Super User
“Maraqlı söhbətlər”də Edisonun sehirli qapısı
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bir gün bir elmi-kütləvi jurnalın redaktoru məşhur alim və ixtiraçı Tomas Edisondan müsahibə almaq üçün yanına bir jurnalist göndərir. Edisonun evinə gələn jurnalist qarşısında böyük bir hasar görür. Qapıya yaxınlaşıb içəri girməyə çalışır. Lakin buna nail ola bilməyir. Qapı arxadan bağlı olmasa da, o qədər möhkəm idi ki, jurnalist onu heç cür aça bilmir və qapını açmaq üçün xeyli çalışır. Nəhayət, təxminən on beş dəqiqə davam edən cəhddən sonra o qapını bir qədər aralıyaraq, birtəhər içəri keçə bilir. İçəri keçəndən sonra qapı onun arxasınca bərk çırpılaraq bağlanır.
Jurnalist Edisonla uzun söhbət planlaşdırmışdı, lakin qapını açmaq onu o qədər yormuşdu ki, o, böyük ixtiraçıya yalnız bir neçə əsas sual verə bilir. Sağollaşıb gedərkən müsahibəyə görə Edisona təşəkkür edir. Getməzdən əvvəl ona son bir sual verir:
- Mənə deyin, cənab Edison, siz bu qədər istedadlı ixtiraçısınız, niyə qapının konstruksiyasını təkmilləşdirə bilmirsiniz? Onu açmaq çox çətindir!
Edisonsa cavabında deyir:
- Bilirsiniz... Uzun-uzadı söhbətlərlə diqqətimi işdən yayındıranlardan heç xoşum gəlmir. Bu qapı qonaqlarıma niyə gəldiklərini tez xatırlamağa mənə kömək edir. Təkmilləşdirməyə gəlincə, düzünü desəm, mən qurduğum bu mexanizm ilə fəxr edirəm. Qapını açan hər kəs mənim çənimə əlli qallon su vurur.
“Ədəbiyyat və incəsənət”
(17.09.2026)
O, 30-dan çox Xalq teatrının yaranmasının fəal təşkilatçılarından olub
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Az tanınmışlar” rubrikasında bu dəfə söhbətimiz teaqtr barədə olacaq. Azərbaycan SSR əməkdar incəsənət xadimi Məbud İsmayılzadə barədə danıçacağıq. Teatrımıza qatıqısı az olmayıb. Bu səbəbdən də xatırlanması vacibdir. Xüsusən bugünkü anım günündə.
Məbud İsmayılzadə1927-ci ilin mart ayının 24-də Zərdab rayonunda dünyaya gəlib. İlk əmək fəaliyyətinə 1942-ci ildə, on altı yaşında həmin vaxtlar Zərdabda fəaliyyət göstərən Dövlət Dram Teatrında başlayıb. Teatr sənətinə böyük maraq, onu Azərbaycan Dövlət Teatr İnstitutuna gətirib.\
1951-ci ildə institutun rejissorluq fakültəsini bitirib, elə həmin il Respublika Xalq Yaradıcılığı Evinin direktoru təyin olunub. Bu təşkilata rəhbərlik etdiyi 20 il müddətində Məbud müəllim "Çinar", "Şur" kimi məşhur kollektivlərin, 30-dan çox Xalq teatrının yaranmasının, respublika miqyaslı bayram şənliklərinin, festivalların, müsabiqələrin keçirilməsinin fəal təşkilatçılarından biri olub.
1954-cü ildə minlərlə həvəskar ifaçıların iştirak etdiyi ilk teatrlaşdırılmış "Xalq yaradıcılığı bayramı"nın, 1955-ci ildə keçirilən Respublika bədii özfəaliyyət baxışının, 1961-ci ildə çağırılan III Aşıqlar Qurultayının təşkilatçısı, 1959-cu ildə Moskvada keçirilən "Azərbaycan mədəniyyəti ongünlüyü" çərçivəsində xalq yaradıcılığı bölməsinin quruluşçu rejissoru da məhz İsmayılzadə olub.
Bu tədbirlər özünün rəngarəngliyinə, rejissor yozumuna görə də böyük tamaşaçı marağı qazanıb. 1972–1973-cü illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Abidələrin və muzeylərin qorunması idarəsinin rəis müavini vəzifəsində çalışıb. 1973-cü ildən 1981-ci ilə qədər Lənkəranda Dövlət Dram Teatrın direktor və baş rejissor vəzifələrində çalışıb.
İsmayılzadənin Lənkəran Dövlət Dram Teatrına rəhbərliyi dövründə kollektiv bir çox uğurlara imza atıb, respublikanın qabaqcıl teatrlarından birinə çevrilib. Lənkəran Dövlət Dram Teatrındakı uğurlu fəaliyyətindən sonra o, Azərbaycan Konsert Birliyinin bədii rəhbəri təyin edilib. Uzun illər buranın həm bədii rəhbəri və həm də rejissoru kimi bir-birindən uğurlu işlərə imza atıb.
Gördüyü bu uğurlu işlərə görə M. İsmayılzadə dəfələrlə Lənkəran şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib. O, mədəniyyət sahəsində xidmətlərinə görə respublika Ali Sovetinin fəxri fərmanları ilə təltif edilib, 1979-cu ildə Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib. 2004-cü il sentyabrın 17-də Bakı şəhərində vəfat edib.
