İmran Verdiyev, “Ədəbiyyat və incəsənət”, Oğuz təmsilçisi
Bir neçə gündür Miskin Abdalın həyatına aid məlumatları və əsərlərini oxuyuram. Onun həyatı ilə bağlı məlumatlar yadıma bir hadisəni saldı.
Deməli, üzun illər bundan öncə-1990-cı illərin ortalarında Bakıya gedərkən təsadüfən Oğuz rayonunun Xaçmaz kənd sakini, öz kəndlərindəki natamam orta məktəbdə direktor işləmiş mərhum Telman Nəsrullayevlə yol yoldaşı olmuşdum. Qəbələ ərazisindəki magistral yoldan Qafqaz dağlarının gözəl mənzərəsi açılırdı. Telman müəllimgilin kəndinin də bu dağların ətəyində yerləşdiyini bildiyimdən üzümü ona tutub soruşmuşdum:
- Telman müəllim, heç o dağlara, qayalıqlara çıxmısan?
Rəhmətlik gülümsəyib demişdi:
- Sən elə bilirsən, o dağlara çıxmaq asandır?! Bilirsən, oralarda, o uca dağ və
qayalarda nə qədər adam tufana düşüb, qayadan uçub ölüb?! Babam deyirdi ki, Şah İsmayılın vəziri Miskin Abdalın uşaqları da o qayalarda borana düşüb həlak olublar.
İndi peşimanam ki, niyə söhbəti ucalamadım. Bəlkə, o, Miskin Abdal barədə babasından eşitdiyi başqa məlumatları da söyləyəcəkdi. Nə isə...
Neçə gündür ki, onun dedikləri fikrimdən çıxmır. Maraq məni rahat buraxmır..
Soruşa bilərsiniz ki, Miskin Abdalı, türklər demişkən, bu qədər önəmli qılan nədir ki? Qısa söyləsəm, çox şey!
Bilməyənlər üçün də bir neçə kəlmə deyim. Tarixdə “Miskin Abdal” kimi tanınmış, əsl adı Seyid Hüseyn Məhəmməd oğlu olan bu şəxsiyyət Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, "Qeyb Ərəni", böyük övliya, Sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, Pir sahibi olub. Mistik, metafizik qüdrət və kərəmət sahibi imiş. Filologiya elmləri doktoru, professor M.Allahmanlı “Miskin Abdal-Səfəvilərin böyük ideoloqu, sufi şeyxi” adlı kitaba ön sözdə yazır ki, tarixi şəxsiyyət olan Miskin Abdal 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub. Atası Məhəmmədin yaxından qayğısı sayəsində kiçik yaşlarından o dövrün ədəbi və rəsmi dövlət həyatı üçün zəruri sayılan ərəb və fars dillərinə mükəmməl yiyələnmiş, cəng oyunlarını mənimsəmiş, Göyçə ozan, qopuz mühitinin sirrlərinə yaxından bələd olmuş, çox erkən yaşlarından İslam dininin, o cümlədən, «Quran»ın incəliklərini dərindən öyrənərək, «Abdallıq nəzəriyyəsi» və onun əsasında yaranmış Səfəvilərin ideya məsləki olan «Səfəviyyə» sufilik təriqətinin geniş təbliğinə başlamış, çox qısa zamanda yüksək ad-san qazanmışdır. Bütün İslam aləmində, hətta üç ənənəvi səmavi dinin müqəddəs məkanı olan tarixi Fələstin ərazisində, Qüdsdə - müsəlmanların 2-ci məscidi sayılan “Əl-Əqsa”da böyük sufi mürşidi, övliya, pirani ustad kimi tanınmışdı. Təsadüfi deyildir ki, şeirlərinin birində özü belə deyirdi: “Günbəz əl-Cizrədə, Məscid-Əqsada, Onlar da tanıyır dür usta məni”. Hüseynin ulu babası Yaqubla Ş.İ.Xətainin ulu babası Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. İsmayılın hələ uşaq olarkən düşmənləri tərəfindən təqib edildiyi illərdə, məhz Göyçədə ən çox etibar etdiyi Miskin Abdal və onun atası Məhəmməd Cəfər oğlu tərəfindən Göyçə gölündəki Ağdamar adasında yerləşən eyni adlı qalada təqiblərdən gizlədilərək mühafizə edilməsi, ilk tərbiyəsini də Miskin Abdaldan alması barədə qaynaqlar mövcuddur. Ona görə də bu münasibətlər qardaşlıq-ailə münasibətləri qədər səmimi, yaxın və etibarlı olmuşdur.
