Super User
Eyni gündə doğulan iki musiqi dahisindən biri
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
18 sentyabr 1885-ci ildə - eyni gündə Azərbaycanda iki uşaq dünyaya gəldi, ikisi də könlünü musiqiyə verdi və ikisi də dahi oldu – Müslüm Maqomayev və Üzeyir Hacıbəyov.
Müslüm Maqomayev əslən Qax rayonunun İlisu kəndindəndir. Atası Məhəmməd gənc yaşlarında İlisu kəndində dəmirçilik edib və sonralar Vladiqafqaz şəhərinə köçüb. Müslüm 18 sentyabr 1885ci ildə Qroznıda anadan olub. 1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olub. Elə buradan da onun Üzeyir Hacıbəyov ilə dostluğu başlayıb.
Seminariyada təhsil aldığı müddətdə Müslüm Maqomayev skripka və qaboyda əla çalıb. Seminariyada çox zaman tələbələrin iştirakı ilə simfonik və nəfəsli orkestrin konsertləri keçirilib. Simfonik orkestrin baş ifaçısı olan Müslüm Maqomayev dəfələrlə bu konsertlərdə dirijoru əvəz edib. Maqomayev 1904-cü ildə seminariyanı uğurla bitirdiyinə görə skripka və pul mükafatı alıb.
Seminariyanı bitirdikdən sonra təyinatı üzrə Şimali Qafqaza işə göndərilib. 1904–1905-ci illərdə Bekoviçi aulunda məktəb müdiri və nəğmə müəllimi vəzifəsində çalışıb, şagird xoru təşkil edib. 1911-ci ildə Maqomayev Bakı şəhərinə köçüb və burada şəhər kollecində işə başlayıb. Burada müəllimlikdən əlavə, həmçinin yerli işçilərin savadlılığına öyrətdiyi axşam kurslarını təsis edib.
Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şeyx Sənan" operalarına, eləcə də, "O, olmasın, bu olsun", "Arşın mal alan", musiqili komediyalarına dirijorluq edib. Müslüm Maqomayevin Azərbaycan milli teatrının inkişafı, eləcə də, müəllimlik sahəsindəki pedagoji fəaliyyəti onu Üzeyir Hacıbəyovla daha da yaxınlaşdırıb. 1913-cü ildə Magomayev "Sevgi" və "Şah İsmayıl" operalarını yazmağa başlayıb. 1913–1914-cü illərdə "Məhəbbət" adlı (bitməyən) opera yazıb.
O, 1916-cı ildə özünün ilk səhnə əsəri olan "Şah İsmayıl" operasını bitirib. Xalq əfsanəsinə əsaslanan bu operada bəstəkar milli folklor nümunələrindən bacarıqla istifadə edib. Operanın ilk nəşrində çoxsaylı dialoq epizodları olub, musiqi isə improvizasiya və muğam prinsiplərinə əsaslanıb. 1916-cı ildə tamamlanan operanı bəstəkar bir neçə dəfə redaktə edib. 1920-ci ildə Maqomayev Azərbaycan SSR Təhsil İşçilər Birliyinin sədri seçilib.
O, 1921-ci ildə Maqomayev Azərbaycan Xalq Təhsili Komissarlığının incəsənət şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Sonra Azərbaycan Dram Teatrının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru vəzifəsində çalışıb. 1929-cu ildə Maqomayev Azərbaycan Radio Komitəsində musiqi şöbəsinin rəhbəri vəzifəsində işləyib və bu vəzifədə 1931-ci ilə qədər qalıb.
O, 1920–1930-cu illərdə "Azərbaycan incəsənəti", "Raport veririk" kinofilmlərinə, Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "1905-ci ildə" dram tamaşalarına və digər əsərlərə musiqi bəstələyib. Bəstəkar, həmçinin, simfonik orkestr üçün "Azərbaycan çöllərində", "Ceyran", "Turacı", "Şüştər dəramədi", "Çeçen rəqsi", və s. yazmışdır. O, vokal musiqisi sahəsində də öz fəaliyyətini davam etdirib.
"Bahar", "Tarla", "Bizim kənd" mahnıları milli koloriti ilə diqqəti cəlb edib. 1932-ci ildə Koroğlu dastanı hekayəsinə əsasən opera yazmağa başlayıb, lakin Hacıbəyovun eyni mövzuda əsər yazdığını öyrənib və dostunun daha yaxşı bir opera yazacağını düşünərək, layihələri məhv edib. Müslüm Maqomayev yaradıcılığının ən yüksək zirvəsini onun "Nərgiz" operası təşkil edib. Bəstəkar opera üzərində 1932–1935-ci illərdə işləyib.
"Nərgiz" operası Azərbaycan musiqisinin inkişafı tarixində mühüm yer tutub. Maqomayev hesab edirdi ki, improvizasiya üsulundan uzaqlaşmaq operanın melodik quruluşunda milli musiqi nümunələrinə müraciət etmək və operada çoxsəsli xora üstünlük vermək lazımdır. "Nərgiz" operasının tamamlanması ilə əlaqədar olaraq bəstəkar "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.
15 yaxın simfonik əsərlərin, o cümlədən iki opera, marşlar və bir neçə rapsodyanın, azərbaycanlı şairlərin şeirlərinə əsaslanan bir çox vokal əsərlərin müəllifidir. Onun bitməmiş əsərlərindən üçü — "Sevgi" operası, "Dəli Muxtar" baleti və "Xoruz bəy" adlı musiqili komediya. Bundan əlavə, Maqomayev teatr tərtibatına ("Ölülər", "1905-ci ildə") və filmlərə ("Azərbaycan incəsənəti", "Raport veririk") musiqi müşayiətinin müəllifidir.
Operalar
- "Şah İsmayıl"
- "Nərgiz"
Musiqili komediya
- "Xoruz bəy (operetta)"- 4 pərdəli satirik musiqili komediya
Balet
- "Dəli Muxtar (opera)" — 4 pərdəli balet. 1936-cı ildə başlanılıb, bitirilməyib
İnstrumental
1. Simfonik əsərləri — Azərbaycanda ilk dəfə
2. "Ceyran" rapsodiyası
3. "Azərbaycan çöllərində"
4. "Azad olunmuş Azərbaycan qadınının rəqsi"
5. "Dərviş"
6. "Marş RV-8"
7. "Şəlalə"
Mahnılar
- "Yaz"
- "Neft"
- "May"
- "Tarla"
- "Gözəlim"
- "Durna"
Filmoqrafiya
1. Azərbaycan incəsənəti
2. Bəstəkar Müslüm Maqomayev
3. Doğma xalqıma
4. İlisu
5. Lökbatan
6. Müslüm Maqomayev
7. Üzeyir ömrü
Müslüm Maqomayev Azərbaycan musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə və "Nərgiz" operasını yaratdığına görə 13 yanvar 1936-cı ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. 1937-ci il avqust ayının 11-də Xalq Komissarları Sovetinin 5021 saylı iclasının qərarı ilə AK (b) MK-dan xahiş edilib ki, Müslüm Maqomayevin adını əbədiləşdirmək üçün Azərbaycan Dövlət Filarmoniyasına bəstəkarın adı verilsin. Azərbaycan Dövlət Akademik Filarmoniyası Müslüm Maqomayevin adını daşıyır.
1976-cı ildə "Azərbaycanfilm" Kinostudiyasında Bəstəkar Müslüm Maqomayev adlı qısametrajlı sənədli film istehsal olunub. Bakıda İçərişəhərin küçələrindən biri onun adını daşıyır. Bakıda bəstəkarın yaşadığı Nizami küçəsində yerləşən 41 nömrəli evin divarında xatirə lövhəsi asılıb. Müslüm Maqomayev uzun sürən xəstəlikdən sonra 1937-ci il, iyulun 28-də Nalçikdə vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.09.2026)
Milli Musiqi Günündə musiqimizin vitrin görüntüsü
Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Şuşadan dünyaya yayılan səs
Şüşaya son gedişimdə inanın ki hər yerdən qulağıma musiqi sədası gəlirdi. Daşa, torpağa, ağaca, səmaya, suya – hər yerə musiqi həkk edilib sanki.
Elə səslər var ki, onları sadəcə eşitmirsən – tanıyırsan. Tarın ilk mizrabında, kamançanın kövrək avazında, sazın tellərində, xanəndənin nəfəsində doğma bir yaddaş oyanır. Bu səsin haradan gəldiyini soruşmağa ehtiyac qalmır. Çünki o, xalqın öz səsidir.
Azərbaycan üçün musiqi yalnız sənət növü deyil. O, tarixdir, yaddaşdır, mənəviyyatdır, milli özünüdərkin ifadəsidir. Muğamda əsrlərin hikməti, aşıq sənətində xalqın söz və musiqi vəhdəti, xalq mahnılarında gündəlik həyatın duyğuları, professional bəstəkarlıq əsərlərində isə Azərbaycan insanının dünyaya açılan yeni düşüncəsi yaşayır.
Məhz buna görə 18 sentyabr – Milli Musiqi Günü Azərbaycan mədəniyyət təqvimində xüsusi yer tutur.
Bu tarix təsadüfən seçilməyib. 18 sentyabr Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür. Milli Musiqi Günü ölkəmizdə 1995-ci ildən etibarən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunur.
2025-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi qeyd edildi. Prezidentin yubiley sərəncamında o, Azərbaycan bəstəkarlıq məktəbinin banisi, Şərqdə ilk operanın yaradıcısı, musiqişünas-alim, publisist, dramaturq və pedaqoq kimi səciyyələndirilir.
İki böyük sənətkarın doğum günü
18 sentyabr Azərbaycan musiqisi tarixində daha bir maraqlı təsadüflə yadda qalır.
Bu gün həm də böyük bəstəkar və dirijor Müslüm Maqomayevin doğum günüdür. Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin eyni gündə – 18 sentyabr 1885-ci ildə – dünyaya gəlməsi Azərbaycan professional musiqisinin tarixində simvolik məna daşıyan faktlardan biridir.
Bu iki sənətkar XX əsrin əvvəllərində Azərbaycan musiqisinin yeni istiqamətə keçməsində mühüm rol oynadı. Rəsmi mənbələrdə də Milli Musiqi Günü münasibətilə onların hər ikisinin xatirəsinin ehtiramla yad edildiyi vurğulanır.
