Super User

Super User

Bazar ertəsi, 14 Sentyabr 2026 15:31

Dil birliyi yaradaq!

Eltən Törəçi,

dəyər yaradıcısı, Çölçü İctimai Birliyinin başqanı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, türk törə dəyərləri araşdırmaçısı, yayımçı

“Ədəbiyyat və incəsənət”

 

Bu gün mən dilimizin söz imkanlarının araşdırılması ilə bağlı gənclərə çağırış edəcəyəm. Bu məqsədlə Çölçü İctimai Birliyinin nəzdində “Çağdaş Öztürkcə Dil Özəyi”ni yaratmışıq.

 

Son illər sosial şəbəkələrdə, xüsusilə Feysbukda Azərbaycan dilinin söz ehtiyatı ilə maraqlanan, unudulmuş sözləri üzə çıxaran, alınma sözlərə türkcə qarşılıq axtaran, qədim mətnləri və digər türk xalqlarının dillərini araşdıran xeyli gənc var. Ancaq bu işi görənlər əsasən ayrı-ayrılıqda fəaliyyət göstərirlər. Biri köhnə kitabdan söz tapır, biri kəndində yaşayan, amma şəhərdə az qala unudulmuş sözü paylaşır, digəri eyni anlayışın qazax, qırğız, özbək və ya Türkiyə türkcəsində necə ifadə olunduğunu araşdırır. Məncə, bu adamların ayrı-ayrılıqda gördüyü işi bir araya gətirməyin vaxtıdır. Əlbir olub Dil Birliyi yaradaq.

Yeni özəyin məqsədi hər alınma sözə süni şəkildə yeni qarşılıq düzəltmək deyil. Əsas prinsip əvvəlcə dilin öz yaddaşına baxmaqdır.

“Çağdaş Öztürkcə Dil Özəyi” yalnız sosial şəbəkə qrupu kimi fəaliyyət göstərməyəcək. Məqsəd araşdırma aparan insanların görüşdüyü, sözləri və qaynaqları müqayisə etdiyi, müzakirə etdiyi canlı bir çalışma çevrəsi yaratmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2026)

 

 

Bazar ertəsi, 14 Sentyabr 2026 16:23

Gəl, sənə bir həzin şeir oxuyum...

Faiq Balabəyli,

“Ədəbiyyat və incəsənət”

 

Gəl, sənə bir həzin şeir oxuyum…

Dəfələrlə olub ki özüm özümə, yaxud dostuma, incik saldığım kimsəmin könlünü oxşamağa bu misranı, bu ifadəni təkrar edəm: Gəl sənə bir həzin şeir oxuyum...

Şeir həzinliklə oxunanda daha gözəl olur, ürəkdən səslənındı ürəklərə yol tapa bilir.  

 

Şeir mənim üçün bir layladır, desəm, ifrata varmaram, yanlış olmaz...

Əlbəttə, həzin bir şeir, əlbəttə ürəkdən yazılan, dinlədikcə bizim tərəflərdə deyildiyi kimi, ürəkdən tikan çıxaran şeir və əlbəttə ki, Sona xanım Vəliyevanın təbirincə desək,

Bu da bir fürsətdir ələ düşməyən,

Sözlərin mələklər göydən gətirən.
Min ildir heç kimə söylənilməyən, -  dediyi kimi həzin bir şeir ola.

Əsl şeir, “Səhra istisində kölgə gəzəntək”, gəzilir, oxunur, qəlblərdə yuvasını tapır, yaddaşa köçür. Belə şeirləri “Tanrı göndəribdir dərman, dad kimi”, deyib də, həya edib, gəl məni qınama, “Min bir gecədəki” çar-naçar qalan Şəhrizad kimi həzin bir şeir demək keçdikcə könüldən əsir düşürsən. Necə də gözəldir belə əsir düşmək, ruha, duyğuya təslim olmaq, şeirin zərif toxunuşlu misraları qədər bir birinə bağlandığı kimi həzin səslənən şeirdən gələn hislərə bağlanmaq.

Bilmirəm heç, bu ifadəm doğrudurmu, əziz oxucu, şeir insanın içinə hopur,  ruhuna çilənir, rahatlanırsan və şairin misralarında özünü görürsən: 

İçim çiçəkləyən badam ağacı,
Tanrı möcüzəsi, ruh ehtiyacı - olan misraları pıçıldayırsan:

 Gəl sənə bir həzin şeir oxuyum...

Unudulan ağrı-acı... hələ pöhrəsi duyulan, özü görünməyən sevincə tərəf boylanasan, kipriklərin həzin bir şeirin misraları kimi düzülə, saf göz yaşı həzin bir şeirin hecalarına dönə... və ətrafdakı “boşluq”.  Yenə də təsəllini şeirdə tapasan:

Hamıdan vəfalı içimdəki “mən”,

Qəmimi ovudar, dərdimi bölər.

Özüm öz qəlbimin qadasın alım,

Məni misra-misra təzdən göyərdər.

Niyə? Çünki:

 Hamı gələr, gedər, odur həyanım,

Hər sözü, hər dərdi hamı anlamaz.

Düz demir ki? Dəfələrlə edilən gileylərin içində bu ifadə öz əksini tapmır ki? Dəfələrlə müşahidə etməmişik, görməmişik, eşitmənişik ki, içimizdəki, gizlində saxladığımız “MƏN”imiz hissimiz,-

Küsülər, qayğılar ömrü əyəndə,

Ruhuma bir məhrəm sığal gətirər.

Bir sözdən dolanda göz yaşlarımı,

Gözümdən öpərək, içinə çəkər,- ?

Görmüşük, yaşamışıq axı. Bu zərif çiyinlərində, kövrək, həzin ürəyində həzin olduğu qədər də ağır hissləri gəzdirən şairimiz  şeirlərində etiraf edir, deyir ki, labrintə düşüb fikirlər aləmində dolaşıq qalanda,

Yağışdan, doludan, ömrün qışından

Mənim sığındığım güvənyerimdi.

Səhra yolçusu tək susuz yananda,

Xızır duasında su sərnicimdi…

Və hökm, yadasalma, xatırlatma, özünə qayıdış və inamlı olmağın ifadəsi:

 Mən sənə, o vaxtlar demişdim axı...:

…Qəlbin küsüsündən göyərən giley,

Sükutun dilində sözə çevrilər…

Sona xanımın “Özümə etiraf” şeirinin hər misrasında tanış notlar, yaşantılar var. Hər kəsin tanımadığı, bəzən özümüzn belə güvənib bölüşmədiyimiz içimizdəki xəlvət yerdə məkanlaşan “MƏN”imiz yaddaşımızda bərpa olunur:

İçimdəki sirdaş, içimdəki dost,

Kədərimi bölər, sevincə qıymaz.

Xanım əfəndimizin şeirlərinin mənə doğmalığını, ruhuma yaxın olmasını  bir neçə dəfə etiraf etmişəm, bunu yazdığım yazılarla sübutlamışam.

Şeirlərindəkitanış təsvirlər, rəssam baxışların fırça kimi kətan üzərinə enməsi, misralardakı viziulllıq ekrandan seyr edirmişəm kiçi gözlərim özündədir, -
Pəncərəsi sınıq, qapısı bağlı
Bu evin sonuncu sakini hanı?
Yağış navalçayla ağı söyləyər,
Ağlayar evlərin tənhalığını

 – çox görmüşəm, bu tənhalığa çox qapılmışam, babamın, nənəmin, ata-anamın ayaq izlərini, nəfəslərini özləmişəm, özünə acığım gəlib.. içimdə təəssüf də olub, kədər də, ruhumda sərgərdanlıq da. Yenə də Sona xanımın misraları ilə düşüncə ifadə olunub:

Dəli-dolu oğlu bu xan ocağın
Qürbətə səpilən ömür hayında.
Göz açıb görər ki, qəlbindəki yol
Tərsinə döndərib qatarları da.

Bu misralardakı görüntü isə öz həyatımda yaşanıb;
Doğmalarım deyirdi ki, sən “gedəndəndən” sonar bir cüt qumru, yoxsa alabaxtamı,  həyət qapısından içəridə, darvazanın üst qatında  yuva qurdu. Sən gələn günün səhəri uçub getdilər. Eynən Sona xanımın İspaniyanın cənub bölgəsində görüb də duğulanıb yazdığı “Tərk edilən evlər” şeerindəki bu misralarda olduğu kimi:

Bir cüt qumru quşu eşq timsalıtək,
Tərk edilən evdə yuvasın qurub.

Bu günümü də belə yaşadım, Tanınmış, sevdiyim şair, əsl xanım-xatın bir Azərbaycan xanımının şeirlərinin əhatəsində, sanki,  səsini eşitdim. Həmişə dediyi müraciətlə: Faiq, qardaşım Gəl sənə bir həzin şeir oxuyum.

Gəlin, sizə bir həzin şeir oxuyum...

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2026)

 

 

Varis,

“Ədəbiyyat və incəsənət” portalının Baş redaktoru

 

Bizim kino cameəsinin də, kinosevərlərin də başı qarışıbdır Kinematoqrafçılar İttifaqındakı 11 sentyabr seçkisinə, 81 yaşlı Şəfiqə Məmmədovanın sədr seçilməsinə. Nyu-Yorkda 25 il əvvəl baş vermiş 11 sentyabr teraktı heç bu 11 sentyabr seçkisi qədər səs-səda qoparmamış kimi görünür. Amma dünyanın kino ictimaiyyətinin diqqəti əlbəttə ki Bakının Bülbül küçəsi 30 ünvanında deyil, diqqətlər İtaliyanın Venesiya şəhərinə yönəlibdir, şənbə gecəsi orada 58-ci Venesiya Film Festivalı başa çatıb.

 

Mən bu yazımda Venesiyada kimlərin “Qızıl və Gümüş Şirlərə” - festivalın əsas mükafatlarına layiq görüldüyündən bəhs etməyəcəyəm, bu barədə mənbələrdə, elə bizim “Ədəbiyyat və incəsənət” portalında kifayət qədər məlumat var. Mən Venesiyada səslənən “Bakı” kəlməsindən söz açacağam. Bəli, 2026-cı il Venesiya Film Festivalının ən diqqətçəkən nəticələrindən biri rusiyalı rejissor İlya Xrjanovskinin “DAU” filminə görə ən yaxşı rejissor mükafatına – “Gümüş Şir”ə layiq görülməsi oldu. Xrjanovskinin təxminən iyirmi il əvvəl başladığı nəhəng kino layihəsinin mühüm yekunu olan bu möhtəşəm filmdə mərkəzdə Lev Landau obrazı dayanır, Lev Landau da kimdir, bakılıdır.

