Super User
İstəyi ilə əməli üst-üstə düşən rejissor
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Hər rejissor çəkdiyi filmlərdə, qoyduğu tamaşalarda özünü tam ifadə edə bilmir, istəyi ilə əməli uyğun gəlmir. Azərbaycan Respublikasının xalq artisti Xamis Muradov məhz istəyi ilə əməli uyğun gələn rejissorlardandır. Bu gün onun doğum günüdür. 83 yaşı qeyd ediləcək.
Rejissor, ssenarist Xamis Muradov 15 sentyabr 1943-cü ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olub. Yeddiilik məktəbi bitirdikdən sonra 14 saylı sənət məktəbində, 14 yaşında Bakıya gələrək 72 nömrəli məktəbdə təhsil alıb. 1962–1966-cı illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda oxuyub. 1969–1971-ci illərdə Moskvada fəaliyyət göstərən ali rejissorluq və ssenarist kurslarında təhsilini davam etdirib.
1966-cı ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb. 50-dən çox sənədli filmin rejissoru, eyni zamanda 20-yə yaxın filmin ssenari müəllifidir. 1988–2001-ci illərdə "Salnamə" studiyasına rəhbərlik edib. 2002-ci ilin əvvəlindən 2011-ci ilin axırlarınadək C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində işləyib.
Filmoqrafiya
- Rejissor assistenti kimi
1. Torpaq. Dəniz. Od. Səma
2. Qanun naminə
- İkinci rejissor kimi
1. Şərikli çörək
- Rejissor kimi
1. Nəsimi
2. Aşıq Ələsgər
3. Daşkəsən
4. Həmid Sultanov
5. Məndə sığar iki cahan...
6. Bahar günəşi
7. Şənlik bizə yaraşır
8. Əbədi qardaşlıq
Ad və mükafatlar
1. Azərbaycan SSR Dövlət mükafatı
2. "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı
3. "Qızıl Çıraq" Milli Kino Mükafatı
4. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı
5. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü.
“Ədəbiyyat və incəsənət”
(15.09.2026)
“Sarı güllər” – illər ötsə də solmayan mahnı
İLQAR XƏYALIN BU GÜN 60 YAŞI TAMAM OLUR
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bir vaxtlar – 90-ların əvvəllərində“Sarı güllər” və “Qara gözlər” – dillər əzbəri olan bu iki mahnı ilə İlqar Xəyal əsl şöhrət piki yaşadı. Amma sonra ortaya diringi musiqilər çıxanda, trend dəyişəndə yeni mühitlə ayaqlaşa bilməyib get-gedə populyarlığını itirdi. Amma hələ də o hit mahnılar səslənəndə onlara gənc nəsil biganə qala bilmir.
Düşünürük, İlqar Xəyal bu gün də musiqimizə və səhnəmizə çox lazımdır.
Azərbaycanlı müğənni, televiziya aparıcısı İlqar Xəyal 1966-cı il sentyabr ayının 15-də Bakıda anadan olub. İlqar Xəyal orta təhsilini 190 nömrəli orta məktəbdə, ali təhsilini isə Azərbaycan Texniki Universitetində alıb. Tar üzrə musiqi təhsili vardır. Gənclik illərindən müasir musiqiyə və geyimlərə meyil göstərib. "Bakı payızı" müsabiqəsinin birincisi olandan sonra 1988-ci ildə Sevinc Kərimova İlqarı "Karvan" qrupuna dəvət edib və o zaman "Qərib Durnalar" mahnısı təqdim olunub. "Karvan" qrupu daxilində isə ilk mahnısı "Sarı güllər" olub. Bu mahnıya çəkilən klip Azərbaycanda çəkilən ilk rəsmi klip idi. 1990-cı illərin əvvəlində müğənni məşhur Karvan qrupunun tərkibində məşhurlaşıb.
Diskoqrafiya
Albom
Mahnılar
1. Bakinski bulvar
2. Ərköyün qız
3. Haradasan
4. İlahə
5. Kaş ki, olaydım
6. Mələyim
7. Ömür günləri
8. Ptitsa volnaya
9. Qara gözlər
10. Qərib dünyalar
11. Sarı güllər
12. Tufanla oynama.
Yazını hazırlayanda bird aha İlqar Xəyalın ovaxtkı ifasını dinlədim. Və əmin oldum ki, illər ötsə belə “Sarı güllər” əsla solmayacaq.
“Ədəbiyyat və incəsənət”
(15.09.2026)
Zülfü Adıgözəlovun oğlu, Rauf Adıgözəlovun qardaşı, Yalçın Adıgözəlovun atası
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Məncə, bəstəkar Vasif Adıgözəlovun heç bir təqdimata ehtiyacı yoxdur. Onda musiqi duyumu və istedad irsən gələnlərdəndir, bu səbəbdən də gözəl irihəcmli musiqi əsərləri ilə musiqimizə gözəl töhfələr verə bilibdir. İyul ayının 28-də dünyaya gəlişinin 91 illiyini qeyd etdiyimiz bəstəkarın bu gün anım günüdür.
Azərbaycan SSR xalq artisti Vasif Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. Muğam xanəndəsi Zülfü Adıgözəlovun oğlu, müğənni Rauf Adıgözəlovun qardaşı, dirijor Yalçın Adıgözəlovun atasıdır.
Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlayıb. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışıb. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edib. 1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilib.1989-cu ildən professor adını alıb. Bakı Musiqi Akademiyasında "xor dirijorluğu" kafedrasına rəhbərlik edib.
2 opera ("Ölülər (opera)", "Natəvan (opera)"), 5 musiqili komediya ("Hacı Qara (operetta)" (həmmüəllifi R. Mustafayev), "Nənəmin şahlıq quşu", "Boşanaq - evlənərik", "Lənət şeytana"), 4 oratoriya ("Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı"), 3 kantata ("Novruzum", "Təntənəli"), 4 simfoniya, 6 instrumental konsert, kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların müəllifidir.
