Əbədi buzlaqlar və mamontlar – SAXA YAKUTİYA Featured

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə Türk dünyasını tanıyaq layihəsində bu dəfə bizləri Saxa-Yakutiyaya virtual səfər gözləyir.

 

Yakutiya bir də özünün əbədi soyuğu və buzlaqları ilə gözəl və əsrarəngizdir. Hazırda sakini olduğumuz dünyanın-  Yer səthinin 25%-ni əbədi buzlaqlar təşkil edir.  Bunun da böyük hissəsi Sibirin və Şimali Amerikanın payına düşür.

Sibirdə buzlaqlarla ilk rastlaşan insanın yazılı xatirələri 1827-ci ilə təsadüf edir. Boris Şerqin adlı tacir və ekspedisiyaçı öz həyətyanı sahəsində su quyusu qazmağa başlayır. Yeri qazdıqca dərinliklərdə buz qatının olduğunu görür. Digər bir mənbələrdə isə qeyd edilir ki, İmperatorun Sibirə sürgün etdiyi Bestujev Marlinskiy öz xatirələrində yazırdı: “Artıq 7 quyu qazmışam. Su çıxmır. Belə getsə mən buralarda su tapmayacağam”.

Rus tacirləri və səyyahları, müxtəlif elmi ekspedisiyaların üzvləri öz tədqiqat və elmi məqalələrində, hesabatlarında  Sibir ərazisində torpağın dərin qatlarında buzlanmış qrunt yığıntısının, Tayqa meşələrinin altında buzlaqların olduğunu yazsalar da, avropalılar əvvəlcə bu mülahizələrə inanmırdılar.

Avropalılardan fərqli olaraq, Şimali Amerikadakı mütəxəssislər öz ölkələrində buzlaqların olmasına şahid idilər. Həmin dövrdə Rusiya İmperiyası ilə Amerika arasında  Rus Amerikası deyilən müştərək bir Fond fəaliyyət göstərirdi.  Rus Amerikası  fonunun rəhbəri Ferdinand Vrangel  bu xəbəri eşidib,1836-cı ildə  Yakutsk şəhərinə gəlir, tacir Şerqini tapır. Tacirdən xahiş edir ki, o həyətindəki quyunu qazmağa davam etsin.  Beləliklə, Boris Şerqin 116 metr quyu qazır, hər laydan sonra torpaq qatı yox, buz qatı çıxır. Aldığı ərazinin buzlaq olmasından heyifsilənən, Şerqin buraları tərk edir.

Yakutskın ətrafında meşələr və göllər, bol sulu çaylar, bu yerlərin  canlı heyvanlarla bol təbiəti isə Çar Rusiyasının iqtisadi maraqlarına uyğun idi. Buzlaq olsa belə, bu şəhəri əldən vermək olmazdı. 1844-cü ildə Çar Rusiyasının ekspedisiyasının tərkibində Aleksandr Minderrof adlı təbiətşünas da buzlaqları öyrənməyə gəlir. Burada geoloji qazıntılara və tədqiqatlara başlayır. 

İmperator İnstitutu Aleksandr Minderrofun qarşısında alt qatı buzlaqlar olan Yakutsk şəhərində  daş evlər, yollar, körpülər, dəmir yolları tikmək kimi məsuliyyətli bir məsələ qoymuşdu. Bu plana uyğun olaraq nə qədər təcrübələr aparılsa da, tikintilərin davamlılığı istənilən nəticəni vermirdi. Sanki buzlaqlar  ona yaxınlaşanlara ögey ana kimi soyuq münasibət bəsləyirdi.

Yalnız 20-ci əsrin əvvəllərində məşhur avropalı memar Konrad Leşeviçin  layihəsi və rəhbərliyi ilə Yakutskda ilk daş bina tikildi.  Fundamentin altındakı buzlaqlar bu tikilini saxlamağa imkan verdi.  Daha sonra şəhərdə  istilik elektrik stansiyası və 1937-ci ildə ilk hamam da tikildi. Qazma üsulu ilə qrunt torpaqların və buzlaqların üzərində  bərkidilən tikililəri elə layihələndirmişdilər ki, torpağın dərin qatına istilik təsir etməsin. Buna görə hər bir tikilinin müəyyən hissələrində yer qatının altının havalandırma sistemini yaratmışdılar. Taxta  balaqan evləri ilə, taxta sarayları ilə məşhur olan Yakutskda ilk dəfə    birmərtəbəli daş evlər və mülklər tikilməyə başladı. 1953-cü ildə isə  ilk hündürmərtəbəli  yaşayış binası tikilib istifadəyə verildi. Əslində Yakutskda daş yataqları olmadığından, buraya daş binaların özülləri də  Rusiyanın cənubundan gətirilirdi.

