Super User

Super User

 “Ədəbiyyat və incəsənət” portalının HƏR BİR SAHƏDƏ MƏDƏNİYYƏT

 

rubrikasında bu dəfə mövzumuz səhiyyə ilə bağlıdır. Səhiyyə sistemində mədəniyyətdən danışarkən, təbii ki, başlıca yerdə vətəndaş məmnunluğuna nail olmaqdır. Burada keyfiyyətli müalicə və müayinə xidməti ilə yanaşı, səhiyyə işçisi ilə pasient arasındakı nəzakətli davranış da basilica rol oynayır.

 

 

 

Sözü İsmayıllı RMX-nın PHŞ-in terapiya şöbəsinin həkim terapevti, ehtiyatda olan ədliyyə tibb xidməti mayoru Mehman Qədirova veririk.

 

 

 

Ölkəmizin inkişaf tempinin sürətlə irəliləməsi səhiyyə sektorunda da öz təsirini göstərmişdir. Hər il yeni səhiyyə tibb ocaqları mərkəzlərinin açılması, ən müasir tibbi avadanlıqlarla təhciz olunması, Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələrin daha da sıx aparılması, beynəlxalq arenada öncül sıralarda mövqe tutmagımız səhiyyə sisteminin xidməti  işinin keyfiyyətinin yüksəlməsinə, kadr potensialının artırılmasına, əlaqələrin sıx bilgi mübadilələri ilə davam etdirilməsinə səbəb olmuşdur, səhiyyəmizin davamlı ardıcıl olaraq  inkişafı dövlətimizin diqqət və qaygısının bariz nümunəsidir.

 

Səhiyyə  xidmətinin inkişaf tempinin hər il yüksəlməsi nəinki paytaxtda, o cümlədən respublikamızın bütün şəhər və rayonlarında öz bəhrəsini verir. Eyni zamanda dövlət səhiyyə sektoru ilə yanaşı özəl səhiyyə sektorunun xidmətinin də beynəlxalq standartlara cavab verən kompleks şəkildə təmin olunmuş tibbi avadanlıqlarının və həkim kadr hazırlığının  peşəkar səviyyəsinin artırılması halına gətirilməsi ölkəmizin səhiyyə sektorunda böyük nailiyyətlər qazanmasının bir göstəricisidir. Səhiyyəmizin inkişaf etmiş dövlətlər arasında birgə irəliləməsi qürurverici bir hadisədir.

 

Tarixin səhifələrini vərəqləsək, görərik ki, çox da keçmis olmayan dövrdə, müstəqilliyimizin ilk illərində  vətəndaşlarımız respublikamızdan kənara digər regionlara öz səhhətləri ilə əlaqədar axın edirdilər. Dövlətimizin ilk müstəqillik illərində bu proses davam etsə də, artıq dövlətimizin bu günündə vətəndaşlarımız əsasən öz səhiyyə ocaqlarımıza müraciət edirlər, onların sağlamlıqlarının bərpasında, səhhətlərində olan çatışmazlıqların aradan qaldırılmasında, müayinə və müalicəsində ən yüksək xidmət səviyyəsinin şahidi oluruq.

 

Bununla da artıq digər dövlətlərin səhiyyə xidmətlərindən istifadə etmək ehtiyacı qalmır.

 

Onu da qeyd  etmək istəyirəm ki, aparılan səhiyyənin təşkili istiqamətləri  mükəmməl  səviyyə həddinə çatıb. ÜST standartlarına da tam uyğundur. 

 

Peşəkar ixtisaslı həkim heyətinin pasientlərin səhhətlərində baş verən mürəkkəb proseslərin araşdırılması, beynəlxalq standartlara uyğun  olaraq aparılması vətəndaş məmnunluğunu artırır, onların sosial rifahını yüksəldir, ölkəmizdən kənara çıxaraq digər səhiyyə xidmətlərinə müraciətlərə lüzum qalmadığından artıq vaxt  və maliyyə itkisinin qarşısını alır.

 

Onu da qeyd etmək olar ki, respublikamızın əksər rayonlarında çox müasir beynəlxalq tələblərə, standartlara uyğun xəstəxanalar, poliklinikalar inşa olunub, müasir avadanlıqlarla təmin olunub. Bütün bunlarla yanaşı, onuda qeyd etmək lazımdir ki, qarşıda hələ çox işlər də görülməlidir.

 

Vətəndaş məmnunluğunun regionlarda  artırılması üçün davamlı işlərin görülməsi vacibdir.