Filmoqrafiya
- Aktrisanın təbəssümü
- Balaca çoban
- Bir tale naxışı.
- Cazibə Qüvvəsi
- Həyat bizi sınayır
- Keyfiyyət nişanı
- Kədərimiz... Vüqarımız...
- Kişi sözü
- Qaraca qız
- Qəribə əhvalat
Mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- 1990-cı il üzrə Azərbaycan SSR Dövlət mükafatı
- "Şöhrət" ordeni
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
- "İstiqlal" ordeni
Pedaqoq, musiqi xadimi Vasif Adıgözəlov 15 sentyabr 2006-cı ildə ömrünün 71-ci baharında dünyasını dəyişib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.09.2026)
Türkologiyanın zirvəsi Bəkir Çobanzadənin faciəli həyatı
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Türk Mədəniyyəti və İrsi Fondu ilə "Ədəbiyyat və incəsənət" portalının birgə layihəsində "Səssiz səslər" rubrikasındayıq. Bu gün söhbətimiz krım-tatar xalqının görkəmli nümayəndəsi Bəkir Çobanzadə barədə olacaq.
XX əsrin əvvəllərində türk xalqlarının ortaq mədəniyyəti, dili və əlifbası üçün canını fəda edən, lakin səsi totalitar sovet rejimi tərəfindən qəddarlıqla boğulan elm fədailərindən biri də Bəkir Vahab oğlu Çobanzadədir. Cəmi 29 yaşında professor, 44 yaşında isə repressiya qurbanı olan bu dahi şəxsiyyət, təkcə doğma Krımının deyil, həm də Azərbaycan dilçilik elminin banilərindən biri kimi tarixə düşmüşdür.
Çoban oğlundan Budapeşt doktoranturasına
Bəkir Çobanzadə 15 may 1893-cü ildə Krımın Qarasuvbazar şəhərində yoxsul bir çoban ailəsində doğulub. Uşaq yaşlarında fitri istedadı və zəkası ilə müəllimlərini heyran qoyan Bəkir, xeyriyyəçilərin köməyi ilə əvvəlcə İstanbula, daha sonra isə Macarıstana təhsil almağa göndərilir.
O, 1919-cu ildə Budapeşt Universitetində XII əsr kuman-türk abidəsi olan "Kodeks Kumanikus" üzərində tədqiqat apararaq filologiya elmləri doktoru elmi dərəcəsini qazanır. O, latın, alman, macar, fransız, ərəb və fars dillərini mükəmməl bilən unikal bir poliflot idi.
Bakı Dövlət Universiteti və Azərbaycan sevdası
1925-ci ildə Azərbaycan rəhbərliyinin rəsmi dəvəti ilə Bəkir Çobanzadə Bakıya gəlir. Bakı Dövlət Universitetində professor və kafedra müdiri kimi fəaliyyətə başlayan alim, qısa müddətdə Azərbaycan dilçiliyinin elmi əsaslarını hazırlayır.
Əlifba islahatı: O, 1926-cı ildə Bakıda keçirilən tarixi I Türkoloji Qurultayın baş təşkilatçılarından və ideoloqlarından biri olur. Türk xalqlarının ərəb qrafikasından latın əlifbasına keçməsində misilsiz xidmətlər göstərir.
Elmi irsi: Azərbaycanda fəaliyyət göstərdiyi 12 il ərzində 120-dən çox elmi əsər, dərslik və monoqrafiya qələmə alır. SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının həqiqi üzvü və Paris Dilçilik Cəmiyyətinin üzvü seçilir.
Səsi boğulan ziyalı: 20 dəqiqəlik məhkəmə
Onun türk dünyasını dil və mədəniyyət baxımından birləşdirmək ideyaları sovet imperiyasını ciddi şəkildə qorxudurdu. 1937-ci ilin yanvarında "pantürkizm", "əks-inqilabçılıq" və mifik "Mircəfər Bağırovu devirmək" ittihamları ilə Kislovodskda müalicədə olarkən həbs edilir.
Bədii və elmi fəaliyyəti tamamilə qadağan olunan, ağır işgəncələrə məruz qalan alimin "məhkəməsi" Bakıda cəmi 20 dəqiqə çəkir. Ona vəkillik və protest hüququ verilmədən ölüm hökmü çıxarılır. 13 oktyabr 1937-ci ildə dahi alim Bakıda güllələnir. Onun məzarı bu günə qədər də məlum deyil.
Bəraət və əbədiyyət
Stalinin ölümündən sonra, 1957-ci ildə SSRİ Ali Məhkəməsi Bəkir Çobanzadəyə qarşı irəli sürülən bütün ittihamların tamamilə əsassız olduğunu bəyan edərək ona ölümündən sonra bəraət verir.
"Səssiz səslər" rubrikasının da vurğuladığı kimi, sovet gülləsi onun cismini yox etsə də, türkologiya elminə verdiyi töhfələr onun səsini əbədi olaraq yaşadır. Bu gün Bakıda onun adını daşıyan küçə var, Krımda isə hər il onun adına beynəlxalq mükafatlar təqdim olunur.
“Ədəbiyyat və incəsənət”
(14.09.2026)
Bəstəkar ruhlu rəssam
Şəbnəm Nəbiyeva,
Azərbaycan Rəssamlıq Akademiyasının “Təsviri sənət və sənətşünaslıq” fakültəsinin Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə məzunu.
“Ədəbiyyat və incəsənət”
Mikayıl Abdullayev Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri, xalq rəssamı, Dövlət mükafatı laureatı, professor və pedaqoq olmuşdur. Rəssamın yaradıcılığında Azərbaycan təbiəti, xalqının həyatı, tarixi və milli-mənəvi dəyərləri mühüm yer tutur. Rəssamın öz sözləri ilə desək: “Azərbaycan, doğma vətənim, mən sənin doğma balan, aşiqin kimi səni, sənin gözəlliyini kətan üzərində vəsf etməkdən yorulmaram, doymaram”.