Bu yeniliklərin timsalında  buzlaqları öyrənən elmi müəssisə  saat mexanizmi kimi işləməliydi ki, şəhərdə inkişaf baş versin.  Yakutskın təbiətinə uyğun olaraq, burada dünyada ilk Buzlaqşünaslıq İnstitutu fəaliyyətə başladı.

Yakutskda buzlaqlar üzərində ilk hündür tikili Vladimir Leninə həsr olunmuş, 1967-ci ildə ucaldılan 14 metirlik abidə idi. 1982-ci ildə isə Yakutskda  əbədi buzlaqlar diyarında  hündürlüyü 18 metr olan  televiziya qülləsi tikildi. Onun yerin altına gedən gövdəsi 8 metr, yerin üstündə olan gövdəsi isə 18 metrə bərabər idi.

Məhz Buzlaqşünaslıq İnstitutu yaranandan sonra, alimlərin, elm xadimlərinin, geoloq və bioloqların apardıqları tədqiqatlar nəticəsində məlum oldu ki, ən qədim buzlaq yeri Şərqi Sibirin Baqatay  qəsəbəsindədir. Bu buzlağın yaşı 65 min ilə yaxındır. Bu buzlaq öz yaşına uyğun olaraq dəfələrlə  isti və soyuq hava kütlələri nəticəsində  əriyib və bərkiyib. Onun təməlinə ən böyük ziyanı isə insanlar vurub. Buradakı  dağ silsiləsinin ətəyindəki buzlaq qatı 50 metr dərinliyə qədər uzanır. Temperatur isə həmişə  mənfi -10 Co dərəcədən  yuxarı olur.

Buzlaq qatının üzərində  yaşıllıqalrın yaranması da təbiətdə baş verən istilik və yağıntılarla əlaqədardır.  Aydındır ki, buzlaşma başlamazdan əvvəl həmin yerlərdə də milyon illər əvvəl həyat mövcud olub. Kəskin buzlaşma dövrü başlayanda  hər şey öz inkişafından dayanıb.

Beləcə torpağın altında qalan heyvan və bitki aləmi, bütün canlı aləm buzlaşaraq, təbii aşınma nəticəsində qrunt qatını yaradır.  Yenə bütöv onilliklər və yüzilliklər ərzində baş verən istiləşmə prosesi nəticəsində əvvəlcə buz qatı əriyir, bataqlıqlar yaranır. Bataqlıqlar tədricən quruduqca , torpaq  üzə çıxır və bitki aləmi inkişaf etməyə başlayır. Buzlaqlar əridikdə  bioloji aləmin  bakteriyaları  aktivləşir. Bunun nəticəsində bitkilərin metobolizmi başlayır və  qaz təbəqələri yaranır. Bu qazlardan da kömür və metan qazı ayrılır. 

Bu qədər buzlaqlar olan ərazidə isə yay nə qədər qısa olsa da, yağıntılar da az düşür. Yağıntıların az düşməsi səbəbindən rütubət və nəmişlik yaranır.  Buna görə də Yakutiyada və Şimalda çoxillik ağaclara az-az rast gəlinir. Çünki yağan qarlar suyu əvəz edə bilmir. Qarın yerə düşməyi ilə şaxtalar onu buza çevirir. Ağaclar və bitki aləminin əksəriyyəti lazım olan qədər su ehtiyatı ala bilmədiklərindən əziyyət çəkirlər.

Yakutiya öz təbiəti və insanları ilə hər zaman dünyanı heyrətə gətirə bilir.

 Əbədi buzlaqlar diyarının əbədi sakinlərindən biri haqqında danışmaq da yerinə düşər. Yakutiyalılar bu əbədi buzlaqların  alt qatından bu gün də dünyanı heyrətə gətirən tapıntılar aşkar edirlər. Onlardan biri də min illər bundan əvvəl yaşamış mamontlardır. 3 milyon kvadratmetr sahəsi olan bu buzlaqlar ölkəsində az qala hər yerdən mamont qalıqları tapılır.  İlk dəfə Yakutiyada mamont qalıqları 1799-cu ildə tapılıb. Bu gün Yakutsk şəhərində Şimal Şərq Universitetinin nəzdində Lazaryev adına Mamont Muzeyi fəaliyyət göstərir. Muzeydə 2 mindən artıq  mamont qalıqları nümayiş etdirilir.

Burada həmçinin 30 min il yaşı olan Tiryaxtyax mamontunun skleti nümayiş olunur. Arxeoloji qazıntılar zamanı tapılan heyvan sümükləri  onu deməyə əsas verir ki, qədim heyvanlar Yakutiya ərazisində 100 milyon illər əvvəl də yaşayıblar.

