MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Elmira Axundova, “Sevmək haqqı” Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

NƏSR                                                            

 

 

ELMİRA AXUNDOVA,

Xalq yazıçısı

 

 

SEVMƏK HAQQI

 

(“Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabından parça)

İki gəncin tanışlıq tarixi mənə təfərrüatı ilə bəlli deyil. Ancaq düşünürəm ki, bu ya 1951-ci ilin sonunda, ya da 1952-ci ilin əvvəlində, hər ikisi 29 yaşında olan vaxt baş verib.[1] Yaşıdlarının çoxunun bu yaşda artıq məktəbə gedən övladları vardı. Niyə nə Zərifə, nə də Heydər həmin vaxta qədər özlərinə sonrakı həyatlarını birgə yaşayacaqları ömür-gün yoldaşı tapmamışdı?

Yəqin ki, o vaxta qədər ikisinin də sevgi tarixçəsi olmuşdu. Heydərin yeniyetməlik illərində Sona adlı bir qıza məhəbbəti məlumdur. Bu barədə müəllifin “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı çoxcildlik romanının birinci kitabında ətraflı söz açılıb. Zərifə ilə maraqlananlar da, təbii ki, az olmamışdı. Açıq danışaq: atası elmi və dövlət idarəçiliyi dairələrində nüfuzlu adam idi. Şəhərin tanınmış ailələrinin bir çoxu Əziz Əliyevin ailəsi ilə qohum olmaq istəyərdi. Zəhra xanım söhbətlərinin birində demişdi: “Zərifənin xeyli pərəstişkarı vardı. Onunla ailə qurmaq istəyənlər həddən çox idi”.

Amma, çox güman ki, gənc qızın gələcək həyat yoldaşına tələbləri çox yüksək imiş. Görünür, müəyyən vaxta qədər ürəyi də sevgi çağırışlarına cavab verməyibmiş. Bu səbəbdən də anasının və bacılarının Zərifənin həddən çox seçim etməsi və belə getsə, axırda evdə qalacağı ilə bağlı şikayət və narahatlıqlarına baxmayaraq, o bütün namizədləri qapıdan qaytarırdı. Zərifə xanım isə, bir daha təkrar edirəm ki, öz seçimində və qərarlarında tam sərbəst idi. Həm də gənc qızların hamısı kimi, o da bütün varlığı ilə sevəcəyi və taleyini əsla tərəddüd etmədən tapşıracağı yeganə insanı axtarırdı.

Həmin adam Heydər Əliyev oldu. Boyu az qala iki metrə çatan mavigözlü, yaraşıqlı gənc bir dəfə onların mənzilinin astanasında görünəndən sonra qısa müddətdə özünü bütün ailə üzvlərinə sevdirə bildi. Xüsusi xidmət orqanlarında çalışan cavan oğlan zahirən yaraşıqlı olması ilə yanaşı, yüksək intellekt, erudisiya, ətrafındakıları maqnit kimi özünə cəlb etmək kimi xüsusiyyətlərə malik idi. Gənclər bir-birinə doğru addım atdılar və təbii ki, Zərifənin əvvəlki inadkarlığı birdəfəlik yoxa çıxdı.

Əziz Əliyevin ailəsini yaxından tanıyan məlumatlı həmsöhbətlərimin ayrı-ayrı replikalarına əsasən güman etmək olar ki, qızının seçimi ilk vaxtlar atanı o qədər də sevindirməmişdi. Ona görə yox ki Heydər Əliyevə qarşı hər hansı bir narazılığı, yaxud iddiası vardı. Yox. Sadəcə, gəncin işlədiyi qurum həmin sərt illərdə o qədər də yaxşı reputasiyaya malik deyildi. Əziz müəllim özü də XDTK-dan və onun uydurma donoslarından az əziyyət çəkməmişdi.

Doğrusu, bilmirəm ata qızını fikrindən daşındırmağa çalışmışdımı, Heydərin təklifinə cavab verməmişdən əvvəl düşünməyi, yaxud hələ bir müddət gözləməyi məsləhət görmüşdümü... Yəqin ki, bu ziyalı ailədə yaxınlarına “təsir göstərmək” ənənəsi mövcud deyildi. Xüsusən də şəxsi münasibətlər, necə deyərlər, “ürək işləri” məsələsində...

