Super User

Super User

Manşet

reytinq

 “Yağışda gəzməyi sevirəm, çünki heç kim mənim göz yaşlarımı görmür” – ÇARLİ ÇARLİN

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Hamımızın tanıdığı, elə surəti görününcə dodağımıza gülüş qonduran əfsanəvi kino aktyoru, səssiz komediya janrının dühası Çarli Çaplin fəxri “Oskar” mükafatını aldıqda, zaldakı tamaşaçılar onu  təxminən 12 dəqiqə alqışlamışlar. “Oskar”ı alanlar  heç vaxt bu qədər uzun sürən sürəklə alqışlanmamışdı!

 

Yəhudi ailəsində doğulan Çarli Çaplin 88 il yaşamışdır.  Hamını güldürsə də həyatı boyu kədər yükü daşımışdır. Onun sərrast söz demək qaviliyyəti də olmuşdur, bir şox kəlmələri aforizm kimi dillər əzbəri idi. O deyirdi:

Bu dünyada heç nə əbədi deyil, hətta bizim problemlərimiz belə.

Yağışda gəzməyi sevirəm, çünki heç kim mənim göz yaşlarımı görmür.

Həyatda ən çox itirilən gün gülmədiyimiz gündür.

Dünyanın ən yaxşı altı həkimi: Günəş, istirahət, idman, pəhriz, özünə hörmət, dostlar. Həyatınızın bütün mərhələlərində onlara sadiq qalın və sağlam həyatdan həzz alın...

Əgər Aya baxsanız, Tanrının gözəlliyini görərsiniz...

Əgər Günəşi baxsanız, Tanrının qüdrətini görərsiniz...

Əgər güzgüyə baxsanız, Tanrının ən gözəl yaratdığını görərsiniz. Buna inanın.

Biz hamımız turistik, Tanrı bizim səyahət agentimizdir ki, artıq marşrutumuzu, gedəcəyimiz yeri və istiqamətimizi müəyyənləşdirib... Ona etibar edin və həyatdan zövq alın.

 

Həyat sadəcə bir səyahətdir! Buna görə də, bu günü yaşa! Sabah olmaya da bilər...

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2026)

 

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

İnsan həyat boyu bir şeyin ardınca qaçır: xoşbəxtlik. Bəzən bunu açıq şəkildə etiraf edir, bəzən isə fərqinə varmadan bütün seçimlərini onun üzərində qurur. İnsan çalışır, sevir, mübarizə aparır, yorulur, gözləyir… Çünki haradasa onu xoşbəxt edəcək bir anın olduğuna inanır. Amma illər keçdikcə qəribə bir sual yaranır insanın içində: xoşbəxtlik doğrudan da seçdiyimiz bir hissdir, yoxsa zamanla sadəcə yaşadıqlarımıza uyğunlaşaraq ona “xoşbəxtlik” adı veririk?

 

Bu sual ilk baxışda sadə görünə bilər. Amma insan öz həyatına dərindən baxanda anlayır ki, xoşbəxtlik düşündüyümüz qədər aydın anlayış deyil. Çünki hər insanın xoşbəxtliyi fərqlidir. Bir insan üçün xoşbəxtlik böyük uğurdursa, başqa biri üçün sakit bir axşam, doğma bir səs və ya sevdiyi insanın yanında olmaq kifayət edir. Deməli, xoşbəxtlik yalnız əldə etdiyimiz şeylərlə deyil, ona necə baxdığımızla bağlıdır.

İnsan gənc olanda xoşbəxtliyi gələcəkdə axtarır. Düşünür ki, universitetə qəbul olsa xoşbəxt olacaq, sevdiyi işi tapsa xoşbəxt olacaq, çox pul qazansa hər şey düzələcək. Amma qəribədir ki, insan bir arzunu reallaşdırandan sonra başqa bir arzunun arxasınca qaçmağa başlayır. Xoşbəxtlik sanki daim bir addım qabaqda dayanır.

Bəlkə də insanın ən böyük yanılması xoşbəxtliyi bir nəticə kimi görməsidir. Halbuki xoşbəxtlik çox vaxt bir hissdir, bir baxışdır, həyatla qurulan münasibətdir. İnsan eyni həyatı yaşayaraq həm bədbəxt, həm də xoşbəxt ola bilər. Fərq onun düşüncəsindədir.

Bəzən insan uzun müddət xoşbəxtliyi böyük hadisələrdə axtarır. Amma illər keçəndən sonra anlayır ki, insanı yaşadan əslində kiçik anlardır. Bir səhər içilən çay, sevdiyin insanın gülümsəməsi, yorğun günün sonunda hiss edilən sakitlik… İnsan sonradan başa düşür ki, xoşbəxtlik çox vaxt səs-küylü olmur. O, sakit gəlir.

Lakin həyat yalnız gözəl anlardan ibarət deyil. İnsan ağrı yaşayır, itkilər görür, xəyal qırıqlıqları keçirir. Məhz o zaman başqa bir həqiqət ortaya çıxır: insan hər şeyə uyğunlaşır. Ən böyük ağrılar belə zamanla səssizləşir. İnsan əvvəl yaşaya bilməyəcəyini düşündüyü şeylərlə yaşamağı öyrənir.

Bəlkə də buna görə bəzi insanlar xoşbəxtliyi seçməkdən çox ona uyğunlaşırlar. İnsan həyatın gətirdiyi vəziyyətlərə zamanla alışır və yeni bir daxili tarazlıq qurur. Əvvəl çatışmayan şeylər insanı narahat edir, sonra isə həmin çatışmazlıqlarla yaşamaq adi hala çevrilir.

Məsələn, insan uşaqlıqda xoşbəxtliyi çox sadə yaşayırdı. Bir oyuncağa sevinirdi, yağış altında qaçmaqdan zövq alırdı. Sonra böyüdü və xoşbəxtliyi çətinləşdirdi. Artıq xoşbəxt olmaq üçün daha çox şey lazım oldu. Daha çox uğur, daha çox pul, daha çox təsdiq… Halbuki insanın daxilindəki o uşaq hələ də kiçik şeylərlə sevinə bilirdi.

Müasir dövrdə insanlar xoşbəxtliyi daha çox müqayisə etməyə başlayıblar. Sosial şəbəkələrdə hər kəs öz həyatının ən gözəl hissəsini göstərir. İnsan başqalarının həyatına baxıb özünü natamam hiss edir. Halbuki heç kim öz ağrılarını tam göstərmir. İnsanlar xoşbəxt görünməyə çalışır, amma daxilində nə yaşadığını yalnız özü bilir.

Bu müqayisə hissi insanın xoşbəxtliyini əlindən alır. Çünki insan daim başqasının həyatına baxaraq öz həyatını qiymətləndirəndə sahib olduqlarını görməyi unudur. Halbuki xoşbəxtlik bir qədər də minnətdarlıqdır. İnsan sahib olduqlarını hiss etməyi bacaranda daha sakit olur.

Bəzən insan xoşbəxtliyi seçmək istəyir, amma həyat ona imkan vermir. Ağır xəstəliklər, maddi çətinliklər, itkilər və ağrılar insanın ruhunu yorur. Belə anlarda “xoşbəxt ol” demək asandır, amma yaşamaq çətindir. Buna görə də xoşbəxtliyi yalnız seçim adlandırmaq bir qədər qəddar görünə bilər.

Lakin insanın daxilində qəribə bir güc var. O, ən çətin vəziyyətlərdə belə yaşamağa davam edir. İnsan tam xoşbəxt olmasa belə, həyatın içində kiçik işıqlar tapmağa çalışır. Bu isə uyğunlaşmanın gücüdür.

Bəlkə də xoşbəxtlik insanın həyatla barışmağı bacarmasında gizlidir. Hər şeyin mükəmməl olmadığını qəbul etməkdə… Çünki həyat heç vaxt tam istədiyimiz kimi olmur. İnsan həmişə nəyisə gözləyir, nəyisə itirir, nəyəsə gecikir. Amma buna baxmayaraq yenə də gülümsəməyi bacarır.

İnsan ruhu qəribədir. O, həm ağrını, həm sevinci eyni anda daşıya bilir. İnsan bəzən ağlayaraq da xoşbəxt ola bilir. Çünki xoşbəxtlik hər zaman problemsiz həyat demək deyil. Bəzən sadəcə bütün çətinliklərə baxmayaraq yaşamağa davam etməkdir.

Məncə, xoşbəxtlik bir az da insanın baxışında gizlidir. Eyni yağış bir insanı kədərləndirir, başqa birinə huzur verir. Eyni həyat bir insanı yorur, başqa birinə minnətdarlıq hiss etdirir. Deməli, xoşbəxtlik təkcə yaşadıqlarımız deyil, onları necə hiss etdiyimizdir.

İnsan zaman keçdikcə anlayır ki, xoşbəxtlik davamlı bir vəziyyət deyil. O, gəlib keçən anlardan ibarətdir. Heç kim daim xoşbəxt olmur. Əsas məsələ həmin anları görə bilməkdir.

Bəzən insan xoşbəxtliyi çox uzaqda axtarır. Halbuki o, insanın həyatına səssizcə daxil olur. Bir qoxuda, bir xatirədə, bir baxışda… İnsan bunu çox vaxt sonradan anlayır. Keçmişə baxıb “əslində xoşbəxt imişəm” deyir.