Deməli, 18 sentyabr təkcə bir bəstəkarın doğum günü deyil. Bu tarix Azərbaycan professional musiqisinin təşəkkülünü, milli bəstəkarlıq məktəbinin yaranmasını və sonrakı böyük musiqi ənənəsinin başlanğıcını xatırladan gündür.
Üzeyir Hacıbəyli: milli musiqidə böyük dönüş
Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətindəki rolunu yalnız bəstəkar sözü ilə ifadə etmək mümkün deyil.
O, musiqi bəstələdi, opera yaratdı, musiqi təhsili ilə məşğul oldu, publisistik yazılar yazdı, milli musiqi haqqında nəzəri fikirlər irəli sürdü. Onun fəaliyyəti Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini bir-birinə bağlayan böyük bir yaradıcılıq hadisəsinə çevrildi.
1908-ci ildə səhnəyə qoyulan “Leyli və Məcnun” operası bu tarixdə dönüş nöqtəsi oldu. Əsər Azərbaycan professional musiqi teatrının əsasını qoyan mühüm hadisələrdən biri kimi tarixə düşdü və Şərqdə opera sənətinin inkişafında yeni mərhələ açdı.
Burada ən mühüm cəhətlərdən biri Şərq və Qərb musiqi ənənələrinin yaradıcı şəkildə qovuşması idi.
Üzeyir bəy milli musiqi yaddaşının mühüm elementlərindən olan muğamdan istifadə etməklə opera janrına Azərbaycan nəfəsi gətirdi.
Bu, sadəcə musiqi texnikası deyildi. Bu, milli düşüncənin yeni bədii formada ifadəsi idi.
Sonrakı illərdə “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi əsərlər Azərbaycan musiqili teatrının və dramaturgiyasının klassik nümunələrinə çevrildi.
“Arşın mal alan” isə Azərbaycan sərhədlərini aşaraq müxtəlif ölkələrdə səhnələşdirildi, ekranlaşdırıldı və dünya tamaşaçısına Azərbaycan musiqisini, məişətini və milli yumorunu tanıtdı.
“Koroğlu” – qəhrəmanlığın musiqi dili
Üzeyir Hacıbəylinin yaradıcılığının zirvələrindən biri isə “Koroğlu” operasıdır.
Burada xalq dastanının qəhrəmanlıq ruhu professional opera dili ilə ifadə olunur.
“Koroğlu”nun musiqisində Azərbaycan milli intonasiyaları ilə böyük simfonik düşüncə bir araya gəlir. Koroğlunun obrazı vasitəsilə azadlıq, mübarizə, mərdlik və xalq ruhu musiqiyə çevrilir.
Bu əsər göstərdi ki, milli musiqi ənənəsi dünya professional musiqisinin imkanları ilə qarşı-qarşıya deyil. Əksinə, həmin imkanlardan istifadə etməklə milli musiqi daha geniş auditoriyaya çıxa bilər.
Bu fikir sonrakı Azərbaycan bəstəkarları nəslinin yaradıcılığında da öz davamını tapdı.
Şuşa – musiqinin şəhəri
Azərbaycan musiqisindən danışarkən Şuşanı xatırlamamaq mümkün deyil.
Şuşa yalnız Azərbaycanın tarixi şəhəri deyil. O, həm də milli musiqi mədəniyyətimizin ən mühüm beşiklərindən biridir.
Bu şəhər xanəndələr, tarzənlər, bəstəkarlar yetişdirib. Şuşanın musiqi mühiti XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan musiqi mədəniyyətinin formalaşmasına böyük təsir göstərib.
Şuşa musiqi məktəbinin ən böyük xüsusiyyəti burada sözlə musiqinin, poeziya ilə ifanın, muğamla insan duyğusunun ayrılmaz olması idi. Bu ənənə Azərbaycan xanəndəlik məktəbinin inkişafında xüsusi rol oynadı.
Muğam – əsrlərin səsi
Azərbaycan musiqisinin dünya səviyyəsində ən çox tanınan simalarından biri də muğamdır.
Muğamı yalnız “musiqi janrı” adlandırmaq onun mahiyyətini tam ifadə etmir. Bu sənət həm ifaçılıq ustalığı, həm improvizasiya, həm də böyük musiqi yaddaşı tələb edir.
UNESCO Azərbaycan muğamını Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına 2008-ci ildə daxil edib; sənət nümunəsi daha əvvəl – 2003-cü ildə – UNESCO tərəfindən “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri” elan edilmişdi. UNESCO muğamı böyük dərəcədə improvizasiyaya əsaslanan ənənəvi musiqi forması kimi xarakterizə edir.
Muğamın gücü ondadır ki, onun melodik quruluşu müəyyən çərçivələrə əsaslansa da, ifaçıya böyük yaradıcılıq sərbəstliyi verir. Ona görə eyni muğamı iki böyük xanəndə ifa etdikdə, biz eyni əsəri deyil, iki fərqli sənət dünyasını dinləyirik.
Bu, muğamın canlı sənət olmasının əsas səbəblərindən biridir.
Cabbar Qaryağdıoğlundan Bülbülə
Azərbaycan vokal sənətinin tarixində Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Rəşid Behbudov kimi sənətkarların xüsusi yeri var.
Cabbar Qaryağdıoğlu muğam ifaçılığının böyük ustadlarından biri kimi xanəndəlik məktəbinin inkişafında mühüm rol oynadı.
Seyid Şuşinski klassik xanəndəlik ənənəsini yüksək ifaçılıq səviyyəsində davam etdirdi.
Bülbül isə Azərbaycan vokal sənətində Şərq və Qərb ifaçılıq məktəblərinin sintezinin ən parlaq nümunələrindən birini yaratdı. O, həm xalq mahnılarının, həm muğamın, həm də klassik vokal repertuarının mahir ifaçısı kimi tanındı.
Rəşid Behbudov Azərbaycan mahnısını dünya səhnələrinə çıxaran sənətkarlardan biri oldu. Onun səsində Azərbaycan melodiyasının xüsusi lirizmi və milli intonasiyası beynəlxalq auditoriyaya çatdı.
Beləliklə, Azərbaycan musiqisinin dünyaya çıxışında bəstəkar qədər ifaçı da mühüm missiya daşıdı.
Üzeyir məktəbindən Qara Qarayevə
Üzeyir Hacıbəylinin yaratdığı bəstəkarlıq məktəbi sonrakı nəsillər üçün böyük yaradıcılıq zəmininə çevrildi.
Qara Qarayev Azərbaycan professional musiqisini XX əsr dünya bəstəkarlıq prosesinin müasir istiqamətləri ilə əlaqələndirən böyük sənətkarlardan biri oldu. Onun yaradıcılığında simfonik musiqi, balet, kamera musiqisi və digər janrlar mühüm yer tutur.
Fikrət Əmirov isə milli musiqi intonasiyalarını simfonik janrla yeni şəkildə birləşdirdi. Onun yaratdığı simfonik muğamlar Azərbaycan musiqisinin ən mühüm yeniliklərindən biri kimi qiymətləndirilir.
Niyazi Azərbaycan dirijorluq məktəbinin ən böyük simalarından biri olmaqla yanaşı, bəstəkar kimi də milli musiqi mədəniyyətinə töhfələr verdi.
Arif Məlikov isə Azərbaycan musiqisinin balet və simfonik janrlarda inkişafına böyük töhfə verən bəstəkarlardan biri oldu. Prezidentin Milli Musiqi Günü ilə bağlı 2023-cü il müraciətində onun əsərlərinin Azərbaycan mədəniyyətinin “qızıl fondu”na daxil olduğu vurğulanır.
Bu adları birləşdirən əsas xüsusiyyət isə budur: onlar milli musiqi ənənəsini təkrarlamaqla kifayətlənmədilər, onu inkişaf etdirdilər.
Vaqif Mustafazadə: muğamın cazla görüşü
Azərbaycan musiqisinin XX əsrdə dünyaya təqdim etdiyi ən orijinal hadisələrdən biri də muğam-caz sintezidir.
Bu istiqamətin ən parlaq nümayəndəsi Vaqif Mustafazadə oldu. O, caz improvizasiyası ilə Azərbaycan muğamının melodik və ritmik imkanlarını bir araya gətirdi. Nəticədə Azərbaycan cazı yarandı – həm milli, həm də universal səslənən bir musiqi dili.
Vaqif Mustafazadənin yaradıcılığı göstərdi ki, milli musiqi öz köklərindən ayrılmadan da dünya musiqisinin müasir cərəyanları ilə dialoqa girə bilər. Bu baxımdan Azərbaycan musiqisinin tarixi bir-birini əvəz edən mərhələlərdən daha çox davamlı yenilənmə tarixidir.
Sazın səsi
Azərbaycan musiqisinin yalnız akademik səhnəsi yoxdur. Kənddə, el məclisində, toyda, aşıq məclisində səslənən saz da bu böyük mədəniyyətin mühüm hissəsidir.
Aşıq sənəti söz, musiqi, dastan və ifaçılığın vəhdətidir. Aşıq həm musiqiçidir, həm şair, həm də xalq yaddaşının daşıyıcısıdır.
UNESCO Azərbaycan aşıq sənətini 2009-cu ildə Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edib. Azərbaycanla bağlı UNESCO siyahısında tar ifaçılığı sənəti də 2012-ci ildən yer alır.
Beləliklə, muğam, aşıq sənəti və tar kimi ənənələr Azərbaycanın musiqi irsinin beynəlxalq səviyyədə tanınmış elementlərinə çevrilib.
Tar – üç əsrin musiqi yolçusu
Tar Azərbaycan musiqisinin simvollarından biridir. Onun səsi muğamla o qədər sıx bağlıdır ki, tarı Azərbaycan musiqi mədəniyyətindən ayrı təsəvvür etmək çətindir.
Tar ifaçılığı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bu ənənənin beynəlxalq səviyyədə tanınmasının göstəricilərindən biridir.
Tarın səsində həm qədimlik, həm də müasirlik var. O, muğamın klassik ifasında olduğu kimi, müasir orkestr və müxtəlif musiqi layihələrində də səslənə bilir. Bu da milli musiqi alətinin zamanla necə dəyişmədən, lakin yeni mühitlərə uyğunlaşaraq yaşaya bildiyini göstərir.
Dövlət himninin müəllifi
Üzeyir Hacıbəylinin adı Azərbaycanın dövlətçilik tarixində də xüsusi yer tutur.