Qurluş verdiyi tamaşalar
1. Lənkəran Dövlət Dram Teatrı
- "Bayramın birinci günü" (Nazim Hikmət)
- "Komediyalar"
- "Dağılan tifaq" (Əbdürrəhim bəy Haqverdiyev)
- "Abidə" (Hüseyn Nəcəfov)
- "Əliqulu evlənir"(Sabit Rəhman)
Şuşa Dövlət Musiqili Dram Teatrı
- "Bayramın birinci günü" (Nazim Hikmət)
Mükafatları
- Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub
Filmoqrafiya
- Xalq istedadları
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.09.2026)
Detektiv, kriminal, casusluq və macəra romanlarının ustası
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
John Creasey (Con Krizi) XX əsrin ən məhsuldar ingilis yazıçılarından biri hesab olunur. O, xüsusilə detektiv, kriminal, casusluq və macəra romanları ilə tanınıb. Bundan başqa, elmi-fantastika, vestern və romantik əsərlər də yazıb. Creasey yaradıcılığı boyu çoxsaylı təxəllüslərdən istifadə edib və 600-dən artıq kitabın müəllifi kimi tanınır.
John Creasey 17 sentyabr 1908-ci ildə İngiltərənin Southfields bölgəsində, zəhmətkeş ailəsində anadan olub. O, ailənin doqquz övladından yeddincisi idi. Uşaqlıq illəri maddi baxımdan asan keçməyib. Creasey hələ uşaq yaşlarından yazmağa böyük maraq göstərirdi. Məktəbdə müəllimlərindən biri onun yazıçılıq qabiliyyətini fərq etmişdi. O, 14 yaşında məktəbi tərk etdikdən sonra yazıçı olmaq arzusunun arxasınca getməyə çalışıb.
Lakin onun yazıçılığa gedən yolu çox çətin olub. Uzun müddət yazdığı əsərləri heç bir nəşriyyat qəbul etmirdi. Rəsmi bioqrafik məlumatlarda onun 743 dəfə rədd cavabı aldığı qeyd olunur. Bu rəqəm onun haqqında ən çox xatırlanan faktlardan biridir. Bu uğursuzluqlara baxmayaraq, Creasey yazmaqdan əl çəkməyib. Creasey müxtəlif vaxtlarda katiblik, satış və başqa işlərdə çalışıb.
Bu dövrdə bir tərəfdən dolanışığını təmin edir, digər tərəfdən isə yazıçılıq fəaliyyətini davam etdirib. Onun ilk kitabının 1930-cu ildə nəşr edildiyi, ilk kriminal romanı “Seven Times Seven”in isə 1932-ci ildə işıq üzü gördüyü göstərilib. 1930-cu illərin ortalarından etibarən onun yazıçılıq karyerası sürətlə inkişaf etməyə başlayıb. 1935-ci ildən etibarən artıq özünü əsasən peşəkar yazıçılığa həsr edib
John Creasey haqqında danışarkən ən diqqətçəkən məqam onun möhtəşəm yazı məhsuldarlığıdır. Mənbələr onun kitablarının sayını 560-dan 600-dən çoxa qədər göstərir. John Creasey-in rəsmi kitab siyahısında isə 600-dən artıq əsər qeyd olunur. Onun belə böyük həcmdə yazmasının əsas səbəblərindən biri müxtəlif təxəllüslərdən istifadə etməsi olub. Creasey eyni vaxtda çoxsaylı kitablar yazdığı üçün bütün əsərləri öz adı ilə nəşr etdirmirdi.
Ən məşhur təxəllüsləri arasında:
J. J. Marric
Anthony Morton
Gordon Ashe
Michael Halliday
Norman Deane
Jeremy York
M. E. Cooke
Peter Manton
Robert Caine Frazer
və başqaları var idi.
Bu səbəbdən müxtəlif kitabları oxuyan oxucu bəzən onların eyni yazıçı tərəfindən yaradıldığını bilməyə bilərdi. Creasey yalnız klassik detektiv romanlar yazmırdı. Onun yaradıcılığı kifayət qədər geniş idi.
Əsas istiqamətləri:
- Kriminal romanlar – cinayətlər, qətllər, oğurluqlar və istintaqlar.
- Polis romanları – polis əməkdaşlarının cinayətləri araşdırması və mürəkkəb işləri həll etməsi.
- Casusluq və macəra – gizli təşkilatlar, dövlət təhlükəsizliyi, beynəlxalq təhlükələr və sui-qəsdlər.
- Elmi-fantastika – texnologiya, qeyri-adi silahlar və gələcəklə bağlı elementlər.
- Vesternlər – xüsusilə ABŞ-ın sərhəd bölgələrini və silahlı qarşıdurmaları təsvir edən əsərlər.
- Gənclər üçün əsərlər və digər janrlar.
Science Fiction Encyclopedia onun xüsusilə kriminal və triller əsərlərində dövrün təşkilatlanmış cinayət, terror və siyasi təhlükə qorxularından istifadə etdiyini qeyd edir
Creasey-in ən tanınmış obrazlarından biri Richard Rollison, yəni “The Toff”dur. Rollison yüksək sosial təbəqəyə mənsub, imkanlı və nüfuzlu bir şəxsdir. Lakin o, adi varlı adam obrazından fərqlənir: cinayətlərin araşdırılmasına və insanların müdafiəsinə qarışır. Silsilə 1938-ci ildə “Introducing the Toff” əsəri ilə başlayıb və sonrakı onilliklər ərzində çoxsaylı kitablarla davam edib. “The Toff” obrazının əsas xüsusiyyəti onun həm sosial mövqeyindən, həm də müşahidə və araşdırma qabiliyyətindən istifadə etməsidir.
Digər məşhur obrazı John Mannering, yəni The Barondur.