 

İlk növbədə aşağıda sadalanan mərhələlərin inkişafına yol açmaq nəzərdə tutulur:

 

 

 

1.Regionlarda ixtisaslı peşəkar iş təcrübəsi olan həkim kadr potensialının işə cəlb edilməsinin əsaslarının hazırlanması;

 

2.Alqoritmik proseslərin səhiyyədə tətbiqinin sürətləndirilməsi və tibbi protokollarla uzlaşdırılması;

 

3.Regionlarda yerləşən tibb məntəqələrinin fəaliyyətlərinin keyfiyyətinin artırılması, vətəndaşların sağlamlıq uçotunun alqoritmik qaydalarla aparılması;

 

4.Tibb məntəqələrində sakinlərin eyni qaydaya uyğun uçotunun aparılmasında ilkin olaraq xəstəlik agırlaşmalarının qarşısının alınması məqsədilə 

 

risk qrupuna aid  xəstələrin davamlı müayinə və müalicəsi üçün  müşahidə cədvəllərinin tərtibi;

 

5.Vətəndaş müraciətlərinin mobil rabitə onlayn qaydada təşkil edilməsi ilə səhiyyə xidmətinin təşkilinin keyfiyyətinin artırılması;

 

6.Regionlarda mərkəzi xəstəxanalarda  intensiv terapiya şöbələrinin fəaliyyətinin təşkil olunması;

 

7.Region xəstəxanalarına ixtisaslı həkim briqadalarının dəvət olunması qaydalarının hazırlanması;

 

8.Regionlarda fizioterapiya xidmətinin genişləndirilməsi, ambulator və stasionar otaqlar olmaqla avadanlıqların artırılması;

 

10.Kurort-sanatoriya işinin fəaliyyət mexanizmlərini yüksəltmək qaydalarının tətbiqi.

 

 

 

Ulu Öndərimizin Siyasi kursunun layiqli davamçısı İlham Əliyev cənablarının iqtisadiyyatımızın inkişafında hər bir sahəsində olduğu kimi  səhiyyəyə verdiyi töhvəsi vətəndaşlarımızın sosial rifahı naminədir. Vətəndaşlarımıza bu şəraitin təşkili Ölkə başçısının dəstəyi qayğısı yorulmaz iş rejimindən fədakarlıgından irəli gəlir. Bu ili Prezidentimiz ölkəmizdə Konsitutsiya ili, Suverenlik ili elan edib.

 

Bu isə Şərqin qapısı sayılan Azərbaycan Respublikasının demokratiyaya qucaq aşmasından, öz müstəqilliyinə qovuşan dünya dövlətlərinin  ön sırasında olmasından xəbər verir.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(17.02.2025)

 

 

 

 

Bazar ertəsi, 17 Fevral 2025 18:11

2.5 milyonu kim udsa yaxşıdır?

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

 

Facebook sosial mediasında bir paylaşım diqqətimizi çəkdi. “Bizim Salyan” səhifəsi yazır ki, “Azərlotereya" sədrinin müşaviri Mikayıl Nəcəfov  lotoreyada 2,5 milyon dollar udub. 

 

Təbii ki, Azərlotereya özü bu xəbəri paylaşmaz. Amma Mikayıl Nəcəfovun salyanlı olması səbəbindən bu xəbər bax bu cür ictimailəşib.

Bilmirsən, buna güləsən, ya ağlayasan. Mən adamlar tanıyıram ki, hər dəfə balasının boğazından kəsib güzəranını düzəltmək üçün lotereya bileti alır. 2,5 milyon dollar 4 milyondan artıq manat eləyir. Və əgər bunu tirajı keçirən idarənin rəsmisi udursa, demək ortada əməl var. Halbuki, qanunla müəssisə əməkdaşlarına öz lotoreyalarında oynamaq yasaqdır. Gör özbaşnalıq nə həddə çatıb ki, heç nədən çəkinmirlər. 

İnsanlardan manat-manat qapazlaylb pulu bu cür həzm etməkmi olar? 

Biz çox istərdik ki, Azərlotereya “Bizim Salyan” facebook səhifəsini təkzib etsin. Etməsə, fakt doğru çıxsa, onda Azərlotereyaya ictimai boykot təşkil etmək lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

Bazar ertəsi, 17 Fevral 2025 17:36

Yolunuza diqqət edin - ESSE

Zahid Teymurov, “Ədəbiyyat və incəsənət” üçün

 

 

İnsan həyatı A nöqtəsindən B nöqtəsinə uzanan düz bir xətt deyil. Bəzən bir günlük yolu illərlə addımlayırsan. Bəzən isə, bir omür yolunu bir günə dəf edirsən. Xoşbəxt, qayğısız, düşüncəsiz uşaqlığımı kənara qoysam, 17 yaşımdan yürüdüyüm həyat xətti iki zirvə arasında, uçurum üzərindən tarıma çəkilmış, külək və fırtınaların ayaqlarım altından qaçırmaq istədiyi bir kəndirə bənzəyir. 

 

...Axşam qəfildən düşdü. Darıxdım.Üşüdüm. Pencəyimi atıb çiynimə dağ yolu ilə addımladım. Gəldiyim yolun əvvəlinə getmək istədim. 17 yaşıma çox darıxdım. Qarşıdan iti addımlarla bir gənc gəlirdi. Rastlaşdıq. Ötəri gözlərimiz sataşdı. Ayaq saxlamadan ayrıldıq. Ürəyim sancaraq döyündü. Çöndüm. O, həyacanlı gözləri ilə dönüb mənə baxırdı. Yaxınlaşdıq. Diqqətlə üz cizgilərimi seyr edirdi.