1919-cu ildə Üzeyir Hacıbəyli və Əhməd Cavadın yaratdığı “Azərbaycan marşı” sonradan Azərbaycan Respublikasının Dövlət Himninə çevrildi.
Azərbaycanın rəsmi məlumatına görə, 1992-ci ildə Milli Məclis həmin əsəri Dövlət Himni kimi təsdiq edib; hazırkı hüquqi təsdiq isə 2018-ci il Konstitusiya Qanunu ilə rəsmiləşdirilib. Himnin musiqisi Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsusdur. Bu fakt Üzeyir Hacıbəyli yaradıcılığının başqa bir xüsusiyyətini ortaya qoyur: Onun musiqisi həm səhnədə səslənir, həm xalqın yaddaşında yaşayır, həm də dövlətin rəsmi musiqi rəmzlərindən birinə çevrilir.
Musiqi sərhədləri aşanda
Azərbaycan musiqisinin dünya ilə dialoqu bu gün də davam edir.
Muğam festivalları, beynəlxalq musiqi layihələri, Azərbaycan bəstəkarlarının əsərlərinin xarici ölkələrdə səsləndirilməsi, azərbaycanlı dirijor və ifaçıların beynəlxalq səhnələrdə çıxışları milli musiqi mədəniyyətimizin coğrafiyasını genişləndirir. Lakin bu prosesin ən mühüm tərəfi yalnız “dünyada tanınmaq” deyil. Əsas məsələ milli musiqinin öz mahiyyətini qoruyaraq dünya musiqi prosesinə qoşulmasıdır. Üzeyir Hacıbəylinin bir əsrdən artıq əvvəl etdiyi də məhz bu idi. O, milli musiqidən imtina etmədi. Əksinə, milli musiqinin imkanlarını genişləndirdi.
Yeni nəslin qarşısında duran məsələ
Milli Musiqi Günü həm də bir sual doğurur: Bizə miras qalan böyük musiqi ənənəsini gələcək nəsillərə necə çatdıracağıq? Çünki mədəni irsi qorumaq yalnız köhnə əsərləri təkrar ifa etmək demək deyil. Əsl qoruma – həmin irsin yeni yaradıcı düşüncə üçün mənbəyə çevrilməsidir.
Üzeyir Hacıbəyli özündən əvvəlki musiqi irsini təkrarlamadı. Qara Qarayev onu yeni bəstəkarlıq dili ilə inkişaf etdirdi. Fikrət Əmirov muğamı simfonik musiqi ilə qovuşdurdu. Vaqif Mustafazadə muğamı cazla görüşdürdü.
Sonrakı nəsillər də müxtəlif janr və üslublarda bu irsi davam etdirdilər. Deməli, milli musiqinin gələcəyi onun keçmişini nə qədər yaxşı bilməyimizlə yanaşı, həmin keçmişdən nə yarada bilməyimizdən də asılıdır.
Sonda...
18 sentyabr təqvimdəki adi günlərdən biri deyil. Bu tarix bizə bir xalqın musiqisinin necə professional məktəbə çevrildiyini, muğamın necə dünya mədəni irsinə daxil olduğunu, Şuşanın necə musiqi beşiyinə çevrildiyini, bir bəstəkarın yaratdığı məktəbin neçə nəsil sənətkar yetişdirdiyini xatırladır.
Bu gün Üzeyir Hacıbəylinin adı ilə başlayır, amma yalnız onun adı ilə bitmir. Çünki Üzeyir bəyin ən böyük əsərlərindən biri, bəlkə də, özündən sonra yaratdığı musiqi ənənəsidir. O ənənədə Qara Qarayev var. Fikrət Əmirov var. Niyazi var. Arif Məlikov var. Vaqif Mustafazadə var. Bülbül var. Rəşid Behbudov var. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Azərbaycan musiqisinin adlarını bir məqaləyə sığdırmaq mümkün olmayan yüzlərlə böyük sənətkarı var. Və onların hər birinin səsində Azərbaycan var.
Bugünkü diringi musiqi dəbi gedəcək, bu gün trenddə olan musiqi və müğənnilər yox olacaqlar, amma adlarını sadaladığım dahilər qalacaq. Bəzən bir tar mizrabında. Bəzən kamançanın kövrək avazında. Bəzən xanəndənin nəfəsində. Bəzən simfonik orkestrin möhtəşəm sədalarında. Bəzən də bir uşağın ilk dəfə sazın telinə toxunmasında...
Musiqi xalqın yaddaşıdır. Yaddaş yaşadıqca musiqi də yaşayır. 18 sentyabr isə Azərbaycan musiqisinin keçmişinə ehtiramla baxıb gələcəyə qulaq asdığımız gündür. Bayramınız mübarək, musiqisevərlər!
“Ədəbiyyat və incəsənət”
(18.09.2026)
Bu günün adı – böyük hərflərlə ÜZEYİR HACIBƏYOV
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür və bu bayram məhz onun – Üzeyir Hacıbəyovun adı ilə bağlıdır.
Dahi Azərbaycan, daha geniş mənada Şərq bəstəkarı, yaratdığı əsərlər 100 il ötsə belə aktuallığını qoruyub saxlayan, repertuarlardan düşməyən Üzeyir bəy Hacıbəyov!
Üzeyir Hacıbəyov 18 sentyabr 1885 tarixində Ağcabədidə anadan olub. Doğulduqdan qısa müddət sonra Hacıbəyovlar ailəsi Azərbaycan mədəniyyətinin ən böyük mərkəzlərindən biri olan Şuşa şəhərinə köçüb və Üzeyir məhz burada böyüyüb. Gələcək bəstəkarın atası uzun müddət məşhur Azərbaycan şairəsi, ictimai xadim və Qarabağ xanının qızı Xurşidbanu Natəvanın şəxsi katibi olub, hansı ki bəstəkarın tərbiyəsinə böyük təsiri olub.
Üzeyirin anası Şirin Əliverdibəyova şairənin evində böyümüşdür, bəstəkarın babası və Natəvan isə süd bacı-qardaşı olublar. Natəvanla tanışlıq gənc Üzeyir üçün ən yaxşı musiqi icmaları, Şuşanın məclislərinə yol açıb. Gənc yaşlarında muğam ifaçılığı dərsləri alıb və Azərbaycan xalq musiqi alətlərində çalmağı öyrənib. Əbdürrəhim bəy Haqverdiyev və Cabbar Qaryağdıoğlunun 1897-ci ilə aid "Leylinin qəbri üzərində Məcnun" ("Leyli və Məcnun" sevgi dastanından bir epizod) adlı teatr əsərində 13 yaşlı Üzeyir qoşma xorda oxuyub.
Mədrəsə təhsilini və ikiillik rus-tatar məktəbini bitirdikdən sonra, 1899–1904-cü illərdə Qori şəhərindəki müəllimlər seminariyasında oxuyub. Məhz orada o, skripka, violonçel və nəfəs alətlərində ifa etmək bacarıqlarına yiyələnib. Bundan başqa gələcək bəstəkar Müslüm Maqomayevlə (müğənni Müslüm Maqomayevin babası) tanış olub. Növbəti dörd il ərzində Hadrut və Bakı məktəblərində müəllimlik fəaliyyəti ilə məşğul olub. Mətbuatda ilk məqaləsi 1904-cü ildə Kaspi qəzetində çap olunub.
1905-ci ildə Bakıda ilk öncə Bibi-Heybət məktəbində, daha sonra "Səadət" məktəbində dərs deyib və orada Azərbaycan dili, riyaziyyat, coğrafiya, tarix və eyni zamanda rus dilini öyrədib. Elə o vaxtı Həyat qəzetində tərcüməçi olaraq işə başlayıb, sonra İrşad qəzeti ilə əməkdaşlıq edib. 1911-ci ildə sistematik musiqi təhsili almaq məqsədilə Moskvaya yola düşüb. Bir il ərzində Moskva Filarmoniya Cəmiyyəti yanında musiqi kurslarında Aleksey İlyinskidən dərs alıb (solfecionu Nikolay Laduxin, harmoniyanı Nikolay Sokolovski keçirdi), ondan sonra Sankt-Peterburqa köçüb və orada konservatoriyada bir il oxuyub (müəllimi Vasili Kalafati olmuşdur).
Dostu Müslüm Maqomayev Hacıbəyovun maddi dəstəyini tamamilə öz üzərinə götürüb. 1912-ci ildə Jeleznovodskda olarkən Hacıbəyov M. Maqomayevə yazırdı:
ƏZİZ MÜSLÜM
Biz artıq 21 iyundan Jeleznovodskdayıq. Malikə müalicə olunmağa başlayır, mən isə fortepiano öyrənməyə başladım. Mən burada həftədə 3 dərs deyən və hər gün pianodan istifadə etməyə icazə verən müəllim tapdım, ayda cəmi 15 rubla.
Hələ Bakıda olarkən Malikə və mən Şuşaya getmək və orada tamaşalar vermək qərarına gəldik; Notların bir hissəsinin Sizin mənzilinizdə olduğunu bildiyimizdən, Məlikə ilə Sizin mənzilinizə getdik və notları götürdük; lakin Şuşa işi baş tutmadı, notlar Camaldadır. Bizimkilər Maştağı bağlarına köçdülər. Bakıya gedəndə yaz. Mən də Moskvaya yola düşməmişdən əvvəl yazacam. Makkinin səhhəti barədə xəbər ver, orada yaşayışınız necədir? Burada çox da darıxmırıq, bəzən qrup halında gəzirik. Məlikə və məndən Badyuşa, anaya, Camul, Makka və bütün dostlarınıza salamlarımı göndər.
Sənin Üzeyirin.
3 iyul 1912-ci il.
Jeleznovodsk.
İnjenernı döngəsi, daça № 9
1914–1918-ci illərdə "Yeni iqbal" qəzetinin redaktoru, sonra sahibi olub, daha sonra "Azərbaycan" qəzetinin redaktoru olub. 1918-ci ilin iyunundan sentyabr ayınadək Azərbaycan opera sənətçilərinin İranın Ənzəli və Rəşt şəhərlərinə qastrol səfərini idarə edib. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulub. Elə həmin il bəstəkar Azərbaycan SSR Xalq Maarifləndirmə Komissarlığına musiqi akademiyası və milli konservatoriya açmağın zəruriliyi, habelə keçmiş musiqi məktəblərinin binalarının onlara verilməsi barədə hesabat təqdim edib.