Filmə keçməzdən öncə Landaunun özünə keçək. Mən əmin deyiləm ki çox adam bu dünyaşöhrətli alim barədə məlumatlıdır.

Lev Davidoviç Landau milliyyətcə yəhudidir,  22 yanvar 1908-ci ildə Bakıda, o dövrdə Rusiya imperiyasının tərkibində olan beynəlmiləl şəhərdə anadan olub. Cəmi 60 il yaşayıb, 1 aprel 1968-ci ildə isə Moskvada vəfat edib.

Landaunun uşaqlıq illərinin Bakısı neft sənayesinin sürətlə inkişaf etdiyi, çoxmillətli və elmi-mədəni mühitin formalaşdığı şəhər idi. Lev uşaqlıqdan qeyri-adi riyazi qabiliyyəti ilə seçilirmiş. Belə uşaqlara vunderkind deyilir.  O, 13 yaşında gimnaziyanı bitirib, universitetə yaşı çatmadığından, Baki İqtisadiyyat Texnukumuna oxumalı olub. 1922-ci ildə cəmi 14 yaşında ikən Bakı Dövlət Universitetinə qəbul olunub, burada eyni zamanda iki fakültədə - Fizika-riyaziyyat və Kimya ixtisasları üzrə təhsil alıb. 1924-cü ildə Leninqrad Universitetinin fizika fakültəsinə göndərilərək oranı da 1927-ci ildə bitirib. Daha sonra Leninqrad Fizika-Texniki İnstitutunda aspirant təhsilini davam etdirib və cəmi 21 yaşında doktor dərəcəsini alıb. Mükəmməl nəticədir, deyilmi?

Mənbələrə baxıram və məəttəl qalıram. Onun elmi maraq dairəsi son dərəcə geniş olub. O, kvant mexanikası, bərk cisimlər və plazma fizikası, kvant mayeləri, superkeçiricilik və başqa sahələrdə fundamental nəzəriyyələr yaradıb, adı dillərdə gəzib. Və ən əsası - maye heliumun superaxıcılığı ilə bağlı nəzəriyyəsinə görə 1962-ci ildə Fizika üzrə Nobel mükafatına layiq görülüb, beləliklə də, Bakıda dünyaya gələn bir alim XX əsrin dünya fizikasının ən böyük simalarından birinə çevrilib. Onun tərcümeyi-halı, nailiyyətləri, dünya elminə qatqıları barədə milyonlarla mənbələr vardır, hamısında da “Bakı” kəlməsi dominantlıq təşkil edir. Dahiləri tək genlər deyil, həm də yaşadıqları mühit, aldıqları təhsil və çevrələri yetişdirdiyindən, Landau kəlməsini də Bakı kəlməsi olmadan işlətmək mümkünsüzdür.

İndi də qayıdaq filmə. Razılaşın ki ekşn, fantastika, kriminal və qorxu filmlərinin cövlan edib meydan suladığı bir zamanda bu cür tarixi, sənədli dramların uğur qazanması tam istisnadır və bu istisnanın da baş verməsi Lev Landau şəxsiyyətinin yenilməz gücündədir. Rejissorun fədakarlığını da bura əlavə edərdim.

Filmin adı – “DAU” – təsadüfi seçilməyib. Lev Landau yaxınları və həmkarları arasında “Dau” təxəllüsü ilə tanınırdı. Xrjanovskinin layihəsinin adı da məhz bu təxəllüsdən götürülüb. Filmdə baş rolu yunan-rus dirijor və musiqiçi Teodor Kurentzis canlandırıb. “DAU” Landaunun həyatını sənədli dəqiqliklə təkrarlayan bioqrafik film olmaqdan daha çox, onun obrazı vasitəsilə Stalin dövrünün Sovet cəmiyyətini, totalitar hakimiyyətin insan psixologiyasına təsirini və dahinin belə bir sistemdə yaşamaq məcburiyyətini araşdıran bədii əsərdir.

Lakin rejissor üçün Landau yalnız Nobel mükafatı almış böyük fizik deyil. O, eyni zamanda dahiliklə insan zəifliklərinin bir bədəndə birləşdiyi mürəkkəb şəxsiyyətdir. Filmin əsas məqsədlərindən biri də bu ziddiyyəti göstərməkdir.

Hadisələr Sovet İttifaqının Stalin dövrünün ağır atmosferi fonunda cərəyan edir. Landau elmi istedadı sayəsində sistem üçün son dərəcə qiymətli insandır. Dövlət onun biliyinə ehtiyac duyur. Lakin eyni dövlət onun üzərində hakimiyyət də qurur. Və burada filmin əsas qarşıdurması yaranır: dahi insan dövlət üçün nə qədər qiymətlidir və dövlət həmin dahidən nə tələb edə bilər?

Əlbəttə ki sovet adamı bu sualın cavabını yaxşı bilir. 37-ci il repressiyasında minlərlə işıqlı adamımızı məhv edən qırmızı terrorun azadfikirliliyə necə tabu qoyduğunu biz cavidlərin, müşfiqlərin, yusif vəzirlərin timsalında gözəl bilirik. Landau da azad düşünmək istəyən alim idi. Sovet sistemi isə insanın, o cümlədən alimin, dövlət məqsədlərinə tabe olmasını tələb edir. Bu məqsədlər isə bütün fərqlilik və üstünlüklərini axtalamaqla səni broylerdə hamı ilə eyniləşdirməkdə iddialıdır.

Və təbii ki, Landau da qırmızı terrora məruz qalanlardan olub, 1938-ci ildə rejim onu da zindana atıbdır. Orada içgəncələrə məruz qoyulub, iki qabırğası sındırılıb, dişlərini töküblər. Landau– dövlət qarşıdurması xüsusilə Landaunun elmi fəaliyyətinin hərbi məqsədlərlə əlaqələndirilməsi məsələsində kəskinləşir. Film onun elm, vicdan və dövlət qarşısında məsuliyyət arasında qaldığı mənəvi dilemmanı ön plana çıxarır.

Filmə baxarkən Landaunun necə bir elm sahəsi nəhəngi olduğu dərhal sezilir. O, XX əsr nəzəri fizikasının ən universal alimlərindən biri sayılır, yalnız Sovet fizikasının deyil, XX əsr dünya nəzəri fizikasının əsas simalarından biri hesab olunur. Amma XX əsrin ortalarında axı fizika yalnız fundamental elm deyildi. Atom enerjisi, nüvə silahı və hərbi texnologiyalar uğrunda yarış alimləri birbaşa dövlət siyasətinin mərkəzinə gətirmişdi. Landau kimi fiziklər özlərini belə bir vəziyyətdə tapırdılar: yaratdıqları və ya izah etdikləri elmi biliklər insanlığın inkişafına xidmət də edə bilərdi, amma eyni biliklər kütləvi məhvetmə silahlarının yaradılmasına da çevrilə bilərdi.

“DAU” məhz bu mənəvi dilemmanı Landau obrazı üzərindən göstərir.

Film daha çox Landaunun ətrafında qurulmuş qapalı dünyanın portretidir. Burada alimlər, dövlət məmurları, təhlükəsizlik strukturları, qadınlar və müxtəlif sosial qruplar eyni sistemin içində yaşayırlar. Hər kəsin üzərində görünən və görünməyən nəzarət var. Landau isə bu dünyanın içində həm dahi, həm də ziddiyyətli insandır.

O, qeyri-adi intellektə malikdir, lakin şəxsi münasibətlərində məsuliyyətsiz və bəzən qəddar davrana bilir. Film onun emosional soyuqluğunu, qadınlarla münasibətlərini, xəyanətlərini və şəxsi həyatda yaratdığı dağıntıları da göstərir. Tənqidçilərin yazdığı kimi, ekran əsərində Landau yalnız qəhrəman alim kimi deyil, həm də mənəvi cəhətdən mürəkkəb və ziddiyyətli insan kimi təqdim olunur. Bu xüsusiyyət də filmi adi “böyük alim haqqında bioqrafik film”dən fərqləndirir.

“DAU” layihəsinin özünün yaranma üsulu da qeyri-adidir. Xrjanovski bu layihə üçün Ukraynanın Xarkov şəhərində nəhəng qapalı çəkiliş məkanı yaradıb və burada sovet institutunun atmosferini mümkün qədər real şəkildə canlandırmağa çalışıb. Niyə Xarkov? Çünki alim əsas fəaliyyətini məhz o vaxt Ukraynanın paytaxtı olan bu şəhərdə aparıbdır.

Layihəyə yüzlərlə iştirakçı cəlb olunub, sovet dövrünün geyimləri, interyerləri, gündəlik həyatı və davranış qaydaları bərpa edilib. Çəkilişlər illərlə davam edib. Bu səbəbdən “DAU” ənənəvi film istehsalından daha böyük bir kino eksperimenti kimi formalaşıb. “DAU”ya qədər bir neçə bədii, sənədli film çəkilib.

Venesiyada kino ekspertləri film barədə danışanda qeyd etdilər ki, filmdə iştirakçılar sadəcə dekorasiya qarşısında rol oynamırdılar, onlar müəyyən mənada yaradılmış sovet dünyasının içində yaşayır və həmin mühitdə davranırdılar, nəticədə də ortaya çıxan materialdan tək bu film yox, müxtəlif filmlər, seriallar və digər multimedia layihələri meydana gəlib.

“DAU” layihəsinin ideyası təxminən iyirmi il əvvəl başlayıb. Xrjanovski uzun illər ərzində böyük miqdarda material çəkib, “DAU” isə bu uzunmüddətli layihənin ən mühüm yekunlarından biri kimi qiymətləndirilir. Bu baxımdan Venesiyada alınan “Gümüş Şir” təkcə bir filmin rejissoruna verilən mükafat deyil. O, ənənəvi kino sərhədlərini genişləndirməyə çalışan böyük bir sənət layihəsinin tanınması kimi də qiymətləndirilə bilər.

Filmin uğur qazanmasında, məncə, əsas meyar filmin mahiyyətində yalnız “Lev Landau haqqında film” ifadəsinin dayanmamasıdır. “DAU” əslində üç mövzunun kəsişməsində qərarlaşıb: dahi insan – totalitar dövlət – mənəvi seçim. Landau elm qarşısında azad olmaq istəyir. Dövlət isə ondan öz məqsədlərinə xidmət etməsini gözləyir. Bu iki tərəfin arasında isə real insan – öz ehtirasları, qorxuları, sevgiləri, xəyanətləri və zəiflikləri ilə Landau dayanır. Məhz buna görə Xrjanovski onu ideal qəhrəman kimi göstərmir. “DAU”nun Landausu nə müqəddəs alimdir, nə də sadəcə sistemin qurbanı. O, dahiliyi ilə əxlaqi ziddiyyətləri eyni anda daşıyan insandır.

