
Super User
POETİK QİRAƏTdə Əlizadə Nuri “Bir ölüm var, üzür hələ ömürdə...” şeiri ilə
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə:
Alan yoxdu- sözü baha qoymuşam,
Bir işimi yüz sabaha qoymuşam...
Ürəyimi nişangaha qoymuşam-
-deyir şair. Və bu dəfə də mükəmməl deyir.
Xoş mütaliələr!
Hansı gülün canındasan, bilmirəm,
Bəlkə mənim yanımdasan?- bilmirəm...
Uzaqdasan, yaxındasan bilmirəm-
Uzaqları yaxınlara qov gətir.
Alan yoxdu- sözü baha qoymuşam,
Bir işimi yüz sabaha qoymuşam...
Ürəyimi nişangaha qoymuşam-
Sən də bu gün evinizə ov gətir.
Qadan alım, daha keçib səbrdən,
Belə yumşaq yapışma sən dəmirdən.
Bir ölüm var, üzür hələ ömürdə-
Bu ölümü tutmağa tilov gətir...
“Ədəbiyyat və incəsənət”
(20.02.2025)
“Ümidvaram, məni tez unudacaqlar...” - ESSE
(“Qadın ağlıyla” silsiləsindən Dj Sada üçün...)
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
Biz bu ömürdən tez keçdik... Addımlarımız ağır idi, halbuki. Nəyə əl uzatdıqsa, “gecikmisən” dedilər, nəyə umsunduqsa, “dibini sıyırıblar” eşitdik. Bir qara nöqtə vardı bəmbəyaz xəyallarımızın sol tərəfində həmişə. O nöqtədən başladı baxışlarımızdakı duman. Və bir gün anladıq ki, o qara nöqtə öz əməlimizdir...
Qadın olmaq... Xüsusilik deyilmiş... Qadın başlanğıcları ilə eyniləşdirilən mifoloji ünsürlərin hamısını tanıyan kişilər olmuşdu. Bizi bizdən yaxşı tanıyanların qarşısında öyündüyümüz tək şey vardı: “Səninəm...”
Ən sevimli yazıçım Aqata Kristidir, Dj-im... Amma ən əziz əsər Jül əminin “Kapitan Qrantın uşaqları”dır ta əzəlindən. Adamın ən əzizi ən sevimlisinin qələmindən çıxmalıydı, deyilmi? Amma olmadı... Bəlkə də, Aqata xalanı sevməyimin kökündə onun qadın olmağı ən incə ipliyinə qədər anlaması, yaşaması olmuşdu, kim bilir...
“Hər şeyin dişisi erkəyindən daha ölümcüldür...” Belə yazıb Aqata xala “Frankfurt yolçusu” romanında... “Ölüm tikan üstündə” əsərində isə deyib: “Zəkalı kişiyə zəkalı qadınla söhbət etmək maraqlı deyil...” Və Mallovanla evliliyindən tək qazancını belə anlatmışdı: “Bir arxeoloqla evləndim. Yaşlandıqca dəyərimi daha yaxşı anlayır”.
Hansı sözü doğru idi sevimli yazıçımın? Məncə, hamısı. Haqlı olduğunu bilirdi, amma haqlılığıyla öyünəmmirdi. Qadın başlanğıcının bir kişi qorumasına ehtiyacı olduğunu anlayanlardan olmaqla öyünməyini dünya qəbul etməzdi. Hələ-hələ, “gender bərabərliyi”ndən danışanlar heç qəbul etməzdi.
Yadındadırmı, Dj-im, televiziyada işləyəndə gender mütəxəssisi bir qadın çağırmışdıq qonaq qismində. Efirdən əvvəl o balaca, yarızirzəmi otağımızda oturub bizə qadın haqlarından danışmışdı. Bir gözüm saatda (“canlı qonaq”reklamda studiyaya daxil olmalıydı), bir gözüm əlimdəki “efir vərəqi”ndə soruşmuşdum ondan:
-Səhər yeməyi yemisiniz?
-Yox, elə kişini işə, oğlumu məktəbə yola salıb qaçdım. Saçımı taksidə daramışam....
İllər keçdi, mənim özümü başqa bir televiziyaya qonaq çağırdılar. Çəkilişdən sonra aparıcı qız soruşdu:
-Niyə keçən həftə gəlməmişdiniz efirə?
-Atama pencək tikirdim, onu bitirdim, bu həftə gəldim-dedim.
Qız da güldü, operator oğlan da... Mən o gender mütəxəssisinə gülməmişdim amma. Onun haqqında danışdığı dəyərlərə inanmadığını anlamışdım. Mənsə, haqqında danışmasam da, dəyərlərə inanırdım. İndi də inanıram...