Sonrakı illərdə onun təşəbbüsü ilə yaradılan Azərbaycan Türk Musiqi Məktəbinə (indiki Asəf Zeynallı adına Bakı Musiqi Kolleci) rəhbərlik edib. 1925-ci ildə Bakı İşçi Xalq Deputatları Sovetinin deputatı seçilib, növbəti ildə isə Azərbaycan Konservatoriyasının prorektoru olub. Bəstəkarın ən yaxşı əsəri 1936-cı ildə yazılan "Koroğlu" operası hesab olunur. Bu əsərinə görə Üzeyir Hacıbəyova 1941-ci ildə "Stalin" mükafatı verilib. Ümumilikdə, o, 7 opera və 3 operetta yazıb:
"Ər və arvad" (1909), "O, olmasın bu olsun" (1910) və "Arşın mal alan" (1913). Hacıbəyov "Koroğlu" operası xaricində bütün əsərlərinin librettosunun müəllifi olub. Onun həmçinin yarımçıq qalan "Firuzə" operası olub. Bu əsəri bəstəkar İsmayıl Hacıbəyov tamamlayıb. Üzeyir Hacıbəyli Nizami Gəncəvinin sözlərinə "Sənsiz" (1941) və "Sevgili canan" (1943) kimi əsərlər yaradaraq "romans-qəzəl" adlı kamera vokal musiqisinin yeni janrını kəşf edib. Bundan əlavə, Hacıbəyov həm də Azərbaycan opera məktəbinin qurucusu hesab olunur.
Üzeyir Hacıbəyov ilk Azərbaycan operasını (muğam operası) 1907-ci ildə yazmağa başlayıb. O, 1908-ci ilə qədər tamamlanıb və daha sonra ilk dəfə Bakıda, neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə məxsus teatrda tamaşaya qoyulub. Operanın tamaşaya ilk dəfə qoyulmasında həm Azərbaycan SSR-in, həm də sonradan müstəqil Azərbaycanın populyar musiqi və ictimai xadimləri olacaq Azərbaycan mədəniyyət xadimləri iştirak edib.
Tar çalan, sonradan məşhurlaşan Qurban Pirimov olub, Hüseynqulu Sarabski Məcnun rolunu oynayıb. Sarabski, 1930-cu ildə nəşr olunan xatirələrində yazır:
"…Bu tamaşadan sonra bir çoxları məni Məcnun çağırmağa başladılar. Mən bu adın dəyərini bilirdim, mən onunla fəxr edirdim. Əvvələr küçədə məni istehza ilə qarşılayan insanlar indi məni hörmət və məhəbbətlə qəbul edirdi. "
— (H. Sarabski, Xatirələr)
Bəstəkarın "Leyli və Məcnun" əsəri muğam operası və ümumilikdə Azərbaycan operası janrının təməlini qoyub. Sonralar o, xatıralyırdı:
"O vaxtı mən, operanın müəllifi ancaq solfecionun əsaslarını bilirdim və harmoniya, kontrapunkt musiqi formaları haqqında heç bir fikrim yox idi.. Bununla belə "Leyli və Məcnunu" müvəffəqiyyəti böyük idi. Bu, mənim fikrimcə, onunla izah olunurdu ki, Azərbaycan xalqı artıq səhnədə öz Azərbaycan operasını görmək istəyirdi, "Leyli və Məcnun"da isə həqiqi xalq musiqisi populyar klassik mövzu ilə birləşdirilmişdir."
"Arşın mal alan" bəstəkarın sonuncu və ən populyar operettalarındandır. O, 1913-cü ildə Sankt-Peterburqda yazılıb. Operettada hadisələr Şuşa şəhərində baş verir. Rəşid Behbudovun qızı Rəşidə "Arşın Mal Alan"ın yaranma hekayəsini belə təsvir edir:
"… Mənim babam Məcid bəy Behbudalı, keçmişdə Behbudovlar nəsili belə adlanırmış, qeyri-adi səsə malik imiş, xalq mahnılarını mükəmməl ifa edirmiş və 30 yaşında artıq peşəkar bir müğənni olmuşdur. Bundan əvvəl isə atasına kömək edirmiş: bir qutu ipək yığaraq o vaxt yaşadıqları Şuşa küçələrini gəzir və yerli modapərəstləri mallara baxmağa dəvət edirdi: "Arşin mal alan, arşin mal alan…". Xırdavatçının ifadəli siması gələcək bəstəkar Üzeyir Hacıbəyovun uşaqlıq xatirəsinə o qədər həkk olundu ki, sonradan o, bu süjeti "Arşın mal alan" operettasında istifadə etdi…"
Sonralarda "Arşın mal alan" 75-dən çox dilə tərcümə edildi və 76 ölkədə 187 teatrda səhnəyə qoyulub: Gürcüstanın 16 şəhərində, Bolqarıstanın 17 şəhərində, ABŞ-nin 13 ştatında, Polşanın 17 şəhərində (1500 dəfə), Rusiyanın 28 şəhərində, Çinin 8 şəhərində və s. 1919-cu ildə Hacıbəyov qardaşlarının truppası Türkiyənin İstanbul şəhərinə qastrola gəlib. Bu qastrollar o qədər uğurlu alındı ki, Azərbaycan artistləri İstanbulda yerləşən "Şərq" teatrını bir neçə ay icarəyə götürməli olublar. 4 iyul 1925-ci ildə Parisin "Femina" teatrında premyerası baş tutan "Arşın mal alan" operettasının tamaşa edilməsi xüsusilə vurğulamağa dəyər. Müəllifin qardaşı Ceyhun bəy əsəri fransız dilinə tərcümə etmişdir. Rolları Fransa artistləri Derval (Sultan bəy), Monte (Əsgər), Passani (Gülçöhrə), Maqali (Asya) və başqaları ifa etdilər. Məşhur Polşa dramaturqu S. Povolotski xatırlayır:
“…Mən Əsgrəin ariyasını ilk dəfə möhtəşəm müğənni Rəşid Behbudovun ifasında dinlədim. Sonra mən əsas rolda Rəşid Behbudovun olduğu "Arşin mal alan" filmini izlədim. Film mənə çox təsir etdi və mən onu sevdim. Bir müddət sonra sevilən müğənni bir daha Polşaya qastrol səfərinə gəlir. Hər konsertdə ifa etdiyi "Arşin mal alan"dan Əsgər ariyasını Polşa dilində mən bir daha dinlədim. Növbəti konsertdən sonra Rəşid Behbutova yaxınlaşdım və "Arşın mal alan"ı polyak dilinə tərcümə etmək arzumu onunla bölüşdüm. Müğənni təklifimi bəyəndi…”
1910-cu ildə yazılan "O, olmasın, bu olsun" operettası bəstəkarın ikinci musiqili komediyasıdır ("Ər və arvad"dan sonra). Onun premyerası 25 aprel (8 may) 1911-ci ildə Bakıda Mayılov qardaşlarının teatrında (indiki M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı) baş tutdu. Teatr tamaşasının aktyor heyəti bunlardan ibarət olub : Məşədi İbad – Mirzəağa Əli oğlu Əliyev, Sərvər – Hüseynqulu Məlik oğlu Sarabski, Rüstəm bəyin qızı Gülnaz – Əhməd Bəşir oğlu Ağdamski, Həsən bəy – Məmməd Hənəfi Həsən oğlu Terequlov. Teatr tamaşasının dirijoru komediyanın müəllifi özü olub. Bu komediyanın bir neçə səhnə redaksiyası olub, o, bir çox dillərə tərcümə edilib və Cənubi Qafqaz, Türkiyə, Bolqarıstan, Yəmən və s. ölkələrin şəhərlərində uğurla səhnəyə qoyulub.
Komediyanın librettosu ilk dəfə 1912-ci ildə Bakı şəhərində, Orucov Qardaşları Mətbəə Nəşriyyatında çap olunub. Əvvəlcə o, üç pərdəli olub, 1915-ci ildə hamam səhnəsi yazıldıqdan sonra isə dörd pərdəli musiqili komediyasına çevrilib. Musiqi üçün Üzeyir Hacıbəyov Azərbaycan xalq musiqisindən və muğamdan, mətn üçün isə Füzulinin qəzəllərindən istifadə edib. Komediyanın baş qəhramanı əlli yaşlı Məşədi İbad adlı tacirdir, hansına ki kasıblamış Rüstəm bəy Gülnaz adlı öz on beş yaşlı qızını ərə verib. Ancaq komediyanın sonlarına yaxın Gülnazın aşiq olduğu Sərvər adlı tələbə Məşədi İbadı aldatmağı bacarır və nəticədə o, "o olmasın, bu olsun" deyərək Gülnazla deyil, qulluqçu Sənəmlə evlənir.
"O olmasın, bu olsun" komediyası inqilabdan əvvəlki Azərbaycan teatr sənətində ən cəsarətli və prinsipial əsərlərdən biri hesab olunur, hansındaki Hacıbəyov XIX sonu — XX əsrin əvvəli Azərbaycan həqiqətlərindəki ictimai və məişət ziddiyyətlərini göstərməyi bacarıb. Ancaq Metyu O'Braynın qeyd etdiyi kimi, Üzeyir Hacıbəyovun bu komediyasının mərkəzində qadın hüquqlarının dəstəyi dayanıb. Bu komediya 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyası tərəfindən ekranlaşdırılıb. "O olmasın, bu olsun" filmi də tamaşaçıların rəğbətini qazanıb.
