Kitabçılar Birliyinin şeir müsabiqəsi – fərqlənmə diplomunun sahibi Elnarə Cahan Featured

 

Kitabçılar Birliyi tərəfindən 2026-cı ilin fevral ayında “Şeirini təqdim et, imzanı tanıt” adlı şeir müsabiqəsi elan olundu. Münsiflər heyəti Baba Vəziroğlu, İlqar Fəhmli və Samir Əfsəroğludan ibarət müsabiqəyə ümumilikdə 39 nəfər ədəbiyyatsevər qatıldı.

 

8 aprel tarixində Azərbaycan Yazıçılar Birliyinin Natavan Klubunda müsabiqənin təntənəli mükafatlandırma mərasimi keçirildi. Üç əsas qalibi seçildi, üç nəfər  fərqlənmə diplomuna layiq görüldü. Digər iştirakçılar təşəkkürnamələrlə təltif olundular.

“Ədəbiyyat və incəsənət” portalı sıra ilə öncə fərqlənmə diplomuna layiq görülənlərin, sonra isə mükafatçıların müsabiqəyə təqdim etdikləri şeirlərini geniş oxucu auditoriyası üçün əlçatan edir.

Beləliklə, tanış olun:

Kitabçılar Birliyinin “Şeirini təqdim et, imzanı tanıt” adlı şeir müsabiqəsində fərqlənmə diplomuna layiq görülübdür: Elnarə Cahan.

 

 

 

ELNARƏ CAHAN,

“EHTİYAC OLAN MALLAR”

 

“Ehtiyac olan mallar” - yazılan dükan gördüm,

Bir naməlum küçədə, qapalı bir dalanda.

Dedim, qoy girib baxım, içini də bir görüm,

Nə isə sakitlikdir, görüm, varmı alan da?

 

Marağa girdim, görüm burda nələr satılır?

Ehtiyac olan nədir? Nəyə belə yazılır?

İlahi, nə qəribə dükandır axı bura,

Ətraf sanki bürünüb çox sehirli bir nura.

 

Piştaxtada yazılıb: “ağıl”, “vicdan”, “mərhəmət”.

Növbəti cərgələrdə: “ümid”, “arzu”, “səltənət”.

Yuxu görürəm sanki, burda hər şey satılır.

Bəziləri çox ucuz, sanki çölə atılır.

 

“Təkəbbür” qurtarmışdı, cəmi bir ədəd vardı.

Elə baxırdım ki, tez, biri qapıb apardı.

“Biganəlik” də çox az qalmışdı, qurtarırdı.

Yan cərgədə kim isə “səadət” axtarırdı.

 

Birdən arxadan kimsə toxunaraq soruşdu:

“Burda ‘məşhurluq’ vardı, qutulara dolmuşdu.

Bilmirsiz haradadır, qurtardımı görəsən?”

Almaq istəyirdim bax, qaçırdımsa, çox əhsən.

 

Söylədim, görməmişəm “məşhurluq” bu sırada,

Amma gözümə dəydi, “arzu” vardı orada.

“Arzu” alın, bəlkə də arzunuza çatarsız.

Onun sayəsində siz, yəqin, məşhur olarsız.

 

Əl sallayıb çımxırdı adam mənim üzümə.

Tələsirdim, məşhurluq tez lazım idi mənə.

Deyib, tələsik getdi, baxa qaldım ardınca.

Beləsi nə edəcək, məşhurluğu tapınca?!

 

Bir azca irəlidə qutular ayaq altda.

Bəziləri tapdanıb, əzilmişdilər hətta.

Qutunu ayaq altdan toparlayıb götürdüm,

Üzərinə yazılan “mehribanlıq”-ı gördüm.

 

İlahi, gərək deyil mehribanlıq heç kimə?

Ayaqlar altda qalıb, alan da yox vecinə.

Yanda dalaşırdılar iki xanım hiddətlə:

“Gözəllik” istəyirmiş ikisi də şiddətlə.

 

“Gözəllik” sonuncuymuş . Son bir ədəd var imiş.

Bir xanıma çatmayıb, onunçün didinirmiş.

Heyrətlə baxdım bütün boşalmış cərgələrə.

Boşaldılmış qutular dağılmışdı hər yerə.

 

“Həsəd”, “paxıllıq”, “qiybət”, “yalan”, “xəyanət”, “şəhvət”…

Başımı tutub durdum, qaçmaq istədim xəlvət.

Görən olmasın məni çıxanda bu dükandan.

İlahi, güc ver, çıxım, uzaqlaşım məkandan.

 

Nədəndir pisliklərə bu qədər saldıq meyil?

Məgər yaxşılıq daha dünyaya lazım deyil?

Nələr görür gözlərim, nəyə şahid oluram?

Mənim belə işlərlə heç yaxşı deyil aram.

 

Həyəcanla, tələsik mağazadan çıxıb mən,

Yollanıram öz sakit, rahat, təmiz evimə.

Orda sevinc, səadət, öz arzu istəklərim…

Belə süni yaşayış nə gərəkdir ki mənə?

 

Arzuladım Tanrıdan mehribanlıq, səadət,

Vicdan, namus, var-dövlət, gözəl bəxt, gözəl qismət.

Qoy hamının evinə, ailəsinə dolsun.

Pisliklər, yalan, riya dünyamızdan rədd olsun.

 

Sabah sizi 3-cü yerə layiq görülən iştirakçı - Samir Həsrət ilə tanışlıq gözləyir.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.