1500-ci ildə Şeyx Heydər oğlu İsmayıl «Qızılbaşlar hərəkatı» çərçivəsində Şimali Azərbaycana yürüşlər edərkən, Göyçəyə gəlib, Zərgərli (Sarıyaqub) kəndində mürşidi olmuş, bu yerlərdə ən böyük dayağı olan lələsi Seyid Hüseyni – Miskin Abdalı ziyarət etmişdi. 1501-ci ilin sentyabr ayının 24-də Təbrizdə Şeyx Heydər oğlu İsmayıl şahlıq şərbətini, məhz Seyid Hüseynin – Miskin Abdalın əlindən alıb, içmiş, onun xeyir-duası ilə qırmızı geyinib, şahlıq taxtında əyləşmişdi.
Miskin Abdal sarayda yüksək dövlət vəzifələrində, bəzi mənbələrə əsasən, həmçinin Səfəvilərdə Şahdan sonra 3-cü vəzifə sayılan vəzir vəzifəsində çalışmışdır. Bir müddət sarayda şairlər birliyinə də başçılıq etmişdir. Daha sonra diplomatik missiya ilə əlaqədar xaricə (Bağdada, Şama, o cümlədən Osmanlı Türkiyəsinə və s.) ardıcıl səfərlər etmişdir. Bir neçə dəfə Osmanlı sultanı Sultan Səlimlə görüşmüş, onu mənasız qardaş qırğınlarından çəkinməyə çağırmışdır. 1514-cü ildə Çaldıran döyüşündə sərkərdə kimi iştirak etmişdir.
1515-ci ildə Şah İsmayıl Xətai Miskin Abdal ilə bağlı fərman imzalayaraq, onun Allah tərəfindən verilmiş böyük hikmət, fəzilət, kəramət (möcüzələr göstərmək qabiliyyəti və sair) sahibi olmasını, böyük sufi mürşidi, övliya olduğunu Səfəvilər dövləti adından təsdiq etmişdir. Fərmanda deyilirdi: "Ey mömin insanlar, Miskin Abdal mötəbər şəxsdir, ona inanın, nə mətləbiniz varsa, ondan diləyin!"
1524-cü ilə qədər Təbrizdə sarayda müxtəlif yüksək dövlət vəzifələrində çalışmış Miskin Abdal Şah İsmayılın vaxtsız vəfatından bərk sarsılır və saraydan birdəfəlik üz döndərib, doğma Göyçəsinə qayıdır. Burada məktəb açıb, maarifçilik işləri ilə məşğul olur. 1535-ci ildə Göyçə mahalının Sarıyaqub kəndində 105 yaşında vəfat edir və doğma kəndində dəfn olunur.
Miskin Abdal təkcə siyasi və diplomatik fəaliyyəti ilə kifayətlənməyib, Azərbaycan ədəbiyyatına çox dəyərli töhfələr verməklə, onu zənginləşdirmişdir. O, misilsiz bədii dəyərə malik gəraylı, qoşma, təcnis, divani, bayatı və deyişmələrin müəllifidir. "Aslan şah və İbrahim", "Yetim Hüseyn" dastanlarının yaradıcısıdır. Yaratdığı aşıq havaları Azərbaycan musiqisinə, aşıq yaradıcılığına misilsiz bəstəkarlıq töhfələri olmaqla, aşıq yaradıcılığını, musiqisini zirvələrə qaldırmışdır. Hələ sağlığında və vəfatından sonra aşıqlar tərəfindən onun həyat və fəaliyyətindən bəhs edən "Miskin Abdal və Sənubər" və "Miskin Abdal və Şah İsmayıl" dastanları yaradılmışdır.
