Super User
Gənclər Kitabxanası təklif edir: Çingiz Dağıcı, “Onlar da insandı”
Əsərin dramatik xətti fonunda saf və məsum insanların ruslar tərəfindən necə əzilməsi, müxtəlif siyasi gedişlər açıq-aydın göstərilir. Müəllif bu tarixi faciəyə öz fəlsəfi-psixoloji baxış bucağından baxmağa, insanlar arasındakı sərhədlərin əslində siyasi oyun olduğu məsələsinə diqqət çəkməyə çalışır.
Bu kitabı oxumaq üçün Cəfər Cabbarlı adına Gənclər kitabxanasına yaxınlaşa bilərsiz.
Kitablar 10 gün müddətinə oxuculara verilir.
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)
“Xəyanət” - HEKAYƏ
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Mən sənin varlığını hiss etdiyim qədər yaşadım, amma bu gün anidən ölmək istəyirəm...
Moskva, 20 dekabr 2023-cü il
C. evinin kitabxanasını səliqəyə salarkən gözünə görünməsini istəmədiyi, lakin itirməyə də qıymadığı, ona gənclik illərini və bir vaxtlar yaşadığını hiss etdirən həmin illəri xatırladan kitabla qarşılaşdı. Kitabın üzərini toz basmış və üz qabığı çox kövrəkləşmişdi, amma hələ də onun ruhunu titrədən birisinin parfümü kimi qoxurdu. Bu kitab ona ilk dəfə hədiyyə edildiyi gün o məsum sima, onun gözümə bir başqa cür yaraşıqlı görünmüşdü. C. təsadüfən açdığı səhifədə illər əvvəl ona hədiyyə edilən zaman altı qələm ilə vurğulanan və çobanyastığı çiçəyindən düzəldilmiş əlfəcin yerləşdirilmiş həmin sətirlərlə qarşılaşdı:
-Təsadüf səni önümə çıxarmasaydı,yenə eyni şəkildə, fəqət hər şeydən xəbərsiz yaşayıb gedəcəkdim. Sən mənə dünyada başqa bir həyatın da mövcud olduğunu, mənim də bir ruhum ola biləcəyini öyrətdin.
Əgər bir səhifəni daha çevirsə idi, həyatımın ən böyük həqiqəti ilə qarşılaşacaqdı və qarşılaşdı. Onun keçmiş ailəsindən geriyə qalan tək şəkli və o şəkiləki balaca və məsum oğlu. Şəkli barmaqları arasında bərk-bərk sıxaraq bir ruhunu titrədən simaya, bir də oğluna baxırdı:
O, əminəm ki, çox böyüyüb indi onun on səkkiz yaşı var və bu şəkildə sənə necə də bənzəyir. Bəlkə də mənim həyatımın ən böyük şansı onun həm zahirinin, həm də mənəviyyatının mənə deyil, sənə bu qədər çox bənzəməsidir. İllər əvvəl məni deyil, səni seçməsi belə bunu kökündən sübut edir. Ümid edirəm ki, evlənmisən, amma evlənməmiş də ola bilərsən. Çünki sən hər zaman hisslərinə sahib çıxan, duyğularını pak tutan birisi olmusan. Amma bu dəfə belə etməyini heç cürə istəmərəm, çünki xərclədiyin zaman mənə həsr olunmuş sayılır və bəllidir ki, mən buna layiq deyiləm.
22 dekabr 2023-cü il
Salam, əzizim A.
Düzü iki gündür nə etdiyimin və nəyi düşünməli olduğumun fərqində belə deyiləm. Məni narahat edən tək düşüncə sənə bu məktubu yazmaqla bağlıdır və bu gün uzun zamandan sonra hiss etdim ki, qorxuya və yaxud təşvişə məhəl qoymadan sənə ürəyimdəki bütün etirafları etməliyəm. Ən azından yaşadığım bu mənasız ömür boyunca ilk dəfə bu sətirlər sənə həsr ediləcəyi üçün xoşbəxt olsun.
