Super User
Həftənin film seçimi – “Kazablanka”
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Kazablanka (1942)
Rejissor: Maykl Körtiz
Əsas aktyorlar: Hamfri Boqart (Rik Bleyne), İnqrid Berqman (Ilsa Lund), Pol Henreid (Viktor Lazlo)
Janr: Romantik dram / Müharibə
Çəkilmə ili: 1942
Çəkildiyi ölkə: ABŞ
Film haqqında ətraflı məlumat
“Kazablanka” II Dünya Müharibəsi fonunda Morokko şəhərində yerləşən məşhur kafeni idarə edən Rik Bleyne ilə keçmiş sevgilisi Ilsa Lund arasındakı hekayəni izah edir. Film romantik dramın ən incə nümunələrindən biri olmaqla yanaşı, həm də müharibənin insanlar üzərində yaratdığı psixoloji və sosial təsirləri göstərir.
Rik Bleyne kafeni həm qaçqınlar, həm də diplomatik nümayəndələr üçün təhlükəsiz sığınacaq kimi idarə edir. Film boyunca Rik şəxsi hissləri ilə ictimai məsuliyyət arasında seçim etmək məcburiyyətində qalır. Onun Ilsa ilə yenidən qarşılaşması romantik gərginliyi maksimuma çatdırır, eyni zamanda tamaşaçıya insanlığın, qurbanın və azadlığın vacibliyini göstərir.
Film həmçinin Hamfri Boqart və İnqrid Berqman arasındakı ekran kimyası ilə yadda qalır. Onların dialoqları və səhnələri kino tarixində ikonik səhnələrə çevrilib. Pol Henreid Viktor Lazlo rolunda diplomatik intriqaları göstərir, hekayəyə əlavə dramatik gərginlik qatır.
Maraqlı faktlar və kino tarixi
Film 8 Oskar nominasiya alıb, 3-də qalib olub: Ən Yaxşı Film, Ən Yaxşı Rejissor və Ən Yaxşı Adaptasiya olunmuş ssenari.
Kazablanka şəhəri əslində Hollywood studiyasında yaradılıb, amma detallar o qədər realdır ki, tamaşaçı gerçək şəhər təsiri alır.
Film müharibə dövründə çəkildiyi üçün, istehsal zamanı bir çox ssenari dəyişiklikləri ABŞ və Avropa kino auditoriyasının gözləntilərinə uyğun edilib.
Film tənqidçilər tərəfindən romantik-dram janrının zirvəsi hesab edilir və illər sonra belə təsirini qoruyub saxlayır.
Mədəni və fəlsəfi dəyər
“Kazablanka” yalnız romantik film deyil, həm də insanlıq, qurban, məsuliyyət və azadlıq kimi universal mövzuları araşdırır. Film göstərir ki, bəzən şəxsi xoşbəxtlik ictimai və mənəvi məsuliyyət qarşısında ikinci planda qalmalıdır.
Tövsiyə:
Romantik-dram janrını sevənlər üçün əvəzsiz klassik. Bu film həm kino tarixini öyrənmək, həm də dərin emosional təcrübə yaşamaq üçün mükəmməldir.
“Ədəbiyyat və incəsənət”
(26.12.2025)
İllərin qovuşuğu: itirdiklərim, qazandıqlarım və məni mən edən yol
Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət” üçün
İllərin qovuşuğu mənim üçün təqvimdəki bir dəyişiklik deyil. Bu, zamanın bir anlıq dayanıb insana geriyə baxmaq fürsəti verdiyi səssiz bir məqamdır. Keçmişlə gələcək arasında qaldığın o incə nöqtə. Burada nə özünü aldatmaq olur, nə də yaşananları görməməzliyə vurmaq. Çünki illər yalanı sevmir — yalnız həqiqəti saxlayır.
Bu qovuşuqda ilk olaraq keçdiklərim gözümün önünə gəlir. Asan olmayan yollar, səbr tələb edən gözləntilər, bəzən təkbaşına verilən qərarlar. Həyat məni həmişə rahat seçimlərə aparmadı. Əksinə, çox vaxt sınaqlarla danışdı. Amma indi anlayıram ki, məhz o keşməkeşlər məni gücləndirdi. İnsanı yol yox, yolda yaşadıqları dəyişir.