   - Sən mənsən!? - qollarımdan yapışıb həyacanlandı.

   17 yaşım qarşımda idi.

   - Hə. Mən sənəm. 50 il aramızda yol var. Necəyəm?

    - Yaxşı görünmürsən, yorğunsan, - diqqətlə başdan ayağa süzdü məni.

     Meşə kənarından çör-çöp yığıb tonqal qaladı. Oturduq. Titrək səslə soruşdu:

    - Atam...? Anam...?

   Dinmədim. Gözləri yaşardı.

    - Qardaşım...? Bacım...?

    Susdum. Anladı. Əlləri ilə üzünü ovuşdurub göz yaşlarını yaxdı uşaq sifətinə.

    - Mən olmaq istədiyim insan ola bildinmi? - ciddi şoruşdu.

    Həyacanla cavab gözləyirdi. Titrək alov 17 yaş cağında olan sifətində bərq vururdu. 50 il keçdiyim yolu səbrlə danışdım. Tez-tez kövrələrək, əlini qoyurdu çiynimə. 

    - Belə bir yol keçdim: heç kimi aldatmadım, heç nə oğurlamadım, heç nə yalvarıb istəmədim, heç kimin haqqına girmədim. Sən Vətən qorumaq üçün geydiyin libası ləyaqətlə daşıdım. Müharibə alovunda yandım, məğlub döyüşçü taleyi yaşadım, təslim olmadım, sonda qalib əsgər oldum. Ata-Ana öyüd-nəsihətinə naxələf çıxmadlm. Hər an məni qəlbində yaşadan, əli göylərdə məni dualarıyla qoruyan xanımla xoşbəxt kişi həyatı yaşadım. Duyğulu, sayqılı, insanlara, vətənə yardımçı, ləyaqətli övladlar böyütdüm. Sənə layiq nəvələrim var. Birinə sənin adını verdim. Mən hər an sən oldum. Sənin 17 yaşında olan saf insanlığına sadiq qaldım. 

     Gözləri parıldayırdı, baxışları danışırdı. Artıq tonqal da sönürdü. Ayrılmaq vaxtı idi. Qarşıda bir az da yolum qalmışdı. Onu da getməliydim. 17 yaşıma layiq getməliydim...

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair ABŞ-da mühacirətdə olan Məhəmmədrza Ləvayidir.

 

Məhəmmədrza Ləvayi

Çikaqo

 

 

QORXURAM

 

Qorxumdan tez-tez içirəm

Vətəni içib qusuram tez-tez qürbətdə

Şəhər keflənir

Ayaqqabılarımın ürəyi bulanır

Dörd yanım yaman boşalıb

Yoldaşlarımı öldürdülər

Və məzarlarını mənim şeirlərimdə qazdılar...

 

Yamandan yaman qorxuram

Hər külüng səsini eşitdiyimdə Fərhad oluram

Hər körpü gördüyümdə Domrul oluram

Adım səsləndiyində əllərimi qaldırıb təslim oluram

Polislər xalqımdan daha çox məni səslədilər...

 

Yatmaqdan qorxuram

Yatarsam səni sevməkdən qırıla bilərəm

Heç bir evdə rahat deyiləm

Hər bir ev bir iqtidar müxalifət savaşıdır

Pəncərələr ziyalı, divarlar diktator...

 

Yatarsam dağları itirə bilərəm, ceyranlığını itirə bilərəm

İkimiz də dağları yaxşı bilirik

Ovçuları atlamaq üçün

Çox ceyran olmalısan o dağlarda...

 

Nə yazıq ki, o dağların ətəyində

Toplum

Başını baltanın sinəsinə qoyub yatan meşə...

 

Qorxuram

Oturub-durduğumuz yerlərdən qorxuram

Cəhalət ilə cəsarəti ayırd edə bilmədiyimiz dönəmdəyik

Kəpənək qurbağanın dilini çiçək sanar...

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk soyları tarixin qədim dövrlərindən etibarən Avrasiya coğrafiyasında geniş ərazilərə yayılan və mədəniyyətləri, dilləri, ənənələri ilə zəngin bir miras buraxan xalqlardır. Türk xalqları kökləri Orta Asiyaya gedib çıxan və zamanla müxtəlif istiqamətlərdə köç edərək fərqli bölgələrdə məskunlaşan tayfaların nəslindəndir.

 

Türk xalqlarının ilk izləri Altay dağları və Orta Asiya çöllərində meydana çıxmışdır. Hunlar, Göytürklər və Uyğurlar ən qədim türk dövlətlərini quraraq mərkəzləşdirilmiş idarəetmə sistemlərini inkişaf etdirmişlər. Xüsusilə Göytürklər, ilk dəfə “Türk” adını dövlət adı kimi istifadə etmiş və Orxon-Yenisey yazıları ilə yazılı ədəbiyyatın təməlini qoymuşlar.