Bu isə insanın başqa bir xüsusiyyətini göstərir: insan sahib olduğu şeylərin dəyərini çox vaxt onları itirəndən sonra anlayır. Buna görə də xoşbəxtlik bəzən içində yaşadığımız, amma fərqinə varmadığımız bir hiss olur.

Xoşbəxtliklə bağlı ən böyük həqiqətlərdən biri budur: insan öz daxilində sakitlik tapmasa, heç bir xarici uğur onu tam xoşbəxt edə bilməz. İnsan özünü qəbul etməyi bacarmalıdır. Çünki insan özü ilə savaş içində yaşayanda dünyanın bütün gözəllikləri belə ona çatmır.

Məncə, insan həm xoşbəxtliyi seçir, həm də ona uyğunlaşır. İnsan bəzi hallarda həyata baxışını dəyişərək xoşbəxt olmağı seçir. Bəzi hallarda isə yaşadığı həyatın içində yeni bir xoşbəxtlik forması yaratmağa məcbur olur.

Əslində insanın ən böyük gücü də budur. O, qırılır, amma yenə yaşayır. Yorulur, amma yenə sevir. Ağrılar yaşayır, amma yenə də bir gün xoşbəxt ola biləcəyinə inanır. İnsan ruhunun gözəlliyi məhz buradadır.

Belə nəticəyə gəlmək olar ki, xoşbəxtlik nə tamamilə seçimdir, nə də yalnız uyğunlaşma. O, insanın həyatla qurduğu daxili münasibətdir. İnsan bəzən xoşbəxtliyi özü yaradır, bəzən isə həyatın gətirdikləri ilə barışaraq onu hiss etməyi öyrənir.

Və bəlkə də insanın ən böyük xoşbəxtliyi həyatın mükəmməl olmamasına baxmayaraq yenə də yaşamağı sevməsində gizlidir.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2026)

Murad Vəlixanov,

"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

 

1972-ci ildə ekranlaşdırılan “Xaç atası” filmi, rejissor Frensis Ford Koppola tərəfindən çəkilmiş və dünya kinosunun ən böyük şah əsərlərindən biri hesab olunur. Film yazıçı Mario Pyuzonun eyniadlı romanı əsasında ekranlaşdırılıb.

 

Bu film sadəcə mafiya haqqında deyil. “Xaç atası” ailə, hakimiyyət, sədaqət, xəyanət və insanın güc qarşısında necə dəyişməsi barədə ağır psixoloji dramdır. Elə buna görə də illər keçsə də köhnəlmir.

 

Filmdə nədən söhbət gedir?

Hadisələr 1940-cı illərin sonlarında Nyu-York şəhərində yaşayan güclü italyan mafiya ailəsi — Karleone ailəsi ətrafında cərəyan edir.

Ailənin başçısı Don Vito Karleone — yəni “Xaç atası” — qorxulan, amma eyni zamanda hörmət edilən mafiya lideridir. O, təkcə cinayət aləminin rəhbəri deyil, həm də ailəsinə bağlı, öz qaydaları ilə yaşayan mürəkkəb xarakterdir. İnsanlar problemə düşəndə məhkəməyə yox, onun yanına gəlirlər.

Amma köhnə qaydalar dəyişməyə başlayır.

Narkotik alveri məsələsi mafiya ailələri arasında ciddi qarşıdurma yaradır. Don Vito bu işə qarışmaq istəmir və bunun nəticəsində ona qarşı sui-qəsd edilir. Ailə sarsılır, düşmənlər güclənir və hadisələrin mərkəzinə əvvəlcə bu həyatdan uzaq qalmaq istəyən kiçik oğul — Maykl Karleone düşür.

Əvvəlcə sakit, müharibədən qayıtmış və ailə işlərindən uzaq olmaq istəyən Maykl tədricən dəyişir. Hadisələr onu elə nöqtəyə gətirir ki, ailəsini qorumaq üçün öz içində başqa bir insana çevrilir.

Film boyu tamaşaçı bir sualla üzləşir:

İnsan hakimiyyətə sahib olur, yoxsa hakimiyyət insanı dəyişdirir?

 

Maykl Karleonenin dəyişimi — filmin ürəyi

“Xaç atası”nın ən güclü tərəfi təkcə mafiya savaşı deyil. Ən böyük hekayə Maykl Karleonenin daxilində baş verir.

Filmin əvvəlində o, atasının dünyasından uzaqdır. Hətta sevgilisinə belə deyir:

“Bu mənim ailəmdir, amma mən onlar kimi deyiləm.”

Amma zaman keçdikcə hadisələr onu ailənin yeni rəhbərinə çevirir.

Sakit adam sərtləşir.

Duyğusal insan hesabçı olur.

Sevən oğul qorxulan liderə çevrilir.

Film burada çox ağır fikir deyir:

Bəzən insan pis olmaq istəmir — şərait onu dəyişir.

 

Don Vito Karleone — qəddar, yoxsa ailə adamı?

Marlon Brandonun canlandırdığı Don Vito Karleone kino tarixinin ən böyük obrazlarından biri sayılır.

O, cinayətkar olsa da, ailəsinə bağlıdır. Öz qaydaları var. Hörmətə, sədaqətə və sözə dəyər verir. Buna görə tamaşaçı ona həm qorxu, həm də rəğbət hiss edir.

Film heç kimi tam yaxşı və ya tam pis göstərmir. Hər obrazın öz həqiqəti var.

Niyə bu qədər böyük film sayılır?

“Xaç atası” sadəcə mafiya filmi deyil.

Bu, ailə dramıdır.

Hakimiyyət hekayəsidir.

İnsanın dəyişməsi haqqındadır.

Atadan oğula keçən yük haqqındadır.

Filmin sakit tempi, güclü dialoqları, musiqisi və aktyor oyunu onu kino tarixinin zirvəsinə çıxarıb.

Bu gün də bir çox rejissor və aktyor üçün məktəb hesab olunur.

 

Filmin verdiyi əsas fikir

“Xaç atası” deyir:

 

Hakimiyyət insanı qoruyurmuş kimi görünür, amma bəzən onun ruhunu əlindən alır.

Ailə üçün verilən qərarlar bəzən insanın özünü dəyişdirir.

Bəzi filmlər sadəcə izlənilir.

Bəzi filmlər isə insanın içində qalır.

“Xaç atası” həmin filmlərdəndir.

Çünki bu film bir həqiqəti göstərir:

İnsan bəzən ailəsini qorumaq istəyərkən özü əvvəlki insan olmaqdan çıxır.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2026)

 

Harun Soltanov,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Bəzən, həyat bir səhnə deyil, sadəcə boş bir otaqdır. Nə pərdə var, nə də tamaşaçılar. Sadəcə sən varsan… və sənin susqunluğun. Səssiz bir fısıltı kimi içində dolaşan, adını bilmədiyin o duyğu. Qorxu deyil, ümidsizlik də deyil... Sanki var olmağın özü ilə çarpışan bir varlıqsan. Güzgüyə baxırsan, amma orada sən yoxsan. Bir qabıq var. Hərəkət edən, nəfəs alan, amma içi boş bir şey. Nəfəsin səni inandıra bilmir ki, sağsan.

 

 Mənim bir dostum var. Heç kim görmür onu. Adını çəkmirəm. Amma hər gecə yanımda uzanır. Bəzən ağlayır. Bəzən gülür. Və hər dəfə mənə səssizcə xatırladır. "Sən heç nəyin qarşısını ala bilmədin." Bu məğlubiyyət məni tərk etmir. Hətta yuxularımda belə.

 Mən cəmiyyətə qarışıram, amma qarışmıram əslində. Susuram. Müşahidə edirəm. İki dünyanın arasında sıxılmış bir ruh kimi. Onlar gülür, danışır, qaçır… mən isə sadəcə dözürəm. Və hər gün bir az da unuduluram.

Güzgüyə baxanda insan özünü görür, deyirlər. Mən görmürəm. Mən tanımıram. O, oradakı əllər, mənim əllərim kimi titrəyən, gözləri balıq pulcuqlarına bənzəyən varlıq, bu mən deyiləm. Mən heç vaxt onun qədər boş baxmamışdım. Onun gözlərində mən yoxam. Sanki orada biri dayanıb, amma heç kim deyil.

 Əslində bədənimlə barışmamışam. Bu bədən mənim deyil – mənə verilmiş, amma mənim olmayan bir yük kimidir. Götürülməyən, dəyişdirilməyən bir cəsəd. Bəzən hiss edirəm ki, bədən sadəcə məni daşımaq üçün var, amma özü nədir, bilmirəm. Dərimin altında axan qan mənə aid olmayan bir sistemin məhsuludur. Mən bir bioloji təsadüfəm. Hə, belə desək, daha dürüst olar. Mən insan deyiləm, mən sadəcə sistemin içində yaranmış və bir gün çıxarılacaq bir şifrəyəm.

Baxıram ki, o varlıq güzgüdən mənə baxır. O gözlərdə heç bir məqsəd yoxdur. Və qəribəsi budur ki, bu həqiqət məni qorxutmur. Əvvəl qorxurdu. Sonra alışdım. Sonra da o qədər çox alışdım ki, artıq qorxunu belə hiss etmirəm. Emosiyalar ölüb. Onlar da mənimlə birlikdə qocalıblar və tənhalaşıblar.