Bu əsərləri Creasey əsasən Anthony Morton təxəllüsü ilə yazırdı. İlk Baron romanı “Meet the Baron” 1937-ci ildə nəşr olunub. Silsilədə Mannering-in cinayət dünyası ilə əlaqəli hadisələrə qarışması, oğurluqların və mürəkkəb cinayətlərin arxasındakı həqiqəti üzə çıxarması təsvir edilir. Baron obrazı o qədər məşhurlaşmışdı ki, sonradan televiziya ekranına da uyğunlaşdırılıb.
John Creasey-in həyatının ən maraqlı tərəflərindən biri onun yazıçılıq yolunda yaşadığı uğursuzluqlardır. O, yüzlərlə dəfə rədd cavabı almasına baxmayaraq yazmağa davam edib. 743 rədd cavabından sonra nəhayət əsərləri nəşr olunmağa başlayıb. Onun həyat hekayəsi buna görə yazıçılıq tarixində səbr və inadkarlığın nümunələrindən biri kimi xatırlanır. Maraqlıdır ki, 1937-ci ildə onun “Meet the aron” əsəri uğur qazanıb və bundan sonra karyerası daha da sürətlənib.
Rəsmi bioqrafiyaya görə, həmin əsəri yazarkən maddi çətinlik içində olduğundan kitabı karbon kağızına yazmalı olub. Creasey-in əsərləri yalnız İngiltərədə deyil, ABŞ-da və başqa ölkələrdə də geniş yayılıb. Rəsmi müəllif mənbəyinə görə, onun əsərləri 25-dən çox dilə tərcümə edilib və 80 milyondan çox nüsxə satılıb.
Bu göstəricilər onu XX əsrin ən kommersiya baxımından uğurlu kriminal yazıçılarından birinə çevirib. John Creasey 9 iyun 1973-cü ildə, İngiltərənin Wiltshire bölgəsində vəfat edib. Onun ölümünə qədər yaradıcılığı davam etmiş və ölümündən sonra da bəzi əsərləri nəşr olunub.
“Ədəbiyyat və incəsənət”
(17.09.2026)
Doğum gününüz mübarək, ölümsüzlər!
Şuşa zirvəsində sancılan arzu: Şəhid Pəhli Qəribov
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda keçilən 44 günlük müqəddəs Vətən müharibəsi hər bir əsgərimizin canı və qanı bahasına qazanılan böyük tarixi Zəfərlə nəticələndi. Bu döyüşlərdə özünə kəşfiyyatçı keçmişini sipər edərək ilk günlərdən ön cəbhəyə atılan və ən böyük arzusu Şuşaya üçrəngli bayrağı sancmaq olan qəhrəmanlarımızdan biri də Pəhli Xaləddin oğlu Qəribovdur.
Erkən illəri və kəşfiyyatçı keçmişi
Pəhli Qəribov 17 sentyabr 1993-cü ildə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu rayonda başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır.
O, hərbi xidmət borcunu 2012-ci ildə Naxçıvan Muxtar Respublikasında peşəkar kəşfiyyatçı kimi qüsursuz şəkildə tamamlamışdır. Hərbi xidmət müddəti bitdikdən sonra mülki fəaliyyətlə məşğul olan Pəhli ailə həyatı qurmuş və bu evlilikdən onun Nərmin adlı bir qız övladı dünyaya gəlmişdir. Övladı bu gün xalqımıza və dövlətimizə müqəddəs bir əmanətdir.
Səfərbərlik və cəbhə yolu
2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra Pəhli də minlərlə vətənpərvər gənc kimi könüllü olaraq qeydiyyatdan keçmiş, iyul-sentyabr aylarında aparılan səfərbərlik çağırışı ilə sentyabr ayında rəsmi olaraq ordu sıralarına cəlb edilmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başladılan əks-hücum əməliyyatlarında Azərbaycan Ordusunun əsgəri kimi ön cəbhədə xidmətə başlamışdır. Pəhli Qəribov kəşfiyyat hazırlığı və fiziki dözümlülüyü sayəsində müharibənin ən ağır cənub istiqamətindəki döyüş xəttinə göndərildi. O, sırası ilə aşağıdakı rayonların azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə fəal iştirak edərək düşmənin xeyli canlı qüvvəsini şəxsən zərərsizləşdirmişdir:
Füzuli döyüşləri
Cəbrayıl döyüşləri
Xocavənd döyüşləri
Daşaltı-Şuşa əməliyyatı və şəhadət
Müharibənin son günlərində, Azərbaycan hərbi birləşmələrinin Şuşa şəhərini azad etmək üçün keçirdiyi çətin və strateji əməliyyat zamanı Pəhli ön sıralarda vuruşurdu. Onun ən böyük amalı Şuşa qalasına ucalıb üçrəngli bayrağı ora sancmaq idi.
Düşmən qüvvələrinin müqavimətini qırmaq üçün Daşaltı və Şuşa istiqamətində noyabrın ilk günlərindən başlayan şiddətli və yaxın məsafəli döyüşlərdə xüsusi rəşadət nümayiş etdirmişdir. 8 noyabr 2020-ci ildə — Şuşanın azad olunduğu tarixi gündə, döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimizin nəşi doğulduğu rayona gətirilərək Kürdəmir rayon Şəhidlər Xiyabanında böyük izdihamla torpağa tapşırılmışdır.
