. İbtidai təhsilini mədrəsədə alıb, ərəb-fars dillərini mükəmməl öyrənib. "Zənbur", "Səhabi saqib", "Babayi-Əmir" və s. jurnalların nasiri və redaktoru kimi jurnalistlik fəaliyyəti ilə tanınıb. "Yusif və Züleyxa", "Tikan kolu", "Nəsrəddin məzhəkələri", "Aşıq Pəri və müasirləri" və s. kitabların müəllifi olub.
Müznib də bir çox yazıçı və şair çağdaşları kimi ədəbiyyat və mətbuat aləminə 1905-ci ilin Rus qiyamından sonra (tarixə Qanlı bazar günü kimi düşüb-red.) gəlib və iti qələm, üsyankar ruhu, milliyyətçi və Türkçü inancları ilə, qısa zamanda ədəbi dairələrdə böyük maraq toplayıb. O, ilk əvvəl, mollaxanada təhsil alıb, bir müddət də rus-tatar (Azərbaycan) məktəbində davam edib. Fars və rus dillərini, Türk tarixinə və İslam mədəniyyətinə dair geniş məlumatlarını şəxsi mütaliə yolu ilə əldə edib və bu mövzularda dövrünün məlumatlı şəxsiyyətlərindən biri kimi tanınıb.
İlk şeirlərini 1907-ci ildən başlayaraq "Təzə Həyat", "İttifaq", "Zənbur" kimi qəzet və jurnallarda nəşr etdirən Əliabbas Müznib, qısa bir müddət sonra, 1910-cu ildə "Hilal" adlı bir qəzet nəşr etdirib, həddindən artıq tənqidçi ruhu və ifşaçılığı ilə diqqəti çəkən bu qəzetin ilk sayı hələ mətbuatda ikən müsadirə olunub. Buna səbəb Müznibin "Hökumət, ah bir insan yeyən qurd, nə pul qoyar nə bir yurd" misraları ilə başlayan şeiri olub.
Rəsmi dairələrdən icazəsiz nəşr etdiyi ikinci sayda isə, Müznib milli gəncliyi, öz haqqını tələb etməməsi baxımından günahlandıraraq belə yazıb: "Namusu qatı, garet etməklə qazanmaq olmaz, bəlkə hüquqi-vətən yolunda ölməklə olar. Görürsünüzmü, ata babadan qalan torpağımız zalımın çoxluğundan bir taxta pul mənasmda olmuş; bu gün səhər kark olmaqla məhv nabud olmadığımız dəxi mühekkek olmuştur … geyretli cavanlarımız; namuslu olmadığınız biri birinizi öldürməklə olmaz, o binamusluğdur. Əlimizdən gedən ihtiyaratm istirdadına çalımaxla sübut olunabiler”.
“Hilal" 1911-ci ilin ilk aylarında bağlanır. Şa-irin yayınlamağa başladığı "Şihab-sağıb" dərgisinin də aqibəti eyni olar. 1911-də Müznib hökumətə istiqamətli yazılarından ötəri, əvvəl qısa müddət üçün həbs olunub və günahlandırılıb. Daha sonra isə, çar hökuməti tərəfindən ömür boyu Sibirə sürgün edilib.
Sovet rejimi dövründə şair azad edilib, bir müddət - 1920–1926-cı illərdə yenə mətbuatda çalışıb. Amma, burada ona hər zaman millətçilik sahəsində köhnə yazdıqları xatırladılıb və nəhayət, 1926-cı ildə, erkən yaşda təqaüdə ayrılmağa məcbur edilib. Türkçü və milliyyətçi olduğu iddia edildiyi üçün Müznib Sovet dövründə də, Çar dövründə olduğu kimi təzyiq və reaksiyalara məruz qalıb.
20 ilini mətbuatda çalışan Müznib 1926-cı ildə 44 yaşında mətbuatdan ayrılıb, siyasətdən tam uzaqlaşıb və ədəbiyyat araşdırmaçılığı ilə məşğul olub. 1927–1937-ci illərdə XIX–XX əsr Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən ibarət olan on kitab yayımlayıb. Bütün bu əsərləri özü yığıb, onlara geniş ön söz, bioqrafiya və şərhlər əlavə edib.