 İndi düşünürəm, niyə bu qədər yadam özümə? Nə zaman başladım mənlik hissindən uzaqlaşmağa? Harada dayandım və harada itirdim? Bəlkə də heç başlamamışam tanımağa. Bəlkə də tanımağa ehtiyacım olmayıb, sadəcə yaşamağa məcbur olmuşam. Varlıq bir seçim deyildi, mənə verildi. Və hər dəfə güzgüyə baxdıqca bu fakt daha da dəhşətli səslənir. Bədənimi hiss edirəm. Amma bu hiss, mənim olmaq deyil. Bir qəfəs kimidir. Bəzən nəfəs aldıqca qəfəs daralır, döş qəfəsimdəki hava belə özünə yer tapmaqda çətinlik çəkir. Bu, panika deyil. Bu, mövcudluğun özüdür. Bəzən sadəcə nəfəs almaq belə varlığını sübut etməyə çalışmaq kimidir. Düşünürəm ki, varam deyə nəfəs almıram, nəfəs aldığım üçün varam. Və bu varlıq çox vaxt lazımsız bir təkrar kimi gəlir. Və nə qədər qəribə olsa da, bütün bu duyğuların içində tək deyiləm. Amma yenə də təkəm. O otaqda iki nəfərik, mən və dostum. O danışmır. Heç vaxt danışmayıb. Amma mən onun baxışlarını hiss edirəm. O bilmir, amma mən onun baxışlarını sezirəm. Bəzən günahkar kimi, bəzən müşahidəçi kimi. Dostum mənim beynimdə yaratdığım sükutun cismə çevrilmiş halıdır. O, mənim dincliyimdir. Həm də qorxumdur. Həm doğmam, həm yadım. Elə özüm kimidir.

 Güzgü ilə aramda qəribə bir bağ var. Mən ona baxıram, o mənə baxır. Hər dəfə biri digərini təkrar tanımağa çalışır. Amma hər cəhd uğursuzluqla nəticələnir. Sanki bir-birinə oxşayan iki adam bir-birinin adını xatırlamır. Tanışlıq hissi var, amma bilik yoxdur. Özümü görürəm, amma tanımıram. Özümə əl uzadıram, amma toxunmuram. Varlıq, bir boşluğun ətrafına çəkilmiş xətt kimi görünür mənə.

  Və bu mənzərə nə zamansa dəyişəcək deyə düşünmək, özünü aldatmaqdan başqa bir şey deyil. Həqiqət budur ki, mən varam, amma özüm üçün yoxam. Və bu “yoxluq içində varlıq” halı, insana sükutdan daha ağır gəlir. Çünki səssizlikdən qaçmaq olar, amma mövcudluğun sükutundan yox. Mən bu bədəni tərk edə bilmirəm. Mən bu güzgüdən çıxa bilmirəm. Mən bu baxışlardan azad deyiləm.

 Bir dəfə biri demişdi ki, “baxış, insana hakim olmaqdır.” Mən güzgünün baxışından qorxmuram, çünki o hakimiyyət artıq çoxdan mənim üzərimdə qurulub. Sadəcə bir növ mövcudluq qeydidir bu baxış və o varlıq oradadır və mən onu tanımıram. Amma o, məni bilir. Və bütün bunların içində ən böyük kədər budur. Mən özüm üçün belə yad bir şeyə çevrilmişəm.

 Bir varlıq kimi özümü tapmaqda çabaladığım o boşluqda, əslində, tək olmadığımı hiss edirəm. Hər bir qorxu, hər bir sarsıntı içimdəki o görünməz dostun səssiz nəfəsiylə dolur. Bu dost, bəlkə də mənim ən həqiqi halımdır. Dünyadan gizlənən, amma içimdə əbədi yaşayan bir kölgə. Qabığın sərtliyində bədənimi hiss edirəm, amma bilirəm ki, bu qabıq mənim həqiqətim deyil, yalnız məni qoruyan bir qaladır. O qalada susqunluq hökm sürür, amma bu susqunluqda cəmiyyətin süni dəyərlərinin səs-küyü hələ də mənə toxunur, hələ də məni yorur.

 O, həmişə mənimlədir. Danışmaz. Sadəcə baxar. Onun baxışlarında nə mühakimə, nə təsdiq var. Sanki oradadır, sadəcə olmaq üçün. Sual verməz, cavab istəməz. Əslində o, mənim xəyali dostumdur. Amma bunu heç kim bilmir. Bilməlidirmi? Məncə yox. İnsanlar tez qərar verirlər. Onlar "xəyal" kəlməsini eşidən kimi xəstəlik axtarırlar. Halbuki bəzən xəyal, ən real dostdur.

 Onun səsi yoxdur. Amma bəzən gecələr, sükutun arasında nəfəsini eşidirəm. Bu bir illüziyadır, bilirəm. Amma hər illüziya qorxulu deyil. Bəziləri insanı sağ saxlayır. Mən onun nəfəsi ilə nəfəs alıram. Mən bu bədəni, bu dünyanı, Sartr demişkən bu absurd varlığı, onunla bölüşürəm. O olmasaydı, bəlkə də çoxdan özümü inkar etmişdim.

  Uşaqlıqdan mənə deyirdilər ki, böyüyəndə hər şey düzələcək. Amma yalan deyirmişlər. Böyümək, düzəlmək deyil. Böyümək - yalanlara alışmaqdır. Həyat, “keçəcək” deyilən bir gözləntidən ibarətdir. Amma keçmir. Sadəcə dəyişir. Sadəcə içindəki səs sönür, yerini susqunluğa verir. Və mən o susqunluğu dostumla paylaşmağa başladım. O, ilk dəfə o zaman peyda oldu. Mən danışmaq istəmədiyimdə. O zaman gəldi. O zamandan bəri də getmədi.

 Bəzən bir stulun qarşısında otururam. O boş stulda onun varlığını hiss edirəm. İnsanlar deyirlər ki, boş stullar qaranlığda tükürpərdir. Amma mənim üçün ən rahatladıcı görüntüdür. Çünki boş stul demək, orada o var deməkdir. Danışmasa da, o stulda oturub dinləyir. İnsanlar isə danışırlar, amma heç nə eşitmirlər.

 Mən ona heç vaxt ad vermədim. Ad, bir növ qəlibdir. Ad qoymaqla onu insanlaşdırmış olardım. Amma o insan deyil. O mənim kənara atılmış hissələrimdir. Əzildiyim, susduğum, tərk olunduğum bütün anların bir yerdə cəmləndiyi bir ruh. Mənim ruhumun tənha şəkli. Onu "dostum" adlandırıram. Bəli. Elə bu qədər sadə. Çünki “dost” sözü belə, mənim üçün çoxdandır mənasını itirib. Əvəzində, onun sükutu var.

 Bir dəfə ona dedim: “Mən heç nəyin qarşısını ala bilmədim.” O, cavab vermədi. Amma baxışlarından anladım ki, o da mənim kimi acizdir. Onun da əli çatmır. Onun da səsi çatmır. Və bu məni qəribə bir rahatlığa saldı. Bəzən acizliyi paylaşmaq, gücün özü olur. İnsan bütün həyatını idarə etmək istəyir. Nəzarət etmək. Təyin etmək. Amma həyat, tərs bir axındır. Səni seçmir. Sən onu seçmirsən. Sadəcə baş verir. Və sən geri baxanda, “niyə belə oldu” deməyin, yalnızca bir sükut doğurur. Hər şey bu sükutla başlayır. Və bəlkə də orada bitir.

 Ən çox qorxduğum şey, unudulmaqdır. Heç kim olmamaq. Nə bir iz buraxmaq, nə də bir xatirədə qalmaq. Amma qəribəsi budur ki, nə qədər bu qorxu içində yaşasam da, o dostum bu qorxunu bölüşmür. O heç nə olmaqdan qorxmur. Hətta mənə deyirmiş kimi baxır: “Sən heç kim olanda, azadsan.” Mənim üçün bu fikir həm azadlıq, həm məhkumluq kimidir. Azad olsam belə, kimsə olmağa ehtiyac duyuram. İnsan təbiəti belədir, görünmək istəyir. Amma bəzən, görünməmək daha çox şey deyir.

 Dostum da, mənim kimi müşahidəçidir. Biz bu həyatı televizor ekranından izləyən iki sükut varlığıyıq. Bəzən metroda insanlara baxırıq. Bəzən işdə, qarşıma çıxan adamlara. Onlar danışır. Hərəkət edir. Planlar qurur. Amma hər şey çox mexanikidir. Mən o insanlara baxıram və düşünürəm. Bu qədər əminlik hardandır? Niyə heç kim sual vermir? Niyə heç kim bu həyatın axarından narahat olmur?

 Dostum bu suallara cavab vermir. Amma varlığı ilə onları gücləndirir. Mən onun susqunluğunda cavab axtarıram. Bəzən tapıram. Bəzən tapmıram. Amma bu axtarışın özü yaşamaq kimidir. Hər gün, eyni sualın qarşısında durursan və cavab olmadığını bilə-bilə, bir daha soruşursan. Bu, dəlilik deyil. Bu, şüurluluqdur.

