Super User

Super User

Çərşənbə axşamı, 22 Sentyabr 2026 11:07

“Qiraət saatı”nda Aysel Fikrətdən kiçik etüdləri

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam, "Ədəbiyyat və İncəsənət" portalının sevimli izləyiciləri, xoş gördük. Bu dəfə Qiraət saatı rubrikamda poeziya ilə deyil, nəsr ilə Sizə qonaq gəlmişik.

Beləliklə, Aysel Fikrətdən kiçik etüdləri ilə tanış olun.

 

 

YAD

 

Əvvəlcə bir yada rast gəlirsən.

İllərlə o jadı doğma etmək dəlilik.

İnsan gərək əvvəldən öz doğmasını tapa.

Bu yad elə yadlığıyla sənə doğma gəlir.

Başqa adı yox, yad doğma.

Sonra görürsən ətrafın bir sürü tanımadığın insanla doludu,

Hamı yaddı sənə....

Əvvəl bir yada rast gəlirsən,

Sonra o arxasıyca bir sürü sənə yad insanı gətirir.

Ömrünü yadlar içində başa vurursan.

Özün də beləcə yadlaşırsan...

Yalnız bütün bunlardan əvvəl bir yada rast gəlirsən, unutma.

 

 

UÇAN XALÇA

 

Doqquz yaşım olardı məktəbdən evə həmişə ürəyimdə bir ümidlə qaçırdım. Bəlkə bir qonaq gələr.

Evin ən kiçik uşağı olmaq içimdə daima darıxan birinin olduğunu yadıma salırdı. Pillələri dörd-dörd çıxırdım. Bir otaqlı evimizdə çox əşya olmazdı. Atam müəllim, anamsa evdar qadın idi. Anam həmişə mətbəxdə zümzümə edir, nəsə hazırlardı. Anam üçün əsas odur ki, axşamlar üçümüz də onun qurduğu süfrədə oturaq.bu ki gözəldi. Atamın gəlişi bayram olurdu. Amma yemək yedikdən sonra anam ev işi, atam yazı masasının başına  keçirdi, mən isə bomboş otaqda qırıq qollu gəlinciyimlə tək qalırdım.

Bir az özümdən nağıllar uydurub yatırdım.

İndi bilmirəm bu uşaqlıq illərinə gözəl demək olarmı, ya yox baxır ömür yollarında başına nə gəlir.

Yalnız bu boz və eyni zamanda ürəyimin ümidli və işıqlı vaxtlarından sizə kiçik bir əhvalat danışmaq istəyirəm.

Uşaqlıqdan uçan xalçaya inanırdım. Bizim bir köhnə xalçamız var idi. Onun üstündə oturub gözlərimi möhkəm yumurdum. Sanki buludlar ayaqlarımın altında əriyirdi, özümü dünyanı aşıb duyğulardan uzaqda hiss edirdim. Bunu yalnız mən bacarırdım.

Bir gün yenə dərsdən evə gəldim. Soyuq, bumbuz otağıma girəndə birdən-birə gözlərimə inanmadım. Otaq boyu dünyanın bütün rənglərini özündə birləşdirən xalça vardı. Yox, bu xalça deyildi sehrli rənglərin şöləsi idi. bütün otağımı tutmuşdu. Gün işığı otağa düşdüyündən rənglər divarlarda bərq vururdu. Nəfəsimə sığmayan xoşbəxtlik hissi məni bürümüşdü. Yan otaqdan anamın nəfəsini duyurdum, amma bu möcüzənin bitməyini istəmirdim.

Xəyallardan ayrılmaq istəmirdim. Otaqdan qaçıb anamı möhkəm qucaqladım. “Çox sağ ol” deməyi bilmirdim onda, amma anamın mənim özümə də deməyə qıymadığım sevgimi duyması məni uçururdu. Ürəyim sinəmə sığmırdı. Bir az keçdi, otağa dönəndə anam yerdən xalçanı yığırdı. Onu iri bir bağlama halına gətirib qucağına götürüb otaqdan çıxdı.

Sonra küçə qapısını açıb getdi. Bir müddət sonra qayıtdı, mətbəxə keçdi. Bütün bu vaxtı dəhlizdə kandarda oturub olanları sakitcə izləyirdim.

Uçan xalçalara inanmışdım onda. Mütləq bir xilaskar xalça məni arzularımın qanadında harasa çox uzaqlarda, yalnız gözəlliklərin olduğu bir dünyaya çəkib aparacaqdı.

İndi buradan baxınca, o çağlara boylananda anamın özgə evi üçün yuyub təmizlədiyi xalçanın heç zaman uça bilməməsi məni daha incitmirdi.

Qayıdım həmin günə. O gün axşam da yemək yemədim. Həyətə qaçdım. Var gücümlə qaçıb hamıdan uzaqlaşmaq istədim. Elə bilirdim ki, mənim indi bildiyim acı həqiqəti həyətimizdə bütün uşaqlar bilir.

