İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onu kamanın sehirkar ifaçısı kimi tanıyırdıq, eləcə də duzlu-baməzə söhbətləri həmişə dillərdə dolaşırdı.
Musiqi dahisi Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddinci sinfi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub.
Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başlayıb. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmayıb. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb.
Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır.
"Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı vermişdir. Beləliklə, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşıb, el arasında geniş şöhrət tapıb.
Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri, tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.
Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.
Fəxri adları
"Azərbaycan SSR əməkdar artisti" fəxri adı
"Azərbaycan SSR xalq artisti" fəxri adı
"Şöhrət" ordeni
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
"İstiqlal" ordeni
Filmoqrafiya
- Qanun naminə
- Dəli Kür
- Günlərin bir günü...
- Nəğməkar torpaq
- Habil Kaman
- Sarı gəlin
- Qızıl fonddan seçmələr
- Kamanın naxış sehri
- Muğamat var olan yerdə
- Heydər Əliyev
- Kamançanamə
Habil Əliyev 2015-ci il sentyabrın 8-də vəfat etmişdir. Bakıda, I Fəxri Xiyabanda dəfn olunmuşdur.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.05.2025)