O, dəzgah rəngkarlığı və qrafikası, teatr-dekorasiya sənəti, monumental rəngkarlıq və digər təsviri sənət sahələrində mühüm nailiyyətlər əldə etmişdir.
Rəssam 1921-ci il dekabrın 19-da Bakı şəhərində anadan olmuşdur. İlk peşəkar təhsilini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində almış, burada görkəmli rəssam Səttar Bəhlulzadənin yaradıcılıq təsirindən bəhrələnmişdir.
1949-cu ildə təhsilini davam etdirmək məqsədilə Moskvaya getmiş və V.İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. Burada Sergey Gerasimovun emalatxanasında rəngkarlıq sənətinin incəliklərini mənimsəmişdir. Lakin İkinci Dünya müharibəsinin başlaması səbəbindən təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmışdır. Müharibə illərində onun yaradıcılığında – plakatlarda dövrün ictimai-siyasi hadisələri, alman faşizminə qarşı mübarizə və sovet əsgərlərinin qəhrəmanlığı öz əksini tapmışdır.
Müharibədən sonra Mikayıl Abdullayev Moskvada təhsilini və yaradıcılıq fəaliyyətini davam etdirmiş, görkəmli rəssamlardan sənətin müxtəlif istiqamətləri üzrə yararlanmışdır. Onun rəngkarlığında ümumiləşdirmə, formanın bütövlüyü, əsas ideyanın ön plana çıxarılması, şərtilik və ifadəlilik mühüm xüsusiyyətlərdən olmuşdur. Rəssam yaradıcılığında insanın mənəvi aləmini, sevinc və kədər kimi emosional vəziyyətlərini, gündəlik həyatını və ictimai mühitini təsvir etməyə xüsusi diqqət yetirmişdir.
Əsərlərində tematik kompozisiyalar, Azərbaycanın müxtəlif bölgələrinin mənzərələri, xalqın əmək həyatı, dövrün tanınmış şəxsiyyətlərinin portretləri və tarixi mövzular geniş yer tutur. Onun yaradıcılığında lirik xarakter üstünlük təşkil edir. Azərbaycan təbiətini yalnız zahiri görünüşü ilə deyil, onun emosional və poetik mahiyyətini də ifadə etməyə çalışmışdır. Bu baxımdan peyzaj, portret və natürmort janrlarında yaratdığı əsərlər xüsusi əhəmiyyət daşıyır.
Mikayıl Abdullayevin yaradıcılığının erkən mərhələsini xarakterizə edən əsərlər sırasında “Saqqallı kişi” adlı naturadan portreti xüsusi qeyd etmək olar. 1950-ci ildə çəkilmiş bu əsərdə akademik rəngkarlıq ənənələrinin təsiri aydın görünür. Bununla yanaşı, onun yaradıcılığının sonrakı mərhələlərində impressionizmə yaxın yanaşmalar müşahidə olunur. Surikov adına institutda təhsil aldığı dövrdə yaratdığı “Çılpaq etüd” əsərində bu xüsusiyyətləri daha aydın şəkildə görmək mümkündür.
Rəssam Macarıstan, Hindistan, Əfqanıstan və digər ölkələrə səfər etmiş, bu səyahətlər zamanı gördüyü təbiəti, memarlıq nümunələrini, insanların məişətini və milli xüsusiyyətlərini əsərlərində əks etdirmişdir. Məsələn, “Racastan qadınları”, “Əfqan qadını” kimi əsərlərində rəssam geyim, xarici görünüş, məişət mühiti və digər etnoqrafik detallar obrazların milli xarakterinin açılmasına xidmət edir.
Rəssamın Hindistan səfərləri yaradıcılığında xüsusi mərhələ təşkil edir. Hindistan mövzusunda yaratdığı tematik kompozisiyalarla yanaşı, miniatür sənətinə yaxın incə xəttlər, memarlıq abidələrinin detallı təsviri və yerli əhalinin məişət həyatının geniş şəkildə təqdim olunması diqqəti cəlb edir.
Bunun əksinə olaraq, Rusiyanın müxtəlif şəhərlərinə, o cümlədən Saratov və Həştərxana həsr olunmuş peyzajlarda daha yüngül və sakit bədii ifadə müşahidə edilir. Bu əsərlərdə hava perspektivindən geniş istifadə olunması, məkanın dərinliyinin və atmosferin təsvirinə xüsusi diqqət yetirilməsi xarakterikdir. Həmin əsərlərdə əsasən akvarel texnikasından istifadə etmişdir. Akvarelin şəffaflığı və rənglərin yumşaq keçidləri Rusiyanın təbiətinin sakit və zərif xarakterinin ifadəsi üçün uyğun bədii vasitə olmuşdur.
Əsasən yağlı boya ilə işləsə də, boyanı kətan üzərinə çox nazik qatlarla tətbiq edirdi. Nəticədə əsərlərində akvarel təsirini xatırladan yüngül və şəffaf kolorit yaranırdı. Bu xüsusiyyət onun rəngkarlıq üslubunun fərqləndirici cəhətlərindən biri hesab olunur.
Rəssam Hindistanın görkəmli siyasi xadimi İndira Qandinin naturadan portretini də çəkmişdir. İndira Qandi ilə bir neçə dəfə görüşən rəssam onun obrazını canlı müşahidələr əsasında təsvir etmişdir. Hindistanın mədəniyyətinə və xalqının həyatına həsr etdiyi əsərlərə görə Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülmüşdür.
Rəssamın yaradıcılıq irsi yalnız Azərbaycan və Hindistan mövzuları ilə məhdudlaşmır. O, Polşa, İtaliya və digər ölkələrə səfərləri zamanı müxtəlif mövzulara müraciət etmiş, həmin ölkələrin təbiətini, memarlığını, insanlarını və gündəlik həyatını əsərlərində əks etdirmişdir.