Gəncliyin üsyankarlığını nə gözəl uğurlamışıq, hə, Dj-im? O üsyankarlıqda belə, özümüz ola bilmişiksə, inandığımız dəyərlərdən heç nə itirməmişiksə, xoşbəxtik!
Xoşbəxtikmi?
Xoşbəxtikmi bu cəmiyyətdə qadın kimi?
Yox! Bu cəmiyyət də o gender mütəxəssisi kimidir: haqqında danışdığı dəyərlərə inanmır.. Biz evimizin içində varıq, xoşbəxtik! Biz cəmiyyətdə yoxuq, bədbəxtik! Çabalaya-çabalaya əldə etdiyimiz bir ayaq yeri var cəmiyyətdə, onu da çox görür eşikdəkilər... Aylarla eşiyə çıxmasam da, yadıma küçələr düşməz, mağazalar düşməz, bir qalaça düşər, bir bulaq düşər, bir ot basmış cığır düşər, bilirsən. Onlar kimi geyinmədiyim üçün baxıb gülən qadınlar itələyir məni cəmiyyətdən, onlar kimi iki tək-bir cüt atışdırmalıq deyil, təmizlik vasitələri aldığım üçün lağlağı edən qızlar itələyir məni cəmiyyətdən, eynəyimi düzəldib şəhərarası mikroavtobusun nömrəsini oxuyanadək, az qala, məni ayaqlayıb keçən məktəblilər itələyir məni cəmiyyətdən... Və mən itələnə-itələnə öz evimə yıxılmışam.
Əvvəl filankəsdən, beşmənkəsdən küsürdüm, Dj-im. Düşünürdüm ki, məni onlar qınayır, onlar bağışlamır çatışmayanımı... Sonra gördüm ki, yox, o filankəs də, o beşmənkəs də, sadəcə, hamı kimi olmaq cəhdindədir... Olmaq istədikləri “hamı” cəmiyyətdir.
...Ah, Dj-im, ah! Mən izah etmək, təkrarlamaq istəmirəm Aqata Kristinin sözlərini. Hər halda, bioqrafiyası ilə maraqlananlar onun həyatının Mallovandan sonra dəyişdiyini etiraf edirlər. Və çoxlarının düşündüyü kimi, o, evdən Maksa görə deyil, ömrünün sonunadək, hətta sonsuzadək soyadını daşıdığı Arçiyə görə qaçmışdı. Sevən, sevilməyən və sevilən qadın obrazlarını tanımaq olar Aqata xalanı tanımaqla... Və qadının sevərkən, sevilərkən, sevilmədiyini bilərkən nələr edə biləcəyini anlamaq...
Qadın ağlıyla yaşamaq əzablı olduğu üçün “kişi kimi qadın” olmağa məcbur edir cəmiyyət... Biz də baş əyirik... Daxilimizdə bir az Sfinks, bir az Mona Liza, bir az da Maqdalenayıq hamımız. Övladını ac qoymamaq üçün səkilərdə yalınayaq mahnı oxuyan, sonra dərman almağa pul tapmayaraq övladını itirən Edit Piaf pul içində üzəndə özünə belə təsəlli verirdi: “Ümidvaram, mənim haqqımda da Maqdalena haqqında dediklərini deyəcəklər: O, sevirdi!”
...Gəl, biz də özümüzə bir təsəlli cümləsi quraq, Dj-im... Deyək: “Ümidvaram, məni tez unudacaqlar... Yazdıqlarımı isə heç oxumayacaqlar....” Qadın ağlıyla bir düşün, deyəkmi?
“Ədəbiyyat və incəsənət”
(20.02.2025)
İnsanı bu həyatda yaşadan nədir? - ESSE
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Həyat bir yolçuluqdur—sonu bəlli olmayan, enişli-yoxuşlu, bəzən bizi güldürən, bəzən üzən bir səfər. İnsan bu yolun müxtəlif döngələrində itirə, qazana, yorula bilər. Bəzən bu yol o qədər ağır və mənasız görünür ki, davam etmək çətinləşir. Amma yenə də addım atırıq, yenə də nəfəs alırıq, çünki içimizdə bizi yaşadan bir şey var. Bəs bu nədir? Nədir insanı bu həyatda irəliləməyə vadar edən?
Ümid—qaranlıqda işıq
Bəlkə də insanı yaşadan ən böyük güc ümiddir. Sabahın bu gündən daha yaxşı olacağına, yaşanan çətinliklərin bir gün sona çatacağına inam bizi ayaqda saxlayır. İnsan bəzən bütün qapılar üzünə bağlandığını düşünə bilər, amma içində bir səs pıçıltıyla deyir: "Davam et." Həyatın ən qaranlıq anlarında ümid insanın tək çırağıdır. O işıq tamamilə sönərsə, insan yaşamaq istəyini itirər.
