Sən də getdin, bax, yağdı yağışlar… - ELMAN TOVUZİN QIRX GÜNÜNƏ Featured

Çiçək Mahmudqızı, “Ədəbiyyat və incəsənət” üçün

 

Bu mənim sənə bir dost, bir vəfa borcumdu, Elman Tovuz. Allahın bir qismətidi, bəlkə də. Mənim son kitabımı yığmağı sənə, sənin son kitabını yığmağı mənə nəsib etdi. Heç düşünməzdim ki, bu kitablar, bu görüşlər SON-un akkordlarıdır. Mən bunu hardasa yağan yağışlar vida notlarını vuranda bilməliydim, bilmədim...

Mənim kitabımı yığanda soruşdun:

-Kitabın adını nə qoyacaqsan?

Dedim, yığaq, ad özü gələcək. İşi bitirəndə ad özü gəldi.

--Üzü sənsizliyə...Bir şeirimdən bunu vermək istəyirəm, -dedim

--Eşitməmişəm, -dedin, - mənim üçün təzə addı, gözəldi, mən qəbul etdim.

Tələs, dedin, oynama kitabın üstdə. Mənəm sənin nazınnan oynayan, heç kim sənin kitabınla belə  oynamaz, deyib, zarafatından qalmadın. Xəfif- xəfif gülürdün hər ismarıcıma (İndi anlayıram sən hara və niyə tələsirdin) 

-Sən çapdan çıxart, sonra mən verəcəm yeni kitabımı nəşrə, xeyli şeirlərim yığılıb, -dedin. 

Dedim, sən nə qoymusan kitabın adını? Dedin- Üşüyən duyğular...

Allahın işinə bax. Əvvəlində oturub sonumuzu yazırıq. 

Mən- üzü sənsizliyə, sən- üşüyən duyğulara bükülüb də ağlayırıq göy üzü yağışlarına...


Niyə gəldim, bilirəm –
Dünyanı dərk etməyə.
Nəyi bildim, bilmirəm;
Bu dərdi tərk etməyə,
Hara sığışım – gedim.

Qorxur, düşüb boğula, –
Gözlərimdən öpən yox.
Varam bu tənhalığa!
Arxamca su səpən yox,
Yağsın yağışım, gedim...

 

Bax, yağışlar yağır, sən yığışıb gedirsən, amma mən bilmirəm.

Özün deməli, oturub günləri sayıram ki, sağalıb bizə - dostlarına qayıdacaqsan...

 

Yaşamaq deyil ki...
Gündü, sayıram –
Bəlkə bu dünyanın təkəri dönər...
İllərdi yerimdə çabalayıram...
Nə bilim... bir vaxtlar bəs deyirdilər:
"Axsaq önə keçər köç qayıdanda."...

 

Ümid kəsiləndə inam sönər, insan ölər deyirlər. Ümidlə yaşayıram ki, sən heç olmasa son  durumunla qayıdacaqsan, biz də dəstə-dəstə başına yığışacağıq. Amma sən qayıtmirsan, gedirsən əbədiyyən, mən yenə bilmirəm...

 

                Gedirəm hər nə yoldusa, 

Görün nə sayaq gedirəm.

İçim tələsir elə hey,

Çölümdən qabaq gedirəm.

 

Ahım – göylərin çaparı,

Xəyalım – durna qatarı.

Sədamı yellər aparır,

Səsi qol-budaq gedirəm.

 

Sənin bu qol-budaq olan səsini, sədanı mənə əsən yellər, yağan yağışlarmı yetirdi görəsən? Aylardı, bəlkə də ildən çoxdu, görüşə bilmədiyim halda Allah mənim yönümü Cantəpəyə nəyə saldı? Bəhanə kitabıydımı? Yenə bilmirəm... 

Mənim kitabım çıxınca sən xəstəxanaya düşdün, reanimasiyada can üstəsən, yenə yazırsan – kitabın nooldu? Cavabsız qoydum sualını. Ölümlə çarpışırdın. Üzüm gəlib, dilim tutub deyəmmirəm ki, birdən şeirlərin it-bata düşər, bəlkə kiməsə deyəsən, kitabın pdf-ni mənə yollaya, mən o kitabı çıxardam, Allah eşqinə, sənin arzuların ömrün kimi yarımçıq qalmaya... Kimə deyim, necə deyim? Onu da bilmirəm...  

