Super User
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Sən ki hər tərəfdəsən...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə növbə yenidən Əlizadə Nuridədir. “Məni oğulluğa götür, ay vətən...” deyir şair.
Xoş mütaliələr.
Məni oğulluğa götür, ay vətən...
Nazını çəkdiyi gül- çiçək kimi
Qara daşını da öpüb- oxşayan
Bir ata itirdim qəm saatında-
Məni oğulluğa götür, ay vətən.
Bir tənha, bir uzaq adayam indi,
Bu tayam, bir az da o tayam indi.
Nə olsun, özüm də atayam indi
Məni oğulluğa götür, ay vətən.
Əsən yellərinə mən nanə ollam...
Bir yerin ağrısa divanə ollam.
Sönmüş şamına da pərvanə ollam,
Məni oğulluğa götür, ay vətən.
Nəyimə gərəkdir dünya kimindi?
Qoy adım sevinsin- adımı dindir.
Mən əlli yaşında yetiməm indi-
Məni oğulluğa götür, ay vətən.
Bilmirəm kamanam, ya ney kimiyəm,
Sanki oğurlanmış muzey kimiyəm...
Sənin güneyində quzey kimiyəm
Məni oğulluğa götür, ay vətən...
Yüz sısqa çay gələ, bir Araz etməz,
Min yol qurban olsam, görən az etməz?!
Bilirəm, dərdin də etiraz etməz-
Məni oğulluğa götür, ay vətən.
Qığılcım olmasan, mən qor olmaram,
Sən dərya olmasan, mən tor olmaram,
Kor ollam, mən sənə nankor olmaram-
Məni oğulluğa götür, ay vətən...
Ədəbiyyat və incəsənət”
(10.09.2024)
Yüzdən çox kitabın 75 yaşlı müəllifi…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
...Kənardan tələskən adam təəssüratı yaratsa da, əslində çox təmkinli və səbrlidir. İnsanlara dəyər verməyi bacarır. Kiməsə yuxarıdan aşağı baxmır, bu onun ruhuna, əxlaqına ziddir. Sadəliyini, təvazökarlığını həmişə qoruyub saxlaya bilir.
Savadlı, məlumatlı, dünya görüşlü adamdır. Güclü düşünmə qabiliyyəti var. Çox zəhmətkeş və məhsuldardır. Səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalə yazıb. Sənətkarlara həsr olunmuş, onların ömür və yaradıcılıq yollarını əks etdirən müxtəlif kitablar ərsəyə gətirib, Azərbaycan teatrlarının tarixi haqda sanballı əsərlərin müəllifidir...
Deyir ki,- “Mən rəssam olmaq istəyirdim. Bu sənətə təsadüf və şans nəticəsində gəlmişəm. Bəlkə indi çoxlarına inanılmaz görünür, amma həqiqətən belə olub. O vaxt Azərbaycan Dövlət Teatr İnstitutunun Rəssamlıq fakültəsinə daxil olmaq istəyirdim. Amma sənədlərimi verəndə heç götürmədilər də, dedilər, əvvəlcə rəssamlıq məktəbini bitir, sonra gəl. Qanım elə qaralmışdı ki, heç rayona qayıtmaq da istəmədim, birinci mərtəbəyə enib divardakı elanlara baxdım, “şünas” sözü xoşuma gəldi. Teatrşünaslıq barədə elə ordakılardan soruşdum, nəsə dedilər anlamadım, axırı birtəhər başa saldılar ki, dramaturgiya ilə bağlı olacaq fəaliyyətim. Nə isə, sənədlərimi verdim və qəbul olundum. Amma zamanla teatr mühitinə alışsam da, teatrşünas olacağıma, bu sahədə uğur qazanacağıma elə də inamım yox idi...”
Haqqında söhbət açdığım İlham Rəhimli 1949-cu ildə Yevlax rayonunun Malbinəsi kəndində dünyaya göz açıb. 1989-cu ildən əməkdar incəsənət xadimi fəxri adını daşıyır. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb...
Düzə düz, əyriyə əyri deməyi bacarır. Tənqiddən çəkinmir. Klassiklərin, eləcə də müasir yazarların yaradıcılığına subyektiv deyil, obyektiv yanaşma tərzi var..