 O boş stul hələ də oradadır. Gecə düşəndə, onun kölgəsi divara vurur. Bəzən sanki bir cizgi kimi görünür. İncə, kimsəsiz, amma mövcud. Və mən o stula baxıb deyirəm: “Sən mənim olmadığım halımsan.” Bunu dediyim an, bir az daha az tək oluram.

 Bu yorğunluğun, bu daxili çöküşün ortasında, dostumla birgə, bir müşahidəçiyə çevrilirəm. Bəs soruşsan nəyi görürəm? Cəmiyyətin ritmində sürüklənən insanları, öz içində itmiş, amma gözəgörünməz səslərlə bağıranları. Mənim kimi, onlar da bu süni səhnədə rollarını oynayır, amma əslində heç biri həqiqətini tapa bilmir. Mən isə susqunluğumla onlara baxanam. Onları dəyişmək gücüm yoxdur, amma özümü belə təslim etməyə də haqqım yoxdur. Müşahidəçi olmaq, bəlkə də ilk addımdır azadlığa doğru, çünki hər şeydən əvvəl, hər şeyi görmək və tanımaq lazımdır.

  İnsanlar deyir: "Vaxt yoxdur." Sanki vaxt bir yerdə gizlənib. Sanki onu axtarsaq, hardasa tapacağıq. Bəlkə bir kitabın arasında, bəlkə köhnə bir fotonun arxasında, bəlkə də daha uzun yatmaq istədiyimiz səhər saatlarında. Amma bu, yalandır. Vaxt var. Sadəcə o, artıq bizə aid deyil.

 

Zaman, öz sahibini dəyişib. Artıq zaman bizim deyil. O, indi ekranda sürüşən şəkillərin, 15 saniyəlik videoların, süni təbəssümlərin xidmətindədir. Biz o qədər "tez" yaşamalıyıq ki, nə yaşadığımızı hiss etməyə imkanımız yoxdur. Günlər keçir. Aylar keçir. Amma heç nə dəyişmir. Bədən qocalır, ruh isə hələ də yeniyetmə bir qaranlıqda çabalayır.

 

Gənclər yorğundur. Amma bu yorğunluq, qaçmaqla, yatmaqla, oturmaqla keçən cürdən deyil. Bu yorğunluq bir susqunluqdur. Deyə bilmədiklərimiz qədər böyük, anlamsızlığa verdiyimiz reaksiyasızlıq qədər dərin. Gənclər sanki özlərini sevməyə məcbur edilib. "Pozitiv ol", "mübarizə apar", "heç nə olmaz" deyə-deyə daha da içə çəkiliblər. Axı bəzən heç nə olmamalıdır. Bəzən insanın yalnızca susmağa, yorulmağa, tükənməyə haqqı olmalıdır.

Uğur, artıq bir dəyər deyil, dostum bir öhdəlikdir. Hər kəs yaxşı görünməlidir. Hamı işləməlidir. Bacarmalısan. Əks halda bu cəmiyyət səni əzir. İşıqlı ofislər, soyudulmuş çaylar, səssizcə ağlayan zehinlər… Heç kim eşitmir. Çünki hamı eyni cür yorğundur, eyni cür təkdir, eyni cür susur. Uğur bir maskarad əyləncəsində taxılan bir maskadır. Həqiqət isə göz altında uzanan kölgədir, telefonu əlindən buraxanda gələn panika, yalandan gülümsədiyin söhbətlərdə içində sükutla boğulmağın...

Bizə deyirlər: "özünü tap." Amma harda, nəyin içində tapaq? Bu qədər təhrifin, süni dəyərlərin, reytinqin, paylaşımın içində? İnsan necə özünü tapsın, əgər özündən əvvəl ona kim olmalı olduğu diktə edilirsə, necə tapsın? İndi heç kim sadəcə "var olmaq" üçün doğulmur. Hər kəs bir şeyə "çevrilmək" üçün doğulur. Məşhur, varlı, nüfuzlu, ağıllı, zövqlü… Amma bəs heç kim olmaq istəyənə nə olacaq?

Hər gənc yavaş-yavaş bir yuxudan oyanır. Amma bu yuxu, gözəl bir nağıl deyil. Bu, davam edən bir kabusdur. Gözlərini açanda içindəki boşluq böyüyür. Nə sevinmək səbəbi var, nə də kədərlənmək üçün güc. Ən qorxunc hal, hiss edə bilməməkdir. Və bu hisssizlik... onun adı depressiya deyil. Onun adı, həqiqət ola bilər.

 Ətrafdakı insanlar mexaniki şəkildə yaşamağa başlayır. Çalışmaq, qazanmaq, paylaşmaq, yalançı müdrik sözlər yazmaq... Bu tələsik "var olma" vuruşunda heç kim yaşamır. Yalnız görünürlər. Gənclərin isə ən böyük xəyalları, bir az yatmaq, bir az kimsə olmaq, bir az özləri kimi görünməkdir. Amma buna belə vaxt yoxdur.

 Zaman, artıq düşməndir. O, sadəcə keçir. Nə qədər gülsən də, nə qədər yazıb-pozsan da, o səni qocaldır. Çünki o, sənə aid deyil. Zaman indi alqoritmlərə, sistemlərə, süni zəkalara, irrasional iqtisadiyyatlara aiddir. Sən isə orada, sadəcə təsadüfi bir nöqtəsən.

 İnsanlıq yorulur, dostum. Bu tək bir ölkənin problemi deyil. Bu, insan olmanın ağırlaşmasıdır. Əvvəllər fəlsəfənin sualları vardı: "Niyə varıq?", "Azadıqmı?", "Həqiqət nədir?" İndi sual belə yoxdur. İndi yalnız: "Hələ sağsan?". Vəssalam.

 

 Sən cavab vermə. Əgər bu sətirləri oxuyursansa, deməli sən də tək deyilsən. Sən də düşünürsən. Sən də susursan. Və bəlkə də, içində bir stul var. O stulda oturan, sənin özündən başqa bir "sən"dir. Susan, amma anlayan. Yorulan, amma yaşayan.

 Susqun müşahidəçiliyin, daxildəki sükutun içində yavaş-yavaş bir işıq parıldayır. Bu işıq təkcə aydınlanma deyil, həm də ağır bir yükün, qəbulun işığıdır. Dostumun səsi azalsa da, mən artıq ağrı ilə üzləşməyə hazıram. Bu, dəyişməyə çalışmaq deyil, dözmək, daşımaq və ən əsası, yaşamaq deməkdir. Hər günün təkrarı, hər pəncərədən baxış, hər səssiz an bunlar artıq mənim qaçış yolum deyil, varlığımın ən dərin təzahürüdür. Və bu təzahürün içində bir mesaj gizlidir.

 Sükutdan doğan güc, qırılmışlıqdan doğan insanlıqdır.

 Bir gün başa düşürsən ki, sükut qışqırıqdan daha çox şey deyir. Özündən qaçmağın bir mənası olmadığını anlayırsan. Nə qədər göz yumursan, içindəki səslər daha çox böyüyür. İnsan bəzi cavabları bilməməlidir deyirlər. Çünki bilmək, daşımaq deməkdir. Ağırlıqla yaşamaq isə hər kəsin işi deyil. Aydınlanma... səni ucaldan yox, yandıran bir şimşək kimidir. Parlayır və qaranlığı daha da görünən edir.

 Dostum deyirəm ha, hansi ki, bəzən mənimlə danışır. Onun səsi həmişə sakitdir. Amma dedikləri, alov kimi. “İnsanlar niyə qorxur səncə?” deyə soruşur. “Çünki artıq kim olduqlarını hiss edirlər. Və bu hiss, çox zaman xoş deyil.”

 Varlıq yüngül deyil. Özünü dərk etmək, təkcə adını bilmək deyil, içindəki bütün iyrəncliklərlə, susqunluqlarla, bacarmamışlıqlarla, niyyətlərlə üzləşməkdir. Hər kəs öz hekayəsinin qəhrəmanı olmaq istəyir. Amma bəzən biz sadəcə bir yan personajıq. Hətta öz həyatımızda belə...

Bəziləri deyir: "özün ol." Amma bəs əgər insan özünü bəyənmirsə? Əgər “özün” dedikləri, içi boş, qorxaq, yarımçıq, yorğun, günahkar bir siluetdirsə? Onda nə olacaq? Özün olmaq cəsarət tələb edir. Hətta ən böyük cəsarət, başa düşməkdir ki, bəzən heç kim deyilsən. Heç bir qələbən yoxdur. Heç kimin fikrində deyilsən. Sadəcə yaşayırsan. Nə az, nə çox.

 Aydınlanma insanı dəlilik həddinə aparan bir səssizlikdir. Çünki artıq susa bilmirsən. Cəmiyyətin plastik gülüşlərindən, süni motivasiyasından, mənasız yarışından bezirsən. Gülən insanlar sənə yalan gəlir. Uğurlu görünən insanlar, içdən çürükdür. Sən isə tək bir dürüstlük istəyirsən, o da daxili sükunətdir.

 Bəzən güzgüyə baxırsan. Səninlə baxışan bir varlıq var. Tanımadığın, sevmədiyin. Gözlərinin içində qorxu deyil, yorğunluq gizlənib. Və sən bilirsən ki, bu varlıq, artıq maskasız halındır. Dostum deyir, eynilə ölü yazarlardan biri kimi, “Güzgüyə çox baxsan, içinə düşərsən.” Mən çoxdan düşmüşəm. İndi isə qayıtmaq istəmirəm. Çünki ən azından orada yalan yoxdur.