Dərk edib anlayanda ki, anam qonşu evi üçün xalça yuyur, ev təmizləyir, həyətə düşüb uşaqlara tərəf qaçmadım. Tək-tənha ağacların ardında gizləndim. Uzaqdan işdən gələn atamı görəndə tutuldum. İlk dəfə idi onu görüb üstünə qaçıb sarılmaq istəmədim. Bu gün o, hər dəfəsindən daha yorğun, daha beli bükülmüş görünürdü.

Məhəlləmizdəki uşaqların mənim üstümdə baxışlarına kinim bir az da böyüyürdü.

Mən sonralar bütün bu ağrıları dəyişə bildim. Yalnız həmin gün ilk dəfə olaraq mən böyüdüyümü hiss etmişdim. İnsan xəyallarını itirə-itirə yaşa dolurmuş.

Mən həmin gün xalçaların uçmadığına əmin oldum. Böyüdüm.

Bəs sən nə zaman böyüdün?

Mənə öz hekayəni danış…

 

 

YANIQ QOXUSU

 

Əlində tutduğun məktublar. Mənim bir zamanlar sənə göndərdiyim ağrılarım idi. Qovrulub içimdə acı çəkməkdən yorulub sözlər uydururdum. Bu sözlərdə səni o qədər öyərdim ki, o qədər varlığından çox böyüdərdim ki, özünü belə tanımazdın. Halbuki, sən də hamı kimi qorxaq, anlamsız həyatda günü-günə satan, bu gününü sabaha güclə ötürən min insandan biri idin. Gözlərin dərin dənizi xatırladırdı. İnsan sevincə necə gözəl olurmuş. Bu gün əlində tutduğun sarı məktubun işığında, gözlərində sevgi yaranmışdı. Ünvanını bilmədiyin izaha gəlməyən acıyla birgə. Fikrini toplayıb üzünü yadıma salmağa başladın. Elə bu vaxt, qonşu otaqdan balaca toppuş ayaqlarını yerə möhkəm vura-vura qaçan nəvən göründü. Əlindən sarı kağız yığınını alıb qaçdı. Nə qədər qaçdınsa da, çata bilmədin. Ona çatdıqda, Sobaya atdığı məktubları seyr edib gülümsünürdü. Bir məktubun yanmağı nədir ki?! Sən unudulmağın dadını çıxart. Məktublarım yandıqca yaddaşıma nəsə olur. Hər dəfə yadıma salıb dönə-dönə qayıtdığım üzünü, yavaş-yavaş yaddaşımdan silirəm. Ən son gözlərini unuduram. İlk gözlərini sevmişdim deyə. Sən demə unutmaq böyük bir azadlıqdır. Susqun, xəfif yanıq qoxulu səma ürəyimə rahatlıq gətirir. Nə gözəl imiş, səni unutmaq.

Səhər açılır, əynini geyinib evdən çıxırsan. Dünyanı, mənsiz duyduğun ilk günündü. Əlini cibinə atıb, bir məktubluq canın var idi deyirsən. O da yandı kül oldu.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

Çərşənbə axşamı, 22 Sentyabr 2026 14:01

The Shell Seekers onu məşhur etdi

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Rosamunde Pilcher (Rozamunda Pilçer) — romantik və ailə mövzulu əsərləri ilə məşhurlaşmış britaniyalı yazıçıdır. Xüsusilə sakit kənd həyatı, ailə münasibətləri, sevgi, itki, dostluq və insan talelərini təsvir edən romanları ilə böyük oxucu auditoriyası qazanıb. Rosamunde Pilcher 22 sentyabr 1924-cü ildə İngiltərənin Kornuoll bölgəsində anadan olub. Əsl adı Rosamunde Scottdur.

 

 Yazıçılığa marağı hələ gənc yaşlarından yaranıb.

İkinci Dünya müharibəsi illərində Britaniya Hərbi Dəniz Qüvvələrinin Women's Royal Naval Service (WRNS) bölməsində xidmət edib. Müharibədən sonra 1946-cı ildə Graham Pilcher ilə evlənib və Şotlandiyada yaşamağa başlayıb. Pilçer əvvəlcə qısa hekayələr yazıb. İlk əsərlərini Jane Fraser təxəllüsü ilə nəşr etdirib. Daha sonra öz adı ilə yazmağa başlayıb.

 

Onun ən məşhur əsərləri arasında:

- The Shell Seekers — Dəniz qabığı axtaranlar

- September - Sentyabr

- Coming Home - Evə qayıdış

- The Empty House - Boş ev

- Voices in Summer - Yayda səslər

- The End of Summer - Yayın sonu

- Winter Solstice - Qış gündönümü

- Another View - Başqa baxış

xüsusi yer tutur.

 

Pilçerin ən məşhur romanı “The Shell Seekers” (1987) hesab olunur. Əsərin mərkəzində Penelope Keeling adlı qadının həyatı, ailəsi, keçmişi və xatirələri dayanır. Roman sadəcə sevgi hekayəsi deyil. Burada ailə münasibətləri, keçmişin insan həyatına təsiri, valideyn-övlad münasibətləri, seçimlər və insanın öz həyatını müəyyənləşdirmək istəyi kimi mövzular işlənir.