Qızını ürəkdən sevən ata başa düşürdü ki, Zərifə bir qədər gecikmiş də olsa, tam düşünülmüş qərar qəbul edib və onu fikrindən daşındırmaq mümkün olmayacaq. Həm də, zənnimcə, qayınatanın gələcək kürəkəninə etimadının əsasında Heydər Əliyevin həmin dövrdə Zərifəyə və Əziz Əliyev ailəsinə münasibətdə çəkinmədən ən yaxşı keyfiyyətlərini ortaya qoyması dayanırdı. Yada salaq ki, 1950-ci illərin əvvəllərində Əziz müəllim Mircəfər Bağırovun həsəd və paxıllığı ucbatından gözdən salınmışdı. Çoxları, hətta sınanmış dostları da ondan üz çevirmişdilər. Heydər isə bu çətin, mürəkkəb vəziyyətə baxmayaraq, nə olursa olsun, Zərifə ilə talelərini birləşdirəcəklərinə bir saniyə də şübhə etmirdi.

Zahiri görünüşü ilə Hollivud aktyorlarını xatırladan Heydər, təbii ki, o vaxta qədərki həyatını rahib kimi yaşamamışdı. Amma ciddi münasibətlər qurmaq fikrini də uzun müddət yaxına buraxmamışdı. Əvvəl buna, sadəcə, imkan yox idi – müharibə, atasının ölümü, yeniyetmə yaşlarında çiyninə düşən böyük ailə yükü... Sonra da uzun müddət ruhunu ələ alıb ürəyinə hakim kəsiləcək bir kimsə ilə rastlaşmamışdı.

Müharibə başa çatandan sonra dostları bir-birinin ardınca ailə qurmağa başlayacaqdılar. 1948-ci ildə Heydərlə sevimli dayısı oğlu Rzaqulu İbrahim İsmayılova toy məclisi keçirməkdə kömək edəcək, sağdış-soldışı olacaqdılar. İbrahim dəfələrlə dostunun, nəhayət, subaylığın daşını atıb ailə qurması ilə bağlı söz açmışdı. Amma Heydər bu söhbəti hər dəfə zarafata çevirirdi. Bir dəfə isə ciddi şəkildə demişdi: “Hələ həyatda öz yerimi tapmayana, ali təhsil almayana, ailəmi normal təmin edəcəyimə arxayın olmayana, müstəqil yaşayacağıma inanmayana qədər evlənməyəcəyəm”. Yəqin ki, bütün bu səbəblər üzündən subaylığın daşını nisbətən gec – 31 yaşında atacaqdı. Həyatının sonunda isə qızı Sevilə etiraf etmişdi ki, əgər övladlarının anası ilə – Zərifə xanımla rastlaşmasaydı, yəqin ki, ömrünün sonuna qədər subay qalacaqdı...

 

***

 

... Heydər Əliyev gələcək həyat yoldaşı və onun ailəsi ilə tanışlığı barəsində dəfələrlə danışıb.

Heydərlə Zərifənin məhəbbət tarixçəsində Stalin epoxasının dramatik gerçəklikləri qəribə şəkildə çulğalaşmışdı. Bu elə bir dövr idi ki, yalnız xidməti karyera deyil, şəxsi həyat, insanın ən munis hiss və duyğuları da əllərində böyük güc toplamış hakimiyyət boslarının iradəsi ilə istənilən anda amansızcasına ayaqlar altına atıla, tapdana bilərdi. Tale sanki qəhrəmanımın dözüm və iradəsini yoxlamaq üçün ona bir-birinin ardınca sınaqlar göndərirdi. Heydər Zərifə ilə qarşılaşandan və onunla ailə qurmağa qərar verəndən sonra sevdiyi qızın yanında olmaq üçün yenidən tale ilə döyüşə girməli olmuşdu.

 

Akademik Cəmil Əliyevlə söhbətdən:

“– Bacınız Heydər Əliyevlə necə tanış olmuşdu?