Xrjanovski böyük alimin həyatını sadəcə danışmır, tamaşaçını onun yaşadığı dünyanın içinə salmağa və dahiliklə hakimiyyət, elm ilə vicdan, azadlıqla qorxu arasındakı sərhədləri özünün müəyyənləşdirməsinə imkan verir.

Və sonda bir məsələyə də toxunmaq istəyirəm. Bu illərlə davam edən layihə zamanı İlya Xrjanovski tənqidlərə, hücumlara, hətta məhkəmə çəkişmələrinə məruz qalıbdır. Bir başqası bezərdi, usanardı, qorxardı, çəkinərdi. Amma o, sonadək duruş gətiribdir, “Gümüş Şir” ona bu dözümünə görə Tanrıdan gələn bir mükafat sayıla bilər.

Bəli, “DAU” layihəsi yalnız kino tarixinin ən iddialı eksperimentlərindən biri kimi deyil, həm də çəkiliş metodları ətrafında yaranmış ciddi etik mübahisələrlə yadda qalıb. Bu mübahisələrin ən kəskini 2020-ci ildə Ukraynada – Xarkovda “DAU. Degeneratsiya” filminin çəkilişləri zamanı uşaq evinin körpələrindən istifadə olunması ilə bağlı baş verib. Ukraynanın Uşaq Ombudsmanı Mıkola Kuleba “DAU. Degeneratsiya” filmindən internetdə yayılan kadrlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Söhbət Xarkovdakı uşaq evinin körpələrinin filmin çəkilişlərinə cəlb edilməsindən gedirdi. Kuleba həmin görüntülərin uşaqlar üçün potensial travmatik xarakter daşıdığını və onların belə səhnələrdə istifadəsinə kimin icazə verdiyinin araşdırılmasını tələb etmişdi. Bundan sonra məsələ hüquqi müstəviyə keçdi. İddiaların mərkəzində xüsusilə filmdə zorakılıq və qəddarlıq elementlərinin olduğu səhnələrdə körpələrdən istifadə edilməsi dayanırdı. Bu isə dərhal əsas sualı ortaya çıxardı: Kino sənəti naminə real uşaqları belə bir mühitə gətirmək nə dərəcədə etik və hüquqidir?

Hadisə ilə bağlı Ukrayna hüquq-mühafizə orqanlarında cinayət icraatı başlanmışdı. İş üzrə istintaq Xarkov vilayətinin Milli Polisinə həvalə edilmiş, prosesə isə yetkinlik yaşına çatmayanlarla bağlı işlər üzrə prokurorlar nəzarət etmişdilər.

Bu mərhələdə beynəlxalq mətbuatda hadisə daha sərt ifadələrlə də təqdim edildi və bəzi materiallarda “uşaqların işgəncəyə məruz qoyulması” barədə iddialar səsləndi.

Amma sonluq həppi-endlə bitdi: 2021-ci il fevralın 4-də Xarkov vilayəti Milli Polisinin Kommunikasiya şöbəsi açıqlama yayaraq bildirdi ki, aparılan istintaq nəticəsində çəkilişləri təşkil edən şəxslərin hərəkətlərində cinayət hüquqpozmasının əlamətləri müəyyən edilməyib.

Bu faktı xüsusilə vurğulamaq lazımdır: uşaqların çəkilişdə iştirakı ilə bağlı qalmaqal real idi, cinayət araşdırması da real idi, amma Ukrayna istintaqı nəticədə filmin yaradıcılarına qarşı cinayət törədildiyini təsdiqləmədi. Niyə?

Səbəb “DAU”nun ümumi çəkiliş fəlsəfəsi idi. Xrjanovski adi film çəkilişindən fərqli üsul seçmişdi. O, sovet institutunun və Stalin dövrünün atmosferini mümkün qədər real şəkildə yenidən yaratmaq istəyirdi.

Xarkovda nəhəng dekorasiya qurulmuş, aktyorlarla yanaşı müxtəlif sahələrdən insanlar layihəyə cəlb edilmişdi. Layihə illər ərzində böyüyərək adi bioqrafik filmdən çox daha geniş immersiv sənət eksperimentinə çevrilmişdi. Bu üsul filmin güclü tərəfi olmaqla yanaşı, onun ən böyük etik probleminə də çevrildi. Çünki rejissorun məqsədi “rol oynamaq” ilə “real davranış” arasındakı sərhədi mümkün qədər zəiflətmək idi.

Xrjanovski sovet totalitarizmini sadəcə dekorasiya və aktyor oyunu ilə göstərmək istəmirdi. O, iştirakçıları həmin atmosferin içinə salmaq istəyirdi.

Layihə sovet elmi institutunun tədricən xaosa, zorakılığa və mənəvi deqradasiyaya sürüklənməsini göstərir. Burada elm, ideologiya, hakimiyyət, seksuallıq və zorakılıq bir-birinə qarışır. Layihənin məqsədi yalnız Stalin dövrünün siyasi sistemini göstərmək deyil. Rejissor daha geniş sual verir: İnsan totalitar sistemin içində nə qədər tez öz mənəvi sərhədlərini itirə bilər? Elə sözügedən filmin adı – “Degeneratsiya” – da bu mənəvi və ictimai çürüməyə işarə edir.

Ukrayna dövləti layihənin mahiyyətini və dəyərini anlayaraq (belə ki, Stalin totalitarizmindən Ukrayna özü də çox tutarlı zərbə almışdı) güzəştə getməli oldu və layihə davam etdirildi. Sonradan başlayan Rusiya-Ukrayna müharibəsinə Rusiya vətəndaşı olan rus Xrjanovskinin münasibəti də duyulan idi. Totalitarizmi, hakim insanın tabeliyində olan insana qarşı zorakılıq kultunu tənqid edən bir rejissor Putin hökumətinə qarşı sərt mövqe sərgiləyərək Rusiya vətəndaşlığından imtina etdi.

Görürsünüzmü, kino sənətində “sərhəd haradadır?” sualına ən doğru cavab indi bizə aydınca göründü – bu sərhəd yoxdur.

Bizim kino cameəsinin də, kinosevərlərin də başı qarışıbdır Kinematoqrafçılar İttifaqındakı 11 sentyabr seçkisinə, 81 yaşlı Şəfiqə Məmmədovanın sədr seçilməsinə. Amma dünyanın kino ictimaiyyətinin diqqəti əlbəttə ki Bakının Bülbül küçəsi 30 ünvanında deyil, diqqətlər İtaliyanın Venesiya şəhərinə yönəlibdir.

Şənbə gecəsi orada 58-ci Venesiya Film Festivalı başa çatdı. Və bu festivalda bakılı Lev Landau barədəki film festivalın baş mükafatlarından birini qazandı.

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2026)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bazar ertəsi, 14 Sentyabr 2026 09:27

Niyə məhz “Naməlum qadın”?

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Xəbər verdiyimiz kimi şənbə gecəsi ilin əsas kino hadisələrindən biri olan Venesiya Film Festivalı “Naməlum qadın” filminin triumfu ilə başa çatdı. Finala çıxan 21 filmin yeganə birinin rejissoru qadın idi ki o da qalib gəldi.

Gəlin təfərrüata varaq.

 

 “Woman Unknown”un azərbaycanca tərcüməsi “Naməlum qadın”dır, Danimarka dilində isə o, bu cür səslənir - Kvinde Ukendt.

Bu, 124 dəqiqəlik, Danimarka–İsveç–Latviya istehsalı olan tarixi dramdır. Rejissor May el-Toukhy, ssenari müəllifləri isə Maren Louise Käehne və May el-Toukhydir. Baş rolda Mathilde Arcel çəkilib və o da filmdəki ifasına görə Venesiyada Volpi kubokuna – ən yaxşı qadın aktyor mükafatına layiq görülüb.

 

“Woman Unknown” – müharibədən sonra qadının bədəni üzərində qurulan hakimiyyət haqqında film

“Woman Unknown” ilk baxışda İkinci Dünya müharibəsindən sonrakı Danimarkada bir qadının şəxsi taleyindən bəhs edən tarixi dram təsiri bağışlayır. Lakin filmin əsas məsələsi yalnız bir qadının keçmişini gizlətməsi deyil. May el-Toukhy daha geniş və ağrılı bir sual qoyur: müharibənin, milli qürurun və cəmiyyətin “əxlaq” anlayışının bədəli niyə çox vaxt qadının üzərinə düşür? Bax elə bu mövzunun da təntənə qazanması buna görə labüdləşir. Axı günümüzdə müharibələr geniş yayılıbdır, orada qadın və uşaqlar zillət çəkirlər.

Filmin qəhrəmanı Mari adlı gənc qadındır. O, dayə və ev qulluqçusu kimi işləyir və özündən yaşca böyük, varlı dul kişi Kristianla evlənməyə hazırlaşır. Bu nikah Mari üçün sadəcə sevgi məsələsi deyil. O, bunun vasitəsilə cəmiyyətdə daha yüksək mövqe qazanmaq, öz keçmişindən uzaqlaşmaq və yeni həyat qurmaq istəyir. Lakin onun gizlətdiyi bir sirr var: İkinci Dünya müharibəsi illərində alman əsgəri ilə intim münasibəti olub.

Məhz bu sirr filmin dramatik mərkəzinə çevrilir.

 

Müharibə bitir, amma müharibənin hökmü bitmir

Filmin ən maraqlı cəhətlərindən biri budur ki, hadisələr müharibənin özündə deyil, müharibədən dərhal sonra baş verir.

Nasist Almaniyasının Danimarkanı işğalı başa çatıb. Ölkədə azadlıq və milli qürur hissi güclənib. İnsanlar işğal illərinin hesabını soruşurlar. Ancaq hüquqi və sosial sistem müharibənin yaratdığı bütün mürəkkəb münasibətlərə cavab verməyə hazır deyil.

Bu vəziyyətdə qadınların alman əsgərləri ilə münasibətləri xüsusilə ağır şəkildə mühakimə olunur.

El-Toukhy-nin yanaşması burada çox mühümdür: film bu qadınları sadəcə “işğalçı ilə əməkdaşlıq edənlər” kimi təqdim etmir. Rejissor onların nə üçün belə münasibətlərə girdiyini, nə hiss etdiyini və müharibədən sonra cəmiyyətin onları necə cəzalandırdığını sorğulayır.

 

Mari niyə keçmişini gizlədir?

