“Xəyanət” - HEKAYƏ Featured

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Mən sənin varlığını hiss etdiyim qədər yaşadım, amma bu gün anidən ölmək istəyirəm...

 Moskva, 20 dekabr 2023-cü  il

 

C. evinin kitabxanasını səliqəyə salarkən gözünə görünməsini istəmədiyi, lakin itirməyə də qıymadığı, ona gənclik illərini və bir vaxtlar yaşadığını hiss etdirən həmin illəri xatırladan kitabla qarşılaşdı. Kitabın üzərini toz basmış və üz qabığı çox kövrəkləşmişdi, amma hələ də onun ruhunu titrədən birisinin parfümü kimi qoxurdu. Bu kitab ona ilk dəfə hədiyyə edildiyi gün o məsum sima, onun gözümə bir başqa cür yaraşıqlı görünmüşdü. C. təsadüfən açdığı səhifədə illər əvvəl ona hədiyyə edilən zaman altı qələm ilə vurğulanan və çobanyastığı çiçəyindən düzəldilmiş əlfəcin yerləşdirilmiş həmin sətirlərlə qarşılaşdı: 

-Təsadüf səni önümə çıxarmasaydı,yenə eyni şəkildə, fəqət hər şeydən xəbərsiz yaşayıb gedəcəkdim. Sən mənə dünyada başqa bir həyatın da mövcud olduğunu, mənim də bir ruhum ola biləcəyini öyrətdin.

Əgər bir səhifəni daha çevirsə idi, həyatımın ən böyük həqiqəti ilə qarşılaşacaqdı və qarşılaşdı. Onun keçmiş ailəsindən geriyə qalan tək şəkli və o şəkiləki balaca və məsum oğlu. Şəkli barmaqları arasında bərk-bərk sıxaraq bir ruhunu titrədən simaya, bir də oğluna baxırdı:

 

O, əminəm  ki, çox böyüyüb indi onun  on səkkiz yaşı var və bu şəkildə sənə necə də bənzəyir. Bəlkə də mənim həyatımın ən böyük şansı onun həm zahirinin, həm də mənəviyyatının mənə deyil, sənə bu qədər çox bənzəməsidir. İllər əvvəl məni deyil, səni seçməsi belə bunu kökündən sübut edir. Ümid edirəm ki, evlənmisən, amma evlənməmiş də ola bilərsən. Çünki sən hər zaman hisslərinə sahib çıxan, duyğularını pak tutan birisi olmusan. Amma  bu dəfə belə etməyini heç cürə istəmərəm, çünki xərclədiyin zaman mənə həsr olunmuş sayılır və bəllidir ki, mən buna layiq deyiləm. 

22 dekabr 2023-cü il

 

Salam, əzizim A. 

Düzü iki gündür nə etdiyimin və nəyi düşünməli olduğumun fərqində belə deyiləm. Məni narahat edən tək düşüncə sənə bu məktubu yazmaqla bağlıdır və bu gün uzun zamandan sonra hiss etdim ki, qorxuya və yaxud təşvişə  məhəl qoymadan sənə ürəyimdəki bütün etirafları etməliyəm. Ən azından yaşadığım bu mənasız ömür boyunca ilk dəfə bu sətirlər sənə həsr ediləcəyi üçün xoşbəxt olsun.

Əgər səninlə qarşılaşmaq kimi bir şansım olsa idi, gözlərinə diqqətlə baxaraq, əllərini ovuclarım içinə sıxaraq səninlə tanış olmağın mənim həyatımda etmiş olduğum ən böyük savab olduğunu utanmadan-çəkinmədən sənə söyləyərdim. Bütün bunları hər şeyi məhv etdikdən sonra söyləməyimin əslində bir səbəbi yoxdur. Sadəcə bilməyini istəyirəm ki, sən mənim qəlbimdə əbədiyyətə qədər kök salmış bir yarasan və bu yaranı mən ömrümün sonuna qədər daşımağa məcburam. Səhv başa düşməyini istəmirəm, əmin ola bilərsən ki, bu yaranı açan mən özüməm, sən sadəcə adını daşıyırsan. Məni çox qınamısan, buna adım kimi əminəm. Amma bilirəm ki, hər zaman mənim adıma haqq qazandıracaq bir səbəb mütləq taparaq özünü sakitləşdirməyə çalışdığın anlar da az olmayıb. Bilməyini istəyirəm ki, mən səni hər zaman hiss eləmişəm və iki gün əvvəl yenə səni çox dərindən hiss elədim. Sanki qəlbimdəki sən adlı yaranın üzərini müdafiə edən qabıq hələ yara sağalmadan qopdu və sol yanımdakı sərsəmlik döyüntü deyil, yaranın şır-şır axan qanıdır.  Bu gün ani olaraq hiss etdim ki, mən səni hiss edə bilmirəm. Bəlkə də bu sətirləri nə vaxtsa oxuyacaq olsan, mənə güləcəksən. Amma sənin mənəvi ruhunun  ağırlığı çox az da olsa məni anlayacaq.Əslində, çox istəyərdim ki, sənə özümdən bəhs edim.