Ali dövlət təltifləri
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə əsgər Qəribov Pəhli Xaləddin oğlu ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə aşağıdakı medallarla təltif olunmuşdur:
"Vətən uğrunda" medalı
"Füzulinin azad olunmasına görə" medalı
"Xocavəndin azad olunmasına görə" medalı
"Şuşanın azad olunmasına görə" medalı
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(17.09.2026)
Məktəbin uğuru təkcə universitetlərə qəbulun nəticələri ilə ölçülməməlidir
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Müasir təhsil diskursunda məktəbin cəmiyyətdəki rolu və onun effektivliyinin ölçülməsi kriteriyaları ən çox mübahisə doğuran məsələlərdən biridir. Qloballaşan dünyada neoliberal təhsil siyasətlərinin təsiri ilə məktəblərin fəaliyyəti getdikcə daha çox standartlaşdırılmış imtahan nəticələri və ali təhsil müəssisələrinə qəbul faizləri kimi kəmiyyət indikatorları ilə qiymətləndirilir. Valideynlər övladlarını "ali məktəbə qəbul faizi yüksək olan" təhsil müəssisələrinə yerləşdirməyə çalışır, media fərqlənən məktəbləri toplanan yüksək ballarla təqdim edir, hətta təhsil idarəçiləri də çox vaxt keyfiyyət hesabatanı bu rəqəmlər üzərində qururlar.
Lakin müasir pedaqogika və qlobal təhsil tendensiyaları göstərir ki, nə qədər əhəmiyyətli və vacib olsa da, məktəbin uğurunu yalnız ali məktəbə qəbul sayı ilə ölçmək həm elmi, həm də sosial baxımdan yanlış bir yanaşmadır. Bu, təhsilin fəlsəfəsini, onun insan kapitalı formalaşdırmaq missiyasını dar bir çərçivəyə həbs edir. "Test təhsili" təhlükəsini və repetitorluq asılılığını gücləndirir. Bir çox hallarda şagirdlərin qəbul imtahanındakı uğuru məktəbdəki tədrisin keyfiyyətindən daha çox, ailələrin repetitorlara xərclədiyi resursların nəticəsi olur. Məktəbin bu uğuru bütünlüklə öz adına çıxarması isə təhsil sistemindəki real vəziyyəti pərdələyir.
Universitetlərə qəbul imtahanları adətən standartlaşdırılmış testlər üzərindən aparılır. Bu imtahanlar şagirdin analitik təfəkkürünü, yaradıcılığını, komandada işləmək bacarığını və ya emosional intellektini deyil, daha çox yaddaş tutumunu və spesifik imtahan texnikalarını ölçür.
Bu akademik mərkəzçi yanaşma təhsil müəssisələrini sadəcə imtahanlara şagird hazırlayan mexaniki bir struktura çevirərək, təhsilin fundamental sosial və pedaqoji missiyasını arxa plana keçirir. Nəticədə, məktəbin fəaliyyətinin keyfiyyət göstəricisi şagirdin şəxsiyyət kimi formalaşması ilə deyil, yalnız topladığı test balları ilə ölçülür.
Halbuki məktəb təkcə akademik biliklərin ötürüldüyü məkan deyil, həm də fərdin sosiallaşdığı, etik dəyərləri mənimsədiyi, tənqidi təfəkkür və emosional intellekt qazandığı sosiokulturoloji mühitdir. Qiymətləndirmə sisteminin yalnız universitetlərə qəbul göstəricilərinə fokuslanması isə şagirdlərdə psixoloji gərginliyə, fərdi potensialın məhdudlaşdırılmasına və əmək bazarının real tələblərindən yayınmaya gətirib çıxarır.
Məktəbin əsas vəzifəsi təkcə akademik bilik ötürmək və şagirdləri ali məktəbə hazırlamaqla məhdudlaşmamalı, sosial-emosional, etik və peşəkar bacarıqlara malik hərtərəfli fərdlər formalaşdırmaq olmalıdır. Təhsil müəssisələrinin effektivliyi şagirdlərin rifahını və şəxsi inkişafını əks etdirən çoxölçülü qiymətləndirmə indikatorları ilə ölçülməlidir.
Təhsil sistemində standartlaşdırılmış testlərin və ali məktəblərə qəbul göstəricilərinin yeganə uğur meyarı kimi qəbul edilməsi, pedaqoji prosesin təşkilinə də köklü şəkildə təsir edir. Məktəblərin reytinq xalları uğrunda mübarizəsi tədris metodologiyasında "Teaching to the Test" (yalnız imtahana yönəlik tədris) fenomeninin yaranmasına gətirib çıxarır. Bu şəraitdə müəllimlər şagirdlərdə tənqidi düşüncə, analitik təhlil və yaradıcı problem həlletmə bacarıqlarını inkişaf etdirmək əvəzinə, vaxtı yalnız test suallarının mexaniki həlli texnikalarını öyrətməyə sərf etməyə məcbur olurlar.
Bu yanaşma həmçinin təhsildə dərin struktur bərabərsizliyini alovlandırır. Akademik göstəricilər üzərində qurulmuş qiymətləndirmə modeli incəsənət, idman və ya praktiki təşkilatçılıq meylləri, qabiliyyətləri olan, peşə məktəblərinə və ya kolleclərə yönələn şagirdləri "uğursuzlar" kateqoriyasına aid edir. Nəticə etibarilə, fərdi potensialı və şagirdlərin müxtəlif qabiliyyətlərini nəzərə almayan bu birtərəfli sistem onların böyük bir qisminin istedad və bacarıqlarının kölgədə qalmasına, erkən yaşlardan təhsil mühitindən uzaqlaşmasına və təhsilə yadlaşmasına səbəb olur.
Məktəb fərdin cəmiyyət daxilində formalaşdığı əsas sosioloji məkandır. Sosioloji nəzəriyyələrə əsasən, təhsil müəssisəsinin fundamental öhdəliklərindən biri şagirdlərdə sosial-emosional bacarıqları (Social-Emotional Learning), empatiyanı, etik, milli-mənəvi dəyərləri və vətəndaşlıq məsuliyyətini aşılamaqdır. Məktəb mühiti şagirdə komandada işləmək, münaqişələri konstruktiv idarə etmək və fərqli baxış bucaqlarına hörmətlə yanaşmaq vərdişləri qazandırmalıdır.