 Əməvilər və Abbasilər dövründə İslamla tanış olan türklər İslamı qəbul etdikdən sonra geniş ərazilərdə siyasi güc qazandılar. Qəznəvilər, Səlcuqlular və sonradan Osmanlılar kimi böyük imperiyalar qurdular. Xüsusilə Səlcuqlular Anadolunun qapılarını İslam dünyasına açaraq, burada yeni bir mədəniyyətin təməlini atdılar.

 Bu gün Türk soyları əsasən Mərkəzi Asiya, Qafqaz, Anadolu və Şərqi Avropada məskunlaşmışdır.

Əsas türk xalqlarına aşağıdakılar daxildir:

 

• Türklər (Türkiyə və Kipr)

• Azərbaycanlılar (Azərbaycan və İranın şimalı)

• Qazaxlar (Qazaxıstan)

• Özbəklər (Özbəkistan)

• Türkmənlər (Türkmənistan)

• Qırğızlar (Qırğızıstan)

• Uyğurlar (Çinin Şərqi Türküstan bölgəsi)

• Tatarlar (Rusiya Federasiyasının Tatarıstan bölgəsi və Krım)

 

Türk xalqları arasında dil və mədəniyyət baxımından böyük bir yaxınlıq mövcuddur. Türk dilləri Altay dil ailəsinə mənsubdur və ümumi söz ehtiyatı ilə yanaşı, ortaq folklor, dastan və musiqi ənənələri də mövcuddur. Dədə Qorqud dastanları, Manas dastanı və Koroğlu dastanı bütün türk xalqları arasında məşhurdur.

Türk dövlətləri arasında siyasi və iqtisadi əməkdaşlığı gücləndirmək məqsədi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Dövlətləri Təşkilatı) qurulmuşdur. Bu təşkilat mədəniyyət, təhsil və iqtisadi sahələrdə birgə layihələr həyata keçirir və türk dünyası arasında əlaqələri gücləndirir.

Türk soyları tarixin hər dövründə güclü dövlətlər quraraq mədəniyyət və siyasətdə iz qoymuşlar. Bu gün də türk xalqları öz zəngin irsini qoruyaraq müasir dünyada mühüm rol oynamaqdadırlar.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Mənim ruhum, gəl, dayanma pəncərəmin çölündə. İçəri keç, bir az söhbət edək, dərdləşək. Sənə anlatmaq istədiyim o qədər şey var ki... Bəlkə bunların çoxunubilirsən, hiss edirsən. Bəhanələrim, gətirdiyim səbəblər səni yorub, bəlkə də.

 

Ancaq inan ki, mən də çox yorulmuşam. Sənə anlatmasam, daha da məhv olaram. Mənə elə baxma, nə olar. Mən o baxışları yaxşı tanıyıram. Hər dəfəsində qaçdığım, üzləşməkdən qorxduğum, baxmaqdan çəkindiyim o baxışları yenə mənə zilləmisən.

Məni günahlandırmaq üçün gəlmisən, yenə? Bu dəfə qoy, mən danışım, sən də məni dinlə. Nə bəhanə, nə bir səbəb axtarmadan içimdəki yanğını bir az da olsa sərinlətmək istəyirəm. Doğru deyirsən, mən günahkaram – içimdəki “məni”, “bizi” öldürdüyüm üçün. Bunu danmayacağam. Çox az vaxtlarda biz bir bütöv ola bildik. Birlikdə gülüb, birlikdə əyləndik. O zaman sadəcə ikimiz var idik. Kim hara getsə də, biz bir gedərdik. Yolumuz da bir idi, yönümüz də. Sonra mən o yola çıxmaz oldum. Səni tək qoymağa başladım. Mən də çoxluğa qarışıb öz yolumu unutdum, səni unutdum...

Mən səhv etdiyimi bilirəm, hər zaman da bilirdim. Sən məni günahlandırdıqca, mən hər dəfə susmağa çalışır, ya da səbəblər gətirməyə başlayırdım. Bəs bunları nə üçün etdiyimi bilirsən? Çünki sənə layiq deyildim. Səni özümdən uzaqlaşdırmaq istədim – layiq olduğun bədəndə xoşbəxt yaşamağın üçün. Sən mənimlə xoşbəxt ola bilməzsən. Mən artıq sənin gözlərinə belə baxa bilmirəm. Səndə özümü görməkdən qorxuram. Axı mən səni necə yanımda saxlayım? Mən həyatımın hər dövründə – istər uşaqlığımda, istərsə də gəncliyimdə – sənə əzab vermişəm. Səni görməzdən gəlmişəm.

Mənim üçün hər zaman başqalarının xoşbəxtliyi ön sırada idi. Sanki hər kəsin mənə ehtiyacı varmış kimi, ya da elə hiss etdirdikləri üçün.Mən özümə mərhəmətli olmağı bacarmadım. Onların duyğuları məni bir addım geri salırdı. Və hər dəfəsində bu artan addımlar məni yolumdan uzaqlaşdırdı. Mən yolumuzu itirdim, səni də itirdim. İndi də mən səni necə özümə bağlayım? Səni də bu uçurumun qurbanı edim? Bunu edə bilmərəm. Mən ruhsuz yaşamalıyam – bir daş parçası kimi. Parçalansam belə, məhv olmayan...