Onun ilk həyat yoldaşı Təbrizli Mahmudun qızı Sənubər olmuş, bu evlilikdən cəmi bir neçə ay sonra Sənubər xanım vəfat etdiyindən, o 50 yaşınadək evlənməmiş, yalnız 50 yaşında İrəvandan tacir qızı Həlimə xanım adlı qadınla ailə qurmuşdur. Həlimədən 4 övladı dünyaya gəlmişdir. Oğlanlarının adı Şadman, Əli və Həsən, qızının adı Məleykə olmuşdur.
Zənnimcə, Miskin Abdal haqqında bu qədər kifayətdir. Qayıdaq söhbətimizin məğzinə. Mənə maraqlıdır: Həqiqətən, Miskin Abdal Xaçmazda olubmu? Onun uşaqları “Dağıstan dağlarında” (Qafqaz dağlarında) haradan gəlib, haraya gedirlərmiş? Hadisə harada, hansı şəraitdə və necə baş verib? Hörmətli oxucum, zənn edirəm ki, bunlar sizə də maraqlıdır.
Bir həvəskar araşdırması etmək istədim. İlk işim qədim Xaçmaz kəndinə gedib yaşlı insanlarla görüşmək oldu. Görüşdə AYB-nin Oğuz bölməsinin (Oğuz, Qəbələ və İsmayıllı rayonlarını əhatə edir) sədri Vüsal Oğuz də iştirak edirdi. Təəssüf ki, kənddə yaşlı adamların sıraları çox seyrəlib, “yeni yaşlananlar” isə ümumi sözlərdən başqa bir şey demədilər. Vüsal müəllimdən onu öyrəndim ki, vaxtı ilə Xaçmaz kəndinin şimalında, Qalaçayın sol sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyində Abdallı adlı kiçik kənd olub, orada çox qədim qəbirlər var. Kəndin sakinləri də burada insanların məskunlaşmasının qədim tarixə malik olduğunu bildirdilər. Onu da qeyd edim ki, Abdallı kəndi dağ keçidlərindən birinin (Xaçmaz keçidinin) qarşısında yerləşir.
Araşdırmalarımdan belə məlum oldu ki, Abdallı toponiminin mənşəyi və mənası haqqında elmi ədəbiyyatda müxtəlif mülahizələr irəli sürülüb. Sözün mənşəyi və mənası haqqında bir mülahizənin tərəfdarları toponimi qədim türk mənşəli abdal tayfasının adı ilə bağlayırlar. Abdallı sözünü "abdal tayfasına məxsus yaşayış məntəqəsi" kimi izah edirlər. Bir sıra tədqiqatçılar bu sözü Yaxın və Orta Şərqdə Abdal adı ilə məlum olan sufi-dərviş icması ilə əlaqələndirirlər. Digər bir mülahizənin tərəfdarları isə toponimi məşhur Miskin Abdalın adı ilə bağlayır, köç yeri olduğunu, sonradan kəndə dönüşdüyünü söyləyirlər. “Abdallı” toponimi barədə bir sıra başqa fikirlərin olduğunu da qeyd etməklə kifayətlənir və bu söhbəti də çox uzatmaq istəmirəm.
Böyük danışmaq kimi olmasın, araşdırmalarımı davam etdirdim. Mənbələrdən öyrənə bildim ki, Miskin Abdal sufi müridlərinin hazırlanması və Səfəvilərin şimal sərhədlərindən gözlənilən təhlükələrin qarşısının alınması üçün bir müddət Şirvanda və Dağıstanın indiki Axtı (Doqquzpara) rayonu ərazisində fəaliyyət göstərib. (Mənbə: https://goyce.az/news.php?id=1807).