Əgər səninlə qarşılaşmaq kimi bir şansım olsa idi, gözlərinə diqqətlə baxaraq, əllərini ovuclarım içinə sıxaraq səninlə tanış olmağın mənim həyatımda etmiş olduğum ən böyük savab olduğunu utanmadan-çəkinmədən sənə söyləyərdim. Bütün bunları hər şeyi məhv etdikdən sonra söyləməyimin əslində bir səbəbi yoxdur. Sadəcə bilməyini istəyirəm ki, sən mənim qəlbimdə əbədiyyətə qədər kök salmış bir yarasan və bu yaranı mən ömrümün sonuna qədər daşımağa məcburam. Səhv başa düşməyini istəmirəm, əmin ola bilərsən ki, bu yaranı açan mən özüməm, sən sadəcə adını daşıyırsan. Məni çox qınamısan, buna adım kimi əminəm. Amma bilirəm ki, hər zaman mənim adıma haqq qazandıracaq bir səbəb mütləq taparaq özünü sakitləşdirməyə çalışdığın anlar da az olmayıb. Bilməyini istəyirəm ki, mən səni hər zaman hiss eləmişəm və iki gün əvvəl yenə səni çox dərindən hiss elədim. Sanki qəlbimdəki sən adlı yaranın üzərini müdafiə edən qabıq hələ yara sağalmadan qopdu və sol yanımdakı sərsəmlik döyüntü deyil, yaranın şır-şır axan qanıdır. Bu gün ani olaraq hiss etdim ki, mən səni hiss edə bilmirəm. Bəlkə də bu sətirləri nə vaxtsa oxuyacaq olsan, mənə güləcəksən. Amma sənin mənəvi ruhunun ağırlığı çox az da olsa məni anlayacaq.Əslində, çox istəyərdim ki, sənə özümdən bəhs edim.
Qeyd etməyi istəyirəm ki, mən həqiqətən də bu dünyanın ən şanslı qadınıyam, çünki qadınlar çox zaman evliliklərindən şikayətlənir və evliliyin kişidəki eşqi və məhəbbəti öldürdüyünü qeyd edirlər. Amma mənim həyatıma girən hər iki kişi məni sözün əsl mənasında sevdi və dəyər verdi. Ümid edirəm ki, bu yazdıqlarım üçün məni qınamayacaqsan. Məlum bir gerçəklik var ki, mən sadəcə səni sevmişəm, onda tapdığım sadəcə sənin yoxluğun idi. Bitmək bilməyən iş səfərlərin, həftələrlə gəlməyən telefon zənglərin, ayda bir dəfə gördüyüm nurlu üzün... Mən sənsizliyə öyrəşmək məcburiyyətində idim və yaxud da indi seçməli olduğum yolu seçməli idim. O zamanlar ağlım və etdiyim bütün hesablar məni daima ikinci çıxış yoluna yaxınlaşırırdı. Amma indi seçdiklərim və icra etdiklərim arasında dərin bir uçurum açdığımın fərqindəyəm. Həm xoşbəxt olmamağıma heç bir səbəb yoxdur, həm də bir çox səbəb var. O məni ən az sənin qədər sevir və dəyər verir. Lakin özü də fərqindədir ki, nə isə düz getmir. Keçən gün onun əlində səninlə əsgərlikdə olarkən çəkilmiş şəkli gördüm və bu hala şahidlik etdikdən sonra anladım ki, o da mənim kimi xoşbəxt deyil. Qısacası bil və agah ol ki, səni kürəyindən vuranların kürəyi peşmanlğa ömür boyu qapı açıb.
Bizim uşağımız olmadı. Nə qədər müalicəyə pul töksək belə heç bir müsbət nəticə vermədi. Və yenə Allahın ən mübarək bəndəsi olduğumu qeyd etməliyəm, çünki bizim səninlə bir oğlumuz var. Səndən bir xahişim var, onu elə böyüt ki, bu həyatın analıq obrazına deyil, fəqət mənə şiddətlə nifrət etsin. Ona mərd və mübariz olan bütün anaları nümunə çək, amma məni alçaltmağı da unutma. Sənə yalvarıram, ən azından məni bu cəzadan məhrum etmə. Mən əzab çəkirəm, əziz A. Mən nə sənə, nə də ona bunu etməməli idim. Onu öz günahıma alət etməməli, bu tilsimli girdabın içinə atmamalı idim. Üzüm gəlmir, bu sətirləri necə utanaraq yazdığımı əsla bilməyəcəksən, hiss etməyəcəksən. Heç hiss etməyini də istəmərəm. Mən sənin sonsuz məğlubiyyətə məcbur edən heç bir şeyi etməyini istəmərəm. Lakin mən səni bütövlüklə hiss etməyə hazıram, fəqət yenə qeyd etmək istəyirəm ki, son iki gündür mən səni bu ölü ruhumda hiss edə bilmirəm. Məhz bunun üçün taqətsiz, elə məhz bunun üçün kədərliyəm. Halbuki mən içimdə qopan bütün torpaq sürüşmələrindən sadəcə səni xilas etmişdim, çünki ruhumun yaşaması üçün mənə sadəcə sənin məchul varlığın kifayət idi. İndi isə bu qəlbimi bağrımdan söküb atmağım gəlir. Çox qəribədir ki, mən ömür boyu həyatımdakı hər kəsə xəyanət edən bir qadın oldum. Məlum məsələdir ki, mən sənin məchul varlığının qucağına sığınaraq ona xəyanət edirəm. Bizi mənim xəyanətim ayırdığı kimi, qovuşduracaq olan da elə mənim xəyanətim ola bilər. Bu sətirləri illər sonra könlümə qonan bir vicdan əzabı olaraq da qələmə verə bilərsən, lakin bilməyini istəyirəm ki, sənə xəyanət yuva salmış ürəyimdə son qalan çiçəkli baxcasını ayırmışam. Bu sətirlərin elə özü bir xəyanətdir: Özümə, onun varlığına, sənin məchul ruhuna, keçmişimizə, gələcəyimizə, əlimdəki qələmə, mürəkkəblə kirlətdiyim bəyaz kağıza... Mən hər kəsi, hər şeyi bitmək bilməyən xəyanətimlə məşğul edirəm. Duyğularımı özüm öz əllərimlə istismar edirəm....
