Super User
Tural Cəfərlinin şeirlər kitabının təqdimatı oldu
Mayın 23-də Litera kitab mağazasında ADU-nun əməkdaşı, şair Tural Cəfərlinin “Elə ki darıxdın” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində ədəbi-ictimai xadimlər, müəllifin qələm dostları və media mənsubları iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mərasimdə çıxış edənlərdən millət vəkili, yazıçı Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, esseist Səlim Babullaoğlu, yazıçı İlham Əziz, yazıçı Nihat Pir, şair Vahid Əlioğlu, dosent Nəsir Xankişiyev müəllifin ədəbi fəaliyyəti və kitabı haqqında fikirlərini bölüşüblər.
Qeyd olunub ki, “Elə ki darıxdın” kitabı müasir oxucunun emosional dünyasına toxunan nümunələrdən biridir.
Tədbirdə müəllif yaradıcılıq prosesi, kitabın ərsəyə gəlmə mərhələsi və gələcək ədəbi faəliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Qiraətçilər tərəfindən müəllifin şeirləri səsləndirilib, oxucuların sualları cavablandırılıb.
Sonda müəllif oxucular üçün kitablarını imzalayıb, xatirə fotoları çəkdirilib.
“Ədəbiyyat və incəsənət”
(25.05.2026)
Bilənlər bilməyənlərə desin, 25 may Filoloq Günüdür
Fərasət Babazadə,
NDU-nun Filologiya ixtisası üzrə III kurs tələbəsi, Gənc Yazarlar və Ədəbiyyatşünaslar klubunun üzvü
Təqvimi vərəqləyirik, mayın 25-i günü görürük ki, ənənəvi, tanıdığımız əlamətdar günlərdən fərli bir günün təntənəsi duyulacaq. Filoloq gününün. Və əminliklə deyirəm ki, çox adam hələ də elə bilir ki, filoloq – nədirsə, fillə bağlı bir peşədir.
Filologiya, sözün ürəyi, dillərin yaddaşıdır. O, yalnız sözlərin arxasındakı mənanı deyil, insanlığın min illərdir yazdığı tarixcəni oxuyur. Bəzən bir şeirin içində, bəzən unudulmuş bir yazının kölgəsində, bəzən bir nənənin nağıl söyləyən səsində canlanır filoloqun baxışı. 25 may – bu tarix bəlkə də rəsmi bir gündür, amma əslində bu gün, ruhunu sözə tapşıranların günüdür. Kağızda canlanan cümlələrin, mübtəda ilə xəbər arasında qurulan görünməz körpülərin, kitabların içində böyüyən düşüncələrin günüdür bu.
Filologiya nədir, sualını cavablandırmaq istəyən biri qələm götürmədən öncə öz iç səsinə qulaq asmalıdır. Çünki filoloq olmaq yalnız kitab oxumaq deyil. Yalnız bir sözü başa düşmək yox, onu min illik zamanda yaşatmaqdır. Filologiya, sətirlərin arasında gizlənən kədəri, bir vergülün arxasındakı niyyəti anlamaq sənətidir.
Filoloq Günü 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində qeyd olunmağa başladı. Bu günün özü beynəlxalq xarakter daşıyır, lakin o, Moskva Dövlət Universitetinin filologiya fakültəsi sayəsində ölkəmizə gəlib, bu tarix ilk dəfə məhz Moskvada qeyd olunub. Amma bu tarixdən öncə də sözə səcdə edənlər vardı. Antik Yunanıstandan gələn filologiya anlayışı sevgi ilə düşüncə arasında körpü qurdu: “philo” – sevgi, “logos” – söz. Yəni filologiya, sözə olan sevgidir.
Filologiyanın kökləri antik dövrlərə gedib çıxır. Qədim Yunanıstanda Homer əsərlərinin şərhi və Sanskrit filologiyası kimi ənənələr bu sahənin ilk nümunələrindəndir. Orta əsrlərdə yazılmış mətnlərin araşdırılması və İntibah dövrünədək kassik mətnlərin yenidən tədqiqi filologiyanın inkişafında mühüm rol oynayıb.
Bu sevgini öz canına hopduran insanlarsa adını tarixə yazdı: Əbdürrəhim bəy Haqverdiyev, Firidun bəy Köçərli, Salman Mümtaz, onlar yalnız yazmadılar, həm də topladılar, qorudular, dilin canını arxivlərdən çıxarıb həyata qaytardılar. Bu gün Azadə Musayeva, Afad Qurbanov, Tofiq Hacıyev, Bəxtiyar Məmmədzadə kimi filoloqların axtarışları, Möhsün Nağısoylunun, Mahirə Nağıqızının və bir çox dəyərli filoloqlarımızın qələmi ilə yazılan qrammatik rəsmlər, hamısı bu sahənin əzəmətidir.
Bəziləri filologiyanı ölü dillərlə maraqlanan bir sahə zənn edir. Halbuki filoloq, unudulmuş sətirləri oyadan, köhnəlmiş sözlərə yeni nəfəs verəndir. Filoloq, yalnız bir lüğət yaradan deyil, həm də bir millətin mənəvi lüğətini tərtib edən şəxsdir. O, yalnız “nədir?” sualını deyil, “niyə belədir?” sualını da düşünür. Çünki filoloqun işi məna ilə başlar, fəlsəfə ilə dərinləşər, ədəbiyyatla can tapar.
Ədəbiyyat filologiyanın nəfəsidir. Bu nəfəsi yaşatmaq üçünsə sadəcə məlumat deyil, dərin duyum, diqqətli baxış, düşüncəli yanaşma gərəkdir. Ədəbiyyat hər zaman yazıçı ilə başlamır, oxucu ilə də bitmir. O, filoloqun qəlbində yaşayır, tənqidçinin ağlında yenidən doğulur, və ən əsası gələcək nəsillərin ruhuna doğru yol tapır. Sözlər unudula bilir, amma dahilərin yaratdığı əsərlər əbədi qalır.
Ədəbiyyat, insan ruhunun kağız üzərində əksidir. Əbu Turxan demişkən: “Ən gerçək portret dahilərin yazılarında üzə çıxır. Onlar heç kimin görmədiklərini üzə çıxara bilirlər.” Bu cümlə adi bir cümlə deyil, bütün ədəbiyyatın sirrini özündə daşıyan bir güzgüdür. Füzuli bir məhəbbət deyərkən, əslində, qürurun, hicranın və insan tənhalığının portretini çəkirdi. Anar, İlyas Əfəndiyev, Cəfər Cabbarlı sanki yazdığı hər sətrə bir vicdan, bir sual yerləşdirirdi.
Bu əsərləri oxumaq üçün isə yalnız göz deyil, fəlsəfə, duyum, anlayış lazımdır. Hər kəs oxuya bilər, amma hər kəs anlaya bilməz. Bu baxımdandır ki, tənqidçi yalnız oxuyan deyil, anlayan insandır. O, yazıçının bir cümləsində gizlənən əsrin səsini eşitməlidir. Əbu Turxanın fikrində bu həqiqət açıqca ifadə olunur: “Tənqidçi fəlsəfi hazırlıq səviyyəsinə görə yazıçıdan yüksəkdə durmasa, əsərin həqiqi qiymətini verə bilməz.” Bu, sözə deyil, sözün arxasındakı düşüncəyə baxmağı tələb edir. Yazıçı yaradır, tənqidçi anlayır. Onlar yazarkən, əslində fikri sözə çevirirlər.
Filoloq, sanki bir arxeoloq kimidir, amma torpaqdan deyil, sətirlərdən tapar xəzinəni. Onun tapdığı xəzinə isə qızıldan deyil, elmin özündəndir.
Ulu Öndər deyirdi: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir."
Dil ünsiyyət vasitəsindən ziyadə, xalqın göz yaşının, gülüşünün, inamının, müqavimətinin səssiz şəklidir.
Mən inanıram ki, dilin içində millət yatır. Hər araşdırdığımız kəlmə, hər öyrəndiyimiz dialekt, hər təhlil etdiyimiz şeir bu millətin qəlbində bir səsə çevrilir. Əgər bir xalq öz dilini sevə bilirsə, o xalq hər zaman ayaqda qalacaq. Və biz bu sevginin qoruyucularıyıq.
"Dəhşətli dərəcədə qəribə də olsa, indi mənə aydındır ki, bizim əsl, həqiqi marağımız mümkün qədər çox pul almaq, təriflənmək olub. Bu məqsədə çatmaq üçün isə yalnız kitab-qəzet çıxartmağı bilirdik. Elə onu da edirdik. Ancaq bu qədər faydasız işlə məşğul olub çox vacib insanlar olduğumuza inanmağımız üçün bu fəaliyyətimizə haqq qazandıran başqa bir düşüncə də olmalı idi. Elə buna görə də belə bir fikir ortaya atmışdıq: "Var olan hər şey şüurludur və var olan hər şey inkişaf edir. İnkişaf isə maarifçilik vasitəsilə olur. Maarifçilik də öz növbəsində kitabların, qəzetlərin yayılması ilə ölçülür. Bizə ona görə pul ödəyir, ona görə hörmət bəsləyirlər ki, kitab yazırıq, qəzet buraxırıq. Bax elə bu səbəbdən biz ən faydalı, ən yaxşı insanlarıq". Əlbəttə, hamımız həmrəy olsaydıq, bu fikir çox gözəl fikir olardı, ancaq birinin irəli sürdüyü ideyaya başqası bu ideyaya tam əks olan bir fikir ilə qarşı çıxdığından, biz yenidən düşünüb götür-qoy etməyə məcbur olurduq. Lakin biz bütün bunları görmürdük. Bizə yaxşı pul verir, tərəfdarlarımız bizi öyüb göylərə qaldırırdılar. Ona görə də hər birimiz özünü haqlı sayırdı.
İndi mənə aydındır ki, dəlixanadakı dəlilərlə bizim aramızda heç bir fərq olmayıb. Ancaq o vaxtlar yalnız azacıq şübhələnir və digər dəlilər kimi, mən də özümdən savayı hamını dəli adlandırırdım."
Tolstoy “Etiraf” əsərində bu həqiqəti sadə, eyni zamanda sarsıdıcı şəkildə göstərir. O yazır: “Əlbəttə, hamımız həmrəy olsaydıq, bu fikir çox gözəl fikir olardı.” Həqiqətən də, bütün böyük ideyaların gözəlliyi onların içindəki birlik ehtimalıdır. Amma fikir parçalandıqda, ideya şəxsi marağa çevrildikdə, sözdəki işıq artıq yanmır.
Maarifçilik dediyimiz anlayış bir zamanlar insanı azad edən, cəmiyyətləri oyadan, qaranlığı işıqlandıran bir məşəl idi. Amma zaman keçdikcə bu məşəl bir çox əllərdə yalnız şəxsiyyət nümayişinə, tərif və qazanc vasitəsinə çevrildi. Fikir vasitə oldu, məqsəd isə görünmədən dəyişdi. “Maarifləndiririk” deyə-deyə kitablar yazdılar, qəzetləri çıxardılar, lakin sözün özü bizdən uzaqlaşdı. Və nəticədə Tolstoyun dediyi kimi, hər kəs öz ideyasına aşiq, başqasının düşüncəsinə isə düşmən kəsildi.
Amma o bir cümlə yenə də bütün bu xaosun içində açar kimi dayanır: “Əlbəttə, hamımız həmrəy olsaydıq, bu fikir çox gözəl fikir olardı.” Həmrəylik – təkəbbürdən, eqodan, mənəm-mənəmlikdən imtina edərək, bir ümumi bizin yaranmasıdır. Filologiya, ədəbiyyat, maarifçilik, bunların hər biri məhz bu biz məvhumuna möhtacdır. Əgər filoloqlar bir-birini boğmağa yox, anlamağa çalışsa, əgər yazıçılar bir-birinə qarşı deyil, bir ideyanın fərqli səsləri kimi yanaşsa, əgər oxucu da sadəcə tərif üçün deyil, gerçək anlam üçün kitaba yaxınlaşsa, onda bəli, Tolstoyun dediyi fikir həqiqətən gözəl olardı.
Deməli, ideyaların özündən daha çox, ona yanaşma tərzimiz dəyərlidir. Və bəzən ən doğru fikirlər belə yalnız həmrəylik olmadıqda məhv olur, içi boşalır. Əsl maarifçilik isə birlikdə baş verir. Fikirin yeganə müdafiəçisi səmimiyyət və birgə əməkdir.
Biz keçmişdən gəlirik, amma gələcəyə gedirik, sözlə, sədaqətlə, səssiz, amma əbədi bir səslə. Zaman dəyişir, texnologiya inkişaf edir. Amma söz hələ də insanın ilk və son sığınacağı olaraq qalır. Gələcəyin filoloqları bəlkə də dil modelləri ilə müqayisələr aparacaq, amma yenə də onların qəlbində bir köhnə dəftərin iyini sevən ürək döyünəcək. Onlar yenə də bir şeirin ritmini, bir romanın ideyasını, bir hekayənin sirrini oxumağa çalışacaqlar.