– Qardaşım Tamerlan Əzizoviç Kislovodska, sanatoriyaya getmişdi. O zaman mehmanxana otaqlarında tək qalmaq mümkün deyildi. İş elə gətirmişdi ki, Heydər Əliyeviçi də qardaşımın yaşadığı nömrəyə göndərmişdilər. Beləliklə, onlar tanış olmuşdular. Tanışlıq qısa müddətdə dostluğa çevrilmişdi. Bakıya qayıdandan sonra isə Tamerlan Heydəri evimizə dəvət etmişdi. Onda hamımız bir yerdə Zevin küçəsində yaşayırdıq. Heydər bizə tez-tez gəlirdi. Belə gəlişlərin birində Zərifəni görmüşdü. Gənclər ilk baxışdan bir-birilərini bəyənmişdilər və tezliklə aralarında ciddi münasibətlər yaranmışdı.

– Valideynləriniz Heydər Əliyevi kürəkən kimi dərhal qəbul etdilər? Hər halda, o, xüsusi xidmət orqanlarında çalışırdı. Bu orqanlara münasibət isə ziyalılar arasında birmənalı deyildi.

– Yox, ona hər hansı bir qərəzli münasibət haqda söhbət gedə bilməz. Geniş erudisiyası, danışığı, rəftarı ilə ilk gündən atamın çox xoşuna gəldi. Hələ gənc yaşlarından Heydər Əliyeviçin güclü xarizması və qeyri-adi dərəcədə cazibədar, insanı özünə çəkən aurası vardı. Atam onu tərəddüdsüz sevdi. Sonralar atamın ölümünə qədər dostluq elədilər. Heydər Əliyeviç atama sonsuz hörmət hissi ilə yanaşır, xətrini çox əziz tutur, hətta deyərdim ki, ilahiləşdirirdi...”

 

***

 

Beləcə, Əziz Əliyevin ailəsi üçün çox da münasib olmayan bir vaxtda Heydərlə Zərifə arasında münasibətlər sürətlə inkişaf etməyə başladı. Vəziyyətin maraqlı xarakteri özünü bir də onda göstərirdi ki, gənc zabit gələcək qayınatası ilə bağlı kompromatları araşdıran idarədə çalışırdı.

Situasiyanın mürəkkəbliyi Zərifəni də narahat edirdi – qız fikirləşirdi ki, birdən özü də bilmədən sevdiyi insanın xidməti karyerasına mane ola bilər. Odur ki növbəti görüş zamanı Heydərə demişdi: “Bilirsən, biz daha görüşə bilmərik. Çünki atamı işdən çıxarıblar. Ona qarşı müxtəlif ittihamlar irəli sürürlər. Sən də dövlət təhlükəsizlik orqanlarında işləyirsən. Bundan işinə ziyan dəyə bilər. Görünür, bir yerdə olmaq taleyimizə yazılmayıb”.

Bu söhbətdən az sonra dövlət təhlükəsizlik naziri Yemelyanov Heydər Əliyevi yanına çağırmışdı. Aralarında xoşagəlməz söhbət olmuşdu. General faktiki şəkildə ona Əziz Əliyevin ailəsi ilə bütün əlaqələri kəsməyi əmr etmiş, əks-təqdirdə onu xüsusi xidmət orqanlarından uzaqlaşdırmalı olacağını bildirmişdi. Gənc zabitin Əziz Əliyevin partiya və xalq qarşısında hansı günah işlədiyi barəsində ehtiyatlı suallarına açıq cavab verilmişdi: “Sən hələ gəncsən. Çox məsələlərdən xəbərdar deyilsən. Yoldaş Mircəfər Bağırovun tapşırığı var, bizim də borcumuz icra etməkdir”.

Əslində, Yemelyanovun əmri ona heç bir seçim imkanı qoymurdu. Ya gələcək mənsəb, ya da sevdiyin qız! Bu, Heydər Əliyevin verməli olduğu ciddi mənəvi yetkinlik imtahanı idi. Həmin mürəkkəb dövrdə partiya və hökumətin gözündən düşən, siyasi təqibə məruz qalan adamdan uzaq gəzib-dolaşmağı ən yaxşı çıxış yolu sayan qohumlar, dostlar az idimi? Mənsəb hərisliyi, yaxud qorxaqlıq ucbatından kişilər illərlə bir yastığa baş qoyduqları arvadlarını atırdılar, “partiyanın iradəsi ilə” gənclər sevgililərindən üz çevirir, nişanlarını qaytarırdılar.