Həyatım boyunca hissim və acgözlülüyüm arasında daima ağır bir mübarizə aparmışam. Mən uşaqlığımdan beləyəm, heç bir zaman həyat məni doyura bilmədi. İndi də sənin yoxluğunu varlığım üçün ən böyük kasıblıq əlaməti hesab edirəm. Qeyd etməliyəm ki, B. həqiqətən fədakar və sevgi dolu birisidir. Sən bir zamanlar dostun olduğu üçün əminəm ki, onu məndən daha yaxşı tanıyırsan. Amma illər sonra məhz bu aralar onun gözlərindəki peşmanlığı dərindən hiss edirəm. Gözlərinin içinə baxaraq,- “Mən də peşmanam, əziz B”.-deyə bilmirəm. Deyə bilmərəm ki, bunun özü də bir xəyanətdir. Bu cümləni quracağım təqdirdə bütün günahlarımızı sadəcə onun adına yazmış oluram. Bu günlərdə onun gözlərinə baxdığım zaman sənə qarşı olan ehtiraslı kədəri görüb məhv oluram. Bu kədər də məni məhv edən ən sərt qüvvədir. Mən sənin yoxluğun ilə bacaran qadınam, lakin onun baxışları məni bir qaya tək əzir. Onun dilsiz baxışları belə sanki mənə,-Doy! –deyə səslənir. Ah, bir bilsən necə xoş olardı, bu məktub bitdiyi an Allah canımı alsa. Fəqət bu istəyim belə, Allahın özünə bir xəyanətdir. Həyatın məni qarşılaşdırdığı tək nöqtə sənsən, sənin isə adın xəyanətdir....
Artıq davam edə bilmirəm, çünki barmaqlarım da mənə xəyanət edir. Əgər bacarsan, məni bağışlamağa çalış. Əmin ol ki, bu yalvarışları ehtiyacım olmasa , etməzdim. Ünvanını belə bilmirəm, fəqət bir tək onu bilirəm ki, sən keçmişinə, olduğun yerə bağlı birisən. Elə bu məktubu göndərərkən da səninlə əvvəllər yaşadığımız o evin ünvanını qeyd edəcəyəm. Bir də unutmadan qeyd edim ki, məchul varlığının ruhunu məndən ayırma, xahiş edirəm. İcazə ver səni yenidən hiss edə bilim. Əmin ol ki, bu məktub mənim bu həyata sonuncu xəyanətimdir. Amma mənim ən sonuncu xəyanətimlə bir sonrakı cümlədə qarşılaşacaqsan...
Mən bir tək səni sevdim və hələ də səni sevirəm, əzizim A...
Bu xəyanətkar ruhuma sənin uca xislətini alət etdiyim üçün məni bağışla...
Sənin, C...
Bəyazlamış saçları evinin eyvanındakı küləyin şiddətli notlarının təsiri ilə üzünə fələyin ağır şillələrini vururdu. Artıq onun son xəyanəti olan həmin məktubu göndərdiyi gündən iki ay ötürdü. Amma hələ də məlum bir geri dönüş ala bilməmişdi. Hiss etməyə çalışırdı, çalışırdı ki, onun ruhu canının müqəssir ruhunu tərk etməsin, lakin əlində olmayan bir çox səbəb bir şeyi sübut edirdi ki, günahlarını savabın rəngləri ilə boyaya bilməyəcək. Düşünürdü ki, birini sevmək və yaxud qovuşmaq bu qədər çətin və əzablı olmamalıdır. Əlini uzatdınsa, əlini, səsinə boylanmısansa , səsini tutmalısan.Birini sevmək bu qədər çətin olmamalıdır. Biz ki düşmən torpaqların övladları deyilik, bizi axı eyni torpaq yetişdirib, o torpaqda hər birimizin diz yarasının töküldüyü qan var. Birini sevmək bu qədər çətin olmamalıdır. Bu əzablı simfoniyalar bəstələnməməlidir. İnsan musiqi sədaları altında dayanmamalı, sadəcə rəqs etməməlidir. Birini sevmək və hiss etmək bu qədər çətin olmamalıdır...