Mikayıl Abdullayev yalnız xarici ölkələrə deyil, Azərbaycanın müxtəlif bölgələrinə də səfərlər etmiş, ölkəni qarış-qarış gəzərək xalqın həyatını, məişətini və milli xüsusiyyətlərini yaxından müşahidə etmişdir. Bu səfərlərin nəticəsində Azərbaycan qadınlarının əmək həyatını əks etdirən çoxsaylı tablolar meydana gəlmişdir. “Lənkəran qızları”, “Masallı qızları”, “Xaçmaz qızları” və digər əsərlərində Azərbaycan qadınının əməksevərliyi, canlılığı ön plana çəkilir. Rəssam məhz Azərbaycan xalqının həyatını və əmək fəaliyyətini əks etdirən əsərlərinə görə Dövlət mükafatına laureatına layiq görülmüşdür.
İnsanlarla ünsiyyət qurmaq və müxtəlif mühitlərdə olmaq rəssam üçün vacib idi. O, həyatı olduğu kimi təsvir etməyə, hadisələri süni şəkildə ideallaşdırmaqdan və şişirtməkdən çəkinməyə çalışırdı. Bu səbəbdən onun əsərləri realist müşahidə və həyatiliyi ilə seçilir.
1958-ci ildə yaratdığı “Sevinc” əsəri diqqətəlayiq nümunələrdən biridir. Əsər Brüsseldə keçirilən ümumittifaq sərgisində nümayiş etdirilmiş və gümüş medala layiq görülmüşdür. Bu uğur Azərbaycan rəssamlığının beynəlxalq sənət mühitində tanınması baxımından əhəmiyyətli hadisələrdən biri hesab edilir.
Rəssamın əsərləri hələ 1947-ci ildən ümumittifaq sərgilərində nümayiş etdirilmişdir. Həmin dövrdə onun “Axşam” əsərinin sərgidə iştirakı yaradıcılıq fəaliyyətində mühüm mərhələ təşkil etmişdir. Çoxfiqurlu tematik kompozisiya olan bu əsərdə müharibədən sonra insanların yenidən dinc həyata qayıtması mövzusu öz əksini tapmışdır. Əsərin kompozisiyasında insan obrazlarının qarşılıqlı münasibəti, gündəlik həyatın sakit ritmi və müharibədən sonrakı həyatın mənəvi atmosferi əsas yer tutur.
Sənətkar yalnız rəssamlıq fəaliyyəti ilə deyil, ədəbi-publisistik yaradıcılığı ilə də tanınmışdır. O, müxtəlif dövri nəşrlərdə incəsənət və sənətkarlar haqqında çoxsaylı məqalələr dərc etdirmişdir.
Rəssamın həyatının maraqlı məqamlarından biri də onun Əzim Əzimzadə ilə münasibətləri olmuşdur. Müharibə illərində gənclərin hərbi xidmətə çağırıldığı bir dövrdə Əzim Əzimzadənin Mikayıl Abdullayevi müdafiə etdiyi və onun hərbi xidmətə çağırılmaması üçün məsələ qaldırmışdı. Bu hadisə Əzim Əzimzadənin gənc rəssama olan münasibətini və ona göstərdiyi qayğı və himayəni nümayiş etdirən mühüm faktlardan biri kimi qiymətləndirilə bilər.
Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olur. O, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və digər təhsil müəssisələrində rəssamlıq fənlərini tədris etmiş, gənc rəssamların peşəkar hazırlığında mühüm rol oynamışdır. Uzun illər ərzində gənc rəssamların yetişdirilməsi ilə məşğul olmuş, öz bilik və təcrübəsini tələbələrinə ötürmüşdür. Onun ətrafında formalaşan yaradıcı məktəb sonrakı dövrlərdə Azərbaycan boyakarlığın inkişafına təsir göstərmişdir. Tələbələri müxtəlif istiqamətlərdə fəaliyyət göstərərək Azərbaycan təsviri sənətinin inkişafında iştirak etmişlər.
XX əsrin 40-50-ci illərində Azərbaycan portret sənətinin özünəməxsus xarakterik xüsusiyyətləri formalaşmışdı. Bu dövrün portretlərində əsas diqqət cəmiyyətin ictimai və mədəni həyatında fəal iştirak edən, müasir quruculuq prosesində mühüm rol oynayan şəxsiyyətlərin obrazlarına yönəldilirdi. Mədəniyyət xadimləri, elm və ədəbiyyat nümayəndələri, əmək adamları və ictimai xadimlər portret janrının əsas təsvir obyektlərinə çevrilmişdilər. Mikayıl Abdullayevin portret yaradıcılığı da həmin dövrün bu ümumi xüsusiyyətləri ilə əlaqəli şəkildə inkişaf edir.
Mikayıl Abdullayev əsasən tematik tablolar ustası kimi tanınır. Bununla yanaşı, onun yaradıcılığında portret janrı da mühüm yer tutur. Rəssam portretlərində yalnız insanın zahiri görünüşünü deyil, onun daxili aləmini və psixoloji xüsusiyyətlərini də ifadə etməyə çalışmışdır. “Səməd Vurğun”un portreti bu baxımdan diqqətəlayiq nümunələrdən biridir.
Üzeyir Hacıbəyovun portretini naturadan çəkən ilk sənətkarlardan biri hesab olunur. Teatr və muzey ekspozisiyalarından birinin hazırlanması zamanı Üzeyir Hacıbəyovun portretinə ehtiyac yaranmış və bu iş gənc rəssam Mikayıl Abdullayevə həvalə edilmişdir. O vaxtlar Üzeyir Hacıbəyov portretinin çəkilməsinə hər rəssama razılıq verməsə də, rəssama olan rəğbəti və etimadı onun portretinin yaradılmasına razılıq vermişdir.
Mikayıl Abdullayev Üzeyir Hacıbəyovu üç dəfə naturadan təsvir etmişdir. Rəssam sonralar “Unudulmaz obraz” adlı məqaləsində Üzeyir Hacıbəyovla görüşlərini və onun portretini yaratdığı günləri həyatının ən əziz xatirələrindən biri kimi xatırlamışdır. Öz xatirələrində Niyazi, Fikrət Əmirov və Soltan Hacıbəyov kimi sənətkarların ilk dəfə məhz Üzeyir müəllimin yanında gördüyünü qeyd edib. Rəssamın yazdığına görə, Üzeyir Hacıbəyov tələbələrinə doğma övladları kimi münasibət göstərirdi.