Filologiya, bir az keçmiş, bir az gələcək, amma tam mənası ilə bu gündür. Bu gün, çünki söz bu andadır. Dünən, çünki dil kökə bağlıdır. Sabah, çünki söz yaşadıqca insan yaşayacaq. Filoloq isə bu zamanların hamısını öz qəlbində daşıyan şəxsdir. Bəzən bir lüğətin səhifəsində, bəzən unudulmuş bir əlyazmada, bəzən bir uşaq şeirində gizlənir onun izi.
Bu gün, 25 mayda, əgər sənin qəlbində sözə qarşı bir sevgi varsa, əgər sətirlərin içində itməkdən qorxmursansa, əgər bir dili sevirsənsə, deməli, sən də bir filoloqsan. Sən də bu böyük düşüncə yolunun yolçususan.
Və unutma: sözə xidmət etmək heç zaman köhnəlməyəcək bir məbəddə ibadət etməkdir.
“Ədəbiyyat və incəsənət”
(25.05.2026)
Müaliə saatı: Bahar Bəxtiyarqızı, “Əslində, mən kiməm?!”
“Ədəbiyyat və incəsənət” portalının “Mütaliə saatı”nda yeni roman təqdim edilir. Bu, gənc yazar Bahar Bəxtiyarqızının “Əslində, mən kiməm?!” romanıdır.
Xoş mütaliələr.
6-CI DƏRC
Yersiz qısqanclıq münasibətə vurulan, yavaş-yavaş təsir edən bir zəhərdir
Altıncı hissə
Uzun və yorucu bir həftənin sonunda nəhayət yeni bir gün başlamışdı. İçimdə qəribə bir sevinc hissi vardı. Əslində, bu sevincin qaynağı Lalə idi. Bu gün onun qəbul günü idi. Mən onunla danışmaq üçün səbrsizlənirdim. Hər şeyi bir də onun öz dilindən eşitmək istəyirdim.
Lalənin səsi, baxışları, danışarkən sözlərinə hopan o qətiyyət məni həmişə heyrətləndirirdi. Amma eyni zamanda içimdə narahatlıq da vardı. Çünki keçmişdə yaşadığı çətinlikləri, çəkdiyi ağrıları yaxşı bilirdim. Qarşılaşdığı hadisələr, adi insanların qaldıra biləcəyi ağırlıqda deyildi, amma hər dəfə zəifliyi bir kənara qoyub, öz gücü ilə ayağa qalxmağı seçmişdi. Lalənin o möhkəm iradəsi, bu dəfə də onu qoruyub saxlayacaqdı? Görəsən, yenə öz həyatının qalibi olmağı bacaracaqdı?
Bu suallar beynimi məşğul edirdi. Nəhayət, gözlənilən an gəldi. Lalə adəti üzrə qapını astaca iki dəfə döyüb, sonra aralayaraq içəri girmək üçün icazə istədi. Onun əynindəki qara don dərhal diqqətimi çəkdi. Başdan ayağa nəzər salanda fərq etdim ki, bu gün o tamam qaraya bürünmüşdü.
Bəlkə də bu bir təsadüf idi. Daha əvvəl də o, qara geyimlərə üstünlük verirdi. Amma mənə “Laləni təsvir et” desəydilər, onu ilk dəfə gördüyüm anı təsvir edərdim: qırmızı donu və dodaqlarındakı qırmızı dodaq boyasının yaratdığı ahəng. O an, onun gözəlliyini tamamlayan hər şeyin harmoniyasını hiss etmişdim. Ondan sonra nə geyinsə, heç fərqində olmamışdım. Ancaq bu dəfə geyimindəki qara rəngə ilişib qalmışdım. Düşünürdüm, görəsən son hadisələr buna təsir edibmi? Ya da mən özlüyümdə onun əhvalını anlamağa çalışaraq geyimindən nəticə çıxarmağa cəhd edirdim.
- Buyurun, Lalə xanım. Xoş gəlmisiniz.
Gözlərimdə sevincli bir parıltı vardı, lakin o duyğuları tezliklə qorxu və narahatlıq əvəz etdi. Ən pis tərəfi də bu oldu ki, bunu Laləyə yansıtmaqdan özümü saxlaya bilmədim.
O, qarşımdakı stulda əyləşdi və zərif bir təbəssümlə söhbətə başladı:
- Humay xanım, əvvəlcə sizə təşəkkür etmək istəyirəm. Göstərdiyiniz qayğının və diqqətin dəyəri mənim üçün ölçülməzdir. Çətin günlərimi sizinlə bölüşmüşəm. Siz də, bunların çoxundan xəbərdarsınız. Amma bu günlərdə yaşadığım bir hadisə məni bütün bu keçmiş ağrılardan daha çox sarsıtdı…
Lalə danışarkən gözləri doldu, başını aşağı əyib susdu. Ağlamaqdan çox utanırdı, amma mən susqunluğun çəkisinə dözə bilməyib söhbəti yüngülləşdirməyə çalışdım:
- Lalə xanım, əgər danışmaq sizin üçün bu qədər çətindirsə, başqa bir mövzuya keçə bilərik. Ötən seansdan yarım qalan söhbətimizə davam edə bilərik.
O, gözlərimə diqqətlə baxdı:
- Sizə maraqlı deyil ki, nə baş vermişdi?
- Lalə xanım, doğrusu, bu barədə müəyyən məlumatım var.
Lalənin üzündə təəccüblü bir ifadə yarandı:
- Necə? Məlumatınız var? Kimdən?
- Qonşunuz Cəsur… O da mənim pasiyentimdir. O gün, qapıda sizinlə qarşılaşandan sonra, məndən sizin haqqınızda maraqlandı. Söhbət zamanı məlum oldu ki, sizin yaxınlıqda yaşayır.
- Sonra nə oldu?
- Siz gəlmədiyiniz gün, Cəsur qəbula gəldi. Səsi titrəyir, əlləri əsirdi. Birdən səbr edə bilməyib, hər şeyi mənə danışdı.
- O da məni səhv başa düşüb, elədir? Bilirdim. Çünki bu hadisədən əvvəl, onun dostları ilə məhəllədə dayanıb mənim ünvanıma deyilən təhqiramiz sözlərə güldüyünü eşitmişdim. Bu dəfə isə…
- Bu dəfə nə oldu, Lalə xanım?
- Bu dəfə o, məni xilas etdi. Əvvəlcə o da mənə qarşı olacaq deyə qorxdum, amma sonra başa düşdüm ki, kömək etmək istəyir. Hətta qulağıma əyilib polis çağırdığını dedi. Onda inanmadım, amma polislər həqiqətən gəldilər. Bölmədə onun haqqında şikayət etmədim, əksinə, mənə kömək etdiyini söylədim.
- Bəs digərləri?
Onları cəzalandıracaqlarını dedilər.
- Sizin bu qədər məğrur duruşunuz məni valeh edir, Lalə xanım.
- Bilirsiniz, Humay xanım, əvvəllər heç ağlıma gəlməzdi ki, bu qədər güclü ola bilərəm. Amma yaşadıqlarım məni belə etdi. Daha qorxularımın qarşısında acizlik göstərmirəm. Əksinə, onların üzərinə gedirəm. Bu mənə daha çox güc verir. Ancaq bu cəmiyyətdə hələ də, qəbul edə bilmədiyim çox şey var. Güclü qadınlardan qorxurlar. Dəfələrlə qonşuların dedi-qodusunu eşitmişəm. Onların mənim haqqımda nə düşündüklərini bilmişəm. Amma həmişə öz-özümə soruşmuşam – əgər mənim yerimdə onların öz qızları olsaydı, yenə də belə haqsız danışar, bu qədər vicdansızlıq edərdilər? Mən heç bir qadına, hətta düşmənimin qızına belə, mənim yaşadıqlarımı yaşamağı arzulamıram.
Lalə xanım həyəcanla davam etdi:
- Sonra nişanlımla danışdım. Məni o evə apardı, amma çox narahat idi, hətta həyəcandan rəngi dəyişmişdi. Dediyi ilk şey bu oldu: “Bu evdə bir daha yaşamamalısan. Sənə daha təhlükəsiz bir ev tapacağam.” Sözünü tutdu. Anamgilə yaxın bir yerdə, mənim üçün gözəl bir ev kirayələdi. Bu, təhlükəsizlik baxımından içimi rahatlatdı.
- Çox yaxşı addım atıb. Bu, təkcə təhlükəsizlik üçün yox, həm də sənin özünü daha yaxşı hiss etməyin üçün müsbət qərar olub.
- Bəli, elə də oldu. Amma indi hər şey daha sabitdir. İstəyirsinizsə, keçən dəfəki söhbətimizin davamına qayıdaq?
- Bəli, əlbəttə! Bu dəfə heç bir detaldan qaçmayaraq. – deyərək söhbət daha maraqlı bir istiqamətə yönəltdik.
- Lalə xanım, səhv etmirəmsə sonuncu dəfə qeyd etmişdiniz ki, yoldaşınızın dostu, vəkil tanışı ilə danışmışdı. Onun həbs cəzasının vaxtını bir az daha azalması üçün əlindən gələni edəcəkdi?
- Elədir, Humay xanım, düz xatırlayırsınız. Amma vəkil verdiyi vədə xələf çıxdı. Dünyasını dəyişən adamın yaxınları onu öz tərəflərinə çəkdilər. Məhkəmə zalında birdən vəkil qarşı tərəfin dediklərini təsdiqləyərək, onların haqlı olduğunu vurğuladı. Sonradan bizə məlum oldu ki, həmin adamlar öncədən vəkillə danışıb, bizim ona verəcəyimiz puldan daha çox vəd ediblər. O da beləcə onların tərəfinə keçib.
- Bəs yaxşı sonra nə oldu? Yoldaşını neçə illik azadlıqdan məhrum etdilər?
- Sonra həyatımın ən çətin günləri başladı. Məhkəmə zalında yoldaşım Samir, vəkilin çıxışını dinləyərkən qəzəbdən dişlərini qıcayır, mənə kin dolu baxışlarla baxırdı. Məhkəmə qərarı ilə onu yeddi il azadlıqdan məhrum etdilər. Evə qayıdanda özümü çox məyus və çarəsiz hiss edirdim. Divarlar üstümə gəlirmiş kimi evdə qala bilmirdim. Samirin o baxışları gözümün qarşısından getmirdi. Hətta özümü günahlandırmağa başlamışdım: “Görəsən, o haqlıdır? Bu yaşananların səbəbkarı mənəm? Ona yetərincə sevgi və qayğı göstərməmişəm?”
Keçmişi düşünəndə anladım ki, heç də elə deyil. Münasibətimizin bu hala düşməsinin səbəbi, Samirin eqoizmi və yersiz qısqanclıqları idi. Amma nə olursa-olsun, bir yol tapmalıydım. Ailəmi geri qaytarmalı və xoşbəxt olmalıydım. Belə düşüncələrlə xəyallara dalıb gecə yuxuya getdim. Səhər yatıb qalmışdım. Hər zaman 8-9 arası oyanardım, indi isə 11-də oyandım. Yuyunub, yemək üçün süfrəyə oturmuşdum ki, tanımadığım bir nömrədən zəng gəldi. Açmaq istəmədim, çünki əvvəllər Samir mənə tanımadığım nömrələrdən gələn zəngləri açmamağı tapşırmışdı. Elə bu anda qapı döyüldü. Gələn anam idi. Onu içəri dəvət edib çay süzdüm. Yaşadıqlarımı ona danışmaq istəyirdim ki, yenə həmin nömrədən zəng gəldi. Anam niyə açmadığımı soruşanda vəziyyəti ona izah etdim. O isə dedi:
- Ay bala, bəlkə elə zəng edən Samirdir?
Haqlı ola biləcəyini düşünüb zəngi açdım:
- Alo.
- Haradasan?
- Samir, sənsən? Mən evdəyəm, narahat olma. Sən necəsən? – deyə həyəcanla soruşdum.
- Hə, mənəm. Başqasından zəng gözləyirdin ki? Bir də ki, niyə başqa nömrənin zəngini açırsan? Mən sənə nə demişdim?
- Samir, inan ki, zəngi açmaqda tərəddüd etdim. Amma düşündüm ki, bəlkə sənsən, ona görə açdım.
- Hə, deyirəm də, sən artıq sərbəst olmusan. Düşünürsən ki, Samir dörd divara məhkum olub, sən də rahat istədiyini edəcəksən.
- Bu nə sözlərdir, Samir? Axı sən məni tanımırsan? Mən həmişə sənə sadiq olmuşam. İşləmək istəməyimin səbəbi də sadəcə başımı qatmaq idi.
- Sənə son dəfə deyirəm, işləməyi unut!
- Samir, bəs mən necə dolanacağam? Heç olmasa sən gələnə kimi icazə ver işləyim.
- Mən sənə son sözümü dedim!
Zəng kəsildi. Mən çox çarəsiz idim. Anam mənə “Gəl bizimlə yaşa” dedi, amma bilirdim ki, atam buna razı olmayacaq və məni özünə yük hesab edəcək.
Həyatımda çıxış yolu axtarırdım, amma hələ də nə edəcəyimi bilmirdim. İşləməkdən başqa çarəm yox idi. İnternetdə iş elanlarına baxırdım. Günlərdir davam edən bu axtarışlarda özümə uyğun elanlar tapırdım, amma hər dəfə ali təhsil və diplom şərtləri məni ruhdan salırdı. Ümidlərim azalmışdı, öz-özümə dedim:
“Bu gün sonuncu dəfə baxıram, daha axtarmayacağam.”
