Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Əziz Nesin deyirdi ki: "Uşaqlara daha yaxşı bir dünya qoymaq yerinə, dünyaya daha yaxşı uşaqlar qoysanız, problem öz-özlüyündən həllini tapacaq əslində."
Bu gün sizləri "Bir uşaq gülərsə dünyamız gülər" devizi ilə fəaliyyət göstərən “Təbəssüm yarat” ictimai layihəsi ilə tanış etmək istəyirəm.
Müsahibimiz - layhənin rəhbəri İbrahim Əmirov həmsöhbət olduğumuz müddət ərzində bizə layihə haqqında ətraflı məlumat verdi.
- İbrahim bəy, “Təbəssüm yarat” layihəsi neçə ildir fəaliyyət göstərir, bizə bir qədər layihənin yaranma tarixi haqqında məlumat verə bilərsinizmi?
- "Təbəssüm yarat" könüllü qrupu ucqar kənd məktəblərinə yardım kampaniyası məqsədilə ilk dəfə 2017-ci ilin aprel ayında futbol azərkeşləri, əsasən də "Beşiktaş" futbol klubunun azərkeşləri tərəfindən yaradılıb.
Layihə üçün ilk dəfə maliyyənin yığılmasında da "Beşiktaş" azərkeşlərinin böyük rolu olub. Bu işdə digər azərkeş qrupları da hər zaman bizə dəstək olublar.
Layihə çərçivəsində İlk səfərimiz Daşkəsən rayonuna olub. Layihəmiz artıq 8-ci ildir ki, fəaliyyətdədir. Və bu 8 il ərzində biz 18 rayon, 39 kənddə olmuşuq, təqribən 11000-dən artıq uşaq seviindirmişik. Hazırda da bu yardım kampaniyası ilə uşaqları sevindirməyə davam edirik.
- Layihənin əsas məqsədi və fəaliyyət istiqamətləri nələrdir?
-Layihənin əsas məqsədi ucqar dağ kəndlərində yerləşən məktəblərdə təhsil alan uşaqların tədris həyatına dəstək olmaq, uşaqları sevindirmək, uşaqlarda təhsilə maraq yaratmaqdır.
İllərdir "Təbəssüm Yarat" komandası olaraq biz xeyirsevər insanlar tərəfindən gələn ianələr hesabına Azərbaycanın ən ucqar kəndlərinə gedirik, orada təhsil almağa çalışan şagirdlərin tədris həyatına dəstək məqsədilə məktəb ləvazimatları, ayaqqabı və geyimləri olmadığı üçün məktəbə gedə bilməyən uşaqlarımıza dəstək olmağa çalışırıq.
Əsasən ucqar yerlərdə, dağ kəndlərində bəzən uşaqların məktləbli çantası, ayaqqabıları olmur, buna görə də təhsildən kənarda qalırlar. Biz də bacardığımız qədər onlara məktəb ləvazimatları, çanta, ayaqqabı, qış geyimləri, oyun və idman alətləri və s. hədiyyə etməklə bu səbəbləri aradan qaldırmağa, uşaqlarda təhsilə həvəs yaratmağa çalışırıq.
Bu yolda bizimlə addımlayan, uşaqların üzündə təbəssüm yaratmağa can atan minlərlə dəstəkçimiz var. Biz, bu komandanın fərqli peşələrdən, fərqli bölgələrdən bir araya toplanan 30-dan çox könüllüsü ilə birgə təmənnasız olaraq uşaqların üzlərində sevinc yaradırıq. Gecə-gündüz çalışmaqda tək məqsədimiz bir balacanın üzündə təbəssüm yaratmaq, bir uşağın daha xəyallarını gerçəkləşdirməkdir. Bu yolda bizə dəstək olan hər kəsə təşəkkür edirik. Biz sizinlə daha minlərlə uşağın gözlərində xoşbəxtlik yaradacağımıza əminik.
Bu günə qədər layihə çərçivəsində kənd məktəblərinə yardım kampaniyası Azərbaycanın müxtəlif ucqar rayonlarında (Daşkəsən, Ağdam, Ağcabədi, Astara, Quba, Lerik, Şəki, Tovuz, Lənkəran, Masallı, Gədəbəy, Siyəzən, İsmayıllı ) həyata keçirilib.
Məktəblərdən əlavə yardım kampaniyamız uşaq evlərində də - Sahil qəsbəsi (bərpa sosioloji Mərkəz), Şəki Şəhəri (İnteqrasiya tipli Gimnaziya), Binə qəsəbəsi (Ümüd Yeri uşaq Sığınacaği), Ramana qəsəbəsi (Nur Uşaq evi) baş tutub.
Həmçinin Şəhid övladları üçün bayram şənliyi keçirilib.