Məktəbin fəaliyyətinin həqiqi keyfiyyəti onun məzunlarının 5, 10 və ya 15 ildən sonra harada olması ilə ölçülməlidir. Universitetə daxil olan, lakin ilk ildəcə universiteti tərk edən və ya məzun olduqdan sonra iş tapa bilməyən fərd təhsil müəssisəsinin uğuru sayıla bilməz. Əksinə, orta məktəbi bitirib cəmiyyət üçün faydalı, məsuliyyətli bir vətəndaş olan, öz peşəsini sevən fərdlər məktəbin daha böyük uğurudur.
Bundan əlavə, müasir əmək bazarının tələbləri ilə akademik imtahan proqramları arasında ciddi uçurum mövcuddur. Müasir dövrdə işəgötürənlər üçün kəmiyyət göstəricilərindən ziyadə, adaptasiya olunma qabiliyyəti, rəqəmsal savadlılıq, emosional intellekt və mürəkkəb problemləri həlletmə bacarığı ön plana çıxır. Yalnız universitetə qəbul yönümlü tədris alan məzunlar ali təhsil müəssisəsinə daxil olsalar da, real iş mühitində və sosial həyatda ciddi adaptasiya çətinlikləri ilə üzləşirlər.
Qlobal təhsil təcrübəsi göstərir ki, akademik nailiyyətlərlə şagirdin hərtərəfli inkişafı arasında balans yaradan ölkələr daha dayanıqlı nəticələr əldə edirlər. Məsələn, Finlandiya təhsil modelində məktəblərin fəaliyyəti standartlaşdırılmış mərkəzi imtahanlarla deyil, şagirdlərin psixoloji rifahı (well-being), sosial layihələrdə iştirakı və fərdi irəliləyişi əsasında dəyərləndirilir. Bu modeldə məktəblər arasında rəqabət əvəzinə əməkdaşlıq, mexaniki əzbərçilik əvəzinə isə tədqiqat yönümlü öyrənmə əsas götürülür.
Alternativ qiymətləndirmə sistemləri məktəbin uğurunu kompleks göstəricilərlə ölçməyi təklif edir. Buraya şagirdlərin məktəb mühitində psixoloji təhlükəsizlik səviyyəsi, icma xidmətləri və könüllülük fəaliyyətlərinə cəlb olunma dərəcəsi, dərnək, incəsənət və idman uğurları, eləcə də məzunların peşə təhsilinə və ya birbaşa əmək bazarına uğurlu inteqrasiyası və s. daxildir.
Nəticə etibarilə, tədqiqatlar da sübut edir ki, məktəbin fəaliyyətinin və effektivliyinin yalnız ali təhsil müəssisələrinə qəbul göstəriciləri ilə qiymətləndirilməsi təhsilin fundamental sosial, pedaqoji və insani missiyasını məhdudlaşdırır. Standartlaşdırılmış imtahan mərkəzçiliyi tədris prosesini mexanikləşdirərək şagirdlərin fərdi potensialını kölgədə qoyur, təhsildə bərabərsizliyi dərinləşdirir və XXI əsrin tələb etdiyi tənqidi təfəkkür, emosional intellekt və sosial məsuliyyət kimi kritik bacarıqların formalaşmasına mane olur. Təhsil müəssisəsi sadəcə akademik biliklərin sınaqdan keçirildiyi sınaq meydanı deyil, fərdin hərtərəfli şəxsiyyət kimi formalaşdığı sosiokulturoloji mühit olaraq bərpa edilməlidir.
Bu baxımdan təhsil siyasətini həyata keçirən qurumlar qiymətləndirmə mexanizmlərində unidimensional (təkölçülü) kəmiyyət göstəricilərindən imtina edərək holistik (çoxölçülü) qiymətləndirmə modelinə keçid etməlidirlər. Məktəblərin reytinq xallarına və uğur meyarlarına şagirdlərin psixoloji rifahı, sosial-emosional inkişafı, icma xidmətlərində iştirakı, idman, incəsənət və peşə-əmək istiqamətlərindəki fərdi irəliləyişləri və s. də daxil edilməlidir.
Yalnız akademik nailiyyətlərlə şəxsi inkişaf arasında balans yaradan, hər bir fərdin unikal potensialını dəyərləndirən təhsil modeli cəmiyyətin dayanıqlı inkişafına və yetkin, məsuliyyətli vətəndaşların yetişməsinə xidmət edə bilər.
“Ədəbiyyat və incəsənət”
(17.09.2026)
Çağdaş Azərbaycan ədəbi mühitinin dərdi
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AYB, AJB-nin üzvü, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist.
“Ədəbiyyat və incəsənət”
Qələm müqəddəs, söz isə dəyərdir. Qələmin yad və nalayiq əllərdə olması, sözün isə nalayiq kəslərə verilməsi bu günümüz və gələcəyimiz üçün danılmaz təhlükədir. Etiraf etmək lazımdır ki, bu gün müqəddəs sayılan qələm və eləcə də söz haqqı bəzən nalayiq adamların ixtiyarındadır.
Bu gün Odlar Yurdu Azərbaycanımızda ədəbiyyat sahəsində olanlar müxtəlif ədəbi birliklərin üzvü olaraq tanınırlar. Lakin təəsüflər olsun ki, qələm əhli olaraq müxtəlif ədəbi birliklərin üzvlük vəsiqəsini daşıyanlardan insanı təəccübləndirəcək səviyyədə olan bir qismi öz mənfi və qeyri-etik davranışları ilə ədəbiyyat adını aşağılayır, eyni halda mənsub olduqları ədəbi birliyin adına ləkə gətirirlər. Bunun da bir səbəbi tərbiyə məsələsidirsə, digər səbəbi əsasən nevroloji və psixoloji xəstəliklərdən ibarətdir...