“Elçinin, Əli Əmirlinin əsərləri teatrlarda tez-tez oynanılır. İlqar Fəhminin, Firuz Mustafanın, Elçin Hüseynbəylinin, Afaq Məsudun yaxşı pyesləri var. Kamal Abdulla çox maraqlı dramaturqdur, tamamilə fərqli üslubda yazır. Məsələ nədir: Azərbaycanda rejissor və dramaturqun birgə işləmək səriştəsi çox zəifləyib. Səməd Vurğunun qələmindən dürr tökülürdü, amma "Vaqif”i həddindən artıq uzun yazmışdı. Yazdığının da poetik cəhətdən nə qədər füsunkar olsa da, dramaturji baxımdan əsaslı işlənməyə ehtiyacı vardı. Ədil İsgəndərov o əsəri dramaturqla birgə qısaldıb gətirdi səhnəyə. Səməd Vurğun "Fərhad və Şirin”də dramaturgiyanı artıq xeyli mənimsəmişdi. Bu o demək deyil ki, Ədil İsgəndərov Səməd Vurğuna qələm tutmağı öyrədib.
Dramaturgiya çətin janrdır. Ədil İsgəndərovla Səməd Vurğunun işlədiyi variantı Tofiq Kazımov ömründə tamaşaya qoymazdı. Mehdi Məmmədov da o cür. Ədil İsgəndərovdan sonra iki rejissorun adını inamla çəkə bilərəm ki, onlar öz dramaturqlarını yetişdirdilər. Gənc Tamaşaçılar Teatrında Zəfər Nemətov Rauf İsmayılov, İsgəndər Coşqun, Yusif Əzimzadə, Əfqan, Firudin Ağayev kimi müəlliflərlə səylə işlədi və onlar oldular bu teatrın dramaturqu. Tofiq Kazımov dramaturqlardan İlyas Əfəndiyev, Sabit Rəhman, Anar, Əkrəm Əylisli ilə birgə işlədi və gözəl tamaşalar hazırladı. Mən inanmıram ki, yaxşı pyesi teatr geri qaytarsın. Sadəcə, bu gün rejissorla teatrın qarşılıqlı, ehtiramlı, inamlı əlaqəsi itib. Bu gün çox yazan dramaturqlardan biri Əli Əmirlidir. Mən Akademik teatrda ədəbi hissə müdiri işləyəndə onun pyesini bəyənməyib qaytarmışam. O da təmkinlə mənim iradlarıma qulaq asıb.
Sonralar Əlinin dramaturji yaradıcılığını təbliğ edənlərdən biri də mən olmuşam. Mənim fikrimcə, onun Akademik Teatra ilk gətirdiyi "Meydan” əsəri zəif idi. Amma "Ağqoyunlular və Qaraqoyunlular”, "Köhnə ev”, "Varlı qadın” maraqlı əsərlərdir. "Messenat”ı bəyənməmişəm.”- söyləyir...
Sürətlə işləmək qabiliyyəti onu vunderkində çevirib. Yüzdən çox kitabın müəllifidir. Azərbaycanda onun qədər kitabı nəşr olunan müəllif hələ ki, yoxdur. Bu sırada birinci yeri o, tutur. Qəlbi yumşaq adamdır, əl tutmağı, yardım etməyi xoşlayır. Maraqlı həmsöhbətdir, mütaliəsi o qədər güclüdür ki, hər bir söhbəti yeni bir məntiq, yeni bir məna kəsb edir. İçi dolu, niyyəti saf, məzmunlu adamdır. Məram və məqsədi gün kimi aydındır. Bildiklərini öyrətmək, insanları maarifləndirmək, xalqa, millətə xidmət etmək onun həyat kredosudur. Nöqsanlara göz yummağı bacarmır. Bir teatrşünas kimi ürək ağrısı ilə onları dilə gətirir...
Deyir ki,- “Doğrudur, son illər Azərbaycanın əksər teatrları əsaslı şəkildə yenidən qurulub, müasir texnika və texnologiya, işıq, səs sistemləri ilə təchiz edilib. Binaya daxil olanda, məşq və qrim otaqlarını, butafor, rekvizit sexlərini gəzəndə, tamaşaçı salonunda əyləşəndə qürur duyursan. Bunu Bakıda keçirilən beynəlxaq konfranslara gələn qonaqlar da gizlətmirlər, gözəlliyi sevinclə etiraf edirlər. Çox təəssüf ki, teatrların yaradıcılıq prosesi texnikanın və texnologiyanın imkanlarından qat-qat aşağıdır. Bəzi teatrlarımızın güclü və səriştəli cərrahiyyə əməliyyatına ehtiyacı var. Bir qrup teatrlarımız isə ciddi terapevtik müalicəyə möhtacdır və onların sağlam sabahına ümid daha çoxdur. Çox-çox təəssüf ki, reanimasiyada güclə "nəfəs alan” teatrlarımız da var...”