Elə o anda gözümə bir elan sataşdı. “Mədəniyyət körpüsü” adlı bir kitabxana, kitabxanaçı xanıma ehtiyac olduğunu bildirirdi. Ürəyim həyəcanla döyünməyə başladı. Elanın şərtlərini oxumaq istədim, amma ətraflı məlumat verilməmişdi. Yalnız işə qəbulun canlı söhbət əsasında müəyyən olunacağı yazılmışdı. Bu xəbər məni həm sevindirdi, həm də qorxutdu. “Bəs onlar da diplom istəyərsə?” – deyə düşündüm. Amma bu dəfə ümidsizliyə qapılmadım. “Bəlkə də, bu mənim üçün bir fürsətdir.” – dedim özümə.
Gecə boyu düşüncələrimdə xoş şeylərə yer verdim. Sabah tezdən zəng edib danışmağı səbirsizliklə gözləyirdim.
Eyni zamanda ağlımda bir sual vardı: “Görəsən, Samir bunu bilsə, necə reaksiya verər?” Onun icazə verməyəcəyindən əmin idim. Buna görə hələlik ona heç nə deməmək qərarına gəldim. İşə qəbul olsam, hər şeyi mülayim şəkildə izah edərəm, deyə düşündüm. Nəhayət, səhər açıldı. Elandakı əlaqə nömrəsinə zəng etdim. Məni dinlədilər və saat 13:00-da kitabxanaya yaxınlaşmağı xahiş etdilər. Təşəkkür edib telefonu söndürdüm.
Hazırlıq üçün vaxtım az idi, amma hər şeyi mükəmməl etmək istəyirdim. Səliqəli, klassik tərzdə geyindim, sonra güzgünün qarşısına keçib özümü təqdim etmə məşqləri etdim. Gülüşümü, jestlərimi və mimikalarımı nəzarətdə saxlamağa çalışırdım. Uzun müddət idi ki, cəmiyyət içinə çıxmamışdım, hətta kiminləsə ürəkdən danışmağı belə unutmuşdum. Şükür ki, Dale Carnegienin “Dostları Necə Qazanmalı və İnsanlara Necə Təsir Etməli” kitabını oxumuşdum. Oradakı tövsiyələr bu vəziyyətdə mənə çox kömək edirdi.
Saat 12:00-da evdən çıxdım. Gecikməmək, mənim üçün prinsipial idi. Dedikləri ünvana on dəqiqə tez çatdım. Kitabxananın qarşısında dayandım və ətrafı diqqətlə nəzərdən keçirdim.
“Mədəniyyət körpüsü” təkcə bir kitabxana deyildi. Eyni zamanda, müxtəlif xalqların mədəniyyətlərinin və ədəbiyyatlarının bir araya gəldiyi möhtəşəm bir məkana bənzəyirdi. Buradan kitabxananın məqsədi açıq-aydın görünürdü – oxucuları müxtəlif mədəni irslərlə, ədəbi xəzinələrlə tanış etmək, dünyaları birləşdirən bir körpü yaratmaq.
İçəri girəndə isə heyranlığım daha da artdı. Girişdə geniş bir portal vardı, üzərində dünyanın müxtəlif dillərində “kitab” və “ədəbiyyat” sözləri yazılmışdı. Divar və tavanlar fərqli xalqların mədəni ornamentləri ilə bəzədilmişdi. Kitabxananın mərkəzində isə kitab rəfləri ilə əhatələnmiş nəhəng bir “mədəniyyət körpüsü” modeli yerləşirdi. Bu məkanda hər detal harmoniya və mədəniyyətə hörmət hissi oyadırdı.
Mən ətrafa nəzər salarkən birdən arxadan zərif bir əl çiynimə toxundu. Geri dönüb baxanda, gənc bir xanımla üz-üzə gəldim. Onun incə beli, diqqət çəkən üz cizgiləri və çərkəz gözləri vardı. Gülümsəyərək:
- Buyurun, xoş gəlmisiniz. Sizə necə kömək edə bilərəm? – dedi.
Təşəkkür edib cavab verdim:
- Məkanınız o qədər gözəldir ki, onun sehrinə qapılıb sizin varlığınızı belə hiss etməmişəm. Üzr istəyirəm.
- Məkan haqqında xoş sözləriniz üçün, təşəkkür edirəm.
Başımı hörmətlə yelləyib gülümsədim:
- Mən bura iş görüşməsinə gəlmişəm. Saat bir üçün danışmışdıq.
- Hə, lap yaxşı! Bir daha xoş gəlmisiniz. Zəhmət olmasa, soldakı pilləkənlə ikinci mərtəbəyə qalxın və sağ tərəfdə, Naibə Əliyeva adı yazılmış 13 nömrəli otağa yaxınlaşın. İşlə bağlı görüşmələri Naibə xanım idarə edir.
Təşəkkür edərək, həyəcanla pilləkənləri qalxıb, dediyi otağın qarşısında dayandım. Nəfəsimi dərib inamla qapını döydüm.
- Buyurun, içəri daxil ola bilərsiniz, – deyildi.
İçəri keçib:
- Salam, Naibə xanım. Mən işlə bağlı gəlmişəm, – dedim.
O, gülümsəyərək:
- Buyurun, aşağıdan məlumat verilib, – deyib kresloya işarə etdi.
– Əyləşin.
Həyəcanlı idim. Danışarkən onun üzünə baxa bilmirdim. Lakin kitabdan oxuduğum “özünə inamı artırmaq” üsulları yadıma düşdü. Başımı dik tutdum. Naibə xanımın gözlərinə baxaraq davam etdim.
- Özünüzü təqdim edin və niyə məhz bu işə maraq göstərdiyiniz barədə qısaca danışın.
- Lalə Muradxanlı, 31 yaşım var, ailəliyəm, övladım yoxdur. Bu işə marağım, əsasən kitablara olan sevgimdən qaynaqlanır. Uşaqlıqdan kitablara qarşı xüsusi həssaslığım var. Mütaliə həyatımın ayrılmaz hissəsidir. Özümü yalnız kitablarda tapıram, sanki yer üzünə kitablardan gəlmişəm.
Onun zərif gülüşü məni daha da ruhlandırdı.
- “Kitablardan gələn qız.” Nə maraqlı ifadədir. Zəhmət olmasa, hansı janrları oxumağı sevdiyinizi, yerli, yoxsa xarici ədəbiyyata üstünlük verdiyinizi deyin.
- Əslində, qarışıq oxuyuram. Detektiv janrına marağım bir o qədərdə yoxdur, amma maraqlı mövzu olsa, diqqətimi çəkə bilər. Həm yerli, həm də xarici ədəbiyyat mənim üçün maraqlıdır.
- Kitab sevgisi danışığınızdan hiss olunur. Demək istəyirsiniz ki, bu işə maddiyatdan çox mənəvi baxımdan maraq göstərirsiniz?
- Bəli, tamamilə doğrudur. Əlbəttə ki, maddi ehtiyacım var, lakin sevdiyim işlə məşğul olmağa üstünlük verirəm.
Onun üzündə məmnunluq hiss olunurdu. Bu məni sevindirirdi, lakin birdən soruşduğu bir sual hər şeyi dəyişdi:
- Ali təhsiliniz varmı? Hansı ixtisas üzrə təhsil almısınız?
Bu sualı eşitməyimə çox məyus oldum. Əllərim titrədi, baxışlarım yerə dikildi:
- Təəssüf ki, yalnız orta təhsilim var,.
Naibə xanımın üz ifadəsi dəyişdi. O, əlindəki qələmi yellətməyi saxlayaraq mənə ciddi nəzərlərlə baxdı.
- Eh, Lalə xanım… Çox təəssüf edirəm, amma ali təhsili olmayan işçiləri qəbul edə bilmərik. Bu, kitabxanamızın əsas qaydalarından biridir. Üzr istəyirəm, çox istərdim ki, sizin kimi dünya görüşlü bir xanımla işləyək, amma qanunlarımız buna imkan vermir.
Ürəyimdə məyusluq, kədər bir-birinə qarışdı. Göz yaşlarım gözlərimdə düyünlənmişdi, amma özümü sıxıb ağlamamağa çalışdım. Cavab verəcək bir şey də yox idi. Üzümü yana çevirib, ona yenidən təşəkkür etməyə hazırlaşırdım ki, qapının yanında bir hərəkət hiss etdim. Qaraltıya çevrilib baxanda birinin dayanıb bizi izlədiyini gördüm. O an həmin şəxs içəri daxil oldu.
Naibə xanım dərhal ayağa qalxıb mehriban səslə:
- Xoş gəlmisiniz, Elgin bəy! Buyurun, buyurun, əyləşin.
Sonra mənə tərəf dönərək əlavə etdi:
- Lalə xanım, Elgin bəy bu kitabxananın rəhbəridir.
Dönüb baxdım. Uzunboylu, ciddi baxışlı, eynəkli təqribi mənimlə eyni yaşlarda olan bir oğlan idi.
- Şad oldum, – dedim, amma üz ifadəmdəki məyusluq hələ də hiss olunurdu.
Elgin bəy, baxışlarını mənə çevirdi. Onun iri eynəyinin arxasındakı gözləri çox kəskin və ciddi idi.
- İcazənizlə mən artıq gedim. Təşəkkür edirəm, – deyib qalxmaq istəyirdim ki, o ciddi səslə:
- Xeyir, əyləşin, – dedi.
Naibə xanıma dönərək:
- Lalə xanımla bağlı qeydiyyatı və məlumatları götürüb mənim otağıma gəlin, – deyə təlimat verdi. Sonra yenidən mənə baxıb:
- Bir az gözləyin, Lalə xanım, – deyərək otaqdan çıxdı.
Bir neçə dəqiqə keçdikdən sonra, Naibə xanım qayıtdı. Gülümsəyərək mənə yaxınlaşdı:
- Lalə xanım, bu gün çox şanslı gününüzdür!
Mən çaşqınlıqla:
- Niyə belə düşünürsünüz? Mən tam əksini hiss edirəm.
- Elgin bəy sizinlə bağlı qərarını dəyişdi. Prinsiplərindən kənara çıxıb, sizi işə qəbul etməyi qərara aldı.
Təəccüblə:
- Amma niyə? Bu, digər namizədlərə qarşı haqsızlıq deyilmi?
- Bunu mən dəqiq deyə bilmərəm. O, mənə sadəcə “Bu məsələ işçilərin arasında müzakirə olunmasın” dedi. Daha nə deyə bilərəm ki?
Elgin bəylə görüşməyi tələb etdim. 15-ci otağa gedib qapını döydüm.
- Buyurun, – dedi eyni sərt və soyuq səslə.
Qapını aralayıb içəri girdim. Elgin bəy, böyük masanın arxasında dayanmışdı. Əlləri sinəsində çarpazlanmış, gözləri isə uzaqlara zillənmişdi. İçəri girdiyimi hiss edəndə üzünü mənə çevirdi, səsini bir az alçaldaraq:
- Buyurun, əyləşin, Lalə xanım.
Mən çəkinərək keçib oturdum. O, əvvəl mənə, sonra masanın üzərindəki sənədlərə baxdı. Uzun bir sükut oldu. Nəhayət, sükutu pozdu:
- Sualınız vardı, deyəsən.
Mən yavaşca başımı tərpədərək:
- Bəli, Elgin bəy. Mənə bu şansı verdiyiniz üçün təşəkkür edirəm. Amma öyrəndim ki, sizin işə qəbul prinsipləriniz çox sərtdir və ali təhsili olmayan namizədləri işə qəbul etmirsiniz. Buna baxmayaraq, məni qəbul etdiniz. Niyə? Mənə görə niyə prinsiplərinizi pozdunuz?
O, diqqətlə gözlərimin içinə baxdı, səsi eyni qədər ciddi və sərrast idi:
- Sizə bir şey izah edim, Lalə xanım. Bu kitabxana mənim şəxsi layihəmdir. Burada hər şey mənim qaydalarımla işləyir. İstəsəm, o qaydaları dəyişərəm. Bu qərarımın səbəbini sorğulamağınıza isə ehtiyac yoxdur.
Bu cavab məni daha da çaşdırdı. Mən təkid etdim:
- Amma bu, başqalarına qarşı haqsızlıq deyil? Belə bir qanun varsa, niyə məhz mənə güzəşt etdiniz? Bu sualı cavablandırmadan, rahat ola bilmərəm.
Elgin bəy, bir anlıq susdu. Əllərini masanın kənarına dayadı. Onun əllərindəki qara qaşlı üzüyə baxdım. Bu üzük mənə tanış gəldi. Amma haradan tanıdığımı heç cür xatırlaya bilmirdim. Suallarıma cavab gəlmədiyini görüncə ayağa qalxıb dedim:
- Mən sizinlə işləyə bilmərəm. Haqsızlıq və ədalətsizlik olan yerdə çalışmaq prinsiplərimə ziddir.
Qapıya doğru yönəlmişdim ki, arxadan onun səsi gəldi:
- Lalə xanım, siz məni tanımasanız da, mən sizi tanıdım.