Ümid bizi arzularımıza bağlayır, gələcəyə dair xəyallar qurmağa vadar edir. Bəzən tək bir cümlə, kiçik bir uğur, gözlərdə parlayan bir sevinc qığılcımı ümidimizi yenidən alovlandıra bilər. O alov ki, insanı irəliləməyə, mübarizəyə və həyata daha sıx sarılmağa vadar edir.
Sevgi—varlığın ən dərin səbəbi
Sevgi insanı yaşadan ən güclü hisslərdən biridir. O, təkcə iki insan arasındakı bağlılıqdan ibarət deyil. Sevgi ana qucağındakı istilikdir, dostun səmimi təbəssümüdür, sevdiyin insanın gözlərində gördüyün əksindir. İnsan sevdikcə, daha çox yaşamaq istəyir.
Ancaq sevginin ən önəmli tərəfi insanın özünə olan sevgisidir. Çox zaman unudulan, amma ən vacib olan bu sevgidir. İnsan özünü dəyərli hiss etmədən, varlığını mənalı görmədən yaşamaqdan yorulur. Özümüzü bağışlamağı, sevməyi, səhvlərimizi qəbul etməyi öyrəndikcə həyat daha dözümlü və gözəl görünür.
Mübarizə—həyatın dəyişməz qanunu
Həyat bəzən insana istədiyini vermir. Hətta bəzən insandan çox şey alır—xəyallarını, sevdiklərini, inamını... Amma insanın içində bir qüvvə var ki, ona tab gətirmək gücü verir: mübarizə ruhu.
Hər yıxılan insanın ayağa qalxma səbəbi var. Bəzən bu, bir xəyaldır, bəzən bir insan, bəzən də sadəcə özünü sübut etmək istəyi. Mübarizə insana "Mən buradayam!" deməyi öyrədir. Ağrı çəkmiş, amma sınmamış insanlar dünyaya ən gözəl izləri buraxır.
Həyat asan deyil. Bunu hər kəs bilir. Amma həyatın çətin olması onun mənasız olduğu anlamına gəlmir. Mübarizə olmasa, insan güclənə bilməz. İnsanı yaşadan bəzən məhz bu mübarizədir—hər şeyə rəğmən, var olmaq, öz yolunu tapmaq və bu həyatda öz izini qoymaq.
Sadəlikdəki xoşbəxtlik
İnsan xoşbəxtliyi çox zaman böyük şeylərdə axtarır—mükəmməl bir həyat, böyük uğurlar, sonsuz sevgi. Amma bəzən insanı yaşadan və ona həqiqi hüzur verən şeylər çox sadədir:
Günəşin səhər pəncərədən süzülməsi,
Sevdiyin kitabın səhifələrində tapdığın bir cümlə,
Küçədə gəzərkən küləyin saçlarını qarışdırması,
Həyatın yorucu axarında bir fincan isti çay içmək,
Bəzən sadəcə bir pişiyi sığallamaq.
İnsan həqiqi xoşbəxtliyi tapmaq üçün bəzən böyük şeylərin arxasınca qaçmağı dayandırmalı, sadə anların gözəlliyini hiss etməlidir.
Sonda…
İnsanı bu həyatda yaşadan çox şey var—kimisi üçün sevgi, kimisi üçün ümid, kimisi üçün mübarizə. Amma hamımız üçün ortaq olan bir həqiqət var: insan yaşamaq üçün bir səbəb tapmalıdır. Bəzən bu səbəb öz içimizdə, bəzən başqalarının gözlərində, bəzən isə sadəcə həyatın axışında gizlidir.
Ən önəmlisi isə, insan yaşamaq üçün bir səbəb tapmadıqda onu özü yaratmalıdır. Çünki həyat, sadəcə nəfəs almaq deyil, içində həqiqi mənada var olmaqdır.
“Ədəbiyyat və incəsənət”
(20.02.2025)
KİNOBƏLƏDÇİDƏ - Sənət və müharibənin vəhdəti- “Pianoçu”
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
2002-ci ildə Polyak rejissor Roman Polanskinin ekran əsəri olan “Pianoçu” filmi çəkilmişdir. Film yəhudi pianoçu Vladislav Şpilmanın Polşada yaşadığı 7 il ərzində cərəyan edən hadisələrdən bəhs edir.