Teatrşünas-tənqidçi, jurnalist, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Əziz oğlu Rəhimlinin 75 yaşı tamam oldu. Onu yubileyi münasibətilə təbrik edir, möhkəm cansağlığı arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)
“Diligödəklik” - ÇERNOBBİODAN MESAJLAR
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
“Ötən ilin sentyabrında Azərbaycan torpağında separatçılığın kökü kəsildi. Biz bu gün Ukraynanın etməyə çalışdığından fərqli heç bir şey etməmişik. Ukrayna bu gün Qərbin çox geniş dəstəyinə rəğmən uğursuz şəkildə ərazi bütövlüyünü bərpa etməyə çalışır. Biz özümüz isə heç bir dəstək olmadan ərazi bütövlüyümüzü bərpa etdik”. – Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda deyib (06.09.2024, İtaliya).
Prezidentin İtaliyaya səfəri ilk gündən ilk ismarıcdan son günə - ölkəyə dönüşədək çox önəmli hadisələrlə yadda qaldı. Hadisə sözünü sözgəlişi işlətmirəm. “İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Biz artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürürk. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da bizim əməkdaşlığımızın vacib hissəsidir”. İtaliya Azərbaycanın qardaşı Türkiyə deyil, qardaş Türküstan respublikaları deyil; nə bilim, qonşu Gürcüstan, Rusiya deyil; İtaliya İngiltərə deyil, ABŞ deyil; bir çox yaxın-uzaq ölkə konumunda da deyil İtaliya... amma bir nömrəli ticarət tərəfdaşıdır və bu uzun illərdir belədir. Deməli, burada bir hikmət vardır, necə deyərlər, qanunanuyğunluq vardır;
Deməli, qarşılıqlı güvən vardır,
keçilmiş yola sayğı, gələcəyə inam vardır.
Siyasi iradə olmadan uzunmüddətli “1 nömrəli tərəfdaş” statusunda qalmaq, çox çətin olardı, əlbəttə. Əlbəttə, Azərbaycanla İtaliya qarşılıqlı surətdə siyasi iradə, iqtisadi üstünlük nümayiş etdirməyi illər uzunu bacarıb.
İqtisadi, siyasi amillər isə öz növbəsində digər əməli çalışma sahələrinə sirayət edib. İtaliya–Azərbaycan Universitetinin qurulması, universitetə bu il ilk dəfə keçirilən qəbulda plan yerlərinin birinci turda 95,52% dolması dediklərimizə parlaq sübutdur.
Bütün bunlar gözəldir, alqışa layiqdir. Mən bu yazıda əsas diqqəti yazının “bismillah”ındakı cümləyə yönəltmək istərdim. Kəlbəcərdə təməlatmaların, açılışların ardından İtaliyaya səfər etmiş dövlət başçısının məhz Avropa Birliyi və NATO üzvü olan ölkədə o ismarıncı verməsi, təsadüf deyil.
Sentyabr ayının yaddaşımızda özəl yeri var zatən:
15 sentyabr – Bakının daşnak-bolşevik işğalından qurtuluş günü (1918),
18 sentyabr – Üzeyir Musiqi Günü,
20 sentyabr – “Əsrin Kontraktı”nın imzalandığı gün (1994),
20 sentyabr – Antiterror tədbirlərinin (2023) keçirilməsinin birinci ildönümü,
27 sentyabr – II Qarabağ müharibəsinin başlandığı gün (2020) və digər əlamətdar günlər...
Ayrıca,
Yeni dərs ilinin başlandığı ay olan bu ay, sanki yalnız məktəblərdə deyil, tarixdə və habelə yalnız cəbhə xəttində deyil, Vətən torpaqlarının bütün səthində ictimai-siyasi, mədəni, hərbi, sosial-iqtisadi... sahələr üzrə dərslər ayı olub. İtaliya ilə (necə deyərlər) güvən təzələnməsi, yüksək səviyyəli bağların davamı, inkişafı bu il sentyabra yeni məzmun qatmış oldu.
Bəli, bütün bunlar gözəldir, özəldir. Bu yazıda əsas diqqəti “bismillah”dakı cümləyə yönəltmək istəyimiz də təsadüfi deyil, təbii. Təbii, Ukraynanın ərazi bütövlüyünü ən başdan dəstəkləmişik, dəstəkləyirik, dəstəkləyəcəyik. Ukrayna ilə bizim elə bir bağımız da var ki, o, keçmiş “müttəfiq respublika”lardan yalnız Gürcüstanla Moldavaya aiddir – bu, bağın adı GUAM-dır. Məsələn, Ermənistanın çıxdı-çıxdı (“siçan-pişik”) oynadığı KTMT var, digər bölgəsəl, siyasi, iqtisadi, hərbi və b. birlik modelləri var və Ukrayna keçmiş SSRİ məkanındakı yapılanmaların heç birində deyil, məhz GUAM-dadır. Bax, bu, önəmli faktordur. İkincisi, Azərbaycan Ukraynaya sözdə deyil, təmənnalı deyil, qızışdırıcılıq üçün deyil, illa humanitar təfəkkürlə, xoşniyyətlə yardımlar etməkdə davam edir. – Bunları Ukrayna bilir, görür, amma bəzi Batı dairələri görməzdən, bilməzdən gəlir... Üstəlik, Ukraynanın ən azı 2 il 6 aydır etməyə çalışdığı işi biz 44 gün kimi qısa vaxt içində, öz daxili resurslarımız hesabına görə bilmişik. Özü də, Ukraynada ilk ilhaq 2014-cü ildə baş verdisə, biz Ermənistan və havadarlarının üç onillik boyu sürən işğalından danışırıq. Ukraynaya edilən maddi, hərbi, siyasi dəstəklərin bənzərini, bənzəri qalsın bir yana mində birini görmədən... bu azmış kimi, bir sürü “ittiham”, “iddia”larla üz-üzə qalaraq irəliləmişik biz...