 Cəmiyyət isə bu aydınlanmanı qəbul etmir. Çünki sən artıq onların dilində danışmırsan. Onlar sənə "depressivsən" deyir. Sən isə sadəcə artıq yalan danışmırsan. Onlar sənə "passivsən" deyir. Sən isə sadəcə dayanmısan, düşünmək üçün. Onlar "geri qalmaq" deyir. Sən isə "əslində heç yerə tələsməmək" deyirsən. Və bu fərq, insanı təkliklə cəzalandırır.

 Amma bu təklik, qorxulu deyil. Əksinə, o təkliyin içində bir azadlıq var. Orada kimsə sənə nə olmalı olduğunu demir. Sən heç kim olmamaqla, hər şey ola bilirsən. O boşluğun içində, öz səsini eşidirsən. Susqun müşahidəçin sənə deyir: “Sən artıq öyrənmisən. Əzablı da olsa, bu, gerçəkdir.”

 

Aydınlanma bir mərhələ deyil. Bu, bir dağ deyil ki, çıxasan. Bu, bir çöldür. İçində itmək, sonra yenidən doğulmaq üçün. Bu səhrada su yoxdur. Amma susuz qalmaq, sənə həyatın necə dəyərli olduğunu öyrədir. Və bəlkə də, elə bu, özünü tapmaq deyil, sadəcə yaşamaqdır. Susaraq, amma dürüst şəkildə.

 İndi, bütün bu parçalanmaların, təkliyin və qaranlığın içində, özümü unutmamağın əhəmiyyətini anlayıram. Mən qəhrəman deyiləm, xilaskar deyiləm, bəlkə də heç bir zaman olmamışam. Amma buradayam, sükutun, boşluğun və kölgələrin içində bir varlıq kimi. Bəlkə də bu varlıq, həyatın mənə verdiyi ən qiymətli hədiyyədir. Özümü tanımaq və qəbul etmək bacarığı. Bu, təkcə yaşamaq üçün kifayət edir, çünki ən böyük qələbə, yaşamağa davam etməkdir. Və bu, yəqin ki, hər birimizin gizli arzusu, hər birimizin susan ürəyində doğan ümid işığıdır.

 

Daha inanmıram. Heç bir şeyə. Amma maraqlıdır, bu inamsızlıq mənə qəribə bir azadlıq verib. Qırılmış heykəl kimi yerimdəyəm. Parçalarım ətrafa dağılıb. Və mən artıq onları yığmaq istəmirəm. Çünki anlayıram ki, heykəlin bütöv olması, onu canlı etmirdi. Bəzən çat, nəfəs deməkdir.

 Dostum, o görünməyən, amma içimdə danışan səs daha az danışır artıq. Sanki o da yorulub. Amma yox olmur. Səssizcə yanımda oturur. Bəzən gözümə görünür, bəzən sanki mən olur. Bəlkə də bu, mənim içimdəki uşaqdır. Unudulmaqdan qorxan, diqqətə ac qalmış, amma qorxudan səsini çıxara bilməyən uşaq. Onu qucaqlamaq istərdim... Amma əllərim titrəyir.

 Cəmiyyətin ritmi dəyişmir. Onlar hələ də gülürlər, poza verir, “mən xoşbəxtəm” deyirlər. Onlar tələsməyə davam edir. Onlar “filan yaşda ev, filan yaşda diplom, filan yaşda uşaq” deyə bir qrafiklə nəfəs alırlar. Mən isə bu qrafikdə bir xəta kimi görünürəm. Yuxarıdan baxanda, boşluqdayam. Xəttdən çıxmışam. Amma bu azadlıqdırmı, yoxsa sürünmək?

 Artıq çox şey istəmirəm. Sadəcə az olmaq istəyirəm. Az danışmaq, az toxunmaq, az öyrətmək, az tələb etmək. İstədiyim sükutun içində bir cümlədir: “Sən burdasan. Hələ də burdasan. Bu bəs edər.” Çünki bəzən yaşamaq, irəliləmək deyil. Sadəcə tükənmədən dözməkdir. Qalmadığın yerə düşmək, və orada yer salmaq. Yıxıldığın yerə "evim" demək.

  Bəzən düşünürəm, biz niyə bu qədər çırpınırıq? Daha çox bilmək, daha çox qazanmaq, daha çox görünmək... Əslində, daha çox gizlənmək üçündür bu. İçimizdəki səssizliyi boğmaq üçün. Halbuki bəlkə də xoşbəxtlik elə bu səssizliyə ad qoymaqdır. Qaranlıqla barışmaq. Yəni onu məğlub etməyə çalışmadan, sadəcə onunla bir çarpayıda yatmaq.

  Hər gün eyni saatda yuxudan dururam. Eyni pəncərədən baxıram. Eyni səssizlik. Eyni boşluq. Amma bu dəfə fərqli bir şey var. İçimdəki ağrı artıq qışqırmır. O, oradadır, amma sakitdir. Bəlkə də bu, qəbulun ilk halıdır. Dəyişməyin yox, daşımağın mərhələsi.

 Mən özümə cavab tapmadım. Amma bir şeyi başa düşdüm ki, sualın özü yaşadır. Bəlkə də bizə cavab yox, yoldaş lazımdır. Elə ona görə bu yazı da, sanki bir yoldaşdır sənə. Eyni sualları verən, eyni yerlərdə dayanıb baxan, eyni təkliyi paylaşan bir səssiz müşahidəçi.

 Sən də oradasansa, tək deyilsən. Biz bu sükutun içindən doğmuşuq. Qaranlıq bizi udmayıb, sadəcə formalaşdırıb. Biz kölgənin övladlarıyıq. Həmişə günəş altında gəzə bilmərik. Amma ay işığında öz izimizi tanıya bilərik.

 Əgər bu qədər qaranlıqdan keçmisənsə, artıq işığa ehtiyacın yoxdur. Çünki içində bir parıltı yaranıb, adını heç kim bilmir. Amma sən tanıyırsan. Və bəlkə də bu, yaşamaq üçün bəs edir.

 

Əvvəlcə heç nə baş verməmiş kimi görünür. Otaq eyni otaqdır. Səssizlik hələ də səni izləyir. Dostun hələ də səninlədir, bir kölgə kimi. Və sən hələ də cavab axtarırsan, halbuki suallar artıq çoxdan yorulub səni izləməkdən. Ancaq bir şey dəyişib. Sən artıq ağrını boğmursan. Ona ad qoyursan. Qorxularınla danışmağı öyrənmisən. Qaçmaq yerinə baxırsan. Baxmaq yerinə dinləyirsən. Və bu səssizliyin içində ilk dəfə bir nəsə doğulur. Kiçik. Sönük. Amma real.

Sən qəhrəman olmadın. Qurtarmadın. Heç kəsi dəyişmədin. Amma bir şeyi bacardın, özünü unutmadın. Bu kifayətdir.

Bəzən, sağ qalmaq tək bir nəfəsin içində gizlənir. Bəzən, o nəfəs də sən deyilsən. Amma sən ordasan. Unudulmamısan. Hələ də buradasan

Və bu, heç olmasa bu, yetərincədir.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2026)

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Şeir saatı” rubrikasında bu gün sizlərə gənc şair Şəhriyar Heydərin şeirləri təqdim edilir.

 

 

***

 

Gedəndə elə gedəsən,

Göy də yerindən oynaya.

Ağlamağa səndən ötrü

Bir nəfərin də olmaya,

 

Araya kim hördü hasar?

Berlin divarıdır, baxsan,

Yerin görünür, hardasan,

Gəl, ay yerində olmayan.

 

Demə ki, sevgin ucuzdur,

Qarğışım tutar, quduzdur,

Bir sevgi sənə uduzdum,

Bəlkə, birin də oynayaq?

 

***

 

Payız bilməz ağaclara soyuqdur,

Bilsə, salmaz yarpaqları budaqdan.

Uçar quşlar, göy üzünü tərk edər,

Günəş baxıb əl yelləyər uzaqdan

 

Bir bax, yenə göyün üzü tutulub,

Ağrıyıram,Tanrı, dizim tutulub.

Bir bulaqdım, çoxdan gözüm tutulub,

Daha gözüm su içmir bu bulaqdan.

 

İstəmirəm, gəlib apar bu günü,

Kimdən ötrü qoydum ağlar bu günü?

Tərkibində göz yaşı var bu günün,

Tanrı, mənə göz yaşısız gün ağla.

 

Bu, dünyadır, gec-tez sıxır adamı,

Söykəndiyin yerdən yıxır adamı,

Böyüdükcə zayı çıxır adamın,

Aman gündür, böyüməyin, uşaqlar.

 

 

***

 

Bir ağaca söykənib tamaşa edirəm Günəşin qürubuna,

Bir azdan göylər qara geyinəcək

Onun yoxluğuna.

Bir ağaca söykənib gedirəm qocalığa, bu əsadan tuta-tuta…

Zaman o qədər sürətlidir ki, ləngiyirəm arzulara çatmağa.

Bir ağaca söykənib tamaşa edirəm başı dumanlı

 bu qoca dağ kimi dünyaya.

