Sənətkarlarımızı tanıyaq! - Sənətimizin Jazzizası Featured

ƏZİZƏ VAQİF QIZI MUSTAFAZADƏ KİMDİR?

 

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət" 

 

Əzizə Mustafayeva Azərbaycan Respublikasının Xalq artisti (2018), dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı. Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızıdır. Əzizə atasının yolu ilə gedir. Atası Vaqif Mustafazadə bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR əməkdar artistidir (1979). Əzizənin anası Eliza Mustafazadə isə gürcü mənşəli müğənnidir. Tam bir incəsənət ailəsi!

 

“Cazın şahzadəsi" kimi tanınan Əzizə Mustafazadənin hələ uşaq yaşlarından musiqi duyumu var idi. Əzizə uşaq ikən Şur  muğamı ilə Rastı ayırırmış. Atası Vaqif Şur muğam ifa edəndə o ağlayır, Rastda isə oynayırmış. Hətta Əzizə anası Elizanın danışdığı bir əhvalatı səsləndirir: 

Bir dəfəsində atam pianoda, insanda çox dərin və kədərli hisslər oyadan Şur muğamını ifa edirmiş. Atam çalarkən mən ağlamağa başlamışam. Hər kəs mənə nə olduğunu, niyə ağladığımı başa düşməyə çalışarkən, birdən anam musiqiylə mənim hisslərim arasındakı əlaqəni sezir. Atama deyir 'Vaqif, bir zəhmət Rasta keç. Rastı çal'. O da çalmağa başlayıb. Rast isə şən və ritmik melodiyalarla səciyyələnir. Əlbəttə ki, göz yaşım hələ də yanaqlarımdan süzülərkən mən rəqs elər kimi hərəkətlər etməyə başlamışam. Anam səslənir ki, 'Bax, bax gör o neyləyir!? Yenə Şuru çal!' Atam Şuru çalmağa başlayanda, bu dəfə daha da bərkdən ağlamışam. Ən azından, bu onların mənə söylədiyidir. Yenidən Rast çalınanda, mən də təzədən rəqs eləməyə başlamışam." 

Demək sənətkarlıq Əzizənin qanından- canından gəlirmiş.

Jazziza(Cazziza) isə atası Vaqif Mustafazadənin  qızına uşaqkən verdiyi ləqəbdir .

Əzizənin incəsənətin bir çox sahəsinə marağı var idi, xüsusilə rəssamlıq, rəqs və ifaçılığa.

Atası Vaqif öləndən sonra Eliza xanım kariyerasını yarıda qoyub, qızının istedadını inkişafına köklənir. Fədakar ananın əziyyəti bəhrəsini görür. 17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik almağında onun caz-muğam musiqisi çox böyük rol oynamışdır. Elə həmin bu vaxtlarda Əzizə anası ilə Almaniyaya köçmüşdür. Əzizənin uğuru bununla bitmədi . 

Əzizə ilk albomunu 1991-ci ildə Aziza Mustafa Zadeh adı ilə çıxarmışdır. İkinci albomu Always albomu ona yüksək Alman musiqi mükafatı sayılan Səs-Akademiyası Mükafatını və Soninin Exo Mükafatını qazandırıb. O bir çox ölkədə caz və ənənəvi üslublarda gözəl nümunələr ifa edib və bir çox albomlar çıxarıb. 2007-ci ildə Contrasts II albomunu çıxardıb. Uzun fasilədən sonra 1 iyul 2020-ci ildə Generations albomunu təqdim edib. 

27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.

Həqiqətən də, Əzizə xanım bu fəxri adı haqq edənlərdəndir. 

2022-ci ilin oktyabrında 14 ildən sonra Əzizə ilk dəfə Azərbaycanın paytaxtında çıxış etdi. Konsert Bakı Konqres Mərkəzində keçirildi və ona böyük alqışlar qazandırdı.

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.