Kitabçılar Birliyi tərəfindən 2026-cı ilin fevral ayında “Şeirini təqdim et, imzanı tanıt” adlı şeir müsabiqəsi elan olundu. Münsiflər heyəti Baba Vəziroğlu, İlqar Fəhmli və Samir Əfsəroğludan ibarət müsabiqəyə ümumilikdə 39 nəfər ədəbiyyatsevər qatıldı.
8 aprel tarixində Azərbaycan Yazıçılar Birliyinin Natavan Klubunda müsabiqənin təntənəli mükafatlandırma mərasimi keçirildi. Üç əsas qalibi seçildi, üç nəfər fərqlənmə diplomuna layiq görüldü. Digər iştirakçılar təşəkkürnamələrlə təltif olundular.
“Ədəbiyyat və incəsənət” portalı sıra ilə öncə fərqlənmə diplomuna layiq görülənlərin, sonra isə mükafatçıların müsabiqəyə təqdim etdikləri şeirlərini geniş oxucu auditoriyası üçün əlçatan edir.
Beləliklə, tanış olun:
Kitabçılar Birliyinin “Şeirini təqdim et, imzanı tanıt” adlı şeir müsabiqəsində 3-cü yer mükafatçısı: Samir Həsrət
SAMİR HƏSRƏT
“BİR TİKƏLİK HƏSRƏTİN”
Üzümdə
hamilə qalmış gülüşlərin,
ölü doğuldu bu gecə
sənsizlikdən.
Yarpaqtək solmuş xatirələrimi
göyərdə bilmədiyim üçün
ölüm də,
ucuz gəlirdi mənə.
Qəmin dizlərimi cırmaqladıqca
göz yaşlarıma tanrıdan başqa
kimsə şahid deyildi.
Divardakı şəklinə əlimi toxundurub
daş ürəyinin küncündə
üşüyən ümidlərimi
bağrıma sıxıb və
yarası göynəyən bəxtimi qucaqladım.
Bir tikəlik həsrətindən qocalmış
otağımın divarları da,
daha əvvəlki tək hal-əhval tutub
danışmır mənimlə.
Yoxluğundan canavartək ulayan ruhuma
təsəlli vermək üçün hər gün
təsbehimlə həsrətini zikr edirəm, əzizim.
Bazar ertəsi sizi 2-ci yerə layiq görülən iştirakçı - Əli Məlikli ilə tanışlıq gözləyir.
“Ədəbiyyat və incəsənət”
(17.04.2026)


