İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Qərbi Azərbaycana sahiblənən yağılar oradakı aborogen əhaliyə - azərbaycanlılara öz dillərində yazıb yaratmağa hər cür maneçilik törədir, bizdən olan ziyalıları daim sıxışdırırdılar. Bu arada nə qədər güc, səbr və dözümün olmalıydı ki, özünü təkrarən sübut edib nəsə bir imtiyaz qopara biləsən. Fəxri ad - Ermənistan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüş ssenarist, dramaturq, sənətşünas, teatr və kino tənqidçisi Sabir Əkbər oğlu Rizayev də belələrindən idi.
O, 17 aprel 1924-cü ildə İrəvan şəhərində ziyalı ailəsində anadan olub. İrəvandakı Puşkin adına yeddiillik məktəbi bitirib. Atası Əkbər Rizayev həmin vaxt Moskvada "İnostrannaya literatura" ("Xarici ədəbiyyat") jurnalının redaksiyasında "Türk ədəbiyyatı" şöbəsinin müdiri işləyib.
Sabir orta məktəbi Moskvada bitirib. 1942-ci ildə könüllü olaraq müharibəyə gedib. İkinci Dünya müharibəsi qurtardıqdan sonra İrəvana qayıdıb və "Kommunist" qəzetində işləyib. 1948-ci ildən teatr tamaşaları və filmlər haqqında tənqidi məqalələri mətbuatda dərc olunmağa başlayıb. Sabir Rizayev 1951-ci ildə İrəvan Teatr İnstitutunu bitirib.
O, 1954-cü ildə Leninqradda (Sankt-Peterburq) Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun aspiranturasını fərqlənmə diplomu ilə bitirdikdən sonra "Armenfilm" kinostudiyasında ssenari şöbəsinə rəhbərlik edib, Ermənistan Dövlət Kinematoqrafiya Komitəsində baş redaktor işləyib.
1965-ci ildən ömrünün sonunadək Ermənistan SSR Elmlər Akademiyasının İncəsənət İnstitutunun direktor müavini və Ermənistan Kinematoqrafçılar İttifaqının idarə heyətinin katibi vəzifəsində işləyib. Onun səyi nəticəsində İncəsənət İnstitutunda Kino şöbəsi yaradılıb, bir sıra monoqrafiyalar yazılıb.
Sabir Rizayevin ömrünü teatra, incəsənətə bağlamasında onun valideynlərinin müstəsna xidmətləri olub. Onun atası Əkbər Rizayev hələ İrəvan gimnaziyasında oxuyarkən "Könülsüz nikah" adlı komediyanı yazıb və həmin əsər İrəvan teatr həvəskarları tərəfindən tamaşaya qoyulub.
Daha sonralar Əkbər Rizayev Ermənistan komsomolunun Mərkəzi Komitəsində və Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələrdə işlədiyi vaxtlarda İrəvan teatrını yaşatmaq üçün tamaşalarda rollar ifa edib. Anası Firəngiz Rizayeva İrəvanda səhnəyə çıxan ilk ziyalı azərbaycanlı qadınlardan olub.
Sabir Rizayev 1975-ci ildə "Ermənistan SSR Əməkdar incəsənət xadimi" adına layiq görülüb. Müasir erməni sənətşünasları Sabir Rizayevi erməni kinoşünaslığının banisi adlandırıblar. O, bir sıra filmlərin ssenari müəllifi olub. Sabir Rizayevin qələmindən çıxan "Erməni bədii kinematoqrafiyası" (1963), "Hraciya Nersesyan" (1968), "Vardan Əcəmyan" (1978) monoqrafiyaları sənətşünasların stolüstü kitablarına çevrilib
Erməni dilini mükəmməl bilən Sabir Rizayev əsərlərini əksəriyyətini rus dilində yazıb. Onun müəllifi olduğu İrəvan Azərbaycan Dram Teatrı haqqında ilk tədqiqat əsəri 1963-cü ildə Bakıda rus dilində "Ermənistanda Azərbaycan teatrı" ("АзербайджанскийтеатрвАрмении") adı altında çap olunub.
İrəvandakı Azərbaycan teatrının banisi Yunis Nuri haqqında Sabir Rizayevlə aktyorun oğlu Əkbər Yerevanlının birgə yazdıqları 165 səhifəlik illüstrasiyalı "Yunis Nuri" kitabı 1982-ci ildə Ermənistan Teatr Cəmiyyəti tərəfindən İrəvanda azərbaycanca çap olunub.
Məqalələri
- Rizayev, Sabir. Erməni-Azərbaycan teatr əlaqələri tarixindən // "Sovetakan qraqanutyun" jurn., 1960, № 4, səh. 135–145 [erm. d.].
- Rizayev, Sabir. Ədəbi əlaqələr haqqında dəyərli kitab // "Sovet Ermənistanı" qəz., 22 noyabr 1975, № 139 (10251);
- Rizayev, Sabir. Beynəlxalq teatr günü // "Sovet Ermənistanı" qəz., 28 mart 1978, № 37 (10617)
Ümumiyyətlə, Sabir Rizayevin müəllifliyi və tərtibçiliyi ilə 30 kitabı çap olunub. Onlardan 15-i rusca, 14-ü ermənicə, 1-i isə azərbaycanca çap olunub. Sabir Rizayevin yazdığı əsərlər bu gün də öz aktuallığını saxlamasının göstəricisidir ki, onun rus dilində yazdığı məqalələrinin bir qismi toplanaraq 2009-cu ildə İrəvanda "Teatr və kino haqqında seçilmiş işləri" ("Избранныеработыотеатреикино") adı ilə 280 səhifə həcmində nəfis şəkildə çap edilib.
Əsərləri
Ermənicə
1. Maksim Qorkinin dramaturgiyası erməni səhnəsində. Yerevan: Ermənistan SSR EA Nəşriyyatı. 1956
2. Erməni səhnəsində Lenin obrazı. Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1957 (tərtib edənlər: Levon Xalatyan, Sabir Rizayev)
3. Xalq üçün teatr. Yerevan: Ermənistan Teatr Cəmiyyəti. 1960 (həmmüəllif)
4. Zaqafqaziya xalqlarının incəsənətinin qarşılıqlı zənginləşməsi: Teatr, kino. Yerevan: Ermənistan SSR EA Nəşriyyatı. 1976
5. Teatr. Yerevan: Hayastan, 1976
Azərbaycanca:
Yunis Nuri. Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1980 (həmmüəllif).
Düzdür, deyənlər tapılacaq ki, o, erməni mədəniyyətini təbliğ edib. Amma bu, bir bayraq olub ki, altından Azərbaycan mədəniyyətinə xidmət göstərə bilsin.
Sabir Rizayev yaradıclılğının çiçəkləndiyi bir vaxtda həyatla vidalaşıb. O, 20 dekabr 1978-ci ildə İrəvanda keçirilən konfrans zamanı məruzə edərkən infarkt keçirib və məruzəsini tamamlaya bilməyərək gözlərini əbədi yumub. Sabir Rizayev böyük izdihamla İrəvan şəhər qəbiristanlığında dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.04.2026)