Bu yaşlanmaqda olan bədəndə səni qocalda bilmərəm. Sən azadsan və azad da yaşamalısan. Mən isə bir əsirəm – dustaq yaşamağa məhkumam.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

 

Bazar ertəsi, 17 Fevral 2025 15:31

PA – UORREN BAFFET: “Qətiyyətli olun!”

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                    

 

Uorren Baffetdən «Uğur qazanmaq qaydaları». Hər gün cəmi bir qayda. Çünki bu qaydalar sadəcə oxuyub üstündən keçmək üçün deyil, yaddaşa yazıb əməl etmək üçündür.

 

10-cu qayda:

 

Qətiyyətli olun!

 

«Qətiyyətsizliklə siz heç nəyə nail ola bilməyəcəksiniz. 1984-cü ildə mən bir kompaniya almışdım. Bu kompaniyada bir qadından – kompaniyanın qurucusundan çox xoşum gəlirdi. İş onda idi ki, böyük maliyyəsi olmayan və olduqca qətiyyətli olan bu xanım yalnız qətiyyəti hesabına mebel satışı ilə məşğul olan böyük bir mağazalar şəbəkəsi aça bilmişdi».

 

 

***

Daha əvvəl təqdim edilən qaydalar:

 

1-ci qayda:

Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

 

2-ci qayda

«Yox!» deməyi öyrənin

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

 

3-cü qayda:

Heç vaxt başqalarına qulaq asmayın

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

 

4-cü qayda

Cəld və məhsuldar hərəkət edin

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

 

5-ci qayda:

Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız

«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».

 

6-cı qayda

Hər şey barədə əvvəlcədən razılaşın

«İstənilən işi başlayanda dərhal  maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».

 

7-ci qayda:

Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin

«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».

 

8-ci qayda:

Öz pullarınızdan düzgün istifadə edin

«Birinci qayda: heç vaxt pulunuzu itirməyin. İkinci qayda: heç vaxit birinci qaydanı unutmayın.

Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».

 

9-cu qayda:

Öz vəsaitinizlə yaşayın!

«Çalışın, heç vaxit borca pul göitürməyin. Götürsəniz, heç cür inkişaf edə bilməyəcək, bütün həyatınızı yoxsulluq içində keçirəcəksiniz. Cəld borclarınızı qaytarın və dövriyyəyə buraxmaq üçün azacıq kapital  toplayın».

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

 

 

 

 

Bazar ertəsi, 17 Fevral 2025 15:00

"Bir səsin min sehrində"

 İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 


"Bir səsin sehrində" - Bu başlıq altında vaxtilə “Sumqayıt” qəzetində mərhum jurnalist Sevil Bayramovanın gənc sənətçinin ifasından təsirlənərək qələmə aldığı məqaləsi dərc olunmuşdu. Mən isə qeyd etmək istəyrəm ki, “Bir səsin min sehrində” və ya ruha yatan, bənzərsiz səsin ahəngində sevilən vokalçı.

 

 O, ürəkdən, duya-duya, yana-yana oxuyur. Çünki onun səsində həyat var, sevgi var, saf duyğular var. İçimdən gələn daxili bir inam mənə deyir ki, Afət xanım istəsəydi dünyanın böyük səhnələrini, ən tələbkar dinləyicilərinin ürəklərini fəth edərdi. Lakin o, taleyini doğma Sumqayıta bağladı, burada sənət sirrlərini yeni nəslə aşıladı sidq ürəkdən. O, sadəcə vokalçı deyil, həm də sənətini sevən pedaqoqdur. Öz səsi ilə hamını məftun etməklə bərabər, musiqi sənətimizin rövnəqlənməsinə də bəhrəsini verir. 

Haqqında söz açdığım Afət Zeynalova çalışdığı Səid Rüstəmov adına uşaq incəsənət məktəbinin səhnəsində tamaşaçılarını dəfələrlə səs adlı xilqətin gücü qarşısında ram edib. Onunla həyat və yaradıcılığı haqda xeyli səmimi söhbət etdik. Sadə və təvazökar olan bu xanıma hörmət və rəğbətim ilk danışığında artdı. Öyrəndim ki, indiki Şabran rayonunda anadan olub. 1995-ci ildə Bakı Musiqi Akademiyasını vokal ixtisası üzrə bitirib. Xalq artistləri Fidan və Xuraman Hacıyeva bacılarından dərs alıb, mənəvi qidalanıb. Digər sənət müəllimi Xalq artisi Mürsəl Bədirov olub. Müəllimlərindən aldığı sevgini hazırda yetirmələrinə həvəslə ötürür. 3 oktava səsə malikdir Afət xanım. Təyinatla 5 il Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili- Dram Teatrında çalışıb. 1988-ci ildə şəhərimizdə qızlardan ibarət vokal qrupu yaradıb. Bir zaman çox əziyyət çəkib sənətini qeyri-adi qarşılayanlara qavradana, sevdirənə qədər. Səs tembrinin imkanları çox genişdir. Üzeyir Hacıbəyovun “Sənsiz”, “Sevgili canan” romanslarını, “Arşın mal alan”da Gülçöhrənin mahnılarını məharətlə ifa edib. Sumqayıtda ilk vokal sinfinin açılmasının təşəbbüskarı olmaqla buna nail olub. 20 ildən çoxdur yetirmlərinin sayını artıq itirib. Əksəriyyəti bu gün professional sənətlə məşğuldur. Çox gözəl səsə malik tələbəsi Fəhmin Əhmədli Opera və Balet Teatrının solistidir. Əli Əliyev, Riyad Cəbrayılov, Ramin Bayramov, Rübabə Cəbrayılova, Orxan Rəcəbov, Şaiq Çələbi, Şahin Qədirov, Günel Əliyeva, Nuranə Bahəddin, Kənan Qədimov, Orxan və Günel Cəlilovalar və bir çox başqalarının üzərində zəhməti çox böyük olub və onlar istedadları, mükəmməl ifaları ilə hazırda tamaşaçı zövqünü oxşayırlar.

