Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə " Sevdiyin şeiri gəl mənə söylə rubrikasının qonağı:
Yüklənmiş beyin-
Beyindən didərgin ağıl.
Gerçək həyat,
Gerisi nağıl- söyləyən Aysel xanım Nəsirzadədir.
-Xoş gördük, Aysel xanım. Ədəbiyyatın- poeziyanın Sizin ruhunuza təsirini şeirlərinizdən duyuruq. Poeziya odunda qızınan qəlbiniz qələminizə də öz təsirini göstərir. Aysel Nəsirzadəyə söyləsək ki, elə bu anın ruhu üçün: “Sevdiyin şeiri gəl mənə söylə”, o bizə hansı şeiri söyləyər?
-Dəvətə görə çox təşəkkür edirəm, əziz Ülviyyə xanım. Bir xanım olaraq bu rubirkaya məni dəvət etməklə əslində bir qadın yazarın digər qadın yazara dəstəyini nümayiş etdirmiş olursunuz. Çox təşəkkür edirəm sizə. Mən də istəyərdim fürsətdən istifadə edib söyləyəcəyim şeirlə həmişə xanım yazarlara dəstək olan, dünyasını dəyişmiş dəyərli şairəmiz Fərqanə xanımı Mehdiyevanı xatırlayaq, ruhu şad olsun.
QIZLARI QOYMAYIN ŞEİR YAZMAĞA
Sevin, sevginizi kəsir qoymayın,
Ürəyi nanə tək əsir, qoymayın,
Ömrünü misradan asır, qoymayın,
Qızları qoymayın şeir yazmağa.
Yazırsa.. Tanrıdan söz alıb, nədi,
Soyuq bir baxışdan sozalıb, nədi,
Sevdi qismətləri azalıb nədi,
Qızları qoymayın şeir yazmağa.
Qoymayın yüyürsün həsrətə tərəf,
Arazdan baş alıb qarışır Kürə,
Bir misra yazırsa ölür min kərə,
Qızları qoymayın şeir yazmağa.
Qızlar bu dünyanın gülü olublar,
Qızlar bir ocağın külü olublar,
Divanə olublar, dəli olublar,
Qızları qoymayın şeir yazmağa.
Bacarın dərdini, odunu alın,
Yaralı soyunu adını alın,
Dağılmış yerini, yurdunu alın,
Qızları qoymayın şeir yazmağa.
Taleyin qışından qoyun büstünü,
Başının daşından qoyun büstünü,
Üşüsə şeirlə örtün üstünü,
Qızları qoymayın şeir yazmağa.
Xəyalı göylərdə yerini yazır,
Qovrula-qovrula sirrini yazır,
Hələ beş dərdindən birini yazır,
Qızları qoymayın şeir yazmağa.
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)