Şərəf Cəlilli,
Filologiya üzrə fəlsəfə doktoru.
“Ədəbiyyat və incəsənət”
“İnsanlara dinin nədir, namaz qılırsanmı, oruc tutursanmı?” kimi Allahın soracağı sualları verməyin!” İnsanlara “Acsanmı, bir ehtiyacın varmı?” kimi bəndənin verə biləcəyi sualları verin!” deyə örnəyə çevrilən Fateh Mehmetin dünyaya vida nəğməsini oxumasından sonra da, adı dirilər sırasında çəkildi. Yuxuya gəlişi ilə belə yer-yerindən oynadı, fərman imzalandı.
II Əbdülhəmidin zamanında İstanbulu su basır. Şəhərdə təlaş, təlatüm yaşanır. Qısa zaman kəsiyində şəhər əhalisi yuxusunda Fateh Mehmeti görür. Sultan: “Xəbəriniz yoxdurmu? Qəbrimdə boğuluram!” deyir. Eyni yuxunu Sultan Əbdülhəmid də görür. Yuxudan hövlnak oyanan Sultan Fateh Mehmetin məzarının açılması haqqında göstəriş verir. Fatehin mumyalanmış cənazəsinin sağ-salamat olduğu bəlli olur.
Fateh Sultan Mehmetin dəfn olunduğu Fatih camisi Bizans dönəminə məxsus Həvarilər kilsəsinin üzərində yapılmışdı. Kilsənin altından böyük bir çay keçirdi və bir neçə su kanalı vardı. Fateh Mehmet İstanbul əhalisinin də, II Əbdülhəmidin də yadına bu məsələni salırdı. “Qurtarın, boğuluram!” çağırışı ilə caminin qorunmasına, onun üzləşə biləcəyi təhlükəyə işarə edirdi. Məsələni bilən II Sultan Əbdülhəmidin məzarı açdırarkən “Yaradana şükür olsun, Fatehim!” deyib səcdəyə getdikdən sonra caminin altındakı çayın yönünün və kanalların istiqamətini dəyişməsi ilə bağlı imzaladığı fərman onun Fateh Mehmet ruhuna sayğısının ifadəsi olmaqla yanaşı, həm də dini, mənəvi dəyərlərə, tarixi şəxsiyyətlərə və abidələrə münasibətinin göstəricisi idi.

Dini dəyərə çevirən Türklər
İslamı bir dəyər, həm də dəyərlərin əyarı kimi qəbul edən türklər min illər boyu onun himayədarı, xilaskarı qiyafəsində çıxış etdilər. Suriyanı 404, Ərəbistanı 401 , İraqı 386, Yunanıstanı 500, Misiri 365 il yanlız bir vali ilə idarə edən tarixin ən qüdrətli dövlətlərindən olan Osmanlı İmperiyası həm də Məhəmməd Peyğəmbər əleyhissalamından sonra İslama ən böyük xidmət edən ordusu ilə şöhrət tapmış, onun bir din, dəyər olaraq qorunmasına, himayə edilməsinə töhfələr vermişdir.
Peyğəmbər əleyhissalamın “Kutsal əmanətlər”in Sultan Fateh Mehmetin qurduğu Topkapı Sarayına gətirən, Fətih dastanı ilə “Xəlifəlik” mərtəbəsini, Ərəb dünyasından alıb Osmanlıya həvalə edən, Peyğəmbərin nişanələrinin başı üstündə gecə və gündüz Qurani-Kərimin oxunması üçün fərman imzalayan, Hira və Sina çölündə İslamı qoruya bilməyənlərin üstünə yeriyən Yavuz Sultan Səlim İslam tarixinin ən qüdrətli sərkərdələrindən, xəlifələrindən biri kimi tarix yaratdı.
Fateh Mehmetin, Əmir Teymurun, Sultan Süleymanın Səlib yürüyüşünə çıxanlara qarşı savaşları da İslam dəyərlərini, mədəniyyətlərini çevrələyən ölkələrin himayəsi üçün idi.

Bu qüdrətli Sərkərdə-xaqanların sırasında Peyğəmbər əleyhissalamın uyuduğu Məscidi-Nəvəbinin-Ravzanın bərpasına, kompleks halına salınmasına xüsusi diqqət ayıran Sultan II Muradın, Sultan Əbdülməcidin, Əmir Teymurun, Nadir Şah Əfşarın xüsusi yeri və rolu vardır. Məscidi-Nəvəbinin divarına həkk olunan Sultanların adı keçən lövhələr də dediklərimizə əyani sübutdur.
1926-cı ildə Kral Əbdüləziz ibn əl-Səud Məkkə və Mədinənin inkişafı ilə bağlı qərar alır. Qərara əsasən Məscidi-Nəvəbinin əhatəsində olan məzarlıqların bir çoxu, Peyğəmbər əleyhissəlamın qızı Həzrəti Fatimənin, oğlu İbrahimin, əmisi Həmzə və Abbasın, anası Aminənin, atası Abdullanın, İmam Zeynalabdinin, İmam Həsən ibn Əlinin, İslam tarixiylə bağlı ciddi əsərlərin müəllifi olan alimlərin uyuduğu Cənnət əl-Bəqi və Cənnət əl-Müəla qəbiristanlıqları şumlanaraq yerində yaşayış kompleksləri salınır. Xəbəri eşidən Atatürk Krala xəbər yollayır: “Məhəmməd peyğəmbərin məzarına toxunularsa, ordumu götürər aşağı enərəm!” Bu Osmanlı İmperiyasının çökməsindən sonra “Xəlifəlik məqamı”nı ləğv edən, modern Türkiyə Cumhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Paşa Atatürkün mənəvi dəyərlər tarixinə verdiyi ən böyük töhfələrdən biri idi. Onun ikinci ən böyük töhfəsi isə Qurani-Kərimin üzünü köçürdülərək “Altın kaplama” ilə cildlətdirməsi, Külliyənin baş köşəsinə qoydurması idi.
Dünya Fatehi olan bu sultanların, padişahların, liderlərin dövründə onların fəth etdikləri torpaqlarda qurulan məscidlər, türbələr, məqbərələr bu gün də İslam incisi, türkün Tanrı sevgisi kimi dəyərlidir, qiymətlidir. Onların sırasına üzü köçürülərək dünyaya yayılan qədim Qurani-Kərim nümunələrini, təsvirlərini də gəlsək türklərin İslam tarixindəki məqamını dərk etmiş, anlamış olarıq.
“Ədəbiyyat və incəsənət”
(17.04.2026)