 

Sonu olacaqmı bu viranlığın,
Görüm ağlar qalsın belə dünyanı.
Axı deyirdilər, hər qaranlığın
Sonunda işıqlı sabah var... Hanı?!

 

Nə bilim, onu da bilmirəm axı...Amma bildiyim nədi, bilirsən?

Mən elə bilirdim bu dünyada sənə yaxın olan, sənlə saatlarla dərdləşib sirrini bölən tək insan mənəm, sən gedəndən sonra bildim dünya dolu doğman var imiş, amma Sən yox...

Mən elə bilirdim bu ağlamalı dünyamızda ancaq biz ağalaya bilərik, biz ağrıya bilərik, amma Sən yox...

Mən elə bilirdim bu gidi dünyanı asmanda qoyub ancaq biz köçə bilərik, biz ölə bilərik, amma Sən yox...

Mən elə bilirdim ailə-məişət problemləri təkcə bizi danışdıra bilər, bizi gileyli-güzarlı edə bilər, amma Səni yox...

Mən elə bilirdim can ağrısını, əza- baş, göz, qol, qıç ağrılarını təkcə biz bilərik, amma Sən yox...

Sən yox... SƏN YOOOX...

Yoxluğun məni bu qədər üzəcəyini heç ağlıma gətirməzdim. Yəni sən ağrımaq, ağlamaq, ölmək nədi bilirdinmi ki, ey Allahın bütün xoşbaxtlıqlarından məhrum olan “baxtafar” bəndə. Sənin yanında bədbin olmaqmı olardı? Sənin yanında böyük bildiyin ən ağrılı dərdini danışmaqmı olardı, həmən müdrik düşüncən, kəsərli yanaşmanla elə nöqtə qoyurdın ki,  dərd dediyimiz nə şey olduğunu unudardıq...

Mən sənlə danışandan ya görüşəndən sonra, “insanam” deyib yaşamağıma utanırdım.

İnsan Tanrının nə qədər dərdlərinə, sınaqlarna şükranlıqla yanaşa bilər və hamıya gülüş, yumor, sevgi, ötürə bilər? İnsan nə qədər polad iradə, içi-çölü dolu biri olar ki, ətrafında cəm olanların hamısına işıq, eşq ötürə bilər, hər gecə dərdilə təklənib qol-boyun ağladığı halda ? Onu da bilmirəm...Amma

 

Dərdi olmayanın yolları – əyri,

Dərdsiz olanlardır həddini aşan.

Yaşaya bilmərəm dərdimdən ayrı, –

Onun hesabına adam olmuşam...

 

-deyirdi, Dərdin  Adamı.

 

Ölüm xəbərini ilk ( aşıq Şəhriyardan ) eşıdəndə ağlamağa qorxdum. Elə bildim hardansa məni görüb acıqla təpinəcək yenə. Bu nədir, yığışdır bu ağlamağını, deyəcək. Ağlamadım da... 

Amma yağışlar mən əvəzdən agladı səni, qağa, özü də necə var ağladı. O nə yağış idi, indi fərqinə vardım. Sonuncu dəfə Cantəpədəki evinə gələndə dostlar (Mikayıl Bozal və Qəşəm Nəcəfzadə ziyarətə gəlmişdilər) deyib, gülüb, şeirləşib getdilər, mən axşamacan qaldım. Bir az yır-yığış etdim, bir az dərdləşdik, mənim kitabımı işlədik. Sizdən çıxanda necə yağış yağırdı. Arxamca elə nigaran baxırdın ki. Dedim içəri keç, birdən sənə soyuq olar, xəstələnərsən, qayıdım kombini yandırımmı, evin yaman soyudu, dedim. Yoox, dedin, gör bir səni görüb necə yağır. Onda yağışa da adi bir yağış kimi baxırdım. Çünki özün də onu şeirə düz- qoş edib, dediyin kimi  bir “cızmaqara” da yazmışdın hələ--

 

Gəldin, yağışlar da gəldi,

Yanğıma bir su çiləndi...

Bax, dəniz də ləpələndi,

Bu ləpəyə xoş gəlibsən.