Kitab dünya miqyasında böyük uğur qazanıb və Pilçeri beynəlxalq səviyyədə məşhurlaşdırıb. Rosamunde Pilcherin romanlarında hadisələr çox vaxt sakit və gözəl təbiət mənzərələri fonunda baş verir. Xüsusilə Kornuoll və Şotlandiya onun yaradıcılığında mühüm yer tutur.

 

Yazıçının əsərlərində tez-tez:

sevgi - ailə - keçmiş- ayrılıq - yeni başlanğıc xətti müşahidə olunur. Onun dili emosional, sadə və oxucuya yaxın idi. Buna görə əsərləri xüsusilə geniş oxucu kütləsinə çatıb. Pilçerin əsərləri televiziya üçün dəfələrlə ekranlaşdırılıb. Xüsusilə Almaniyada onun romanları əsasında çəkilən televiziya filmləri böyük populyarlıq qazanıb. Bu ekranlaşdırmalar onun adını kitab oxucularından daha geniş auditoriyaya çatdırıb.

Rosamunde Pilcher 6 fevral 2019-cu ildə, 94 yaşında vəfat edib. O, XX əsrin sonu və XXI əsrin əvvəllərində romantik və ailə romanlarının ən tanınmış britaniyalı müəlliflərindən biri kimi yadda qalıb. Pilçerin oğlu Robin Pilcher də yazıçıdır. Beləliklə, ailədə yazıçılıq ənənəsi növbəti nəslə də keçib.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

Çərşənbə axşamı, 22 Sentyabr 2026 10:37

Dünyanın qızıl səsli tenoru

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Andrea Bocelli — dünyanın ən tanınmış tenorlarından biri, opera və pop musiqisini uğurla birləşdirən italyan müğənni və musiqiçidir. O, xüsusilə güclü, emosional və özünəməxsus tenor səsi ilə məşhurdur. Bocelli həm klassik opera repertuarında, həm də populyar musiqidə böyük uğurlar qazanıb. Bu gün onun doğum günüdür, 68 yaşı tamam olur.

 

Andrea Bocelli 22 sentyabr 1958-ci ildə İtaliyanın Toskana bölgəsində, Lajatico yaxınlığında anadan olub. Uşaqlıqdan musiqiyə böyük maraq göstərib. Altı yaşından piano öyrənməyə başlayıb, sonralar fleyta və saksofon da ifa etməyi öyrənib.

Bocelli doğuşdan görmə problemləri ilə üzləşib. 12 yaşında futbol zamanı aldığı zərbədən sonra görmə qabiliyyətini tamamilə itirib. Buna baxmayaraq, bu hadisə onun musiqi ilə məşğul olmasına mane olmayıb.

Maraqlı məqamlardan biri odur ki, Bocelli yalnız musiqi təhsili almayıb. O, Piza Universitetində hüquq oxuyub və universiteti bitirdikdən sonra bir müddət hüquq sahəsində çalışıb. Eyni zamanda musiqidən uzaqlaşmayıb və peşəkar müğənni olmaq üçün vokal dərsləri alıb. Onun müəllimləri arasında məşhur italyan tenor Franko Korelli də olub.

Bocellinin böyük səhnəyə çıxışı 1990-cı illərin əvvəllərinə təsadüf edir. 1994-cü ildə Sanremo Musiqi Festivalında “Il mare calmo della sera” mahnısı ilə qalib gəlməsi onun İtaliyada geniş tanınmasına səbəb olub. Bundan sonra həm pop, həm də opera karyerası sürətlə inkişaf edib.

Onun istedadının beynəlxalq səviyyədə tanınmasında “Con te partirò” mahnısı mühüm rol oynayıb. Mahnının “Time to Say Goodbye” adlı ingiliscə versiyası Sarah Brightman ilə duet şəklində böyük dünya uğuru qazanıb.

 

Opera və pop musiqisi

Andrea Bocellinin əsas xüsusiyyətlərindən biri opera ilə pop musiqisi arasında körpü yaratmasıdır. O, klassik opera əsərlərini səhnədə ifa etməklə yanaşı, müasir pop sənətçiləri ilə də çoxsaylı duetlər oxuyub. Onun repertuarında “Nessun Dorma”, “O Sole Mio”, “Con te partirò”, “Time to Say Goodbye” kimi məşhur əsərlər xüsusi yer tutur.

Bocelli karyerası ərzində Lorin Maazel, Seiji Ozawa, Zubin Mehta və Plasido Dominqo kimi böyük musiqi xadimləri ilə çalışıb. Bocelli milyonlarla albom sataraq dünyanın ən uğurlu klassik-pop ifaçılarından birinə çevrilib. Rəsmi bioqrafiyasına görə, onun albom satışları 90 milyondan çoxdur.