Dönüb ona baxdım. Bu sözlərin arxasında gizlənən həqiqəti anlamağa çalışırdım.
- Siz məni tanıyırsız?
- Bəli.
- Axı haradan? Mən sizi tanıdığımı düşünmürəm. Elgin adlı birisi nə qohumlarımda, nə də tanışlarım arasında var.
- Biz yaxından tanış deyilik.
- Bəs axı necə tanıyırsız məni?
- Xatırlayırsınızsa, siz bir dəfə onlayn şəkildə kitab sifariş etmişdiniz.
Bir az düşündüm.
- Aha, indi xatırlayıram.
- O sifariş verdiyiniz mağazanın rəhbəri mən özüməm. Siz qeyd etdiyiniz ünvana çatdırılma olmurdu. Amma həmin gün mənim, evinizin yaxınlığında vacib bir işim çıxdı. Ona görə də sizinlə yazışan şəxsə dedim ki, kitabı özüm apararam.
- Hə, hətta siz özünüz bunu mənə demişdiniz. Həmin gün çox sevinmişdim.
Bu söhbət zamanı birdən həmin günün səhnəsi gözümün önündə canlandı. İndi tam aydın oldu ki, Elgin bəyin barmağındakı üzük niyə mənə tanış gəlmişdi. Həmin vaxt kitabı çatdıranın üzünə diqqət etməmişdim. Sadəcə sevincək halda “çox sağ olun” deyib kitabı götürmüşdüm. Amma üzüyü qeyri-ixtiyari olaraq diqqətimi çəkmişdi.
- Sizi sevindirə bilmişəmsə, nə xoş mənə. – deyə, Elgin bəy gülümsədi. Bir anlıq sərt və əsəbi görünən həmin adam elə bil dəyişdi, yerinə mərhəmətli və mülayim biri gəldi.
- Çox təşəkkür edirəm sizə bir daha.
- İndi isə keçək bayaqkı mövzuya. Yəqin ki, artıq sizi niyə işə qəbul etdiyim və digər suallarınız cavabsız qalmadı. Bir də qeyd edim ki, kitablara marağınızı bildiyim üçün sizi işə götürdüm. Düşündüm ki, gələn müştərilərə oxuduğunuz kitablardan tövsiyə edə və ya onların seçimlərinə uyğun kitab təklif edə bilərsiniz.
Elgin bəy sözünü bitirməmiş mən müdaxilə etdim:
- Onda niyə diplom tələb edirdiniz? Məgər hər universitet oxuyan savadlı və dünya görüşlü olur?
- Orası doğrudur, Lalə xanım. Razıyam sizinlə. Amma bu qayda əvvəlcədən qoyulub. Ona görə dəyişiklik barədə düşünməmişəm.
- Amma bu gün düşündünüz. İcazənizlə, artıq bir işçiniz olaraq fikrimi bildirmək istəyirəm.
- Buyurun.
- Əgər burada qayda olacaqsa, bu hər kəsə aid olmalıdır. Mənə görə dəyişən qayda, hər işçiyə şamil edilməli və rəsmən elan olunmalıdır. Əks halda…
- Əks halda nə? Mənim qarşıma şərt qoyursunuz? – deyə qaşlarını qaldırdı.
- Xeyir, əlbəttə ki, yox. Sadəcə ədalətsizlik və haqsızlığa göz yuma bilmərəm. Hətta bu mənim xeyrimə olsa belə.
Elgin bəy bir neçə saniyəlik düşündü və sonra dedi:
- Sizinlə razıyam, Lalə xanım. O zaman sabah işə başlayın. Çıxarkən Naibə xanıma çatdırın ki, axşam saat 17:00-da bütün işçilər iclas zalında toplansın. Yeni qaydanı hər kəsə bəyan edəcəyəm.
Mən sevincək halda təşəkkür etdim:
- Böyük məmnuniyyətlə!
Otaqdan çıxıb, Naibə xanımın yanına getdim və Elgin bəyin tapşırığını ona çatdırdım. Evə gələndə Naibə xanımın dediklərinin doğru olduğunu hiss etdim. Elə bil, bu gün şans məndən yana idi.
- Lalə xanım, sözünüzü kəsdiyim üçün üzr istəyirəm. Hal-hazırda da orada işləyirsiniz?
- Bəli, işləyirəm.
- Bəs yoldaşınızı necə razı sala bildiniz? Axı demişdiniz ki, o qəti şəkildə razı deyil.
Lalə dərin bir ah çəkdi:
- Heç razı olmadı ki… Evə qayıdanda ilk iş, anamı xəbərdar etdim. O da məni təbrik edib soruşdu ki, Samirə demisən? “Yox” dedim. Anam təkid etdi ki, ona özüm deyim, başqasından eşitməsin. Razılaşdım. Görüş vaxtı Samirin yanına getdim.
- Salam, Samir, əzizim, necəsən?
- Salam, yaxşıyam, sən necəsən?
Başıma gələnləri necə deyəcəyimi düşünürdüm. Birdən, Samir diqqətlə üzümə baxıb soruşdu:
- Hə, de görüm, nə olub? Sözlü adama oxşayırsan.
- Samir, əzizim, deməyinə deyəcəyəm, amma xahiş edirəm, qışqırma. Məni anlamağa çalış…
Elə bunu demişdim ki, üzümə baxıb elə bil hiss etdi:
- İşə düzəlmisən?
- Hə… Kitabxanada.
Samir dərhal ayağa qalxdı:
- Mən sənə nə demişdim? O işə getməyəcəksən!
Bu sözləri deyib, cavab gözləmədən çıxıb getdi. Amma qapıdan çıxarkən dayandı, geriyə çevrilib sərt bir səslə əlavə etdi:
- Atdığın hər addımdan xəbərim olur!
O getdi, mən isə yerimdə donub qaldım…
- Bəs sonra?
- Mən artıq sevinc və kədəri eyni anda yaşamağa öyrəşmişdim. Hər dəfə çətinliklərlə qarşılaşanda, vəziyyəti qəbul edib, bir çıxış yolu tapmağa çalışırdım. Bəlkə də, bugünkü xoş günlərimi məhz bu xüsusiyyətimə borcluyam. Amma indi çətin bir qərar verməli idim. Elgin bəyə nə deyəcəkdim? Axı o, mənə görə illərdir dəyişmədiyi bir qaydanı dəyişmişdi… Mən isə işləyə bilməyəcəyimi bildirməli idim.
Səhəri gün kitabxanaya getdim. Əvvəlcə Elgin bəyin gəlib gəlmədiyini soruşdum. Hələ işə gəlmədiyini dedilər. Kitablarla başımı qatdım. Bir az keçmişdi ki, qapı açıldı və Elgin bəy içəri daxil oldu. Hamıya başı ilə salam verib birbaşa otağına yönəldi.
Bir az gözlədim, sonra çəkinərək qapısını astaca döydüm.
- Buyurun!
İçəri keçib ehtiyatla soruşdum:
- Vaxtınız varsa, sizinlə danışmaq istərdim.
- Buyurun.
Hələ sözə başlamamış o danışdı:
- Əgər dünənki məsələni deyirsinizsə, iclasda bununla bağlı hamıya təlimat vermişəm.
Bu sözləri eşitdikcə utanır, başımı qaldırıb üzünə baxmağa cəsarət etmirdim. Elgin bəy, bunu hiss etdi:
- Siz deyəsən başqa bir məsələ üçün gəlmisiniz? Buyurun, sizi dinləyirəm.
Başımı astaca tərpətdim:
- Bəli… Elgin bəy, məni bağışlayın, amma mən burada işləyə bilməyəcəyəm. Xahiş edirəm, yerimə başqa bir işçi axtarasınız.
Elgin bəy təəccüblə üzümə baxdı:
- Sizi başa düşə bilmirəm. Dünən bir söz deyirdiniz, bu gün tamam başqa… Düzlükdən danışırdınız, indi isə dedikləriniz bir-birini təkzib edir.
- Haqlısınız… Amma inanın, mən bu işdə işləməyi çox istəyirdim. Çox çalışdım, amma alınmadı. İşləyə bilməməyimin əsaslı səbəbləri var. Sadəcə, deyə bilmirəm…
- Bəlkə desəniz, sizə kömək edə bilərəm?
- Yox, inanın, bu sizlik deyil. Şəxsi səbəblərdir… İcazənizlə, mən gedim.
Ayağa qalxdım, üzümü çevirib qapıya tərəf getdim. Tam çıxmaq üzrə idim ki, Elgin bəyin səsi məni dayandırdı:
- Səbəbi söyləyin. Bəlkə sizə elə bir iş təklif edəcəyəm ki, evdən çıxmadan da işləyə biləsiniz…
Bu sözləri eşidəndə ayaq saxladım. Dodaqlarımı bir-birinə sıxıb nə deyəcəyimi düşündüm. Qapının dəstəyini artıq tutmuşdum, amma içimdə bir tərəddüd vardı. Yavaşca arxaya çevrildim və Elgin bəylə göz-gözə gəldim. O, ciddi nəzərlərlə mənə baxırdı.
- Evdən çıxmadan? – heyrətlə soruşdum.
- Bəli. Amma əvvəlcə səbəbi bilmək istəyirəm.
Ətrafa baxdım. Sanki otaqdakı divarlar belə məni dinləyirdi. Dərindən nəfəs aldım, özümü toplayıb çətinliklə dilləndim:
- Yoldaşım icazə vermir…
Elgin bəyin baxışları düşüncəli bir hal aldı. Sonra sakitcə dedi:
- Başa düşdüm… Deməli, siz bu işi doğrudan da sevirsiniz, amma ailəvi səbəblər buna mane olur.
Başımı tərpədib təsdiqlədim. O, kreslosunda arxaya yaslanıb bir qədər düşündü.
- Yaxşı, o zaman belə edək. Kitabxanamızın bir neçə layihəsi var ki, onları onlayn formada idarə etmək mümkündür. Siz evdən çıxmadan da, kitabxana üçün çalışa bilərsiniz. Məqalələr, araşdırmalar, elektron kataloqlar üzərində işləyərsiniz. Sizin kimi ədalətli bir işçini itirmək istəmirəm.
Təəccüblə gözlərimi böyütdüm. Bu, mənim heç ağlıma gəlməzdi!
- Doğrudan? Mən… mən bunu edə bilərəm?
Elgin bəy, gülümsədi:
- Əlbəttə. Siz sadəcə düşünün və qərarınızı verin. Əgər razı olsanız, sabahdan yeni iş rejiminiz başlayar.
Sevinclə başımı yellədim:
- Razıyam! Çox sağ olun, Elgin bəy! Mənə qarşı bu qədər anlayışlı olduğunuz üçün minnətdaram!
- Əsas odur ki, siz razı olasınız. İndi isə gedin, yaxşıca düşünün, ailənizlə məsləhətləşin. Sabah sizdən cavab gözləyirəm.
Səhəri gün günorta saatlarında Samirlə görüşə getdim. Əslində bu görüşü almaq o qədər də asan olmadı. Çünki bir gün öncə, onunla artıq görüşmüşdüm. Bu dəfə icazə almaq çətin idi. Hər halda, bir yol tapıb razılıq ala bildim.
Görüş otağına daxil olmazdan əvvəl, həyəcanla əllərimi sıxaraq Samirin reaksiyasını düşünürdüm. O, artıq orada idi. Ağır addımlarla irəliləyib qarşısındakı stulda əyləşdim.
- Salam, Samir. Necəsən? – deyə ehtiyatla soruşdum.
- Salam. Yaxşıyam. Nə isə olub? Ard-arda yanıma gəlmisənsə, deməli, vacib bir sözün var.
Samirin gözlərindəki ifadədən onun artıq söhbətin hansı istiqamətə gedəcəyini hiss etdiyini anladım.
- Yenə o iş məsələsidir?
Başımıla təsdiqlədim.
- Samir, mən… bilirəm, işləməyimi istəmirsən. Amma, mənə elə bir iş təklif edildi ki, evdən çıxmağa ehtiyac yoxdur.
Samirin üzündə qəribə bir sakitlik vardı. Barmaqlarıyla masanın kənarında yavaş-yavaş döyəcləyir, sanki beynində dolaşan fikirlərin ritmini təkrarlayırdı.
- Necə yəni evdən çıxmadan?
- Onlayn sistem vasitəsilə. Kitabxanaya getmədən araşdırmalar aparmalı, məqalələr yazmalı və kitablar haqqında məlumatlar toplamalıyam.
- Yəni heç yerə getməyəcəksən?
- Xeyir, getməyəcəm. Bəlkə ayda bir dəfə nə isə vacib işim olsa, gedə bilərəm.
- İş sənin nəyinə gərəkdir?
- Samir, sən də buradasan, mən necə dolanım? Ata evinə də, qayıda bilmirəm. Tək çarəm işləməkdir.
Onu yumşaltmaq üçün əlavə etdim:
- Amma sənin razılığın olmadan heç bir işdə işləmək istəmirəm.
Bu sözlərim onu bir az sakitləşdirdi. Gözlərini gözlərimə dikdi, amma bu dəfə orada qəzəbdən çox mərhəmət gördüm.