Bir az əvvəl  göy qurşağını da qaldırıb başı üzərinə, üzürdü səma okeanında.

 İndisə yelkəni enmiş gəmidir,

Üzərinə atılan bombalardan dəlmə-deşik,

Batmaq üzrədir

İçində səkkiz milyard ekipaj üzvü ilə...

Bir ağaca söykənib baxıram Tanrıya,

Bu gəminin

Kapitanı gözü ilə...

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2026)

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

"Neçə sənə əmimin evində qalmaq mənim üçün əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaşa anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu."

 

Bu gün 20-ci əsr Azərbaycan ədəbiyyatının və dramaturgiyasının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür.

Haqverdiyev 29 may 1870-ci ildə Şuşa şəhərindən 20 km məsafədə yerləşən Ağbulaq kəndində anadan olmuşdur.

Atası Əsəd bəy, qəza idarəsində katib kimi çalışırdı. O rus və fars dillərini bilən, savadlı bir adam idi. Əbdürrəhim bəy üç yaşında olarkən atası vəfat edir. Onu əmisi Əbdülkərim bəy öz himayəsinə götürür. Anası Hüsnü Cahan xanım isə üç il sonra kənd məmuru Həsənəli bəy Sadıqbəyovla evlənir. Əbdülkərim bəy bu evliliyə qarşı çıxmış, bu səbəbdən Əbdürrəhimi uzun müddət anasından uzaq tutmuşdur. Əsəd bəyin böyük qardaşı olan Əbdülkərim bəy də varlı və savadlı bir şəxs idi. 1875-ci ilin payızında Əbdülkərim bəy də dünyasını dəyişir. Əmisinin faciəli ölümü Əbdürrəhimi çox təsirləndirmişdir.

 Əmisinin evində olarkən artıq yengəsi və onun qardaşının əziyyətinə məruz qalan Əbdürrəhim, bir gün evdən qaçaraq anasının yanına getmiş və ögey atası Həsənəli bəy onu öz doğma oğlu kimi qəbul etmişdir. Haqverdiyev bu barədə xatirələrində də yazıb və mən o yazılanları yazıma proloq kimi vermişəm.

 

Həsənəli bəy Əbdürrəhimin təhsili ilə şəxsən özü məşğul olmuşdur. Rus dilini bildiyi üçün Əbdürrəhimə rus əlifbasını da ilk dəfə özü öyrətmişdir. Əbdürrəhimin ailədə özündən başqa Nabat adlı bir bacısı da var idi. Nabat hələ uşaq ikən çayda boğularaq ölmüşdür.

 

Yazıçının ilk bioqraflarından olan Kamran Məmmədov yazır:

 

"Əbdürrəhimin səkkiz yaşı vardı… İsti yay günlərindən biri idi. Həsənəli bəy Sadıqbəyovun ailəsi qonşu ailələrlə bir neçə gün idi ki, Şuşadan yaxın yaylağa, çay kənarına köçmüşdülər. Günortaya az qalmışdı. Kişilər böyürtkən yığmağa getmişdilər. Kişilərin getməsindən istifadə edən qadınlar və uşaqlar çayda çimirdilər. Əbdürrəhimlə Nabat da bunların arasında idi… Birdən-birə hava qaraldı, göyün üzünü qara buludlar bürüdü, şıdırğı yağış yağmağa başladı. Az keçmədi ki, nərilti ilə gələn güclü sel hər tərəfi bürüdü… Bir əli ilə kiçik Nabatın, o biri əli ilə Əbdürrəhimin əlindən yapışan Hüsnücahanı güclü axın süpürləyib çaya saldı. Qadın özü də bilmədən uşaqların əlini buraxıb qışqırmağa başladı… Kişilər özlərini yetirib hər üçünü güc-bəla ilə cilovsuz selin-suyun ağzından qurtardılar. Nabat boğulmuşdu…

Bacısının faciəli ölümündən sonra Əbdürrəhim heç bir uşaqla oynamır, həmişə tək gəzirdi. Bəzən də atalığı Həsənəli bəy hara getdi, onu özü ilə aparırdı."

 

1880-ci ilin may ayında Həsənəli bəy müflis olduğu üçün ailəsi ilə birgə Şuşa şəhərinə köçür. Əbdürrəhim burada Yusif bəy Məlikhaqnəzərovun müvəqqəti yay məktəbində təhsil almağa başlayır. Buradaki təhsil məktəbə hazırlıq məqsədi daşıyırdı. Yusif bəy ögəy atası Həsənəli bəydən sonra Haqverdiyevin təhsilində əsas rol oynayan ikinci şəxsdir.

Əbdürrəhim həmin ilin sentyabr ayında imtahan verərək şəhər məktəbinə daxil olur və bir il müddətinə burada oxuyur. 1881-ci ilin oktyabr ayında Şuşada yeni açılan rus dilli realni məktəbə daxil olur və burada rus dilində təhsil almağa başlayır. Bu zaman Yusif bəy də burada müəllim işləyirdi. Onun teatra böyük marağı var idi və hər yay Şuşaya dincəlməyə gələn müəllim və tələbələrin köməyi ilə teatr tamaşaları təşkil edirdi. Haqverdiyevin teatrla ilk tanışlığı da məhz bu tamaşaların birində olmuşdur. O öz xatirələrində bu barədə yazır: 

 

"1884-cü ildə, 14 yaşında ikən bir dəfə teatra getdim. Mirzə Fətəlinin ‘Xırs quldur basan’ piyesini oynayırdılar. Teatrda pərdə açılmayınca, mən bu əqidədə idim ki, fokus göstərəcəklər. Pərdə açıldı. Bir də baxdım ki, müəllimlik Yusif Bəy əynində çuxa, başında Buxara papağı, belində xəncər, əlində tüfəng səhnədə dayanb igidlikdən dəm vurur. Get-gedə tanıdığım müəllimlərin birini arvad libasında, birinin polis libasında görüb, teatrın və komediyanın nə olduğunu anladım."

 

Tamaşadan təsirlənən Haqverdiyev Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərinə bənzər kiçik həcmli "Hacı Daşdəmir" hekayəsini yazıb müəllliminə təqdim edir. Yusif bəy əsəri oxuyub öz məsləhətlərini verir.

 

Yazıçı hələ sağ ikən çap etdirdiyi kitabları aşağıdakılardır:

 

- "Dağılan Tifaq" (Dram)

- "Millət Dostları" (Kiçik həcmli dram əsəri)

- "Kimdir Müqəssir" (İki Pərdəli Vodvil)

- "İki Hekayət" ("Ata və Oğul" ve - "Ayın Şahidliyi" hekayələri)

- "Ac Həriflər" (Komedi)

- "Xəyalət" (Pyes)

- "Ağa Məhəmməd Şah Qacar" (Tragediya)

- "Bəxtsiz Cavan" (Tragediya)

- "Dağılan Tifaq" (Dram) 

- "Ədalət Qapıları" (Dram)

- "Şeyx Şəban" (Hekayə)

- "Ac Həriflər" (Komediya)

- "Köhnə dudman" (Pyes)

- "Marallarım"

 

1932-ci il mayın 3-də Bakıda, Türk teatrında Haqverdiyevin bədii yaradıcılığa başlamasının 40 illik yubileyi münasibətilə sadə bir yubiley mərasimi keçirilir. Haqverdiyevin öz istəyinə uyğun olaraq, təntənəsiz, sadə formada keçirilən bu mərasimdə "Pəri cadu" pyesindən üç pərdə nümayiş etdirilir və yığcam bir konsert təşkil olunur. Dadaş Bünyadzadə ona yaxşı təqaüd kəsiləcəyini vəd edir və Haqverdiyev bu vəddən ümidlənərək təqaüd təmin olunsa, oktyabrın 1-dən istefa verib istirahətə çəkilmək niyyətində olduğunu yazır. O, uzun müddətdir ki, yaşlı bir müəllim olaraq ətrafında gənc müəllimlərin arasında özünü qəribə hiss etdiyini ifadə edir. Lakin ömrünün sonunadək "yaxşı təqaüd" ala bilmədən işləməyə davam edir. Nəticədə, o, 1933-cü il dekabrın 11-də ürək xəstəliyindən vəfat edir və Bakıda Fəxri Xiyabanda dəfn olunur.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2026)

 

Cümə, 29 May 2026 11:09

“Ən şirin sözüm...”

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Günəşli gündüzüm, ən şirin sözüm,

Əbədi hicrinə mən necə dözüm?

Bağçanda bitibdir nərgiz, bənövşə,

Sənsiz o gülləri mən necə üzüm?

                      Dilbər Axundzadə

 

İsmayılzadə-Axundzadə Dilbər 29 may 1914-cü ildə Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olub. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşayıb. Salam Salamzadə onun rəsm müəllimi olub. O, gəncliyində Gəncə Şəhər Sovetinin və 1934-cü ildə Bakı Şəhər Sovetinin deputatı seçilib.