Mari üçün keçmiş artıq keçmiş deyil.

Onun alman əsgəri ilə münasibəti müharibə başa çatdıqdan sonra da onun həyatını müəyyənləşdirir. Çünki yeni cəmiyyətdə qadının keçmişi onun gələcək sosial statusuna çevrilir.

Mari varlı Kristianla evlənməklə başqa bir dünyaya daxil olmaq istəyir. Lakin onun keçmişi üzə çıxarsa, qazandığı yeni mövqe dağıla bilər.

Beləliklə, film çox maraqlı paradoks yaradır:

Mari azad ölkədə yaşayır, amma öz keçmişi üzərində azad deyil.

O, öz həyatını özü müəyyənləşdirmək istəyir. Cəmiyyət isə onun bədənini, seksual keçmişini və seçimlərini öz milli əxlaqının bir hissəsi hesab edir.

May el-Toukhy filmin ideyasını yalnız Mari obrazı üzərindən deyil, qadın bədəni anlayışı üzərindən qurur.

Rejissorun festival üçün yazdığı müəllif bəyanatında əsas fikir açıq şəkildə ifadə olunur: qadın bədəni müharibə zamanı və müharibədən sonra bir növ “döyüş meydanına” çevrilir.

Bu, filmin ən güclü ideyasıdır.

Müharibə kişilərin silahları ilə aparılır. Amma onun sosial və mənəvi nəticələrindən biri qadının bədəninə və şəxsi həyatına nəzarət şəklində meydana çıxır.

Mari alman əsgərini sevmiş ola bilər. O, bunu məcburiyyət altında etmiş ola bilər. O, həmin münasibətdən faydalanmış ola bilər. Yaxud sadəcə müharibənin xaosunda adi insan kimi emosional münasibət qurmuş ola bilər.

Film bu suala asan cavab vermir. Əsas sual başqadır: Cəmiyyətin Mari-ni ömürlük mühakimə etmək hüququ varmı?

Filmin  adının “Naməlum qadın” olması da təsadüfi deyil. Buradakı “naməlumluq” Mari-nin kimliyinin bilinməməsi ilə məhdudlaşmır. Rejissor müharibə tarixində adı çəkilməyən qadınların taleyinə diqqət yetirir. Tarix kitablarında müharibələr adətən generalların, dövlət başçılarının, orduların və siyasi qərarların tarixi kimi yazılır. Amma müharibə zamanı və ondan sonra milyonlarla adi qadının yaşadığı travmalar çox vaxt həmin böyük tarixin kölgəsində qalır. El-Toukhy məhz həmin qadınları görünən etmək istəyir. Rejissorun öz ifadəsinə görə, film tarixdə haqqında az danışılan, “görünməyən və səssiz” qadınlara səs verməyə çalışır.

Filmin maraqlı tərəflərindən biri də Mari-nin sadəcə yazıq və müdafiəsiz qadın kimi təqdim edilməməsidir. O, sosial yüksəliş istəyən, seçimlər edən, keçmişini gizlədən, yeni həyat qurmağa çalışan bir insandır. Yəni rejissor onu yalnız cəmiyyətin qurbanına çevirmir. Mari həm də öz taleyini idarə etməyə çalışan bir qadındır. Məhz buna görə onun Kristianla evlənmək planı filmin sadə romantik xəttinə çevrilmir. Bu nikah Mari üçün bir növ sosial xilas yoludur.

Onun qarşısında belə bir seçim dayanır: Keçmişini etiraf edib özünü olduğu kimi qəbul etdirmək, yoxsa keçmişini gizlədərək yeni şəxsiyyət yaratmaq?

Filmin ikinci böyük mövzusu ictimai ikiüzlülükdür.

Müharibədən çıxmış cəmiyyət özünü qalib və mənəvi cəhətdən təmiz hesab edir. İnsanlar “milli namus”, “vətənə sədaqət”, “işğalçıya münasibət” kimi anlayışlardan danışırlar. Amma eyni cəmiyyət müharibə illərində insanların necə yaşadığını, hansı seçimlərlə üzləşdiyini çox vaxt nəzərə almır.

El-Toukhy bu ziddiyyəti qabardır: müharibə illərində yaranmış mürəkkəb insan münasibətləri sülh gəldikdən sonra qara və ağ rənglərə bölünür. Kimisi qəhrəman, kimisi satqın elan edilir. Arada isə insanın özü itib gedir.

Niyə film bu qədər aktualdır?

Əsərin ən güclü tərəfi onun yalnız 1940-cı illərdən danışmamasıdır.

Rejissor filmin ideyasını müasir dövrlə əlaqələndirir. Çünki müharibə şəraitində qadınların bədənlərinə nəzarət edilməsi, seksual zorakılıq, qadınların “milli şərəf”in simvoluna çevrilməsi və müharibədən sonra onların cəmiyyət tərəfindən damğalanması yalnız keçmişə aid hadisələr deyil.

Bu baxımdan “Woman Unknown” tarixi film olmaqla yanaşı, müasir dünyanın müharibələrinə də sual verir.

Müharibə bitəndə həqiqətən hər şey bitirmi? Yoxsa müharibənin qadınların həyatında yaratdığı nəticələr nəsillərlə davam edir?

Filmin əsas yükünü Mathilde Arcel daşıyır. Onun Mari obrazı filmin emosional mərkəzidir.

Arcelə Venesiya münsifləri tərəfindən ən yaxşı qadın aktyor üçün Volpi kubokunun verilməsi təsadüfi deyil. Beləliklə, “Woman Unknown” festivaldan həm “Qızıl Şir”, həm də ən yaxşı qadın aktyor mükafatı ilə ayrılıb. Bu, filmin Venesiyada xüsusi uğurunu daha da əhəmiyyətli edir.

Və əsas sualımıza qayıdaq: “Qızıl Şir” niyə məhz bu filmə verildi?

Məncə, filmin Venesiyada qalib gəlməsinin əsas səbəbini üç istiqamətdə görmək olar:

Birincisi – mövzunun universallığı.
Mari-nin konkret hekayəsi Danimarkaya aid olsa da, müharibə, qadın, cəmiyyət və yaddaş münasibəti universaldır.

İkincisi – tarixi hadisəyə fərqli baxış.
Film İkinci Dünya müharibəsini döyüş səhnələri ilə deyil, müharibədən sonra cəmiyyətin insanlara münasibəti ilə göstərir.

Üçüncüsü – qadının tarixdəki mövqeyi.
Film “müharibə tarixini kim yazır?” sualına faktiki olaraq belə cavab verir: çox vaxt kişilər. May el-Toukhy isə həmin tarixin içində susdurulmuş qadının səsini ön plana çıxarır.

“Woman Unknown” sadəcə keçmişdə alman əsgəri ilə münasibətdə olmuş qadının hekayəsi deyil. Bu, müharibədən sonra cəmiyyətin “günahkar” elan etdiyi insanların hekayəsidir. Bu, qadının öz bədəni və keçmişi üzərində nə qədər söz sahibi ola bilməsi haqqında filmdir.

Və ən başlıcası, film bir sual verir: Müharibəni kişilər başladırsa, niyə onun utancını və cəzasını çox vaxt qadınlar daşımalıdır?

Məhz bu sual filmi sırf tarixi dramdan çıxarıb, müasir insan haqqında filmə çevirir.

May el-Toukhy-nin “Woman Unknown” filminin 83-cü Venesiya Film Festivalında “Qızıl Şir” qazanması da bu baxımdan təsadüfi seçim təsiri bağışlamır. Film həm tarixi yaddaşa, həm qadın hüquqlarına, həm də müharibənin insan taleyinə təsiri məsələsinə toxunur. Festivalın rəsmi kataloqunda da əsərin əsas ideyası məhz qadınların müharibə və müharibədən sonrakı dövrdə görünməyən təcrübələrini işıqlandırmaq kimi təqdim olunur.

Əlbəttə ki indi hər birimizin əsas hədəfi tezliklə tam şəkildə filmə baxmaqdır. Görəsən bizim kinoteatr şəbəkələrimiz bu barədə düşünəcəkmi?

 

Şəkildə: Filmdən kadr

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2026)

 

 

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Dünyanın ən nüfuzlu kino festivallarından biri olan Venesiya Beynəlxalq Film Festivalının 83-cü buraxılışı dünən gecə saatlarında başa çatdı. Sentyabrın 2-dən 12-dək İtaliyanın Lido adasında keçirilən festivalın final gecəsində əsas mükafatların sahibləri elan olundu. Bağlanış-mükafatlandırma mərasimi Venesiyanın Palazzo del Cinema kompleksindəki Sala Grande zalında keçirdi.

 

Bəri başdan deyim ki içi mən qarışıq mütləq əksəriyyət qalib film kimi başqa filmi gözləyirdik. Odur ki “Euronews”la izlədiyim mükafatlandırma mərasimi məni bir qədər təəccübləndirdi.

 

 

“Qızıl şir” – “Naməlum qadın”

Gecənin əsas mükafatı – “Qızıl Şir” (Leone d’Oro) Danimarka rejissoru May el-Toukhynin (qapaq şəklində onu mükafatla görürsünüz) “Woman Unknown” (“Naməlum qadın”) filminə təqdim olundu. Beləliklə, festivalın ən böyük mükafatı II Dünya müharibəsindən sonrakı Danimarkada qadınların üzləşdiyi sosial və siyasi təzyiqləri araşdıran dram əsərinə verildi.

Filmin əsas mövzularından biri müharibədən sonra alman əsgərləri ilə münasibətdə olmaqda ittiham edilən qadınların taleyidir. “Woman Unknown” həm tarixi dram, həm də qadın kimliyi, ictimai qınaq və siyasi utanc məsələlərini araşdıran əsər kimi diqqət çəkib.

Maraqlıdır ki, May el-Toukhy festivalın əsas müsabiqəsində iştirak edən 21 rejissor arasında yeganə qadın rejissor idi. Onun filminin baş mükafata layiq görülməsi Venesiya festivalının builki ən mühüm nəticələrindən biri kimi qiymətləndirilir. Yəni baxın, bizdə patriarxat yoxdur, 20 kişi 1 qadına təslim olub.

 

Gümüş Şir - “Mümkün sevgi”

Böyük Münsiflər Heyətinin “Gümüş Şiri” (“Silver Lion – Grand Jury Prize”) Cənubi Koreyanın məşhur rejissoru Lee Chang-dongun “Possible Love” (“Mümkün sevgi”) filminə verildi.