Bu illər ərzində qazandıqlarım az olmadı. Ən başlıcası — insanlar. Dost adını hər kəs daşımadı, amma daşıyanlar da özlərini sözlə yox, davranışla sübut etdilər. Çətin günlərdə yanında səssizcə dayanan, uğurunda səninlə səmimi sevinən insanlar. Zaman öyrətdi ki, dostluq çoxluq deyil, dərinlik məsələsidir.
Uğurlarım da oldu. Amma onlar heç vaxt göydən düşmədi. Hər uğurun arxasında yorğunluq, tərəddüd, bəzən də inamsız baxışlar vardı. Elə anlar oldu ki, kimsə inanmadı, amma mən yoluma davam etdim. Çünki insan bəzən tək qalanda özünü daha yaxşı tanıyır. Uğur mənim üçün nəticədən çox, yolda özüm olaraq qalmaq oldu.
Və əlbəttə, illərin qovuşuğu mənə insanları də xatırlatdı — bizə nankorluqları ilə dərs verənləri. Verdiyin dəyəri adiləşdirənləri, sədaqəti zəiflik sayanları. O vaxt incitdi, susdurdu, bəlkə də dəyişdirdi. Amma indi baxanda anlayıram: onlar mənə kimlərə həddindən artıq bağlanmamağı, kimləri ürəyimdə saxlamamağı öyrətdilər. Hər itki bir az da seçim dərsidir.
Bu qovuşuq həm də barış anıdır. Keçmişdə edə bilmədiklərimlə, gecikdirdiyim sözlərlə, yarımçıq qalan cümlələrlə. Hər şey düz olmadı, amma hər şey lazım imiş. Çünki insan yalnız səhvləri ilə böyüyür, yalnız yanıldıqca dəqiqləşir.
İllərin qovuşuğu mənə bir həqiqəti aydın göstərdi:
İnsan böyüdükcə daha az danışır, daha çox anlayır.
Daha az gözləyir, amma daha çox dəyər verir.
Bu gün geriyə baxanda peşmanlıqdan çox şükür hissi var içimdə. Asan olmadı, amma mən bu yolda özümü itirmədim. İtirdiklərim oldu, amma qazandıqlarım məni daha möhkəm etdi.
Əgər bu qovuşuqda özümə bir cümlə desəm, bu olar:
“Bu illər məni sındırmadı — məni formalaşdırdı.”
Və bəlkə də insan üçün ən böyük qazanc elə budur. "Keçmişə şükür, gələcəyə dua ilə"
“Ədəbiyyat və incəsənət”
(26.12.2025)
Respublika Uşaq Kitabxanasının 60 illik yubileyi qeyd olunub
22 dekabr 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında kitabxananın yaranmasının 60 illik yubileyi qeyd olunub.
İlk öncə kitabxananın direktoru, Əməkdar Mədəniyyət işçisi Şəhla Qəmbərova Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi adından ünvanlanmış təbrik məktubunu kitabxana kollektivinin diqqətinə çatdırmışdır.
Daha sonar direktor çıxışında qeyd edib ki, Respublika Uşaq Kitabxanası təhsilə dəstək məqsədilə daim uşaqlara bilik aşılamış, oxuyan, düşünən, araşdıran nəsillərin yetişməsinə xidmət edən məktəbdən kənar təhsil müəssisəsidir. Respublika Uşaq Kitabxanası təkcə kitabların evi deyil, uşaqlığın, saf düşüncənin, gələcəyin evi olduğunu vurğulayıb.
Tədbirdə həmçinin, Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi müxtəlif layihələr və mədəniyyət tədbirləri haqqında məlumat verilib. Bu layihələr, tədbirlər, görüşlər və kitab təqdimatları uşaqların təhsilini və inkişafını dəstəkləyərək, onların mədəniyyətə olan maraqlarını artırmaq məqsədi daşıdığını diqqətə çatdırılıb.