Şpilman 1939-cu ildən etibarən böyük təhlükələrlə qarşılaşır və nasistlərdən gizlənmək məcburiyyətində qalır. Vladislav Şpilmanın gizlənməsində isə çalışdığı Polşa radiosu əməkdaşlarının və ən əsası alman zabiti Vilm Hosenfildin böyük rolu olur. İkinci dünya müharibəsinin ağır günlərindən biridir. Dəhşətli müharibə hər kəsin dinc həyatına dərindən təsir edir. Uçuq bir evdə gizlənən pianoçu canını qurtarmağa çalışır. Xarabalıqdakı otaqların birindən piano tapandan sonra işlər kökündən dəyişir. Şpilman hər şeyi unudaraq musiqi dünyasına qapılır. Ancaq sadəcə Şpilman musiqinin sehrinə qapılmayacaqdı. Onu radiodalğalarda çox sevir və dinləyirdilər. Deyirdilər ki, Şopeni heç kəs Şpilman qədər möhtəşəm şəkildə ifa edəmməz. Müharibə insanın əlindən hərşeyi alır deyirlər, ancaq Şpilman bu düsturu tərsinə çevirdi. Öz musiqisini barmaqlarında olmasa da bütün müharibə boyu musiqi sevgisini qəlbində yaşatdı və böyütdü. Elə sonda da onu pianonun ağ-qara dilləri və barmaqları xilas etdi.
Film olduqca real şəkildə çəkilib, ikinci Dünya müharibəsi illərində yaşanmış bir həyatı təsvir edir, müharibənin dəhşətləri olduqca təsirli şəkildə təsvir edilmişdir. Şpilman incə sənətin sahibi olsa da, dəmir iradəyə sahib idi. O, evini, ailəsini, həyatdakı mövqeyini, bir sözlə az qala hərşeyini itirsə belə ümidini itirmir. Öz musiqisini bu dəhşətdən və kabusdan mühafizə etməyi bacarır. Müharibə hər yanı dağıdır, təmiz xəyalları qanla ləkələyir, şəhər xarabalığa çevrilir, silah səsləri, yerə sərilmiş insan cəsədləri... Şpilmana qalan isə sadecə bu dəhşətli mənzərəni göz yaşları içində izləmək qalır. Və birdə yaşamaq uğrunda apardığı amansız mübarizə. Əlindən başqa heçnə gəlmir. Vladislav Şpilman obrazı ekrana musiqi və müharibə dəhşətlərini gözlər önünə bir daha sərdi. Həm də insanlıq tarixinin ən dəhşətli anlarından biri olan İkinci Dünya Müharibəsinin timsalında...
“Ədəbiyyat və İncəsənət”
(20.02.2025)
TMİF TƏQDİM EDİR - Özbəkistan şairəsi Sənubər Mehman
Cahangir NAMAZOV, Özbəkistan, “Ədəbiyyat və incəsənət” üçün
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Qızıl alma” layihəsində budəfəki söhbət iştirakçımız — tanınmış özbək şairəsi, tərcüməçi və jurnalist, Özbəkistan Yazıçılar Birliyinin üzvü Sənubər MEHMANdır.
Söhbətimiz ustad-şagird ənənələri, Azərbaycan və özbək şeiriyyatı, təsəvvüf ədəbiyyatı, şair ilə şəxsiyyət arasındakı baxışlar haqqında oldu.
-Söhbətimizi poeziyaniz haqqında başlayaq. Şeirlərinizdə Mövlanə Rumi, Əhməd Yəsəvi, Baburəhim Maşrab kimi böyük ustadlarımızın işıqlı nəfəsi hiss olunur.
Belə bir şans hər şairə nəsib olmur.
Bu böyük və ilahi istedad yükünü daşımaq çətin deyilmi?
-Şeir bütün dövrlərin əbədi mövzusudur, niyə də olmasın...
Sualınız çox yerindədir — əslində, Sözün yükü çox ağırdır, çünki bu yük Sözün özü qədər qədim və qiymətlidir.
Amma, müdrik xalqımızda:
"Allah yerin dağlarına baxıb qış göndərir" — deyə müdrik bir atalar sözü var.
Böyük Yaradanımız söz demək cəsarətini və bacarığını verirsə, onu daşımaq üçün də güc verir.
Bundan əlavə, bu dünyada məsuliyyət gözləri ilə baxsan, ən asan işin belə olmadığına rast gələ bilərsən, insan hər zaman, hər hansı bir halda da olsa insan olaraq qalmağın özü nə qədər çətin və əziyyətlidir!
Amma insan hər zaman səbr və mətanət ilə özünü, özünün həqiqi qiymətini anlamağa çalışır.
-Ozod Şarofiddinov, Nəcmiddin Komilov kimi böyük ədəbiyyatşünaslar sizə öz yolunuzu tapmaqda necə kömək etdilər?
Onlarla keçən dövrlər, söhbətlər haqqında fikirlərinizi bölüşsəniz...
