Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Uzun illər gənclərin maariflənməsi ilə məşğul olan mərhum Fəzail Əkbərov onu tanıyanların yaddaşında dünyanın ən gözəl insanlarından biri kimi qalıb. İnsani keyfiyyətləri o qədər yüksək idi ki, vəfatından xeyli vaxt keçsməsinə baxmayaraq hələ də adı ehtiramla xatırlanır.
Ümümiyyətlə, el-obasında Əkbərov soyadı dilə gələndə ilk yada düşən də Fəzail müəllim və onun qardaşları Höccət, Şahbaz Əkbərovlar olur. Hər birinin haqqında bu gün el arasında əfsanələr dolaşır. Bəli, sizə bu şəcərənin davamçısı, bacarıqlı həkim-cərrah, eyni zamanda bədii yaradıcılıqla məşğul olan, bir neçə kitabın müəllifi, yazıçı-dramaturq Ramiz Əkbərdən söhbət açmaq istəyirəm.
O, 1956-cı ildə dünyaya gəlib. Orta təhsilini başa vuraraq indiki Azərbaycan Tibb Universitetinə qəbul olunub. Həmin universiteti bitirdikdən sonra bir il cərrahiyə üzrə subernatura və internatura kursunu keçib. Üç il Saatlı rayon xəstəxanasında ümumi cərrah işləyib. Daha sonra akademik M.Cavadzadənin klinikasında iki illik kliniki uroloji ordinatura kursunda olub. 1985-ci ildən DİN-in Respublika Hospitalında əvvəlcə mülki uroloq, cərrahiyə şöbəsinin rəisi, hospitalın müalicə işləri üzrə rəis müavini, üç il də hospitalın rəisi vəzifələrində çalışıb. İstefada olan tibb xidməti polkovnikidir. "Qüsursuz xidmətə görə" medalının üç dərəcəsinin üçüylə də təltif olunub, "Səhiyyə Əlaçısı" döş nişanına layiq görülüb, əməkdar həkimdir. Hazırda özəl klinikalardan birində uroloji-androloji bölməyə rəhbrlik edir…
Deyir ki,- "Mən bu sahəyə gələndə səhiyyəmiz acınacaqlı vəziyyətdə idi. Tibbi avadanlıqlar sarıdan xarici ölkələrdən geri qalırdıq. Bu gün bu sahədə çox inkişaf vardır. Xəstəxana, klinikalarımız dünyanın ən müasir tibbi avadanlıqları ilə təhciz olunub. Sevindirici haldır ki, ölkədən kənarda təhsil alan, ixtisasartırma kurslarında iştirak edən gənc həkimlərimizin sayı xeyli artıb. Bu isə əminlik yaradır ki, tezliklə bizim səhiyyəmiz də dünya standartlarına uyğun olacaq…”
İki sahə- tibb və fəlsəfə üzrə fəlsəfə doktorudur. Necə deyərlər, həm alim həkim və həm də filosofdur. İyirmidən çox elmi, bədii, publisistik kitabın, eləcə də bir neçə səmərələşdirici təklifin müəllifidir. Bədii yaradıcılığı da müxtəlif mükafatlarla dəyəndirilib. "Həsən bəy Zərdabi adına", "Altun Qələm", "Qızıl Qələm" kimi ədəbi mükafatların laureatıdır. Yaxşı yadımdadır, illər öncə məşhur Hacıbaba Bağırovun rəhbəri olduğu tetrda səhnələşdirilən bir dram əsərinin ilk nümayişində tamaşaçılar arasında mən də var idim. Həmin təqdimatda kifayət qədər söz adamları da iştirak edirdi…
Zahirən adamda "ünsiyyətdən çəkinən insan" təəssüratı yaratsa da ürəyi çox kövrəkdir. Heç kimin xətrinə dəyməz, daha çox müşahidə etməyə üstünlük verir. Necə deyərlər, çağrılan yerə ar eləməz, çağrılmayan yeri dar. Mütaliəni çox xoşlayır, şahmat oynamaqdan zövq alır. İndiyədək yüzlərlə imkansıza təmənnasız yardım edib, minlərlə xəstəyə şəfa verib. Torpaqlarımızın işğaldan azad olunması isə onun ən böyük arzusu idi, çatıb. Bir həkim kimi hamıya can sağlığı diləyən, bir ziyalı kimi gəncləri yüksək təhsil almağa səsləyən bu insanın haqqında söhbətimi mərhum xalq şairi Qabilin sözləri ilə bitirmək istəyirəm: "Ramiz Əkbər ölməz rus yazıçısı Anton Pavloviç Çexov kimi həm gözəl həkim, həm də istedadlı yazıçıdır"…
Sentyabrın 11-də Ramiz həkimin 68 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)