Tədbirin növbəti hissəsində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı tərəfindən 60 illik yubiley münasibətilə uzun illər kitabxana işi sahəsində xidmətlərinə, gənc nəslin estetik tərbiyəsindəki işində səmərəli fəaliyyətinə, kollektivin ictimai həyatında fəal iştirakına görə bir qrup əməkdaş Fəxri Fərmanla təltif edilib.
Kitabxananın direktoru təltif olunan əməkdaşlara göstərdikləri xidmətlərə görə təşəkkür etmiş və onların kitabxananın fəaliyyətindəki əhəmiyyətli rolu və töhfələrini xüsusi olaraq qeyd edib. Təltif olunan əməkdaşlar da öz növbələrində göstərilən diqqət və hörmətə görə təşəkkürlərini bildirmiş və kitabxanaya və gələcək nəsillərə olan sevgi və bağlılıqlarını ifadə etmişlər.
“Ədəbiyyat və incəsənət”
(25.12.2025)
Gənclər Kitabxanasında “Xalq yazıçısı Yusif Səmədoğlu - 90” adlı elektron məlumat bazası yaradılıb
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun anadan olmasının 90 ili tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında elektron məlumat bazası yaradılıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, elektron məlumat bazasında bir sıra rəsmi sənədlərin tam mətni, yazıçının zəngin həyat və yaradıcılığı, layiq görüldüyü fəxri adlar haqqında məlumat, elm, mədəniyyət, ədəbiyyat, mətbuat sahəsinin nümayəndələrinin, ictimai-siyasi xadimlərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır.
“Xalq yazıçısı Yusif Səmədoğlu - 90” adlı bazada akademik Nizami Cəfərovun “Yusif Səmədoğlu yazımı necə itirdi”, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Yusiflinin “Doğumun və ölümün mübarək, Yusif Səmədoğlu!” kimi məqalələrin tam mətni ilə yanaşı, yazıçının qızı Humay Vəkilovanın xatirələri də yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada Yusif Səmədoğlunun müəllifi olduğu, redaktə etdiyi və haqqında qələmə alınan nəşrlərin, dövri mətbuat nümunələrinin siyahısı təqdim edilir. Elektron bazada “Səməd Vurğun haqqında”, “Dissertasiya və avtoreferatlar”, “Filmoqrafiya”, “Virtual sərgi”, “Foto və video qalereya” kimi bölmələr də mövcuddur.
“Xalq yazıçısı Yusif Səmədoğlu - 90” adlı baza kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Yusif_Semedoglu_el_melumat_bazasi/index.html yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(25.12.2025)
Azərbaycan-Britaniya peşəkarları süni intellekt mövzusunda bir araya gəlib
İngiltərənin paytaxtı Londonda Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Azərbaycan–Britaniya Peşəkarları Assosiasiyasının (AABP) təşkilatçılığı ilə “Süni intellekt və daha geniş perspektivlər: Səhiyyə, mühəndislik və elmin transformasiyası Azərbaycan–Britaniya əməkdaşlığı kontekstində” mövzusunda konfrans keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, konfransda “NICE”, “Imperial College London”, “King’s College London”, “Halliburton”, “UCLH NHS” və digər beynəlxalq qurumların nümayəndələri, eləcə də Azərbaycan Tibb Universitetinin prorektoru Məlahət Sultanova iştirak edib.
Azərbaycan–Böyük Britaniya Peşəkarları Assosiasiyasının təsisçisi və sədri, uşaq cərrahı İlhamə Cəfərli süni intellekt texnologiyalarının səhiyyə, mühəndislik və elmi-tədqiqat sahələrində innovativ yanaşmaların formalaşmasına mühüm töhfə verdiyini bildirib.
“City of London”un keçmiş Lord meri Devid Vutton çıxışında konfransın əsas məqsədlərinə toxunaraq Azərbaycan və Britaniya peşəkarları arasında əməkdaşlığın strateji əhəmiyyətini qeyd edib.