-20-ci əsr özbək ədəbiyyatının zirvələri olmuş — Özbəkistanın Qəhrəmanı Ozod Şarofiddinov, filologiya elmləri doktoru, professor Nəcmiddin Komilov haqqında danışmaq istəsək, onların nə qədər böyük Ustad, ensiklopedik bilik və yüksək təfəkkür sahibləri olduğunu söyləsək, bir suala cavab olaraq kitab yazmaq belə yetərli olmaz. Bu böyük ustadlarım ən əvvəl insanlıq elminin zirvələri idilər.
Kim ki, bu ruhani söhbətlərdən faydalanıbsa, şübhəsiz ki, ruhu işıqlanmış və təfəkkürü parlaq olmuşdur, bunlar arasında mən də bu uca varlıqların nəzərinə layiq görülməyimdən məmnun olaraq, bu sevgidən təəccüblənərək, özləri çağırmasalar belə getmişəm.
Doğrusu, deməliyəm ki, hər ikisi də mənim haqqımda özlərinin sevgi və etimad dolu məqalələri ilə — Özbəkistanın Qəhrəmanı Ozod Şarofiddinov müəllimi "Dünya Ədəbiyyatı" jurnalında, filologiya elmləri doktoru, professor Nəcmiddin Komilov müəllimi "Gülüstan" jurnalında yazıblar — amma mən hər ikisinin qarşısına getməkdən çox çəkinmiş və getməyə utanmışam, bu səbəbdən bu böyük ustadlarımdan dualar, səmimi sevgilər və gözəl bir yol arzuları ilə yazılmış ön sözlər mənim üçün miras qalmışdır.
Amma, aramızdakı bu ruhani münasibətlərdə heç bir dünya görüşü qarışmamışdır, yəni mən onların vəzifələrindən və ya mövqelərindən heç bir şəkildə maraqlanmadım, ya da şəxsi problemlərimi, məsələn, təhsil haqqını ödəyə bilmədiyim halda məktəbi tərk etməyim barədə onlara danışmadım.
Düzünü desəm, onların bu vəziyyəti hiss etmələrindən qorxmuşdum.
Mənim üçün onlar ədəbiyyatın, biliklərin yüksək səmasında yaşayırdılar və mən onların o yüksək səma üzərində qalmasını, yerin kiçik qayğılarına qarışmamalarını istəyirdim.
Bəlkə də, bu düzgün deyildi, bunu bilmirəm, çünki o vaxtlar çox gənc idim, həmçinin "qanla girən canla çıxar" — dedikləri kimi mən hələ də o cür təvazökar və utancaq idim.
Şeirlərimdəki azad və sərbəst ruh və insanı təbiətimdəki təvazökarlıq mənim üçün çox çətindir.
İlk sualın dəqiq cavabı burada ortaya çıxdı.
-Sizə görə təsəvvüfün tərifi nədir?
Təsəvvüf şeirləri yazmaq prosesi zamanı hansı mənəvi halı hiss edirsiniz?
-Təsəvvüf əslində ruhun şeiridir.
Onun içində ruh belə poetik yüksəlişlərdə yer və dünyadakı kiçik kədərləri rədd edir.
Təsəvvüfün tərifi ilə yaşamaq, əslində bütün ömrü şairanə bir əhval-ruhiyyə ilə yaşamaqdır.
-Hər bir şairin, yazıçının ruhunun şairləri olur. Sizin ruhunuzu şairləri kimlərdir?
-Mən özbək ədəbiyyatının demək olar ki, bütün klassik şairlərini və Şərq ədəbiyyatının, Azərbaycan ədəbiyyatının böyük klassikləri Məhəmməd Füzulinin, fars-tacik ədəbiyyatından Həfiz Şirazi, Bədreddin Hilolinin qəzəllərini, bu günün ən yüksək Ruhiyyə səviyyəsində yüksək məqamlar yazan bütün şairləri diqqətlə oxuyuram.
Bundan əlavə, Qərb ədəbiyyatından Jorj Sand, Xulio Kortasar, Emili Dikinsonun və Yaponiya şairi İsakova Takubokunun heykəlləri, klassik və müasir yapon şairlərini, Yasunari Kawabata'nın nazik təbiət tərənnümlərini, ispaniyalı şair Federico Garcia Lorcanın cazibədar heyrətlərini sevirəm.
Həmçinin, Azərbaycan müasir şairləri Romiz Ravşan və Səməd Vurğunun gözəl tərcümələrini də axtarıb oxuyuram.
-Şair və şəxsiyyət kimi həyatınızdakı ən vacib qərarlar nə olub?
Bu qərarlar sizə yaradıcılıq və həyat arasında hansı tarazlığı qorumağa kömək edib?
-Hər bir insanın öz həyat prinsipləri olmalıdır, mənim üçün!