Bunlardan başqa layihə tərəfindən fərdi ailələrə də ərzaq, geyim və başqa yardımlar edilir. Bu günə qədər 1000 dən artıq ailənin ərzaq, qışlıq və adi geyim, uşaqlarının məktəbli forması, məktəbli çanta və ləvazimatları və s. kimi ehtiyacı təmin edilib, dərman xərcləri qarşılanıb. 3 uşağın əməliyyat xərcləri layihəmiz tərəfindən qarşılanıb.
30-a yaxın az təminatlı ailə var ki, layihə yarandığı gündən biz hər il onların uşaqlarını məktəbə gedə bilmələri üçün məktəbli ləvazimatları və geyimlə təmin edirik.
2020- ci ildə Dünyanı bürüyən Covid19 virusu ölkəmızdən də yan keçmədi. Bu dönəmdə biz də Təbəssü myarat komandasi olaraq Bakı ətraflı Kəndlərdə 1000-dən artıq ailəyə ərzaq yardımı etdik.
"44 günlük" vətən müharibəsi dövründə cəbhə bölgəsinə də səfərlərim olub.. Yardımsevər insanlardan yığdığımız vəsait hesabına əsgərlərimizə dəstək olmağa çalışmışam. Bu təşəbbüsə görə "Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi" tərəfindən fəxri fərmana layiq də görülmüşəm.
- Səfərlər zamanı sizi ən çox təsirləndirən və ya ən çox sevindirən məqamlar nələr olub?
- Biz səfərə kimi çox yorğun oluruq, bəzən gecə saat ikidə-üçdə səfərə çıxırıq və bir də 15-16 saatdan sonra qayıdırıq. Çalışırıq bu səfərimizi bir günə başa çatdıraq. Çünki hamımızın əlavə işlərimiz var. Amma uşaqların o sevincini görəndə həqiqətən də bütün yorğunluğumuz çıxır. Uşaqlarla kerçirdiyimiz həmin bir saat, saat yarımlıq müddət ərzində çox sevinirik. Təsirləndirən məqamlar əslində çox olur. Biz getdiyimz yerlər çox ucqar yerlər olduğu üçün orda adi bir dəftərə sevinən uşaqlar var. Uşaqlar adətən məsəlçün şirniyyata, oyuncağa sevinərlər, amma orda dəftərə, qələmə sevinən uşaqlar olur. Və bu bizi həqiqətən çox təsirləndirir. Adətən getdiyimiz yerlərdə mağaza olmur. Mağaza bəzən 10, 15, 20 bəzən 30 km məsafəsinə olur həmin kəndlərin. Belə yerlərdə bəzən öz komandamızın üzvlərinə deyirəm ki, biz bəzən adicə bir su alanda belə seçim qarşısında qalırıq ki, hansı daha gözəldisə onu alaq, amma burda bir uşağa bir manat çıxarıb versək o, uşaq həmin bir manatı xərcləməyə yer tapa bilməyəcək. Buna görə də apardığımız ən xırda, ən kiçik hədiyyələr belə onlar üçün xüsusi əhəmiyyət daşıyır, böyük sevinclərinə səbəb olur.
- Uşaqlarla sıx ünsiyyətdə olan biri kimi necə düşünürsüz, sizcə günümüzdə uşaqların ən çox nəyə ehtiyacı var?
- Məncə günümüzün uşaqlarının ən çox təhsilə ehtiyacı var. İnsan həyatında təhsil çox vacibdir və biz də təhsilin vacibliyinin mahiyyətini düşünüb bu işləri görməyə çalışırıq. Mən özüm də sadəcə 5-ci sinifə qədər təhsil ala bilmişəm, imkansızlıq səbəbindən təhsilimi başa çatdıra bilməmişəm.
Və bir növ bu işlərdə məqsədimiz də odur ki, uşaqlarımız imkansızlıq səbəbindən təhsillərini yarıda qoymaq məcburiyyətində qalmasınlar.
- Layihəyə dəstək olmaq istəyənlər nə etməlidir, biz layihəyə necə dəstək ola bilərik?
-Layihəmizə dəstək olmaq istəyənlər sosial media hesablarımızdan bizimlə əlaqə saxlaya bilərlər:
( Wa.me/0554668008
www.tebessumyarat.org
instagram.com/tebessumyarat
Facebook.com/TəbəssümYarat )
Biz sadəcə maddi ianələr yığmırıq, istəsələr uşaqlara geyim də ala bilərlər, məktəbli çantası da, dəftər, qələm də ala bilərlər. Yəni nə istəsələr alıb verə bilərlər, biz də bu hədiyyələrin həmin uşaqlara çatırılmasında bir növ vasitəçi rolunu oynayarıq.
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)