Öz dəsti-xətti, yolu olan Afət müəllimə bütün bilik və bacarığını şagirdlərindən əsirgəmir. Onların uğurlarında böyük əməyi vardır. Daim yeniliklər axtarışındadır. Yeganə qız övladı Laçın da böyük istedada malikdir və anasından bəhrələnib. Hazırda o da anadır, türk vətəndaşı həyat yoldaşı ilə bir qız övladı böyüdür.

Bəli, Afət müəllimə öz işinin məsuliyyətini, vacibliyini dərindən dərk edərək, bu işə olduqca böyük önəm verir. Xasiyyətcə o, çox yumşaq, həssas, mülayim bir insandır; lakin işdə yüksək tələbkarlığı, hətta bəzən prinsipiallığı ilə fərqlənir. Gənclərlə vicdanlı, intizamlı iş aparır ki, bu da başqaları üçün gözəl nümunə ola bilər. Afət xanım dərs metodikasını çox gözəl bilir. O, vokal sənətinin görkəmli ifaçılarının pedaqoji yaradıcılığı və sənətlər ilə yaxşı tanışdır və öz biliyini, təcrübəsini yetirmələri və həmkarları ilə bölüşür. İşlədiyi kollektivin bütün üzvləri ona böyük hörmət və məhəbbət bəsləyirlər. Olduqca nəzakətli və iltifatlıdır. Yüksək mədəniyyətə, erudisiyaya malikdir və vokal ədəbiyyatını mükəmməl bilir. Çox maraqlı ixtisas proqramı ilə işləyir. Şagirdlərdən musiqi mətninin düzgün oxunmasını, vokal əsərlərinin dərk olunaraq ifasını tələb edir. Səsin doğru, təbii və rəvan səslənməsi, “təmiz” intonasiya və səsin yüksək pozisiyası aydın və “yaxın” söz, obraz və ifadəlilik, dəqiq frazirovka, möhkəm nəfəs – bax, bütün bunlar yaxşı ifa üçün çox önəmlidir və məhz bunların sayəsində daima işləmək lazımdır. Vokal ifaçısı üçün bunların hamısının olması çox vacibdir. Həqiqətən belə bir münasibət, belə tələb çox doğrudur və Afət müəllimə buna əməl etməklə öz işində daima axtarışlara can atır.

Onun sənəti nadirdir və arzular şəhəri Sumqayıtda bu sənətə yiyələnmək istəyənlər üçün o, gözəl bir örnəkdir. Təsadüfi deyil ki, bütün əmək fəaliyyəti dövründə bir çox uğura imza atıb, dəfələrlə fəxri fərmanlara və mükafatlara layiq görülüb. Onunla söhbətimizdən belə qənaətə gəldim ki, sadəcə istəyin və doğma xalqın qarşısında məsuliyyət hissin varsa, deməli, hər zaman uğur qazanmaq mümkündür. Allah səsinizi və özünüzü qorusun, gözəl vokalçı, peşəkar pedaqoq Afət Zeynalova!

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

Bazar ertəsi, 17 Fevral 2025 14:29

Məni öz içimdə boğulmaqdan xilas et!!! - ESSE

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Salam Allah!

Sənə səslənmək, sənin haqqında düşünmək belə məni titrədir. Çünki mən acizəm, çünki mənim sözlərim yetərsizdir, çünki məndə Səni dərk edəcək qədər qüdrət yoxdur. Amma buna baxmayaraq, Sənə sarılmaq istəyirəm, çünki hər şeyin içində, dünyanın bu sonsuz xaosunda, həyatın yorucu mənasızlığında yalnız Sənin varlığın mənə bir səbəb verir.

 

Mən Səni anlamağa çalışıram, amma necə? Sən başlanğıcı olmayan bir Zamanın Sahibisən, əbədi bir mövcudluğun Özüsən. Mən isə məhdudam, ömrüm saatlarla ölçülür, hər nəfəsim sayılır, hər günüm məni məchul bir sona aparır. Varlığım bir anlıq işıq kimi parlayır və sonra yoxluğa qarışır. Bütün bunları bilə-bilə, Səni necə dərk edə bilərəm?