Film sosial təbəqələr arasındakı fərqlər, münasibətlər və insan istəklərinin mürəkkəbliyi üzərində qurulmuş hekayədir. Yeri gəlmişkən, Lee Chang-dong müasir Cənubi Koreya kinosunun ən tanınmış rejissorlarından biri hesab olunur.

 

Ən yaxşı rejissor – Ilya Khrzhanovsky

Ən yaxşı rejissor üçün “Gümüş Şir” Ilya Khrzhanovsky-yə təqdim olunub. Rejissor bu mükafata “DAU” filmi ilə layiq görülüb.

“DAU” Sovet fiziki, bakılı Lev Landau ətrafında qurulan, genişmiqyaslı və qeyri-ənənəvi kino layihəsidir. Filmin çəkiliş üsulu və bədii yanaşması festivalda xüsusi maraq doğurub.

 

Ən yaxşı qadın aktrisa – Mathilde Arcel

“Volpi kuboku” – ən yaxşı qadın aktyor işi mükafatı “Woman Unknown” filmindəki roluna görə Mathilde Arcelə verilib.

Beləliklə, May el-Toukhy-nin filmi Venesiyadan iki əsas mükafatla – “Qızıl Şir” və ən yaxşı qadın aktyor mükafatı ilə ayrılıb.

 

Ən yaxşı kişi aktyor – John Malkovich

Ən yaxşı kişi aktyor nominasiyasında “Volpi kuboku” amerikalı aktyor John Malkovichə təqdim edilib.

Malkovich bu mükafata Martin McDonaghın “Wild Horse Nine” filmindəki roluna görə layiq görülüb. Film festival zamanı tamaşaçılardan uzunmüddətli alqış alaraq ən çox müzakirə olunan ekran əsərlərindən birinə çevrilib.

 

Ən yaxşı ssenari

Ən yaxşı ssenari mükafatı Fransanın “A Good Little Soldier” (“Yaxşı balaca əsgər”) filminin müəllifləri Stéphane Brizé, Coralie Amedeo və Olivier Gorcea verilib.

Film festivalın əsas müsabiqəsində təqdim olunan fransız ekran əsərləri arasında diqqət çəkən filmlərdən biri olub.

 

Münsiflər heyətinin xüsusi mükafatı “NAZA”ya

Festivalın Xüsusi Münsiflər Heyətinin mükafatı Yuval Abraham və Rachel Szorun rejissoru olduğu “NAZA” sənədli filminə verilib.

Film müasir Yaxın Şərq münaqişəsinin siyasi və humanitar aspektlərinə toxunur və İsrailin Qəzzadakı hərbi fəaliyyəti ilə bağlı araşdırma xarakterli materialları kino dili ilə təqdim edir. “NAZA” festivalda ən çox müzakirə olunan siyasi filmlərdən biri olub.

 

Gənc istedadın mükafatı

“Marcello Mastroianni” mükafatı – ən yaxşı gənc aktyor və ya aktrisa üçün nəzərdə tutulan xüsusi mükafat – Malou Khebiziyə verilib. O, Fransanın “A Place To Heal” (“Sağalmaq üçün yer”) filmindəki çıxışına görə mükafatlandırılıb.

 

Venesiyanın xüsusi “Qızıl Şirləri”

Festivalın əsas müsabiqə mükafatlarından əlavə, 83-cü Venesiya Film Festivalında kino sənətinə uzunmüddətli töhfəyə görə xüsusi “Qızıl Şir” mükafatları da təqdim olunub.

Amerikalı aktyor, rejissor və prodüser George Clooney festivalın açılış mərasimində “Kinematoqrafiyaya ömürlük töhfəyə görə Qızıl Şir” mükafatına layiq görülüb.

Eyni fəxri mükafat amerikalı aktrisa Ellen Burstynə də təqdim edilib.

 

Əlvida, 83-cü Venesiya!

12 sentyabrda başa çatan 83-cü festival yalnız ulduzların qırmızı xalça çıxışları ilə deyil, müxtəlif ölkələrdən olan rejissorların siyasi, sosial və fərdi mövzulara müraciət edən filmləri ilə də yadda qaldı.

Nəticələr göstərdi ki, Venesiya hələ də dünya kinosunda ilin ən mühüm festivallarından biri olaraq qalır. “Woman Unknown” filminin “Qızıl Şir” qazanması isə festivalın 83-cü buraxılışının əsas hadisəsi kimi tarixə düşdü. Yəni, fantastika, fentezi, ekşn, kriminal kimi mövzular meydan sulasa da əsas diqqət sadə insan və onun iztirablardan yoğrulmuş taleyinə verilir.

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2026)

 

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

İndi çox-çox uzaq illərə - 16-cı əsrə güzar edəcəyik, mövzumuz əlbəttə ki ədəbiyyatdır. Zaman 1580-ci il, məkan İspaniya.

Futbol və zəngin mədəniyyət ölkəsində 14 sentyabr gününün öz özəlliyi var. Bu gün “Kevedo günü”dür.

 

Francisco de Quevedo y Villegas İspaniyanın Qızıl əsrinin (Siglo de Oro) ən mühüm şairlərindən, nasirlərindən, satiriklərindən və mütəfəkkirlərindən biridir. O, iti zəkası, söz oyunları, kəskin satirası, fəlsəfi düşüncələri və cəmiyyətin qüsurlarını amansız şəkildə tənqid etməsi ilə məşhurlaşıb. Onun yaradıcılığı poeziya, roman, siyasi-fəlsəfi nəsr, dini əsərlər və satirik yazıları əhatə edir.

Fransisko de Kevedo 14 sentyabr 1580-ci ildə Madriddə anadan olub. Ailəsi İspaniyanın şimalındakı Kantabriya bölgəsindən gələn zadəgan mənşəli hidalqolar nəslinə mənsub idi. Atası sarayda katib vəzifəsində çalışır, anası isə kraliça sarayında xidmət edirdi. Buna görə Kevedo uşaqlıqdan İspaniya sarayının siyasi və sosial mühiti ilə yaxından tanış olub.

O, uşaqlıq illərində valideynlərini itirib və təhsilinə yezuitlərin idarə etdiyi Madrid İmperator Kollecində davam edib. Daha sonra Alkala de Enares Universitetində təhsil alıb, fəlsəfə, ilahiyyat və klassik dillərlə maraqlanıb. Onun latın, yunan və müxtəlif müasir dillərlə maraqlandığı, geniş humanitar biliklər qazandığı məlumdur.

Kevedo yalnız ədəbiyyatla kifayətlənən insan deyildi. O, siyasət, din, fəlsəfə, tarix və dövlət idarəçiliyi ilə də ciddi şəkildə maraqlanırdı. Saray mühitində yaşaması ona həm hakimiyyətin imkanlarını, həm də onun arxasında gizlənən korrupsiya və sosial problemləri yaxından görmək imkanı verib. Kevedo İspan ədəbiyyatının ən parlaq dövrlərindən birində yaşayıb. Bu dövr İspaniyanın Qızıl əsri adlandırılıb.

Həmin dövrdə Migel de Servantes, Lope de Veqa, Luis de Qonqora, Pedro Kalderon de la Barka kimi böyük sənətkarlar fəaliyyət göstəriblər.  Kevedo da bu nəhəng ədəbi mühitin ən seçilən nümayəndələrindən idi. Onun yaradıcılığında həmin dövrün ziddiyyətləri aydın görünür: bir tərəfdə İspaniyanın siyasi və mədəni qüdrəti, digər tərəfdə isə yoxsulluq, korrupsiya, sosial bərabərsizlik və siyasi böhran. Kevedo öz əsərlərində məhz bu ziddiyyətləri kəskin şəkildə göstərib.

Kevedo çox məhsuldar müəllif idi. O, təxminən 875 şeir yazmış və dövrünün demək olar ki, bütün əsas poetik janrlarında qələm sınayıb. Onun şeirləri satirik, məhəbbət, dini, fəlsəfi, əxlaqi və elegik mövzuları əhatə edib.  Onun yaradıcılığında xüsusilə satira mühüm yer tutur. Kevedo insanların xəsisliyini, riyakarlığını, tamahkarlığını, savadsızlığını və hakimiyyət hərisliyini lağa qoyub

Lakin onu sadəcə "gülüş ustası" adlandırmaq düzgün olmazdı. Onun satirasının arxasında ciddi fəlsəfi fikir dayanıb. Kevedo insan həyatının keçiciliyi, ölüm, zaman, mənəvi zəiflik və insanın öz ehtiraslarına məğlub olması haqqında da yazıb. Kevedonun ən məşhur əsərlərindən biri “Historia de la vida del Buscón”, yaxud qısa şəkildə “El Buscón”dur.

Əsərin əsas qəhrəmanı Pablos adlı yoxsul bir gəncdir.  O, cəmiyyətdə özünə daha yüksək mövqe qazanmağa çalışıb və bunun üçün müxtəlif yollar sınayır. Əsər pikaresk roman ənənəsinin mühüm nümunələrindən hesab olunur. Kevedo Pablosun macəraları vasitəsilə İspaniya cəmiyyətinin müxtəlif təbəqələrini göstərib. Burada yoxsulluq, sosial fərqlər, saxta zadəganlıq, tamahkarlıq və insanın yüksəlmək üçün hər cür hiyləyə əl atması satirik dillə təsvir edilib.

“El Buscón” Kevedonun həm yumor, həm də sosial tənqid baxımından ən mühüm əsərlərindən biridir. Kevedonun digər məşhur əsəri “Los Sueños” — “Yuxular” silsiləsidir. Bu əsərlərdə müəllif sanki yuxu görür və yuxular vasitəsilə müxtəlif insanlarla, günahkarlarla, korrupsionerlərlə, riyakarlıq edənlərlə və cəmiyyətin başqa nümayəndələri ilə qarşılaşıb. Əslində isə "yuxu" Kevedo üçün cəmiyyəti müşahidə etmək vasitəsidir.

O, insanların real həyatda gizlətdikləri xüsusiyyətlərini satirik və bəzən çox sərt şəkildə üzə çıxarıb. Əsərin ilk çapı 1627-ci ildə Barselonada olub. Kevedo xüsusilə sonetləri ilə məşhurdur. Onun poetik dili çox sıx, obrazlı və mənaca zəngindir.

 

Şeirlərində tez-tez:

zamanın sürətlə keçməsi

ölüm

insan həyatının qısalığı

məhəbbət

qocalıq

vətən

din

insanın mənəvi mübarizəsi

cəmiyyətin qüsurları

 

kimi mövzulara müraciət edir. Onun məşhur şeirlərindən biri “Miré los muros de la patria mía” (“Vətənimin divarlarına baxdım”) əsəridir. Burada şair həm öz ölkəsinin, həm də insan həyatının tənəzzülü və keçiciliyi haqqında düşünüb. Şeirlərinin böyük hissəsi ölümündən sonra toplu halında nəşr edilmişdir. Məsələn, “El Parnaso español” 1648-ci ildə çap olunub.