 

Bu, yuxudu, yoxsa gerçək,

Üzüm güldü səni görcək.

Nə durmusan, gəl, ay Çiçək,

Cantəpəyə xoş gəlibsən....

 

Gəldi Çiçək Cantəpəyə, amma bilmədi ki, bu səninlə son görüşüdü, bilmədi ki, səni bir də heç vaxt görməyəcək və dostlar arasında səninlə sonuncu ayrılan da elə Çiçək olacaqmış, bilmirdi...

 

Bir qərib göynərti keçdi içimdən,

Deyəsən ruhuma tanış gəlmədi...

O qədər ağrılar keçirmişəm mən,

Beləsi nə bahar, nə qış gəlmədi.

 

Ay Elman, qulağım darımı dəldi,

Gələn mükafatdı, yoxsa bədəldi?

Burnuma yır-yığış qoxusu gəldi,

Arxamca atmağa yağış gəlmədi...

 

Arxanca atmağa yağış gəlmədi, deyirsən. Sən torpağa tapşırılan gün göylərdən tökülən yağış deyilmiş yəqin, mənim kimi səni sevənlərin göz yaşıymış, Elman Tovuz. İndi bidim sizə gələndə və sizdən sonuncu dəfə çıxanda yağan o leysan nəyə işarəymiş. Bu, səndən ayrılığın sonuncu nidalarıymış ki, maşının pəncərəsindən sillə kimi çırpılırdı üzümə... 

 

Burda da gözünü uzaqlar sağır,

O, köhnə yol idi, bu – təzə cığır.

Bu gün yağışlar da dənəvər yağır,

Elə bil üstünə çiçək tökülür...

 

Üstünə, yeni yurduna çiçəklər tökülsün, qağa. Yağan yağışlar da aramızda körpü olsun. Səndən mənə, məndən sənə ismarıclar aparsın.

-- Desin ki, sən torpağa tapşırılan gün mən gələmmədim...

--Desin ki, bir Çiçək burda gecə-gündüz sənin ağrılarına bükülüb elə hey ağlayır...

--Desin ki...

 

Elə bir haldayam, bu boz yağışlar,

Pərişan halıma baxıb ağlayır.

Küsgün ağacları yuyur göz yaşım,

Yarpaqlar qarışıq axıb ağlayır.

 

Desin ki, göylərdə ara əksini,

Qoşul yağışlara, dara əksini.

Ölüm qara geyib, qara əksini,

Sinəsi üstünə taxıb ağlayır.

 

Bu tale, bu qismət, bu dərd nə gerçək,

Tab gətir ürəyim, bu dərdi gör, çək,

Bir yanda yağışa bükülüb Çiçək,

Dəli şimşək kimi çaxıb ağlayır...

 

Səndən sonra bilirsənmi nə oldu, qağa? Getdim illərdi tamarzı qaldığın ata-baba yurdun Tovuza, baxdım uyuduğun torpağa. Çox uzaqdan, dağın dibindən. Gördüm əl çatmayan, ün yetməyən elə ucalıqda, elə zirvədə  yurd-yuva salmısan ki, o ucalığa ancaq qartal qanad sala bilər. Elə duruşunla, məğrurluğunla, əzamətinlə, əyilməzliyinlə  bir qartalıydın özün də. Dağ Qartalı. Gendən baxıb dərindən bir köks ötürdüm. Və bir də xəlvətcənə göz yaşımı yağışlara büküb yolladım sənə...

Üstünə çiçəklər töküldümü, qağa ?!!!

Son sözüm bilirsənmi nədi sənə? Rahat uyu, qurban olduğum, mən sənin son vəsiyyətini yerinə yetirə bldim. “Üşüyən duygular”na Sən həssaslıqla sığal çəkib yollayıram. İşığa çıxan bu kimsəsiz duyğuların yeni yurduna nur aparsın, Elman Tovuz!!! 

Özündən sonra əmanət qalan bircə Sözünüydü, onu da cəmləyib göndərirəm- Ü Z Ü  S Ə N S İ Z L İ Y Ə ...

 

Bir ömür ehtiramımla, tər-təzə dərdlərinin köhnə dostu – Çiçək Mahmudqızı.

Gəncə--2024.

 

“Ədəbiyyat və incəaənət”

(09.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.