Xoşbəxtlikdən, Heydər Əliyev bir an da olsun tərəddüdə yol verməmişdi. Zərifə zəngin daxili dünyası, qeyri-adi nəcibliyi və ziyalılığı ilə onu elə əfsunlamışdı ki, həyatını bu qızdan kənarda təsəvvürə gətirə bilmirdi.

“Heydər Əliyev atamın gözdən salındığı dövrdə ailəmizlə ünsiyyətini kəsməyən azsaylı adamlardan idi, – deyə akademik Cəmil Əliyev xatırlayır. – O, bacıma bəslədiyi hisslərin səmimiliyini və yüksək əxlaqi keyfiyyətlərini atdığı addımlarla əyani sübut etdi. Nəzərə alın ki, bu zaman bütün gələcək karyerası, xüsusi xidmət orqanlarında işləməsi təhlükə altında idi. Düşünürəm ki, hər adam belə çətin sınaqdan şərəflə, üzüağ çıxmağı bacarmazdı. Heydər Əliyev isə hər şeyin fövqündə dayana bildi”.

 

Heydər Əliyev özü həyatının o qədər də asan olmayan həmin dövrünü belə xatırlayırdı:

“Bilirsiniz, hətta belə fikirlər vardı: mən DTK-da işlədiyimdən onun atasının ətrafında nə baş verdiyindən xəbər tutmuşdum, onu necə izlədiklərini bilirdim. Eşitmişdim ki, onları ailəlikcə Qazaxıstana sürgün etmək istəyirlər. Düşünürdüm ki, həqiqətən, belə olsa, mən də dallarınca ora gedəcəyəm. Yəqin ki, Qazaxıstanda özümə bir iş tapmaq buradakından daha asan olardı...”[2]

 

Cəlal Əliyevin xatirələrindən:

“Evdəki söhbətlərdən başa düşürdüm ki, əgər ona deyiblərsə, yaxud desələr ki, belə etmə, bu ailənin, bu adamın qızı ilə evlənmə – qardaşım heç vaxt qulaq asmayacaq. Ona görə də ailə daxilində heç bir müzakirə getmirdi. Anam, sadəcə, demişdi: “Necə lazım bilirsən, elə də hərəkət elə!”...”

 

Heydər Əliyevin dediklərindən:

“Qərarımı dəyişdirmədim, Zərifə ilə münasibətlərimi kəsmədim. İşimə də davam edirdim. O zamanlar Bakı küçələri belə parlaq işıqlandırılmırdı. Şəhərdə çoxlu xəlvət yerlər vardı. Şəhərdə mənimlə Zərifəni asanlıqla görməyin mümkün olmadığı bir neçə belə yer bələdlədim. Bizim evdən bir az aralıda, indiki Azadlıq prospektində park var idi. Sonralar orada Caparidzenin heykəlini qoydular. Qarşı tərəfdə tramvay dayanacağı vardı. Ətraf isə qaranlıq idi. Görüş yerlərimizdən biri həmin o tramvay dayanacağının yaxınlığında idi.

Ancaq bir məsələ var ki, mən kişiyəm. Heç kimdən qorxmuram. Özüm də zabitəm, üstümdə silah olur. Zərifə isə gənc, yaraşıqlı qızdır. Belə qızlar həmişə diqqəti çəkirlər. Odur ki onu düz dayanacaqda gözləyirdim. Zərifə vaqondan enirdi, onu qarşılayırdım, sonra isə parka gedirdik.

Yemelyanov məni yenidən yanına çağırıb:

– Sənə xəbərdarlıq etmişdim, – dedi.

– Bəli, xəbərdarlıq etmişdiniz, – deyə cavab verdim.

– Bəs onda tapşırığımı niyə yerinə yetirmədin?

Aramızda tək rütbə deyil, yaş fərqi də böyük idi. 1952-ci ildə hələ mənim 30 yaşım tamam olmamışdı. O isə artıq 50-ni geridə qoymuşdu. Amma özümü topladım və etirazımı bildirdim.