- Yaxşı… Amma müvəqqəti olduğunu unutma. Və bunu sənə o gün də dedim. Bilirsən ki, atdığın hər addımdan xəbərim olacaq.
Eşitdiklərimə inana bilmirdim. Sevinclə ard-arda bir neçə dəfə ona “çox sağ ol” dedim. O isə başını tərpədib qalxaraq otaqdan çıxdı.
Yenə Naibə xanımın dediyi o sözlər yadıma düşdü: “Şans sizdən yanadır artıq, deyəsən…”
Lalə danışdıqca üzümə təbəssüm yayılırdı. Mən də onun sevincinə şərik çıxırdım. Bir anlıq sözünü kəsib dedim:
- Lalə xanım, belə mübariz bir insan olmağınızı görmək məni qürurlandırır. Demək, nəhayət, həyatınızda intibah dövrünə keçid edə bildiniz.
Amma o anda Lalənin təbəssümündə bir kinayə sezdim. Çaşdım. Deyəsən, yanılmışdım.
- Buyurun, davam edin…
- Humay xanım, əslində mən də sizin kimi düşünürdüm. Amma…
- Aha, nə “ammadır”?
Tam da söhbətin ən maraqlı yerində seansın vaxtının bitdiyini bildirdilər. Məyus oldum, amma Lalə bunu hiss edib gülümsədi:
- Narahat olmayın, Humay xanım. Növbəti seansda qaldığımız yerdən davam edərik.
O, sağollaşıb otaqdan çıxdı. Lakin dəhlizdə kiminləsə danışdığını eşitdim. Qapıya yaxınlaşanda gördüm ki, Cəsurla söhbət edir. Lalə, ona təşəkkür edirdi. Deyəsən, bu, onun qaçırılma məsələsinə görə idi. Sakitcə sağollaşıb ayrıldılar. Cəsur məni qapının yanında görəndə başı ilə salam verib mənə doğru yaxınlaşdı.
- Bilirəm, bu gün bizim seansımızın vaxtı deyil. Heç ona görə də gəlməmişəm.
Təəccüblə ona baxdım.
- Humay xanım, mən bura onu deməyə gəlmişəm ki, artıq seanslara gələ bilməyəcəm. Amma sizə minnətdaram. Sizin sayənizdə universitetə girməsəm də, həyatın sonu olmadığını anladım. Bacarıqlarımı kəşf etdim və artıq öz brendimi yaratmaq üzrəyəm. Bu inamı mənə aşıladığınız üçün bir daha təşəkkür edirəm.
Sözləri məni sevindirdi. Qarşımda artıq güclü və cəsarətli bir Cəsur dayanmışdı.
- Cəsur, sənin uğurlarını eşitmək məni çox xoşbəxt edir. Düzdür, son iki seansımız qalmışdı, onların da olmasını istərdim. Amma, eybi yox… Yenə də uğurların bol olsun! Brendini dünyaya tanıdasan!
- Çox sağ olun, Humay xanım, minnətdaram!
O, gülümsəyərək otaqdan çıxdı…
(Sabah sizlərə 7-ci hissə təqdim ediləcək)
“Ədəbiyyat və incəsənət”
(25.05.2026)
Eşidə bilirsinizmi məni? -Minarə İskəndər üçün elegiya
Şəfa Vəli,
“Ədəbiyyat və incəsənət”
İnsanlar ilk yolu getmək üçün salıb...
İlk yolçu da üzü o yana gedib...
...Arzumuza, duyğumuza, umacağımıza, doyacağımıza qatbaqat, rəngbərəng don geyindiririk ha, yolu da elə bələdik-hərəsinə ayrı ad qoyduq, hərəsiylə kimisə uğurladıq. Amma bilmədik ki, özümüzdən getdiyimiz, özümüzdən keçdiyimiz kimi kimsə getmədi bizdən, kimsə keçmədi bizdən...
Minarə İskəndər də keçdi bizdən... Hərəmiz bir qapı olduq ona-hərəmizdə bir ayrı dünya içrə dünya, insan içrə insan gördü... O, bizdən nə apardı, bilmirəm, bizə qoyduğu çox şey oldu. Təkcə əl izi qalmadı qapı-varlığımızda... Şeiri qaldı, dünyanı ölçüb-biçdiyi dərzi-düşüncələri qaldı, bəzən qəfildən yadımıza düşərək ruhumuzu kəsən qayçı-misraları qaldı...
Dünyanın aşiqliyini də, məşuqluğunu da hamarlığı-nahamarlığınadək dərk etmişdi Minarə xanım. Bilirdi ki, nə fələyə, nə ürəyə etibar var. Bilə-bilə də, deyirdi:
Çiskin yağışlarla dolmadı gölüm,
Dağdan gələn güclü sel dəlisiyəm.
Çünki o selin qarşısında dayanmaq üçün çırpınmırdı... O seldən sonra qalan ömür izində onu tanıyanlara “ümid” adlı yaşıllıq göyərtməyin çırpınışındaydı... Və anlayırdı, bizə də anlatmaq istəyirdi ki, ömür yolunu hər an yarğana döndərə biləcək seldədir mütləq həqiqət...
...İnsan dünyanın ətəyindən necə yapışırsa ikiəlli, o cür yapışmışdı Minarə İskəndər şeirdən. Dünyanın faniliyini şeirin əbədiliyinə bələmək istəyirdi:
Mürgüləmir, gecə-gündüz oyaqdır,
Dərdləri bol, gözləri qəm şeirimin...
40 gündür şeirləri üşüyür Minarə İskəndərin... Və biz, xatırladığımız qədər, ilk dəfə görürük bələkdəkinin deyil, bələyin üşüdüyünü... Minarə xanım varlığı ilə şeirə nə qatdısa, yoxluğu ilə də onu qatdı-yoxluğunu anladanda da rübəndli duyğulardan qaçammırıq...
Nə yazdısa, Tanrıdan gələn halal şair payıydı. Bircə, gərək, bunu deməyəydi:
Desən, “and verirəm öz vicdanına”,
Kiminsə xətrinə dəyir, inciyir.
...Bircə, gərək, bu misraları heç kitaba da salmayaydı... Heç o kitabın adını da “Yadına düşürəmmi?” qoymayaydı... Kimin yadından çıxar axı onun səhəri şeirlə açmağı, naharda şeir paylaşmağı, gecəyə xatirə yerinə şeir ərməğan etməyi?
“Ölüm adiləşib...” –bizi bu cümləylə üz-üzə qoydu ikicə misrayla... Vicdanımıza and verdiyinə görə, ondan incidik hardasa, öz vicdanımızın müharibə meydanında Davud olmaq yerinə... Qolyatı yıxacaq bir damcı duruluq lazımdır axı... Demirəm ki, heç birimizin vicdanında o bir damcı duruluq yoxdur... Bunu demirəm... Bizim o duruluğu axtarmaq, o duruluğa güvənmək çəkincənliyimizdən danışıram. Axı bu ehtimal da var: “Ya tapmasaq?”
Bəlkə də, Minarə xanım bu bəşər çəkincənliyini ovuclamışdı Tanrı payından, ona görə yazmışdı: “Bu eşqi kağızda öyənlərdənəm...” Hə, çəkincənliyimizin də adı eşqdir! Dünyaya eşq elan edib unuduruq daxilimizi... Ya da, elə nəyimiz varsa, onu unutmaq üçün özümüzü dünyaya aşiq olmuş kimi göstəririk, nə bilim...
Bunları Minarə xanımla üz-üzə heç vaxt danışmadım...
Əlimdən keçən kitablarının nəşrə hazırlanma prosesində gecələrcə votsaplaşdıq, yazışdıq, səsləşdik, amma... Eşikdə dan ağaranda bir-birimizə şirin yuxular arzuladığımız çox oldu... Zəngli saatım çalarkən oyandığımda, görürdüm, Minarə İskəndər yeni şeir paylaşıb-aşiq olduğu dünya yenə onu yatmağa qoymayıb...
Bəzən sevinc yedim, bəzən qəm yedim,
Yalan eşqi ömrümə məlhəm dedim.
Ürək daha dözmür belə, qoy gedim...
...Gedəcəyini necə də rahat, şeirinə qatıb demişdi...
Gedəndə “qismət” dedik ha, orda da utandırdı bizi Minarə İskəndər... Məcbur etdi ki, “Qismət məhəbbət deyil...” misrasını xatırlayaq.
-Minarə İskəndəri sevirdikmi?
-Deyəsən, hə...
-Bəs niyə bir dəfə bunu onun özünə demədik?
-Vaxtımız çatmadı...
-Gəl, bir təsəlli verim sənə. Sevdiyimizi deməyə vaxt tapmasaq da, sevməyə vaxt tapdıq...
...Həmsöhbətimiz özümüz olanda da qorxuluyuq, qəddarıq...
Sığındığımız yenə şeir olsun... Minarə xanımın şeiri:
Sarar ürəyini qatı viranlıq,
Ora işıq saçan xatirələrdir.
...Bu yaz siz olmadan gəldi, Minarə xanım. Bu yaz yağışlara şeir yazmadınız deyə, əl çəkmirlər, bəlkə də. Sevdiyiniz yağışları kimə əmanət etdiniz gedərkən? Kimə tapşırdınız ki: “Məndən sonra bu yağışa şeir yaz!” Kimə?
Eşidə bilirsinizmi məni? Oxuya bilirsinizmi yazdıqlarımı?
Amma mən sizi eşidirəm... Və dediklərinizə əməl edəcəyəyəm: haçan adınız gəlsə dilimin ucuna, şeirlərinizdə tapacağam sizi!
Siz oradasınız!
Və bizimləsiniz!
“Ədəbiyyat və incəsənət”
(25.05.2026)
Daşların yaddaşı, müharibənin nəfəsi: “Qala”
Murad Vəlixanov,
"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
2008-ci ildə ekranlaşdırılan “Qala” filmi, rejissor Şamil Nəcəfzadə tərəfindən çəkilmiş və Azərbaycan kinosunda müharibə, yaddaş və milli kimlik mövzusunu fərqli dillə təqdim edən ekran əsərlərindən biridir. Bu, adi müharibə filmi deyil. Burada güllədən çox xatirələr, dağıntıdan çox insanın içində baş verən sarsıntılar danışır.
Filmdə nədən söhbət gedir?
Hadisələr 1990-cı illərin ağır dövründə — müharibə təhlükəsinin hiss olunduğu bir zamanda, dağların arasında yerləşən ucqar sərhəd kəndində baş verir. Kəndin yaxınlığında qədim bir qala var. Zaman keçdikcə baxımsız qalan bu tarixi abidənin daşlarını kənd camaatı söküb öz evlərini tikməyə başlayıb. Tarix yavaş-yavaş unudulur.
Bir gün kəndə tarixi film çəkmək üçün kino qrupu gəlir. Onların bu qalaya göstərdiyi maraq kənd sakinlərinin baxışını dəyişməyə başlayır. İnsanlar anlayır ki, sökdükləri daş sadəcə daş deyil — keçmişin yaddaşıdır.
Amma film burada dayanmaz. Kənd sərhəddədir və düşmən təhlükəsi yaxınlaşır. Bir gün kəndin boşaldılması xəbəri gəlir. Hamı kəndi tərk edir. Lakin çəkiliş qrupundan biri qalada qalmaq qərarına gəlir. Onun dediyi fikir filmin əsas ruhuna çevrilir:
“Nə qədər qaçacağıqsa, bizi bir o qədər qovacaqlar.”
Qala burada sadəcə tikili deyil
Filmdə qala canlı obraz kimidir.
O, əsrlərin şahididir.
Müharibələri görüb.
İnsanların qorxusunu, qaçışını, xəyanətini və qəhrəmanlığını yaddaşında saxlayıb.
Rejissor Şamil Nəcəfzadə qaladan bir metafora kimi istifadə edir:
Qala — vətənin, yaddaşın və müqavimətin rəmzidir.
Əgər insanlar öz tarixini söküb dağıdırsa, sabah öz kimliyini də itirə bilər.
Müharibədən daha ağır olan nədir?
Film təkcə silahlı qarşıdurmadan danışmır. Burada daha ağır mövzu var:
İnsan öz keçmişini unutmağa başlayanda nə baş verir?
Kənd camaatı əvvəl qalaya lazımsız xarabalıq kimi baxır. Amma təhlükə yaxınlaşdıqca anlayırlar ki, insanı ayaqda saxlayan təkcə ev deyil — yaddaşdır.
Filmin əsas ideyası
“Qala” bir həqiqəti xatırladır:
Torpaq yalnız üzərində yaşadığın yer deyil. Onun yaddaşı da qorunmalıdır.
Qalanı itirmək təkcə bir divarı itirmək deyil — tarixini, keçmişini və özünü unutmaqdır.
Yekun
Bəzən ən böyük müharibə silahla olmur.
Bəzən insan öz yaddaşını qorumaq üçün savaşır.