Prinsipi, qətiyyətli xarakteri və müəyyən sərhədləri olmayan insanın heç vaxt öz mənəvi kimliyi olmaz!
Məni hər zaman tarazlıqda saxlayan qüvvə bu inamdır!
-Yaradıcı və şəxsiyyət kimi həqiqəti axtarmaq, söz və mənanı dəqiq göstərmək sizin üçün nə qədər vacibdir?
-Məhz bu sualınıza beşinci sualda özüm bilmədən cavab vermişəm (!!!)
İlahi, yüksək inamı və qətiyyətli prinsipi olmayan yaradıcı insanın mənəvi kimliyi olmaz, çünki mənəvi kimlik olmadığı halda, o yaradıcı özü-özlüyündə itir.
Söz və mənası mənim üçün can və bədən kimi bütöv bir anlayışdır!
-“Bəzi şeylər kitablardan öyrənilmir.
Onları ustaddan öyrənmək lazımdır," deyilir.
Buna necə fikriniz var?
-Doğrudan da elədir — kitablardan öyrənilməyən, yalnız görməklə və yaşamaqla başa düşülən acı həyat həqiqətləri vardır.
-Əmir Qobus deyir ki: "Yüksək dərəcələrə yalnız başdan keçirilən çətinliklərlə nail olunur."
Sizə görə, şair və şəxsiyyət üçün yüksək dərəcə nədir?
-Mənim fikrimcə, həqiqətən Şair və Şəxsiyyət olmaq üçün ən yüksək dərəcə, hər hansı bir vəziyyətdə də özünün sadə bir insan olduğunu və ona verilən bütün mükafatların Allahın neməti olduğunu unutmamaqdır!
Yəni ən yüksək dərəcə bu təvazökarlıqdır!
-Çox sayda yaradıcı mərkəz olaraq şəhərə meyllənir.
Yaxşı şair, yazıçı olmaq üçün şəhərə meyllənmək nə qədər doğrudur?
-Bir zarafatlı aksioma var, böyük istedadlar kənddə doğulur, şəhərdə ölürlər...
Demək istəyirəm ki, mərkəzin öz cazibəsi var, burada bütün istedadlar cəm olmuş və bu baxımdan bir növ yaradıcı mühitin qaynadığı yer olaraq tək bir yerdə yaradıcıları çəkən xüsusiyyətə malikdir.
-Mitskoviç deyir: "Bütün gün yaxşı yaşamaq, kitab yazmaqdan daha çətindir."
Sizə görə, biz yaxşı insan olaraq yaşamağı və yaxşı kitablar yazmağı nə qədər bacarırıq?
-Bu suala ümumi cavab vermək mümkün deyil, çünki yaxşı insan olaraq yaşamaq çox özünəməxsus bir prosesdir.
Bir vaxtın özündə kimisi çox yüksək bir həyat yaşarkən, onun yanındakı biri də ən aşağılıq və axmaqlığın ən ucuna çıxa bilər.
-Azərbaycan ədəbiyyatına maraqlarınız haqqında da danışsanız.
Azərbaycan ədəbiyyatından ən çox oxumağı sevdiyiniz şair və yazıçılar kimlərdir?
-Azərbaycan ədəbiyyatı mənim üçün hələ bir sirli dəniz, açılmamış xəzinə kimi durur.
Azərbaycan klassik şairləri Məhəmməd Füzuli, İmaməddin Nəsimi və Bilal Nəzimi çox oxumuşam, xüsusilə Füzulinin otuzdan çox qəzəlini əzbər bilirəm, müasir Azərbaycan ədəbiyyatının zəhmətli nümayəndəsi Yusuf Samad oğlunun: "Qətl günü" romanını (Usman Qoçxor tərcüməsində) oxuyaraq çox təsirlənmişəm.
Səməd Vurğundan gözəl tərcümələrini də axtarıb oxuyuram, Ramiz Rövşənin şeirlərini sevirəm, ən böyük arzum onları orijinalda oxumaqdır!
-Sizcə, Azərbaycan və özbək ədəbiyyatı arasında hansı ümumi xüsusiyyətlər və bənzərliklər var?
Bu iki xalqın ədəbiyyatı bir-birinə necə təsir edir?
-Bu iki xalqın kökü birdir, bizim Azərbaycanla dinimiz ortaqdır, ədəbiyyatımız ortaqdır, buna görə ədəbiyyatımız da ruhən bir-birini tamamlayan əkiz ədəbiyyatlardır.
“Ədəbiyyat və incəsənət”
(20.02.2025)
Bir Yuxu - ŞEİRVARİ ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Yuxumu, gerçəkmi? Bəzən bunların sərhədi itir. Və nəticə təqribən bu cür olur:
Səni yuxularımda görürəm
Hər gün, hər gecə.