Filmoqrafiya
1. Üzeyir ömrü
2. Cavid ömrü
3. Bir arşın malçı əhvalatı
4. Bülbül və Asəf
Mükafatları
1. "SSRİ xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR xalq artisti" fəxri adı
3. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
4. "Stalin" mükafatı (2-ci dərəcə) — 1941 ("Koroğlu" operasına görə)
5. "Lenin" ordeni
6. "Qırmızı əmək bayrağı" ordeni
1947-ci ildə şəkərli diabetdən əziyyət çəkən Üzeyir Hacıbəyovun vəziyyəti ağırlaşıb və səhv təyin olunan müalicə səbəbindən daha da mürəkkəbləşib. Moskva şəhərinin Kremlin xəstəxanasında müalicə almağa başlayıb, daha sonra Mərdəkandakı dövlət sanatoriyasına köçürülüb. 1948-ci il noyabrın 23-də, gecə saat 2 radələrində bəstəkar Bakıda, "Monolit" binasının dördüncü mərtəbəsindəki mənzilində ürək çatışmazlığından vəfat edib. Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.09.2026)
Gərək darıxdığın adamın darıxdığı adam olasan
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Söz yox ki, insanın darıxmağı bir adın ətrafında başlayır. Bir səs, bir baxış, bir cümlə, hətta heç vaxt demədiyi bir “qal” sözü belə insanın içində uzun-uzadı yaşayır. Darıxmaq qəribə hissdir. Nə qədər susursan, bir o qədər böyüyür. Nə qədər gizlədirsən, bir o qədər özünü göstərir.
Amma məncə, darıxmağın ən ağır tərəfi darıxdığın insanın sənin üçün darıxıb-darıxmadığını bilməməkdir.
Çünki insan sevdiyi adamın da onu axtarmasını istəyir. Gecənin bir vaxtı telefonuna baxıb səni xatırlamasını, küçədə sənin sevdiyin bir qoxunu duyanda dayanıb düşünməsini, eşitdiyi bir mahnıda sənin səsini eşitməsini istəyir. İstəyir ki, onun da içində sənin adını daşıyan, heç kimin bilmədiyi bir yer olsun.
Gərək darıxdığın adamın darıxdığı adam olasan...
Yoxsa necə ağırdır, bilirsənmi? Sən onun yoxluğunu sayırsan, o isə sənin yoxluğundan xəbərsiz yaşayır. Sən hər gün bir xatirəni yenidən yaşayırsan, o isə bəlkə də həmin xatirəni çoxdan unutmuş olur. Sən bir mesajın gələcəyinə ümid edirsən, o isə bəlkə də heç telefonuna baxmadan gününü keçirir.
Sevgi yalnız birini sevmək deyil. Sevgi qarşı tərəfin qəlbində də özünə bir yer tapmaqdır. Çünki insan birtərəfli sevgidə yorulur. Bir müddət gözləyir, sonra susur, daha sonra isə öz-özünə sual verməyə başlayır: “Mən onun üçün doğrudanmı önəmliyəm?”
Əsl xoşbəxtlik isə odur ki, darıxanda qarşı tərəfin də darıxdığını biləsən. Sənin “kaş yanımda olaydı” dediyin anda onun da səni düşünməsi... Sənin baxdığın yola onun da gözlərinin dikilməsi... Sənin ürəyində böyüyən boşluğun onun ürəyində də hiss olunması...
Bəlkə də sevginin ən gözəl tərəfi budur: iki insanın bir-birindən uzaqda olsa belə, eyni anda bir-birini düşünməsi.
Çünki bəzi insanlar üçün darıxmaq sadəcə həsrət deyil. Darıxmaq - “sən mənim üçün hələ də önəmlisən” deməyin səssiz formasıdır.
Və insan həyatında elə birini arzulayır ki, onun yanında özünü izah etməyə ehtiyac qalmasın. Darıxanda bunu gizlətməsin. Gedəndə arxasınca baxsın. Qayıdanda sevinsin. Səsini eşidəndə içində nəsə dəyişsin.
Gərək darıxdığın adamın darıxdığı adam olasan...
Çünki sevgi, yalnız bir ürəyin digərinə tərəf getməsi deyil. Əsl sevgi iki ürəyin bir-birini axtarmasıdır.
Və bəlkə də dünyada bundan gözəl hiss yoxdur: sənin üçün darıxan birinin olması.
“Ədəbiyyat və incəsənət”
(18.09.2026)
Oyun dünyasından ağ ekranlara: "Ölümcül döyüş" Mortal Kombat fenomeni
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
"Ölümcül döyüş" Mortal Kombat, oyun sənayesinin ən qanlı və ən populyar franşizalarından biri olmaqla bərabər, həm də Hollivudda videooyun adaptasiyası bumunun əsasını qoyan vizual mədəniyyət fenomenidir. İlk olaraq 1992-ci ildə Ed Bun və Con Tobias tərəfindən yaradılan döyüş oyunu, qısa müddətdə böyük ekranların da bəzəyinə çevrilmişdir.
1995-ci il klassikası: İlk uğurlu addım
O dövrdə "Super Mario Bros." və "Double Dragon" kimi uğursuz cəhdlərdən sonra Hollivudda videooyunların ekranlaşdırılmasına şübhə ilə yanaşılırdı. Lakin 18 avqust 1995-ci ildə rejissor Pol U. S. Andersonun rəhbərliyi ilə buraxılan Mortal Kombat 1995 filmi bütün stereotipləri qırdı:
Süjet xətti:
Şər qüvvələrin sehrbazı Şan Szunun rəhbərliyi altında Yer krallığını Earthrealm ələ keçirmək planlarına qarşı İldırım tanrısı Lord Reyden üç döyüşçü seçir. Şaolin rahibi Lui Kanq, Hollivud aktyoru Conni Keyc və xüsusi təyinatlı zabit Soniya Bleyd bəşəriyyətin taleyini həll edəcək turnirə qatılırlar.
Kassa uğuru:
Cəmi 20 milyon dollar büdcəsi olan film, dünya miqyasında 122 milyon dollardan çox gəlir əldə edərək böyük bir kommersiya uğuruna imza atdı.
Musiqi:
Filmin əsas musiqisi olan elektron "Techno Syndrome" parçası bu gün də idman və döyüş dünyasının ən tanınan saundtreklərindən biridir.
Təəssüf ki, 1997-ci ildə çəkilən davam filmi "Mortal Kombat: Annihilation" zəif ssenari və bərbad vizual effektlərə görə həm tənqidçilər, həm də fanatlar tərəfindən uğursuzluqla qarşılandı.
2021-ci il yenidən başlanğıc
Uzunmüddətli fasilədən sonra, Warner Bros. franşizanı kinoteatrlara qaytarmaq qərarına gəldi. 2021-ci ildə Saymon MakQuoydun rejissorluğu ilə Mortal Kombat 2021 təqdim olundu.
Yeniliklər:
Filmdə oyunlarda olmayan tamamilə yeni baş qəhrəman MMA döyüşçüsü Koul Yanq Cole Young təqdim edildi. Onun Skorpion nəslindən olduğu məlum olur.
Brutallıq:
1995-ci il filminin əksinə hansı ki PG-13 reytinqi almışdı, 2021-ci il adaptasiyası oyunun vizit kartı olan "Fatality" (amansız ölüm fəndləri) səhnələrini tam qanuniliyi ilə əks etdirən "R" +18 reytinqi ilə buraxıldı.
Müasir dövr: "Mortal Kombat II" 2026
Yeni seriyanın qazandığı rəğbətdən sonra prodüserlər hekayəni genişləndirdilər. 2026-cı ilin may ayında Mortal Kombat II filmi böyük ekranlara çıxdı.
Bu filmdə fanatların sevimli xarakteri Conni Keyc Karl Urbanın ifasında nəhayət komandaya qoşulur.
Döyüşçülər amansız imperator Şao Kanın qaranlıq hakimiyyətinə qarşı qanunsuz bir turnirdə ölüm-dirim mübarizəsi aparırlar.
Əfsanəvi personajlar və aktyorlar
"Mortal Kombat"ı yadda qalan edən onun rəngarəng xarakterləridir:
Skorpion və Sab-Ziro: Od və buz güclərinə malik iki əbədi düşmən ninjanın qarşıdurması franşizanın əsas dramatik xəttidir.
Şan Szun (Shang Tsung): Ruhları udan bədxah cadugər. 1995-ci ildə bu rolu canlandıran əfsanəvi aktyor Keri-Hiroyuki Taqava həm kinoda, həm də sonradan oyunun MK11 səsləndirilməsində bu obrazla ikonikləşmişdir.
Sonda
Xülasə olaraq, "Ölümcül döyüş" sadəcə iki nəfərin bir-birini yumruqladığı döyüş filmi deyil; o, fərqli dünyaların (krallıqların) toqquşmasını, qədim mistikanı və sadiqlik prinsiplərini özündə birləşdirən nəhəng bir fantastik filmdir.
“Ədəbiyyat və incəsənət”
(18.09.2026)
Vaxt hər şeyi sağaldırmı?
Rəqsanə Babayeva,
”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
İnsan ağrı çəkəndə ona ən çox deyilən cümlələrdən biri budur: “Vaxt keçəcək, hər şey düzələcək.” Bəzən bu sözlər təsəlli kimi səslənir, bəzən isə insanın içindəki ağrını daha da ağırlaşdırır. Çünki ağrı çəkən adam üçün zaman sadəcə keçən saatlar, günlər, aylar deyil. Hər keçən gün onunla birlikdə daşıdığı bir xatirə, bir itki, bir peşmanlıq, bir yarımçıq söhbətdir. Bəs həqiqətən vaxt hər şeyi sağaldırmı?
Əslində zamanın özünün sağaltmaq kimi bir gücü yoxdur. Zaman sadəcə keçir. Səhər açılır, axşam olur, günlər həftələrə, həftələr aylara çevrilir. İnsan isə həmin zamanın içində dəyişir. Bəzən unutduğunu düşünür, amma bir mahnı, bir küçə, bir qoxu, bir tarix onu yenidən keçmişin qarşısına çıxarır. Deməli, bəzi yaralar zaman keçdikcə yox olmur, sadəcə insan onların ağrısı ilə yaşamağı öyrənir.
Uşaqlıqda dizimizi yaralayanda anamız deyərdi ki, “bir azdan keçəcək”. Doğrudan da keçirdi. Çünki bədən özünü bərpa etməyi bacarırdı. Amma insanın ruhundakı yaralar bədən yaraları kimi deyil. Onların üzərinə sarğı qoymaq, dərman sürtmək, bir neçə gün gözləmək kifayət etmir. Ruhun yarası bəzən görünmür, amma insan onu illərlə daşıyır. Üstəlik, bəzi yaralar sağaldıqdan sonra belə öz izini saxlayır.