Mikayıl Abdullayevin portret sahəsi ədəbiyyatla sıx bağlı idi. Öz əsərlərində yazıçı, şair və bəstəkar obrazlarına xüsusi yer verilməsi təsadüfi deyildir. Üzeyir Hacıbəyov, Səməd Vurğun, Nəsimi və digər mədəniyyət xadimlərinin obrazlarının yaradılması onun Azərbaycan ədəbiyyatı və musiqisi ilə sıx yaradıcılıq əlaqəsini nümayiş etdirir.Pianoçu Fərhad Bədəlbəylinin portreti də rəssamın portret sənətində mühüm əsərlərdən biridir. Bu əsərdə sənətkarın fərdi xarakteri və yaradıcı şəxsiyyəti ifadəli şəkildə təqdim olunmuşdur.
Nəsiminin obrazına müraciət edən rəssam portretin kompozisiya və koloristik həllində ziddiyyətlərdən istifadə etmişdir. Geyimdə və rəng həllində yaradılan kontrastlar obrazın mürəkkəb və dramatik xarakterini daha qabarıq göstərir.
Bununla belə, yalnız tanınmış şəxsiyyətlərin portretlərini yaratmaqla məhdudlaşmamış, sadə insanların və əmək adamlarının obrazlarına da geniş müraciət etmişdir. Rəssam müxtəlif xalqları – azərbaycanlıları, rusları, Dağıstan xalqlarının nümayəndələrini və digər insanları təsvir edərək onların fərdi və milli xarakter xüsusiyyətlərini göstərməyə həmişə səy göstərirdi. Əmək adamlarının obrazlarında isə zəhmətsevərliyi, müsbət mənəvi keyfiyyətləri və cəmiyyətdəki rolu ön plana çəkilir.
Yaradıcılığının mühüm istiqamətlərindən biri də monumental rəngkarlıqdır. Bu sahədə onun ən tanınmış əsərlərindən biri Nizami Gəncəvinin “Xəmsə”sinə həsr olunmuş və Bakı Metropoliteninin “Nizami” stansiyasında yerləşən mozaika kompozisiyasıdır. Əsərin dekorativ həlli, monumental miqyası və Nizami yaradıcılığının obrazlarının təsviri onu Bakı şəhərinin tanınmış bədii simvollarından birinə çevirmişdir. Stansiyanın interyerindəki təsvirlər tamaşaçıda sanki yeraltı nağıl qalereyası təəssüratını yaradır.
Bu mozaikalar sırasında “Sultan Səncər və qarı” kompozisiyası xüsusi diqqət çəkir. Əsərdə at belində olan Sultan Səncər və qarşısında öz dərdini dilə gətirən yaşlı qadının obrazı təqdim edilib. Sultan Səncərin obrazında hökmdarlıq vüqarı, qadının simasında isə iztirab və şikayət ifadəsi nəzərə çarpır. Kompozisiya vasitəsilə Nizaminin insanpərvərlik ideyaları, ədalətsizliyə və insan biganəliyinə qarşı neqativ münasibəti vizual şəkildə ifadə olunur.
Rəssam teatr-dekorasiya sənətində də mühüm fəaliyyət göstərmişdir. Müxtəlif teatr tamaşalarının və operaların səhnə tərtibatında iştirak etmiş, Azərbaycan teatr-dekorasiya sənətinin inkişafına töhfə vermişdir. Səhnə tərtibatı verdiyi əsərlər sırasında Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Koroğlu” və digər səhnə əsərlərini qeyd etmək lazımdır. Bəstəkar Fikrət Əmirovun onu “bəstəkar ruhlu rəssam” adlandırması da rəssamın musiqi ilə təsviri sənət arasında yaratdığı bədii əlaqənin xarakterik ifadəsi kimi qiymətləndirilə bilər.
Mikayıl Abdullayev interyerlərin bədii tərtibatında və dizaynında da iştirak etmişdir. O, müxtəlif ictimai və mədəni binaların interyerlərinin dekorativ həllinə öz töhfəsini vermişdir. Bu baxımdan “Abşeron” mehmanxanası və “Gülüstan” sarayını nəzərdən keçirmək olar.
Milli İncəsənət Muzeyinin fondunda saxlanılan “Yeddi gözəl” silsiləsində rəssam yeddi gözəlin obrazını onların milli mənsubiyyətini nəzərə alaraq təsvir etmişdir. Əsərlərdə Şərq, Məğrib, slavyan, hind, rum, Çin və fars gözəllərinin obrazları təqdim olunur. Hər bir obrazın geyimində, zahiri görünüşündə milli xarakterini vurğulamağa çalışmışdır.
Mikayıl Abdullayev kitab illüstrasiyası sahəsində mühüm nailiyyətlər əldə etmişdir. O, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə illüstrasiyalar hazırlamış, xüsusilə Nizami Gəncəvinin və digər klassik Azərbaycan şairlərinin əsərlərinəmmüraciət etmişdir. “Xəmsə”yə daxil olan “Leyli və Məcnun” əsərinin bədii tərtibatında iştirak etmişdir. İllüstrasiyalarda təsvirlərin məzmununu əsərin əsas ideyası ilə əlaqələndirmiş, obrazların xarakterini və hadisələrin emosional mahiyyətini rəssamlıq vasitələrlə ifadə etmişdir.
Rəssamın əsərləri yalnız Azərbaycanda deyil, müxtəlif ölkələrdə keçirilən sərgilərdə də nümayiş olunur.
Mikayıl Abdullayev yaradıcılıq fəaliyyətinə görə bir sıra yüksək fəxri adlara və mükafatlara layiq görülmüşdür. O, SSRİ xalq rəssamı fəxri adına, SSRİ Dövlət mükafatı laureatına və Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülmüş, professor elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. Azərbaycan incəsənətinin inkişafındakı xidmətləri də yüksək qiymətləndirilmişdir. Azərbaycanın müstəqillik dövründə rəssam dövlət səviyyəsində təltif olunmuş və İstiqlal ordeninə layiq görülmüşdür.