Tez-tez bizə gəlirsən,
Hər dəfə bir biçimdə.
Dolanırsan başım üstə,
Şam üstündə pərvanə tək.
Oxşayıb saçlarımı hərdən,
Bir nəğmə oxurdun anidən.
Ayılardım röyadan,
Bəlkə gerçəkdir deyə,
Bəlkə sən gəldin deyə.
Məgərsə yenə aldandım,
Bir röyaya bağlandım.
Mən nə zaman yanıldım?
Bir xülyanı eşq sandım.
Bu dünyada çox aradım,
Ancaq ən son anladım:
Səni düşlərdə sevdim,
Var olana gəl istədim.
Hər anımda ol istədim,
Sən gerçəkdə gəlməz oldun,
Düşlərimdən getməz oldun.
Heç bilmədim biz nə olduq,
Bir röyada həmdəm olub,
Bu dünyada əğyar olduq.
Kim bilir hansı yuxu çin olacaq?
Hansı yalan olacaq?
Səni ən çox yaşadan,
Qəlbində yaşatdığın olacaq.
Artıq qəm çəkmirəm əvvəlki tək,
İstər çin olsun, istərsə yalan.
Səni yaşadacağam hər zaman, hər an.
“Ədəbiyyat və incəsənət”
(20.02.2025)
Öz işinin PƏRVANƏSİ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Ali təhsilini BDU-nun jurnalistika fakultəsində başa vurub. "1979-1999-cu illərdə Tehranda nəşr olunan “Varlıq” jurnalında ədəbiyyat məsələləri" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Daha sonra "Cənubi Azərbaycanda milli mətbuat və ədəbi fikrin inkişaf mərhələləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yüksəlib...
Deyir ki:- “Qəribə elmi taleyim var. Universiteti bitirəndə diplom işim İranda azərbaycanlı ziyalıların nəşr etdiyi bir jurnala həsr olunmuşdu. Sovet dövründə xarici ölkələrlə əlaqə saxlamaq mümkün deyildı. Xoşbəxtlikdən diplom rəhbərim və həmişə adını minnətdarlıqla xatırladığım vətənpərvər ziyalı Abbas Zamanov idi. O, mənim xariclə əlaqə saxlamağıma və lazım olan materialları əldə etməyə kömək etdi. Bu həvəs və maraq, uzun illər məni tərk etmədi. KİV-də, tədbirlərdə iştirak etdim, silsilə məqalələr yazdım. Nəhayət, monoqrafiyam çap olundu və mən dissertasiya müdafiə edib elmi ad aldım. Cənubi Azərbaycanda və İranda sayı bizdən 3-4 dəfə cox olan soydaşlarımız yaşayır. Onlar İranda yaşayıb oranın vətəndaşı olsalar da, fərqli kültürə, tarixə, ədəbiyyata, dilə və daha saymaqla bitməyən təzadlı dəyərlərə malikdirlər.”
Haqqında söhbət açdığım Pərvanə xanım Məmmədli Şəmkirdə dünyaya gəlib. AMEA-nın Ədəbiyyat institutunun dosentidir. Güney ədəbiyyatı, mədəniyyəti və mətbuatı ilə bağlı 20 kitabın məllifidir...
“O vaxt Cənubi Azərbaycan mətbuatının öyrənilməsi sahəsində bir boşluq vardı. Düzdür, Nazim Axundov, Çeşmazər, Səməd Sərdar Niya və başqa bu kimi ünlü tədqiqatçılar bu mövzunun müəyyən dövrlərini təhlilə cəlb etmişdilər. Amma yenə də bir boşluq var idi. Qərara gəldim ki, ”Cənubi Azərbaycan mətbuatı tarixi” kitabını ərsəyə gətirim. Və mən bu mövzuya konseptual yanaşdım 150 ildən artıq bir dövrün “yaddaşını”, “aynasını” arayıb-araşdırmaq çətin olduğu qədər, həm də məsuliyyətli idi. Kitabda XIX əsrin birinci yarısından müasir dövrümüzədək İranda və ondan qıraqda yaşayan azərbaycanlı ziyalıların ədəbi-ictimai fəaliyyətindən, onların nəşr etdikləri çeşidli mətbu orqanlarını araşdırmaya cəlb etmişəm. XIX əsrin əvvəllərindən başlamış mətbuatın keçdiyi yol, Cənubi Azərbaycanda mətbuatın formalaşması, mətbuatın cəmiyyətdə rolu, çoxsaylı mətbuat vasitələrinin fəaliyyəti, 1978-1979-cu illərdə İran inqilabında mətbuatın rolu, inqilabdan sonrakı və çağdaş dövrü fəaliyyəti əks olunub.”- söyləyir...