– İş işdir, şəxsi həyat isə şəxsi həyatdır, – dedim. – Öz işimi sevirəm. Bilirəm ki, siz də əməkdaş kimi məni qiymətləndirirsiniz. İşimdə elə bir qüsur yoxdur. Amma həyatımın ikinci, daha mühüm tərəfi mənim gələcək ailəmdir, şəxsi hisslərimdir, məhəbbətimdir. Mən o qızı sevirəm. O da məni sevir. Ondan necə ayrıla bilərəm? Nə deyərəm, özümə necə bəraət qazandıraram? Ayrılacağımızı demək mənə olduqca çətindir. Axı bir səbəb göstərməliyəm. Ya deməliyəm ki, onu daha sevmirəm, ya deməliyəm ki, hansısa qüsuru, eybi var və bu səbəbdən də ondan uzaqlaşıram. Axı deyə bilmərəm ki, dövlət təhlükəsizlik orqanlarında işimi itirməmək üçün ondan ayrılmaq istəyirəm.

Yemelyanov ağıllı adam idi. Məni dinləyib:

– Haqlısan, – dedi.

– Bəs indi nə edim?

– Özün qərar ver. Amma onu da bil ki, orqanlarda qalıb işləməyin böyük sual altındadır...”[3]

 

***

 

Həyat qəribə şeydir! Ortaya bəzən ən istedadlı detektiv müəlliflərinin də ağlına gəlməyən süjetlər çıxarır. Kim fikirləşə bilərdi ki, Yemelyanov çox tezliklə Mircəfər Bağırovla birlikdə müttəhimlər kürsüsündə oturacaq, təhlükəsizlik zabiti Heydər Əliyev isə prosesin mühafizəsinə rəhbərlik edəcək? Kimin ağlına gələrdi ki, keçmiş təhlükəsizlik naziri 25 illik həbs müddətini başa vurandan sonra Bakıya qayıdacaq və keçmiş əməkdaşından kömək istəyəcək? O da əsla tərəddüd etmədən düşərgə həyatının üzüb əldən saldığı zəlil qocaya yardım əli uzadacaq?! Yəqin ki, rəhmdilliklə bir sırada Heydər Əliyevin Yemelyanova münasibətdə özünəməxsus minnətdarlıq hissi də vardı. O zaman dövlət təhlükəsizlik nazirinin əlində hədəsini gerçəkləşdirmək və gənc zabiti orqanlardan xaric etmək də daxil olmaqla ən sərt şəkildə cəzalandırmaq su içmək kimi bir şey idi. Amma belə etməmişdi. Hətta, çox güman ki, əməkdaşının Əziz Əliyevin qızı ilə görüşməyə davam etməsi barəsində yuxarıya məlumat da verməmişdi.

Amma hər şeyə rəğmən Zərifə ilə Heydərin dramatik şəraitdə başlanan sevgi romanı xoşbəxt sonluqla nəticələnmişdi. Stalinin ölümündən sonra Yemelyanovla Bağırov gənc sevgililərlə məşğul olmaq hayında deyildilər. Onlar açıq şəkildə görüşmək və gələcək üçün planlar qurmaq imkanı qazanmışdılar.

Bu xoşbəxt sonluqla bağlı “ehtiyat sandığım”da iki məzəli epizod da var. Onların birini gülüşünü güclə boğan akademik Cəmil Əliyev danışıb:

“Zərifə Heydərlə gəzməyə, yaxud kinoya gedəndə həmişə məni də özü ilə aparırdı. O zamanlar həddən artıq kök idim. Heydər zarafatla bacıma deyirdi: “Görüşə gələndə nisbətən arıq bir uşaq gətirə bilməzsən? Bir-birimizi yaxşı görə də bilmirik. Çünki Cəmil öz bədəni ilə hər tərəfi tutur”.

Ailəmizdə hamı, necə deyərlər, ətli-canlı idi. Zərifə də bu mənada bizdən fərqlənmirdi. Sonralar, aradan illər keçdikcə arıqladı, adı kimi zərif, incə bir xanım oldu”.