1937-ci ildə yenidən həbs olunan Müznib milliyyətçiliklə və pantürkizmdə ittiham edilib və ölüm cəzasına məhkum edilib. Son zamanlarda ortaya çıxan sənədlər Əli Abbas Müznibin 27 avqust 1937-ci ildə güllələndiyini açıqlayır.
1956-da dövlət tərəfindən təqsirsizliyi etiraf edilib, ölümündən sonra bəraət alan Müznibin əsərləri, hələ ki, toplanıb nəşr olunmayıb, yaradıcılığı tədqiq edilməyib. Kimi gözləyirik, bilən də yoxdur.
Ünlü şəxsiyyət 1938-ci ildə Bakıda vəfat edib.
Əsərləri
1. Uşaqlara ibrət
2. Hürriyyəti-bəşəriyyə
3. Əməl çiçəyi
4. Çəkməsilən
5. Dərvişi-Kəhkəşan
6. İstər ağla, istər gül
7. Ürək yanğısı
Tərcümələri
1. Molla Nəsrəddin məzhəkəsi
2. Əlifleyla
3. Muxtarnamə
4. İsfahanlı Hacıbabanın sahineyi-həyatı
5. Əmir Əbdürrəhman xan. Əfqan tarixi
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.08.2026)
Dünya, qapını aç, aç, çıxım gedim
Könül Əliyeva
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bir zamanlar Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, Respublikanın əməkdar incəsənət xadimi Məmməd Alim var idi bu dünyada.
Gəncə ədəbi mühitinin dəyərli nümayəndəsi, qiymətli imzası idi.
Düz 12 il bundan əqdəm, 28 avqust 2014-cü ildə onu itirdik. Özündən sonra kitabları, bir də xatirəsi qaldı…
Bu günkü anım günündə onu hörmətlə anırıq. “Allah rəhmət eləsin!” deyirik.
Şair 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinə sədrlik edib. Məmməd Alimin 20-yə qədər kitabı işıq üzü gorüb. Bundan başqa onun dünya ədəbiyyatından tərcümələri də çoxdur. İlk kitabı olan “Ürəyimin şəkli” 1979-cu ildə 30 yaşı olarkən dərc edilib.
2007-ci ildə onun haqqında "Yuva qurdum söz içində. Məmməd Alim" adlı sənədli film çəkilib. Həmin ekran əsərində şairin bütün yaradıcılığı, şeirlərinin yaranma tarixcəsi öz əksini tapıb.
Onun ən məşhur şeiri isə "Dünya, qapını aç, aç çıxım gedim" şeiridir ki, bu çeiri də bu anım günündə oxuculara təqdim etməyi borc bilirik.
Könlümə bir yuva yapa bilmədim,
Başımı daşına çırpa bilmədim,
Qapın hayandadı... tapa bilmədim.
Dünya, qapını aç, aç çıxım gedim.
Kimsə çağırıbdı, haya gəlmişəm,
Qəlbi, ruhu təmiz - saya gəlmişəm
Bilmədim ki, toya, vaya gəlmişəm
Dünya, qapını aç, aç, çıxım gedim.
Bəndənin tanrıya ərki çatışmır.
Səhvləri sərməyə sərgi çatışmır.
Ürəklərdə təkcə sevgi çatışmır.
Dünya, qapını aç, aç çıxım gedim.
Ürəyim illərdən əsim-əsimdi,
Qulağına çatan quru səsimdi,
Qonağın olduğum illər bəsimdi,
Dünya, qapını aç, aç çıxım gedim.
Göydə şimşəyinə dönüb çaxmaram.
Yerdə bulağınla qoşa axmaram.
Vallah, bircə yol da geri baxmaram.
Dünya, qapını aç, aç çıxım gedim.
Yenidən boşalıb, dolmaq çətinmiş.
Bir dində, bir donda qalmaq çətinmiş.
Zəmanə adamı olmaq çətinmiş,
Dünya, qapını aç, aç çıxım gedim.
İnsanıq, ağacıq, quşuq, böcəyik,
Tapılmaz tapmaca, sir, bilməcəyik.
