“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Anar Seyidağanın şeirləri təqdim edilir.
Qorxu
Tənhalıq yanında
kiminsə olmaması deyil,
Tənhalıq yanında heç kimi
hiss edə bilməməyindi.
Ümidsiz sevməkdi əzab verən.
Səhra yağışıdı gülüşlərin.
Qeyri-səlis məntiqdi qovuşmağımız.
5-10 adamın içini
yandırmaq fəlsəfəsidi şeirlər.
Unutmaq deyilən bir şey varsa xəstəlikdi.
Nağıllardı ağlımızda
doğruluğun kimsəyə
lazım olmayan izləri.
Və
Cəhənnəm qorxusudu
Cənnəti doya-doya yaşamamaq.
Adam
Bir salam söylə də açılsın dilim
Yoluna yalandan çıxdığım adam.
Səni necə xoşbəxt edəm, nə bilim,
Yüz kərə qaldırıb yıxdığım adam.
Körpə sevgimizi tutub bələdim,
Əlimdən nə gəldi onu elədim.
Sən buz parçasısan demə, belədi,
Qarşına keçincə axdığım adam.
Çox qırdın, çox yordun istəmədən sən,
Başladıq yenidən, bitdi yenidən.
Elə bilmə sənsiz sıxılmıram mən
Uzaq durmağımla sıxdığım adam.
Yol deyil, bilirəm, mənim seçdiyim,
Canından keçərsən candan keçdiyim. -
Dirisini boğmaq fikirləşdiyim
Ölməsindən amma qorxduğum adam.
Cəza
Bu qədər məlum içindən
Nədən sən məchulu seçdim?
Həsrətin yüz cür həlli var,
Ən çətin üsulu seçdim.
Deməzdim, deməzdim amma
Tənə etməsəydi çoxu.
Xaraba qoyduğun qəlbin
Bəyquşu özünsən axı.
Səni itirmək yoxdursa,
Qorxu nəyimə gərəkdir?
Yatıb səni görmərəmsə,
Yuxu nəyimə gərəkdir?
Yanımda ol, səni sevmək
Qoy yazılmasın qəzama.
Tanrım, mən razı deyiləm
Ömürlük sevmək cəzama.
Məndən nə yazıb Allah?
Gözlərimə bax bəzən -
güzgünü neyləyirsən?
Qoy ölüm həsrətindən -
özgəni neyləyirsən?
Misra-misra oxunma,
qoşum, dastan eyləyim.
Məhəbbətə himn yazım
səni bəstəm eyləyim.
Əllərim fırça olsun
sinən rəsm varağım.
Yanağından oxunsun
mənim möhür dodağım.
Saçını uçuran yel
dəli nəfəsim olsun.
Qollarının arası -
olsun, qəfəsim olsun.
...Hey səni arzuladım,
Yalvardım - susub Allah.
Görən alın yazında
məndən nə yazıb Allah?
Xoşbəxt ol
Mənə bir toy havası çal
Qaval daşı ilə -
Tarixin yaddaşına oynayım.
Dindirin xarı bülbülü -
Vətən yazdım son kərə -
Şahiddi.
O gəlinin xınası havalıdı -
sevgilisi şəhiddi...
Bitməz bu müharibə
Son şəhid
qızına
Divardakı şəklindən -
Xoşbəxt ol!
deyənədək.
Qladiator
Zəfərinə tamaşatək
Baxılan qladiator kimiyəm.
Bu sevgilərdən ayrılantək
Düşüncələrimin əsiri
olduğumu anlayıram.
İndi mənə əl çalanlar
Züy də tutar, bilirəm.
Ölmək üçün bir az tezdi -
yavaş-yavaş ölürəm.
İlahi, ilahi!
Eşidirsən məni?
Baxırsan,
Eyni adamlardı,
Eyni dualar,
Eyni arzularla
Yoruruq səni?
İlahi!
Bir şey istədiyim yox,
Sadəcə səni görmək istədim.
İstəyirəm
Sənə oruc olmaq nədi,
doya bilmək istəyirəm.
Alnımı alnına qoyub
namaz qılmaq istəyirəm.
Gəl deyirəm, gəlirsən ki,
Nə düşündün deyirsən ki.
Yasaq meyvəm deyilsən ki,
bir diş almaq istəyirəm.
Sevgi hanı, inam hanı,
De, inanım - Atam canı.
Qırım töküm papatyanı? -
əmin olmaq istəyirəm.
Səninləmi qoşa düşdüm?
Başdan etmə - başa düşdüm.
Düşünürsən işə düşdüm -
İşə salmaq istəyirəm.
Çıxır
Niyə əyilməyən ruhum
qabağına dustaq çıxır.
Səndən sonra ürəyimə
kim gəlirsə qonaq çıxır.
Gedəməm, nə qədər vursan,
Nə olar, yanımda dursan.
Allah haqqı! İnanmırsan?
Sənsiz hər şey yamaq çıxır.
Ölümmü mərd olum sənə?
İtimmi dərd olum sənə?
Deyirəm sərt olum sənə -
İçimdən bir uşaq çıxır.
Sevmə, oxuma nəzmimi,
Qıra bilməzsən əzmimi.
Özün çək sevgi rəsmini
Mən çəkirəm çılpaq çıxır.
İçində
Başqa aləmdəyik - nə kürə, nə yer,
Odla oynayırıq təndir içində.
Hərə bir tənliyin məchulundadır -
Necə tam çıxasan kəsir içində?!
Hansı yana gedək, vardı bir tuzaq,
Hər iki tərəfdə it hürür ancaq.
Div bilir, kim yatar, kim qalar oyaq,
Kimə su aparsın xəlbir içində.
Bu dar ağacıdı, baxma ucuna,
Sən yellən, küləklər dönsün saçına.
Ürək nə düşünür kimin vecinə
Boğaz xoşbəxtdirsə kəndir içində.
Günahdı, yasaqdı əyləncə, tar, saz,
Nə gözəllik gördük dedilər olmaz!..
Sən də qəbirqazan, bir az enli qaz,
Adam sıxılmasın qəbir içində.
Nədi?
Məni öldürməyə bir cümlə bəsdi,
Bu atəş, bu vulkan, top-tüfəng nədi?
Gözündən süzülən tək damla bəsdi -
Üzümə dəyişən yeddi rəng nədi?
Bilməyib qırmaq var, bilib qırmaq var,
Sevməyib xoş tutmaq, sevib yormaq var.
Öpüb oxşamaq var, gəlib görmək var,
Qısa mesaj nədi, soyuq zəng nədi?
Mən meydən qaçıram, içir ruhumu,
Dünya dərd yeridi, qaçır ruhumu.
Çox uzaq tutursan, uçur ruhumu -
İpin doladığın çərpələng nədi?
Nə misallar gördüm, mənə nə tərci?
Yorma özünü də, gəl tutaq mərci.
Ay zalım, sevirəm, nə il, nə bürcü -
Ha əkizlər nədi, ha xərçəng nədi?
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)