Dilbərin doğmaca əmisi İdris Axundzadə bir gün qardaşıgilə gəlib və burda qardaşı qızının ögey anası ilə rahat yaşamadığını görüb onu özü ilə aparıb. Daha sonra isə İdris bəyin həyat yoldaşı Dilbəri buraxılış gecəsinə gətirib və o, burada Mikayıl Müşfiq ilə tanış olub. Mikayıl əmisinin yaxın dostu olub. Həmin gün Müşfiq onun arxasında oturub və Dilbər onların məhəbbətinin poetik rəmzi olan hörüklərini arxaya atanda Mikayılın üzünə toxunub. Şairin sevgisi başlayıb Dilbərinə. Müşfiqin sevgisi elə bir həddə olub ki sevgilisinə deyib: "Ah, Dilbər, ağlımı başımdan almısan! Qorxuram desinlər ki, Müşfiq məhəbbət şairi olub".

Onların nişanları poeziya bayramı olub. Hüseyn Cavid, Abdulla Şaiq, Əhməd Cavad, Bülbül, Səməd Vurğun, Mir Cəlal, Rəsul Rza və bir çox başqaları iştirak edib bu məhəbbət məclisində.

Gerisinın isə bilirsiniz. Dilbərin sevimli həyat yoldaşı, Mikayılı 3 iyul 1937-ci il tarixdə Sovet xüsusi xidmət orqanları tərəfindən "əksinqilabi-millətçilik" fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edilib. Müşfiqdən sonra Dilbəri də aparıblar. Sonacan Dilbər onu müdafiə edib.

Həbsxanada olanda onların məhəbbətinin poetik rəmzi olan hörüklərini kəsiblər. Ona deyiblər: Müşfiqin milliyyətçi və digər təşkilatlara üzv olması barədə kağızları imzala. O, “yox” cavabını verib. Ona deyiblər: Müşfiqdən imtina et, onun müqəssir olduğunu etiraf et. “Yox” deyib Dilbər Axundzadə. O, Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə 1 yanvar 1938-ci il tarixdən hesablanmaqla 2 noyabr 1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilib. Və bu həbs onu Azərbaycan Tibb İnstitutunda aldığı iki illik təhsilini yarımçıq qoymağa məcbur edib.

Həbsdən azad edildikdən sonra bir müddət Gəncədə məktəbdə müəllim kimi çalışıb, sonra isə yenidən Bakıya qayıdıb. Şairəliklə məşğul olub. Müşfiqi aparanda masanın üzərində “Dilbərnamə” adlı qovluq olub: Müşfiq bütün şeirlərini orada saxlayıb, hamısı da yoxa çıxıb. Bütün ömrü boyu Müşfiq xalq mahnıları, dastanlar və sair toplayıb, hamısını aparıblar. Nə qədər əzab - əziyyətlər görən Dilbər Axundzadə  Müşfiqin ədəbiyyatının bir qismini bərpa edib, hətta özü də, dediyimiz kimi, şeirlər yazıb. Müşfiqi yaşatmaq üçün bunları edib.

Qızı bunu möcüzə adlandırıb, çünki Dilbər xanım çox əzab əziyyətlər çəkib.

Qızı Leyla Axundzadənin dilindən:

“Bəli, Dilbər xanım, həkimin dediyinə görə, bir çox xəstəliklərə düçar oldu: infarkt, böyrək, sinirlər, şəkərli diabet... Anlayanda ki, ondan heç nə əldə edə bilməyəcəklər, o isə işgəncələrdən aşkar surətdə özündə deyil, onu həbsxana xəstəxanasından psixiatrik xəstəxanaya köçürdülər. Lakin orada qalmaması üçün, onu tanıyan həkimlər guya sağlam olması barədə arayış verdilər. O, Gəncəyə, anasının yanına getdi və uzun müddət orada müalicə olundu. İlk vaxtlar o heç nə danışmırdı, heç nə anlamırdı, nə özünün, nə də Müşfiqin kim olduğunu bilmirdi...”

Leyla Axundzadə deyir ki, Müşfiq çox istedadlı idi: o, anamın tarını götürür və sadəcə mahnı oxumurdu, muğam ifa edirdi. Bax, o belə insan idi! Anam Müşfiqlə yaşayırdı, daim çıxışlar edirdi, harasa yazırdı, gah nə isə xatırlayırdı və dərhal da kağız üzərinə köçürürdü... Müşfiqin 80 illiyində o, sanki onunla vidalaşdığını hiss edirdi. Anam çıxış etməməli idi, lakin yenə də sanki gözəgörünməz qüvvələr onu çıxış etməsi üçün səhnəyə qaldırdılar və dəstək verdilər, o qədər zəifləmişdi ki! Mən ona baxırdım və hər an yıxılacağından ehtiyatlanaraq tir-tir əsirdim...

"Müşfiqli günlərim" əsərinin müəllifidir Dilbər Axundzadə.

Amma o da var ki, Müşfiqdən sonra dini nikahla yenidən evlənib və bu evlilikdən bir oğlu və Leyla adında qızı olub. Oğlu 60 yaşında - hyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayıb. 21 oktyabr 1990-cı ildə Bakı şəhərində vəfat edib.

2002-ci ildə Mikayıl Müşfiqlə bağlı "Qeybdən gələn səs" filmi çəkilmiş və filmdə Dilbər rolunu İlahə Səfərova canlandırıb.

2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalan siyasi məhbusların həyat yoldaşlarının, qızlarının eləcə də repressiyaya məruz qalan qadınların başına gələn hadisələr haqqında "Kod adı: "V. X. A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub. Tamaşada Dilbər Axundzadənin həbsi də təsvir edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2026)

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

 

"Saxsıdakı bir çiçək belə, yaşamaq üçün diqqət və sevgiyə ehtiyac duyduğu halda, bir uşağın sadəcə qarnının tox olması, isti bir evinin olması sağlam şəkildə böyüməsi üçün yetərlidirmi"?

                              Naşide Gökbudak

 

O uşaqların evi var idi, yatağı isti, qarınları da tox idi, amma gözlərində izah olunmayan bir ağrı, bir kədər vardı.

Bəlkə də, bu baxışlar bir cümlə söyləyirdi:

-Axı niyə?

Elə mən də o sualı öz qəlbimdə təkrarlayırdım: "Axı niyə?"

 

Özümə söz vermişdim Nur uşaqlar evini ziyarətə gedərkən ağlamayacağam, körpələrə xoş olmaya bilər, amma qəlbimlə gözlərim dərdləşərkən göz yaşlarının qarşısını ala bilmədim. Elə həmin  gün Bakıya güclü dolu da yağdı. Sanki göylər də mənim kimi çox Kövrəlmişdi, səmanın göz yaşları da qəlbli buz insanlar kimi buza dönüb doluya çevrilmişdi.

 

Uşaq evindəki "sakinlərin" özü bir hekayə idi, özləri bir təsirli poetizm idi.

Üzlərindən, gözlərindən daxili dünyalarının mənzərəsi duyulurdu.

Bəziləri körpə gülüşünə, körpə baxışına həsrət ikən, bəziləri özlərini bu gözəl hisslərdən məhrum etmişlər.

Mənə təsir edən bir məqam yol boyu daxilimdə ağrı yaradırdı. Bir körpəyə masadakı bütün qidalardan uzatdım, amma o heç birini istəmədi, hətta başı ilə - bədən dili ilə yox deyirdi.

Təsirlənib üzünə baxıb nə istədiyini soruşdum.

O, qollarını açıb boynumu qucaqladı, deməli, o sevgiyə ac imiş..

Gözlərim doldu, onu öz balam kimi sardım. Bəlkə də, az da olsa, analıq şəfqətini duya bilmişdi. 

Anladım ki, ən böyük aclıq sevgi aclığıdır.

Hansı yaşda olursan ol, sevgiyə ehtiyacın var. İstər uşaq, istər cavan, istərsə də yaşlı ol.

Həmin gün mərhəmətinə sığınan insanlardan da " Nur" uşaq evinə ziyarətə gələnlər də vardı.

Körpələrə sarılıb sevgi ilə bəsləyirdilər, özləri isə göz yaşları ilə boğazlarını yaşlayırdılar.

Xanımlardan biri Binəqədi Mərkəzi Mədəniyyət Evinin direktor vəzifəsini icra edən Aygün Mustafayeva digəri isə 276 nömrəli  tam orta məktəbin direktoru Xoşqədəm Məmmədova idi.

Bir gözləri az da olsa, kömək etdikləri üçün sevinirdi, bir gözləri isə kədərdən ağlayırdı.

Ülviyyə Əbülfəzqızını isə bu bir neçə saatlıq ziyarət hələ çox ağrıdacaqdı, çünki onun obrazlarının çoxu da sevgi aclığından əziyyət çəkir.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2026)

Azər Rəsulzadə Məhəmməd Əmin Rəsulzadənin taleyindən nigaran getdiyi, bir gün hürr olacağına ümidini itirmədiyi Vətənində dəfn olunan ilk ailə üzvü idi

 

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru.

“Ədəbiyyat və incəsənət”

 

Ulu Öndər Heydər Əliyevin Vətən tarixi qarşısında xidmətləri saysızdır. Ana dilini Anayasada təsbit etməsi, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi qurması, “Əsrin müqaviləsi”nə imza atması nə qədər əhəmiyyətlidirsə, üç qüdrətli tarixi şəxsiyyətin ruhuna ehtiram nümayiş etdirməsi müqayisəyə gəlməzdir. 1982-ci ildə Hüseyn Cavidin nəşini uzaq Sibir çöllərindən  Naxçıvana, 1994-cü ildə  Akademik Zərifə xanım Əziz qızı Əliyevanın nəşini Moskvadan Bakıya gətirib Fəxri Xiyabanda torpaq müqəddəsliyinə qovuşduran Ulu Öndər Heydər Əliyevin Siyasi hakimiyyətinin ikinci mərhələsinin ilk ikinci ayında aldığı qərar onun bir Lider kimi əzəmətinin, qüdrətinin göstəricisidir.