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün onların arasında olduqca ciddi və kompleks ruhi xəstəlik və psixi pozuntu növlərindən sayılan şizofreniya (reallığı qiymətləndirmə bacarığının itirilməsi), narsistlik (şəxsiyyət pozuntusu, özünə həddindən artıq heyranlıq duyulması), sadizm (başqasına acı verməkdən həzz alma) və s. bu kimi müxtəlif nevroloji və psixoloji xəstəliklərdən əziyyət çəkənlər heç də az deyil. Bunu sübut etməyə lüzum yoxdur. Çünki ölkənin ədəbi mühitinə diqqətlə baxdıqda, bunun çoxsaylı, həm də acı nümunələrini müşahidə etmək mümkündür. Əslində isə heç uzağa getməyə da ehtiyac yoxdur. Bunun üçün "Facebook", "Tik-tok", "İnstagram" və "Youtube" kimi sosial şəbəkələrdə özünü "şair", "yazıçı", "ədəbi tənqidçi" və ya "bədii qiraətçi" kimi təqdim edib min bir oyundan çıxan, insana utanc hissi gətirən, böyük-kiçik saymayan, həmçinin, ətrafa nifrət, tərbiyəsizlik və ədəbsizliyi püskürən "qələm sahibləri"ni görmək kafidir. Bəziləri də özünü bəzi "şou-biznes" nümayəndələri kimi gündəmdə qalmaq hədəfi ilə yalnız kimlərləsə qalmaqal yaşamaq, ətürpədici və ürəkbulandırıcı "fotosessiyalar"la gündəmdə qalmağa can atırlar. Heç şübhəsiz, bütün bunlar çağdaş Azərbaycan ədəbi mühitinin acı dərdlərindən sayılır. Mövcud durum onu deməyə əsas verir ki, bu gün ədəbi mühitdə yad və nalayiq ünsürlər var...
Bu qəbil psixoloji və nevroloji xəstəliklər nəticəsində tez-tez sosial şəbəkələrdə tənqid adı altında ağır təhqirlərin şahidi oluruq. Nadanlıq isə digər tərəfdən baş alıb gedir. Sözün həqiqi mənasında hər növ təhqiri "tənqid", Qanun qarşısında məsuliyyət xatırlatmasını isə "təhdid" kimi təsəvvür edən əli qələmli və özünü ali savadlı, ziyalı kimi təsəvvür edən modern cahillərimiz də var...
Mən fürsətdən istifadə edib, bu problemin əsaslı şəkildə həlli üçün üç təkliflə çıxış etmək istəyirəm:
1. Hər hansı bir ədəbi birliyin üzvlüyünə qəbul üçün lazım olan sənədlər arasında həm də namizədlərdən psixoloji və nevroloji baxımdan sağlamlıq haqqında ayayış tələb edilsin...
2. Namizədlərdən tələb olunan "zəmanət məktubu" xüsusi sifariş, dostluq, qonaqlıq və "şirinlik"lə, eyni halda şablon formada imzalanmış kağızlarla deyil, daha etibarlı, həm də qarşı tərəfin cəmiyyət arasında formalaşmış mədəniyyəti, tərbiyəsi və eləcə də bədii yaradıcılıq qabiliyyətini bəyan edən formada olsun...
3. Ədəbi birliklərin nizamnaməsi və idarəçilik sistemində "Nəzarət şurası" və ya "Etika şurası" adları altında birliyə üzv olanların davranışlarına nəzarət mexanizmi təsis edilsin və beləliklə də ədəbiyyat və qələm adına ləkə gətirənlərlə müxtəlif (xəbərdarlıq cərimə və üzvülükdən qovulma kimi) mərhələlər əsasında davranılsın və beləliklə də kimsə özünü toxunulmaz saymasın...
Qələmi müqəddəs, ədəbiyyatı isə ədəb-ərkan və etika vadisi sayan bütün əziz, ziyalı və dəyərli qələm əhlinə dərin sayğılarımla!
“Ədəbiyyat və incəsənət”
(17.09.2026)
Prof. dr. Abdullah Akat: "I Türk Dünyası Bəstəkarları Qurultayı yeni layihələrə yol açacaq"
Bakı daha bir beynəlxalq mədəniyyət hadisəsinə ev sahibliyi edir. 18–20 sentyabr 2026-cı il tarixlərində Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə I Türk Dünyası Bəstəkarları Qurultayı keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, tədbirin iştirakçısı, İstanbul Universiteti Dövlət Konservatoriyasının Musiqişünaslıq kafedrasının müdiri Prof. Dr. Abdullah Akat Qurultay münasibətilə salamlama videosu ilə çıxış edib.
O, öz müraciətində Qurultayın Türk dünyasının bəstəkar və musiqişünasları arasında elmi-yaradıcılıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb. Azərbaycanın belə bir möhtəşəm platformaya ev sahibliyi etməsini yüksək qiymətləndirən musiqişünas, bu əməkdaşlığın gələcəkdə yeni birgə layihələrin həyata keçirilməsinə bünövrə yaratdığını qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(16.09.2026)
Sandor Szabo: "Türk dünyasının musiqi irsi Bakıda birləşir"
18–20 sentyabr 2026-cı il tarixlərində Bakıda Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə I Türk Dünyası Bəstəkarları Qurultayı keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, mötəbər tədbirdə iştirak edən macarıstanlı musiqişünas-tədqiqatçı Sandor Szabo Qurultay ilə bağlı təəssüratlarını bölüşdüyü salamlama videosu yayımlayıb.