 

Bu da Zəhra Quliyevanın xatirəsi:

“Birlikdə işləməyə başlayanda Zərifə xanım artıq Heydər Əliyevlə görüşürdü. Yadımdadır ki, boyu çox da uca olmayan Zərifə hündürdaban ayaqqabı geyir və çətinliklə yeriyirdi. Özünü belə əziyyətə salmağının yeganə səbəbi sevdiyi insanın xoşuna gəlmək idi. Deyirdi bu gün görüşüm var, istəyirəm yaxşı görünüm...”

 

1954-cü ilin noyabrında onlar evlənməyə qərar verdilər. Bir müddət öncə Dövlət Təhlükəsizlik Nazirliyindən Heydər Əliyevə verilmiş mənzildə sadə bir toy məclisi keçirdilər. Toyun tamadası təzəbəyin gənclik dostu İbrahim İsmayılov idi.

 

İbrahim müəllim həmin günləri belə xatırlayır:

“Cidd-cəhdlə toya hazırlaşırdıq. Çətin vaxtlar idi, pul tapılmırdı. Ona görə də bacardığımız qədər Heydərə kömək edirdik. Əsasən, ərzaq, yəni ət, toyuq və s. gətirirdik. Masanı anası İzzət xala hazırlayırdı. Qızları da kömək edirdilər.

Toy məclisi Heydərin mənzilində, 6 saylı məktəbin yaxınlığında, keçmiş İrəvan döngəsində (indiki Vaqif küçəsi – red.) keçirilirdi. Oradakı binaların birində ona ikiotaqlı mənzil vermişdilər. Otaqların biri böyük, digəri isə nisbətən kiçik idi. Təsəvvür edin ki, toy məclisinə də bura yığışmışdıq. Yeni evlənənlərlə qonaqlar VVAQ bürosundan birbaşa Heydərin mənzilinə gəlmişdilər. Əsasən, yaxın qohum və dostlardan ibarət dəvətlilər cəmisi on beş nəfər idi. Musiqiçilər dəstəsi çağırılmamışdı. Ümumiyyətlə, artıq heç nə yox idi.

Hamı masa arxasında oturandan sonra Əziz müəllim dedi:

– Gərək elə adamı tamada seçək ki, hər iki ailəyə eyni dərəcədə yaxın olsun. Aramızda yeganə belə şəxs İbrahimdir. Təklif edirəm onu seçək.

Hamı razılaşdı. Hər iki ailəyə yaxınlıq məsələsi isə belə idi ki, Əziz müəllim əmim oğlu Əsgər İsmayılovla çox yaxın idi. Eyni vaxtda Tibb İnstitutunda oxumuşdular, dostluq edirdilər. Əmim oğlu vasitəsilə mənim də bu ailəyə get-gəlim yaranmışdı. Heydərin toyu sadə keçdi. Əslində, ona toy demək də çətin idi. Sadəcə, kəbin kəsdirib hadisəni kiçik bir məclisdə qeyd elədilər.

Qonaqların arasında akademik Murtuza Nağıyev, Həsən Əliyev, Əziz Məmmədoviç, əmim oğlu Əsgər, Heydərin qohumları – səhv etmirəmsə, yeznəsi İsmayıl, dayısı oğlu Rzaqulu vardı. Məclisin musiqi hissəsini gəlinin bacısı Gülarə xanım öz üzərinə götürmüşdü. Sonra Zərifə xanım da ona qoşuldu, dörd əllə mahnılar ifa etdilər. Toydan sonra gənclər İrəvan döngəsindəki mənzildə yaşamağa başladılar...”

 

(Rus dilindən tərcümə Vilayət Quliyevindir)

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

 



[1] Heydər Əliyev görkəmli partiya və dövlət xadimi, səhiyyə təşkilatçısı Əziz Əliyevin 100 illiyi ilə bağlı təntənəli yubiley gecəsində Zərifə xanımla 1948-ci ildə tanış olduğunu bildirmişdi – tərc.

[2] Oksana Puşkinanın “Yuxuya bənzər məhəbbət” adlı televiziya verilişindən

[3] V.Mustafayevin “Əsl məhəbbət haqqında” filmindən

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.