Qeyd etməyi istəyirəm ki, mən həqiqətən də bu dünyanın ən şanslı qadınıyam, çünki qadınlar çox zaman evliliklərindən şikayətlənir və evliliyin kişidəki eşqi və məhəbbəti öldürdüyünü qeyd edirlər. Amma mənim həyatıma girən hər iki kişi məni sözün əsl mənasında sevdi və dəyər verdi. Ümid edirəm ki, bu yazdıqlarım üçün məni qınamayacaqsan. Məlum bir gerçəklik var ki, mən sadəcə səni sevmişəm, onda tapdığım sadəcə sənin yoxluğun idi. Bitmək bilməyən iş səfərlərin, həftələrlə gəlməyən telefon zənglərin, ayda bir dəfə gördüyüm nurlu üzün... Mən sənsizliyə öyrəşmək məcburiyyətində idim və yaxud da indi seçməli olduğum yolu seçməli idim. O zamanlar ağlım və etdiyim bütün hesablar məni daima ikinci çıxış yoluna yaxınlaşırırdı. Amma indi seçdiklərim və icra etdiklərim arasında dərin bir uçurum açdığımın fərqindəyəm. Həm xoşbəxt olmamağıma heç bir səbəb yoxdur, həm də bir çox səbəb var. O məni ən az sənin qədər sevir və dəyər verir. Lakin özü də fərqindədir ki, nə isə düz getmir. Keçən gün onun əlində səninlə əsgərlikdə olarkən çəkilmiş şəkli gördüm və bu hala şahidlik etdikdən sonra anladım ki, o da mənim kimi xoşbəxt deyil. Qısacası bil və agah ol ki, səni kürəyindən vuranların kürəyi peşmanlğa ömür boyu qapı açıb. 

Bizim uşağımız olmadı. Nə qədər müalicəyə pul töksək belə heç bir müsbət nəticə vermədi. Və yenə Allahın ən mübarək bəndəsi olduğumu qeyd etməliyəm, çünki bizim səninlə bir oğlumuz var. Səndən bir xahişim var, onu elə böyüt ki, bu həyatın analıq obrazına deyil, fəqət mənə  şiddətlə nifrət etsin. Ona mərd və mübariz olan bütün anaları nümunə çək, amma məni alçaltmağı da unutma. Sənə yalvarıram, ən azından məni bu cəzadan məhrum etmə. Mən əzab çəkirəm, əziz A. Mən nə sənə, nə də ona bunu etməməli idim. Onu öz günahıma alət etməməli, bu tilsimli girdabın içinə atmamalı idim. Üzüm gəlmir, bu sətirləri necə utanaraq yazdığımı əsla bilməyəcəksən, hiss etməyəcəksən. Heç hiss etməyini də istəmərəm. Mən sənin sonsuz məğlubiyyətə məcbur edən heç bir şeyi  etməyini istəmərəm. Lakin mən səni bütövlüklə hiss etməyə hazıram, fəqət yenə qeyd etmək istəyirəm ki, son iki gündür mən səni bu ölü ruhumda hiss edə bilmirəm. Məhz bunun üçün taqətsiz, elə məhz bunun üçün kədərliyəm. Halbuki mən içimdə qopan bütün torpaq sürüşmələrindən sadəcə səni xilas etmişdim, çünki ruhumun yaşaması üçün mənə sadəcə sənin məchul varlığın kifayət idi. İndi isə bu qəlbimi bağrımdan söküb atmağım gəlir. Çox qəribədir ki, mən ömür boyu həyatımdakı hər kəsə xəyanət edən bir qadın oldum. Məlum məsələdir ki, mən sənin məchul varlığının qucağına sığınaraq ona xəyanət edirəm. Bizi mənim xəyanətim ayırdığı kimi, qovuşduracaq olan da elə mənim xəyanətim ola bilər. Bu sətirləri illər sonra könlümə qonan bir vicdan əzabı olaraq da qələmə verə bilərsən, lakin bilməyini istəyirəm ki, sənə xəyanət yuva salmış ürəyimdə son qalan çiçəkli baxcasını ayırmışam. Bu sətirlərin elə özü bir xəyanətdir: Özümə, onun varlığına, sənin məchul ruhuna, keçmişimizə, gələcəyimizə, əlimdəki qələmə, mürəkkəblə kirlətdiyim bəyaz kağıza... Mən hər kəsi, hər şeyi bitmək bilməyən xəyanətimlə məşğul edirəm. Duyğularımı özüm öz əllərimlə istismar edirəm....