 

Məşhur albomları:

Romanza

Sogno

Sacred Arias

Andrea

Passione

Cinema

Sì

Believe

A Family Christmas

 

Andrea Bocelli karyerası ərzində müxtəlif janrlardan olan çoxsaylı sənətçilərlə duetlər ifa edib. Onun əməkdaşlıq etdiyi sənətçilər arasında Sarah Brightman, Céline Dion, Ed Sheeran, Ariana Grande, Jennifer Lopez, Nicole Scherzinger və başqaları var. Xüsusilə Ed Sheeran ilə səsləndirdiyi “Perfect Symphony” klassik və pop musiqisinin birləşməsinə yaxşı nümunədir.

Bocelli dünya miqyasında çoxsaylı mükafat və fəxri adlara layiq görülüb. 2010-cu ildə Hollivud Şöhrət Xiyabanında ulduzu yerləşdirilib. O, həmçinin İtaliya Respublikasının yüksək dövlət təltiflərindən birinə — Böyük Zabıtçı (Grand Officer) səviyyəsində “Order of Merit of the Italian Republic” mükafatına layiq görülüb.

2015-ci ildə Davosda Crystal Award mükafatını alıb. 2016-cı ildə isə Macerata Universiteti ona müasir filologiya üzrə fəxri doktor adı verib.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

Çərşənbə axşamı, 22 Sentyabr 2026 10:09

“Maraqlı söhbətlər”də Almazovun sehirli qabı

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Rusiyanın görkəmli ürək cərrahı, tibb sahəsindəki xidmətlərinə görə Kembric universitetinin fəxri medalına layiq görülmüş akademik Vladimir Almazovun Birinci Tibb İnstitutunun klinikasındakı kabinetində içərisində spirtlənmiş insan ürəyi olan bir şüşə qab var. Orada oxuyan hər bir tələbə bu ürəklə bağlı olan maraqlı hadisənin tarixçəsini bilir.

 

50-ci illərin əvvəllərində, Almazov hələ Sankt-Peterburqdakı Birinci Tibb İnstitutunun 4-cü kurs tələbəsi olanda İnstitutun klinikasına o vaxtı müalicəsi olmayan və ölüm faizi yüksək olan ürək xəstəsi olan bir qızı yerləşdirirlər. Qızın temperaturu yüksək olurdu və ürəyi isə dayanırdı. Hər şeydən əllərini üzən həkimlər onun sağalmasını ümidsiz hesab edirdilər.

İnstitutda təcrübə keçən Almazovda az qala son günlərini sayan bu yaraşıqlı qıza qarşı sevgi hissi yaranır. O,hər gün palatada yatan qıza baş çəkir,ona gül gətirir,qayğıkeşlik göstərir. Ölümlə əlbayaxa olan qızın da ona qarşı sevgi hissi yaranır. Heç kəsin gözləmədiyi halda onun vəziyyəti getdikcə yaxşılaşmağa doğru gedir və yavaş-yavaş sağalmağa başlayır. Və sağalır da.

Sağalandan sonra onlar ailə qururlar, uşaqları da olur. Gümüş toylarına isə onu müalicə edən həkimləri də dəvət edirlər.

Uzun illər sonra qadın vəfat edəndə ürəyini Birinci Tibb İnstitutuna verilməsini vəsiyyət edir. Bununla o xatırladır ki, xəstə qəlbi sevən ürək sağaldır.

"Ürəyi ancaq ürəklə müalicə etmək olar" deyə Almazov bildirir.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

 

Çərşənbə axşamı, 22 Sentyabr 2026 09:31

Mən dəliyəm! Başa düşən düşdü...

Rəqsanə Babayeva,

"Ədəbiyyat və İncəsənət" Beyləqan və İmişli təmsilçisi

 

Mən dəliyəm! Yorğunam, tənhayam, bir az da yuxusuzam. Gecənin bütün səssizliyi gəlib çöküb çiyinlərimə. Üstümdə ağırlığını hiss etdiyim, adını bilmədiyim bir kədər var. Dənizin ortasında üzməyi bilməyən balaca bir ada kimiyəm. Ətrafım su, içimdə quru bir torpaq... Ürəyimi qoyduğum yerə qədər üzmək, illər əvvəl hardasa unutduğum əmanətimi tapıb geri almaq istəyirəm. Amma harada qoyduğumu xatırlamıram. Bəlkə də insanın ən böyük itkisi özünü harada itirdiyini bilməməsidir.

 

Mən dəliyəm! Amma çox şey bilirəm. Rənglərin, dəbdəbənin, insanların “yaxşı həyat” dediyi şeylərin çoxu mənim üçün çoxdan mənasını itirib. Mən göylə yerin bir-birinə toxunduğu yerə, üfüqə baxıram. Həmişə başlanğıc sandığımız yerlərin əslində son olduğunu düşünürəm. Köhnə bir qatar kimi həyatın relsləri üzərində gedirəm. Bir stansiyada ümidimi düşürürəm, o birində xatirələrimi götürürəm. Bəzən hara getdiyimi bilmirəm, amma dayanmağa da ürəyim gəlmir.