Bəlkə də buna görə illər sonra belə bəzi insanları xatırlayanda içimizdə qəribə bir sızı yaranır. Halbuki artıq əvvəlki kimi ağlamırıq. Onların yoxluğuna alışmışıq, həyatımıza davam edirik, gülürük, işləyirik, yeni insanlarla tanış oluruq. Kənardan baxan biri deyə bilər ki, “artıq keçib”. Amma insanın içində başqa bir həqiqət yaşayır: keçməyib, sadəcə əvvəlki qədər qanamır.
Vaxt bəzi şeyləri unutdururmu? Bəli, müəyyən mənada. İnsan hər detalı xatırlamır. Bir vaxtlar gecə-gündüz düşündüyü bir hadisənin tarixini, hansı sözlərin deyildiyini, hansı gün baş verdiyini belə unuda bilər. Amma hissin özü bəzən yaddaşdan daha uzunömürlü olur. Sözlər unudulur, amma o sözlərin insanda yaratdığı duyğu qalır. Üz cizgiləri yaddaşdan silinir, amma həmin insanın yanında özümüzü necə hiss etdiyimizi xatırlayırıq.
Bəzən də biz vaxtın sağaltdığını düşünürük, əslində isə özümüz sağalırıq. Həyat davam etdikcə insan özünü yenidən qurmağa başlayır. Dünən böyük görünən problem bu gün daha kiçik görünür. Dünən cavabsız qalan sualların bəzilərinə illər sonra başqa gözlə baxırıq. Çünki zaman təkcə hadisələri uzaqlaşdırmır, insanın baxışını da dəyişir.
İnsan yaşadıqca anlayır ki, hər itkinin yerini başqa bir şey doldurmur. Bəzi boşluqlar dolmur. Sadəcə həmin boşluqla yaşamağı öyrənirsən. Sevdiyin bir insanı itirəndə onun yerinə başqasını qoymursan. Bir münasibət bitəndə yeni münasibət köhnənin davamı olmur. Uşaqlıq geri qayıtmır, itirilmiş bir fürsət eyni şəkildə yenidən qarşıya çıxmır. Həyat bəzən boşluğu doldurmaqla deyil, onunla birlikdə davam etməyi öyrətməklə sağaldır.
Ən çətin olan da budur: insan sağalmağı unutmaqla qarışdırır. Elə bilir ki, artıq xatırlamırsa, sağalıb. Halbuki sağalmaq unutmaq deyil. Sağalmaq, xatırladığın zaman əvvəlki kimi dağılmamaqdır. Bir vaxtlar adını eşidəndə nəfəsin daralan insanın adını illər sonra sakitcə çəkə bilməkdir. Bir vaxtlar səni gecələr yatmağa qoymayan xatirənin artıq həyatının bütün gecəsini əlindən almamasıdır.
Bəzən insanın yarasını zaman yox, qəbul etmək sağaldır. “Niyə belə oldu?” sualını sonsuza qədər vermək əvəzinə, bir gün “deməli, belə oldu” deyə bilmək insanın içində böyük bir dəyişiklik yaradır. Bu, baş verənləri doğru hesab etmək deyil. Sadəcə dəyişdirə bilmədiyin bir keçmişlə hər gün savaşmaqdan imtina etməkdir.
Bəzi ağrılar isə insanın özünə qarşı sərtliyindən böyüyür. “Kaş bunu deyərdim”, “kaş o gün gedərdim”, “kaş başqa cür davranardım”, “kaş onu saxlayardım” kimi cümlələr insanın içində illərlə dolaşır. Halbuki keçmişdəki insan bugünkü ağlına sahib deyildi. O, həmin gün bildiyi qədərini bilirdi, hiss etdiyi qədərini hiss edirdi, gücü çatdığı qədərini edə bilirdi. Bəzən özümüzü bağışlamaq da sağalmanın bir hissəsidir.
Vaxtın ən böyük möcüzəsi bəlkə də budur: insanı dəyişdirir. Dünən dözülməz görünən bir şeyə bu gün başqa cür baxa bilirsən. Dünən “onsuz yaşaya bilmərəm” dediyin bir insanın yoxluğunda illər sonra öz həyatını davam etdirirsən. Dünən bir qapının bağlanmasını dünyanın sonu hesab etdiyin halda, illər sonra həmin qapının arxasında qalmağın sənin üçün daha böyük itki ola biləcəyini anlayırsan. İnsan bəzən yaşadığı ağrının içində gələcəkdə kimə çevriləcəyini bilmir.
Amma bütün yaraların sağaldığını söyləmək də doğru olmaz. Elə ağrılar var ki, insan onları sağaltmır, sadəcə müqəddəs bir xatirə kimi içində daşıyır. Çünki bəzi ağrılar sevdiklərimizin bizdə qalan son izidir. Onları tamamilə silmək istəmirik. Bəzən insan ağrısının yox olmasından da qorxur. Çünki düşünür ki, ağrı getsə, xatirə də gedəcək. Halbuki bir insanı xatırlamaq üçün mütləq əzab çəkmək lazım deyil.
Bəlkə də vaxt heç nəyi təkbaşına sağaltmır. Vaxt bizə nəfəs almaq üçün məsafə verir, hadisələrə başqa tərəfdən baxmaq imkanı yaradır, bizi dəyişdirir. Amma yaranın sağalmasında bizim də payımız var. Bəzən danışmaqla, bəzən susmaqla, bəzən ağlamaqla, bəzən bağışlamaqla, bəzən də sadəcə həyatımıza davam etməklə özümüzü sağaldırıq.
İnsan bir gün anlayır ki, keçmişi dəyişə bilməyəcək. Gedəni geri gətirə bilməyəcək. Deyilməyən sözü sonradan həmin günün içində deyə bilməyəcək. İtirilən illəri geri qaytara bilməyəcək. Amma bütün bunlara baxmayaraq, qarşısında hələ yaşaya biləcəyi bir həyat var. Bəlkə də sağalmaq məhz burada başlayır: insan keçmişlə mübarizəni dayandırıb gələcəyə baxanda.
Ona görə “vaxt hər şeyi sağaldırmı?” sualının cavabı məncə nə tam “bəli”, nə də tam “xeyr”dir. Vaxt hər şeyi silmir. Hər yaranı yox etmir, hər itkini unutdurmur, hər boşluğu doldurmur. Sadəcə insanın həmin ağrı ilə münasibətini dəyişir. Bir vaxtlar səni yıxan şeyə illər sonra ayaq üstə dayanaraq baxa bilirsən.
Bəlkə də həyatın ən böyük sağalması budur: ağrının yox olması deyil, ağrının artıq səni idarə etməməsi. Xatırlayırsan, amma dağılmırsan. Darıxırsan, amma yaşamağı dayandırmırsan. Keçmişə baxırsan, amma orada qalmırsan.
Vaxt hər şeyi sağaltmır. Bəzən vaxt sadəcə bizə sağalmağı öyrədir.
“Ədəbiyyat və incəsənət”
(18.09.2026)
Doğum gününüz mübarək, ölümsüzlər!
Suqovuşanın sərrast nişançısı: Şəhid Səfər Həsənov
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Səfər Elmar oğlu Həsənov Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən, cəsarəti və istedadı ilə yaddaşlara qazınan 19 yaşlı Vətən müharibəsi qəhrəmanıdır. O, həm fırçası ilə gözəlliklər yaradan bir rəssam, həm də əlində silah Vətəni qoruyan sərrast bir snayper idi.
Erkən illəri və istedadı
Səfər Həsənov 18 sentyabr 2001-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində dünyaya göz açıb. Atasının işi ilə əlaqədar ailəsi sonradan Bakının Buzovna qəsəbəsinə köçmüşdür.
Buzovnadakı 26 nömrəli tam orta məktəbin rus bölməsində təhsil alıb.
Erkən yaşlarından rəssamlığa böyük marağı və qeyri-adi istedadı olub. Məktəbi bitirdikdən sonra iki il rəssamlıq təhsili alıb, ardınca isə Binə qəsəbəsindəki texniki peşə məktəbində dekorativ rəssamlıq sənətinə yiyələnib.
Hərbi xidmət və snayper təlimləri
Səfər Həsənov 2019-cu il oktyabrın 1-də müddətli həqiqi hərbi xidmətə çağırılıb. İlk olaraq Goranboyda xidmətə başlasa da, sonradan xidmətini Tərtər rayonundakı "N" saylı hərbi hissədə davam etdirib.
Onun yüksək diqqəti və göz hədəfi komandirləri tərəfindən dərhal kəşf edilib. Səfər Mingəçevir şəhərində təşkil olunan xüsusi kurslara cəlb edilərək sərrast snayper nişançısı kimi yetişdirilib.
Vətən müharibəsi və döyüş yolu
27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayanda Səfər ön cəbhədə yer alıb. O, strateji əhəmiyyət kəsb edən Suqovuşan və Ağdərə istiqamətlərində gedən ən ağır döyüşlərdə iştirak edib.
Komandirlərinin və döyüş yoldaşlarının xatirələrinə görə, Səfərin döyüş meydanında atdığı güllələrin heç biri boşa getmirdi, düşmənin bir çox canlı qüvvəsini şəxsən zərərsizləşdirmişdi. Eyni zamanda, rəssamlıq qabiliyyəti hərbi sahədə də köməyinə çatmışdı; o, ön xətdə hərbi topoqrafik xəritələrin çəkilməsində fəal iştirak edərək kəşfiyyat qruplarına böyük dəstək verirdi.
Şəhidlik zirvəsi
Səfər Həsənov rəsmi qeydlərə əsasən 17 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində, strateji əhəmiyyətli 530 metr yüksəklik uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Mövqelərinə düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində ağır qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb. Doğulduğu Neftçala rayonunda böyük izdihamla dəfn edilib.
Mükafatları və irsi
Göstərdiyi rəşadət və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, Səfər Həsənov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə aşağıdakı medallarla təltif edilib:
"Vətən uğrunda" medalı
"Cəsur döyüşçü" medalı
"Suqovuşanın azad olunmasına görə" medalı
Səfər Həsənov cəmi 19 il yaşasa da, həm fırçası ilə çəkdiyi rəsmlərdə, həm də canı bahasına qoruduğu torpaqlarda silinməz bir iz qoydu. Azərbaycan xalqı öz rəssam və döyüşçü oğlunu heç vaxt unutmayacaq.