 

Əsas əsərləri

Kevedonun yaradıcılığından ən mühüm nümunələr:

- “El Buscón” — pikaresk roman

- “Los Sueños” — satirik-fəlsəfi əsərlər silsiləsi

- “La Hora de Todos” — sosial satira

- “Política de Dios” — siyasi-fəlsəfi əsər

- “España defendida” — İspaniya və onun mədəniyyəti haqqında əsər

- “Providencia de Dios” — dini-fəlsəfi əsər

- “El Parnaso español” — şeirlər toplusu

- “Miré los muros de la patria mía” — ən tanınmış poetik nümunələrindən biri

 

Kevedonun həyatının ən ağır mərhələlərindən biri uzunmüddətli həbs dövrü olub. 1639-cu ilin sonlarında o, San-Markos de Leon monastırında həbs edilib. Həbsinin səbəbləri siyasi xarakter daşıyıb və onun hökumətə qarşı satirik yazının müəllifi olması ilə əlaqələndirilib.  O, burada təxminən dörd il keçirib. Həbs illəri onun sağlamlığına ciddi təsir göstərib.

Buna baxmayaraq, bu dövrdə klassik müəllifləri yenidən oxuyub, fəlsəfi və dini əsərlər üzərində işləyib. 1643-cü ildə azadlığa çıxdıqdan sonra əvvəlki həyatına tam şəkildə qayıda bilmədi. Səhhəti zəifləyib. Son illərini daha sakit həyat sürərək keçirib. Fransisko de Kevedo 8 sentyabr 1645-ci ildə Villanueva de los İnfantesdə vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2026)

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Çox illər bundan əvvəl Amerika Birləşmiş Ştatlarının şərq sahilindən olan bir yepiskop qərb sahilində kiçik bir dini kollecə görüşə gəlir. Onu kollecin prezidentinin - mütərəqqi bir adam, fizika-kimya elmləri professoru olan bir gəncin evində yerləşdirirlər.

Bir gün prezident kafedra üzvlərini yepiskopla nahar etməyə dəvət edir ki, onlar müdrik, təcrübəli bir insanın yanında olmaqla,onun maraqlı söhbətlərindən həzz ala bilsinlər. Nahardan sonra söhbət bəşəriyyətin Qızıl əsrindən düşür. Yepiskop onun çox tezliklə gələcəyini söyləyir. Buna sübut kimi o, təbiətdəki hər şeyin artıq tədqiq edildiyini və bütün mümkün kəşflərin edildiyini göstərir.

Prezident nəzakətlə etiraz edir. Onun fikrincə, bəşəriyyət, əksinə, ən böyük kəşflərin astanasındadır. Yepiskop prezidentdən ən azı birinin adını çəkməyi xahiş etdi. Prezident cavab verdi ki, onun hesablamalarına görə, yaxın əlli il ərzində insanlar uçmağı öyrənəcəklər.

Bu, yepiskopu gülüşünə səbəb olur:

-Cəfəngiyatdır, əzizim - deyə yepiskop deyir- Allah bizim uçmağımızı istəsəydi, bizə qanad verərdi. Səma ancaq quşlara və mələklərə verilib.

Bu yepiskopun soyadı Rayt idi. Onun iki oğlu var idi. Birinin adı Orvil, digərinin adı Uilber idi. Və təsəvvür edin ki məhz onlar bəşər tarixində “uçuş erası”nın başlanğıcını qoymaqla ilk təyyarəni icad edənlər olmuşlar.

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2026)

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

2022-ci il sentyabrın 12-dən 14-nə qədər Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş genişmiqyaslı hərbi toqquşmalar, tarixə Sentyabr Döyüşləri kimi düşmüşdür. Bu döyüşlər Ermənistan silahlı qüvvələrinin növbəti revanşist cəhdlərinin Azərbaycan Ordusu tərəfindən qətiyyətlə darmadağın edilməsi ilə nəticələnmişdir. Cəmi iki gün davam edən bu unikal hərbi cavab əməliyyatı regionda yeni strateji reallıqlar formalaşdırmışdır.

 

Təxribatın pərdəarxası: Ermənistanın məkrli planı

2022-ci ilin sentyabr ayında Ermənistan hərbi-siyasi rəhbərliyi, 44 günlük Vətən müharibəsindən sonra yaranmış sülh gündəmini sarsıtmaq, delimitasiya və demarkasiya proseslərini ləngitmək məqsədilə genişmiqyaslı təxribat planlaşdırmışdı.

Gizli minalama əməliyyatı: Sentyabrın 12-si gecə saatlarında erməni diversiya qrupları ərazinin dağlıq relyefi və dərə boşluqlarından istifadə edərək Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində Azərbaycan Ordusunun mövqeləri arasındakı əraziləri və təminat yollarını minalamağa cəhd göstərmişdir.

Mövqe itki cəhdləri: Eyni zamanda qarşı tərəf strateji yüksəklikləri ələ keçirmək və Azərbaycanın bölgədəki infrastruktur layihələrinə zərbə vurmaq məqsədilə hərbi mövqelərimizi müxtəlif çaplı silahlardan və artilleriyadan atəşə tutmuşdur.

 

"Qətiyyətli cavab": Azərbaycan Ordusunun ildırım əməliyyatı

Azərbaycan Silahlı Qüvvələri düşmənin bu təxribatının qarşısını dərhal və amansızcasına almaq üçün unikal əks-həmlə əməliyyatına başlamışdır. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun uzun müddət hazırlaşdığı planlar alt-üst edilmişdir.

Strateji yüksəkliklər nəzarətdə: Əməliyyat nəticəsində sərhəd boyu bir çox mühüm strateji yüksəkliklər, o cümlədən Göyçə gölü hövzəsinə və Ermənistanın daxilindəki nəqliyyat-kommunikasiya xətlərinə vizual nəzarət imkanı verən mövqelər Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdir.

Hərbi infrastrukturun dağıdılması: Ermənistan silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemləri, raket qurğuları, silah-sursat anbarları və onlarla hərbi postu dəqiq zərbələrlə sıradan çıxarılmışdır.

Düşmənin ağır itkiləri: Rəsmi etiraflara görə 224, real təhlillərə əsasən isə 400-ə yaxın erməni hərbçisi məhv edilmiş, yüzlərlə canlı qüvvəsi yaralanmışdır. Ermənistan tərəfi növbəti dəfə kapitulyasiya şərtlərini qəbul edərək atəşkəs xahiş etməyə məcbur olmuşdur.

 

Şəhidlərimizin qisası və zəfərin qiyməti

Düşmən təxribatının qarşısını qəhrəmancasına alarkən Azərbaycan Silahlı Qüvvələrinin və Dövlət Sərhəd Xidmətinin 80 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalmış, 282 döyüşçümüz isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Şəhidlərimizin qanı yerdə qalmamış, düşmənə qat-qat artıq itki yaşadılaraq layiq olduğu dərs verilmişdir.

 

Siyasi və hərbi nəticələr

12-14 sentyabr döyüşləri Azərbaycan dövlətinin və ordusunun sarsılmaz gücünü növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. Bu qalibiyyət:

İrəvanın "revanş" xülyalarını tamamilə iflasa uğratdı.

Sərhədlərin delimitasiyası prosesində Azərbaycanın mövqelərini hərbi-strateji baxımdan daha da möhkəmləndirdi.

Ermənistan rəhbərliyinə sübut etdi ki, Vətən müharibəsindən sonra bölgədə yaradılmış yeni reallıqları dəyişmək cəhdləri onların özləri üçün fəlakətlə nəticələnəcək.

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2026)

Bazar ertəsi, 14 Sentyabr 2026 15:14

Fortepiano üçün 12 prelüd

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Klassik musiqiyə hamı meyl salmaz. Əksəriyyət yalnız musiqi deyərkən pop musiqini qavraya bilir. Odur ki, klassik musiqini seçənlər seçilmişlərdir.

 

Lalə Cəfərova 14 sentyabr 1966-cı ildə Bakı şəhərində anadan olub. Ailədə bir musiqi sevgisi duyub uşaqlığından. Bu səbəbdən də ilk musiqi təhsilini Bakı şəhəri Rauf Hacıyev adına 15 saylı uşaq musiqi məktəbi Alla Timofeyevna-Mustafayevanın fortepiano sinfində alıb. Orta musiqi təhsilini isə 1982–1986-cı illərdə Bakı Musiqi Kollecində Həbib Həbibovun fortepiano sinfində başa vurub.

Bakı Musiqi Kollecini bitirib, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, fortepiano fakültəsində 1986–1988-ci illərdə Validə Muradovanın və 1988–1991-ci illərdə professor Oqtay Abasquliyev sinfində təhsilini davam etdirib, fortepiano sinfini fərqlənmə diplomu ilə bitirib.  Daha sonra 1993-cü ildə professor Arif Məlikovun bəstəkarlıq sinfinin 2-ci kursuna qəbul olunaraq, təhsilini davam etdirib.

1997-ci ildə diplom işi kimi, ilk iri həcmli əsərini — fortepiano və simfonik orkestr üçün konsertini təqdim edərək bəstəkarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1999-cu ildə Arif Məlikovun sinfində bəstəkarlıq ixtisası üzrə aspirant-stajorluğu bitirərk, elə həmin ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul olunub. 1992-ci ildən Bakı Musiqi Akademiyasında pedaqoq kimi əmək fəaliyyətinə başlayıb.

2007-ci il 14 noyabrda "A. Məlikovun balet musiqisində tembr və faktura xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir və Azərbaycan Respublikası yanında AAK-nın 2008-ci il tarixli 20/k saylı protokol qərarına əsasən sənətşünaslıq namizədi diplomunu alıb. 2012-ci il 10 yanvar tarixli (protokol № 16-K) nəfəs ve zərb alətləri kafedrası üzrə, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasi tərəfindən Dosent elmi adı verilib.

23 – 23 aprel 1991-ci ildə "Musiqi pedaqogikası və ifaçılıq məsələləri" adlı Ümumittifaq elmi-praktik konfransında "Aşıq ifaçılığının uşaqların musiqi tərbiyəsində rolu" mövzusu ilə çıxış edib. 17 – 19 dekabr 1991-ci ildə Birinci Respublika elmi konfransında "Şərq musiqisinin dünya musiqi mədəniyyəti tarixində yeri" mövzusu ilə çıxışı edib. Hər iki materialın tezisləri nəşr olunub.