Bəzən düşünürəm ki, biz, insanlar, Sənin yoxluğunla qorxuduluruq, amma Sən olmadan onsuz da məhvik. İnsan hər şeyin içindədir, amma yenə də təkdir. Hər kəsə qarışıb, amma yenə də tənhadır. İçimizdə bir boşluq var – elə bir boşluq ki, heç nə ilə dolmur. Pul, sevgi, şöhrət, bilik – heç biri onu doldura bilmir. İnsan min şey sınayır, amma nə qədər irəli getsə də, sonunda qəlbinin dərinliyində bir səssiz fəryad qalır. O fəryad yalnız Sənədir.

Bilirəm, insan yaradıldı və unudulmağa məhkumdur. Əvvəl unudur ki, heç nə idi, sonra unudur ki, nəyə görə buradadır, sonda isə özünü unudur. Çünki bu dünya qamətimizi əyir, çünki dünya bizi özü ilə sürüyür. İnsan özünü tanıdıqca çarəsizliyini dərk edir. Biz düşünürük ki, azadıq, amma yalnız arzularımızın quluyuq. İnsan dünyaya gələndən bəri içindəki boşluğu doldurmağa çalışır, amma axırda anlayır ki, onu ancaq Sən doldura bilərsən.

Mən nəyəm? Bir ət parçası, bir neçə il nəfəs alan, sonra torpağa qarışan bir varlıq. Amma içimdə ölməyən bir şey var – ruhum. O ruh ki, nə bu dünyaya aiddir, nə də tam olaraq mənə. Bəzən onu hiss edirəm, amma ona çata bilmirəm. Bəzən onu dinləmək istəyirəm, amma dünya onu susdurur. Mən bu ikiliyin içində sıxılıram – bir tərəfim torpağa, bir tərəfim Sənə bağlıdır.

Mən bəzən Səni unuduram, amma Sən məni unutma. Mən bəzən doğru yoldan sapıram, amma məni tərk etmə. Mənim zəifliyimi bilirsən, mənim nəfsimin necə alçaq olduğunu bilirsən, mənim içimdəki təlatümləri görürsən. Hərdən elə bil ki, qaranlıq mənə qalib gəlir, hərdən elə bil ki, özümə belə yadlaşıram. Bəzən Sənin varlığını hiss edirəm, bəzən isə hər şeydən uzaq düşdüyümü düşünürəm.

Bu həyat qəribə bir oyun kimidir. Biz başlayırıq və bilmirik ki, necə bitəcək. Bəzən hər şey mənasız görünür – bir gün doğulur, bir gün ölürük, arada qalan zaman isə yalnız bir yanılmadır. İnsan hər şeyi unudur – sevgini də, nifrəti də, əzabı da, sevinci də. Bir zamanlar içimizi yandıran hisslər, gün gəlir, yalnız bir kölgəyə çevrilir. Amma içimizdə tək bir şey dəyişmir – Səni axtarmaq ehtiyacı.

Mən bu dünyada çox şeyi sınadım, amma hamısı yalan imiş. Pul – yalnız bir saydan ibarətdir. Sevgi – bəzən xəyaldan başqa bir şey deyil. İnsanlar – bir gün var, bir gün yoxdur. Amma Sən? Sən mənim içimdə hər zaman varsan. Mən Sənə baxıram, amma görə bilmirəm. Səni axtarıram, amma əlim çatmır. Amma bilirəm ki, mənə şah damarımdan da yaxınsan.

Məni özümə buraxma. Çünki insan özü ilə qalanda, itir. Məni dünyanın bu yalanlarından, keçici duyğularından, boş arzularından qoru. Mənim içimdə Sənə aparan bir yol aç. Çünki mənim dönüş yerim yalnız Sənsən.

Mən nə istəyirəm? Heç nə. Heç nə istəmədən Sənin varlığını hiss etmək istəyirəm. Mənim ruhumun içindəki qaranlığa bir işıq vur. Çünki əgər Sən işıq salmasan, mən zülmətdə itərəm. Mənə özümü tapmaq üçün yol göstər. Mənə bu dünyanın saxta xoşbəxtliklərini deyil, həqiqi hüzuru ver. Çünki mən bilirəm ki, insanın xoşbəxtliyi təkcə Səndədir.

Sənə gəlmək istəyirəm. Amma necə? Mən dünyaya çox bağlanmışam. Mən insanlardan, arzularımdan, keçmişimdən, gələcəyimdən asılıyam. Amma bilirəm ki, insan nə qədər azad olmaq istəsə də, yalnız Sənə bağlananda azad olur. Mənim ruhumu bu dünyanın ağır zəncirlərindən qurtar. Mənə Səni dərk etməyi nəsib et. Çünki əgər bir insan Səni dərk etsə, artıq heç nə axtarmaz.

Məni öz içimdə boğulmaqdan xilas et. Məni məni incidən, yoran, məhv edən hər şeydən uzaq et. Mən Səni hiss etmək istəyirəm, səslərdən, insanlardan, bu dünyanın boşluğundan uzaqda, yalnız Sənin sükutunda.