Mən dəliyəm! Yağış yağanda hamı romantika axtarır, mən isə onun səsində öz içimdəki sükutu eşidirəm. Günəş doğanda hamı yeni bir gün görür, mən isə gecədən qalan yorğunluğu. Ay çıxanda göyə baxıb arzular tutanlardan deyiləm. Mən daha çox cavabsız suallarımı aya göndərirəm. Bəlkə bir gün onlardan biri geri qayıdar.

Mən dəliyəm! Özüm də bu dünyaya tam aid olduğumu düşünmürəm. Sanki sıralanmış dağların arxasında qalan, yolları qaranlıq, küçələri susqun bir şəhərdən gəlmişəm. Orada insanlar çox danışmır. Orada hər kəs öz yarasını özü daşıyır. Bəlkə də mən elə orada öyrənmişəm susmağı.

Mən dəliyəm! Deyə bilmədiyim o qədər düşüncəm var ki... Bəzən bir cümləni içimdə yüz dəfə qururam, amma dilimə gətirmirəm. Çünki bəzi sözlər deyildiyi anda mənasını itirir. Bəzi həqiqətlər isə insanın içində qalanda daha çox şey danışır.

Mənə hər gün bir az sui-qəsd edilir. Bəzən bir sözlə, bəzən bir baxışla, bəzən də heç nə demədən gedən insanların səssizliyi ilə. Amma ölmürəm. Hər dəfə bir az daha susuram, bir az daha içimə çəkilirəm, sonra yenə ayağa qalxıram. Mənim qəribəliyim də elə budur: dağıldıqca tamamlanıram.

Mən təbii fəlakətəm! Sosial bəlayam! Amma heç kimə zərər vermək üçün gəlməmişəm. Sadəcə bu dünyaya bir az artıq həssas gəlmişəm. Hamının keçib getdiyi yerdə mən dayanıb düşünürəm. Hamının unutduğu şeyi mən illərlə yadda saxlayıram. Bəlkə də buna görə yoruluram.

Mən dəliyəm! Cəmi bircə fəslim var mənim. Çovğunlu, sərt, uzun bir qış... İnsanları üşüdən şaxtanı sevirəm. Bəlkə də soyuğa öyrəşmişəm deyə. Amma uşaqları çox sevirəm. Onların dünyasında hələ saxtalıq yoxdur. Hələ ürəkləri hesablamağı bacarmır. Sonra böyüyürlər. Böyüdükcə dünyanı öyrənirlər. Dünyanı öyrəndikcə bəzən özlərini itirirlər. İnsanlaşdıqca niyə kiçildiklərini heç vaxt anlaya bilmirəm.

Mən dəliyəm! Qışqıra-qışqıra mahnı oxuyaram, sonra saatlarla susaram. Səs-küylə yaşayıb səssiz yazılar yazarım. Tanımadığım insanların şəkillərini çəkərəm, çünki bəzən insanın üzündə öz hekayəmdən bir parça görərəm. Öz-özümə danışaram, öz-özümə gülərəm. Küçələrin dalanlarında azmağı xoşlayaram. Çıxış yolu tapa bilməyəndə daha çox axtararam. Təngnəfəs qalanda bir kənarda dayanıb göyə baxaram. Bəzən də yağışın altında üzüqoylu düşməkdən qorxmaram. Çünki insan bəzən ayağa qalxmaq üçün əvvəlcə yerə yıxılmalıdır.

Mən dəliyəm! Puldan zəhləm gedir, amma pul üçün işləyirəm. Yaxşı yaşamaq deyəndə insanların nəyi nəzərdə tutduğunu heç vaxt tam anlamamışam. Mənim üçün yaxşı yaşamaq bahalı ev, gözəl maşın, çoxlu pul deyil. Mənim üçün yaxşı yaşamaq gecənin bir yarısı ürəyinin sakit olmasıdır. Heç kimə borclu olmadan başını yastığa qoymaqdır. Özünə qarşı utanmamaqdır.

Heç kimlə düşmən deyiləm. Amma heç kimi də asanlıqla dost bilmərəm. İnsanlara inanmaq mənim üçün həmişə çətin olub. Çünki mən insanları sözlərindən çox, susduqları yerlərdən tanıyıram. Bəlkə də buna görə hələ də özüm-özümə yadamsa, başqalarını necə tanıyım?

Mən dəliyəm! Ağlamayacağıma and içmişəm. Amma bəzən gözlərim məndən xəbərsiz ağlayır. Mən faciəvi dramam, bəzən də üç pərdəli bir komediya. Öz həyatımın həm tamaşaçısıyam, həm aktyoru. Bəzən səhnənin ortasında dayanıb özümə baxıram və düşünürəm: “Sən nə yaşayırsan belə?”

Yediyim çörəyin arasına bəzən kinimi doğrayıram, şorbama hirsimi qaşıqlayıram. Sonra yenə sakitləşirəm. Çünki bilirəm, insan içində böyütdüyü qəzəbin ən böyük zərərini yenə özünə verir. Ona görə də bəzən bağışlayıram. Unutduğum üçün yox, özümü daha çox yormamaq üçün.