“Ədəbiyyat və incəsənət”
(18.09.2026)
Atabəy yadigarı, qadın ucalığı və şərəf simvolu Möminə xatın
Fariz Əhmədov,
“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan bölməsi
Sən, ey zərif qızıl telli, iffətli qadın. Sən, ey ustadının sənətkarlığı ilə qarşında aciz qaldığı məğrur qadın. Sən ey daşlara hopub, kövrəkliyini qapı başında gizlədən naxışlar səltənəti. Mahiyyətin necə dərin və məzmunlu, əzəmətin necə də əsrarəngiz və ecazkardır.
Sən əsrlər əvvəl hamarlaşıb daşlara gömülmüş, bənzərsiz naxışlarla ehtiva olunmuş Atabəy yadigarı Möminə xatınsan artıq. Sən gözləri oxşadığın kimi könüllərə də sevinc və firavanlıq gətirirsən. Ziyarətinə gələnlərə məsudluq və məmnunluq bəxş edirsən. Əzəmətli görünüşünlə səni seyrə dalanların qəlbinə sirayət edir, gözlərində ucaldıqca ucalır, gözəlliyinlə hər kəsi heyran edirsən. Sən təkcə abidə deyil, həm də dövrün alimlərinin riyazi biliklərini əks etdirən qiymətli sənət əsərisən. Sən bizə öyrətdin sənətkarın alim, alimin isə eyni səviyyədə sənətkar olduğunu. Elmlə sənət arasında körpü sənsən, Möminə ana. Sənsən Nizaminin Fərhadına Evklid həndəsəsinin sirlərini açan alim, daşlarla çin nəqşi çəkən zərif duyğulu memar.
Nə zaman ki bu əsrarəngiz seyrəngaha üz tuturam, ovsununa düşürəm Möminə ananın. 11 ildən artıq müddətdə kərpic-kərpic ucalan bu şərəf simvolu 800 ildən artıqdır ki, qadın ucalığına xidmət edir. Əlimi uzatsam əlim çatacaq, səsimi ucaltsam ünümün yetəcəyini düşünürəm sanki bu daş heykəlli evin sahibinə. Duyuram ayaq səslərini, duyuram ucalardan uca bu əzəmətli qadının isti nəfəsini. Savaşlarda əzizlərini itirmiş bu qadının baxışlarında ucalıq baş tacı olub. Humanizm timsalına çevrilən bu məqbərə əsrlərdir, öz məğrur duruşuyla gələni-gedəni özünə valeh edib. Qədim Şərqin, əsasən də, Qahirənin və Bağdadın memarlıq nümunəsi bizə nə qədər vahiməli və qorxunc görünsə də, Möminə ananın məqbərəsi bizə bir o qədər zərif və incə görünür. Atabəy Eldənizin arxasındakı ən böyük güc övladlarının məsləhətçisi, sarayda və dövlət idarəçiliyində yüksək məqam sahibi, ən əsası isə qadın sultan hesab edilən Möminə xatın məqbərəsinin qarşısında dil susur, ürək danışır, ürək susur, göz danışır. Ayaq sözə baxmır, bir güc nədənsə bizi sürükləyir bu tarix qoxan məkana.
Möminə ana! Sən bilirsən, zaman-zaman üzünə qalxan yağı əllərin sanki xilqətindən yaranmış zinət qarşısında kəsilərək torpağa düşdüyünü. Sən bilirsən, səni qoruyanın əliaçıqlığın, mehribanlığın və xeyirxahlığının olduğunu. Möminə ana, alqış sənə ki qüdrətin və zərifliyin qarşısında düşməni ovsunlayaraq özünü qorumusan. Möminə ana, alqış sənə ki qadının qul kimi rəftar olunduğu dövrdə Atabəyin şəninə tayı-bərabəri olmayan məqbərə ucaltdı. Möminə ana, alqış sənə ki dünyaya Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan kimi igid sərkərdə bəxş etdin. Möminə Ana! Alqış memarın Əcəmi Əbubəkr oğluna ki səni əlçatmaz, ünyetməz göylərə dayaq edərək bu gözəl günlərə çatdırıb. Etdiyin bütün xeyirxahlıqların nəticəsidir ki, bu gün uğurlu taleyinlə fəxr edir, ucaldıqca ucalırsan. Sən artıq qədirbilən xalqın qayğılı əllərində isti ocaq, həzin musiqi, milli kimlik, milli qürur, and yeri, şərəf simvolusan.
Şərəf simvolu
Bu əzəmətli abidənin, qadına verilən sultan və ər dəyərinin, bu ülvi sənətin önündə insan istər-istəməz baş əyir. İllərin bu əvəzsiz yadigarına insan qəlbən nəvaziş dolu səcdələr bəxş edir. Duruşundakı naxışlar sanki həzin musiqinin harmoniyası ilə vəhdət təşkil edir. Məğrurluğunla həmahəng olan bu harmoniya, bəlkə də, illərin yığılıb qalmış muğamı, şuru, zəfər cəngidir. Əslində, sən elə musiqinin özüsən. Daşa dönmüş, heykəlləşmiş, lallaşmış, firuzəyi kaşıya tutulmuş səmt qatarında uyuyan həzin, kövrək musiqi. Bəlkə, sən musiqidən də ehtişamlısan, Möminə xatın. Duruşunla, baxışınla, təvazökarlığınla. Axı musiqi bir an da olsa, susur, uyuyur, itir, batır, paslanır. Sənsə əsrlərin əbədi sükutuna dalsan da, Günəş ziyasından qidalanıb gözəlləşdikcə, Ayı seyr etdikcə gecə və gündüzümüzə bərq vurursan. Aylı gecələrdə, günəşli günlərdə ətrafa səpələdiyin bu təvazökarlıq ənginliklərdə közərən qövsi-qüzeh kimi cilvələnərək tarixin dolanbac yollarına nur çiləyir. Seyrinə gələnlərə sirli-sehrli dünyanın möcüzəsi, gözyaşını ovcuna tökənlərə bitib-tükənməyən eşq hekayəsi, sənə sirrini verənlərə sirdaş oldun. Bəlkə də, bu heyranedici duruşla bütün hüznlərə inam və vəfa ilə tab gətirib, vüqarını az da olsun əyməmisən.
İnsan bu qızıl tarixə dönüb baxdıqca yenidən və yenidən qürur duyur öz keçmişi ilə. Əcəmi Naxçıvaninin sənət sevgisindən yaranmış bu məqbərə artıq dünya memarlıq mədəniyyətinin zərif nümunəsi kimi tanınaraq Azərbaycanın, eləcə də Naxçıvanın ölməz memarlıq məktəbinin unudulmaz sənət əsərinə çevrilib. Naxışlarının ecazkar quruluşu Odlar yurdu mədəniyyətinin yüksək səviyyədə olduğundan xəbər verir. Taxçalarını örtən naxışlar divarlarını həmin yerdə necə də muma döndərib yüngülləşdirərək kütlə və həcmlərin ifadəli uyğunluğunu yaradıb. İlahi, memar sənətə üstünlük verərək ucaltdığı abidədə daşı, torpağı adilikdən, donuqluqdan çıxarıb ona yeni ruh, yeni nəfəs verərək necə də canlı varlığın bir parçasına çevirib.
Ötən hər əsr Möminə xatınla yaşıd olan karvansarayları, məscid və minarələri, darvaza və müxtəlif tikililəri səmum küləkləri ilə uçurub, qoparıb, silib aparsa da, incə, zərif və gözoxşayan naxışlarla bəzədilmiş Möminə xatın məqbərəsi tarixin bütün üzünə qarşı çıxaraq günümüzədək ayaqda durmağı bacarıb. Dünən də, bu gün də, sabah da yolu Naxçıvandan düşən və düşəcək hər bir qonaq, onu dəfələrlə görən yerli sakin də məqbərə önündə ayaq saxlayıb dayanır, ölməz sənətkarın duyğu və hisslərinin timsalına çevrilmiş abidənin naxış və ehtişamına qürur və heyranlıqla baxır. Keçmişə sevgi və ehtiramla yanaşdığımızda görürük ki, memorial abidələrin daxili və xarici bəzəyində hüzn rəmzi olan mavi-firuzəyi rəng üstünlük təşkil edib. Bu rəng Möminə xatın abidəsində də özünü qabarıq şəkildə göstərib. O bizə əzəmətli sultanlardan qalan zərif əmanətdir. Gəlin qoymayaq heç bir naşı əl onun hüsnünü korlasın. Heç bir yad göz ona kəm baxsın. Qoy o daim bizim səmtimiz, yönümüz olsun.
Atabəy yadigarı
Çox güclü xarakterə və qərarlı kimliyə sahib olan Möminə xatın həyat yoldaşı Eldənizin həm siyasi, həm mənəvi dəstəkçisi, eyni zamanda ən yaxın məsləhətçisi idi. Atabəyin Azərbaycan hakimiyyəti illərində etdiyi bəzi siyasi yanlışlıqları Möminə xatının özünün diplomatik səyləri ilə yoluna qoyduğunu hər zaman qürurla xatırlayırıq. Bu səhvlər arasında ən mühümü Eldənizin Aran Atabəyi Xasbəyin öldürülməsi zamanı sultan Məhəmmədə qarşı üsyankar fəaliyyəti idi. Məhz Möminə xatının səyləri sayəsində Atabəyin sultan Məhəmmədlə barışığı tarixin saralmış səhifələrində arxivləşərək günümüzə qədər gəlib çatıb. Eldənizin sultana yazdığı məktubun üslubunda da həyat yoldaşının diplomatik dəst-xəti aydın hiss edilirdi. Atabəy bütün ömrü boyu məsləhətçisinə çevrilən Möminə xatının məsləhətlərini qulaqardı etmir, saray münaqişələrinə qarışmır, bir-birləri ilə ədavət aparan əmirlərin tərəfini saxlamırdı. Şərəf simvolu bu qadın həyatını sarayda keçirməyərək bir çox hərbi səfərlərdə iştirak edib. At minməkdə, qılınc çalmaqda kifayət qədər mahir olan bu qadının ömür yoluna tarix özü şahidlik edib. Tarix onu yüksək dəyər sahibi olaraq təqdim edib. Oxuyub mütaliə etdiyimiz kitablar bizə bu qadının güclü diplomatik bacarığa sahib olduğunu, siyasi hadisələrə istiqamət verdiyini, siyasi ixtilafları, xüsusilə də əri ilə sultan olan oğlu arasında intriqalara vasitəçi kimi anında müdaxilə etdiyini deməyə imkan verir. Bununla belə o heç zaman hadisələrin mərkəzində olmağa can atmayıb. Möminə xatının ən böyük missiyası isə xeyriyyəçilik fəaliyyəti idi. O, çox sayda mədrəsə, ibadətgah, bina inşa etdirərək xalqın və alimlərin xidmətinə verib. Möminə xatının qadın sultan kimi başqa bir xüsusiyyəti isə hərbi səfərlər ərəfəsində bütün hazırlıqlara şəxsən nəzarət etməsi idi. Ordunun keçdiyi yolda qərargahların qurulmasına, döyüş sursatlarının çatdırılması, çadırların qurulması, ərzağın təşkil edilməsi ilə bilavasitə özü maraqlanırdı. O, vaxtının çoxunu Naxçıvanda, bəzən isə Həmədan və Təbrizdə keçirib. Naxçıvanda xatirəsinə ucaldılan Möminə xatın məqbərəsinin tikintisi Atabəy Eldənizin vəfatından sonra oğlu Cahan Pəhləvan tərəfindən davam etdirilib. Bu məqbərə Səlcuqlu dövrünün ən gözəl memarlıq abidəsi sayılır.