Özünə qarşı çox tələbkardır. Başladığı işi sona çatdırmayanadək yorulmaq bilmir. Ünsiyyətdə mehriban və gülərüzdür. Yüksək mədəniyyəti, davranışı ilə könülləri fəth edə bilir. Elmi fəaliyyətinə gəldikdə isə, bütün ömrünü Cənubi Azərbaycan ədəbiyyatının tədqiqatına həsr edib...
Deyir ki:- “Güneydə vətənə, xalqa bağlılıq çox güclüdür. Vətənpərvərlyin mahiyyəti vətən sevgisinə əsaslanan emosional bağlılıqdır və çox zaman "millət" anlayışı ilə eyniləşdirlir. Vətənpərvərlik milli və milli-azadlıq hərəkatlarının yaranması zamanı və müharibələr ərəfəsində daha da qüvvətlənir. Vətənimizin Güneyində bu hiss çağdaş dövrümüzdə daha aktualdır, özünü bütün emosiya çalarları ilə ədəbiyyatda göstərir...”
Bu günlərdə Pərvanə xanımın növbəti ad günüydü. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(20.02.2025)
Şən nəğmə oxuyan kədərlilər - ƏLİAĞA KÜRÇAYLININ DOĞUM GÜNÜ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Mən hərb illərində son tikəsini
Yetim bir uşaqla bölən görmüşəm.
Yarıac oxuyub şən nəğməsini
Kədərli-kədərli gülən görmüşəm
Bu gün Əliağa Kürçaylının doğum günüdür.
Şair Əliağa Vəliyev 1928-ci il fevral ayının 20-də Salyan qəzasının Kür Qaraqaşlı kəndində doğulmuşdur. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub 1944–1946-cı illərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlamışdır. Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir.
Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. "Sənin gözlərin" adlı ilk şeiri ilə ("Azərbaycan gəncləri", 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir.
"Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri işləmişdir. Moskvada ali ədəbiyyat kursunun dinləyicisi, "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri, "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş, "Yazıçı" nəşriyyatında baş redaktor olmuşdur.
Kitabları
1. Vallah Arifin bağçası.
2. Salam, gələcək illər.
3. Səfərə çıxıram.
4. Cavabsız məktublar.
5. Nargindən əsən külək.
6. Şeirlər.
7. Gözəllik.
8. Əsmər və Zəfər.
9. Durnalar cənuba uçur.
10. Ülkər.
O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, dramaturq və tərcüməçi idi. 1980-ci il fevralın 11-də ömrünün 51-ci səhifəsində həyata gözlərini yummuşdur.
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(20.02.2025)
Mədəniyyət naziri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb
Macarıstan Azərbaycanla mədəni əlaqələrə xüsusi önəm verir.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşdə Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma deyib.
Mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycan ilə Macarıstan arasında münasibətlər yüksək səviyyədədir. Prezident İlham Əliyev ilə Macarıstanın Baş naziri Viktor Orbanın qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri iki ölkə əlaqələrinin, o cümlədən mədəni əməkdaşlığın da inkişafında müstəsna əhəmiyyət kəsb edir. Nazir Azərbaycan-Macarıstan mədəni əlaqələrinin geniş perspektivə malik olduğunu vurğulayıb, bu sahədə yeni addımların atılmasının faydalı olacağını diqqətə çatdırıb.
Səfir Tamaş Yojef Torma bildirib ki, Macarıstan kinematoqrafiya sahəsində zəngin ənənələrə malikdir və hazırda müasir film studiyaları fəaliyyət göstərir. Diplomat kitabxana sahəsində də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, ötən ilin oktyabr ayında Azərbaycan Milli Kitabxanasında “Macarıstan ədəbiyyatı guşəsi”nin yaradılmasından məmnunluğunu dilə gətirib.
Adil Kərimli iki ölkənin ali təhsil ocaqlarında Azərbaycan və macar dillərinin qarşılıqlı tədrisi ilə bağlı təklifini səsləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
Gənclər Kitabxanasında “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsi davam edir
Respublika Gənclər Kitabxanası şəhid və qazilərimizin əziz xatirəsinə həsr edilən “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsini davam etdirir.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, layihə çərçivəsində 60-dan çox Vətən müharibəsi qəhrəmanı haqqında məlumatlandırıcı videomateriallar hazırlanıb.
Həmçinin kitabxananın rəsmi saytında “Qəhrəmanlar unudulmur” adlı rüblük məlumat bülletenləri təqdim edilib. Məlumat bülletenlərində görkəmli şəxslərin vətənpərvərlik mövzusunda söylədikləri fikirlər, Milli qəhrəmanlar haqqında kitablar, dövri mətbuat nümunələri və elektron keçidlərin siyahıları yer alıb.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)