Mən ürəklərdə nida, beyinlərdə sual işarəsiyəm. Birinin cavabı, digərinin anlaşılmazlığıyam. Kiminsə gözündə çoxam, kiminsə gözündə heçəm. Bəzən özüm üçün belə izaholunmazam.

Mən dəliyəm! Qupquru, cadar-cadar olmuş torpağa bənzəyirəm. Üstümdə illərin ayaq izləri var. Kimlərsə gəlib keçib, kimlərsə məni tapdalayıb, kimlərsə üstümdə özünə yuva qurub. Soyuqda üşümüşəm, istidə qovrulmuşam. Amma yenə də içimdə bir toxum saxlamışam. Bəlkə bir gün yağış yağar və o toxum cücərər.

Mən dəliyəm! Xoşbəxtliyi hər yerdə axtaran, amma onun reseptini çoxdan cibində gəzdirən bir dəliyəm. Bəlkə də xoşbəxtlik uzaqda deyil. Bəlkə insanın illərlə axtardığı şey elə öz içindədir. Sadəcə o qədər yaralanmışıq ki, özümüzə çatmağa belə qorxuruq.

Mən dəliyəm! Çünki hələ də inanıram. İnsanlara yox, həyata. Sabahın bu gündən fərqli ola biləcəyinə. Qaranlığın içindən bir gün işıq çıxacağına. İtirdiklərimin hamısının məni bir yerə apardığına. Bəzən gecikdiyimi düşünsəm də, Tanrının heç kimi öz vaxtından əvvəl heç bir yerə çatdırmadığına.

Mən dəliyəm! Çünki hamının “bitdi” dediyi yerdə hələ də bir başlanğıc axtarıram. Hamının vaz keçdiyi yerdə bir az da gözləyirəm. Bəlkə də bu, dəlilik deyil. Bəlkə buna ümid deyirlər.

Mən dəliyəm! Yorğunam, amma hələ yol gedirəm. Tənha­yam, amma özümlə danışıram. Yuxusuzam, amma xəyallarım hələ oyaqdır. İçimdə qış var, amma hansısa uzaq küncdə yazın gələcəyinə dair balaca bir inam saxlayıram.

Başa düşən düşdü...

Düşməyən də məni dəli bildi.

Mən isə heç nə demədim.

Çünki bəzi insanları anlatmaq olmur.

Onları yalnız hiss etmək olur.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

 

 

Çərşənbə axşamı, 22 Sentyabr 2026 08:34

Doğum gününüz mübarək, ölümsüzlər!

Vətən Sevgisi ilə Şuşaya Ucalan Ömür: Şəhid Ayxan Musayev

 

Murad Vəlixanov,

 "Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsində yaralı halda belə ön cəbhəyə qayıdan, rəşadəti ilə dastan yazan qəhrəmanlarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Ayxan Mehman oğlu Musayevdir. O, cəmi 20 illik ömrünə böyük bir vətənpərvərlik məktəbi sığdırmışdır.

 

Erkən illəri və təhsili

Ayxan Musayev 22 sentyabr 2000-ci il tarixində Gəncə şəhərində anadan olmuşdur. (Anası ilə birlikdə Samux şəhərində babasının yanında qeydiyyatda olduğu üçün rəsmi sənədlərdə bəzən Samux təvəllüdlü olaraq da qeyd edilir).

O, 2006–2017-ci illərdə Gəncə şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə ibtidai və orta təhsilini almışdır. Məktəb illərindən sonra Gəncə şəhər 1 saylı Peşə məktəbinə (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) daxil olaraq "Qaz-qaynaqçısı" ixtisası üzrə peşə təhsilinə yiyələnmişdir.

 

Hərbi xidmətdəki ilk uğurları

Ayxan Musayev 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edən Ayxan, nizam-intizamı və fəallığı ilə komandirlərinin rəğbətini qazanmışdır.

Hərbi xidməti dövründə göstərdiyi nailiyyətlərə görə iki böyük mükafata layiq görülmüşdür:

"Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi"ndə fərqləndiyinə görə.

"Azərbaycan uğrunda ən yaxşı bölük" adlı hərbi yarışda əldə etdiyi yüksək nəticələrə görə.

 

İkinci Qarabağ Müharibəsi və xəstəxanadan cəbhəyə qayıdış

Hərbi xidmətini uğurla başa vurub ehtiyata buraxılan Ayxan, müharibənin başladığı ilk gün — 27 sentyabr 2020-ci ildə könüllü olaraq ehtiyatda olan əsgər kimi yenidən ordu sıralarına qoşuldu.

O, döyüş yoluna alovlu nöqtələrdən başlayaraq Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən şiddətli döyüşlərdə iştirak etdi. Oktyabrın 1-də keçirilən hərbi əməliyyatların birində onurğasından və qolundan ağır qəlpə yarası aldı. Hospitala yerləşdirilən Ayxan, hələ yarası tam sağalmamış, həkimlərin israrına baxmayaraq, döyüş yoldaşlarını tək qoymamaq üçün könüllü olaraq yenidən ön xəttə qayıtdı.