Heç kəs düşünməsin ki, Ermənistan balaca, Rusiya böyükdür – söhbət işğal faktından gedir – bu, bir; ikincisi, Ukrayna da ərazicə, əhalicə, bir çox resurslar baxımından bizdən qat-qat böyükdür, güclüdür; üçüncüsü, indi bizim əziz, doğma Ukraynanı dəstəkləyən dövlətlərin bir çoxu, Ukraynaya hücum edən dövlətlə bir yerdə Ermənistanı yağlayıb-ballayırdı... – Yağlama-ballama üç onillik boyu sürdü və biz Dövlətin Xalqla Dəmir Yumruq birliyi ilə 27 sentyabr 2020-ci il tarixinin səhərində “o gün bu gündür!” deyib, bütün cəbhə boyu əsk-hücuma keçdik! İndi o gün şanlı, qürurlu Anım Günümüzdür!
Belə...
Bizim əks-hücumumuzun,
bizim antiterror tədbirlərimizin,
bizim qələbəmizin nə qədər qutsal olduğu hər keçən gün bir daha aydınlaşır. Azərbaycan mümkün olmayanı mümkün edib.
İndi bir çox batılı, neçə-neçə batmış, batacaqlar və başqaları bizim qarşımızda dili gödəkdir. Hardan danışsalar illa bir höyüş işləri yada düşür, qarşılarına çıxarırıq; nədən dəm vursalar, bizə münasibət və münasibətsizliklərini uhulət-suhulətlə xatırladırıq, “mıqq” edə bilmirlər...
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)
“Problem yoxdur" sənədli filmi Sumqayıtda təqdim edilib
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Ətrafımızda əlil insanlar az deyil. Bəs biz onlara necə münasibət bəsləyirik?
Elçin Ağazadənin ekranlaşdırdığı “Problem yoxdur" sənədli filmi növbəti dəfə beynəlxalq təlimçi Əsmər Kərimovanın təşkilatçılığı ilə Sumqayıt şəhərində Muğam Mərkəzində nümayiş edilib.
Əlilliyi olan şəxs Alik Cəfərovun həyat hekayəsindən bəhs edən filmin ilk təqdimat tədbiri Bakıda daha sonra Gəncə şəhərində iştirakçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Sumqayıt şəhərində də Azərbaycan Dövlət Himni ilə başlayan tədbirdə pedaqoq Aygün Qasımova və "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin sədri, Milli Paralimpiya Komitəsinin nəzdində paravelosiped idman növü üzrə milli komandanın baş məşqçisi Amid Həsənquliyevin aparıcılığı ilə təşkil olunan təqdimat mərasimində ekran əsərinin özəlliyindən söhbət açılıb. Onlar bu filmin və bu tədbirlərin inklüziv cəmiyyətin inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildiriblər.
Tədbirin təşkilatçısı Əsmər Kərimova tədbiri açıq elan etdikdən sonra çıxış üçün söz inklüziv təhsil mütəxəssisi, pedaqoq Zivər Xanlarovaya və təhsil eksperti İlhamə Axundovaya verilib. Natiqlər çıxışlarında təhsildə və cəmiyyətdə inklüzivliyin inkişafı üçün 2018-2024-cü illər ərzində Dövlət Proqramının təsdiq edilməsini diqqətə çatdırıb.
Bildirilib ki, bu ali dəyərləri yaşatmaq üçün hər sahədə hər bir vətəndaşın üzərinə düşən vəzifələr var.
Sonra əlilliyi olan Fərid Abışovun tarda ifası tədbirə xüsusi rəng qatıb.
Tədbirdə filmin çəkilməsində böyük dəstəyi olan “Mənəvi Dünya” İctimai Birliyinin sədri mərhum Hacı Şahin Həsənlinin xatirəsi yad edilib və videoçarx göstərilib. Sonra film nümayiş olunub.
