Rəssam ailəsinin musiqiçisi Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

İrsən keçən sənət…

Yazıçı övladının yazıçı, bəstəkar övladının bəstəkar, müğənni övladının müğənni, rəssam övladının rəssam olması tez-tez rast gəlinən mənzərədir. Amma bəzən sənət yox, irsən keçən incəsənətə bağlılıq olur. Yəni valideyin bir sənətdə təmsil olunursa, övlada aşılanan incəsənət sevgisi onu başqa sənətə aparıb çıxarır. Elə təqdim edəcəyimiz bu nümunədə olduğu kimi.

 

Rəna İsmayılova 28 avqust 1950-ci ildə Bakıda rəssam ailəsində anadan olub. O, uşaqlıqdan pianoda ifa etməyə başlayıb və ilk musiqi müəllimi bacısı Zemfira Qafarova olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano üzrə təhsilini başa vurduqdan sonra 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Tarix-nəzəriyyə fakültəsinə daxil olub.

Buradakı təhsilinin birinci kursundan başlayaraq fortepiano ilə yanaşı orqanda da ifa etməyə başlayıb, üçüncü kursda isə oxuduğu fakültəni dəyişərək fortepiano üzrə fəaliyyətini davam etdirib, 1974-cü ildə buranı fortepiano və orqan ixtisasları üzrə bitirib. Təhsilini başa vurduqdan sonra Musiqili Komediya Teatrı və Sumqayıt Musiqi Texnikumunda işləməyə başlayıb.

1977-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə pianoçu-konsertmeyster işləyən Rəna İsmayılova 1983-cü ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının assistenturasına daxil olaraq 3 il təhsilini burada davam etdirib. Burada o, professor Leonid Royzmandan dərs alıb.

1987-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında "Orqan və klavesin" kafedrasında əvvəlcə baş müəllim, sonra dosent olaraq çalışan Rəna İsmayılovanın redaktorluğu altında ilk dəfə "Azərbaycan bəstəkarlarının orqan musiqisi" adlı ikicildlik not məcmuəsi işıq üzü görüb. Rəna İsmayılova hazırda Almaniyada yaşayır.

 Burada onun dəfələrlə rəsmi konsertləri olub, kilsələrdə ifa edib. O, həmçinin alman, fin, norveç, fransız, ingilis musiqi gecələrinin, "Orqan dünən və bu gün" adlı silsilə konsertlərin təşkilatçısı və iştirakçısı olub. "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.