BİR ŞEİRİN HEKAYƏTİ - İ. İlyaslı, “Qarşınızda bir ömür sayğı duruşundayız” Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

“Ədəbiyyat və İncəsənət" portalı yeni mövsümdə daha yeni bir rubrikasını poeziyasevərlər üçün təqdim edir.

Yaradıcılıq həm özü düşünüb, həm də digərlərini  düşündürməyi bacarmaqdır. Bu istedad isə hər kəsə nəsib olmur.

Hər zamanın öz şairləri olub və olmaqda davam edəcək. Yaddaşlarda isə öz əsərləri ilə zirvəni fəth edən Şairlər qalacaq. Elə bugünki  qonağımız kimi.

İzləyiciləri intizarda saxlamağı sevmirəm, o Şairin misralarını diqqətinizə çatdırıram:

 

Şəkillənir qələmimdə

Doğulmamış bir adam.

Mən şair deyiləm, yavrum,

Mən bir dəli rəssamam.

 

Bəli, "Mən şair deyiləm, yavrum"- desə də, bu Şairin misraları ruhumuzu oxşayır.

Beləliklə, rubrikamızın açlışını sevimli şairimiz, qəlbi mərhəmət dolu İbrahim bəy İlyaslı ilə başlayırıq.

 

-Xoş gördük, əziz İbrahim bəy. Bəzi insanlar var ki, aurasının mənfi enerjisi  onu sevdirə bilmir.

Sizin əsərləriniz kimi ruhunuz da gözəldir. Həmişə istedadlı gənclərin yanındasınız, ən əsası elə ustadcasına  tövsiyələriniz bizlərin yolunda bir mayakdır, var olun, əziz Ustadımız.

İndi isə yeni rubrikamızın formatına görə yaradıcılığınızdan bir şeirin hekayətini öz dilinizdən eşitmək istəyirik.

Əlbəttə, İbrahim İlyaslı yaradıcılığı zəngindir, amma bu an İbrahim bəyin ürəyindən keçən  "Bir şeirin hekayəti"- ni dinləmək istəyirik.

 

-Əslində, şeirə izah verməklə aram yoxdur desəm, səmimiyyətimə inanın. Çünki ciddi poeziya nümunəsi olan hər şeirin mətn şəkillənməsindən daha çox alt yapısı olur. Oxucu isə bunu ya mətnin məntiqindən çözür, ya da onu bu alt yapının enerjisi ağuşuna alıb aparır. Bəzən, məlum şeiri niyə sevdiyini heç oxucu da izah edə bilmir. Bir kəlmə ilə deyir ki, mənim duyğularıma toxunur, vəssalam. Oxucu düz deyir. Çünki şeir ilk öncə duyğu, sonra isə poetika və dil hadisəsidir.

Şeir yaranmamışdan öncə onun qəlbdə qığılcımı peyda olur. Qığılcım güclü olduqca ətrafını alışdırmağa başlayır və ürəkdən alov püskürür, şairin cismi tonqal misallı yanır. Burda yanğı ilk baxışda mücərrəd görünsə də, alov elə alovdur. Onu görməmək, hənirini hiss etməmək mümkün deyil.

Odur ki, bəzi şeirlərin qığılcımdan tonqala kimi gələn yolunu qismən də olsa dilə gətirmək, söyləmək olar.

Söz konusu mənim 44 günlük Vətən müharibəsinin Şəhid və qazilərinə üz tutub yazdığım “Qarşınızda bir ömür sayqı duruşundayız!” adlı şeirim olsun…

Oradan başlayaq ki, mən Qazax rayonunun xain və mənfur qonşularımızla həmsərhəd olan İncə Dərəsinin Aslanbəyli kəndindənəm. Hələ biz balaca uşaq ikən vaxtilə Azərbaycan torpaqları olmuş yaylaqlara artıq Ermənistan ərazisi olaraq gedirdik. 1970-ci illərdə yaylağa qalxmağımıza müxtəlif bəhanələrlə ermənilər tərəfindən yasaq qoyuldu. 1984-cü ildə isə ayağı yer alan düşmənlər saxta 1969-cu il xəritəsini bəhanə gətirərək Azərbaycanın Qazax rayonu ərazisindən torpaq iddiası qaldırdılar və rayon əhalisinin güclü dirəniş göstərməsinə baxmayaraq, o zamankı Azərbaycan rəhbərliyinin xəyanəti ucbatından 2000 hektardan çox ərazi Ermənistana təslim edildi. Bütün bunlar uşaqlıq, yeniyetməlik və gənclik dövrümüzə təsadüf etdiyindən Vətənə sahiblənmək, doğma yurdu qorumaq, eyni zamanda düşmənə nifrət hissi bizi heç zaman tərk etmədi, əksinə gücləndi. 90-cı illərdən başlayaraq gecə-gündüz düşmənlə səngər-səngərə dayanası olduq. Kəndin erməni kəndləri ilə sərhəd olan otlaq, biçənək sahələrində dinc əhali arasında itkilərimiz oldu, doğma ocaqlarımız atəş altında qaldı, könüllü döyüşçülərimiz Şəhid düşdülər...