Filmin nümayişindən sonra yazıçı psixoloq İlqar Kamil çıxışında rejissora təşəkkür edərək bu filmin əsl terapiya olduğunu deyib xoş təəssüratını bölüşüb.
Sonda rejissor Elçin Ağazadə ekran əsərinin yaranmasından və bu işdə əməyi keçən digər insanlardan danışıb.
Göygöl rayonunun Balçılı kəndində yaşayan filmin baş qəhrəmanı Alik Cəfərovun video müraciəti və təşəkkürü alqışlarla yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)
“İstəyirəm ki, kimsə mənim zəhləmi tökməsin”
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”
Başlığa çıxardığım bu sözlər 1828-ci ilin sərin sentyabr ayında təkcə Rusiyanın deyil, bütün dünyanın dahi yazıçısı, ədəbi klassiki, şedevr yazar kimi adını ədəbiyyat tarixinə qızıl hərflərlə yazan Lev Nikolayeviç Tolstoyun ömrünün son günlərində dediyi son sözləri olub.
1828-ci ildə varlı bir ailənin övladı olaraq Yasnaya-Polyanada dünyaya göz açan Tolstoy yazdığı bütün əsərlərində insana yaxınlığı, düşündürücülüyü və fəlsəfəsi ilə bir çox yazarlardan fərqlənib. Çalışqan və savadlı olan bu gənc fransız dilini inkişaf etdirərək təhsili üçün Moskovaya yollanır. O, oxuduğu yazarlar arasında Volter və Jan Jak Russodan çox təsirlənib.
1854-cü ildə Krım müharibəsinə zabit olaraq qatılan Tolstoy əsgərliyi başa vurduqdan sonra Peterburqa döndü. Qərbi Avropa ölkələrinə Almaniya, Fransa, İsveçrəyə səyahət edib yenə Yasnaya-Polyanaya yerləşdi. Zadəganlıq titulundan imtina edərək kəndində maarifçilik və tədris təşkil etmək üçün bir məktəb açdırdı. 1862-ci ildə Sofiya Berslə ailə qurdu. Bütün sərvətini kəndlilərə paylayan Tolstoy “Kreyser sonatası”, “Ağa və kölə”, “Qaranlıqların Gücü”, “İman nədir”, “İncilər”, “Kilsəvə Dövlət”, “Etiraflarım” əsərlərini bu illərdə yazdı. Dünyagörüşü və yaradıcılığında İslam dininin rolunun böyük olduğu yazar həmin dönəmlərdə “Diriliş”, “Gəncliyim”, “Uşaqlıq”, “Hacı Murad”, “Ayaqlanış”, “Sergey ata”, “Tanrı Bizim İçimizdədir”, “Kazaklar”, “Təsadüf”, “İki Süvari” kimi əsərlərini yazdı. Onun əsərlərində tərəddüd yoxdur, hər şey göz qabağındadır. Bir dəfə Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Uilyam Folknerdən xahiş edirlər ki, dünya ədəbiyyatının üçən yaxşı romanının adını sadalasın, o da düşünmədən cavab verir: “Anna Karenina”, “Anna Karenina” və yenə “Anna Karenina”. Tolstoy insan xarakterinin kəşfində bənzəri olmayan dahi yazardır. Onu oxumaq insana həzz verir, öyrədir, sevdirir. Onunla həm dəhşət, həm sevgi, həm də özünü dərk yolunu qaranlıqdan aydınlığa doğru keçirsən. Tolstoyun əsərləri dəfələrlə oxunsa da, təkrar və təkrar oxunma ehtiyacı yaradır özündə. O, dünyəvi, dinçi, humanist olduğu qədər, daxili aləmində bir o qədər ziddiyyətli daim mücadiləli və qarma-qarışıqdır. Proletar inqilabının lideri Vladimir İliç Lenin Tolstoyu rus inqilabının güzgüsünə bənzədib.
Tolstoy üçün İsa bir ideoloq idi, mistik tərəfləri olmayan. O, həqiqəti dindən üstün tuturdu. Buna görə də Tolstoyun düşüncə tərzi bizə çox doğmadır.İ nsan onu oxuduqca, dərk etdikcə anlayır ki, o başqa bir mərhələdir. Ədəbiyyatı qaranlıqdan işığa, şərdən xeyirə çıxaranlardan biri də məhz Tolstoydur.