Elə bu an B. əlində kiçik bir bağlama ilə onun yanına gəldi. Öncə nə olduğunu anlamasa belə, qəhvəyi rəngli bağlamanın üzərində yazan ünvana baxdığı zaman sərsəmləməyə, əlləri əsməyə, nəfəs alıb-vermə sürəti artmağa və o an gözləri önündən gəlib keçən xatirələr bir yük kimi çiyinlərinə toplaşmağa başladı. Bu dəmdə B. sanki hər şeyi anlayırmışcasına heç nə demədən otaqdan çıxdı. Barmaqları bağlamanın iplərini dolayaraq və sirli dünyanın qapısını həzin-həzin aralayırdı.
İlk olaraq kitabının səhifələri arasında qeyb olan ailə şəklinin ikincisi onu qarşıladı, amma bu şəkilin o olan tərəfi çoxdan cırılmışdı. Daha sonra oğlunun kiçik uşaqlıq corabları ilə qarşılaşan C. yıxılmasın deyə əli ilə masanın kənarından bərk-bərk yapışmağa başladı. Corabın barmaq ucu hissəsi cırılmış və böyük bir məharətlə tikilmişdi. Daha sonra onun başını döndürən o parfümün boş qabı yenə susuzluqdan qurumuş boş şüşəsi ilə onun başını döndürəcək qədər vahiməli idi. Bir an sanki bu bağlamanın bütün dünyanı öz daxilində həbs etdiyini düşündü, sonra parfüm qutusundan çıxan bir dəstə qurumuş çobanyastığına nəzər saldı.Hər birinin üzərində sadəcə bir ləçəyi qalmışdı. Dəstənin içində bükülmüş kağız parçasında yazılmışdı:
-Bax bu ləçəklərin hər biri sevmir deyir deyə onları qoparmağa əlim gəlmədi...
Hissləri onu ifadə edilməyəcək qədər şiddətlə boğur və sanki cismi məngənə içərisində sıxılaraq artıq öl deyə səslənirdi. Növbəti kağızı açacaq taqəti bədənində oyatmaq gərəkli bir addım idi. Sərsəm və ruhsuz barmaqları bu səfər bir ölüm kağızı üzərində gəzirdi, həm də bu ölüm kağızı iki ay əvvəldən təsdiqlənmiş və bir xəyanətin qucağına atılmışdı. Dəstək aldığı masanın dəhşətli səsi və onun içində qopan fəryadın səsi ilə mübarizə aparırdı. C ruhunun bir paltar kimi ipdən asıldığını hiss edirsi və hər iki qolunu açaraq özünü rüzgara təslim edərmişcəsinə boşluqda idi. Bu an masanın səsinə B. otağa doğru qaçdı. Az əvvəl gətirdiyi bağlamanın içindəkilər yerə səpələnmiş, parfüm şüşəsi çatlamış və qoxusu ətrafı bürümüşdü . Ondan bir az irəlidə kiçik kağız parçası üzü aşağı küləyin təsiri ilə mübarizə apararaq “özümü göstərim, yoxsa göstərməyim” qərarsızlığı arasında tir-tir əsirdi. B. kağızı əlinə alaraq onu bu qərarsızlıqdan xilas etdi:
Başqa şəhərlər birləşdirir bizi
Başqa hisslər,
Başqa baxışlar,
Kəşfedilməmiş yollar,
Reallaşmamış arzular,
Parçalanmış şəkillər,
Xaraba qalmış küçələr birləşdirir.
Bir tək sən ayırırsan...
Bir az əvvəl rüzgarda süzülən kağız misalı C-in vücudu B qarşısında süzülərək qolları arasına düşdü. Suallar və cavablar susmuşdu. Solğun bənizlər məhz bu anda bir-birinin çirklənmiş mənliyini yenə bir-biri üzərində güzgütək əks etdirərək, son xəyanət gerçəkləşir, alından axan tər damcısı ilk dəfə yazını silməyə müvəffəq olurdu. B xəyanətkar qadınının solğun çöhrəsinə bir damla göz yaşı hədiyyə edirdi. C isə B-in tutqun göz bəbəkləri içərisində qısılmış gözləri ilə gülən A üçün son dəfə gülümsəyirdi.
Sol əlini büsbütün yuxarı qaldıraraq B-in alnından dodaqlarına doğru süzməyə başladı, sanki ölən canlının gözlərini həyata qarşı bağlayaraq artıq bəsdir deyirdi:
-Məni bağışla!
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)
“O, Çexov kimi həm gözəl həkim, həm də istedadlı yazıçıdır.”
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Uzun illər gənclərin maariflənməsi ilə məşğul olan mərhum Fəzail Əkbərov onu tanıyanların yaddaşında dünyanın ən gözəl insanlarından biri kimi qalıb. İnsani keyfiyyətləri o qədər yüksək idi ki, vəfatından xeyli vaxt keçsməsinə baxmayaraq hələ də adı ehtiramla xatırlanır.