 

Şuşa uğrunda son döyüş və şəhadəti

Ayxanın ən böyük arzusu Şuşanı görmək və onu azad etmək idi. Noyabrın əvvəllərində Şuşanın azadlığı uğrunda gedən əfsanəvi əlbəyaxa döyüşlərdə fəal iştirak etdi. Sonuncu dəfə anası ilə telefonla danışarkən “Şuşadan sənə şad xəbər deyəcəm” sözlərini söyləmişdi.

Dövlət bayrağımızın Şuşada dalğalandığı gün — 8 noyabr 2020-ci il tarixində Şuşa ətrafında gedən həlledici döyüşdə sağ çiynindən ağır yaralandı. Hospitala çatdırılan və təxminən 20 gün komada qalan Ayxan Musayev, göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq 28 noyabr 2020-ci il tarixində şəhadət zirvəsinə ucaldı.

Noyabrın 29-da qəhrəmanımızın nəşi böyük izdihamla doğma Gəncə şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

 

Təltifləri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, əsgər Ayxan Mehman oğlu Musayev ölümündən sonra torpaqlarımızın azad edilməsi zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə aşağıdakı dövlət medalları ilə təltif olunmuşdur:

"Vətən uğrunda" medalı

"Füzulinin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

Çərşənbə axşamı, 22 Sentyabr 2026 09:30

Öncə görkəmli tarzən, sonra görkəmli professor

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

"GənctarzənOqtayQuliyevinmaraqlı proqramla çıxış etməsi özününyüksəkistedadsahibiolduğunugöstərməklə yanaşı, həmdə xalqımızınqədimmusiqialətiolantarınolduqcakütləviləşdiyinibirdahasübutetdi. O, münsiflər heyəti qarşısında «Orta Mahur», H.Xanməmmədovun «Konsert»ini, Ü.Hacıbəyovun «Koroğlu» operasından rəqsi çaldıqdan sonra Qlinkanın «İvan Susanin» operasından valsı ifa etdi. Elə münsiflər heyətini də valeh edən bu klassik əsərin xalq musiqi alətində gözəl səslənməsi idi."

Bunlar Oqtay Quliyevin uğurlarına ən çox sevinən  Səid Rüstəmovun fikirləridir.

 

Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının professoru Oqtay Quliyev 22 sentyabr 1938-ci ildə Ağdamda anadan olub, sənətə ilk addımını rayon musiqi məktəbində atıb, onun tar ixtisası üzrə yüksək pedaqoji təcrübəyə malik müəllimləri həm not iztisası, həm də muğam sənəti üzrə sirlərini məmnuniyyətlə öyrədiblər. Müəllimlərinin məsləhətilə Bakıya gəlib və təhsilini A.Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində davam etdirib. Burada məşhur sənət xadimlərindən Xalq artisti, professor Səid Rüstəmov və Xalq artisti, muğam sərrafı Əhməd Bakıxanovdan ixtisas dərsləri alıb.

Tələbəsinin istedadını yüksək qiymətləndirən Səid Rüstəmov ona böyük etimad göstərərək, bədii rəhbəri və baş dirijoru olduğu əməkdar kollektivə - Xalq çalğı alətləri orkestrinə solist işləməyə dəvət edib. İşlədiyi peşəkar kollektiv bu gənc tələbə üçün əsl sənət məktəbinə çevrilib. On il bu görkəmli kollektivdə çalışması, Səid Rüstəmov, Əhsən Dadaşov, Adil Gəray, Baba Salahov, Bəhruz Zeynalov və bir çox təcrübəli sənətçilərlə birlikdə işləməsi onun peşəkar musiqiçi kimi püxtələməsinə, ciddi sənət meyarlarına yiyələnməsinə, ifaçı kimi yetişməsinə müsbət təsir göstərib.

 1958-ci ildə Dövlət Konservatoriyasına daxil olub. Azərbaycan Dövlət Konservatoriyasının nəzdində yeni kafedra – Azərbaycan xalq musiqisi kafedrası- açılıb. Bu kafedra iki bölmədən ibarət olub: Xalq musiqisi nəzəriyyəsi və tarixi və Xalq çalğı alətləri orkestrinin dirijorluq sinifləri. Oqtay Quliyev dirijorluq sinfini seçib. O vaxtlar bu sənət sahəsində oxuyanlar I və II kurslarda xalq çalğı alətləri ixtisası üzrə təhsil alıb, III kursdan başlayaraq dirijorluq ixtisasına yiyələnirdilər. Bu səbəbdən Oqtay Quliyev əvvəl Səid Rüstəmovun tar ixtisası sinfində iki il təhsil alıb, sonrakı illərdə dirijorluq sahəsində püxtələşib və həmin sinifi müvəffəqiyyətlə bitirib.

