Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.
Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.
12.
MÜTALİƏ MƏDƏNİYYƏTİNİN ÜNSÜRLƏRİ
Mütaliə mədəniyyətinə kitab seçməklə başlanılır. Bu, mütaliə mədəniyyətinin 1-ci ünsürüdür. Mütaliə üçün kitab çoxdur, minlərlədir. Necə edəcən ki, səhv seçim etməyəsən? Biblioqrafiya göstəricisindən, tənqidi yazılardan, kitabxanalardan, kitabxanaçılardan, kitabqurdlarından (mütaliəni hobbiyə çevirən insanlardan – red.), nəşriyyat kataloqlarından, radio, TV və qəzet məlumatlarından istifadə etməklə düzgün seçim etmək mümkündür.
Düzgün kitab seçməklə bağlı tövsiyyələrimizi sizlərə əlbəttə ki təqdim edəcəyik. Hələliksə, mütaliə mədəniyyətinin digər ünüsürləri ilə tanışlığı davam etdiririk.
Kitabın müəllifini tanımaq, müqəddəməsi ilə tanışlıq mütaliə mədəniyyətinin 2-ci ünsürünü təşkil edir. Kitabın adı da bəzən məzmunu barədə çox şey deyir.
Məlum olmayan hər bir sözün mənasını öyrənmək üçün məlumat kitablarından, lüğətlərdən istifadə etmək, söz ehtiyatını, lüğət tərkibini zənginləşdirmək və nitq mədəniyyətini inkişaf etdirmək mütaliə mədəniyyətinin 3-cü ünsürüdür.
Mütaliə mədəniyyətində bədii əsəri dərk etmək meyar sayılır.
Mütaliə mədəniyyəti oxucunun bədii əsəri anlaması, onun tərbiyəvi cəhətlərini mənimsəməsi, ideyasını dərk etməsi deməkdir.
Bəs mütaliə mədəniyyətini uşaqlarda, yeniyetmə və gənclərdə kim və necə formalaşdırmalıdır? Necə formalaşdırmaq elə bizim ana mövzumuz olduğundan, kitab boyu bu barədə bilgilənəcəksiniz. Kim formalaşdırmalıdır sualına gəlincə isə, sualın ən yaxşı cavabını bu sahənin Azərbaycanda ən əsas tədqiqatçılarından olmuş professor A.A. Xələfov verib: “El arasında belə bir kəlam var: Uşaqlar bizim gələcəyimizdir. Sual olunur: bu gələcəyə erkən yaşda kim təhsil və tərbiyə verməlidir? Kim onu cəmiyyətə layiq bir insan kimi formalaşdırmalıdır? Əlbəttə, bu şərəfli vəzifə yaşlı nəslin – ata, ana, baba, nənə, müəllim, kitabxanaçıların, bütün ziyalıların öhtəsinə düşür. Əgər bu gün yaşlı nəsil mütaliə etməzsə, kitabın gücünə bütün biliklərin mənbəyi, mənəviyyatın daşıyıcısı olmasına inanmazsa, özü mütaliə etməzsə gənc nəslin tərbiyəsində şübhəsiz ki, yaxından iştirak edə bilməyəcəkdir. Beləliklə, mütaliədən uzaqlaşmağa can atan nəsil yetişməyə başlayacaq ki, bu da millətin faciəsidir.”
Növbəti:13.Mütaliə mədəniyyətinin inkişaf mərhələləri
“Ədəbiyyat və incəsənət”
(06.09.2024)