Ümümiyyətlə, el-obasında Əkbərov soyadı dilə gələndə ilk yada düşən də Fəzail müəllim və onun qardaşları Höccət, Şahbaz Əkbərovlar olur. Hər birinin haqqında bu gün el arasında əfsanələr dolaşır. Bəli, sizə bu şəcərənin davamçısı, bacarıqlı həkim-cərrah, eyni zamanda bədii yaradıcılıqla məşğul olan, bir neçə kitabın müəllifi, yazıçı-dramaturq Ramiz Əkbərdən söhbət açmaq istəyirəm.
O, 1956-cı ildə dünyaya gəlib. Orta təhsilini başa vuraraq indiki Azərbaycan Tibb Universitetinə qəbul olunub. Həmin universiteti bitirdikdən sonra bir il cərrahiyə üzrə subernatura və internatura kursunu keçib. Üç il Saatlı rayon xəstəxanasında ümumi cərrah işləyib. Daha sonra akademik M.Cavadzadənin klinikasında iki illik kliniki uroloji ordinatura kursunda olub. 1985-ci ildən DİN-in Respublika Hospitalında əvvəlcə mülki uroloq, cərrahiyə şöbəsinin rəisi, hospitalın müalicə işləri üzrə rəis müavini, üç il də hospitalın rəisi vəzifələrində çalışıb. İstefada olan tibb xidməti polkovnikidir. "Qüsursuz xidmətə görə" medalının üç dərəcəsinin üçüylə də təltif olunub, "Səhiyyə Əlaçısı" döş nişanına layiq görülüb, əməkdar həkimdir. Hazırda özəl klinikalardan birində uroloji-androloji bölməyə rəhbrlik edir…
Deyir ki,- "Mən bu sahəyə gələndə səhiyyəmiz acınacaqlı vəziyyətdə idi. Tibbi avadanlıqlar sarıdan xarici ölkələrdən geri qalırdıq. Bu gün bu sahədə çox inkişaf vardır. Xəstəxana, klinikalarımız dünyanın ən müasir tibbi avadanlıqları ilə təhciz olunub. Sevindirici haldır ki, ölkədən kənarda təhsil alan, ixtisasartırma kurslarında iştirak edən gənc həkimlərimizin sayı xeyli artıb. Bu isə əminlik yaradır ki, tezliklə bizim səhiyyəmiz də dünya standartlarına uyğun olacaq…”
İki sahə- tibb və fəlsəfə üzrə fəlsəfə doktorudur. Necə deyərlər, həm alim həkim və həm də filosofdur. İyirmidən çox elmi, bədii, publisistik kitabın, eləcə də bir neçə səmərələşdirici təklifin müəllifidir. Bədii yaradıcılığı da müxtəlif mükafatlarla dəyəndirilib. "Həsən bəy Zərdabi adına", "Altun Qələm", "Qızıl Qələm" kimi ədəbi mükafatların laureatıdır. Yaxşı yadımdadır, illər öncə məşhur Hacıbaba Bağırovun rəhbəri olduğu tetrda səhnələşdirilən bir dram əsərinin ilk nümayişində tamaşaçılar arasında mən də var idim. Həmin təqdimatda kifayət qədər söz adamları da iştirak edirdi…
Zahirən adamda "ünsiyyətdən çəkinən insan" təəssüratı yaratsa da ürəyi çox kövrəkdir. Heç kimin xətrinə dəyməz, daha çox müşahidə etməyə üstünlük verir. Necə deyərlər, çağrılan yerə ar eləməz, çağrılmayan yeri dar. Mütaliəni çox xoşlayır, şahmat oynamaqdan zövq alır. İndiyədək yüzlərlə imkansıza təmənnasız yardım edib, minlərlə xəstəyə şəfa verib. Torpaqlarımızın işğaldan azad olunması isə onun ən böyük arzusu idi, çatıb. Bir həkim kimi hamıya can sağlığı diləyən, bir ziyalı kimi gəncləri yüksək təhsil almağa səsləyən bu insanın haqqında söhbətimi mərhum xalq şairi Qabilin sözləri ilə bitirmək istəyirəm: "Ramiz Əkbər ölməz rus yazıçısı Anton Pavloviç Çexov kimi həm gözəl həkim, həm də istedadlı yazıçıdır"…
Sentyabrın 11-də Ramiz həkimin 68 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)
REDAKSİYANIN POÇTUNDAN – “Qəribəm”
“Ədəbiyyat və incəsənət” portalının poçtuna gələn növbəti məktub Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunundur. O, “Qəribəm” adlı şeirini təqdim edir.
Coşqun XƏLİLOĞLU
QƏRİBƏM
Doğma diyardan uzaqda yaşayan bəzi soydaşlarımızın dilindən
Papağı yandırdım günə,
Neçə ilim hədər oldu.
