Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
27 may 2025-ci il tarixində Sumqayıt Dövlət Universitetində açılan və bu gün də davam edən IV Sumqayıt Kitab Sərgisi Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) təşkilatçılığı ilə baş tutub. “#kitablagəlirik” şüarı ilə keçirilən tədbir, bu dəfə də kitabsevərləri, müəllifləri, naşirləri və gənc oxucuları bir araya toplayıb. Fərqli nəşriyyatların stendləri, endirimli satışlar, müəlliflərlə görüşlər və imza saatları tədbiri həm ruhlandırıcı, həm də maarifləndirici bir mühitə çevirməkdədir.
Sərginin xüsusi qonaqlarından biri tanınmış yazıçı Varis idi. Tədbirin ilk günündə o, gənclərlə görüşərək öz yaradıcılığı, yazı prosesi və ədəbiyyata yanaşması haqqında səmimi və açıq fikirlərini bölüşdü. O, sərgidə satışa çıxarılan kitablarından bəhs etdi, oxuculara hansı əsərlərlə başlamalarının daha uyğun olacağını söylədi və onların ədəbi maraqlarına uyğun tövsiyələr verdi. Bu söhbət zamanı iştirakçılar təkcə müəllifin əsərləri ilə deyil, həm də onun şəxsi yazı fəlsəfəsi ilə tanış olmaq imkanı qazandılar.
Varis daha sonra auditoriyada geniş auditoriyaya xitab etdi. Çıxışı sadəcə bir müəllifin nitqi deyildi – bu, yazı ilə insanın iç dünyası arasında qurulan körpünün izahı, ədəbiyyatın insan ruhundakı səssiz təsirlərinin təhlili idi. O, öz çıxışında yazıçı olmaqdan çox, insan olmaqdan danışdı. Oxucuların reaksiyası da bunu göstərdi – hər cümləsi maraqla dinlənildi, hər fikri səmimi alqışlarla qarşılandı. Auditoriyada yaranan coşqu və emosional bağlılıq, tədbirin ruhunu daha da gücləndirdi.
Tədbirin sonunda isə ən sevilən an – imza saatı baş tutdu. Varis oxucularının kitablarını imzaladı, onlarla şəkillər çəkdirdi, şəxsən tanımaq və bir neçə söz də olsa söhbət etmək üçün vaxt ayırdı. Bu anlar, hər bir iştirakçı üçün xüsusi idi, çünki müəlliflə birbaşa təmas yaratmaq, onunla ünsiyyət qurmaq nadir və dəyərli bir təcrübədir.
Sonda isə aydın şəkildə görünürdü ki, “#kitablagəlirik” sadəcə bir şüar deyil. Bu, gənclərin öz yolunu tapmaq üçün kitaba üz tutmasının, müəlliflərin oxucularla canlı dialoqunun, və ən əsası, ədəbiyyatın cəmiyyətin ruhuna nəfəs verdiyinin göstəricisi idi.
IV Sumqayıt Kitab Sərgisi sübut edir ki, kitab hələ də bizi birləşdirən ən güclü vasitədir. Və bu yolda atılan hər addım – müəllifin yazdığı bir cümlə, oxucunun duyduğu bir hiss, sərgidə qurulan bir ünsiyyət – gələcəyin daha savadlı, daha duyarlı və daha düşünən cəmiyyətinə aparan yoldur.
“Ədəbiyyat və incəsənət”
(28.05.2025)