İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sizə bu gün doğum günü olan daha bir tanınmış şəxs barədə söhbət açacağam. Bu, şeir İslam Səfərlidir. O, 12 fevral 1923-cü ildə Naxçıvan MSSR-in Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açıb. Naxçıvandakı 1 saylı məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak edib.
Müharibə illərində qələmə aldığı "Ordumuza ithaf", "Ədəbi gənclik", "Onüçlər", "Əmin ol ata!", "Qoşa söyüd", iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr ediyi "Təzə çiçəklər", "Üçüncü hərb istəmirik" və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranıb
Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapıb. "Sınaq gecəsi", "Çex qızının məhəbbəti, "Yaralı nəğmə", "Qığılcım", "Fırtınalar adası", "Dəfinə", "Ələsgər", "Birinci katib", "İnsan ləpiri", "İki bacı", "Qeyrət qapısı", "Abşeron yatağı" və s. biri-birindən maraqlı poemaları diqqəti çəkib, yaddaqalan olub.
İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanıb. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" və s. müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulub, tamaşaçı rəğbəti qazanıb.
İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınıb. Onun "İki qardaş" (1950), "Badamlı kəndinin qızı" (1955) oçerkləri, "Təzə qəsəbədə gülüş", "Məzhəkli itki" (1973) novellaları, "İki könül bir olanda" (1947) balet-librettosu, "Şərqin qalibləri" (1960), "Bir stəkan çay" (1971) kinossenariləri və xeyli sayda məqalələri dövrünün nəbzini tutmaq baxımından çox əhəmiyyətlidir.
İslam Səfərli tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. O, A. S. Puşkin, M. M. Svetlov, S. Marşak, M. Kərim, M. Tursunzadə, K. Koladze, Y. Dolmatovski və b. kimi tanınan sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr edib
Şairin bacısı oğlu, Əməkdar rəssam Əli Səfərovun dayısı ilə bağlı verdiyi müsahibə özündə İslam Səfərli barədə genişməlumatlar daşıyır.
Əli Səfərov şair haqqında bəzi mətbuat orqanlarının yazdığı yalan məlumatlardan gileylənərək, şairin gerçək həyat hekayəsindən danışıb.
Ömrünün çox hissəsini Bakı şəhərində keçirən şair Şəkərabad kəndində doğulub və oradakı məktəbdə təhsilini bir müddət davam etdirib. Lakin məktəb dörd və yeddiillik olduğu üçün şair təhsilinin geri qalanını davam etdirmək üçün Sarvanlar məhəlləsinə köçərək, hazırda adını daşıyan Naxçıvan şəhər 1 nömrəli məktəbə getməli olur. II Dünya müharibəsi vaxtlarında Sarvanlar məhəlləsində yaşayan şair, naxçıvanlı 12 nəfər ilə birlikdə könüllü olaraq müharibəyə yollanır.
Bəzi jurnalistlərin yazdığı yazılarda şairin müharibədən sağ qayıdan 13 nəfərdən tək insan olduğu qeyd olunsa da, müəlliflərin İslam Səfərli yaradıcılığından xəbərdar olmadıqları açıq-aydın görünür. Çünki onlar müharibədən beş nəfər geri dönmüşdülər. İslam Səfərlinin “Onüçlər” şeirindəki bir bənd belə bu fikri təsdiqləməyə bəs edər:
Mərdlik edib, ad qazanan
Yarısından çoxu ölən,
Ölümündə üstə gülən
Kimdir?
Əgər soruşsanız,
Bir ağızdan siz hamınız,
Deyiniz ki, onüçlərdir.
Burada şairin “yarısından çoxu ölən” ifadəsinə fikir versək görə bilərik ki, şair onüçlər arasında müharibədə sağ qalan tək insan deyil. Onlar bədən nahiyələrində çoxlu qəlpə yaraları ilə müharibədən dönmüşdülər. Əli Səfərlinin sözlərinə görə şair döyüşlərdə kəşfiyyatcı olmuşdur. Bir gün şair müharibədə olarkən bir alman əsgəri ilə əlbəyaxa döyüşdə olur.
Əlini yaralayan şair öz silah dostlarından biri tərəfindən xilas olunur. Həmin döyüşdə İslam Səfərli və silah yoldaşları çoxlu alman əsirləri ilə geri dönüb. Şair 416-cı və 77-ci diviziyalarda xidmət göstərmiş, müharibə vaxtlarında “Qırmızı bayraq”, “Qızıl əsgər” kimi cəbhə qəzetlərində oçerk və şeirlərini çap etdirmişdir.
1944-cü ildə cəbhədə ağır yaralanan şair sağaldıqdan sonra 77-ci diviziyada fəaliyyətini davam etdirir. Müharibə bitdikdən sonra Naxçıvana qayıdan nəğməkar şair bir müddət “Şərq qapısı” qəzeti və Naxçıvan radiosunda çalışır. Burada çalışarkən şairin “Ədəbiyyat”, “Şərq qapısı”, “Azərbaycan gəncləri” kimi bir neçə qəzetdə şeirləri çap olunur.
Cəbhəyə yollanmamışdan qabaq İslam Səfərli və dostu İslam Bağırov Nehrəm arxının hər iki tərəfinə hər biri bir söyüd ağacı əkirlər. Cəbhədən geri dönən şair ağacların pöhrələyib bir-birinə sarmaşdığını görür. Lakin dostunu cəbhədə itirən şair bu ağaclar kimi qucaqlaşaraq ayrıldıqları o yerə qucaqlaşaraq qayıda bilmir.
Bu hadisə şairi çox təsirləndirir. “Qoşa söyüd” şeiri də belə doğulur. (Qucaqlaşmış söyüdlər onun vəfatından sonra 2000-ci illərdə genişləndirmə işlərinin “qurbanına” çevrilir -red.)