İşlərim düşdü düyünə,
Qazancım qəm - kədər oldu.
Ayrıldım eldən, obadan,
Yad yurd elimə tən olmaz.
Öyüddür, Qorqud babadan:
-Hər rahat yer vətən olmaz.
Gözlərim elə bağlandı,
Könül verdim yad qızına.
Ürəyim elə dağlandı,
Susaldı... çətin qızına
"Oğul" dedi mənə anam
Oğul olammıram hələ.
Gözləyib kimdənsə ənam
Yaşayıram elə-belə.
Bir az pulum var əlimdə,
Nə fayda-qəribəm, yadam.
Gec anladım... öz elində
Xoşbəxtliyin tapar adam.
Gecə keçib yatammıram,
Bir azdan açılar sabah.
Bu gün gecdir-çatammaram,
Gedim bilet alım sabah…
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)
OXUCULARIMIZIN YARADICILIĞI – Şəlalə Adilqızının şeirləri
“Ədəbiyyat və incəsənət” portalı “Oxucularımızın yaradıcılığı” rubrikasında bu gün sizlərə Şəlalə Adilqızının şeirlərini təqdim edir.
Şəlalə Adilqızı imzasıyla şeir yazan və adətən bu şeirlərini Facebook sosial şəbəkəsində paylaşan Şəlalə Rəhimovanın 30 yaşı var. Ailəlidir, bir övladı var. İlk dəfə şeirləri yazarlar.az saytında dərc edilib. Keçmişin acılı-şirinli xatirələri, daim düşünən, kədərə qucaq açan insanlıq barədə mülahizələr Şəlalə Adilqızının lirikasının leytmotivini təşkil edir.
Qonşuya duz dalınca,
Yoxsa quzu qaytarmağa
göndərmisən uşaqları, İlahi?
Uzatdığı saqqız qədər tanıyırdı uzağı,
Qolundakı diş yeriylə ölçürdü vaxtı...
Çərpələngə ad qoyurdu: “Qaranquş”...
Parabüzən axtarırdı göndərə pay dalınca:
“Uç-uç baba, get gətir payımı... Uç!”
Dağ çayında yuyurdu ayaqlarını,
Moruq ləkəsinə qatırdı
Cızılan barmağının qanını...
Hər şeyi səndən istəyən,
Küsməyi-barışmağı bir oyunluq çəkən
Uşaqları hara göndərdin, İlahi?
Göstər getdikləri yeri...
Bu ömrü yanlış gəldik,
Qayıdaq geri...
***
Qapımı açıq qoymuşam,
Pəncərəmdən qəfəsləri sökmüşəm...
Gözlədiyim oğrunun
Uğruna dua əkmişəm
Ovcumun çat yerində...
Oğru üçün “əl kitabı” da yazıb qoymuşam
Ömrümün bir küncündə...
Gülüşlərin divarların yaddaşında,
Addımların həyətimin hər daşında,
Baxışların əl güzgümdə,
Eşqin də ürəyimdədi...
...Bir heybə də tikmişəm oğru üçün,
Naxışları sənin “dərd” dediyindəndi...
***
Qolumda tapammıram,
Ruhumda izi qalıb
Biləyimə dişlərimlə taxdığım saatın...
...Nə gözəl yaşayırdıq ömrü...
Nə gözəl “hesablayırdıq” vaxtı...
“ Quşlar uçanda...”
“Kəpənək qanadında...”
“Lalələr qızaranda...”
“Sərçə içib doyanda...”
... Nə qocalığa işləyir,
Nə yarısı olurdu günümüzün...
Nə ölümə az qalır,
Nə gözü doyurdu ömrümüzün...
... Ruhumda izi qalıb
Biləyimə dişlərimlə taxdığım saatın...
***
İtirilmiş krallıqdı uşaqlıq...
“Cızza” sözünə gülən,
Palçıqda ayaqyalın yüyürən,
Qumda yuvarlanan,
Şirni üçün ağlayan kral idik biz...
...Cığallığımız “Beşdaş”dakı
Beşinci daş boydaydı...
Küskünlüyümüz çəkilən
çeçələ barmaq qədər...
Kədərimiz boyumuzdan kiçikdi...
Gülüşümüz göy qədər...
...Nənəmin corabının başından çıxardığı
“saqqız pulu”ydu “sevinc” deyə ölçdüklərimiz...
Böyüdük...
...İtirdik krallığımızı...
...Əcəl aldı nənəmizi...
Böyüdükcə yanlış çıxdı
Həyat barədə bütün bildiklərimiz...
***
Zirvələrə qar tez düşər,
Zirvələrdən qar gec düşər...
...Dərddi zirvə,
Dərddi qar bəzən...
Çəkir dağın sinəsinə cığır-cığır naxışlar...