 

Lalə Cəfərova bəstəkar kimi fəaliyyətə başlayandan bir çox müəllif konsertləri verib. İlk müəllif konserti 31 mart 1994-cü il Asəf Zeynallı adına Bakı Musiqi Kollecində baş tutub. Burada müəllifin fortepiano üçün prelüdləri və 3 hissəli sonatası, 1997-ci ildə Bəstəkarlar İttifaqının plenumunda 4 hissəli simli kvarteti səslənib.

2000-ci ildə Bəstəkarlar İttifaqının plenumunda Fortepiano və simfonik orkestr üçün konsert № 2 əsəri Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayiəti ilə səslənib. Bəstəkar bu əsərini atasının əziz xatirəsinə ithaf edib və solist kim səhnə alıb.

2002-ci ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə keçirdiyi gənc bəstəkarların əsərlərindən ibarət konsertdə "Tar və Fortepiano üçün rəqslər"ləri ilə çıxış edib. 2003-cü ilin dekabrında professor Tofiq Aslanova həsr etdiyi, viola üçün solo "Xatirə" poemasını bəstələnib. Kapellhauzda Tofiq Aslanovun ifasında tamaşaçılara təqdim olunub. (ilk ifa)

2004-cü ildə oktyabrda "Tar və simfonik orkestr üçün rəqslər"i və simfonik orkestr üçün "Bu gecə" romansı Azad Əliyevin dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Simfonik orkestrinin ifasında lentə yazılıb. 2004-cü ildə "Qız Qalası" və ya digər adıyla "Məbədin ürəyi" sənədli filmi üçün əsərlər yazıb. Bəstəkar bu sənədli filmdə qədim musiqi alətləri ilə elektron musiqini sintez edib.

2005-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının 70 illik yubileyinə həsr olunmuş kamera musiqi festivalında kamera əsərləri səslənib. 20 may 2005-ci ildə "A. Məlikovun məhəbbət əfsanəsi baletində rəqs nömrələrində tembr və faktura xüsusiyyətləri təvsirində" adlı metodik tövsiyələr yazıb. Həmən il 15 sentyabrda "Nəfəs və zərb alətləri" kafedrasının bakalavr pilləsi üçün "Partitura qiraəti" fənni üzrə proqram hazırlayıb.

13 iyun 2007-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayında "Bir Xəzər Əfsanəsi" balet süitasından nömrələr (Adagio və döyüş səhnəsi) ifa olunub. 24 iyul 2014-cü ildə Qəbələ VI Beynəlxalq Musiqi Festivalında fortepiano və simfonik orkestr üçün bəstələdiyi 2 saylı konserti, Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səslənib. Bəstəkar solist kimi səhnə alıb.

5 noyabr 2014-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş Musiqi Festivalında, simfonik orkestr üçün bəstələdiyi "Marş" və "Daimi hərəkət" əsərlərini Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində səslənib. 22 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Əlyarova, Lalə Cəfərovanın bəstələdiyi "Fortepiano Prelüdləri"ni, Azərbaycan Dövlət Filarmoniyasınıı Kamera və Orqan Musiqi zalında dinləyicilərə təqdim edib.

 Lalə Cəfərova, Qara Qarayevin "Yeddi Gözəl" baletindən "Adagio" və "Vals" musiqi nömrələrini, fortepiano və kamera orkestri üçün işləyib.  Bu əsərlər 6 fevral 2016-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayevin xatirəsinə həsr olunmuş konsertdə, Xalq artisti Teymur Göyçəyevin dirijorluğu və Qara Qarayev adına Dövlət Kamera orkestrinin müşayiəti ilə, Respublikanın Əmakdar artisti Nərgiz Əlyarovanın ifasında tamaşaçılara təqdim olunub.

29 may 2018-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan" əsərinin klip təqdimatı Azərbaycan Milli Konservatoriyasının konsert zalında keçirilib. Klipi rejissoru Məzahir Haşımovdur. 25 dekabr 2018-ci ildə Bakı Xoreoqrafiya Akademiyasında bəstəkarın "Bəstəkar Lalə Cəfərovanın əsərlərindən ibarət müəllif konserti" adlı konserti keçirilib.

5 mart 2019-cu ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Azərbaycan bəstəkarlarının Xalq Çalğı Alətləri orkestri üçün yazdığı əsərlərdən ibarət konsert"də bəstəkarın Ramiq Muxtarın sözlərinə yazdığı "Əbədiyaşar Heydər" əsəri, Azərbaycan Respublikasının xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Respublikasının xalq artistləri Gülnaz İsmayılova və Fəxri Kazım-Nicatın ifasında təqdim olunub.

19 aprel 2019-cu ildə YARAT Müasir İncəsənət Məkanınında bəstəkarın "Musiqinin sehri" adlı konserti baş tutub. 2019-cu ildə dodekafoniya sistemi ilə sonata janrında əsər yazıb. 25 oktyabr 2019-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalında simfonik orkestr üçün yazdığı "Adagio "və "Rəqs" əsərlərini Mustafa Mehmandarov dirijorluğu ilə, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycan Dövlət Filarmoniyasında səslənib.

9 may 2020-ci ildə "Evdə qal, evdə yarat" təşəbbüsü çərçivəsində keçirilən tədbirlərin sırasında "Böyük Vətən müharibəsi"ndə qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnı müsabiqəsində Ramiq Muxtarın sözlərinə bəstələdiyi "Qələbə Bayramı" marşına görə, qaliblərdən biri olub. 2020-ci ilin avqust ayında "Qafqazın bu üzündə" sənədli filminə musiqi bəstələyib. Filmin 25 dekabr 2021-ci ildə təqdimatı keçirilib.

 

Kitabları

- "Bakalavr pilləsi üçün Nəfəs alətləri orkestrinin "Partitura qiraəti" fənni üzrə proqram"

- "Arif Məlikovun balet musiqisində tembr və faktura xüsusiyyətləri".(Dərs vəsaiti)

- "Orkestrləşdirmə" fənni üzrə proqram

- "Alətşünaslıq" fənni üzrə proqram

- "Fortepiano və simfonik orkestr üçün konsert № 2"

- "Fortepiano prelüdləri və sonatasının ifaçılıq problemlərinə dair"

- "Kamera instrumental əsərləri və onların ifa xüsusiyyətləri" (Dərs Vəsaiti)

 

Əsərləri

- Fortepiano üçün 12 prelüd

- Fortepiano üçün 3 hissəli sonata

- 4 hissəli simli kvartet

- Simfonik orkestr üçün "Süita"

- Fortepiano və simfonik orkestr üçün konsert № 1

- Fortepiano və simfonik orkestr üçün konsert № 2

- "Ata" mahnısı (sözləri:Sərvər Şahbəyli)

 

Mükafatları

- 2001-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə keçirdiyi müsabiqədə "Kiçik həcmli simfonik əsər" nominasiyası üzrə "Gənclər mükafatına" layiq görülərək "İlin bəstəkarı" adını qazanıb.

- 2 avqust 2002-ci ildə 2 avqust Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə keçirilən "Azərbaycan Sərhəd qoşunları bu gün" adlı müsabiqəsinə təqdim etdiyi solist, nəfəs alətləri orkestri və xor üçün "Sərhədçi" marşına görə diplom və mükafata layiq görülüb (dirijor Xalq artisti, professor, general-mayor Yusif Axundzadə)

- 2005-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı və Azərenerji ASC-nin birgə keçirdiyi müsabiqəyə təqdim etdiyim "İşıqçılar" (sözləri: Ramiq Muxtar) mahnısına görə laureat olaraq mükafat və diplomla təltif olunub.

- 17 sentyabr 2021-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

- 21 mart 2023-cü ildə Türkiyənin İğdır universitetində keçirilən "Həmrəyli Konserti"nin təşkilatçısı kimi universitetin rektoru professor Mehmet Hakkı Alma tərəfindən təşəkkür sertifikatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2026)

Bazar ertəsi, 14 Sentyabr 2026 10:36

Hər bir dərddən olur, yaman ayrılıq...

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Müstəqillik hərəkatı başlayanda – 80-lərin sonu, 90-ların əvvəlində o “Ayrılıq” mahnısını oxudu, bir mahnı ilə ruhən ikiyə bölünmüş xalqı birləşdirdi, quzeydə güney tüzgarları əsdirdi...

 

Yaqub Zurufçu 8 aprel 1956-cı ildə Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. 7 yaşında Fərvərdin Mədrəsəsində ilk təhsilə başlayan Yaqub elə o illərdə Təbrizdə uşaq proqramlarında iştirak edib və məşhur "Cücələrim" mahnısı ilə həm Azərbaycanda, həm də İranda dillər əzbəri olub.

11 yaşında Azərbaycanın xalq mahnıları və bəstəkar mahnılarıyla tanış olan və onları məharətlə, şövqlə ifa edən Yaqub Zurufçu 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan "Evləri var xana-xana", "De, gülüm gəlsin, ay nənə", "Dilbər" mahnılarını ifa edib.

Müğənni özünün musiqiyə olan böyük həvəsini, istedadını və oxumaq istəyini hər zaman atasının bir vaxtlar Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevgisi ilə izah edib. Tamaşaçıların, çoxsaylı musiqi həvəskarlarının xahişi ilə onu sonralar da vaxtaşırı Təbriz və Tehranın Radio və Televiziyaları öz musiqili proqramlarında çıxış etməyə dəvət ediblər.

 Ailədə 8 uşaqdan biri olan gənc Yaqub musiqi ilə yanaşı sonralar daha bir sənətə yiyələnmək üçün Tehran Universitetinin iqtisad fakültəsində ali təhsil almağa başlayıb, eyni zamanda Tehran Operasının xorunda öz musiqi fəaliyyətini davam etdirib.

İran İslam İnqilabı 1979-cu ildə İranda Xalq İnqilabından 1 il sonra — 1980-ci ildə İranı tərk edib, Almaniyaya köçməli olub. O, öz peşəkar musiqi təhsilinə Hamburq şəhərində başlamış və vokal sənəti üzrə diplomlu musiqiçi kimi daha sonra Amerikanın Florida ştatının Myami Universitetində vokal sənəti üzrə ali mütəxəssis diplomuna layiq görülüb.

Hər zaman ürəyində milli musiqi sevgisi yaşadan Yaqub Zurufçunun ən böyük, müqəddəs arzusu illərlə həsrətində olduğu, qəlbində böyük bir sevgi kimi yaşatdığı Azərbaycana gəlmək olub.