“Anna Karenina” yazarın qələmə alarkən ən yorulduğu əsər olub. O, bəzən masa arxasına tam rahatlıqla keçir, bəzən də çığır-bağır salaraq deyirdi: “Dözülməz dərəcədə zəhlətökəndi”, “Ay Allah, kaş kimsə mənim əvəzimə “Anna Karenina”nı tamamlayardı”, “Anna məni təngə gətirdi”. Anna ilə qəddarcasına davranıb onu “vaqonun altına atılıb ölməyə” məcbur etdiyi üçün Tolstoyu az məzəmmət də etməmişdilər. Yazıçı isə buna belə cavab verirdi: “Bir dəfə Puşkin tanışına belə deyir: “Gör mənim Tatyanam nə hoqqa çıxardı, ərə getdi. Ondan bunu gözləmirdim.” Eyni şeyi mən də Anna haqqında deyə bilərəm. Qəhrəmanlarım mənim ürəyimdən keçənləri yox, həyatda nəyi etməlidirlərsə onu da edirlər”.
Uğurlu karyerasına baxmayaraq, həyatında məna tapa bilməyən yazıçı, nəhayət, məna verən həqiqəti –xalqın həyatına yaxın olmaqda, onunla həmahəng yaşamaqda tapdı. Tolstoy rahat və aristokrat həyatından imtina edərək fiziki əməklə məşğul oldu, sadə geyindi, ədəbi əsərlərinə olan hüququndan imtina etdi, aclıq və ehtiyacı olanlar üçün sığınacaqlar, məktəblər tikdirdi. Onun yazdığı əsərlər və zorakılıqsız müqavimət ideyası Mahatma Qandiyə də təsirsiz ötüşmədi.
Tolstoy 1880-ci ildə Afanasi Fetə məktubunda Azərbaycan mütəfəkkiri və şairi Mirzə Şəfi Vazehin əsərlərini oxuması və onların dəyərindən bəhs edirdi. Ədibin hekayələri ilk dəfə Azərbaycan dilinə 1882-ci ildə tərcümə olunub.
XIX əsrin sonu XX əsrin əvvəllərində Tolstoyun əsərləri Azərbaycanda çıxan “Kaspi”, “İttifaq”, “Səda”, “Təzə həyat” qəzetlərində yüksək tirajla işıq üzü gördü. 1894-cü ildə Sultanməcid Qənizadə yazarın “Birinci araqçəkən” komediyasını Azərbaycan dilinə tərcümə etdi, 1895-ci ildə isə Hacı Zeynalabdin Tağıyevin teatrında ədibin “Zülmətin hakimiyyəti” pyesinin premyerası keçirildi. Rəşid bəyƏfəndiyev və Abbas Səhhət Azərbaycan dilində yeni dünyəvi dərsliklərin ilk tərtibçiləri olaraq bu işdə Lev Tolstoyun “Əlifba” kitabının prinsipini əsas götürdülər. 1907-ci ildə Hacıağa Abbasov və Sultanməcid Qənizadə birlikdə Yasnaya Polyanaya gəlir və Tolstoyun Azərbaycan dilinə tərcümə etdiyi hekayəsini yazıçıya hədiyyə edir. Yazıçı isə əvəzində ona üzərində avtoqrafı olan “Hərb və sülh” romanını bağışlayır.
Tolstoy ömrünün son illərini azad ruh axtaşında keçirdikdən sonra bir küskünlük nəticəsində evini buraxıb Astapovo dəmiryol stansiyasında 82 yaşında ölü olaraq tapıldı. Həyatı boyunca yaşayışın necə bir şey olduğunu anlamağa çalışan Tolstoy əsərlərində bunu əskiksiz olaraq qələmə almağı hədəf seçmiş ən böyük yazarlarından biri olaraq ədəbiyyat və dünya tarixinə ən zərif, ən həlim və ən duyğusal adam kimi düşdü. Ölüm ayağında Tolstoyun son sözü “İstəyirəm ki, kimsə mənim zəhləmi tökməsin” oldu.
Yasnaya Polyanada onun dəfninə bir neçə min adam gəlir. 1920-1930-cu illərdə SSRİ-də Tolstoyçuların kommunaları ləğv olundu, fəalları repressiya edildi. Bu gün Tolstoyçuluğun Qərbi Avropada, Yaponiyada, Hindistanda ardıcılları var.
“Bizim ən əsas vəzifəmiz çevrənin hüdudlarını aşmaqdır”, – deyən Tolstoyun öz zərafəti və nəcibliyilə yazdığı əsərlər yüz illər keçsə də, daima sevilərək oxunacaq. Onlar oxunduqca Tolstoy yaşayacaq…yaşayacaq və heç zaman ölməyəcək!
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)
“Payız öz atına minir deyəsən…” - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı şair Təranə Dəmirin yeni şeirlərini təqdim edir.