...Çəkilir dərdlər,
Ağarır saçlar,
Bir-birinin başına sığal çəkmək üçün
Üst-üstə qalaqlanır yaşlar;
İnsan qocalır...
Ot basan cığırlar insan ömrünə dolandıqca
Dərd də candan bac alır;
Və bir gün, sadəcə,
Xatirəyə dönür insan...
Bir gün də onu xatırlayanların
Yaddaşında itir insan...
***
Böyüyürdüm...
Dinləyirdim
Həyatdan bəhs edən nağılları...
Düşürdü deyirdilər “üç almalar”;
Doyurmurdu həyata dair xəyalları...
Sonra öyrənməyə başladım
Sevməyi, sevinməyi,
Gülümsəməyi, qəmlənməyi,
Və yağışda rəqs etməyi,
Və ovcumdakı damlaya bir dua pıçıldayıb
Gül kökünə göndərməyi...
Bir səhər günəşdən öncə oyandım,
Ovcuma göndərdi saçaqlarını...
Yapışdım saçağından günəşin
Qaçdım yaşıllığın ətrinə sarı...
Bir simitlə mən də doydum, göyərçinlər də...
Bir udumluq sevinc oldu pambıq şəkəri...
Öyrəndim həyata dair hər şeyi;
Kiçik, saysız xoşbəxtlikləri...
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)
“Şahdağ” Turizm Mərkəzinin nümayəndə heyəti Avrasiya Dağ Kurortları Alyansının sammitində iştirak edib
Sentyabrın 8-dən 10-dək Qazaxıstanın Almatı şəhərində Avrasiya Dağ Kurortları Alyansına üzv dövlətlərin dağ kurortlarının sammiti keçirilib.
“Şahdağ” Turizm Mərkəzindən AzərTAC-a bildirilib ki, sammitdə Avstriya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Rusiya Federasiyası və Cənubi Koreyanın dağ kurortlarının nümayəndələri iştirak ediblər.
“Oy Karaqay” Dağ Kurortunda keçirilən tədbirdə Azərbaycanı Alyansın üzvü olan “Şahdağ” Turizm Mərkəzinin nümayəndə heyəti təmsil edib.
Tədbirdə çıxış edən “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov turizm kompleksinin potensialı, həyata keçirilən yeniliklər və infrastruktur işləri, eləcə də qış mövsümü çərçivəsində nəzərdə tutulan beynəlxalq tədbirlər və yarışlar haqqında sammit iştirakçılarına məlumat verib.
Sammitdə Alyansın qarşısında duran prioritet vəzifələr, təşkilata qeydiyyat və yeni üzvlərin qəbulu məsələləri, kurortlar arasında təcrübə mübadiləsinin aparılması, qarşılıqlı təşviqat və marketinq işlərinin təşkili, vahid keçidlərin tətbiqi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Sammit çərçivəsində Almatı Dağ Klasteri yaradılıb, həmçinin Cənubi Koreyanın “Mono YongPyong” Dağ Kurortunun Avrasiya Dağ Kurortları Alyansına üzv olması haqqında qərar qəbul edilib.
Qeyd edək ki, Avrasiya Dağ Kurortları Alyansı 2023-cü ildə təsis edilib. Alyansa Rusiyanın “Roza Xutor”, Qazaxıstanın “Şımbulak”, Özbəkistanın “Əmirsoy” Dağ Kurortları və “Şahdağ” Turizm Mərkəzi daxildir. Bu ildən etibarən isə Qazaxıstanın “Oy Karaqay” və Koreyanın “Mono YongPyong” Dağ Kurortları da üzv qəbul olunub.
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)
Rəsm qalereyası: Oqyüst Renuar, “Gül kompozisiyası”
Azərbaycan Türkiyədə keçiriləcək III Beynəlxalq Antalya Yörük Türkmən Festivalında iştirak edəcək
Sentyabrın 13-dən 15-dək Türkiyədə III Beynəlxalq Antalya Yörük Türkmən Festivalı keçiriləcək.
AzərTAC xəbər verir ki, ölkəmizi festivalda Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edəcək.
Mərkəzdən verilən məlumatda bildirilib ki, əsrlər boyu Anadolunun zəngin mədəni həyatını formalaşdıran yörüklər, yəni, köçəri həyat tərzi sürən xalqlar Türk mədəniyyətinin mühüm bir hissəsini təşkil edib. Antalya bu qədim mədəniyyətin ən parlaq nümunələrinin yaşadıldığı şəhərlərdən biridir və bu zəngin mədəni irsin gələcək nəsillərə ötürülməsi vəzifəsini üzərinə götürməyi hədəfləyib.
Festivalın əsas məqsədi yörük mədəniyyətini gələcək nəsillərə əhatəli şəkildə çatdırmaqdır. Festival Antalyanın bənzərsiz təbii gözəllikləri ilə əhatə olunmuş Döşemealtı Düzlerçamı Karaman piknik sahəsində təşkil olunacaq.