Konfrans panel müzakirələri ilə davam edib. Böyük Britaniya və Avropanın aparıcı universitetləri, tədqiqat mərkəzləri və texnologiya şirkətlərini təmsil edən mütəxəssislər süni intellektin səhiyyədə diaqnostika və müalicə proseslərinə təsiri, mühəndislik və elmdə məlumat əsaslı innovasiyalar, eləcə də rəqəmsal texnologiyaların gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıblar.
Tədbir çərçivəsində AABP ilə Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyi (AMD) və “Universal Hospital” arasında əməkdaşlıq haqqında memorandumlar imzalanıb. Bu sənədlər səhiyyə və elmi-tədqiqat sahələrində beynəlxalq əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Sonda müxtəlif sahələrdə fərqlənən iştirakçılara və tərəfdaşlara mükafatlar təqdim olunub, tədbirin uğurla keçirilməsinə töhfə verən şəxslər təltif edilib.
“Ədəbiyyat və incəsənət”
(25.12.2025)
Dünya azərbaycanlıları yenidən bir arada
Qarabağ Zəfərinin 5 illiyinin qeyd edildiyi 2025-ci il dünya azərbaycanlılarının yaddaşına qürur, birlik və milli ruh ili kimi həkk olunub. Soydaşlarımız Zəfərimizlə bağlı 81 ölkədə 100-ə yaxın tədbir təşkil etməklə Azərbaycanın onlar üçün misilsiz qürur mənbəyi olduğunu, yola saldığımız ilin tariximizin unudulmaz mərhələsinə çevrildiyini nümayiş etdiriblər.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin ənənəyə uyğun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil etdiyi “Bir olaq, həmrəy olaq!” adlı videokonfransda Zəfər ilinin ruhu hiss olunub, görüş soydaşlarımızda Vətənə olan sonsuz sevginin parlaq təzahürünə çevrilib.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, görüşdə 86 ölkədən 1000-ə yaxın soydaşımız iştirak edib.
Videokonfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin yad olunması ilə başlayıb.
DİDK sədri Fuad Muradov soydaşlarımızı salamlayıb, Prezident İlham Əliyevin həyata keçirdiyi diaspor siyasətinin uğurlu nəticələrindən danışıb, diasporumuzun 2025-ci ildə birlik və iradəsini, milli gücünü bir daha dünyaya nümayiş etdirdiyini qeyd edib.
Konfransda komitənin və Azərbaycan diasporunun 2025-ci ildəki fəaliyyətini əks etdirən videohesabat təqdim olunub, xaricdəki icmalarımızı fərqləndirən, fəaliyyətlərinə dəyər qatan layihələr barədə danışılıb. Nəzərə çatdırılıb ki, hazırda dünyanın 20 ölkəsində 31 Azərbaycan Evi, 15 Koordinasiya Şurası, yüzlərlə diaspor təşkilatı, 24 ölkədə 90-dan çox həftəsonu Azərbaycan məktəbi, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Qarabağ adlı həftəsonu məktəbləri uğurla fəaliyyət göstərir.
Soydaşlarımız Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib, dünya azərbaycanlılarına daim həssas münasibət və qayğı göstərən dövlət başçısına minnətdarlıqlarını bildirib, hər zaman Azərbaycanın və onun siyasi rəhbərliyinin yanında olduqlarını bəyan ediblər.
Çıxış edənlər dünya azərbaycanlılarının birlik və həmrəylik içində, koordinasiyalı şəkildə fəaliyyət göstərdiklərini, Zəfərin 5 iliyinin hər bir soydaşımız üçün qürurun, sevincin və milli birliyin zirvəsi olduğunu dilə gətirib, həmrəylik və sülh çağırışlarını səsləndiriblər. Dünya azərbaycanlıları 2026-cı ilin yeni ideyalar, yeni məqsədlər və yeni başlanğıclar ili olacağına ümidlərini ifadə ediblər.
Daha sonra Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfələrə, ölkəmizin beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı səmərəli işlərinə görə bir qrup diaspor üzvü “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.