Onsuz da nə vaxtsa görüşəcəyik.
Dünya, qapını aç, aç çıxım gedim…
Ömrümün sonuna söz sələmim var,
Başdaşım olacaq bir qələmim var,
Axı, burda mənim nə ölümüm var
Dünya, qapını aç, aç çıxım gedim.
Bəli, həqiqətən də şairin özünə başdaşı olacaq bir qələmi vardı, bu qələmlə bu cür gözəl şeirlər yaratdı.
Nə deyək. O dünyası gözəl olsun!
“Ədəbiyyat və incəsənət”
(28.08.2026)
Ədəbiyyatımızın ögey balası Əlibala Hacızadə
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Tqəvim şöbəsi
Deyirdi ki:- “”Vəfalım mənim” romanımın üstündə başım çox cəncəllər çəkdi. Kitabın içindəki obrazlar canlı şəkildə qarşıma çıxdılar. Məni öldürməyə, işdən qovmağa çalışdılar. Bir dəfə işdən çıxartdılar, yenə mübarizə aparıb öz işimə qayıtdım. Axırda gördülər mümkün deyil, baş elmi işçilikdən məni çıxarıb kiçik elmi işçi elədilər. Maaşım 320 manat idi, elədilər 145 manat. Dedilər, get buradan. Dedim, heç yana gedən deyiləm. Dedim, “Mən yetim oğlan olmuşam. Pendir-çörək yemişəm. Pendir-çörəklə də uşaqlarımı saxlayacağam, amma sənətimi və iş yerimi dəyişməyəcəyəm”. Zaman keçdi, o mənə haqsızlıq edənlərin hamısı gözümün qabağında tut kimi tökülüb getdilər.”
Qəribə adam idi. Ömrü boyu haqsızlıq, ədalətsizliklə üz-üzə qalsa da ruhdan düşmür, yazıb yaradırdı…
“Hələ uzun illər bundan əvvəl demişdim ki, mən ədəbiyyatımızın ögey balasıyam. O zaman mənim bacarığımdan istifadə olunmayıb. Uzun müddət adım qara siyahıda olub. Mənim stolum, mənim səngərimdir. Elə adamam ki, çağırılan yerə ərinmirəm, çağırılmayan yerdə görünmürəm. İndi-indi tədbirlərə dəvət eləyirlər. İnanın ki, üçüncü kursu bitirənə kimi Bakı kimi küləkli şəhərdə pencəkdə oxumuşam. Aldığım təqaüdün yarısını ev kirayəsinə ödəmişəm.”- söyləyirdi.
O, Azərbaycan ədəbiyyatı tarixində ən çox tirajla çap olunan müəlliflərdən biri olub. Bir vaxtlar elə bir ev tapılmazdı ki, onun “İtgin gəlin” kitabı həmin ailədə olmasın. Söhbət 1935-ci il, avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olan yazıçı Əlibala Hacızadədən gedir…
Deyirdi ki:- “Ədəbiyyat aləmi müqəddəs bir aləmdir və əbədiyyət adlı bir dünyaya uzanan bir çox yolların ən gözəli, şirini və əzablısıdı. Mən ömrümün böyük bir hissəsini burada – müqəddəs saydığım bu dünyanın içində yaşamışam. Onun paklğını, müqəddəsliyini bildiyim üçün, o aləmin qapısı ağzında ayaqqabılarımı təmizləyib içəri girmişəm, bilmişəm ki, o saf, şəffaf dəniz kimi, natəmiz şeyləri qəbul etmir, silkinib-çırpınıb gec-tez sahilə atır…”
Bəli, Əlibala Hacızadə bu fani dünyada belə bir ömür sürüb. Əməlləri ilə Allahın nə qədər xoşuna gəldiyi isə axirətdə məlum olacaq. Axı, deyirlər ki, bu dünyada Allaha inamıyla, imanıyla yaşayanları, o dünyada mükafat gözləyir…
Yaşasaydı, bu gün - avqustun 28-i 91 yaşı tamam olacaqdı. On altı il bundan öncə Allahın ölüm mələyi Əzrailə qoşulub əbədi dünyaya getdi. Bu dünyada ədəbiyyatımızın ögey balası olsa da, o dünyada sorğu-sualı asan, mənzili cənnətdə olsun!