2000-ci ildə baş vermiş Bakı zəlzələsindən sonra səhhətində ciddi problemlərlə üzləşmişdir. Sonrakı dövrdə ürək xəstəliyi ilə əlaqədar vəziyyəti ağırlaşmış və 22 avqust 2002-ci ildə vəfat etmişdir. Onun vəfatı Azərbaycan mədəniyyət və incəsənət ictimaiyyəti üçün böyük itki olmuşdur.
Rəssamın əsərləri Azərbaycan təsviri sənətinin inkişafında mühüm mərhələ təşkil edir. O, müxtəlif sahələrdə fəaliyyət göstərərək zəngin yaradıcılıq irsi yaratmışdır. Rəssamın əsərlərində realizm, ümumiləşdirmə, lirizm, dekorativlik və kolorit əsas bədii xüsusiyyətlər kimi çıxış edir.
“Ədəbiyyat və incəsənət”
(14.09.2026)
Diaspor əməkdaşlığında mühüm mərhələ: yeni memorandum imzalanıb
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyəyə işgüzar səfəri çərçivəsində bir sıra mühüm görüşlər keçirib.
“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, səfərin əsas məqamlarından biri Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair növbəti Anlaşma Memorandumunun imzalanması olub.
Sənədi Fuad Muradov və Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdulhadi Turus imzalayıb.
Memorandum hər iki ölkənin diaspor qurumları arasında mütəmadi fikir mübadiləsinin aparılması, birgə tədbir, layihə və təşəbbüslərin həyata keçirilməsi, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin artırılması və xaricdə yaşayan icmaların potensialından daha səmərəli istifadə olunması üçün yeni imkanlar yaradır.
Sənədin əsas məqsədlərindən biri xaricdə yaşayan soydaşların milli-mədəni dəyərlərinin qorunması və təbliği, icmaların təşkilatlanmasının dəstəklənməsi, gənclərin diaspor fəaliyyətinə daha fəal cəlb edilməsi və dövlət-diaspor əlaqələrinin müasir və səmərəli mexanizmlər əsasında inkişaf etdirilməsidir.
Tərəflər memorandumun həyata keçirilməsi ilə diaspor sahəsində qarşılıqlı əməkdaşlığın institusional əsaslarının daha da güclənəcəyinə, uğurlu təcrübələrin paylaşılması və yeni təşəbbüslərin formalaşmasına, xaricdə yaşayan icmalar arasında həmrəyliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminlik ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi nəzdində Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu ilk dəfə 10 noyabr 2018-ci il tarixində imzalanıb. Memorandum iki qardaş ölkənin diaspor qurumları arasında əlaqələrin daha sistemli və davamlı şəkildə inkişaf etdirilməsi üçün mühüm hüquqi və institusional baza formalaşdırıb.
Əlavə edək ki, Dövlət Komitəsi beynəlxalq əməkdaşlığın genişləndirilməsi və diaspor fəaliyyəti sahəsində təcrübə mübadiləsinin gücləndirilməsi məqsədilə 2018-2025-ci illərdə Rumıniya, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Meksikanın müvafiq dövlət qurumları ilə diaspor fəaliyyəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalayıb. İmzalanmış sənədlər Dövlət Komitəsinin beynəlxalq tərəfdaşlarla əməkdaşlığının genişləndirilməsi, Azərbaycanın diaspor siyasətinin qlobal müstəvidə daha sistemli şəkildə təşviq edilməsi, xaricdə yaşayan soydaşlarımızın imkan və potensialının daha səmərəli əlaqələndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
“Ədəbiyyat və incəsənət”
(14.09.2026)
Qələbəyə yol açanlar – gizir İlkin Kərimov
Kamalə Abıyeva,
“Ədəbiyyat və incəsənət”
İlkinin ilki Nazlımı qucağında oxşayaraq “Böyüyərəm hərbiçi olaram, atamı əvəz edərəm. İlham babanın (Ali Baş Komandan İlham Əliyevi nəzərdə tutur) əsgəri olaram. Yaxşı vəzifəm olar. Vətənə xidmət edərəm”. - söyləyirdi Xanməmməd babası. Şəhid olan yeganə oğlunun qız övladı Nazlıma Vətən əsgəri kimi baxırdı böyük ürəkli ata.
“Avqustda qızının ad günündə gəlmişdi. Demə son gəlişi idi. Tez-tez danışırdıq telefonla. Sentyabrın 26-da danışdıq. “Uşaqlardan muğayat ol” dedi. Demə bu da son zəngiymiş...” Arada ata göz yaşını gizləyə bilmir: - Məktəb illərindən hərbiçi olmağı arzulayıb. Hamıya “Hərbiçi olacam. Torpaqlarımızı azad edəcəm. – deyərdi. “Allah xeyir versin”- deyirdim. Nə deyim? Arzusuydu. Həqiqi Hərbi xidmətdən sonra yenidən getdi xidmətə. Gizir kursunu oxudu. Hərbidə qaldı. Ondan soruşardım ki, axı sənin işin nədi, neynirsən? Elə cavab verərdi ki, bayrağa and içmişəm, işlərim haqda heç nə deyə bilmərəm. Bizə heç nə deməzdi. Müharibə başlayandan hücumda olub. Kənddə başqa yerdəydim. Dedilər “evə get, İlkin gəlib”... O yol qurtarmadı mənim üçün, ölüm haqda düşünmək istəmirdim, amma havam çatmırdı. Bir də şəhid kimi döndü doğulduğu kəndə.
İlkin Xanməmməd oğlu Kazımov 1995-ci il avqustun 4-də Astaranın Artupa kəndində doğulub. Yaqub Ağayev adına Artupa kənd məktəbində təhsil alıb. Hələ şagird ikən hərbiçi olmağa qərar verib. 18 yaşından Vətənə xidmət edib. 7 il ləyaqətli vətən keşikçisi - Azərbaycan Silahlı Qüvvələrinin Quru qoşunlarının giziri olub.