 Sonda isə, məni unutma. Mən Səni unutsam da, xahiş edirəm məni unutma. Mən yoldan çıxsam da, məni geri qaytar. Mən səni axtarmasam da, mənə yol göstər. Çünki bilirəm ki, insan özünə buraxılsa, itər. Amma Sənə sarılsa, tapılar. Mən də tapılmaq istəyirəm. Mən də gerçək özümü bilmək istəyirəm. Mən də ruhumu Sənin yanında rahat etdirmək istəyirəm.

Mən tək istəyirəm ki, Sənə dönəndə əllərim boş olmasın.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

 

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

“My Name is Khan" (2010) Hindistan istehsalı olan dramatik filmdir. Rejissoru Karan Johar-dır, baş rollarda Şah Rux Xan və Kajol çəkiliblər. Film sevgi, irqçilik, İslamofobiya və autizm kimi mövzuları işıqlandırır.

 

Film Asperger sindromundan əziyyət çəkən Rizvan Xan adlı müsəlman haqqında danışır. Rizvan anasının ölümündən sonra ABŞ-a köçür və burada Mandira adlı hindu qadınla evlənir. Lakin 11 sentyabr hadisələrindən sonra ABŞ-da müsəlmanlara qarşı ayrı-seçkilik artır və faciəvi bir hadisə Rizvanın həyatını dəyişir. O, müsəlmanların heç də düşmən olmadıqlarını sübut etmək üçün bir missiyaya çıxır: ABŞ prezidentinə "Mənim adım Xandır, amma mən terrorist deyiləm" demək istəyir.

 

1. Mövzu və Mesajlar

 

Film antiirqçilik, sevgi və insanlıq anlayışı üzərində qurulub. Rizvanın autizm spektrində olması isə onun səmimi və dürüst bir obraz kimi təsvir edilməsinə kömək edir. O, cəmiyyətin ön mühakimələrinə baxmayaraq, sevgisi və inamı sayəsində qeyri-mümkün görünən bir missiyanı yerinə yetirir.

 

Filmin əsas mesajı odur ki, insanlar dinlərinə və kimliklərinə görə mühakimə olunmamalıdırlar. Rizvanın yolçuluğu dünyaya empatiya və humanizm mesajı ötürür.

 

2. Xarakterlər

 

Rizvan Xan (Şah Rux Xan) – Asperger sindromu olan bir şəxs kimi təqdim olunur. O, hisslərini adi insanlardan fərqli ifadə edir və səmimi davranışları ilə tamaşaçını özünə bağlayır.

 

Mandira (Kajol) – Güclü qadın obrazıdır. O, Rizvana olan sevgisinə görə cəmiyyətin tabularını aşır. Lakin oğlunun faciəvi ölümü onu dəyişdirir və Rizvandan ayrılır.

 

Müxtəlif yan personajlar – Film boyu Rizvanın qarşılaşdığı insanlar onun hekayəsini daha da gücləndirir. Xüsusilə, ona kömək edən və ya əngəl törədən insanlar filmin sosial mesajını dərinləşdirir.

 

 

3. Simvolizm və Kinematoqrafiya

 

Rizvanın səyahəti - Daxili və fiziki yolçuluğun birləşməsi kimi təqdim olunur. Bu, həm onun özünü tapması, həm də cəmiyyətin qaranlıq tərəfləri ilə mübarizəsini əks etdirir.

 

İşıq və Rənglər – Filmdə isti tonlar xoşbəxtlik, soyuq tonlar isə kədər və zorakılığı ifadə edir. Rizvanın çətin anlarında daha qaranlıq və boz rənglərdən istifadə olunur.

 

‘Yaxşı və pis insanlar var’ prinsipi – Rizvan anasının öyrətdiyi bu prinsipi dəfələrlə təkrarlayır. Filmin ən güclü simvolizmlərindən biridir.

 

"My Name is Khan" həm Hindistan, həm də beynəlxalq arenada böyük uğur qazandı. 9/11 sonrası müsəlmanlara qarşı ayrı-seçkiliyi emosional şəkildə göstərməsi onu siyasi və sosial olaraq əhəmiyyətli bir filmə çevirir. Şah Rux Xanın aktyorluğu isə xüsusilə yüksək qiymətləndirildi və Rizvan obrazı onun karyerasında ən unudulmaz rollardan biri oldu.

 

"My Name is Khan" sadəcə bir sevgi və dram filmi deyil, həm də sosial mesajlarla dolu, güclü bir humanist filmdir. O, dini və etnik fərqliliklərə qarşı olan nifrətin absurdluğunu göstərir və insan sevgisinin gücünü vurğulayır. Şah Rux Xan və Kajolun peşəkarlığı, təsirli ssenari və güclü rejissorluq filmi unudulmaz edir.

 

Bu film fərqlilikləri qəbul etmək və dünyaya daha çox empatiya ilə yanaşmaq üçün vacib bir dərsdir.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.