Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə növbə yenidən Əlizadə Nuridədir. “Məni oğulluğa götür, ay vətən...” deyir şair.
Xoş mütaliələr.
Məni oğulluğa götür, ay vətən...
Nazını çəkdiyi gül- çiçək kimi
Qara daşını da öpüb- oxşayan
Bir ata itirdim qəm saatında-
Məni oğulluğa götür, ay vətən.
Bir tənha, bir uzaq adayam indi,
Bu tayam, bir az da o tayam indi.
Nə olsun, özüm də atayam indi
Məni oğulluğa götür, ay vətən.
Əsən yellərinə mən nanə ollam...
Bir yerin ağrısa divanə ollam.
Sönmüş şamına da pərvanə ollam,
Məni oğulluğa götür, ay vətən.
Nəyimə gərəkdir dünya kimindi?
Qoy adım sevinsin- adımı dindir.
Mən əlli yaşında yetiməm indi-
Məni oğulluğa götür, ay vətən.
Bilmirəm kamanam, ya ney kimiyəm,
Sanki oğurlanmış muzey kimiyəm...
Sənin güneyində quzey kimiyəm
Məni oğulluğa götür, ay vətən...
Yüz sısqa çay gələ, bir Araz etməz,
Min yol qurban olsam, görən az etməz?!
Bilirəm, dərdin də etiraz etməz-
Məni oğulluğa götür, ay vətən.
Qığılcım olmasan, mən qor olmaram,
Sən dərya olmasan, mən tor olmaram,
Kor ollam, mən sənə nankor olmaram-
Məni oğulluğa götür, ay vətən...
Ədəbiyyat və incəsənət”
(10.09.2024)