Həyatım boyunca hissim və acgözlülüyüm arasında daima ağır bir mübarizə aparmışam. Mən uşaqlığımdan beləyəm, heç bir zaman həyat məni doyura bilmədi. İndi də sənin yoxluğunu varlığım üçün ən böyük kasıblıq əlaməti hesab edirəm. Qeyd etməliyəm ki, B. həqiqətən fədakar və sevgi dolu birisidir. Sən bir zamanlar dostun olduğu üçün əminəm ki, onu məndən daha yaxşı tanıyırsan. Amma illər sonra məhz bu aralar onun gözlərindəki peşmanlığı dərindən hiss edirəm. Gözlərinin içinə baxaraq,- “Mən də peşmanam, əziz B”.-deyə bilmirəm. Deyə bilmərəm ki, bunun özü də bir xəyanətdir. Bu cümləni quracağım təqdirdə bütün günahlarımızı sadəcə onun adına yazmış oluram. Bu günlərdə onun gözlərinə baxdığım zaman sənə qarşı olan ehtiraslı kədəri görüb məhv oluram. Bu kədər də məni məhv edən ən sərt qüvvədir. Mən sənin yoxluğun ilə bacaran qadınam, lakin onun baxışları məni bir qaya tək əzir. Onun dilsiz baxışları belə sanki mənə,-Doy! –deyə səslənir. Ah, bir bilsən necə xoş olardı, bu məktub bitdiyi an Allah canımı alsa. Fəqət bu istəyim belə, Allahın özünə bir xəyanətdir. Həyatın məni qarşılaşdırdığı tək nöqtə sənsən, sənin isə adın xəyanətdir....

 

Artıq davam edə bilmirəm, çünki barmaqlarım da mənə xəyanət edir. Əgər bacarsan, məni bağışlamağa çalış. Əmin ol ki, bu yalvarışları ehtiyacım olmasa , etməzdim. Ünvanını belə bilmirəm, fəqət bir tək onu bilirəm ki, sən keçmişinə, olduğun yerə bağlı birisən. Elə bu məktubu göndərərkən da səninlə əvvəllər yaşadığımız o evin ünvanını qeyd edəcəyəm. Bir də unutmadan qeyd edim ki, məchul varlığının ruhunu məndən ayırma, xahiş edirəm. İcazə ver səni yenidən hiss edə bilim. Əmin ol ki, bu məktub mənim bu həyata sonuncu xəyanətimdir. Amma mənim ən sonuncu xəyanətimlə bir sonrakı cümlədə qarşılaşacaqsan...

Mən bir tək səni sevdim və hələ də səni sevirəm, əzizim A...

Bu xəyanətkar ruhuma sənin uca xislətini alət etdiyim üçün məni bağışla...

Sənin, C...

 

Bəyazlamış saçları evinin eyvanındakı küləyin şiddətli notlarının təsiri ilə üzünə fələyin ağır şillələrini vururdu. Artıq onun son xəyanəti olan həmin məktubu göndərdiyi gündən iki ay ötürdü. Amma hələ də məlum bir geri dönüş ala bilməmişdi. Hiss etməyə çalışırdı, çalışırdı ki, onun ruhu canının müqəssir ruhunu tərk etməsin, lakin əlində olmayan bir çox səbəb bir şeyi sübut edirdi ki, günahlarını savabın rəngləri ilə boyaya bilməyəcək. Düşünürdü ki, birini sevmək və yaxud qovuşmaq bu qədər çətin və əzablı olmamalıdır. Əlini uzatdınsa, əlini, səsinə boylanmısansa , səsini tutmalısan.Birini sevmək bu qədər çətin olmamalıdır. Biz ki düşmən torpaqların övladları deyilik, bizi axı eyni torpaq yetişdirib, o torpaqda hər birimizin diz yarasının töküldüyü qan var. Birini sevmək bu qədər çətin olmamalıdır. Bu əzablı simfoniyalar bəstələnməməlidir. İnsan musiqi sədaları altında dayanmamalı, sadəcə rəqs etməməlidir. Birini sevmək və hiss etmək bu qədər çətin olmamalıdır...

