Avqustun 30-da Bakıda Bəhreyndə fəaliyyət göstərən RAK İncəsənət Fondunun rəssamlarının əsərlərindən ibarət sərgi açılıb.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirak ediblər.
Sərginin açılışında çıxış edən RAK İncəsənət Fondunun təsisçisi, görkəmli bəhreynli rəssam və kolleksiyaçı Raşid Al Xalifa bəhreynli rəssamların tükənməz istedadlarını Azərbaycandakı sənətsevərlərlə bölüşmələrindən məmnunluğunu ifadə edib. O qeyd edib ki, RAK İncəsənət Fondu beynəlxalq tərəfdaşlığı və qarşılıqlı anlaşmanı təşviq edir.
Raşid Al Xalifa bildirib ki, əməkdaşlıqda məqsəd bəhreynli sənətkarların zəngin qobelenlərini Bakının canlı və rəngarəng incəsənət səhnəsinə təqdim etməkdir.
Sonra çıxış edən “Azərxalça” ASC-nin sədri Emin Məmmədov deyib ki, rəssam Raşid Al Xalifa və RAK İncəsənət Fondu ilə əməkdaşlıq incəsənətin, beynəlxalq dostluğun və mədəni anlaşmanın daha geniş təşəkkül tapdığını əks etdirir.
“Bəhreynin müasir incəsənət nümunələrinin ümumi mənzərəsinin Bakıda canlandırılmasından məmnunluq duyuram. İnanıram ki, bu, ölkələrimiz arasında tərəfdaşlıq imkanlarının daha da genişlənməsinə gətirib çıxaracaq”.
Qeyd edək ki, bundan əvvəl Heydər Əliyev Mərkəzində Raşid Al Xalifanın bir neçə sərgisi təşkil olunub.
“Ədəbiyyat və incəsənət”
(02.09.2024)