“Ədəbiyyat və incəsənət”
(28.08.2026)
Andrey Platonov – fəlsəfi prozanın mükəmməl imzası
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Rus ədəbiyyatının dünya çapında tanınan klassikləri – Tolstoy və Dostoyevski kimi nəhəng imzalarla yanaşı yeni dövr imzaları – Mixail Bulqakov və Andrey Platonov da özləri barədə ad eləməyi bacarmışlar.
Andrey Platonov (əsl adı Andrey Platonoviç Klimentov, 1899–1951) — XX əsr rus ədəbiyyatının ən özünəməxsus və fəlsəfi yazıçılarından biridir. Andrey Platonov 1 sentyabr 1899-cu ildə Voronej quberniyasında fəhlə ailəsində anadan olub. Atası dəmiryolunda işləyib.
Platonov uşaqlıqdan zəhmət və yoxsulluq mühitində böyüdüyündən, sonralar əsərlərində sadə insanların həyatına, əməyə, aclığa və sosial dəyişikliklərin insan taleyinə təsirinə xüsusi yer verib.
Gənc yaşlarından yazmağa başlayıb. Eyni zamanda mühəndis kimi çalışıb, müxtəlif texniki layihələrdə iştirak edib. Elektrikləşmə, su təsərrüfatı və kənd təsərrüfatı layihələri ilə də məşğul olub. Onun üçün texniki tərəqqi və insanın mənəvi dünyası həmişə bir-biri ilə əlaqəli idi.
Əsas əsərləri
1. «Çevenqur» — inqilabdan sonrakı Rusiyanın mürəkkəb mənzərəsini əks etdirən fəlsəfi roman.
2. «Kotlovan» («Xəndək») — kollektivləşmə və böyük sosial layihələr fonunda insanın mənəvi boşluğunu təsvir edən əsər.
3. «Can» («Джан») — insanın həyat, sevgi və məna axtarışını əks etdirən fəlsəfi povest.
4. «Qayıdış» — müharibədən evə dönən insanın ailəsinə və əvvəlki həyatına yenidən uyğunlaşmaq çətinliyindən bəhs edən güclü hekayə.
5. «Gözəl və qəzəbli dünyada»
6. «Şübhəli Makar»
7. «Üçüncü oğul»
«Kotlovan» — ən mühüm əsərlərindən biri
«Kotlovan» Platonovun yaradıcılığının ən mürəkkəb əsərlərindən sayılır. Əsərdə insanların böyük və möhtəşəm gələcək qurmaq arzusu ilə fərdin həyatı və mənəvi ehtiyacları arasındakı ziddiyyət göstərilir. Əsərin qəhrəmanları böyük bir tikinti üçün nəhəng xəndək qazırlar. Lakin getdikcə məlum olur ki, onların qurduğu dünya insanlara xoşbəxtlik gətirmək əvəzinə, onları mənəvi cəhətdən boşaldır.
Platonov burada sadəcə siyasi hadisələri təsvir etmir. Onun əsas sualı daha dərindir:
İnsan naminə qurulan bir gələcək insanın özünü məhv edirsə, həmin gələcəyin mənası nədir?
«Çevenqur»
«Çevenqur» Platonovun ən məşhur romanlarından biridir. Əsərdə inqilabdan sonrakı dövrün insanları və onların yeni cəmiyyət yaratmaq cəhdləri təsvir olunur. Platonovun dili burada xüsusilə fərqlidir. O, bəzən sadə və gündəlik sözləri elə bir şəkildə birləşdirir ki, adi cümlə fəlsəfi məna qazanır.
Yaradıcılığının əsas xüsusiyyətləri
Platonovun əsərlərində tez-tez:
insan və sistem,
əmək və yoxsulluq,
ümid və ümidsizlik,
texniki tərəqqi və mənəviyyat,
sevgi və tənhalıq,
ölüm və həyatın mənası
qarşı-qarşıya qoyulur.
