VƏTƏNPƏRVƏRLİK DƏRSLƏRİ - “Heç vaxt unutmamalı!” Featured

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Mən 10-cu sinifdə oxuyanda hərbi müəllimimiz bizə "genosid nədir?" deyə sual vermişdi. Sinfə çökən səssizliyi müəllimimiz pozub evdə genosidin nə olduğunu araşdırmağı bizə tapşırmışdı.Elə həmin gün evə gəlib Google-da genosid sözünün qarşılığını tapdım. Genosidə qarşı iki kəlmə soy və qırım.

Mənə görə bu qədər bəsit deyil. Bəzən sözlər yaşananların yanında çox cılız qalır. Elə 32 illik ağrısı olan Xocalı soyqırımı kimi. Biz gənc nəsil yaxın keçmişimizi hələ bizim yaşımızda ikən faicəylə üzləşən bir nəsildən öyrənirik. Məsələn, Xocalıdan çıxanda 17 yaşı olan Hüseyn dayı bir müxbirlə olan söhbəti əsnasında "mən ən çox samavardan qorxuram" demişdi. Müxbirin niyə sualına qan dondurucu şəkildə "Çünki onlar mənim 4 yaşlı bacımın belinə qaynayan samavarı bağlayıb yandırmışdılar və o, bizim evdə içdiyimiz sonuncu çay idi" deyərək boğazımızı düyünləmişdi. 37 yaşlı Aysel xanım var, məsələn, o, soyqırımın ən körpə şahidlərindən biri kimi danışırdı:

-Xocalıdan çıxanda mənim cəmi 5 yaşım var idi, lakin o səhnələr gözümün önündən heç vaxt getmir. Evə girən ermənilər əvvəl atamı güllələmiş, sonra birtəhər qaçmağa çalışan anamı və məni üzümüz gözümüz qan içində olana qədər döyüb tanınmaz hala salmışdılar.Anam oradan sağ çıxa bilməsə də, məni döydükləri üçün öldü bilən ermənilər qarın üstündə buraxıb getmişdilər. Qonşumuz Firuzə xalanın yoldaşı tapmasa yəqin mən də, anamla birgə yatırdım.

Bu, hələ genosidin kadrlara alınan, yaşanmış həyat hekayələrinin kiçik bir parçasıdır. Hamilə qadının qarnını bıçaqla yarıb ərinin qabağında təcavüz edilməsi, meyidlərin ekspertizadan sonra ölü halda belə təcavüzə uğraması, körpələrin dərisinin soyulması, kişilərin gözləri önündə ailələrinə edilən işgəncələrə qarşı yaşadıqları iztirablar, qocaların tikə-tikə doğranması və daha saymağa gücümün yetmədiyi neçə-neçə vəhşətdən danışım sizə?

Hansı dərdimizə yanıb, hansı ağrımıza ağlayaq? Bir gecədə 7 yüzə yaxın insan ölümü sadəcə rəqəmdən ibarət can itkisi deyil axı.

Qan qoxan torpaqlarımızda neçə insanın taleyi məhv oldu. Neçə uşağı doğulmadan öldürdülər, neçə gənc qızın namusunu ləkələyib, neçə mərd kişinin qeyrətini məhv etdilər onlar. Biz öz keçmişini unudan insanlar olmamalıyıq, bizə və əcdadlarımıza yaşadılanlara qarşı susmamalı, bir daha belə vəhşətlərlə üzləşməmək üçün, bir daha torpağlarımızın namus qanı qoxmaması üçün səsimizi duyurmalıyıq dünyaya. Çünki, genosid sadəcə hərfi mənası soy və qırım olan hadisə deyil. Genosid qan qoxan torpaqların altında yatan şəhidlərin harayıdır.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.