Müasir bəstəkarların yaradıcılığında Beyləqan mövzusu - ARAŞDIRMA Featured

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan təmsilçisi

 

Əgər musiqi və ədəbiyyat xəzinəmizə bir nəzər salsaq, orada da Beyləqan mövzusunu görmüş olacağıq. Beyləqana aid yazılan şeirlərin, mahnıların təkcə beyləqanlıların özünə məxsus deyil, həm də ədəbiyyatımızın parlaq nümayəndələri olan Mirvarid Dilbazi (1912–2001), Nəbi Xəzri (1924–2007), Hüseyn Arif (1924–1992), Yusif Nəğməkar və başqaları kimi görkəmli ədiblərimizə də aid olduğunu görəcəyik. Əməksevər beyəqanlılar bütün sahələrdə olduğu kimi, əmək sahəsində də daim irəlidə olmuş, uğur, nailiyyətlər əldə etmişlər. Əməyinə görə fərqlənən insanlar hər zaman qiymətləndirilmişdir. Eyni zamanda onların şəninə şeirlər yazılmış, mahnılar bəstələnmiş, filmlər çəkilmişdir. Araşdırmalarımız zamanı bir neçə mahnı nümunəsinə rast gəldik. Onlardan bir nümunəni diqqətinizə çatdırırıq. İslam Səfərlinin (1923–1974) “Sərdar” şeiri bu qəbildəndir. Qeyd edək ki, həmin şeirə mahnı da bəstələnmişdir. 

 

  Gün gülür göy üzündə,

  Büsat var Mil düzündə,

  “Ağ qızıl” dənizində 

  Mavi bir yelkən axır.

  Nəqərat:

  Halal zəhmətinə məhəbbətin var,

  Sən ey Mil düzünün Sərdarı Sərdar!

 

Araşdırmalarımız zamanı şəninə mahnı yazılmış şəxsin Sosialist Əməyi Qəhrəmanı, məşhur pambıqçı, elə “Ağ qızıl”ın vətənindən olan Sərdar İmrəliyev olması məlum olmuşdur. Bu haqda ətaflı məlumatı qəhrəmanın qız övladından öyrəndik. Qeyd edək ki, Sərdar İmrəliyevə aid bioqrafik, qısametrajlı sənədli film də çəkilmişdir. Mahnı haqqında isə daha ətraflı məlumat vermək mümkündür. Musiqisi Nəriman Məmədova (1927–2015), sözləri İslam Səfərliyə aid olan bu mahnını Əhsən Dadaşovun (1924–1976) rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı müşayiət etmişdir. Mahnını müğənni, Azərbaycan Respublikasının Xalq artisti Elmira Rəhimova ifa etmişdir. Ailə üzvlərinin verdiyi məlumata əsasən deyə bilərik ki, mahnı Təranə Vəlizadənin də repertuarında yer almışdır. Musiqi nümunəsi şən, şaqrağ, xoş ab-hava yaradaraq dinləyicini ruhlandırır. 4 dəqiqə 50 saniyə təşkil edən mahnıda muğam parçası da ifa olunmuşdur. 

Daha bir musiqi nümunəsi isə “Beyləqanım yaşadı” və ya “Beyləqanım” adlanan mahnıdır. Sözləri əslən Beyləqandan olan Yusif Nəğməkara, musiqisi isə Bəxtiyar Kərimova məxsus olan bu mahnının tarixcəsi haqqında məlumat almaq üçün mətnin müəllifi ilə əlaqə saxladıq. Yusif müəllim mahnının 1985–1989-cu illərdə yazıldığını xüsusilə vurğuladı. Bildiyimiz kimi adı əvvəlcə Jdanov kimi bilinən şəhərin adını dəyişdirələrək əzəli adı ilə Beyləqan adlandırılması həmin illərə təsadüf etmişdir. Bu mövzuda yazılan ilk mahnıdır. “Beyləqanım” mahnısını müğənni, Azərbaycanın əməktar artisti Yaqut Abdullayeva ifa etmişdir. Dövlət simfonik orkestrinin müşayiətilə səsyazma studiyasında yazılan mahnı Azərbaycan radiosunun daimi fondunda saxlanılır. Mahnının notlarını əldə edə bilməsək də səs yazısını dinləyərək özümüz notlaşdırdıq.                                               

Tədqiqatlar zamanı başqa bir mahnı nümunəsinə də rast gəldik. Bu mahnı da “Beyləqan” adlanır. Diyarımız haqqında yazılan mahnının sözləri beyləqanlı Arif Mədətova, musiqisi isə bəstəkar Tahir Əkbərə (1946–2018) məxsusdur. Mahnını xanəndə Cabir Abdullayev ifa etmişdir. Mahnı ilə bağlı ətraflı bilgiləri əldə etmək üçün bəstəkarın ailə üzvləri ilə əlaqə saxladıq. Həyat yoldaşı Aybəniz xanım bəstəkarın bütün əlyazmalarının dövlət fonduna keçirdiyini bildirdiyi üçün istər musiqi nümunəsini, istərsə də notlarını əldə edə bilmədik. Musiqi nümunəsinin müğənnidə olması ehtimalını nəzərə alaraq Cabir Abdullayevə də müraciət etdik, ancaq musiqi nümunəsinin lent yazısının və ya notlarının xanəndədə olmadığını, mahnının az oxunduğunu öyrəndik. Aybəniz xanımın dediyinə əsasən mahnıya Beyləqanda klip də çəkilib. Qeyd edək ki, ekran işində Beyləqanın həm təbiətindən, həm də Beyləqan tərəkəmələrinin həyatından bəhs edilir. Təəssüflər olsun ki, lent yazısını əldə edə bilmədiyimiz üçün not nümunəsini təqdim edə bilmirik.

Beləliklə, bu araşdırmalarımız nəticəsində tarixi şəhərin adının mahnılarda yaşadığının şahidi olduq. Düşünürük ki, belə musiqi nümunələri yalnız adlarını qeyd etdiyimiz mahnılarla kifayətlənməyib, gələcək bəstəkarların yaradıcılığında təkrar yer alacaq mövzulardan olacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.