Paytaxtı Axtı olan bu rayonun hazırda Azərbaycanla 62 km. sərhədi vardır. Böyük Qafqaz sıra dağlarından Axtı regionunun ərazisinə əsrlər boyu bir neçə dağ keçidi olub. Deyilənə görə, keçmişdə, o cümlədən sovet dövründə də bu keçidlərlə ora gediş-gəliş çox olarmış. Şəxsən mən həmin keçidlərdən istifadə edənlərdən bir çoxunu şəxsən tanıyırdım. Yuxarıda qeyd etdiyimiz kimi, belə keçidlərdən biri də Abdallıdan başlayan Xaçmaz keçididir. (qədim Alban keçidi)
Miskin Abdal Axtıda (Doqquzpara) Dağıstanın ləzgilər yaşayan, ərazisində yeganə şiə məzhəbində olan, oranın ən böyük yaşayış məntəqəsi Miskinçi kəndində yaşamış, çoxsaylı möcüzələr göstərmişdir. Kənd əhalisi Miskin Abdal sayəsində Sufizmin Səfəviyyə təriqətinə (mənbələrdə, həmçinin şiəliyə) keçmişlər. (Mənbə: http: //www.anl.az/down/meqale/kredo/2019/aprel/643489(meqale).pdf)
“Miskin Abdal-Səfəvilərin böyük ideoloqu, sufi şeyxi” kitabında göstərilir ki, “Müəyyən səbəblər üzündən Miskin Abdal, 1503-cü ildə diplomatik missiyasını başa vurub, geri qayıdarkən Dağıstan (Qafqaz) dağlarında ailəsi ilə birlikdə güclü borana düşür. Boranda özü, arvadı Həlimə, böyük oğlu Şadman, qızı Məleykə xilas olsalar da, kiçik yaşlı oğlanları Həsən və Əli bu köçün qurbanı olurlar. Bu barədə o, “Dağlar”rədifli qoşma və bayatısında həmin bədbəxt hadisəni də qələmə almışdır:
Nəhs illərdən satın aldın nəhs günü,
Çağırıb dumanı, tökdün çiskini,
Gözü yaşlı qoydun Cüda Miskini,
Eylə gülə-gülə tamaşa, dağlar.
Bu dağlar zülüm dağlar,
Kəsilib yolum dağlar,
Hanı o bir cüt balam:
Həsənim, Əlim, dağlar?!
Bir başqa mənbədə göstərilir ki, hadisə həmin ildə Miskin Abdal valideynlərinin - anası Növrəstə ilə atası Məhəmməd kişinin ölüm xəbərini eşidərək Şahın icazəsi ilə Dağıstanın Miskincə kəndindən Zərgərli kəndinə, yəni Sarıyaquba geri qayıdarkən baş verib.
Deməli, mərhum Telman müəllimin babasının dedikləri düz imiş. Mənbələrdə uşaqların olüm səbəbi olaraq tufan-boran, donvurma və qayadan yıxılmaq qeyd olunur. Filologiya elmləri namizədi H.İsmayılovun 2001-ci ildə “Səda” nəşriyyatında çap olunmuş “Miskin Abdal” kitabına ön sözdə yazdığına görə, donvurmadan həlak olan uşaqlar (Həsən və Əli) həmin yerdə də dəfn olunmuşlar.
