“Sadə peşə sahibləri” – liftçi Ramiz Məmmədov Featured

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Təhlükəsiz liftlər, peşəkar əllər

 

Son illər Sumqayıtda lift təsərrüfatının idarə olunması sahəsində həyata keçirilən sistemli və innovativ tədbirlər şəhər infrastrukturunun müasir standartlara uyğunlaşdırılmasının bariz nümunəsinə çevrilib. Hazırda dövlət balansında olan liftlərə texniki xidmət və istismar işləri Sumqayıt Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyi ilə bağlanmış müqavilə əsasında Sumqayıt “Lift-servis” Birliyi tərəfindən həyata keçirilir. İllər ərzində formalaşdırılan bu xidmət modeli təkcə texniki yenilənmə ilə deyil, həm də idarəetmədə müasir, şəffaf və ölçülə bilən mexanizmlərin tətbiqi ilə seçilir.

 

Şəhərin hündürmərtəbəli yaşayış binalarında yerləşən bütün liftlər intellektual idarəetmə sisteminə qoşulub. Bu məqsədlə Mərkəzi Dispetçer Xidməti yaradılıb və liftlərin fəaliyyəti vahid mərkəzdən real vaxt rejimində izlənilir. Dispetçer xidməti, texniki-istismar heyəti və təxliyyə qrupları sutka ərzində 24 saat, üç növbəli iş rejimində fəaliyyət göstərir. Bu da nasazlıqlara çevik reaksiya verilməsini, təhlükəsizliyin təmin olunmasını və xidmətin fasiləsizliyini təmin edən əsas amillərdən biridir.

İntellektual idarəetmə sisteminin əsas üstünlüklərindən biri lift təsərrüfatının vahid rəqəmsal nəzarət mühitinə inteqrasiyasıdır. Hər bir binada quraşdırılmış xüsusi kommunikasiya avadanlıqları vasitəsilə liftlər fiber-optik internet bağlantısı ilə Mərkəzi Dispetçer Xidmətinə bağlanır. Liftlərdən daxil olan texniki göstəricilər, dayanma və siqnal məlumatları real vaxt rejimində mərkəzi məlumat bazasına ötürülür, arxivləşdirilir və analitik təhlilə imkan yaradır. Bu isə istənilən dövr üzrə statistik hesabatların hazırlanmasına, nasazlıqların dinamikasının izlənməsinə və qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaradır.

Sistem eyni zamanda məsafədən idarəetmə imkanlarını da təmin edir. Zərurət yarandıqda liftə verilən gərginliyin dayandırılması və ya bərpası, idarəetmənin yenidən başladılması, eləcə də təcili dayanma əmri operativ şəkildə həyata keçirilir. Bundan əlavə, lift kabinalarında milli üslubda hazırlanmış həzin musiqi səsləndirilir ki, bu da sakinlərin məmnunluğunu artıran sosial-psixoloji amil kimi qiymətləndirilir. İki tərəfli səs əlaqəsi sistemi vasitəsilə sərnişinlər birbaşa Mərkəzi Dispetçer Xidmətinə müraciət edə, operatorlar isə istənilən vaxt kabina və maşın otağı ilə əlaqə yarada bilirlər.

Bu müasir idarəetmə modelinin tətbiqindən sonra liftlərin işlək vəziyyətinə nəzarət keyfiyyətcə yeni mərhələyə yüksəlib. Dayanmalar operativ müəyyən edilir, təxliyyə prosesi çevik təşkil olunur, sakinlərin təhlükəsizliyi tam təmin edilir. Nəticədə liftlərin dayanma müddətləri əhəmiyyətli dərəcədə azalıb, şikayətlər isə demək olar ki, minimum səviyyəyə enib.

Qeyd edək ki, intellektual idarəetmə sistemi Qafqazda ilk dəfə məhz Sumqayıt şəhərində tətbiq olunub və respublika üzrə analoqu olmayan bir model kimi dəyərləndirilir. Hazırda şəhərin 185 binasında yerləşən 600-ə yaxın liftə xidmət göstərilir.

 

 

Əməyi olanlar diqqətdən kənarda qalmır

 

Lift təsərrüfatının inkişafında uzunmüddətli və səmərəli fəaliyyəti ilə seçilən şəxslər də diqqətdən kənarda qalmayıb. Şəhərin ictimai həyatında və lift təsərrüfatının inkişafında göstərdikləri xidmətlərə görə Ramiz Məmmədov və Yekaterina Məmmədova Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun müvafiq sərəncamı ilə fəxri fərmanla təltif olunublar. Fəxri fərmanlar icra başçısının müavini Fərid Ələkbərov tərəfindən təqdim edilib.

Təqdimat zamanı ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində son 10 ildə Sumqayıtda lift təsərrüfatının əsaslı şəkildə yeniləndiyi, istismar müddətini başa vurmuş liftlərin yeniləri ilə əvəz olunduğu xüsusi vurğulanıb.

