Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət"
1948-dən 1991-ci ilə kimi Azərbaycanlı idik , sonra adımızı erməni qoydular. Axı yurdumuzu əlimizdən aldılar. Xalq yurdunun dağına, çayına, torpağına, daş-qayasına həsrət qaldı. Mənim də ata-babam bu xalqın nümayəndəsiydi . Biz 1988-ci ildə yurdumuzla məcbur sağollaşdıq. Babam dərs dediyi məktəbi geridə qoydu, nənəm qurduğu yuvasını, atam da göz açdığı evini . Ev qurmaq çətin olur, evi qoyub getmək əzab olur, hələ bu məcbur olursa..
Mən ata yurdumu görməmişəm. Amma nənəm-atam təsəvvürümdə doğma yurdu gəzdirib. Hətta bəzən xəritədə də evimizə baxıram. Bu yandan sevinirəm ki, evimiz dağılmayıb. Bir yandan bağımızın quruduğunu görürəm ...
Elə bu yerdə atamın danışdığı uşaqlıq xatirələrini yada salıram:
“Eh bala, eh, bir məhsuldar torpağımız var idi ki, gəl görəsən. Nə meyvə desən bağımızda var idi. Bir ətirli armud ağacımız var idi, o ətri bilmərsən. Amma yemək də çətin məsələ idi, baban yeməyə qoymurdu . Biz də yağış-külək yolu gözləyirdik, lap dua da edirdik ki, Ya Allah, yağış-tufan qopar, o dadlı meyvələrdən yeyək. Allah da duamızı eşidirdi. Bir dəfə yaman külək əsdi meyvələri budağından qopardı. Sevincimizdən o tufanda qaçıb yerdəki armudları yedik. Baban da dedi ki, o sizin ruzunuzdu, adam da buna sevinər? "
Biz yurdumuzun həsrətindən Bakıya gələndə “ermənisiz" damğasına tuş gəldik. Tarix bilmək bu yerdə dada çatır. Əvvəl Qərbi Azərbaycanlıyıq deməyə çəkinirdik, heç dostumuz da olmurdu buna görə. Korona virus dövründə sanki insanlar dəyişdi. Geniş pəncərədən görməyə başladılar. Elə bilirsiz hərkəs tarixi bilir? Yox, elə deyil heç. Onlar tarixi bilmirsə, bizim günahımız nədir ki?
O yurdun tarixini bilən ancaq hörmət və xoş niyyətlə rəftar edir. Bəzi cahillər də “ay daa erməni imişsən ki sən" deyir. Mən artıq baxıb keçirəm. Onlara tarix öyrətmək, daşa ağıl vermək kimidir.
Biz türk əsilli Azərbaycanlılarıq. Bizim torpağımız düşmən əlindədir deyə bizi ayırmaq nə qədər düzdü? Bəziləri də “ Parçala, hökmranlıq et" fikrindədir deyəsən. Bizi Azərbaycandan ayırıb nə əldə edirlər görəsən. Hələ yurd insanlarının uğurlarına paxıllıq edənlər də var . Yurdumuzun tanınmış sənətkarları həkimləri, yazarları, müəllimləri, professorları, vəkilləri və daha nələri, nələri var.
Onlar yurdun savadlılarıdır. Öz əziyyəti ilə savadı ilə mövqe qazanmışlarıdır.
Bir də “ Yeraz" sözü arada dolanır. Ay millət, Yeraz yox, Qərbi Azərbaycanlı. Kimsə bizə ad qoyub deyə biz qəbul etməliyik ki?
Bir mənada da, “yerini azmış" deyirlər, bəyəm tək işğalda bizim yurdumuzdur? Kim özünü belə adlandırmaq istəyər ki? Biz bir gün o torpağa İNŞALLAH ki dönəcəyik. Onda da, deyərlər yerin azmışlar yerin tapdı.
Bir versiyada da, bizlərə
“Yerli Azərbaycanlı" deyirlər. Bu, paxıllara lap od qoyur. Amma belə də demək olmaz. Onda belə çıxır, qalan xalq yerli deyil. Bu da gülməli çıxır. Bəlkə bizə “gəlmələr" deyəndə biz yerliyik, siz yersiz deyək? Əşi yox, biz onlar kimi cahil deyilik. Biz kiməsə ad qoyan deyilik.
Bir versiya da “Yerəvan Azərbaycanlısı" var. Birincisi onu deyim ki, Yerəvan yox İrəvan. Bax Azərbaycan tarixində keçdiyiniz xanlıqlar dövründə “ İrəvan xanlığı" var ha , onu deyirəm.
Bu vaxtı belə nəticəyə gələk, Əziz Qərbi Azərbaycanlılar, sizdən o populyar sual soruşulanda ki, “bəs sən haralısan", ürəkdolusu de ki, Vedibasarlıyam, Göyçəliyəm, Ağbabalıyam, Şörəyelliyəm, Abaranlıyam, Dərələyəzliyəm , Dərəçiçəkliyəm, Zəngəzurluyam, Gərnibasarlıyam, Qırxbulaqlıyam, Zəngibasarlıyam.
Ay camaat, mən Qərbi Azərbaycanlıyam!
“Ədəbiyyat və incəsənət”
(04.09.2024)