Görüşdə Azərbaycan mədəniyyətini dünyada tanıtdıran diaspor üzvlərinin iştirakı ilə müxtəlif musiqi nömrələri nümayiş olunub, soydaşlarımızı birliyə, həmrəyliyə çağıran Diaspor Himni səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(25.12.2025)
Анонс нового выпуска YouTube-платформы “TurkDiscovery” Фонда тюркской культуры и наследия
«ЗНАКИ ВЕЧНОСТИ: ТЮРКСКИЙ МИР В СИМВОЛАХ»
YouTube-платформа TurkDiscovery, являющаяся одной из ведущих инициатив Фонда тюркской культуры и наследия, продолжает свою просветительскую миссию, способствуя международному продвижению материальных и духовных ценностей тюркских народов. На платформе представлены документальные фильмы и видеоролики, отражающие богатое наследие Тюркского мира.
В настоящее время Фонд работает над очередной документальной серией под названием «Знаки вечности: тюркский мир в символах».
Цель проекта - представить память тюркского мира и его общие историко-культурные корни через визуализацию древних памятников, таких как петроглифы, тамги, зооморфные изваяния, горные балбалы и рунические алфавиты. Эти архаичные формы тюркского наследия выступают носителями посланий, которые наши предки стремятся передать будущим поколениям.
Выбор съёмочного маршрута в рамках нового проекта не случаен - каждое место хранит дыхание тысячелетий, образы забытых историй и отпечатки тюркской идентичности, высеченные в камнях. География съёмок охватывает весь Тюркский мир - пространство, где древние петроглифы, сакральная архитектура, орнаменты и природные ландшафты стали носителями общего историко-культурного наследия. Каждый кадр, каждый камень и каждый символ выбраны таким образом, чтобы зритель смог ощутить живой дух тюркского наследия, его непрерывность и глубинную связь поколений.
По древним просторам тюркского мира…
Погружённые в тишину камни, забытые символы и священные знаки словно оживаютвновь – история обращается к нам.
Это – путешествие к памяти наших предков.
Возвращение к корням, сформировавшим нашу идентичность.
Призыв, ведущий нас к собственному истоку…
Совсем скоро на TurkDiscovery
Мы приглашаем вас вместе заново открыть наше общее наследие.
Ссылка на канал: www.youtube.com/@TurkDiscovery
“Ədəbiyyat və incəsənət”
(25.12.2025)
Türk Mədəniyyəti və İrsi Fondunun “TurkDiscovery” Youtube platformasının növbəti buraxılışının anonsu
“ƏBƏDİYYƏTİN NİŞANƏLƏRİ – TÜRK DÜNYASI RƏMZLƏRDƏ”
Türk Mədəniyyəti və İrsi Fondunun aparıcı təşəbbüslərindən biri olan TurkDiscovery YouTube platforması maarifləndirici missiyasını davam etdirərək türk dünyasının maddi və mənəvi dəyərlərinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verir.
Hazırda Fond “Əbədiyyətin nişanələri – Türk dünyası rəmzlərdə” adlı yeni sənədli seriya üzərində çalışır.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, layihə petroqliflər, damğalar, zoomorf abidələr, dağ balbalları və runik əlifbalar kimi qədim irs nümunələrinin vizuallaşdırılması vasitəsilə türk dünyasının yaddaşını və ortaq tarixi-mədəni köklərini tamaşaçıya çatdırmağı hədəfləyir. Türk irsinin bu arxaik formaları əcdadlarımızın gələcək nəsillərə ötürmək istədiyi mesajlar adından çıxış edir.
Çəkilişlərin coğrafiyası qədim petroqliflərin, dini memarlığın, ornamentlərin və təbii landşaftların ortaq tarixi-mədəni irsin daşıyıcısına çevrildiyi geniş Türk dünyasını əhatə edir. Hər kadr, hər daş və hər rəmz tamaşaçının türk irsinin canlı ruhunu, onun əbədiyyətini və nəsillər arasındakı dərin bağlılığı hiss edə bilməsi üçün düşünülmüş şəkildə seçilmişdir.