Qala bizə bunu deyir:
"Tarixini qorumağı bacarmayan xalq, sabah özünü qorumaqda da çətinlik çəkər"
“Ədəbiyyat və incəsənət”
(25.05.2026)
“Göy üzü mavi bir ümid libası...” - Xəyalə Şirvanlı
Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
İstəkli oxucularımıza daha bir istedadlı gəncimizi tanıtmaq istəyirəm. Gənc şairə Xəyalə Şirvanlı 22 sentyabr 1994-cü ildə Hacıqabul rayonunun Qızılburun kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. 2011–2014-cü illərdə 2 №-li Bakı Baza Tibb Kollecinin Mama fakültəsini bitirmişdir. Təhsilini başa vurduqdan sonra bir neçə özəl xəstəxanada çalışmışdır. Hazırda isə Bakı şəhəri, Qaradağ rayonu, 32 saylı şəhər poliklinikasında uşaq sahəsi üzrə tibb bacısı kimi fəaliyyət göstərir.
Sözə və sənətə olan bağlılığı ailə köklərindən gəlir. O, tanınmış sənətkar Aşıq Baba Şirvanlının nəvəsidir. Babasının sənət yolunu və adını yaşatmaq məqsədilə “Şirvanlı” təxəllüsünü götürüb.
Uşaqlıq illərindən poeziyaya və bədii qiraətə böyük maraq göstərib. Hələ 2007-ci ildə kənd məktəbinin açılış mərasimində mötəbər qonaqların, o cümlədən UNESCO nümayəndələrinin və Anar Ələkbərovun qarşısında çıxış edən yeganə şagird olub.
Bu gün də yaradıcılığında həm öz qələm nümunələrinə, həm də klassik və müasir poeziyanın bədii səsləndirilməsinə xüsusi yer ayırır. Əsas məqsədi mənəvi dəyərləri və sözün hikmətini özünəməxsus ruhla geniş auditoriyaya çatdırmaqdır.
VƏTƏN SEVDASI
Bir ana laylası, bir vətən eşqi,
Ruhumun ən dərin qatında gizli.
Mənə bəxş edilən bu ömür mülkü,
Sənin torpağında, daşında gizli.
Göy üzü mavi bir ümid libası,
Ay-ulduz alnımın nuru, ziyası.
Şəhid qanı ilə boyanan rəngi,
Vətən, bayrağımın şanında gizli.
Sən mənim canımda döyünən ürək,
Qəlbimdə açılan tər çiçəksən, yar!
Səni sevmək üçün and içmək gərək,
Sənin hər dərdini, bir ana duyar.
Bir vaxt uşaq idim, dilimdə Muğan,
İndi bir sevdayam, eşqimlə yanan.
Sənin hər zəfərin, hər xoş sorağın,
Mənim bu dünyada ən böyük payım.
Gözlərim önündə ucalan bayraq,
Qoymaz ki, ruhumu bir qəm bağlasın.
Sən ana qucağı, ey ana torpaq,
Vətən deyib bu can necə yanmasın?
Vətən gülşənində solmaz bir lalə,
Bu eşqə vurulan mənəm — Xəyalə
O İŞIQ YANIRSA...
Bir evdə bir işıq yanırsa əgər,
Sanma ki, bəxtəvər, şəndir o ocaq.
Bəlkə fırtınadan gəlib bir xəbər,
Bəlkə min bir dərdi gizləyir bucaq...
Kimə bəllidir ki, o nurun altda,
Hansı qırıq qəlbin ah-zarı yatır?
Bəlkə bu amansız, daş kainatda,
Bir ruh təkbaşına zülmətə batır.
O parlaq pəncərə — bir sükut dağı,
İçində boğulan fəryadlar gizli.
Gülüşlər — üzlərin yalançı bağı,
Gözlərsə kədərdən, qubardan izli.
Mən şair ruhumla o oda baxdım,
Gördüm ki, sönməyən tək bir ümiddir.
Özümü o evin içində yaxdım,
Anladım: o işıq sonuncu bənddir.
“Ədəbiyyat və incəsənət”
(25.05.2026)
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində intellektual yarış təşkil edilmişdir
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
M.F.Axundzadə adına Oğuz rayon Mədəniyyət Mərkəzində Oğuz Rayon İcra Hakimiyyətinin, Oğuz rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun dəstəyi ilə məktəblilər arasında "Şəhərsalma və Memarlıq İli” çərçivəsində intellektual və yaradıcılıq istiqamətində "Şəhərsalma salnaməsi: dünənin irsi, sabahın memarılığı" adlı yarışma təşkil edilmişdir.
Yarışmada Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Elvin Qarayev çıxış edərək yarışın məqsədi barədə məlumat vermiş, çıxış edəcək komandalara uğurlar arzu etmişdir.
Yarışmada 11 ümumtəhsil məktəbinin komandası iştirak etmişdir. Yarışma intellektual və yaradıcılıq mərhələlərində davam etmişdir.
İntellektual oyunun nəticələrinə əsasən I yeri Oğuz şəhər Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü liseyin komandası tutmuşdur.
Yaradıcılıq mərhələsində isə Oğuz rayon Şirvanlı tam orta məktəbin komandası dövrün tələblərini özündə əks etdirən memarlıq nümunəsini əldə olan kağız məmulatlarından istifadə etməklə daha operativ və yaradıcı şəkildə hazırlayaraq qalib olmuşdur.
Tədbirin sonunda qalib komandalara və iştirakçılara medal, hədiyyə və təşəkkürnamələr təqdim edilmişdir.
“Ədəbiyyat və incəsənət”
(25.05.2026)
İçimdə susmayan hayqırtı
Rəqsanə Babayeva,
”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
İnsan bəzən özünü dünyanın ən gurultulu yerində belə tənha hiss edir. Ətrafında minlərlə insan danışır, küçələr səslə dolur, ekranlar işıq saçır, sosial şəbəkələrdə hamı gülümsəyir, amma insanın içində elə bir səssizlik yaranır ki, o səssizlik zamanla hayqırtıya çevrilir. Mənim içimdə də susmayan bir hayqırtı var. Elə bir səsdir ki, gecələr yata bilməyəndə beynimin divarlarına çırpılır, gündüz insanların içində gülümsəməyə çalışanda belə gözlərimin arxasında yaşayır. Bu hayqırtı bəzən sual olur, bəzən üsyan, bəzən dua, bəzən isə sadəcə anlaşılmaq istəyi.
Mən bu dünyanın saxtakarlığından yorulmuşam. İnsanların bir-birinə baxıb gülümsəyərək içində nifrət daşımasından, sevgini dillərində yaşadıb qəlblərində öldürməsindən, dürüstlükdən danışıb hər fürsətdə maska taxmasından yorulmuşam. Mən həmişə səmimi həyat axtarmışam. Elə bir həyat ki, insan özünü gizlətməsin. Göz yaşını gizlətməsin. Qırıldığını gizlətməsin. “Mən yaxşıyam” deyib içində parçalanmasın.
Amma yaşadığım dünya ilə yaşamaq istədiyim dünya bir-birinə çox uzaqdır. Mən ruhumun içində başqa bir dünya daşıyıram. O dünyada insanlar bir-birini yaralamadan danışır. O dünyada sevgi qarşılıq gözləmədən verilir. O dünyada insanın dəyəri geyindiyi paltarla, qazandığı pulla, tanıdığı insanlarla ölçülmür. O dünyada bir insanın yorğun baxışları belə anlaşılır.
Bəzən küçədə insanlara baxıram. Hamı harasa tələsir. Hamı nəyisə çatdırmağa çalışır. Amma heç kim öz ruhuna çatmır. Heç kim içindəki boşluğun qarşısında dayanmır. İnsanlar qorxur. Özləri ilə üz-üzə qalmaqdan qorxurlar. Çünki insan öz içində gizlətdiyi həqiqətlə qarşılaşanda bütün saxta dayaqları çökür.
Mən dəfələrlə özümlə üz-üzə qalmışam. Gecənin ən səssiz saatlarında tavana baxaraq düşünmüşəm: “Niyə mən?” Bu sual təkcə ağrının sualı deyil. Bu, anlam axtarışıdır. İnsan niyə doğulur? Niyə sevir? Niyə itirir? Niyə qırılır? Niyə bəzi insanların həyatı başdan sona mübarizədir?
Mənim içimdəki üsyan Allaha qarşı nifrət deyil. Əksinə, Allahı görmək istəyidir. Mən Onunla danışmaq istəyirəm. Soruşmaq istəyirəm: “Məni niyə belə yaratdın? Niyə ruhuma bu qədər həssaslıq verdin? Niyə məni hər kəsin görmədiyini görən biri etdin? Niyə insanların içindəki saxtalığı hiss edəcək qədər dərin qəlb verdin?”
Bəzən düşünürəm ki, həssas insanlar bu dünyanın ən ağır yükünü daşıyır. Çünki onlar yalnız öz ağrılarını yaşamırlar. Başqalarının da ağrısını hiss edirlər. Bir insanın gözündə gizlətdiyi kədəri anlayırlar. Bir cümlənin arxasında gizlənən yorğunluğu hiss edirlər. Və bu hiss etmə qabiliyyəti zamanla insanı yorur.
Mən çox insan gördüm. Gülən insanlar gördüm, amma gözlərində qaranlıq vardı. “Xoşbəxtəm” deyən insanlar gördüm, amma gecələr tək qalanda içlərində dağılmış şəhərlər yaşayırdı. İnsanlar özlərini gizlətməyi öyrəniblər. Çünki bu dünya zəif görünən insanı bağışlamır.
Mən isə gizlənmək istəmirəm. Mən həqiqi olmaq istəyirəm. Qırılmışamsa, qırılmışam demək istəyirəm. Yorulmuşamsa, yoruldum demək istəyirəm. Ağlayıramsa, utanmadan ağlamaq istəyirəm. Çünki insanın ən böyük faciəsi hisslərini öldürməsidir.
Bu əsrdə insanlar duyğularını itirirlər. Texnologiya inkişaf etdikcə insan ruhu geriyə gedir. Bir mesajla sevgilər başlayır, bir “görüldü” ilə münasibətlər bitir. İnsanlar bir-birini dinləmir. Sadəcə cavab vermək üçün gözləyirlər. Həqiqətən dinləyən insan tapmaq isə möcüzəyə çevrilib.
Mən bəzən sadəcə danışmaq istəyirəm. Heç kim qarşı çıxmadan. Heç kim məni dəyişdirməyə çalışmadan. Sadəcə dinləsin. İnsan bəzən məsləhət istəmir. Sadəcə ruhunun eşidilməsini istəyir.
Ən ağır tənhalıq insanın anlaşılmamasıdır. Sənin içində qopan fırtınaları heç kimin görməməsidir. İnsanlar bəzən “hər şey keçəcək” deyirlər. Amma bəzi ağrılar keçmir. Sadəcə insan o ağrıyla yaşamağı öyrənir.
Mənim ruhumda da keçməyən yaralar var. Uşaqlıqdan gələn susqunluqlar, cavabsız qalan suallar, yarım qalan sevgilər, içimdə boğduğum qışqırıqlar… İnsan böyüdükcə yalnız yaşı artmır. İçində daşıdığı yük də artır.
Hər insanın görünməyən bir savaş meydanı var. Kimi ailəsi ilə savaşır, kimi yoxsulluqla, kimi sevgisizliklə, kimi öz içindəki qaranlıqla. İnsanların çoxu gülümsəyərək yaşayır, amma içində hər gün ölür.
Mən bu dünyada ən çox saxta münasibətlərdən qorxdum. İnsanların bir-birini istifadə etməsindən, sevgini alış-verişə çevirməsindən, dostluğu marağa qurban verməsindən qorxdum. Mən həmişə saf münasibət axtardım. Elə bir insan ki, məni olduğum kimi qəbul etsin. Mən danışanda hökm verməsin. Mən susanda səbəbini hiss etsin.
Bəzən düşünürəm ki, insanın ən böyük ehtiyacı sevilmək deyil, anlaşılmaqdır. Çünki səni anlamayan bir sevgi zamanla yorur. İnsan öz ruhunu gizlətməyə başlayır. Özünü oynayır. Maskalar taxır.
Amma mən maskalarla yaşamaq istəmirəm.
Mən içimdəki bütün qaranlığı, bütün qorxuları, bütün yaraları ilə görünmək istəyirəm. Çünki həqiqi insan olmaq cəsarət tələb edir.
Mən həyatın çətinliklərindən qaçmadım. Əksinə, hər çətinlik məni bir az daha dəyişdirdi. Bəzən düşündüm ki, artıq davam edə bilmərəm. Amma insan qəribə varlıqdır. Ən qırıldığı anda belə ayağa qalxmağa məcbur olur.
Həyat mənə çox şey öyrətdi. İnsanların dəyişdiyini öyrətdi. “Əbədi” deyilən hisslərin belə bitdiyini öyrətdi. Bəzən ən çox güvəndiyin insanın səni yaralaya biləcəyini öyrətdi.
Amma həyat mənə başqa bir şey də öyrətdi: insan nə qədər qırılsa da, içində yenidən sevmək istəyən bir tərəf qalır.
Mən bəzən Allahla səssiz söhbətlər edirəm. Dua kimi deyil, daha çox içimdəki yaraların danışığı kimi. Soruşuram:
“Ey Allah, niyə insanları bu qədər bir-birindən uzaq yaratdın? Niyə hər kəs öz həqiqətini gizlədir? Niyə səmimi insanlar daha çox sınanır?”