Hələ Tovuz döyüşləri yenicə başlayanda aidiyyəti olan qurumlara müraciət edib, ön cəbhədə döyüşən əsgərlərimizin yanında olmaq istəyimi bildirdim. Hər dəfə də, buna ehtiyac yoxdur deyə, - cavab aldım. Amma 44 günlük Vətən müharibəsi zamanı təkidlə tələb etdiyimi nəzərə alıb, müharibənin 13-cü günü bir qrup ədəbiyyat və incəsənət xadimi ilə ön cəbhəyə getməyimə icazə verdilər. Bir günlüyə də olsa igid əsgər və zabitlərimizin yerləşdiyi kazarmada, onların əhatəsində olduq, səhra hospitalında yaralı döyüşçülərimizlə görüşdük, onların barıt qoxulu hərbi mundirlərinin qoxusunu aldıq, atəş altında olmağın həyəcanını və qürurunu yaşadıq. Hərbçilərimizin Vətən uğrunda döyüş ruhunu gözlərimizlə görüb, canımızda hiss etdik. Döyüşçülərimizin cəsarətini, qorxmazlığını, Vətənin hər qarışı uğrunda Şəhid olmağa hazır olduqlarını gözlərimlə görəndə əmin oldum ki, biz qalib gələcyik.

“Bir şeirin hekayəti”nə uzaqdan başlayıb bəzi mətləblərimi çatdırmaqda məqsədim odur ki, qığılcımdan başlayıb alova qədər gələn yola bir daha nəzər yetirim. Hiss, həyəcan, ağrı, qürur dolu bir şeir, bəzən, əvvəlcə şüuraltı olaraq illərlə qığılcım kimi şairin qəlbində tüğyan eləyir və anidən qəlbdən qopub varağa enir...

Yerdə qalanını, və əslində bu mətnə sığmayan mətləbləri isə şeir özü deyər...

Bu qədər...

 

İbrahim İLYASLI 

 

Qarşınızda bir ömür sayğı duruşundayız

 

Vətən müharibəsinin Şəhid və qazilərinə

 

Vətən Sizə can dedi, Vətənə can verdiniz,

Damarları təpimiş torpağa qan verdiniz.

Otuz il otuz yerdən yaraları çatlayan,

Millətə qırx dörd gündə şəfayla şan verdiniz!

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Bir çağrışı bəs etdi Ali Baş Komandanın,

Yüz illərə tən oldu – hökmünə bax bir anın?!

Vahimədən yağılar pərən-pərən oldular,

Haləsi böyüdükcə çəkdiyiniz hilalın.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Belə cəng, belə savaş yer üzü görməmişdi,

Nə dağı, nə dərəsi, nə düzü görməmişdi...

Bu xalq on min doqquz yüz əlli gecə yaşayıb,

On min doqquz yüz əlli gündüzü görməmişdi.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Xan Araz Sizi görcək qəhərlənib ağladı,

Köhlən Xudafərinin şahə qalxdı tağları.

O taydan bir ün qopdu, yer-göy lərzəyə gəldi,

Bu tayda ucalınca sənin zəfər bayrağın!

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Azğın düşmənlərinə çoxları çıxdı yiyə,

Avropa diş qıcadı, Asiya getdi küyə...

Ancaq birə-beş artdı gücünüz, qüdrətiniz,

“Hər zaman yanındayız!”- haykırınca Türkiyə.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Nərənizdən Şuşada qaya qopdu, daş yandı,

O gün qaş qaralmadı, qaralacaq qaş yandı.

DƏMİR YUMRUĞunuzun zərbindən yer titrədi,

Odlu nəfəsinizdən düşmən başa-baş yandı!

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Ruhlar səltənətində ucalıqlar Sizindi,

Uca başlar Sizindi - uca dağlar Sizindi.

Başqa yerdə gəzməsin haqqı haqq arayanlar,

Məmləkətdə haqq olan bütün haqlar Sizindi.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Ürəyim parçalansın, üzüm ağ olsun!- dedi

Heç nəyimiz olmasın, Qarabağ olsun!- dedi.

Bundan böyük ibadət görünməyib cahanda -

Şəhid doğan analar: “Vətən sağ olsun!”- dedi.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Azərbaycan adını sinənizdən asdınız,

Yeni tarix yaradıb, yeni dastan yazdınız.

Qazi hüzurlarıdır daha səcdə yerimiz,

Şəhid məzarlarıdır ən müqəddəs andımız.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

(17.12.2020)

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.