Türk dünyasının qədim məskənləri boyunca... sükuta qərq olmuş daşlar, unudulmuş simvollar və müqəddəs nişanələr sanki yenidən canlanır, tarix bizi səsləyir. Bu, əcdadlarımızın yaddaşına doğru bir səfərdir.
Kimliyimizi formalaşdıran köklərə qayıdışdır.
Bizi öz yaradılışımıza aparan çağırışdır...
Tezliklə TurkDiscovery-də
Ortaq irsimizi birlikdə yenidən kəşf etməyə dəvət edirik.
Kanalın linki: www.youtube.com/@TurkDiscovery
“Ədəbiyyat və incəsənət”
(25.12.2025)
Konstantin Balmont: “Poeziya sehr kimi”
Məti Osmanoğlunun tərcüməsində
“Ədəbiyyat və incəsənət” portalı tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun tərcüməsində rus poeziyasının zirvələrindən sayılan Konstantin Balmontun “Poeziya sehr kimi” məqaləsini təqdim edir.
Güzgüdə əks olunan güzgü, iki əksi qarşı-qarşıya yerləşdirin və onların arasına bir şam qoyun. Şamın alovu ilə şölələnən iki dibsiz dərinlik getdikcə dərinləşdirəcək, biri digərini dərinləşdirəcək, şamın alovunu zənginləşdirəcək və onları bir yerdə birləşdirəcək. Bu, şeirin obrazıdır.
Bir-biri ilə əlaqəsi olmayan, lakin bir qafiyə ilə şölələnən iki misra ahəngdar şəkildə qeyri-müəyyənliyə və məqsədsizliyə gedir və bir-birinə baxa-baxa dərinləşir, birləşir və ahənglə şəfəq saçan vahid bir bütövlük yaradır. Üçlüyün bu qanunu, ikinin üçüncü ilə birləşməsi bizim Dünyamızın əsas qanunudur. Güzgünü güzgüyə yönləndirərək dərindən baxsaq, hər yerdə oxuyan qafiyə tapacağıq. Dünya çoxsəsli musiqidir. Bütün dünya heykələ dönmüş bir misradır.
Sağ və sol, yuxarı və aşağı, hündürlük və dərinlik, yuxarıdakı Göy və aşağıdakı Dəniz, gündüz Günəş və gecə Ay, göydəki ulduzlar və çəmənlərdəki çiçəklər, ildırımlı buludlar və nəhəng dağlar, gözişləməz düzənliklər və sərhədsiz fikir, havadakı tufanlar və ruhdakı fırtınalar, qulaqbatıran göy gurultusu və qulağa güclə çatan çay səsi, qorxunc bir quyu və dərin bir baxış – bütün dünya ikiliyə əsaslanan bir uyum, nizam, harmoniya içindədir, gah səslərin və rənglərin sonsuzluğuna dalır, gah da ruhun daxili bir himninə, ayrıca bir ahəngdar mənzərənin vəhdətinə, sağın və solun, yuxarının və aşağının, zirvənin və uçurumun ucsuz-bucaqsız müxtəlifliyini özündə cəmləşdirən bir Mənin hər şeyi əhatə edən simfoniyasına qovuşur.
Bir günümüz iki yarıya – gündüzə və gecəyə bölünür. Günümüzdə iki parlaq şəfəq var, səhər və axşam şəfəqləri, biz gecədə toranlığın qatılaşan və seyrəkləşən ikiliyini bilirik və həmişə varlığımızdakı başlanğıcın sonla qovuşduğu ikiliyinə arxalanırıq, gümüşü ulduzlar səpələnmiş qara məxmər yolda səhərdən axşama qədər aydınlığa, parlaqlığa, ayrılığa, genişliyə, həyatın çoxluğu ilə kainatın ayrı-ayrı hissələrinin rəngarəngliyi duyğusuna, ala-toranlıqdan ala-qaranlığa doğru gedib böyük sükut məbədinə, mənzərənin dərinliyinə, vahid bir xorun, bütöv bir Ahəngin dərkinə daxil oluruq. Həmin dünyada gecə-gündüz o ahəngi səsləndirə-səsləndirə ikini bir araya gətiririk, ikiliyi həmişə bütövlüyə çeviririk, birləşdirən düşüncəmizlə, onun yaradıcı toxunuşu ilə bir neçə simi səsli bir alətdə birləşdiririk, əbədi ayrı olan iki böyük yolu bir araya gətiririk, onlar qafiyədə öpüşən iki ayrı misra kimi ayrılmaz ahəngdə birləşirlər.