Tədqiqatçı öz çıxışında Türk dünyasının zəngin və köklü musiqi irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması baxımından bu tədbirin müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Bakıda keçirilən bu tarixi görüşdə iştirak etməkdən şad olduğunu bildirən Sandor Szabo təşkilatçılara öz dərin minnətdarlığını ifadə edib.
“Ədəbiyyat və incəsənət”
(16.09.2026)
Türk ölkələri bəstəkarlarının yeni birliyinin qarşısında duran vəzifələr haqqında
Artyk Toksanbayev,
Qazaxıstan Bəstəkarlar Assosiasiyasının sədri.
"Ədəbiyyat və incəsənət"
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakıda Türk ölkələri bəstəkarlarının Birinci Qurultayının keçirilməsi ayrı-ayrı yaradıcılıq əlaqələrindən daimi peşəkar əməkdaşlığa keçmək üçün imkan yaradır. Qarşıda duran əsas sual isə budur: gələcək birlik yaradıldıqdan sonra bəstəkarın həyatında real olaraq nə dəyişəcək?
Əgər nəticə yalnız illik görüşlərdən, konsertlərdən və mədəni birlik haqqında bəyanatlardan ibarət olacaqsa, bu, kifayət etməyəcək. Birlik əsərin müəllif əlyazmasından başlayaraq peşəkar nəşrə, ifaya, lisenziyalaşdırmaya və beynəlxalq səhnəyə çıxışa qədər bütün yolu keçməsinə kömək etməlidir. Onun fəaliyyətini məhz belə nəticələrlə qiymətləndirmək lazımdır.
Türk ölkələrinin müasir akademik musiqisi güclü milli məktəblərə və dünya səviyyəli bəstəkarlara malikdir. Lakin ayrı-ayrılıqda götürdükdə əksər dövlətlərimizin musiqi bazarı böyük deyil. Bəstəkar öz ölkəsində yaxşı tanınır, amma onun musiqisi qonşu ölkələrdə nadir hallarda səslənir, iri xarici orkestr və festivalların proqramlarına isə daha az düşür.
Səbəb yalnız bədii rəqabət deyil. Çox vaxt əsərin peşəkar nəşriyyat müşayiəti, hüquqi baxımdan rəsmiləşdirilmiş müəllif hüquqları, yüksək keyfiyyətlə hazırlanmış partiturası və sistemli beynəlxalq təbliği çatışmır.
MÜXTƏLİF ÖLKƏLƏRİN İMKANLARINI BİRLƏŞDİRMƏK
Türk dünyasının hər bir ölkəsinin ümumi iş üçün faydalı ola biləcək təcrübəsi var. Türkiyədə musiqi sənayesinin bazar mexanizmləri, peşəkar musiqi nəşriyyatı və müəllif hüquqları ilə iş sahəsində davamlı təcrübə daha əvvəl formalaşıb. Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və digər dövlətlər isə öz bəstəkarlıq məktəblərinə, ifaçılıq ənənələrinə və mədəniyyət institutlarına əsaslanırlar.
Bu gün Qazaxıstanda musiqi yaradıcı sənayesində köklü islahat həyata keçirilir. Bu proses peşəkar birliklərin fəaliyyətini, müəllif hüquqlarını, rəqəmsallaşmanı və nəşriyyat infrastrukturunu əhatə edir. Bu təcrübə həmkarlarımız üçün faydalı ola bilər. Lakin heç bir milli model mexaniki şəkildə bütün türk dünyasına tətbiq edilməməlidir. Hər bir ölkənin qanunvericiliyinin, bazarının və mədəniyyət müəssisələri sisteminin özünəməxsus xüsusiyyətləri var.
Ümumi vəzifəmiz müxtəlif ölkələrin kompetensiyalarını birləşdirmək və uyğun iş qaydaları barədə razılığa gəlməkdir. Hüquqların necə rəsmiləşdiriləcəyi, əsərləri xaricdə kimin təmsil edəcəyi, partituraların və kataloqların hansı tələblərə cavab verməli olduğu, lisenziya müqavilələrinin necə bağlanacağı və müəllif qonorarlarının necə ödəniləcəyi müəyyənləşdirilməlidir.
BİRLİK BƏSTƏKAR ÜÇÜN İŞLƏMƏLİDİR
Yeni birliyin yalnız o halda mənası olacaq ki, bəstəkar onun vasitəsilə konkret peşəkar imkanlar əldə etsin. Müəllifə partituranın peşəkar nəşri, hüquqlarının qorunması və hüquqi müşayiət lazımdır. O, digər ölkələrdəki ifaçılara və sifarişçilərə çıxış əldə etməlidir. Musiqisinin harada və hansı əsaslarla istifadə olunduğunu bilməli və ona çatan qonorarını almalıdır.
Bu gün bir çox əsər premyeradan sonra, demək olar ki, mədəni dövriyyədən çıxır. Onlar müəllifin şəxsi arxivində qalır və ya bəstəkarın dirijorlara və ifaçılara özü göndərdiyi PDF faylı formasında mövcud olur. Belə model nə musiqinin geniş yayılmasını, nə davamlı gəliri, nə də əsərin gələcək ifalar üçün qorunmasını təmin edir.
Türk ölkələri bəstəkarlarının birliyi yalnız təmsilçilik təşkilatı deyil, həm də işlək peşəkar mexanizmə çevrilərsə, bu vəziyyəti dəyişə bilər. O, bəstəkarı nəşriyyat, ifaçı, festival, orkestr, agentlik və lisenziya alan tərəflə əlaqələndirməlidir.