DƏRDİMİZ OLMAZ
Bir az uzaq olsaq yer kürəsindən,
Səpsək göy üzünə göz yaşımızı,
Unutsaq həsrəti, ayrılıqları,
Pozub təzələsək yaddaşımızı,
Dərdimiz olmaz.
Versək könlümüzü Göyə bircə gün,
Ulduzla sevişsək, Ayla sevişsək.
Qovsaq başımızdan ölüm sevdasın,
Təzədən yaşamaq eşqinə düşsək,
Dərdimiz olmaz.
Dünyanın yadından çıxsaq bircə gün,
Unutsa dənizlər, dalğalar bizi.
Ölkələr, şəhərlər, yollar, limanlar
Raketlər, güllələr, qovğalar bizi,
Dərdimiz olmaz.
Düşsək göy üzünün aydınlığına,
Bircə gün günəşi borc ala bilsək,
Şeytan aldatmasa bizi bircə gün ,
Bir gün özümüzlə bacara bilsək,
Dərdimiz olmaz.
BƏXTƏVƏR BAŞLNA DARIXANLARIN
Yarpaqlar yenə də yol alıb gedir,
Ağaclar payıza dönür deyəsən.
Gah günəş boylanır, gah yağış yağır,
Payız öz atına minir deyəsən.
Günlər saat -saat azalır yenə,
Sıxsan canı çıxar burnunu yayın.
Xəzəllər payızla görüşə çıxıb,
Çiçəklər kolunda vaxtını sayır.
Əl ayaq yığışır bağdan, bostandan,
Quşlar vidalaşır çöp yuvasıyla.
Şəhərdən gələnlər geri dönürlər
Qutu evlərinə kənd havasıyla.
Bahardan payıza düşən ağaclar
Küləkdən gizlədir sonuncu barın.
Həsrətə bürünür dağlar, yamaclar ,
Bəxtəvər başına darıxanların.
BUNA DA ŞÜKÜR DEDİM
Bu da sevgi olmadı,
Bu da dərdi-sər oldu.
Əvvəli bir cümləydi,
Sonrası? -Əsər oldu,
Buna da şükür dedim.
Bircə göz qırpımıydı,
Bir udumluq nəfəsdi.
Biz günəş gözləyirdik,
Qəfildən külək əsdi,
Buna da şükür dedim.
Sözlər havada qaldı,
Heç yerinə düşmədi.
Mənim sevgimin rəngi
Gözlərinə düşmədi,
Buna da şükür dedim.
Bir qərib təbəssümdə,
Bir ayrı notda bitdi.
Bir küçənin tinində,
Bir yağış altda bitdi,
Buna da şükür dedim.
Dəniz başına çəkdi,
Dalğalar uddu bizi.
Göz açıb yumanacan
Sahil unutdu bizi,
Buna da şükür dedim.
Bu da sevgi olmadı,
Bu da dərdi-sər oldu.
Əvvəli bir cümləydi,
Sonrası? -Əsər oldu,
Buna da şükür dedim.
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)
VƏTƏNPƏRVƏRLİK DƏRSLƏRİ - “Heç vaxt unutmamalı!”
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Mən 10-cu sinifdə oxuyanda hərbi müəllimimiz bizə "genosid nədir?" deyə sual vermişdi. Sinfə çökən səssizliyi müəllimimiz pozub evdə genosidin nə olduğunu araşdırmağı bizə tapşırmışdı.Elə həmin gün evə gəlib Google-da genosid sözünün qarşılığını tapdım. Genosidə qarşı iki kəlmə soy və qırım.
Mənə görə bu qədər bəsit deyil. Bəzən sözlər yaşananların yanında çox cılız qalır. Elə 32 illik ağrısı olan Xocalı soyqırımı kimi. Biz gənc nəsil yaxın keçmişimizi hələ bizim yaşımızda ikən faicəylə üzləşən bir nəsildən öyrənirik. Məsələn, Xocalıdan çıxanda 17 yaşı olan Hüseyn dayı bir müxbirlə olan söhbəti əsnasında "mən ən çox samavardan qorxuram" demişdi. Müxbirin niyə sualına qan dondurucu şəkildə "Çünki onlar mənim 4 yaşlı bacımın belinə qaynayan samavarı bağlayıb yandırmışdılar və o, bizim evdə içdiyimiz sonuncu çay idi" deyərək boğazımızı düyünləmişdi. 37 yaşlı Aysel xanım var, məsələn, o, soyqırımın ən körpə şahidlərindən biri kimi danışırdı:
-Xocalıdan çıxanda mənim cəmi 5 yaşım var idi, lakin o səhnələr gözümün önündən heç vaxt getmir. Evə girən ermənilər əvvəl atamı güllələmiş, sonra birtəhər qaçmağa çalışan anamı və məni üzümüz gözümüz qan içində olana qədər döyüb tanınmaz hala salmışdılar.Anam oradan sağ çıxa bilməsə də, məni döydükləri üçün öldü bilən ermənilər qarın üstündə buraxıb getmişdilər. Qonşumuz Firuzə xalanın yoldaşı tapmasa yəqin mən də, anamla birgə yatırdım.