Onun qəhrəmanları çox vaxt sadə insanlardır. Lakin bu sadə insanların düşüncələri vasitəsilə Platonov insanlığın ən böyük suallarını araşdırıb.
Platonovun dili
Onu digər yazıçılardan fərqləndirən ən mühüm cəhətlərdən biri özünəməxsus dilidir. Platonov bəzən sözləri qeyri-adi şəkildə birləşdirir, rəsmi-siyasi ifadələri xalq danışığı ilə qarışdırıb. Nəticədə həm qəribə, həm də dərin fəlsəfi təsir yaradan bir üslub meydana gəlib. Bu səbəbdən Platonovu oxumaq ilk baxışda asan deyil. Onun cümlələrinin arxasında çox vaxt ikinci, hətta üçüncü məna qatı dayanıb.
Həyatının son illəri
Platonovun əsərlərinin bir hissəsi sovet dövründə ciddi senzura ilə qarşılaşıb. Xüsusilə «Çevenqur» və «Kotlovan» kimi əsərləri onun sağlığında tam şəkildə nəşr olunmayıb. İkinci Dünya müharibəsi illərində hərbi müxbir kimi fəaliyyət göstərib. Müharibədən sonra da yazmağa davam edib. Platonov 5 yanvar 1951-ci ildə Moskvada vəfat edib.
Ədəbiyyatda yeri
Bu gün Andrey Platonov XX əsr rus ədəbiyyatının ən dərin, mürəkkəb və orijinal yazıçılarından biri hesab olunur. Onun yaradıcılığı yalnız sovet dövrünün hadisələrini öyrənmək üçün deyil, insanın cəmiyyət, ideologiya, texnologiya və öz taleyi qarşısındakı vəziyyətini anlamaq üçün də böyük əhəmiyyət daşıyır. Platonov haqqında ən sərrast ifadələrdən biri belə ola bilər:
Platonov insanın daha yaxşı dünya qurmaq arzusunun özünü necə sınağa çəkdiyini yazırdı.
“Ədəbiyyat və incəsənət”
(28.08.2026)
Gizləmək lazım deyil, dövr belə idi
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Aktyor Nazir Əliyevin yaradıcılıq yolundan danışanda adətən 1969-cu ildə A. Papayanın "Bəli, dünya dəyişib" komediyasında Sərdar Sərdaroviç rollunda oynamasını gizləyirlər. Niyə? Çünki Papayan erməni dramaturqudur. Amma bu yanlış addımdır. Sovetlər dönəmində, xüsusən millətçiliyin qadağan olunduğu, qardaş 15 respublika birliyi cövlan etdiyi şəraitdə bu hal adi hal idi, niyə gizlədilsin ki?
Nazir Kərim oğlu Əliyev 29 mart 1946-cı ildə Lənkəranın Liman şəhərində doğulub. 1964-cü ildə orta məktəbi bitirdikdən sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə professor Rza Təhmasibin kursuna daxil olub.
1968-ci ildə institutu bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrına işləməyə təyin olunub. Bu teatrda M. F. Axundovun "Müsyo Jordan və Dərviş məstəli şah" komediyası göstərilib. N. Əliyev Qulaməli rolunu ifa edib. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Samuel, C. Cabbarlının "Sevil" pyesinin tamaşasında Babakişi rolunda çıxış edib.
1970-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təyinatı ilə C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına aktyor təyin olunub. Naxçıvan teatrında iyirmidən artıq müxtəlif tamaşalarda rollar oynayıb.
O cümlədən rejisyor N. Sadıqzadənin hazırladığı İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşasında Savalan, S. Mixalkovun "Vəhşilər" tamaşa- sında Stepa. B. Vahabzadənin "Yağışdan sonra" əsərində Rüstəm, H. Razinin " Arxalı dağlar" əsərində Ayı Səftər, Ə. Yusiflinin " Qara kağıza muştuluq" əsərində Heybət, M. Tarıverdiyevin " Qəmküsər" faciəsində Əliqulu Qəmküsər rollarını oynayıb.