Anası Həlimə xanım deyir ki, hərbiçiydi, narahat olurdum. Həmişə məni sakitləşdirərdi. Ana, sən narahat olma, bu torpaqdı, vətəndi, müharibə olsa, birinci gedəcəm. Mən getməyim, o getməsin, bəs necə olsun? Torpaqlarımız ermənidə qalsın? Mən burada rahat yaşaya bilmirəm onsuz da. Şəhid də ola bilərəm. Şəhid olsam, ağlama. Məni bu fikirə alışdırırdı balam... Müharibədən əvvəl 8 günlüyə məzuniyyətə gəlmişdi. 3 gün qalandan sonra gedirəm dedi. Nə olduğunu soruşdum. Bir problemmi var? “Ana, oğlun elə bir hərəkət etməz ki, sən narahat olasan. Sən həmişə başı dik gəzəcəksən oğluna görə”. Həmişə deyərdi ki, mən hərbiyə torpaqları azad etməyə getmişəm. Məzuniyyətini axıra kimi qalmadı. Vətəni hamıdan çox sevirdi.
Son günəcən müharibə olacağını deməyib. 27-də səhərə yaxın həyat yoldaşı Aysel xanımla danışıb: Özündən, qızımdan muğayat ol. Əgər oğlum olsa, adını İlkin, qızım olsa İlkinar qoyarsan, Heç nə deyə bilmədim. Dilim söz tutmadı... Üstümə bir ağırlıq çökdü. Hiss etdim ki, vəsiyyət edir. Son arzusunu, vəsiyyətini yerinə yetirdim. İlkinin heç vaxt görməyəcəyi qızımızın adını İlkinar qoydum...
Vətən azadlığı uğruna gedən savaşın ilk şəhidlərindəndi İlkin Kazımov. Suqovuşan uğrunda Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırıqlarını yerinə yetirən zaman şəhid olub.
“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
İlkinin ilki hələ dil açmayan Nazlımın atasının şəklini görərkən işıq saçan gözlərini, şəkli balaca dodaqlarına aparmasını unuda bilmirəm. Üzündəki sevinci unuda bilmirəm...
Ürəyimdən bir arzu keçir: Kaş şəhid balalarının gözləri həmişə belə işıq saçsın. Üzlərindəki sevinc azalmasın. Kaş ki, bu işığı, bu sevinci qoruya bilək.
“Ədəbiyyat və incəsənət”
(14.09.2026)
Doğum gününüz mübarək, ölümsüzlər!
Evin tək oğlu, Vətənin igid əsgəri: Şəhid Orxan Şirinov
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə, torpaq uğrunda gözünü qırpmadan canından keçən oğullarımızın qanı bahasına yazıldı. Bu qəhrəmanlardan biri də xidmət borcunu şərəflə yerinə yetirən, son nəfəsində belə mətinlik nümayiş etdirən İmişli rayonunun igid oğlu Orxan Elxan oğlu Şirinovdur.
Erkən illəri və ailənin göz bəbəyi
Orxan Şirinov 14 sentyabr 1998-ci ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. O, ailənin sonbeşiyi, iki bacının yeganə qardaşı və evin tək oğlu idi. Bu səbəbdən təkcə valideynlərinin deyil, bütün qohumlarının, dostlarının sevimlisi kimi böyümüşdü.
2004-cü ildə Bəhrəmtəpə qəsəbəsindəki Şəhid Rəhim Alışov adına tam orta məktəbə daxil olub və 2015-ci ildə oradan məzun olub. Ətrafındakılar onu həmişə şən, gülərüz, dostcanlı və mülayim bir gənc kimi xatırlayırlar.
İlk hərbi xidmət və mülki həyat
Məktəbi bitirdikdən sonra, 2016-cı ildə həqi hərbi xidmətə çağırılan Orxan, xidmət borcunu Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda — düşmənlə üz-üzə olan mühüm postlarda uğurla başa vurub. Hərbi xidmətdən qayıtdıqdan sonra mülki həyatda çalışaraq ailəsinə dəstək olmağa başlayıb. Müharibə başlamazdan bir neçə ay əvvəl o, sevdiyi xanımla nişanlanmışdı və gələcəyə dair böyük arzuları var idi.
Cəbhə yolu: Füzulidən Qubadlıya uzanan rəşadət
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda Orxan da minlərlə Vətən oğlu kimi dərhal Səfərbərlik xətti ilə ordu sıralarına çağırılır. Sentyabrın 29-da ön cəbhəyə yollanan gənc əsgər, Azərbaycan Silahlı Qüvvələrinin tərkibində torpaqlarımızın azadlığı uğrunda başladılan genişmiqyaslı əməliyyatlara qatılır.
Orxan Şirinov müharibə müddətində ən ağır döyüşlərin getdiyi bir neçə rayonun azad edilməsində fəal iştirak edir:
Füzuli döyüşləri
Cəbrayıl döyüşləri
Zəngilan döyüşləri
Qubadlı döyüşləri
O, verilən hər bir çətin döyüş tapşırığını qorxmazlıqla və şərəflə yerinə yetirərək yoldaşlarına nümunə olur.
Son sözü: "Atama deyin, oğlun kişi kimi şəhid oldu!"
2020-ci il oktyabrın 21-də Qubadlı rayonunun azadlığı uğrunda gedən şiddətli döyüşlər zamanı Orxan Şirinov qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalır.
Onun şəhadətə qovuşmazdan əvvəl tabor komandirinə dediyi son sözlər Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına əbədi həkk olunur:
"Komandir, atama deyin ki, oğlun kişi kimi şəhid oldu..."
Nəşi doğulduğu İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsinə gətirilərək böyük izdiham və ehtiramla torpağa tapşırılır.