Bakıya tez-tez gedən şair şeirlərindən birini “Azərbaycan gəncləri” qəzetində çap etdirməyə nail olur və bu şeiri dahi bəstəkar Üzeyir Hacıbəyov görür. Üzeyir Hacıbəyov şairin istedadını görür və onu təhsil almasını məsləhət bilir.
Bunun təsiri ilə 1946-cı ildə Bakı Dövlət Universitetinin Filologiya ixtisasına daxil olan İslam Səfərli artıq Bakıda yaşamağa davam edir. 1948-ci ildə isə Bakının tanınmış ailələrinin birinin qızı olan Anaxanım Səfərli ilə ailə həyatı qurub Bakı şəhərində qalır. İslam Səfərli öz yaradıcılığının zirvə əsərlərindən olan “Nə vaxta qaldı?” şeirini də məhz o dövrdə yazır. Şair uzun müddət nişanlı qalmasından söz açaraq yazırdı:
Gilənar qızardı, ağ tut sovuşdu
Payını dərmədim, budaqda qaldı
Hamı könül verib yara qovuşdu
Bəs bizim toyumuz nə vaxta qaldı?
Ay gözəl, nə vaxta qaldı?
İslam Səfərli yazdığı heca vəznindəki axıcı şeirləri ilə bir çox bəstəkarın diqqətini çəkməyi bacarmış, Cahangir Cahangirov, Rəşid Behbudov kimi simalarla çox yaxın olmuşdur. Bir gün türk şairi Nazim Hikmət Bakıya gələndə görüşlərin birində İslam Səfərli “Xəzərim, ay Xəzərim” şeirini oxuyarkən tədbir sonunda Nazim Hikmət “Yavrum, sən bu sözlərə mahnı yazdırma. Mahnı elə bu şeirin özündədir” ifadəsi ilə şairin yaradıcılığını yüksək qiymətləndirmişdir.
Şair günlərinin çox hissəsini təbiət qoynunda keçirməyi sevirdi. Bir gün şair dostu, yazıçı-publisist Əlfi Qasımovla birlikdə bütün gün gəzib istirahət edirlər. Axşama yaxın Əlfi Qasımovun qardaşı onları Şuşa şəhərindəki bulağa istirahət üçün aparmağa gələndə İslam Səfərlinin yoldaşı Anaxanım Səfərli şairin bu gün çox istirahət edərək gəzməsindən gileylənərək bir az da evdə oturmasını söyləyir. İslam Səfərli isə gedərkən “Mənə də bu qalacaq”, – deyir və nəticədə, aşağıdakı misraların tarixçəsi yaranır:
Günlər keçir birər-birər
Bir uğurlu yol gedirəm
Yurdumuzu vəsf edirəm
Əldə qələm, dizdə varaq
Mənə qalan bu olacaq.
İslam Səfərlinin yaddaşı da olduqca güclü idi. Demək olar ki, bütün şeirlərini əzbər deyərdi. Günlərin birində Səməd Vurğunla bir məclisdə olarkən, Səməd Vurğun “Mənə oxşayan qarabala İslam buradadır”, – deyərək İslam Səfərlini səsləyir və ondan keçən dəfəki tədbirdə dediyi şeiri yenidən səsləndirməsini istəyir. Bu hadisəyə Əlfi Qasımovun bir yazısında da rast gəlmək mümkündür.
İslam Səfərlinin ən zirvə əsərlərindən biri də 1955-ci ildə tamaşaya qoyulan “Göz həkimi”dir.
Bu əsər həm Naxçıvanda, həm də Bakıda tamaşaya qoyulmuşdur. Tamaşa verilən zaman zallarda boş yer olmurdu. Şair Bəxtiyar Vahabzadə müsahibələrinin birində dostları arasında dramaturgiyaya ilk İslam Səfərlinin gəldiyini demişdi.
İslam Səfərlinin “Bir könül sındırmışam” şeirinin də olduqca maraqlı bir xatirəsi var. İslam Səfərlinin qadın dostlarından biri şairin bir sözü ilə ondan inciyir. Eyni yerdə şairin dostu Əlfi Qasımov da olur.İslam Səfərli gecə yatmayaraq “Bir könül sındırmışam” şeirini yazır və şeiri göstərmək üçün dostu Əlfi Qasımovun evinə yollanır. İslam Səfərli dünən gecə o qadının xətrinə dəydiyini söyləyir və şeiri göstərir. Əlfi Qasımov isə, “İslam, səndə ki bu ürək var, heç kəs səndən inciməz” cavabını verir. Bu məşhur şeirə daha sonra mahnı da bəstələnir. Şövkət Ələkbərovanın ifasında səslənən mahnının məşhur nəqarətində isə deyilir:
Qəbahətim böyükdür
Ay ellər, dünən axşam
Dünən axşamçağı
Büllur kimi bir ürək,
Bir könül sındırmışam…
Filmoqrafiya
- Ulduzlar sönmür
- Göz həkimi
Kitabları
- "Ordumuza ithaf" (şeir)
- "Naxçıvan gənclərinə məktub"
- "Məktub"
- "Biz kəşfiyyata necə gedək" (oçerk)
- "Biri ailənin üzvləri" (oçerk)
Təltif və mükafatları
1. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
2. 3-cü dərəcəli "Şöhrət" ordeni
3. "İgidliyə görə" medalı
4. "Qafqazın müdafiəsinə görə" medalı
İslam Səfərlinin 18 kitabı işıq üzü görüb. Şair 6 noyabr 1974-cü ildə uzun sürən xəstəlikdən sonra əbədiyyətə qovuşub və Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(12.02.2026)