Səslər və əks-sədalar, hisslər və onların yaratdığı xəyalat,
Yaradıcılığın sirri, yeni yaranmış misra.
Bir yaz səhərində leysan yağışının təzəcə yağdığı və selin bütün su tutarlarından daşdığı zaman gərginləşmiş qulağımıza bəzən kristal bir səs gəlir – damın harasındansa düşən damlalar uzun müddət yüngül cingilti ilə bir-birini təqib edir, su yığıntısının altından gələn bu səs fikirlərdə əks-səda verərək insan düşüncəsini bir xəyaldan başqasına, bir daxili xülyadan yeni xülyaya aparır, bu xülya getdikcə genişlənir, kiçik ilə böyüyü, fərd ilə dünyanı qovuşdurur. Bir damcı səslənərək Dünya haqqında danışır, bərq vuran bir damlada göy qurşağının bütün rəngləri cilvələnir. Beləcə misra doğulur, ahəngdar obraz yaranır, insan özünü Dünyada görür, əks olunan Dünyanı da özündə tapır.
İnsan həm damladır, həm də Dəniz. Dənizdə nə qədər xəzinələr var! Mərcan meşələri, ağ, mavi, çəhrayı, qırmızı, sarı, göy və sirli yosunlar, kürəyində xaç təsviri olan, müxtəlif nöqtə və xətlərin bir-birilə kəsişdiyi naxışlı meduza var - və dəniz suyunun ənginliklərində rəngarəng formada balıqlar qaçışır, elə orada kəskin qısqacları olan dəhşətli canlılar sürünür. Gecə bənövşələri üzür, kiçik avarlara oxşayan üzgəcləri ilə hərəkət edir, onlar gündüzlər Dənizdə qırmızımtıl talalar əmələ gətirir, gecələrsə fosfor işığı ilə işıldayırlar və bu işıq dalğada yellənib daha güclü alovlanır, sülhməramlı Dənizdə şüa saçan kökayaqlılar yaşayır, onların naxışlı üzləri cilvələnir, tikan-tikan kiçik şəffaf toplar, canlı torlar, dəbilqələr və fənərlər, canlı səbətciklər, zənglər, minlərlə xırda məxluqlar - hamısında da mahnı var, onların hər qatarı bir misradır.
Dərinliklərindəki formaların səssiz musiqisindən ləzzət alan Dənizin üzündə dalğalar nərə çəkir, oyulmuş çanaqları sahilə atır – onlardan bəzilərini insan Dəniztək zəngin olmaq, dəniztək azad olmaq üçün talisman kimi sinəsindən asacaq, bəzilərini qalaq-qalaq yerə atacaq, tapdalayacaq, əzib onlardan hamar yollar salacaq, üçüncü qismini naxışlı, yüngül, kiçik boyunbağıya düzəcək, əyri buynuza bənzəyən, spiral şəklində bükülüb dənizin qorxunc səsini özündə saxlayan dördüncü qismini isə acgözlüklə dodaqlarına toxunduracaq və bu, ilk döyüş şeypuru olacaq, insan onda ilk döyüş havasını çalacaq, havasını təzələmək istəyəndə isə öldürməyə gedəcək.
Təbiətin bütün səslərinin musiqisini dinləyən ibtidai ağıl onları öz içinə yığır. O, tədricən naxış-naxış çoxlaylı ərintilərə qarışaraq daxilində onlardan musiqi yaradır və zahirdə onu ahəngdar sözlə, nağılla, sehrlə, tilsimlə ifadə edir.