Mükafatları və əbədi xatirəsi
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi prosesində göstərdiyi şəxsi rəşadət və vəzifə borcunu ləyaqətlə yerinə yetirdiyinə görə Orxan Şirinov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə aşağıdakı dövlət medalları ilə təltif edilmişdir:
"Vətən uğrunda" medalı
"Cəbrayılın azad olunmasına görə" medalı
"Qubadlının azad olunmasına görə" medalı
Şəhidimizin adını yaşatmaq üçün İmişli rayonunda onun xatirəsinə bulaq-abidə kompleksi inşa edilmişdir. Onun son və unudulmaz kəlmələri olan "Atama deyin ki, oğlu kişi kimi Şəhid oldu" sözləri həmin abidənin üzərinə qızıl hərflərlə həkk olunmuşdur.
Evin tək oğlunu Vətənə qurban verən Şirinovlar ailəsi bu gün haqlı olaraq onun müqəddəs adı ilə fəxr edir. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(14.09.2026)
Ümid gəmisi -ESSE
Aynur İsmayılova,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Hər limanda yelkən açıb üfüqlərə doğru yol alan ümid gəmisi hər zaman mənzilə çatmır. Bəzən sahilə yetişir, bəzən tufanla qarşılaşır, bəzən də dənizin səssizliyində uduzur. Dəniz hər gəmini xoş qarşılamır. Hər qonağa səxavətli olmur.
Ən önəmlisi, o yolçuluqda bir ümid, bir arayış, bir məqsəd varsa, gedilən yolda səni daha çox sınaq, cəsarət və mübarizə gözləyir. Dəniz cəsarətə meydan oxuyur: qorxağı sevməz, cəsuru sınağa çəkər.
Ümid gəmisi sadəcə küləklə deyil, inamla da irəliləyir. O hər şeyi gözə alır, hər dalğaya meydan oxuyur. Fırtına onu qorxutmur. Çünki ümid gəmisi sadəcə mənzilə çatmağı düşünmür, onun üçün gedilən yol — bu yolun özü də bir hədəfdir. Əgər ümid varsa, yol var. Yolun hara varacağını bilməsə də, o irəliləməkdən çəkinmir. Mənzil sadəcə dayanacaqdır, amma yolçuluq insanın özünü kəşf etdiyi, ümidin yaşadığının əsl göstəricisidir.
Əgər sən də bir gün yelkən açıb yol alsan, unutma ki, limanda lövbər salmaq sənin sonun deyil, sadəcə nəfəs almaq üçündür. Çünki ümid gəmisi hər dəfə yol alanda yeni üfüqlər, yeni kəşflər gətirir.
“Ədəbiyyat və incəsənət”
(14.09.2026)
TRİBUNA: Gəncliyə söz verin!
Musa Sadıqov,
“Ədəbiyyat və incəsənət”
Müasir Azərbaycan ədəbiyyatının gənc yazarların yaradıcılığı ilə zənginləşməsi və yeni ədəbi simaların formalaşması mənim üçün böyük qürur və sevinc doğuran hadisədir. Mənim timsalımda müxtəlif janrlarda əsərlər yaradan gənc və istedadlı müəlliflərin oxucularla görüşməsi, imza günlərində bir araya gəlməsi və bir-birinə dəstək göstərməsi ədəbi mühitin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Bu həmrəylik yalnız ayrı-ayrı müəlliflərin yaradıcılıq fəaliyyətini dəstəkləməklə məhdudlaşmır, eyni zamanda Azərbaycan gənclərinin intellektual və mədəni birliyinin mühüm göstəricisi kimi çıxış edir. Gənc yazarların bir-birinin yeni əsərlərini təbliğ etməsi, onları öz oxucu auditoriyasına təqdim etməsi və yaradıcılıq fəaliyyətinə maraq yaratması müasir ədəbiyyatın daha geniş kütlələrə çatmasına şərait yaradır. Ədəbi yaradıcılıq sahəsində bu qarşılıqlı dəstək və əməkdaşlıq ənənəsinin davamlı xarakter alması gələcəkdə gənc müəlliflərin daha geniş oxucu auditoriyası qazanmasına, onların əsərlərinin tanınmasına və Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfə verə bilər. Belə bir proses həm də ölkəmizdə mütaliə mədəniyyətinin inkişafına, kitaba və ədəbi yaradıcılığa marağın artmasına xidmət edir.
İnsanları kitab oxumağa təşviq etmək, onlarda ədəbiyyata maraq yaratmaq və yeni əsərləri oxuculara təqdim etmək bizim üçün yalnız yaradıcılıq fəaliyyəti deyil, həm də mühüm mənəvi məsuliyyətdir. Oxucuların qəlbinə az da olsa yol tapa bilmək, onların düşüncələrinə və hisslərinə toxunmaq hər bir müəllif üçün əvəzolunmaz bir duyğudur. Ədəbiyyat yolunda ilk addımlarını atan gənc yazarların milli ədəbiyyatımızın inkişafına öz töhfələrini verməsi, onun gələcək zirvələrə yüksəlməsində pay sahibi olması böyük əhəmiyyət kəsb edir. İnanıram ki, qarşılıqlı hörmət, yaradıcılıq əməkdaşlığı və həmrəylik prinsipləri əsasında formalaşan bu ədəbi mühit gələcəkdə daha da genişlənəcək, yeni oxucu nəsillərinin yetişməsinə və kitaba olan marağın artmasına mühüm təsir göstərəcəkdir.
İnşallah, qarşıdakı illərdə insanları mütaliəyə daha çox həvəsləndirəcək, onlara kitabı sevdirəcək və ədəbiyyatın cəmiyyətin mənəvi-intellektual inkişafındakı rolunu daha da gücləndirəcəyik.
Bütün gənc yazarlara yaradıcılıq uğurları, yeni əsərlər və geniş oxucu auditoriyası arzulayıram. Qoy hər bir gənc müəllifin qələmi Azərbaycan ədəbiyyatının inkişafına özünəməxsus töhfə versin.
“Ədəbiyyat və incəsənət”
(14.09.2026)


