“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə İlham Qəhrəmanın şeirləri təqdim edilir.
Yazı masam
Yazı masam təndir misalı,
həmişə odda saxladım.
Nə şit gördü, nə təlx gördü,
bir şirin dadda saxladım.
Təndirə çırpı yığan uşaq kimi,
6 il qapı-qapı gəzdim, -
Qələmə şəlləyib gətirdim,
üstündə "Laçın folkloru" yazdım.
14 ilə o tay-bu tay Vətəndə
topladım Sarı Aşığı,
İndi adı ölkəylə birdi, -
aləmi tutub işığı!
Masada dizimi yerə verdim,
qoymadım it-bat ola Aşıq Alı.
Sözləri səmtinə qoydum,
üzə çıxdı təcnisin gül camalı.
Bir gözümdə gülüş, o birində yaş,
Laçının "Lətifə"sini yazdım,
Şad günündə sevinə-sevinə
"Söz xəritəsi"ni cızdım.
Yazı masamda nə yazdımsa,
məndən irəli düşdü ürək.
Ayrı masamız olmadı -
mən üstünə söz daşıdım,
qadınım çay-çörək.
Yazı masamda yazıldı
essem, şeirim, bayatım...
Yazı masamdan başladı
yoxluğa bağlı məhkumluq həyatım.
*
Hər günümə şərik çıxdı,
Ömrü sözlə tən elədim.
Necə ki nar dənələnər,
Qələmdən söz dənələdim.
Yolların ağına çıxdım,
Qəmin ocağına çıxdm,
Sözün qabağına çıxdım,
Qapımı da gen elədim.
Payız gəlir yaydan sonra,
Uçurumdu qıydan sonra...
Xeyli götür-qoydan sonra
Sözü məndə mən elədim.
Mənim dərdim ayrı dərddir
Daşdan uzaq, gülə yaxın,
Mənim dərdim ayrı dərddir.
Dişdən uzaq, dilə yaxın,
Mənim dərdim ayrı dərddir.
Yara yol gedən ərinməz,
Hər ağac gülə bürünməz.
Çıraq tutalar, görünməz,
Mənim dərdim ayrı dərddir.
Tikan olmadım, kəsələr,
Acı demədim, küsələr.
Deyil eşq dərdi, - desələr,
Mənim dərdim ayrı dərddir.
Məna xovdu, söz ilmədi,
Çox sirr qaldı çözülmədi...
Yıxılmadım, əzilmədim,
Mənim dərdim ayrı dərddir.
İlham, telə gül taxdı yar,
Gül məmnundu, yar bəxtiyar.
Ariflər gözdən oxuyar,
Mənim dərdim ayrı dərddir.
Eşq sənə çəkdirər, aşıq
Aşıq Nəbiyə
Vurulsan bir salatına,
Eşq sənə çəkdirər, aşıq!
Tablamarsan təlatümə,
Eşq sənə çəkdirər, aşıq!
Başını sadağa qoyar,
Dilini qadağa qoyar.
Yanağı isdağa qoyar,
Eşq sənə çəkdirər, aşıq!
Baxmaz adın urvatına,
Qəm toxuyar bayatına.
Üzüm ayağın altına -
Eşq sənə çəkdirər, aşıq.
Dərd dərdi yedək eyləyər,
Od vurar, ətək eyləyər.
Dilini gödək eyləyər,
Eşq sənə çəkdirər, aşıq!
Evdi - girəcək görünməz,
Yoldu - duracaq görünməz,
Belə görəcək görünməz,
Eşq sənə çəkdirər, aşıq!
Aşıq belə zalım olmaz
Aşıq Afil Bəxtiyara
Allah sənə insaf versin,
Aşıq belə zalım olmaz!
Barmaq simə hesab versin,
Aşıq belə zalım olmaz!
Ta görməzlər təzə bizi,
Sən də belə bəzə bizi.
Almadınmı gözə bizi?!
Aşıq belə zalım olmaz!
Körpü atmışam keçə yol,
Gedər, bölünər üçə yol...
Ölüb dirildim neçə yol,
Aşıq belə zalım olmaz!
Yar dolanan o dağ olam,
Yelləndiyi budaq olam.
Ha istədim toxdaq olam...
Aşıq belə zalım olmaz!
Ölü haqqı, diri haqqı,
Od-ocağın qoru haqqı,
Dədəmizin goru haqqı,
Aşıq belə zalım olmaz!
Hal-əhval
Ürəyimdən keçən adam,
Ürəyimi necə gördün?!
Yəqin qədim evlər kimi
Dərd-qəmi iç-içə gördün?!
Dağların qarı tükənər,
Heç tükənməz məlal məndən,
Yaxam qalıb öz əlimdə,
Sən bu məni gəl, al məndən.
Ürəyimdən keçən adam,
Başına yol qəhətdirmi?!
Utanıram soruşmağa -
Barı, yolun rahatdırmı?!
Hələ gedir tağa dərdim
Yar üzdən telin qatlasa,
Deyərdin, Göy ayazıdı.
Məni qoyub gedən gündən
Rəngi-rufum avazıdı.
Günümüz onda gün idi,
Həm işıqlı, həm şen idi,
Aramızda yol gen idi,
İndi durna boğazıdı.
Bu bəy dərdim, ağa dərdim,
Hələ gedir tağa dərdim,
Qalxıbdı qurşağa dərdim,
Vaxt varıdı, dayazıdı.
*
Yaz göyərən qamış kimi,
Bir şivərək oğlan idim.
Qələm bellə, kağız bağla
Söz bağında bağban idim.
Cütüm nəydi, təkim nəydi,
Bu bəxt gələn hökm nəydi?!.
Dərman nəydi, həkim nəydi,
Top kimiydim, sağlam idim.
Ya yerdə qaçan öləcəm,
Ya göydə uçan öləcəm...
O sirdi, haçan öləcəm, -
Yazağzı doğulan idim.
Nədi
Bir gözəl görmüşəm, əhli-hal bilər -
Sinəmin çəkdiyi bu ahı nədi?!
Onu görən gündən keçən günlərin
Bilmirəm axşamı, sabahı nədi.
Deyib-gülən idim, bir zaman şuxdum,
Qalamın bürcünə ağ bayraq taxdım...
Kəsdirə bilmədim nə qədər baxdım -
Cəlladdı, mələkdi, ya, Ya Hu, nədi?!
Bilək balıq qarnı, ayaqlar mildi,
Boyu yasəməndi, dodaqlar güldü...
Demir İlham birdən yıxılıb öldü, -
Deməz bu yazığın günahı nədi.
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)