Möminə xatın
Ey sərvboylu Möminə xatın, bu torpaqda ürək döyüntülərin hələ də eşidilir. Bu döyüntülər sevincindən, iffətindən, eşqindənmi söz açır? Amma əminəm ki, sənin əsrlərə sinə gərən köksün əsrlər ötdükcə sənətkarın Əcəminin, vəfalı yoldaşın Atabəyin, sevgili oğlun Cahan Pəhləvanın adına əbədi şöhrət çələngi hörür. Bu çələngin hər bir kərpici təkcə qədim Naxçıvanın deyil, qoca Şərqin gözəllik duyumundan söz açır, sevgisini, eşqini dünyaya tərənnüm edir. Möhtəşəm abidənə həkk olunan bu məhəbbət təəssüratı boşuna deyil. Azərbaycan qadınının, el anasının xatirəsini əbədiləşdirmək naminə, pak məhəbbət naminə ucaldılıb bu zərif abidə. Bu ucalıqdan baxdıqda Leylinin eşqinin, Şirinin sələfinin fövqündə duran Möminə ana görünür. Necə görünməyə bilərdi? O, eşq ilə yoğrulub eşq ilə yaşamışdı. Bəlkə də, türbənin üzərindəki küfi xətt qatarları, ümumi məhzunluq halının, nakam eşqin nisgilinin qəm karvanı məhz Əcəmi sənətinin qanadında pərvazlanaraq bütün Şərq aləminə sirayət edib. Zaman ötdükcə kədər deyil, sevinc, nəşə və iftixar mərkəzinə çevrilmiş bu əzəmətli türbə artıq neçə-neçə nəsillərin zövqünü əks etdirən canlı heykələ dönüb. Bu heykəl Əcəmi dühasından, Atabəy yadigarından gətirdiyi xoş müjdələri gələcək nəsillər üçün əbədi ərməğana çevirəcək, hələ bir çox nəsilləri özünə heyran qoyacaq.
Vaxtilə bu seyrəngaha üz tutub hüznlü baxışlarla türbəni ziyarət edənlərin, matəm saxlayan əcdadlarımızın nəvələri bu gün bu seyrəngahda toy-bayram quraraq Novruzu qarşılayır. Bahar artıq sənin ətəyində qurulan toy-büsatla gəlir Naxçıvana. Ağaclar şəninə çiçək açır, uşaqlar dizin-dizin qoynunda ayaq açır, sevənlər xısın-xısın bir-birinə səni pıçıldayır. Bayramda alınan güllər sənin xeyir-duanla sevənlərə hədiyyə edilir. Sən bəyənirsən deyə, o güllərin ətri bütün evləri bürüyür, iyi mavi səmanda qanad açıb zərif kəlağayı kimi başına qonur. Sən, ey məğrur qadın, sən, ey Atabəy yadigarı, qadın ucalığı, şərəf simvolu, Möminə xatın, günün mübarək!!!
“Ədəbiyyat və incəsənət”
(17.09.2026)
Sabah Bakıda Türk Dünyasının bəstəkarlarının tarixi Qurultayı açılacaq
18-20 sentyabr 2026-cı il tarixlərində Bakıda XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ICESCO Bakı Regional Ofisi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə I Türk Dünyası Bəstəkarları Qurultayı keçiriləcək.
Qurultay Birinci Türkoloji Qurultayının 100 illiyinə, Nizami Gəncəvinin 885 illiyinə və Əlişir Nəvainin 585 illiyinə həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, qurultayda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan və Türkmənistanın musiqi dünyasının tanınmış nümayəndələri iştirak edəcəklər.
Qurultayın zəngin proqramı müxtəlif görüşləri, elmi müzakirələri və musiqi tədbirlərini əhatə edəcək. Üç gün ərzində bir sıra iclaslar, beynəlxalq səviyyəli dəyirmi masa, tematik sərgilər, həmçinin simfonik, kamera və ənənəvi musiqi konsertləri keçiriləcək.
Qurultayın əsas nəticələrindən biri türk dünyasının bəstəkarlarını, musiqişünaslarını, ifaçılarını və aparıcı musiqi təşkilatlarının nümayəndələrini bir araya gətirəcək Türk Dünyası Bəstəkarlar Birliyinin – Turkic Union of Composers (TUC) yaradılması olacaq.
19 sentyabr tarixində Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında Türk Dünyası Bəstəkarlar Birliyinin ilk rəsmi iclası keçiriləcək. İclas çərçivəsində TUC-un yaradılması haqqında Bakı Bəyannaməsinin imzalanması, həmçinin yeni beynəlxalq peşəkar platformanın Nizamnamə layihəsinin müzakirəsi nəzərdə tutulur.
Birliyin yaradılması türk dünyası ölkələrinin musiqi quruluşları arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım olacaq. Ümumi musiqi irsinin qorunması və inkişaf etdirilməsi, müasir bəstəkarlıq məktəblərinin dəstəklənməsi, yaradıcılıq mübadiləsinin təşviqi və türk dünyası musiqisinin beynəlxalq səhnədə təbliği xüsusi diqqət mərkəzində olacaq.
19 sentyabr 2026-cı il tarixində saat 16:00-da Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında I Türk Dünyası Bəstəkarları Qurultayının yekunlarına, Turkic Union of Composers (TUC) təşkilatının yaradılmasına, Bakı Bəyannaməsinin imzalanmasına və yeni peşəkar birliyin fəaliyyət perspektivlərinə həsr olunmuş mətbuat konfransı keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(17.09.2026)
Bir bahar da küsüb getdi... - Təranə Dəmirin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Şeir saatı” rubrikasında bu gün və bazar ertəsi sizlərə Təranə Dəmirin yeni yazdığı şeirlərini təqdim edəcəyik. Hər dəfə 4 şeir.
Bir qədər qüssə, bir qədər acı, bir qədər həsrət və bir qədər də daxili üsyan dolu nostalji ruhlu şeirlər.
1.
Bəzi sevgilər nöqtəylə başlayır,
Əlindən tutub gedirsən
cümlənin sonunacan.
Bəzi sevgilərəsə nöqtə
qoymaq olmur,
Möhkəm-möhkəm yapışırsan
bir əyri vergülün yaxasından
Ömrünün son ucunacan!
2.
Anamın saçlarına dən, əllərinə qırış düşməmişdi hələ.
Evimiz də əvvəlkiydi,
Üstünü, başını dəyişməmişdik hələ--
Yeddi daş kürsülü, iki göz otaq, bir açıq eyvan,
Eyvandan asılan qaranquş yuvaları,
Yuvaların içində ətcə qaranquş balaları.
Hirslənəndə zəncir gəmirən ala itimiz də ölməmişdi hələ.
Səhərdən axşamacan hürürdü-
Uçan quşa, qaçan dovşana,
Pişiyə, siçana..
Hər gün evdən qəpik-quruş oğurlayıb
qaçardıq Gülağa dayının dükanına.
Rəhmətliyin qəribə gülümsəməyi vardı,
Satdığı şirinquşların üstündə
bir şirin təbəssüm də hədiyyə edirdi adama,
Biz də bu təbəssümə təbəssümlə cavab verırdik utana-utana.
Naxırçı Əhəd dayını həmişə atın üstündə görmüşdüm deyə,
elə bilirdim ki o gecələr də at belində yatır.
Qonşumuz Xanım xalahaçan baxırdın,
görürdün ki, siqaret damağında
oturub evinin qabağında tum satır,
Hərəmiz bir ovuc götürüb qaçırdıq,
Arxamızca söylənə-söylənə qalırdı yazıq.
Televizorlar da pult tanımırdı hələ,
Hələ ağ-qara paltarındaydı içindəki quşlar, uşaqlar, adamlar, ağaclar,
Buludlar, yağışlar, dağlar, yamaclar.
Hələ öz gücümü sınamamışdım,
Hələ atam çəkirdi yükümü...
Sonra payız düşdü,
Sonra yağışlar başladı ,
Sonra yarpaq tökümü.
Eh, bilirsiz bir də nə vaxt böyüdüm mən?
Anamın saçlarına dən,
mənim ürəyimə qorxu düşəndən.
3.
Bürkülü avqust gecəsi,
Yorğun şəhər,
Yuxulu küçələr,
Göyə dırmaşan binalar,
Sabaha açılan pəncərələr,
Pəncərələrin arxasındakı tənhalıq,
Tənhalığın başı üstündə dayanan nigaran qadın kölgəsi..
Dörd tərəfdən qaranlıq baxır ac canavar kimi,
Ölüm qoxusu gəlir gecənin yaş köynəyindən,
Tanış mənzərədi, deyilmi?
4.
Qoşuldu yaz küləyinə,
Dərə-təpə əsib getdi.
Gözümüzün qabağında
Bir bahar da küsüb getdi.
Çiçək-çiçək, naxış-naxış,
Sevda-sevda, baxış-baxış,
Bulud-bulud, yağış-yağış
Bir bahar da küsüb getdi.
Payız tutdu yaxasından,
Quşlar düşdü avazından,
Bir qarışqa yuvasından
Bir bahar da küsüb getdi.
“Ədəbiyyat və incəsənət”
(18.08.2026)