Bu, hələ genosidin kadrlara alınan, yaşanmış həyat hekayələrinin kiçik bir parçasıdır. Hamilə qadının qarnını bıçaqla yarıb ərinin qabağında təcavüz edilməsi, meyidlərin ekspertizadan sonra ölü halda belə təcavüzə uğraması, körpələrin dərisinin soyulması, kişilərin gözləri önündə ailələrinə edilən işgəncələrə qarşı yaşadıqları iztirablar, qocaların tikə-tikə doğranması və daha saymağa gücümün yetmədiyi neçə-neçə vəhşətdən danışım sizə?
Hansı dərdimizə yanıb, hansı ağrımıza ağlayaq? Bir gecədə 7 yüzə yaxın insan ölümü sadəcə rəqəmdən ibarət can itkisi deyil axı.
Qan qoxan torpaqlarımızda neçə insanın taleyi məhv oldu. Neçə uşağı doğulmadan öldürdülər, neçə gənc qızın namusunu ləkələyib, neçə mərd kişinin qeyrətini məhv etdilər onlar. Biz öz keçmişini unudan insanlar olmamalıyıq, bizə və əcdadlarımıza yaşadılanlara qarşı susmamalı, bir daha belə vəhşətlərlə üzləşməmək üçün, bir daha torpağlarımızın namus qanı qoxmaması üçün səsimizi duyurmalıyıq dünyaya. Çünki, genosid sadəcə hərfi mənası soy və qırım olan hadisə deyil. Genosid qan qoxan torpaqların altında yatan şəhidlərin harayıdır.
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)
GÜLÜŞ KLUBUnda erməni qızları
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Həkim: - Siz həqiqətən qətiyyətsiz adamsız?
Xəstə: - Həm hə, həm yox, həkim.
2.
Nə var e, süni intellektə tapşır, bir sayğac düzəltsin, hər vətəndaşın boğazına birini qoy, hər nəfəs alıb hava udduqca sayğac onun neçə kub hava udduğunu müəyyənləşdirsin. Ayın sonunda da vətəndaş vergisini versin.
3.
Eımlər Akademiyasında isbat ediblər ki, insanın dərisinin quru ol asının əsas səbəbi can dəsmalıdır.
4.
-Azik, hardaydın?
-Ma, futbol oynayırdım.
-Bəs maykan niyə qupqurudur?
-Mən yığmada oynayırdım, ma.
5.
İngilissayağı getmək üçqn ingilis dilini biımək əsla vacib deyil
6.
Erməni radiosuna sual:
-Niyə qızlar kabluk geyinir, üz-gözlərini rəngləyir, ətirdən istifadə edirlər?
Cavab:
-Ona görə onlar gödək, qorxunc və iylidirlər.
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)
Gənclər Kitabxanası təklif edir: Hans Xristian Andersen, “Kibritsatan qız”
XIX əsrdə yaşayıb-yaratmış Danimarka yazıçısı Hans Xristian Andersen öz həyatını, başqalarının həyatını nağıllara köçürə bilib, nağıllaşdırıb.
Bütün hadisələr bir anda cərəyan edir, yüz illərin, bəlkə də, min illərin həqiqətləri bir cümləyə, bəzən isə bir ifadəyə sığır.
Hans Xristian Andersen, “Kibritsatan qız”!
Bu kitabı oxumaq üçün Cəfər Cabbarlı adına Respublika Gəncıər Kitabxanasına müraciət edə bilərsiz.
Kitablar 10 gün müddətinə oxuculara verilir.
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)
Aşıq İlqar Qələmçəli dəvət edir!
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Hörmətli sazsevərlər, hamımızın sevimlimiz, sazın-sözün keşiyində dayanan Aşıq İlqar Qələmçəlinin rəhbərliyi ilə Neftçilər metrosunun yaxınlığında (Nizami rayonu) Saz dərnəyi fəaliyyət göstərir. Yeni təhsil ili üçün dərnəyə sənəd qəbulu başlayıb.
Övladlarının sazın-sözün sirlərini İlqar Qələmçəlidən öyrənməsini, saz havalarını mükəmməl ifa etməsini istəyənlər Aşıq İlqar Qələmçəliyə müraciət edə bilərlər.
Yaş həddi: 8-17 yaş arası uşaq və yeniyetmələr.
Əlaqə nömrəsi: 055 311 12 34; İlqar Qələmçəli.
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)