Tədbirdə Türk dünyasının müxtəlif guşələrindən yerli musiqi və rəqs proqramları təqdim olunacaq, milli çadırlar qurulacaq, türkdilli xalqlar öz mədəniyyətləri və sənətlərini nümayiş etdirəcəklər. Festivalda, həmçinin unudulmaqda olan əl işləri ustalarının əsərləri sərgilənəcək, ənənəvi Türk mətbəxinin nümunələri qonaqlara təqdim ediləcək, idman yarışları keçiriləcək.
Festivalda çox sayda yerli və xarici turist, ümumilikdə iki yüz mindən çox insanın iştirakı gözlənilir.
Tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti kimi ölkələrlə yanaşı, Bosniya və Herseqovina, Serbiya, Yunanıstan, Şimali Makedoniya, Bolqarıstan, Əfqanıstan, Suriya, İran, İraq, Rumıniya, Gürcüstan, Çin və Ukrayna da təmsil olunacaq.
Mədəniyyət Mərkəzimizin təşkil edəcəyi Azərbaycan çadırında ölkəmizin milli mədəniyyəti, incəsənəti, əl işləri geniş şəkildə sərgilənəcək, qonaqlara milli şirniyyatlarımız təqdim olunacaq. Festival çərçivəsində təşkil olunacaq bədii hissədə Azərbaycan musiqiləri və rəqsləri ifa ediləcək. Konsertdə Azərbaycanın Xalq artisti Azərin, Mədəniyyət Mərkəzinin solisti Vüsalə Əsgərova, tar ifaçısı Pərviz Musayev, mərkəzin nəzdindəki “Xəzər” Xalq Rəqsləri Ansamblı milli və xalq musiqi nümunələrimizi təqdim edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)
Şəhidlər barədə şeirlər - Ruslan Cəfərov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Ruslan Cəfərov
Ruslan Mövlan oğlu Cəfərov 2000-ci il avqustun 2-də Qusar şəhərində anadan olub. 2006-2017-ci illərdə Qusar şəhərində 2 nömrəli tam orta məкtəbdə təhsil alıb.
Azərbaycan Ordusunun əsgəri olan Ruslan Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Ruslan Cəfərov oktyabrın 21-də şəhid olub. Qusar şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əsgər Cəfərov Ruslan Mövlan oğlu Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasənŞuşa şəhərinin azad olunmasında göstərdiyi şəxsi igidliyə görə 29.12.2020-ci ildə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Dinlə məni, anam qadın.
Sənin oğlun tarix yazdı.
İndi ona nə desəm də,
Nə yazsam da, yenə azdı.
Bilirsənmi, kim olubdu,
Əllərinlə böyütdüyün,
O balaca oğul balan?
Vətən üçün vuruşaraq,
O müqəddəs torpaqları,
Geri alan,
İgidimiz, şəhidimiz.
Hər ananın işi deyil,
Can üstündə can böyüdə.
Tarixin vərdişi deyil,
Belə qəhrəman böyüdə.
Sənin kimi anaların,
Böyütdüyü oğullardır,
Bu millətin 30 ildir,
Tapdalanan torpağını,
Geri alan
Tarix yazıb vətən olan.
Ürəkləri vətən ilə
Döyünərək tarix olar.
Vətən darda olan zaman,
Həm can verər, həm can alar.
Bunu bilsin bəşəriyyət,
Unudulmaz tarix boyu,
Sizin kimi tarix yazan,
Nə oğullar, nə analar.
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Elnaz İslamvəndin “Gizlənpaç” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Elnaz İslamvəndin şeirlərini təqdim edir.
Elnaz İslamvənd
Təbriz
GİZLƏNPAÇ
Səni başqasıyla gördüyüm anda,
Özümdən sabaha yol yerimişdim.
O qədər yerinə utanmışdım ki,
Səhər açılınca lap ərimişdim.
Toxundu saçıma süpürgəçimiz,
Vitrində matışka güldü üzümə.
Biraz buraxılmış siqar qutusu,
Biraz da qəhqəhə dəydi gözümə!
Səni başqasıyla görməyə nə var?
Hər zaman deyəndə: “Alma”, gəlmişəm.
Biraz gecənizdən heyva tökülüb,
Heyva yəni gəlmə, özüm gəlmişəm.
Səni başqasıyla görmək də olur,
Bu da ki, bir tordur, bu da bir biçim.
Mən gərək zamanın durduğu yerdə,
Bu kefli nağıldan adlayıb keçim.
Səni başqasıyla görmək də gözəl,
Dağ kimi səsimi qaytarır odam.
Ömür var sevərəm məni buraxsan,
Bir yerdən başlayıb gərək unudam…
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)