Tədiqatlarda o da qeyd olunur ki, Xaçmaz kəndində Miskin Abdalın tərəfdarlarının qəbrləri indi də durur. Professor M.Allahmanlının “Kredo” qəzetinin 04 aprel 2019-cu il tarixli sayında dərc olunmuş “Səfəvilərin böyük ideoloqu Miskin Abdal” adlı məqaləsində oxuyuruq: “Miskin Abdalın Oğuz rayonunun Xaçmaz kəndində bir müddət olması, 20-yə qədər tərəfdaşlarının qəbirlərinin də orada olmasını irəli sürənlər var”. Bu fikir şair, publisist, folklorşünas, pedaqoq və jurnalist T.Hüseynzadənin 2005-ci (təkrar 2018-ci) ildə çap olunmuş “Miskin Abdal – Qeyri Ərəni, Təsəvvüf Piri” adlı əsərində və digər mənbələrdə də təkrarlanır.
Şübhəsiz ki, Miskin Abdal kimi yüksək nüfuz sahibi səfərlərə, o cümlədən irşad fəaliyyəti göstərməyə 3-5 nəfərlə yox, xeyli tərəfdarları ilə gedirdi. Bunların arasında onun öz soyundan olanlar da az deyilmiş. Məsələn, Sarı Abdal kimiləri. (Mənbə: https://kulis.az/xeber/edebi-tenqid/-1513)
Bizcə, Miskin Abdal Dağıstana Xaçmaz (qədim Alban) keçidindən getmişdir. Tarixi Xaçmaz keçidi bu kəndin şimalından - Abdallıdan başlayaraq Fiy və Malqamud aşırımlarınadək gedir. Bu aşırımlar Dağıstanla sərhəddə, Baş Qafqaz silsiləsində, dəniz səviyyəsindən çox yüksəkdədir.
Yəqin ki, keçid çətin və təhlükəli olduğuna (Miskin Abdal özü bu barədə şeirlərinin birində belə söyləyirdi: “Bu dağlar zülüm dağlar”) görə, onun tərəfdarlarının içərisində olan çox yaşlı qocalar, xəstələr, uşaq və qadınlar yuxarıda adını çəkdiyimiz indiki Abdallı kəndinin ərazisində qalaraq, həmin yerdə köç salmışlar. Onlar burada - Xaçmaz kəndi ilə yanaşı, digər kəndlərdə öz irşad fəaliyyətlərini davam etdirmişlər. Sonralar həm özləri, həm də yerli camaat bu yeri Miskin Abdalın şərəfinə Abdallı adlandırmışlar.
Güman ki, yuxarıda qeyd etdiyimiz səbəbdən Zərgərli kəndinə, yəni Sarıyaquba yenə həmin keçiddən geri qayıdarkən Fiy və ya Malqamud yüksəklilərinin birində (bizcə, Malqamudda) məlum faciə baş vermişdir. Çətinliklə Abdallıya – köç yerinə gəlib çatan Miskin Abdal burdakı tərəfdaşlarının bir qismi ilə tələsik valideynlərinin yasına - öz kəndinə yola düşür. Tərəfdarlarının bir hissəsi isə burda – Abdallıda qalıb daimi olaraq məskunlaşır və yerli əhali ilə qaynayıb qarışırlar.
Tədqiqatçılların Səfəvillərin böyük ideoloqu Miskin Abdalın bir müddət Xaçmazda yaşaması, onun soyundan olanların və tərəfdaşlarının 20 nəfərə qədərinin qəbirlərinin hələ də həmin kənddə qalması barədəki fikirləri, burdakı Abdallı toponiminin onun adı ilə bağlı olması barədə dolaşan rəvayətlər və həmin kəndin dağ keçidlərindən birinin qarşısında yerləşməsi, Miskin Absalın 2 oğlunun dağlarda həlak olması və kərəmətləri haqqında yaşlı insanların söylədikləri, nəhayət, buradan Dağıstana – Axtıya (Doqquzparaya) ən yaxın keçidin Abdallıdan başlayan Xaçmaz keçidi (qədim Alban keçidi) olması da bu ehtimallara haqq qazandıra bilər.
Əlbəttə, bunlar bizim şəxsi fikir, düşüncə və qənaətlərimizdir. Məsələnin daha ciddi və dərindən araşdırılmasına ehtiyac vardır.
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)