Georgi Xuqayevin "Arvadının əri" komediyasında Kazbek, Əziz Nesinin " Toros canavarı" əsərində Duman Osman, Lope de Veqanın " Nə yardan doyur, nə əldən qoyur" komediyasında Markiz Rikardo. Bu rollar Naxçıvan teatrının səhnəsində Nazirin müvəfəqiyyətli yaradıcılıq məhsulu hesab edilə bilər. " Şərq qapısı" qəzetində Hüseyn Razi yazıb:” Nazirin oyununa baxdıqca hiss edirəm ki, yaxşı ifacılara ehtiyacı olan teatrımıza istedad gəlmişdir”.
1975-ci ilin mart ayında Nazir N. B Vəzirov adına Lənkəran Dövlət Dram teatrına dəvət olunur. Lənkəran teatrında işlədiyi doqquz il ərzində 40-dan çox tamaşada müxtəlif rollar oynayıb. Onun yaradıcılığının tam bütöv kamillik dövrü məhz Lənkəran teatrının səhnəsində başlayıb. Azərbaycan dramaturgiyasının ən nümunəvi əsərlərində, həmçinin rus klassikası və Qərbi Avropa dramaturqlarının əsərlərində Nazir Əliyev müxtəlif janrlı və xarakterli rollar oynayıb:
M. F. Axundovun " Sərgüzəşti vəziri xan – Lənkəran" komediyasında Vəzir, M. İbrahimov " Kəndçi qızı" Alımov, Y. Qaşek "Soldat Şveykin macəraları" Şveyk, V. Şekspir " Qış nağılı"-Qoca Lombardi, A. N. Ostrovski "Tufan " Tixon, Ə. Haqverdiyev "Dağılan tifaq", S. Vurğunun "Vaqif" Şeyx Alı, S. Rəhman "Toy" Kərəmov, C. Məmmədquluzadə "Ölülər" Şeyx Nəsrullah.
C. Yusifzadə "Səhər qatarı" Kök kişi, M. F. Axundov "Xırs quldurbasan" Divanbəyi, V. S. Vişnevski "Nikbin faciə" Başçı, İ. Əfəndiyev " Unuda bilmirəm" Kərəm dayı, A. Safronov "Yerin cazibəsi" general Beladed, İsa Hüseynov "Bir kişi vardı" Mədəd kişi, N. B. Vəzirov "Hacı Qəmbər" Qıdı xirvə.
1988-ci ildə Nazir Əliyev Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor işləmək üçün dəvət olunub.
Oradakı rolları:
1. Seyran Səxavət "Qızıl teşt" Kamil.
2. Vaqif Səmədoğlu " Yayda qartopu oyunu" Bahadur.
3. İ. Əfəndiyev " Sevgililərin cəhənnəmdə vüsalı" Cabbar. və.s.
Mükafatları:
Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti səmərəli fəaliyyətinizə qazandığınız istehsal müvəffəqiyətlərinə görə və Naxçıvan MSSR-nin yaradılmasının əlli illiyi ilə əlaqədar olaraq 1974-cü il 4 oktyabr tarixli fərmanı ilə sizi Azərbaycan SSR Ali Soveti Fəxri fərmanı ilə təltif edib.
Azərbaycan Sovet Sosialist Respublikası Ali sovetinin Rəyasət heyəti 1979-cu il 2 aprel fərmanıyla Sovet Azərbaycan Teatr sənətinin inkişafında xidmətlərinə görə Nazir Kərim oğlu Əliyev yoldaşı Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri fərmanı ilə təltif edib.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti Azərbaycan Sovet teatr sənətinin inkişafında xidmətlərinə görə Nazir Kərim oğlu Əliyevə 1 dekabr 1982-ci il tarixli fərmanla Azərbaycan SSR əməkdar artisti fəxri adı verilib.