Poeziya zahirdə ölçülərə salınmış nitqlə ifadə olunan daxili musiqidir.
“Ədəbiyyat və incəsənət”
(25.12.2025)
Güney Azərbaycan Poeziyası Antologiyasında Xosrov Barışanın “Yeni bir ritm” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Təbrizdə yaşayan Xosrov Barışandır.
Xosrov Barışan
Təbriz
YENİ BİR RİTM
Qaranlığı mən yazmadım gecəyə,
Gözlərin yazdı...
Bax... Həkk olunur ürəyim bu tıxaclarda.
Sol döşümə mayın qoydu səsin.
Səsin ortadoğuda gurultudur
Savaş uçaqları tanrısı.
Toxunduqca sənə çatan yolların nəbzinə
Şeir olub partlayıram.
Dilim məsum,
Anasız bir uşaqdır, itkin olub.
Və başlanğıcda kəlmə idi və kəlmə tanrı idi.
Susuz quyuların dibində səsləndi kəlmələrim!
Sözlərin gözlərindən su içirdilər.
Yox sən Yusif deyilsən ki...
Səni göstərən barmağımı kəsdilər,
Ah... barmağım kimliyimi qanıtlayardı.
Güzgülərdəki üzlərdə itdi gözlərim.
Əh nə qədər əlləşsəm də
O müqəddəs adını
Şeirlərimdə səsləndirə bilməyirəm
Kəlmələri pozaraq tükənən silgilər şahid.
Hanı, hanı mənim izlərim?
Söz vermişdim
Bu şəhərdəki tabuları birlikdə
Sındıracağıq sevgilim
Ancaq yolumuzun tabloları sındı, nə yazıq!
Bura Təbriz
Min üç yüz doxsan beşin ikinci ayı
Qar yağır, qar...
Şəhərin üzü ağarır, ağarır hey
Qar danaları göyərçinlər
Yuxularımı sənə aparırlar.
Çürüyür ürəyim bu vicdansızlıq havasında
O qədər qışsan ki,
Tüpürsəm üzünə donar arzularım.
Sən bir qar adamı
Uşaqlığımın əlcəksiz qızaran əlləri kərdimizdə yaratdı səni.
Qələmim pomada vurar məni çağıran dodaqlarına.
Qələmim al-qırmızı...
Ölüm cızığından ayağını uzatmasın deyə cızıq çəkər.
Sus... Sus...
Danışsan genişlənər ölümün sərhəddi!
Artıq qucağımdasan, qollarımdasan.
Böyüdüm otuz üç yaşındayam.
Saat üç, gecənin yarısı, ömrümün? Nə bilim!
Yatağımdasan
Və xiyabanların bərkiyən döşündən şairliyim qaranlıq əmir...
Əmir...
Əmir...
Əmir bazarından sənə sırğa alanmadım.
Pulum yox,
Axı şairəm. Tacir deyilim ki səni satanmadım.
Olsun, qoy qar açılsın, qara buludlar çəkilsin.
Sənin qulağına bəxt ulduzumu sırğa edəcəyəm.
Təbim var.
Sən Təbrizim ola bilməzsən.
Əriyəcəksən, itəcəksən.
Yenidən göyərməyəcəksən!
Və bu şeir sonsuzadək
Islaq qalacaq göz yaşlarımda!
Yorğunam. Çox yorğunam, artıq
Gecənin saçlarını daramaqdan.
Hörüklərinə ilişib ayaqlarım.
Kimliksiz bir dəliyəm.
Sən Leylam deyilsən ki...
Məni torpağımın ürəyinə quylayın lütfən.
Artıq gözəl və məsum bir qız gəzir yaza bilmədiklərimin sərgisində,
Ürəyimə su səpir,
Şeir gələndə toz olmayır.
Kitab yox bitik deyir, varaqlanır, ayaqlanır...
Xış... xış... tap... tap...
Yeni bir ritmdir bu
Səni sevirəm musiqisindən.
“Ədəbiyyat və incəsənət”
(25.12.2025)