Nəhayət, 1989-cu ilin əvvəllərində Azərbaycanın məşhur müğənnisi, Xalq artisti Gülağa Məmmədov Almaniyada olarkən təsadüfən Yaqub Zurufçunun "Ayrılıq" mahnısına çəkilən sadə bir klipi görüb, adını ilk dəfə eşitdiyi gənc müğənninin ecazkar ifasından heyrətə gəlib.

Başı min-bir bəlalar çəkən Azərbaycanın 200 il əvvəl (1813-cü ildə) rus və fars şovinistləri tərəfindən "Gülüstan" müqaviləsi üzrə qəsdən iki yerə bölünərək, Güney və Quzey adlanan iki hissəyə ayrılmasına həsr edilən "Ayrılıq" mahnısını Yaqub Zurufçunun ifasında çox bəyənən Gülağa Məmmədov həmin klipi Azərbaycana gətirib və respublika televiziyasında yayımlanmasına nail olub.

Yaqub Zurufçunun o taylı — bu taylı Azərbaycanın birləşmə istəyinin ağrı-acı və böyük sevgi, həsrətlə dilə gətirildiyi "Ayrılıq" mahnısı qısa bir zamanda çox sevilərək, dillər əzbəri olub və ötən əsrin 90-cı illərində xalqımızın milli-mənəvi dirçəlişinə mühüm bir dayaq olmaqla ona sanki yön verərək, milli-azadlıq hərəkatının manifestinə çevrilib.

1989-cu ildə Gülağa Məmmədovun təşəbbüsü və "Vətən" Cəmiyyətinin dəvəti ilə Vətən eşqli, Vətən həsrətli Yaqub Zurufçu ilk dəfə olaraq doğma Azərbaycana gəlib. Həmin il oktyabrın 29-da Azadlıq meydanında dəniz kimi dalğalanaraq, kükrəyib-coşan izdihamın sürəkli alqışları altında Yaqub Zurufçu azadlıq eşqli doğma xalqımızı tribunadan böyük sevgi və ehtiramla salamlayıb.

Sonra da izdiham qarşısında diz çöküb, "Ayrılığ"ı oxuyub, birlik, həmrəylik çağırışı kimi səslənən bu mahnını Azərbaycanın azadlıq hərəkatında bir inqilabi "Marselyoza"ya, müstəqillik yolunda sönməz bir məşələ çevirərək, hamını kövrəldib. O vaxt Yaqub bəy çox cavan bir oğlan olub, cəmi 33 yaşı olub, ancaq artıq bütün Azərbaycan onu "Ayrılıq" və digər vətən eşqli mahnıları ilə tanıyıb və sevib.

Həmişə doğma Azərbaycanda, onun yanında olmağı, xalqımızın ağır günlərində ona kömək durmağı, onun qayğıları ilə yaşamağı arzulayan Yaqub Zurufçu 1989-cu ilin dərdli-həyəcanlı günlərində təşkil edilən konsertlərindən yığılan böyük həcmdə vəsaiti bütünlüklə azğın düşmən təfəfindən yaşadıqları doğma torpaqlardan — Qərbi Azərbaycandan və Qarabağdan qovulan, didərgin salınan evsiz-eşiksiz həmvətənlərimizə yardım fonduna köçürülüb — Yaqub Zurufçunun xahişi, öz təşəbbüsü ilə!..

Təsadüfi deyildi ki, həmin günlərdə Xalq hərəkatına rəhbərlik edən Əbülfəz Elçibəy fars əlifbası ilə ona təşəkkür məktubu yazıb.

 Xalqımızın unudulmaz, dahi sənətkarı Rəşid Behbudov hələ 1985-ci ildə Almaniyada konserti zamanı Gülağa Məmmədovun təklifi ilə söz verilən 29 yaşlı Yaqub Zurufçunun "Ayrılıq" mahnısına heyranlıqla qulaq asaraq, 29 yaşlı gənc müğənnini elə səhnədəcə, tamaşaçıların gurultulu alqışları altında bağrına basıb, öpərək fəxrlə, qürurla deyib:

"daha arxayınam ki, məndən sonra davamçım var!".

 

Yaqub Zurufçu Azərbaycanın, bütün türk-müsəlman dünyasının görkəmli sənətkarı olaraq, milli musiqimizi Avropada – Almaniya, İngiltərə, Fransa, İspaniya ilə yanaşı ABŞ-da, Kanadada, Braziliyada, Cənubi Afrika Respublikasında, Misirdə, Mərakeşdə, hətta uzaq Yaponiya və Avstraliyada da uğurla təbliğ edərək, milyonlarla tamaşaçıya, dinləyiciyə sevdirə bilib.

Azərbaycanın görkəmli şəxsiyyətlərinin adını daim uca tutan Yaqub Zurufçu 2015-ci ilin sentyabrında Azərbaycanın professional musiqi sənətinin banisi, bütün Şərq dünyasının ilk opera yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyinə öz sanballı töhfəsini verib.

O, əbədiyaşar musiqi korifeyimizin və onun davamçıları olan bəstəkarlarımızın əsərlərindən ibarət maraqlı mahnı albomu hazırlayıb və respublikanın musiqi ictimaiyyətinin iştirakı ilə dahi bəstəkarın Ev-muzeyində onun təqdimatını keçirərək, klassik Azərbaycan mahnılarını böyük sənətkarlıqla, məftunluqla ifa edib.

Ulu öndər Heydər Əliyev də türk dünyasının sevimli müğənnisi Yaqub Zurufçu sənətinin böyük pərəstişkarı olub. Xalqımızın unudulmaz xilaskarı Amerikada müalicə olunarkən müğənninin ona baş çəkərək, o böyük şəxsiyyətin sevdiyi mahnıları pianinoda özü çalaraq, böyük sevgi ilə ifa etməsi dahi rəhbərin çox xoşuna gəlib. İlk müalicədən sonra Bakıya qayıdan Heydər Əliyev Prezident Aparatında Yaqub bəyi qəbul edərkən ona olan rəğbətini, sevgisini dilə gətirərək deyib:

"Mən səni, sənin sənətini çox sevirəm. Təbiidr, səni məndən başqa da Azərbaycanda çoxları, hamı sevir. Çünki sən Azərbaycanın o ağır illərində xalqımıza öz mahnılarınla, öz sənətinlə çox qürur vermisən, mənəvi dayaq olmusan!"

Doğma Odlar Yurdunu bütün varlığı ilə sevən Yaqub Zurufçu uzun illər xaricdə yaşadığına baxmayaraq, Azərbaycan musiqisini dünyada ən çox təbliğ edən bir sənətkar olub. Onun Almaniyada, ABŞ-də, Kanadada, Azərbaycanda və digər ölkələrdə 30-dan çox musiqi albomu işıq üzü görüb.

Azərbaycan musiqisinin həm respublikada, həm də xarici ölkələrdə pərəstişkarlarının daha çox olmasını arzulayan Yaqub Zurufçu 1995-ci ildə respublikada ilk professional səsyazma studiyası yaradıb. Xalqımızın unudulmaz, sevimli şairi Səməd Vurğunun adını verdiyi həmin səsyazma studiyası bir-neçə il uğurla fəaliyyət göstərib, tanınan musiqi sənətkarlarının böyük tirajla mahnı albomlarının buraxılmasına nail olub.

Hələ gənclik illərindən Bakının həsrətini çəkən görkəmli sənətkar Qarabağın, Azərbaycanın musiqi beşiyi, həm də akademiyası olan Şuşanın azad olunmasında Milli Ordumuzun gücünə, qələbə əzminə inanaraq, bu müqəddəs amala tezliklə nail olunması üçün özünün sənətkar töhfəsini verib.

Son 20–25 il ərzində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə əsgər və zabitlərimizin vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə 35-ə qədər hərbi hissədə geniş konsert proqramı ilə çıxış edib. Azərbayacanı bütün varlığı ilə sevən Yaqub Zurufçu Qarabağımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş Vətən şəhidlərini daim ehtiramla yad edib.

Bakıda, Mingəçevirdə, Masallıda və digər rayonlarımızda Şəhidlər xiyabanlarına gedərək, torpaqlarımıza azadlıq bəxş edən igid oğulların müqəddəs məzarlarını ziyarət edib, şəhid ailələrinə yardım göstərib.

 

Ölməz qəhrəmanlarımızın ruhuna onların şərəfli adına layiq çox təsirli və kövrək duyğulu "Ağlama, anam, mənə…" mahnı-elegiyasını bəstələyib və qəlb ağrısıyla ifa edib. Bununla o, Vətənə böyük Qələbə sevincini bəxş edən oğul və qızlarımıza öz sənətkar minnətdarlığını ifadə edib, sanki onlarla qəlbən vidalaşıb.

Yaqub Zurufçunun 2019-cu il oktyabrın 12-də Heydər Əliyev adına Respublika sarayında təşkil edilən konserti onun son solo-konserti kimi sənətsevərlərin yaddaşına əbədi həkk olunub.

Dahi Üzeyir Hacıbəylinin əsərlərinin, Bülbülün, Rəşid Behbudovun repertuarlarından klassik mahnıların, bütöv Azərbaycana, doğma Təbrizə və Bakıya həsr edilən musiqi əsərlərinin səsləndirildiyi, respublikamızın görkəmli mədəniyyət və incəsənət xadimlərinin, yüzlərlə pərəstişkarın iştirak etdiyi həmin möhtəşəm konsert sanki Yaqub Zurufçunun öz doğma xalqı ilə heç vaxt unudulmaycaq son, vida konserti olub

Yaqub bəy 2021-ci ilin iyun ayında xalqımızın Bütöv Azərbaycan həsrətinə — Güney və Quzey Azərbaycanın 200 illik birləşmə arzusuna həsr etdiyi, Xalq şairi Söhrab Tahirin "Daha" şeirinin motivləri əsasında iki hissəli klipin layihəsi üzərində işləyib.

Klipin 30 il əvvəl Arazın o tayından tikanlı məftillər arxasından milyonlarla ürəkləri alovlandıran "Ayrılıq" mahnısının təkrarsız ifası ilə çəkilən ilk klipə "cavab" olaraq Arazın bu tayından, bir zamanlar hələ parçalanmayan Azərbaycanın Xudafərin körpüsü üzərindən xalqımızın azad, sərbəst el-oba gediş-gəlişinin yenidən bərpasını, Vətənin iki sahilinin birləşməsini tərənnüm edəcək maraqlı bir klip ssenarisi hazırlayıb.

Görkəmli sənətkar 14 sentyabr 2021-ci ildə 65 yaşında Bakıda ağır xəstəlikdən sonra vəfat edib

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2026)

31 -dən səhifə 3116

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.