Cavab almıram.
Amma bəzən gecənin dərinliyində qəribə bir sakitlik gəlir. Elə bil Allah cavabı sözlə yox, hisslə verir. İnsan tamamilə tək qalmır. Ən qaranlıq gecədə belə içində balaca bir işıq qalır.
Bəlkə də insanı yaşadan elə o işıqdır.
Mən çox yorulmuşam. Ruhən yorulmuşam. İnsanların dəyişməsindən, münasibətlərin səthiləşməsindən, hər şeyin maddiyyata çevrilməsindən yorulmuşam. İndi insanlar bir insanın qəlbinə yox, faydasına baxır.
Halbuki insanın ruhu pula toxunmur. Ruh başqa şeylərlə yaşayır. Bir səmimi baxışla. Bir içdən gələn cümlə ilə. Bir səni həqiqətən dinləyən insanla.
Mənim ən böyük aclığım məhz budur: səmimiyyət.
Mən saxta gülüşlərdən bezmişəm. Sosial şəbəkələrdə nümayiş etdirilən saxta xoşbəxtliklərdən bezmişəm. İnsanlar həyatlarını film səhnəsinə çeviriblər. Hər kəs mükəmməl görünməyə çalışır. Amma heç kim həqiqi olmaq istəmir.
Halbuki insanın ən gözəl tərəfi qüsurlarıdır.
Bir insanın ağlaması, qorxması, yorulması onu zəif etmir. Onu insan edir.
Mən çox vaxt özümü bu dövrə aid hiss etmirəm. Elə bil yanlış zamanda doğulmuşam. Mən ruhların daha təmiz olduğu zamanları xəyal edirəm. İnsanların bir-birinə məktub yazdığı, gözləməyin dəyər olduğu, sevgilərin daha səssiz və daha dərin yaşandığı zamanları.
İndi isə hər şey sürətlidir. Sevgi də, ayrılıq da, unutmaq da.
İnsanlar bir-birinin həyatından bir mesaj qədər tez çıxır.
Bu sürət ruhumu yorur.
Mən dayanmaq istəyirəm. Dərin nəfəs almaq istəyirəm. Özümü hiss etmək istəyirəm. İnsanların içində itib getmək yox, öz ruhuma yaxınlaşmaq istəyirəm.
Bəzən düşünürəm ki, insan niyə bu qədər ağrı yaşayır? Niyə həyat bu qədər ağırdır? Niyə bəzi insanlar rahat yaşayarkən, bəzi insanlar hər gün ruhuyla savaşır?
Bəlkə də həyatın cavabı yoxdur.
Bəlkə də insan cavab tapmaq üçün yox, yaşamaq üçün göndərilib.
Amma yenə də içimdə susmayan suallar var.
Mən Allahı görmək istəyirəm.
Bu istək qorxudan deyil. Sadəcə anlamaq ehtiyacındandır. İnsan bəzən yaradıldığı səbəbi bilmək istəyir. Çünki səbəbsiz ağrı insanı dəli edir.
Əgər bütün bu çətinliklərin bir mənası varsa, niyə onu görə bilmirik?
Əgər hər yaranın bir hikməti varsa, niyə insan o yaranın içində boğulur?
Mən bilirəm ki, bu sualları milyonlarla insan verib. Amma hər insan öz ağrısını ilk dəfə yaşayırmış kimi hiss edir.
İnsan ağrıda tək qalır.
Ən yaxınındakı insanlar belə sənin içində nə qopduğunu tam anlaya bilmir.
Ona görə də insan bəzən yad birinin onu anlamasını istəyir. Çünki tanımadığın insan bəzən səni ən yaxınlarından daha yaxşı dinləyir.
Mən həyatım boyunca içimdəki üsyanı boğmağa çalışdım. “Güclü ol” dedilər. “Keçəcək” dedilər. “Şükür et” dedilər.
Mən isə bəzən sadəcə ağlamaq istəyirdim.
İnsan hər zaman güclü ola bilməz.
Güclü görünmək məcburiyyəti insanı içdən çürüdür.
Mənim içimdə qırılmış bir uşaq yaşayır. O uşaq hələ də soruşur:
“Niyə insanlar dəyişir?”
“Niyə sevənlər gedir?”
“Niyə ən çox yaxşı niyyətli insanlar inciyir?”
O uşağın suallarına cavab verə bilmirəm.
Çünki mən də bilmirəm.
Bəlkə də böyümək cavab tapmaq deyil. Sadəcə cavabsızlıqlarla yaşamağı öyrənməkdir.
İnsan yaşadıqca anlayır ki, həyat ağ və qara deyil. Hər kəsin içində həm işıq, həm qaranlıq var. Ən yaxşı insanların belə içində yorğunluq yaşayır. Ən sərt görünən insanların belə gizli yaraları olur.
Biz bir-birimizin görünən tərəfini yaşayırıq. Amma görünməyən tərəf daha böyükdür.
Bir insanın susması bəzən saatlarla danışmaqdan daha çox şey deyir.
Mənim də susduğum çox şey var.
Danışsam, bəlkə də heç kim tam anlaya bilməz.
Çünki bəzi hisslərin dili yoxdur.
İnsan bəzən sadəcə hiss edir.
İçində ağır bir daş daşıyırmış kimi yaşayır.
Gülür, danışır, yaşayır, amma ruhu yorğun olur.
Mən ruhən yorğun insanlardanam.
Amma buna baxmayaraq, içimdə hələ də ölməyən bir şey var.
Ümid.
Çox qəribədir… İnsan ən qaranlıq anda belə tam ümidsiz olmur.
Bəlkə də Allah insanın içinə balaca bir işıq qoyub ki, tam qaranlığa çevrilməsin.
Mən hələ də bir gün həqiqətən anlaşılacağıma inanmaq istəyirəm.
Bir gün heç kimə özümü izah etmədən qəbul ediləcəyimə inanmaq istəyirəm.
Bir gün içimdəki bütün hayqırtıların sakitləşəcəyinə inanmaq istəyirəm.
Bəlkə o gün heç vaxt gəlməyəcək.
Amma insanı yaşadan bəzən gəlməyəcək bir günü gözləməkdir.
Həyat keşməkeşlidir. İnsan bəzən öz yolunda itib qalır. Hər şey üst-üstə gəlir. İnsan özünü çıxılmaz küçədə hiss edir.
Amma qəribədir… ən çətin anlarda belə insan içində davam etmək gücü tapır.
Mən də hər dəfə yıxıldıqdan sonra ayağa qalxdım.
Bəzən məcburiyyətdən.
Bəzən ümiddən.
Bəzən isə sadəcə başqa yol olmadığı üçün.
İnsan yaşamağa davam edir.
Çünki həyat dayanmağa icazə vermir.
Amma mən istəyərdim ki, insanlar bir-birinə qarşı bir az daha mərhəmətli olsun.
Çünki hər insan görünməyən bir savaş verir.
Küçədə yanından keçdiyin biri bəlkə də həmin gün yaşamaqla ölmək arasında mübarizə aparır.
Bir insanın bir cümləsi başqa bir insanı həyata qaytara bilər.
Və ya tamamilə sındıra bilər.
Biz sözlərin gücünü unuduruq.
Bir insanı dinləmək belə bəzən onu xilas etməkdir.
Mənim ən böyük istəyim budur: məni dəyişdirməyə çalışmadan dinləyən bir insan.
Sadəcə dinləsin.
Mən danışım.
İçimdə illərlə yığılan bütün yorğunluqları, qorxuları, üsyanları danışım.
Və o insan mənə “sən dəlisən” deməsin.
“Səni anlayıram” desin.
Çünki insanın ən böyük ehtiyacı məhz budur.
Anlaşılmaq.
Mən bilirəm ki, dünya dəyişməyəcək. İnsanlar yenə saxta olacaq. Yenə qıracaqlar. Yenə gedəcəklər.
Amma buna baxmayaraq, mən içimdəki səmimiyyəti öldürmək istəmirəm.
Çünki insan bu dünyada hər şeyini itirsə də, ruhunu itirməməlidir.
Əgər mən də bu dünyanın saxtalığına çevrilsəm, onda bütün bu ağrıların nə mənası qalar?
Mən qırılmış ola bilərəm.
Yorğun ola bilərəm.
Üsyankar ola bilərəm.
Amma hələ də həqiqi qalmaq istəyirəm.
Və bəlkə də insanın ən böyük mübarizəsi budur:
Bu qədər qaranlığın içində işığını qorumaq.
İçimdə susmayan bir hayqırtı var.
O hayqırtı bəzən uşaqlığımın yarasıdır.
Bəzən gələcəyimin qorxusu.
Bəzən sevgisizlik.
Bəzən anlaşılmamaq.
Bəzən isə sadəcə insan olmaq ağırlığı.
Amma bütün bunlara baxmayaraq, mən hələ də yaşamaq istəyirəm.
Çünki həyat yalnız ağrıdan ibarət deyil.
Bəzən bir səhər günəşi, bir yağış qoxusu, bir səmimi baxış insanın içində yenidən yaşamaq hissi oyadır.
Bəlkə də həyatın mənası böyük cavablarda deyil.
Bəlkə də kiçik hisslərdədir.
Bir insanın səni həqiqətən anlamasında.
Bir gecə dua edərkən içinin sakitləşməsində.
Bir mahnının yarana toxunmasında.
Bir cümlənin səni xilas etməsində.
Mən hələ də suallar verirəm.
Hələ də niyə deyirəm.
Hələ də bəzən gecələr içimdə qopan fırtınalarla mübarizə aparıram.
Amma artıq anlayıram ki, insanın bütün suallarına cavab tapması mümkün deyil.
Bəzən yaşamaq cavabsızlıqlarla barışmaqdır.
Və bəlkə də Allah insanı cavablarla yox, axtarışlarla böyüdür.
Mənim içimdə susmayan bir hayqırtı var.
Amma o hayqırtının içində hələ də ölməyən bir dua da var:
Bir gün insanlığın yenidən səmimiyyəti xatırlaması üçün.
Bir gün insanların bir-birini dinləməyi öyrənməsi üçün.
Bir gün ruhların saxtalıqdan yorulmaması üçün.
Və bir gün mənim də içimdəki bütün qırılmış parçaların sakitləşməsi üçün.
Bəlkə o gün uzaqdadır.
Bəlkə heç gəlməyəcək.
Amma insan ümid etdiyi müddətdə tam məğlub olmur.
Mən də bütün yorğunluqlarıma, bütün qırılmışlıqlarıma, bütün suallarıma baxmayaraq hələ də içimdə balaca bir ümid daşıyıram.
Çünki insanın içində ümid öldüyü an, ruh da susur.
Mən isə hələ susmamışam.
İçimdə hələ də susmayan bir hayqırtı var.
“Ədəbiyyat və incəsənət”
(25.05.2026)
Xalq artisti Zamiq Əliyevin doğum günüdür
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
O filarmoniyanın tərkibində bəstəkar, əməkdar incəsənət xadimi Ağası Məşədibəyovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında tarzən kimi fəaliyyətə başladı, tezliklə tarı dilləndirən ən gözəl sənətkarlardan biri oldu...
Zamiq Əliyevdən danışıram.
Zamiq Balarza oğlu Əliyev 1950-ci il, may ayının 25-də Bakı şəhərində anadan olub. 1957-ci ildə Bakıda 132 saylı orta məktəbə gedv. Məktəbi bitirdikdən sonra, 1968–72-ci illərdə M.A.Əliyev adına İncəsənət İnstitutunda ali təhsil alıb. 1970-ci ildə hələ institutda təhsil alarkən o, Azərbaycan Dövlət Filarmoniyasına tarzən
Xalq çalğı alətləri ansamblında tarzən kimi fəaliyyətə başladığı dövrdə Hacı Məmmədov, Əliağa Quliyev, Sərvər İbrahimov, Həbib Bayramov, Habil Əliyev, xanandələr Xan Şuşinski, Yaqub Məmmədov, Əbülfət Əliyev, Şövkət Ələkbərova, Sara Qədimova, Teymur Mustafayev, Sabir Mirzəyev, Niyaməddin Musayev, Zaur Rzayev kimi sənətkarları müşayət edib.
Filarmoniyada işlədiyi dövrdə Azərbaycanın əksər rayonlarında qatrol səfərlərində iştirak edib. İnstitutu bitirdikdən və 1972–73-cü illərdə hərbi xidməti başa vurduqdan sonra yenidən Azərbaycan Dövlət Filarmoniyasında çalışmağa başlayıb. 1974-cü ildən etibarən Əməkdar İncəsənət Xadimi Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan Ulduzu" instrumental ansamblında tarzən kimi dəvət olunub.
İlk dəfə "Dan Ulduzu" ansamblının müşayəti ilə Emin Sabitoğlunun "Bu gecə" mahnısnı lentə yazdırıb. Bu kollektivin tərkibində bir neçə xarici dövlətlərdə, Suriya, Livan, Əlcəzair, İsveç, İspaniya və s. qastrol səfərlərində olub. 1979-cu ildə Zeynəb Xanlarovanın xalq çalğı ansamblının yaradıcısı olduğu kollektivin konsertmeysteri daha sonra isə uzun illər musiqi rəhbəri kimi çalışıb.