Filmoqrafiya
- 777 №-li iş (film, 1992)
- Fəryad (film, 1993)
- Güzgü (film, 1990)(II)
- Həm ziyarət, həm ticarət... (film, 1995)
- İşarəni dənizdən gözləyin (film, 1986)
- Qəzəlxan (film, 1991)
- Mənim ağ şəhərim (film, 1993)
- O dünyadan salam (film, 1991)
- Pəncərə (film, 1991)
- Şahid qız (film, 1990)
- Şeytan göz qabağında (film, 1987)
- Ürək yaman şeydir... (film, 1992)
Akademik Milli Dram Teatrında işdən çıxandan sonra sənəti tərk edərək ömrünün sonuna kimi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayıb. Nazir Kərim oğlu Əliyev 1997-ci il avqustun 28-də avqusta Dubay şəhərində vəfat edib, doğulduğu Liman şəhərində dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.08.2026)
Rəssam ailəsinin musiqiçisi
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
İrsən keçən sənət…
Yazıçı övladının yazıçı, bəstəkar övladının bəstəkar, müğənni övladının müğənni, rəssam övladının rəssam olması tez-tez rast gəlinən mənzərədir. Amma bəzən sənət yox, irsən keçən incəsənətə bağlılıq olur. Yəni valideyin bir sənətdə təmsil olunursa, övlada aşılanan incəsənət sevgisi onu başqa sənətə aparıb çıxarır. Elə təqdim edəcəyimiz bu nümunədə olduğu kimi.
Rəna İsmayılova 28 avqust 1950-ci ildə Bakıda rəssam ailəsində anadan olub. O, uşaqlıqdan pianoda ifa etməyə başlayıb və ilk musiqi müəllimi bacısı Zemfira Qafarova olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano üzrə təhsilini başa vurduqdan sonra 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Tarix-nəzəriyyə fakültəsinə daxil olub.
Buradakı təhsilinin birinci kursundan başlayaraq fortepiano ilə yanaşı orqanda da ifa etməyə başlayıb, üçüncü kursda isə oxuduğu fakültəni dəyişərək fortepiano üzrə fəaliyyətini davam etdirib, 1974-cü ildə buranı fortepiano və orqan ixtisasları üzrə bitirib. Təhsilini başa vurduqdan sonra Musiqili Komediya Teatrı və Sumqayıt Musiqi Texnikumunda işləməyə başlayıb.
1977-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə pianoçu-konsertmeyster işləyən Rəna İsmayılova 1983-cü ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının assistenturasına daxil olaraq 3 il təhsilini burada davam etdirib. Burada o, professor Leonid Royzmandan dərs alıb.
1987-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında "Orqan və klavesin" kafedrasında əvvəlcə baş müəllim, sonra dosent olaraq çalışan Rəna İsmayılovanın redaktorluğu altında ilk dəfə "Azərbaycan bəstəkarlarının orqan musiqisi" adlı ikicildlik not məcmuəsi işıq üzü görüb. Rəna İsmayılova hazırda Almaniyada yaşayır.
Burada onun dəfələrlə rəsmi konsertləri olub, kilsələrdə ifa edib. O, həmçinin alman, fin, norveç, fransız, ingilis musiqi gecələrinin, "Orqan dünən və bu gün" adlı silsilə konsertlərin təşkilatçısı və iştirakçısı olub. "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(28.08.2026)
Habil Yaşarın essesi “Black Petals” jurnalında nəşr olunub
Nigar Həsənzadə,
"Ədəbiyyat və incəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycanlı yazıçı, “Ədəbiyyat və incəsənət” portalının əməkdaşıHabilYaşarın “WritingaNovelIsSomethingBeyondHorror...” — “Romanyazmaqdəhşətin ötəsində bir şeydir” adlı essesiAmerikanınədəbiyyatjurnallarındanbiriolan “BlackPetals” jurnalındaişıq üzü görüb.
Ədəbi yaradıcılığın mürəkkəbliyindən, roman yazma prosesinin müəllif üçün yaratdığı daxili dünyadan və yazıçının yaradıcılıq yolunda qarşılaşdığı çətinliklərdən bəhs edən esse Habil Yaşarın ədəbiyyata fərqli baxışını ortaya qoyur.
Əsərin ABŞ-də fəaliyyət göstərən ədəbiyyat nəşrində dərc olunması müəllifin yaradıcılığının beynəlxalq ədəbi mühitdə təqdim olunması baxımından diqqətəlayiq hadisədir.
“Ədəbiyyat və incəsənət”
(28.08.2026)