Təltif olunanlar onlara göstərilən yüksək diqqət və etimada görə ölkə və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

 

Zəhmət, peşəkarlıq və sədaqət yolu

 

İnsan var ki, çalışdığı sahədə sadəcə vəzifə icra edir, insan da var ki, illərin zəhməti ilə bütöv bir sistemin formalaşmasında iz qoyur. Sumqayıt şəhərinin lift təsərrüfatının inkişaf tarixindən danışarkən təcrübəli mühəndis Ramiz Məmmədovun adı xüsusi hörmətlə çəkilir. O, bu sahəyə təsadüfi gəlməyən, ömrünü və peşəkar fəaliyyətini şəhərin təhlükəsiz və dayanıqlı lift sisteminin qurulmasına həsr edən fədakar mütəxəssislərdəndir.

Ramiz Mirzə oğlu Məmmədov 1951-ci il yanvarın 24-də Sumqayıt şəhərində anadan olub. Uşaqlıq və gənclik illəri şəhərin formalaşma və inkişaf dövrünə təsadüf edib. İlk təhsilini Sumqayıt stansiyası ərazisində fəaliyyət göstərən məktəbdə alıb, daha sonra 10 nömrəli tam orta məktəbdə səkkizinci sinfə qədər oxuyub. Orta təhsilini isə Corat qəsəbəsindəki 7 nömrəli tam orta məktəbdə başa vurub. Gənclik illərində idmana, xüsusilə futbola böyük maraq göstərib, şəhər birinciliklərində iştirak edib, “Neftçi” komandasının hazırlıq kursuna qədər yüksəlib.

1970-1972-ci illərdə hərbi xidmətdə olan Ramiz Məmmədov ordudan qayıtdıqdan sonra Sumqayıt Politexnik Texnikumunda təhsil alıb. Sumqayıt şəhər küçə işıqları kontorunda elektrik montyoru kimi çalışıb. Texniki savadı, məsuliyyəti və təşkilatçılıq bacarığı sayəsində qısa müddətdə baş usta vəzifəsinə yüksəlib, eyni zamanda həmkarlar komitəsinin sədri seçilərək ictimai fəallığı ilə də seçilib.

1984-cü ildə Sumqayıt şəhərində lift təsərrüfatı sahəsinin yaradılması bu istiqamətdə yeni mərhələnin başlanğıcı oldu. Ramiz Məmmədov 1988-ci ildə bu sahəyə dəvət olundu və məhz həmin dövrdən etibarən lift təsərrüfatı onun həyatının əsas istiqamətinə çevrildi. Sonralar Gəncə Lift İdarəsinin yaradılması və Sumqayıtın bu quruma tabe edilməsi dövründə ciddi çətinliklər, texniki və təşkilati problemlərlə üzləşilsə də, peşəkarlığı və prinsipial mövqeyi ilə bu mərhələləri uğurla keçməyi bacardı.

Həmin illərdə formalaşan peşəkar münasibətlər bu gün də davam edir. Uzun illər baş mühəndis vəzifəsində çalışan Ramiz Məmmədov xüsusilə indiki rəhbərliklə - Cümşüd İsmiyevlə uzun illərdir çiyin-çiyinə çalışdığını, bu əməkdaşlığın Sumqayıt lift təsərrüfatının inkişafında həlledici rol oynadığını vurğulayır. Məhz bu birgə səylər nəticəsində “Lift-servis” Birliyi yaradıldı və şəhərin lift təsərrüfatında yeni, müasir mərhələ başlandı.

Söhbət əsnasında Ramiz müəllim dedi ki, son on ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yaxından dəstəyi ilə lift təsərrüfatı əsaslı şəkildə yenilənib, onlayn intellektual idarəetmə sisteminə keçid təmin olunub. Bu gün Sumqayıt Azərbaycanda liftlərin vahid mərkəzdən 24/7 rejimində idarə olunduğu ilk və nümunəvi şəhərdir.

O, yalnız peşəkar mütəxəssis deyil, həm də gözəl ailə başçısıdır. Üç oğlu və bir qızı, beş nəvəsi var.  “Ot kökü üstə bitər”, deyib müdriklərimiz. Böyük oğlu Taleh ali təhsilli mütəxəssisdir və atasının yolunu layiqincə davam etdirir. Lift təsərrüfatında çalışır, eyni zamanda ictimai həyatımızda fəallığı ilə seçilir. Lift təsərrüfatı sahəsində YAP təşkilatının sədri və Corat qəsəbəsi bələdiyyəsinin üzvüdür. İkinci oğlu Anar da mexanikdir və hazırda Gəncə şəhərində bu sahədə işləri uğurla icra edir.

Ramiz müəllimin həyat yolu gənc mütəxəssislər üçün əsl nümunədir. Bu yol zəhmət, sədaqət, məsuliyyət və doğma şəhərə xidmət yoludur.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.