Bununla yanaşı, yaradıcılıq qərarları müəllifin özündə qalmalı, təşkilati sistem isə bir insanın təkbaşına həyata keçirməsinin çətin olduğu funksiyaları öz üzərinə götürməlidir.
ÜMUMİ NƏŞRİYYAT VƏ RƏQƏMSAL İNFRASTRUKTUR
İlk praktiki vəzifələrdən biri ümumi nəşriyyat və rəqəmsal infrastrukturun yaradılması ola bilər. Onun forması birgə müəyyənləşdirilməlidir. Vahid beynəlxalq musiqi nəşriyyatı, milli nəşriyyatların birliyi və ya bir neçə təşkilatın ümumi kataloqu təqdim edəcəyi rəqəmsal platforma kimi müxtəlif variantlar mümkündür.
Əsas məsələ hüquqi forma deyil, işin keyfiyyətidir. Beynəlxalq tərəfdaşa təsadüfi fayllar toplusu deyil, peşəkar şəkildə hazırlanmış və hüquqi baxımdan şəffaf kataloq lazımdır. Kataloqda müəlliflər və hüquq sahibləri, ifa heyəti, əsərlərin müddəti, lisenziyalaşdırma şərtləri və mövcud materiallar dəqiq göstərilməlidir.
Partituralar və partiyalar orkestr kollektivlərinin praktiki istifadəsi üçün yararlı olmalıdır. Mümkün olduğu hallarda kataloq annotasiyalarla, yüksək keyfiyyətli audio və video yazılarla tamamlanmalıdır.
Belə resurs geniş musiqi ictimaiyyəti adından iri musiqi nəşriyyatları, orkestrlər, festivallar və peşəkar agentliklərlə danışıqlar aparmağa imkan verəcək. Əməkdaşlıq formaları müxtəlif ola bilər: birgə nəşr, subnəşriyyat, beynəlxalq təmsilçilik və ya ayrı-ayrı kataloqların lisenziyalaşdırılması.
Heç bir təşkilat inhisara iddia etməməlidir. Daha vacib olan türk dünyası bəstəkarları ilə dünya musiqi sənayesi arasında etibarlı və peşəkar körpü yaratmaqdır.
Bununla yanaşı, yalnız türk dünyasının daxili məkanı ilə məhdudlaşmaq olmaz. Ölkələrimiz arasında birgə konsertlər və mübadilələr zəruridir, lakin bunlar daha geniş beynəlxalq təmsilçilik üçün hazırlıq mərhələsinə çevrilməlidir.
Ümumi kataloq təkliflərin miqyasını genişləndirir və xaricdə ayrı-ayrı bəstəkarı yalnız bir partiturası ilə deyil, bir neçə ölkənin müasir musiqi mədəniyyətini bütöv şəkildə təqdim etməyə imkan verir.
NƏTİCƏ MÜƏLLİFLƏRİN İMKANLARI İLƏ ÖLÇÜLMƏLİDİR
Yeni Birliyin səmərəliliyi iclasların və imzalanmış sənədlərin sayı ilə ölçülməməlidir. Bir neçə ildən sonra konkret praktiki suallara cavabımız olmalıdır.
Neçə yeni əsər sifariş edilib? Neçə partitura peşəkar şəkildə nəşr olunub? Neçə əsər müəllifinin ölkəsindən kənarda səsləndirilib? Bəstəkarlar nə qədər müəllif qonorarları əldə ediblər? Neçə gənc müəllif beynəlxalq ifaçılar tapa bilib? İri orkestrlərin və festivalların proqramlarında hansı yeni adlar meydana çıxıb?
Məhz bu göstəricilər mədəni birliyin işlək peşəkar sistemə çevrilib-çevrilmədiyini anlamağa imkan verəcək. Bəstəkar üçün həmkarlarının hörməti və vətənində tanınmaq vacibdir, lakin əsərin sonrakı həyatı da olmalıdır. O, ifa edilməli, nəşr olunmalı, lisenziyalaşdırılmalı, müəllifinə gəlir gətirməli və yeni dinləyicilər qazanmalıdır.
Bakıda keçirilən ilk Qurultay bu böyük müştərək işin başlanğıc nöqtəsinə çevrilə bilər.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və şəxsən mədəniyyət naziri Adil Kərimliyə, həmçinin Türk Mədəniyyəti və İrsi Fonduna və onun prezidenti Aktotı Raimkulovaya forumun təşkilinə, peşəkar dialoqun dəstəklənməsinə və türk ölkələrinin bəstəkarlarını və musiqi ictimaiyyəti nümayəndələrini bir araya gətirən təşəbbüsə görə səmimi təşəkkürümü bildirirəm.
Biz dünya musiqi bazarının qanunlarını dəyişə bilmərik, lakin orada iştirakımızın miqyasını dəyişə bilərik. Bunun üçün ümumi Birliyə aydın qaydalar, nəşriyyat və hüquq infrastrukturu, rəqəmsal kataloq və beynəlxalq tərəfdaşlarla davamlı əməkdaşlıq lazımdır.
O zaman türk dünyası bəstəkarlarının musiqisi özünün bədii səviyyəsinə uyğun mövqe tuta biləcək.
“Ədəbiyyat və incəsənət”
(16.09.2026)
Prezidentin Ağdam məscidinin bərpasının işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk bərpa layihələrindən biri kimi xatırlatması diqqətəlayiqdir
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etdi. Görüşdə Ağdam məscidinin bərpası işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk bərpa layihələrindən biri kimi qeyd olundu.
“Ədəbiyyat və incəsənət”
(17.09.2026)