Bu illər ərzində 50-dən çox xarici dövlətdə, Sovet Sosialist Respublikalarında, Azərbaycanın rayonlarında xalq musiqisi və muğamlarını təbliği ilə məşğul olub. ABŞ, Kanada, Hollandiya, Əfqanıstan, İspaniya, İordaniya, Yəmən, Tunis, Danimarka, Türkiyə, İraq və bir çox başqa xarici ölkələrdə qastrol səfərlərində olub.
1991-ci ildə Zamiq Əliyev Ağaxan Abdullayev və Ədalət Vəzirovla birlikdə Zülfü Adıgözəlov adına muğam üçlüyü tərkibində fəaliyyətə başlayıb. 1992-ci ildə muğam üçlüyü ABŞ, Kanada, İranda konsertlər verib. Mədəniyyət Nazirliyinin xətti ilə 15 günlük İran səfərinin müddəti sonradan bir ay da uzadılıb. Bu qərarın ardından musiqiçilərinin təkidi ilə Təbrizdə, Əhərdə, Ərdəbildə və bir çox şəhərlərdə konsertlər verib.
Respublikanın müstəqilliyindən sonra Təbrizdə konsert verən ilk ifaçılar məhz bu muğam üçlüyü olub. Bundan əlavə olaraq o illərdə Fransa, Belçika, Hollandiya, Almaniya və bir çox ölkələrdə layiqincə milli musiqimizi təbliğ edib. 1992-ci ildən əksər dövlət tədbirlərində Zamiq Əliyev Ədalət Vəzirovla birlikdə xanəndələri müşayət edib. 1993-cü ildə Ədalət Vəzirovla birgə qərara gəlindi ki, gənc bir ifaçını xalqımıza təqdim etsinlər.
Bu, hal-hazırda respublikanın xalq artisti Simarə İmanova olub. İlk olaraq ümummilli lider Heydər Əliyevin qarşısında dövlət tədbirində Simarə İmanovanın iştirakını Zamiq Əliyev keçmiş mədəniyyət naziri Polad Bülbüloğluna təklif edib. İlk ifadan sonra Heydər Əliyevin rəsmi səfərlərdə olduğu müddətdə məhz bu üçlük iştirak edib. Zamiq Əliyevin müəllifi olduğu mahnıların ilk ifaçısı öz yetirməsi olan Simarə İmanova olub.
Bunlardan ən populyar olan "Yar bu gecə" mahnısı indiyənədək məşhurluğunu itirməyib. Zamiq Əliyev Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Famil Mehdi, Adil Mürşüdoğlu, Tağı Sadiq, Qənirə Paşayeva, Adil Babayev, Vahid Əziz kimi bir çox şairlərin sözlərinə mahnılar yazıb. 1995-ci ildə Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar İraqın Bağdad şəhərində təşkil olunan dövlət tədbirlərində musiqiçi kimi iştirak edib.
1997-ci ildə yetirməsi Simarə İmanova və kamança ifaçısı Ədalət Vəzirov ilə birlikdə Səmərqənddə birinci "Şərq Təranələri" festivalında "Qran-Pri" mükafatına layiq görülüb. Onlar "Şərq bülbülü" muğam üçlüyü adı altında Fransa, Belçika, Hollandiya, Cənubi Koreyada dəfələrlə böyük festivallarda iştirak edib. 1998-ci ildə ABŞ-nin Vaşinqton şəhərində Dünya Azərbaycanlıların konqresində ifaçı kimi iştirak edib.
Zamiq Əliyev 1998-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Əməkdar Artist", 2007-ci ildə isə "Xalq Artisti" adlarına layiq görülüb. Zamiq Əliyev 2003-cü ildə Həcc ziyarətində olub. O, Lider televiziyasında 2005–2011-ci illərdə "Qızıl səslər", "İncilər", 2019-cu ildən 2020-ci ilədək "İnstrumental aləm" verlişlərinin müəllifi, aparıcısı və redaktoru olub.
Zamiq Əliyev 2008-ci ildə Heydər Əliyevin 85 illiyinə həsr olunan "Heydər Əliyev-85. Səhnəarxası görüşlər" adlı kitabını yazıb. Daha sonra 90 illiyi münasibətilə daha geniş formatda və azərbaycan, rus, ingilis dillərində həmin kitab işıq üzü görmüşdür. Kitab dünyanın 50-dən çox ölkəsinə göndərilib. 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin sərəncamı ilə Beynəlxalq Muğam Mərkəzində Z.Əliyevin 60-illik yubileyi, yaradıcılığının isə 40-illiyi təntənəli şəkildə qeyd olunub.
2022-ci ildə Azərbaycan Televiziyası tərəfindən çəkilən "Musiqili ömrün fəsilləri" filmi Zamiq Əliyevin həyat və yaradıcılığına həsr olunub. Filmdə xalq artistləri Əlibaba Məmmədov, Habil Əliyev Eldar Mansurov, Mənsum İbrahimov, Firəngiz Əlizadə, akademik Dilqəm Tağıyev kimi şəxslərin Zamiq Əliyev barədə fikirləri yer alıb.
Zamiq Əliyev 1998-ci ildən pedaqoji fəaliyyətə başlayıb
O, İncəsənət Universitenin Xalq çalğı alətləri ifaçılığı kaferdasında 2000-ci ildə baş müəllim, müəyyən müddət kafedra müdiri, 2005-ci ildə dosent, 2013-cü ildən isə professor kimi fəaliyyət göstərir. Profesosor diplomu isə 2013-cü ildə Ali Attestasiya Komissiyasının Prezidenti Arif Mehdiyev tərəfindən təqdim olunub. Zamiq Əliyev 2005-ci ildə dövrün Təhsil naziri Misir Mərdanov tərəfindən "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı və Fəxri Fərmanı ilə təltif olunub.
Müəllifi olduğu mahnılar
- Özüm Biləcəyəm (ifa: Aygün Bayramova)
- Elin Mehriban Qızı (ifa: Aygün Bayramova)
- Vurulmuşam (ifa: Mələkxanım Əyyubova)
- Niyə Təkəm Mən (ifa: Nazpəri Dostəliyeva)
- Gözəl (ifa: Güllü Muradova)
- Yada Salarsan Məni (ifa: Mələkxanım Əyyubova)
- Gül Bir Az (ifa: Nuriyyə Hüseynova)
Albomlar
- Zamiq Əliyev
- Azərbaycan muğamları
- Ay, bəri bax
- De, hardasan
- Tarım mənim
- Zamiq Əliyevin mahnıları
Filmoqrafiya
- Sehrli xalat (film, 1964)
- Dərviş Parisi partladır (film, 1976)
- Salam, Zeynəb! (film, 1982)
- Bakı bağları. Türkan (film, 2007)
- Yaqub Məmmədov
- Musiqili ömrün fəsilləri (film, 2022)
“Ədəbiyyat və incəsənət”
(25.05.2026)
Musiqiçilərdən ibarət Manafzadə ailəsi
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ailə estafeti...
İncəsənətdə bu xüsusən nəzərə çarpır. Eləcə də incəsənətin əsas sahələrindən olan musiqidə. Bəzən bütöv ailə dinastiyaları illərlə musiqinin müxtəlif janrlarında parlayırlar.
Necə ki Manafzadə lər ailəsi parlamaqdadır.
Turan Manafzadə 1991-ci il may ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Pianist İslam Manafovun qızı olan Turan Manafzadə ilk musiqi təhsilinə 6 yaşında Abşeron Uşaq Musiqi Məktəbində başlayıb. 2003-cü ildə qardaşı Abuzər Manafzadə ilə Mimar Sinan İncəsənət Universitetinin Dövlət Konservatoriyasına qəbul olub.
Turan Manafzadə bu günə qədər Avstriya, Almaniya, Rumıniya, Şimali Kipr Türk Respublikası, Azərbaycan, Türkiyə və Özbəkistanda konsertlər verib. 2012-ci ildə Avstriyanın Zalsburq şəhərində hər il təşkil edilən Beynəlxalq Yay Musiqi Akademiyasının seçim mərhələlərini keçərək Dimitri Başkirovla əməkdaşlıq fürsətini qazanıb.
2012-ci ildə Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasında professor Nurferi Onurun fortepiano sinfini bitirən Turan Manafzadə, Həsən Uçarsu ilə birlikdə bəstəkarlıq üzərində çalışıb. 2013-cü ildə Tamara Poddubnaya və Boris Petruşanskinin ustalıq dərslərinə qatılıb.
O, böyük qardaşı Abuzər Manafzadə ilə birlikdə 2013-cü ilin aprel ayında 2 həftə ərzində 18 konsert proqramı ilə Azərbaycan turnesini təşkil edib. 2014-cü ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin orkestr dirijorluq şöbəsinə daxil olub, Antonio Pirolli və Naci Özgüç’dən təhsil almış və 2019-cu ildə oradan məzun olub.
2015-ci ilin fevral ayında qardaşı Abuzər Manafzadə və atası İslam Manafov ilə birlikdə Avropa Azərbaycan Cəmiyyətinin İstanbulda təşkil etdiyi "Xocalı Soyqırımını Anma Mərasimi"ndə ailəsi ilə birgə anım konserti verib. 2017-ci ilin 28 may günü Azərbaycan Respublikasının müstəqilliyi günü münasibətilə Azərbaycan Respublikasının Baş Konsulluğunun təşkilatçılığı ilə qonaqlara piano konserti verib.
O, həm də 2017-ci ilin iyul ayında "Beynəlxalq 3-cü İpəkyolu Musiqi Konfransı" çərçivəsində qonaq dirijor olaraq İpək Yolu Orkestrinin rəhbəri kimi Şimali Kipr Türk Respublikasında konsertlər verib, bu konsertlərdə Qara Qarayev, Xatirə Əhmədli Cəfər və Həsən Uçarsunun əsərlərinin dirijorluğunu edib.
2017-ci ilin avqust ayında isə İzmirdə qatılmış olduğu dirijor Rengim Gökmenin rəhbərliyi altında keçirilən ustalıq dərslərində 35 nəfərin içərisindən Karşıyaka kamera orkestrini (KODA) idarə etmək üçün seçilən 6 şəxsdən biri olaraq konsert verib. 2018-ci ilin may ayında İstanbul Dövlət Opera ve Balet qurumunda bəstəkar G. F. Handel in "Apollo ve Dafne" əsərinin dirijorluğunu edib. Eyni il Diasporla İş Üzrə Dövlət Komitəsi işbirliyi ilə Amsterdamda "Xocalı Anım Konserti" təşkil edib
2019-cu ilin yanvar ayında dirijor kimi dəvət aldığı Vyananın "Muth" konsert salonunda Abuzar Manafzadə ilə birlikdə "Yeni il" konserti və 2019-cu ilin sentyabrında Vyanadakı Azərbaycan Mədəniyyət Evində ailəsi ilə birlikdə fortepiano konserti edib. Manafzadə, 2018 və 2019-cu illərdə Azərbaycan Respublikasının Ankara Səfirliyinin himayəsi altında müxtəlif konsertlər verib.
2019-cu ilin noyabr ayında ailəsi ilə birgə TANAP açılış mərasimində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Respublikası Prezidenti Recep Tayyip Erdoğana xüsusi piano konserti verib. Eyni il dirijor kimi Bakıda konsertlər vermək üçün dəvət alıb və Abuzar Manafzadənin bəstələdiyi, dünyada balaban musiqi aləti üçün bəstələnən ilk Balaban Konsertinin Bakıdakı ilk səsləndirməsinin dirijorluğunu da edib
2019-cu il oktyabr ayında başladığı "Biznes Master" (MBA) təhsilini "Dijital Dönüşümün Sənət və Sənətçi Fəaliyyətlərinə Etkisi: Covid-19 Üzərinə Bir Araşdırma" mövzusunda 2021-ci ilin fevral ayında uğurla müdafiə edərək məzun olub. 2020-ci il dekabr ayında Dünya Türk İş Konseyinin (DTİK) dəvəti ilə Avropa Parlamentində Mədəniyyət Elçisi olaraq xüsusi bir dostluq konserti gərçəkləşdirib.
Turan Manafzadə 14 illik müəlliməliyinin yanında hal-hazırda musiqi sənətində aktiv bir sənətçi olaraq dijital və fiziki konsertləri ilə fəaliyyətini davam etdirir. Türkiyə Respublikasının 100-cü ildönümü münasibətilə marş yazıb və bu marş qısa müddət ərzində çox bəyənilib. Ağdamın "Qarabağ" və İstanbulun "Qalatasaray" futbol klubunun sadiq azarkeşidir. Tennis və üzgüçülük həvəskarıdır.
2004-cü ildə İstanbulda keçirilən "Galleria" piano yarışmasında Mansion mükafatını, 2008-ci ildə Edirnə Rotari klubunun təşkil etdiyi "Beynəlxalq Piano Müsabiqəsi"-ndə 2-ci yeri qazanıb və qatıldığı digər piano yarışlarında müxtəlif dərəcələr və mükafatlar əldə edib. 2023-cü ildə Nizami Gəncəvinin 880 illiyi münasibətilə "Nizami Gəncəvi medalı" ilə təltif olunub.
"Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(25.05.2026)