Ancaq Yakutiya ərazisində dünyada ən qoca sayılan 15 mamont tapılıb.  Ən sonuncu tapılan mamontun 49 min il bundan əvvəl bu ərazilərdə yaşadığı təsdiq olunub. Alimlər belə hesab edirlər ki,  soyuq diyarlara gəlib çıxan mamontlar  vaxtilə Xəzər hövzəsində yaşayıblar, Xəzər hövzəsindəki tüklü mamontlar onların əcdadıdırl. Ən son tapılan mamontun dərisinin üzərində dərin tük qatı vardır.  Onun da burada skletinin üzərində qurulan maketi dayanıb. Alimlər belə nəticəyə gəliblər ki, bu mamont balasının mədəsində yediyi ot da buzlamış şəkildə qalıb. Belə ehtimal olunur ki, ya torpaq sürüşməsi, ya süxurların aralanması nəticəsində digər heyvanlar kimi bu mamont da sonsuz buzlaşma ərazisinə düşüb və bu günə kimi öz formasını itirmədən qalıb. Yakutiyada bu günə qədər də 30-40 min əvvəl donmuş  əbədi soyuq yer qatlarından canlılar tapılır.

Lazaryev adına Mamont Muzeyinin elmi əməkdaşı  Maksim Çeprasov deyir ki, Xəzər mamontundan   700 min əvvəl Traqanteriya mamontu yaşayıb. Traqanteriya mamontlarının boyu   4-5 metr hündürlüyündə  12 tona yaxın ağırlığında olur. O zaman nəhənglər faunası  dünyası mövcud olub.  Sonra isə Xəzər mamontlarının ömrü başlayıb. Dərisi tüklü Xəzər mamontları da bütün mamontlar kimi təbii inteqrasiyaya uğradıqdan sonra,   Xəzərin sahilindən Yakutiyaya inteqrasiya ediblər. Hansısa  təbii iqlim dəyişməsi nəticəsində belə böyük nəhənglər öz yaşayış yerlərini bütün dövrlərdə dəyişiblər.  Xəzər mamontlarının yaşı 350 min hesablanır. Xəzər mamontları bu günkü Yakutiya mamontlarının əcdadıdırlar. Traqanteriya və Xəzər mamontları həm də Avropaya, Asiyaya və Sibirə miqrasiya ediblər.  Bu ərazilərdə 1 milyon 300 min il əvvəl yaşamış Yakutsk mamontunun da qalıqları tapılıb. 

Mamont Muzeyinin elmi əməkdaşı Maksim Çerpasov mamontların yaşının necə hesablanmasına da  aydınlıq gətirərək dedi ki,  mamontlar öz dişlərini və buynuzlarını bir dəfə dəyişə bilirlər. Bu onların bədənlərindəki təbii prosesdir. Mamontların yaşını , yaşam tərzini həm dişləri , həm də buynuzlarındakı xətlərə görə təyin edirlər. Bu buynuzda kalsium maddəsinin tərkibinə görə onların  harada, necə yaşadığını , hamiləlik dövrünü, hansı bitkilərlə qidalandığını da təyin etmək olur. Mamontun buynuzlarındakı həlqələr çox sirrləri özündə gizlədir.  Hətta ana mamontun neçə dəfə hamilə olduğunu da təyin edirik. Tədqiqatlar nəticəsində məlum olub ki,  muzeyimizin laboratoriyasında hazırda tədqiq edilən  Malalyaxov mamontunun 8 dəfə hamiləlik dövrü olub. Onun 8-ci hamiləliyi yarımçıq  düşüklə nəticələnib.

Yakutsk muzeyində 30 min ilə yaxın yaşı olan   Yukagir mamontunun buzlaqlar altında öz ilkin formasını saxlamış qalıqları da saxlanılır.  Həmin mamont hazırda muzeyin laboratoriyasındadır. Çəkisi 1500 tondan artıqdır. Hazırda dünyanın bir çox  elmi mərkəzləri ilə bu mamontun klonlaşdırılması üzərində elmi tədqiqat işləri aparılır. Ümid etmək olar ki, bir neçə ildən sonra mamontun klonunu da dünyaya gətirəcəyik.

Dünya mamont Muzeyi 1991-ci ildə yakutiyalı mamontoloq Pyotr Alekseyeviç Lazaryevin təşəbbüsü ilə yaradılıb. Muzeyidə saxlanılan  məlumatlarda bildirilir ki, Yakutiyada aparılan arxeoloji və geoloji qazıntılar və ya  sel-su daşqınlarının açdığı  yarğanların 75 faizində  mamont və dördayaqlı heyvanlar faunasına aid nümunələr tapılır.  Bu tapıntıların içərisində  Verxoyansk vilayətində tapılan  4450 yaşı olan at, Baqatayda 8200 yaşı olan los, 2011-ci ildə Ust Yanqinski rayonunda  tapılan 12450 yaşı olan  tülkü... Tapılan heyvanların skleti deyil, bütöv bədəni buzlanmış formada  bu günümüzə şahid kimi gəlib çıxır.

Əbədi buzlaqlar ölkəsi öz gücünü və sehrini insanlara çatdırmaq üçün milyon illərə aid sirrlərini bax beləcə xəsisliklə açmaqda davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(28.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.