Bu gün SSRİ Xalq artisti Lütfiyar İmanovun doğum günüdür Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycan mədəniyyətinin qızıl adlarından biri!

Musiqi sənətimizin qızıl səsi.

Dünyaşöhrətli opera müğənnisi…

Hamısı bir adda - SSRİ Xalq artisti Lütfiyar İmanovda.

 

Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Lütfiyar İmanov milli musiqinin inkişafında müstəsna xidmətləri olan sənətkarlarımızdandır. Onun klassik opera sənəti və xalq musiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni bir mərhələ təşkil edir.

Lütfiyar İmanov 1928-ci il aprelin 17-də (başqa mənbələrə görə 1929-cu ildə) Petropavlovka kəndində (indiki Sabirabad, Azərbaycan) anadan olub. İlk dəfə məktəbli olarkən −1943-cü ildə Sabirabad Dövlət Dram Teatrında aktyor kimi özünü sınayıb. 18 yaşındaykən dram dərnəyinin rəhbəri olub.

1948-ci ildən Sabirabad şəhər mədəniyyət evində bədii rəhbər işləyib. 1957-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbinin vokal şöbəsini bitirib. 1968-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib.

1954–1956-cı illərdə Azərbaycan televiziya və radiosunun xor solisti olub. 1956–1957-ci ildə Azərbaycan Dövlət Estrada Orkestrinin solisti, 1956–1959-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləyib. İlk dəfə 1957-ci ildə Moskvada Üzeyir Hacıbəyovun "Koroğlu" operasında baş rolda debüt edib.

1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1965-ci ildə Moskvada Böyük Teatrda, 1975-ci ildə İtalyanın Milan şəhərində "La Skala" teatrında təcrübə keçib. 1968-ci ildən başlayaraq 30-dan çox operada baş rolda çıxış edib.

 

Konsertlərdə Azərbaycan və dünya xalqlarının mahnılarını və s. ifa edirdi. İran, İtaliya, Almaniya, Hindistan, Kanada, ABŞ, Türkiyə, bir sıra ərəb öləkələrində və s. qastrol səfərlərində olub. Pedoqoji fəaliyyətlə məşğul olub.

Sovet dönəmində Azərbaycan Dövlət Konservatoriyasında (professor), 1991–1995-ci illərdə İstanbul və İzmirin opera teatrlarında dərs deyib. 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada "Milleniumun mahnısı" festivalında çıxış edib.

Lütfiyar İmanovun adı opera səhnəmizdə aparıcı partiyaların ifaçısı kimi musiqi salnaməmizə həmişəlik həkk olunmuşdur. Ömrünün yarım əsrə yaxın bir dövrünü opera ifaçılığına həsr edən Lütfiyar İmanov musiqi mədəniyyətimizdə daim öz dəst-xətti ilə seçilən bir mədəniyyət xadimi olmuşdur. Tanınmış sənətkarın yüksək səhnə mədəniyyəti, aktyorluq məharəti və güclü səsi ona geniş repertuarla çıxış etməyə imkan vermişdir.

Onun Azərbaycan və dünya klassiklərinin şah əsərlərində ifa etdiyi partiyalar, yaratdığı obrazlar öz dolğunluğu, kamilliyi və təbiiliyi ilə səciyyələnmişdir. Sənət fəaliyyəti boyu təqdirəlayiq uğurlar əldə edən Lütfiyar İmanov milli və dünya klassik opera nümunələri ilə yanaşı, müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları və xalq mahnılarını zövq və ustalıqla oxumuşdur.

 

Repertuarı

- Herman — "Qaratoxmaq qadın" P. İ. Çaykovski

- Manriko — "Trubadur" C. Verdi

- Radames — "Aida" C. Verdi

- Otello — "Otello" C. Verdi

- Hersoq "Riqoletto" D. Verdi

- Xoze — "Karmen" J. Bize

- Faust — "Faust" Ş. Quno

 

Filmoqrafiya

- Azərbaycan elləri (film, 1976)

- Əzablı yollar (film, 1982)

- Görüş (film, 1955)

- Xalq nəğməkarı (film, 1979)

- Koroğlu (film, 1960)

- Lütfiyar İmanov (film, 2002)

- Maestro (film, 2002)

- Nəğməkar torpaq (film, 1981)

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 iyun 1959

- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 7 iyul 1967

- "SSRİ xalq artisti" fəxri adı — 20 yanvar 1977

- "Qırmızı əmək bayrağı" ordeni

- "İstiqlal" ordeni — 16 aprel 1998

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002

 

Yaradıcılığının başlıca qayəsi xalq mənəviyyatına xidmətdən ibarət olan Lütfiyar İmanov ölkəmizin hüdudlarından xeyli uzaqlarda, dünyanın ayrı-ayrı guşələrində mötəbər konsert salonlarındakı çoxsaylı çıxışları ilə Azərbaycan mədəniyyətini daim layiqincə təmsil etmiş və ona şöhrət gətirmişdir. Lütfiyar İmanovun zəngin yaradıcılığı yeni sənətkarlar nəsli üçün əsl örnəkdir.

İctimai xadim kimi də Lütfiyar İmanovun göstərdiyi fəaliyyət təqdirəlayiqdir. O, Azərbaycan Respublikası Ali Sovetinin deputatı və Azərbaycan Teatr Xadimləri İttifaqının sədri kimi Azərbaycan mədəniyyətinin tərəqqisinə layiqli töhfələr vermişdir.

Çoxşaxəli fəaliyyəti bütövlükdə sənətə sonsuz bağlılıq nümunəsi olan Lütfiyar İmanov milli musiqi mədəniyyətinin inkişafı sahəsində mühüm nailiyyətlərinə görə müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı - “İstiqlal” ordeni ilə təltif edilmişdir.

Lütfiyar İmanov 21 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Görkəmli sənətkar, gözəl pedaqoq və təvazökar insan Lütfiyar İmanovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.