Elə bu an B. əlində kiçik bir bağlama ilə onun yanına gəldi. Öncə nə olduğunu anlamasa belə, qəhvəyi rəngli bağlamanın üzərində yazan ünvana baxdığı zaman sərsəmləməyə, əlləri əsməyə, nəfəs alıb-vermə sürəti artmağa və o an gözləri önündən gəlib keçən xatirələr bir yük kimi çiyinlərinə toplaşmağa başladı. Bu dəmdə B. sanki  hər şeyi anlayırmışcasına heç nə demədən otaqdan çıxdı. Barmaqları bağlamanın iplərini dolayaraq və sirli dünyanın qapısını həzin-həzin aralayırdı.

İlk olaraq kitabının səhifələri arasında qeyb olan ailə şəklinin ikincisi onu qarşıladı, amma bu şəkilin o olan tərəfi çoxdan cırılmışdı. Daha sonra oğlunun kiçik uşaqlıq corabları ilə qarşılaşan C. yıxılmasın deyə əli ilə masanın kənarından bərk-bərk yapışmağa başladı. Corabın barmaq ucu hissəsi cırılmış və böyük bir məharətlə tikilmişdi. Daha sonra onun başını döndürən o parfümün boş qabı yenə susuzluqdan qurumuş boş şüşəsi ilə onun başını döndürəcək qədər vahiməli idi. Bir an sanki bu bağlamanın bütün dünyanı öz daxilində həbs etdiyini düşündü, sonra parfüm qutusundan çıxan bir dəstə qurumuş çobanyastığına nəzər saldı.Hər birinin üzərində sadəcə bir ləçəyi qalmışdı. Dəstənin içində bükülmüş kağız parçasında yazılmışdı:

-Bax bu ləçəklərin hər biri sevmir deyir deyə onları qoparmağa əlim gəlmədi...

Hissləri onu ifadə edilməyəcək qədər şiddətlə boğur və sanki cismi məngənə içərisində sıxılaraq artıq öl deyə səslənirdi. Növbəti kağızı açacaq taqəti bədənində oyatmaq gərəkli bir addım idi. Sərsəm və ruhsuz barmaqları bu səfər bir ölüm kağızı üzərində gəzirdi, həm də bu ölüm kağızı iki ay əvvəldən təsdiqlənmiş və bir xəyanətin qucağına atılmışdı. Dəstək aldığı masanın dəhşətli səsi və onun içində qopan fəryadın səsi ilə mübarizə aparırdı. C ruhunun bir paltar kimi ipdən asıldığını hiss edirsi və hər iki qolunu açaraq özünü rüzgara təslim edərmişcəsinə boşluqda idi. Bu an masanın səsinə B. otağa doğru qaçdı. Az əvvəl gətirdiyi bağlamanın içindəkilər yerə səpələnmiş, parfüm şüşəsi çatlamış və qoxusu ətrafı bürümüşdü . Ondan bir az irəlidə kiçik kağız parçası üzü aşağı küləyin təsiri ilə mübarizə apararaq “özümü göstərim, yoxsa göstərməyim” qərarsızlığı arasında tir-tir əsirdi. B. kağızı əlinə alaraq onu bu qərarsızlıqdan xilas etdi:

Başqa şəhərlər birləşdirir bizi

Başqa hisslər,

Başqa baxışlar,

Kəşfedilməmiş yollar,

Reallaşmamış arzular,

Parçalanmış şəkillər,

Xaraba qalmış küçələr birləşdirir.

Bir tək sən ayırırsan...

Bir az əvvəl  rüzgarda süzülən kağız misalı C-in vücudu B qarşısında süzülərək qolları arasına düşdü. Suallar və cavablar susmuşdu. Solğun bənizlər məhz bu anda bir-birinin çirklənmiş mənliyini yenə bir-biri üzərində güzgütək əks etdirərək, son xəyanət gerçəkləşir, alından axan tər damcısı ilk dəfə yazını silməyə müvəffəq olurdu. B xəyanətkar qadınının solğun çöhrəsinə bir damla göz yaşı hədiyyə edirdi. C isə B-in tutqun göz bəbəkləri içərisində qısılmış gözləri ilə gülən A üçün son dəfə gülümsəyirdi. 

Sol əlini büsbütün yuxarı qaldıraraq B-in alnından dodaqlarına doğru süzməyə başladı, sanki  ölən canlının gözlərini həyata qarşı bağlayaraq artıq bəsdir deyirdi:

-Məni bağışla!

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.