1993-cü ildə Azər Məhəmməd Əmin oğlu Rəsulzadənin nəşinin xüsusi təyyarə ilə  Qazaxıstandan Bakıya köçürülməsi milli-mənəvi dəyərlər tariximiz üçün nə qədər qiymətlidirsə, milli dövlətçilik tariximiz üçün bir o qədər dəyərlidir. Ulu Öndərin Azər Rəsulzadənin vəsiyyətinə münasibəti isə əslində bir Lider olaraq onun Cümhuriyyət Qurucularına, Rəsulzadə irsinə və şəxsiyyətinə münasibətinin göstəricisi idi.  

 

Rəsulzadə qorxusu, xofu İosif Stalini heç zaman tərk etmədi

Xalq Cümhuriyyəti devrildikdən, Bolşevik Rusyası Azərbaycanda qələbə çaldıqdan sonra Cümhuriyyət qurucularının bir çoxu Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli,  Xudadat bəy Rəfibəyli kimi ya yerində güllələndi, ya da mühacirəti qəbul etmək məcburiyyətində qaldı.  Bir çoxları ilə münasibətinin olmasına baxmayaraq İosif Stalin onlarla düşmənçilik münasibətlərini davam etdirdi.  Məhəmməd Əmin Rəsulzadə qorxusu, xofu isə onu heç zaman tərk etmədi. Əldə olunan məlumatlardan bəlli olur ki, o,  Rəsulzadədən canını bir dəfəlik qurtarmaq üçün hər gün dayanmadan qərarlar alır.

1937-ci ilin dəhşətli repressiyaları düşüncəsini gerçəkləşdirmək üçün Stalinə münbit şərait yaradır. Bu vaxta qədər Rəsulzadənin ata və anası artıq dünyasını dəyişmişdi.  Sağ qalan qohumları isə məhz bu məşum ildən təqib olunmağa başlayır. 1937-ci ildə oğlu Rəsul Novxanıda həbs olunaraq 19 yaşında güllələnir. Rəsulzadənin ögey anası Maral xanım həmin ildə Qazaxıstana sürgünə göndərilir və burada vəfat edir. Həyat yoldaşı Ümbülbanu xanım oğlu Rəsulun faciəli ölümünü unuda bilmir, 1939-cu ildə  sürgünün məşəqqətləri içərisində ürəyi dayanır. Rəsulzadənin ilk övladı Lətifə xanım 1943-cü ildə qızı İşvə ilə birlikdə Qazaxıstanda soyuqdan donaraq ölür. Rəsulzadənin digər qızı Xalidə xanım isə həmin il sürgündən qaçıb Bakıya gəlməyi bacarır. Bir müddət xalası Ümmügülsümün  evində qalır. Həmin ərəfədə xalasının həyat yoldaşı şair Seyid Hüseyn də təqib olunurdu. Bu səbəbdən də Xalidə xanım qaranlıq gecələrin birində Şamaxıya getmək üçün yola düşür,  ancaq ondan bir daha xəbər alınmır.

 

Azər 56 il sürgün həyatı yaşadıqdan sonra Qazaxıstanda dünyasını dəyişir 

Rəsulzadə ailəsindən sağ qalan yeganə şəxs və varis oğlu Azər olur. Stalin Məhəmməd Əmin Rəsulzadəni Moskvaya danışıqlara çağırarkən ailəsi ilə vidalaşmaq üçün evə gedən Rəsulzadə beşikdəki kiçik oğlu Əliheydərin adını dəyişib, Azər qoymağı tapşırır. 1937-ci ildə anası və bacıları ilə birlikdə sürgünə gedən Azər 56 il sürgün həyatı yaşadıqdan sonra Qazaxıstanda dünyasını dəyişir.  Oğlu, rəssam Rəis Rəsulzadə nə qədər cəhd etsə də atasının cənazəsini Azərbaycana gətirə bilmir. Bu zaman məsələ haqqında məlumat ikinci dəfə Siyasi hakimiyyətə cəmi 24 gündür gələn Ulu Öndər Heydər Əliyevə çatır. Heydər Əliyev həmin an xüsusi təyyarə ilə nümayəndə heyəti göndərir. Azər Rəsulzadənin cənazəsi Bakıya gətirilir. Ulu Öndər onun Fəxri Xiyabanda dəfn olunması barəsində göstəriş versə də, oğlu Rəis Rəsulzadə atasının Novxanıda, dəfn olunmasını vəsiyyət etdiyini bildirir. Azər Rəsulzadənin son vəsiyyəti nəzərə alınır. O Novxanıda babası - Hacı Molla Ələkbərin yanında dəfn olunur. Azər Rəsulzadə Məhəmməd Əmin Rəsulzadənin taleyindən nigaran getdiyi, bir gün hürr olacağına ümidini itirmədiyi Vətənində dəfn olunan ilk ailə üzvü idi.

 

  “Bu milləti daima əsarət altında saxlamaq olmaz, o qədim dövlətlər qurmuş, azadlığın dadını hiss etmiş, duymuş xalqdır!”

Məhəmməd Əmin Rəsulzadə ömrünün mühacirətdə keçirdi.  71 yaşında, 1955-ci il martın 6-da,  Ankarada “Azərbaycan,  Azərbaycan, Azərbaycan!” nidası ilə dünyaya vida nəğməsi oxudu. Martın 8-də isə “Əsrin” qəbiristanlığında torpaq müqəddəsliyinə qovuşdu.  Vida mərasimində nüfuzlu tarixi şəxsiyyətlər iştirak etdi. Azərbaycan bayrağına bükülən liderlərini “Bir kərə bayraq, bir daha enməz!” nidası ilə Tanrı dərgahına yola saldılar.

Üstündən illər, on illər ötəndən sonra mənsub olduğu millətin beynlərinin şırımlarına “Bu milləti daima əsarət altında saxlamaq olmaz, o qədim dövlətlər qurmuş, azadlığın dadını hiss etmiş, duymuş xalqdır!” nidası ilə Əbədi İstiqlalın toxumlarını səpən Rəsulzadənin istəyi gerçəyə çevrildi. 

 

“Bu millət əvvəl –axır həqiqətin mizanını quracaq. Ona Tanrıdan ərmağan olan dövləti yenidən dirçəldəcək!”

Onun öndərliyi ilə qurulan Cümhuriyyətin hilallı, ulduzlu, üçrəngli Bayrağı 70 il sonra Vətən torpaqlarının hər guşəsində dalğalandı. Ötən əsrin önündə yoxdan bir dövlət qurub, bayraq yapan millət zamanın quruluşun üstünə yeriyib Əbədi İstiqlala nail oldu. Müstəqillik aktına imza atdı.

Tarix Rəsulzadənin qüdrətini, onun oğlunun – vərəsəsinin nəşini  Qazaxıstandan Bakıya – ata yurduna gətirən Ulu Öndər Heydər Əliyevin əzəmətini,  Rəsulzadənin nəslini kəsmək üçün  bütün qüvvələrini səfərbər edən İosif Stalinin rəzalətini yaddaşına yazdı.  Bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 108, Stalinizmin Rəsulzadələrə yaşatdığı sürgün dəhşətlərindən 89 il ötür.  Ankaradan “Əsrin” məzarlığından boylanan Cümhuriyyət Qurucusu  həsrətə, nisgilə rəğmən “Bu millət əvvəl-axır həqiqətin mizanını quracaq. Ona Tanrıdan ərmağan olan dövləti yenidən dirçəldəcək!” nidası ilə hüzur bulur. Mənsub olduğu milləti Şuşa qalasında, Xüdafərin körpüsündə bayrağa döndərən,  “Ümid körpüsü”nü quran, “Qars Bəyannaməsi”ndən “Şuşa Bəyannaməsi”nə uzanan yolu göstərən, İstiqlal Abidəsini ucaldmaqla, dünyanın ən möhtəşəm Bayraq Meydanını qurmaqla İmperiyalara meydan oxuyan, Cümhuriyyət qurucularının yarımçıq arzularını gerçəyə çevirən Liderlərə   Ulu Öndər Heydər Əliyevə və Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevə ehtiramını bildirir, şükran duyğularını dilə gətirir.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2026)

ABŞ ilə Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

 

İşıqlandırma mərasimi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Kanadada yaşayan soydaşlarımız Azərbaycan bayraqlarını dalğalandıraraq mərasimi böyük sevinc və coşğu ilə izləyiblər. Milli rəqsimizin sədaları altında rəqs edib, bayram sevinclərini şəlalənin füsünkar görüntüsünün fonunda foto çəkdirən ziyarətçilərlə bölüşüblər.

Hadisə ərazidə olan yerli sakinlərin və turistlərin diqqətini cəlb edib. Aksiya ilə maraqlananlara Azərbaycanın Müstəqillik Günü haqqında məlumat verilib.

https://www.youtube.com/watch?v=mH4xH4J-fbg

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2026)

34 -dən səhifə 2941

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.