 

Səid Rüstəmov və Süleyman Ələsgərov kimi görkəmli sənətkar və pedaqoqlardan ixtisas təhsili alıb. Oqtay Quliyev dirijorluq sinfinin ilk yetirmələrindən olub. İfaçılıq yolunda addımlarını daha yeni uğurlarla davam etdirib. Oqtay Quliyev Azərbaycan xalq çalğı alətləri orkestrinin tarixinin ilk tədqiqatçısıdır. O bu işlə bir neçə il məşğul olub, «Azərbaycan xalq çalğı alətləri orkestri» mövzusunda dissertasiyasını Tiflisdə müdafiə edib və sənətşünaslıq namizədi alimlik dərəcəsini alıb. Sonra isə onun bu mövzuda Bakıda, "İşıq" nəşriyyatında monoqrafiyası çap olunub.

Oqtay Quliyev hələ gənc yaşlarından tarzən kimi tanınıb. İştirak etdiyi ilk müsabiqə 1956-cı ildə Bakıda keçirilən Birinci Musiqi Festivalı olub. Öz məharətli ifası ilə festivalın qızıl medalına və laureatı adına layiq görülüb. 1957-ci ildə Moskvada Sovet Gənclərinin Birinci Ümumittifaq Festivalında iştirak edən O. Quliyev bu çətin sınaqdan da uğurla çıxıb: festivalın qızıl medalına, birinci dərəcəli diplomuna layiq görülərək, laureat adını qazanıb. Bununla da Oqtay Quliyev Azərbaycanlı ifaçı kimi Ümumittifaq miqyasda tanınıb.

 Müsabiqədə xalq çalğı alətləri üzrə keçmiş SSRİ-nin bütün respublikalarından seçilən ifaçılar Moskvaya gəlib öz sənətlərini nümayiş etdiriblər, görkəmli mütəxəssislərdən ibarət münsiflər heyəti hər bir ifaçıya yüksək tələblər və meyarla yanaşmış və nəticədə təkcə O.Quliyev qızıl medala layiq görülüb. 1963-cü ildə konservatoriyanı müvəffəqiyyətlə bitirən O. Quliyev ömrünü pedaqoji fəaliyyətə həsr edib. 1969-cu ildən konservatriyada işləməyə dəvət alıb. Xalq çalğı alətləri kafedrasında təcrübəli pedaqoqlarla bir yerdə işləyərək, tarı tədris edib, ifaçı və müəllim kadrların yetişdirilməsi işində uğurla çalışıb.

O, tədris repertuarının təkmilləşməsi və zənginləşməsi qayğısına qalaraq, Azərbaycan, rus və Avropa musiqi ədəbiyyatlarından çoxlu sayda nümunələri tar ilə fortepiano üçün işləyib, tədris üçün pyeslər məcmuələri nəşr etdirib. Daha bir xidməti isə S. Rüstəmovun tar və kamança üçün "Melodik etüdlər"inin, bəstəkarlarımızın tar üçün konsert və pyeslərinin, müəllimlərin metodik vəsaitlərinin nəşrində ixtisas redaktoru kimi yaxından iştirak etməsidir. Xüsusilə, S. Hacıyevlə birlikdə yazdığı "Tar üçün pyeslər məcmuəsi" uşaq musiqi məktəblərində repertuar boşluğunu aradan qaldıraraq, öz aktuallığını bu gün də saxlayıb. Məlum olduğu kimi, 1970-ci illərdə Moskvada ümumittifaq "Melodiya" səsyazma şirkəti tərəfindən "Muğam məktəbi" seriyasından iki val buraxılıb. Vallara Əhməd Bakıxanovla yanaşı, onun istedadlı tələbəsi Oqtay Quliyevin ifasında "Şur", "Segah", "Çahargah", "Şahnaz", "Bayatı-kürd", "Heyratı" muğamları yazılıb.

Milli Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi yazır:

 

"Oqtay Quliyev həyatını olduqca nəcib, humanist və xalqımız üçün çox gərəkli bir işə həsr etmişdir: musiqi ifaçılığı, müəllimlik, təhsil, elm... Qırx ildən artıq dövrü əhatə edən bu geniş və çoxşaxəli fəaliyyəti ilə professor O. Quliyev istər Azərbaycan ifaçılıq sənətinin, istər tar tədrisinin və ümumilikdə musiqi təhsilinin inkişafına, istərsə də ifaçılıq tarixinin elmi tədqiqinə layiqli töhfələr vermişdir."

Tanınmış moskvalı yazıçı-publisist V. Ardamatski festivalın qaliblərinə həsr etdiyi "Beş ləçək" kitabında Azərbaycandan olan gənc tar ifaçısının istedadını xüsusi qiymətləndirir:

"O. Quliyev qədim musiqi aləti olan tarın nəyə qadir olduğunu nümayiş etdirdi. Münsiflər heyətinin xarici ölkələrdən olan nümayəndələri gənc sovet musiqiçisinin sinəsində dil açan tara, onu dilləndirən bu bəstəboy oğlanın məharətinə heyran qalmışdılar. Oqtay "Orta mahur", "cahargah" muğamları ilə yanaşı, M. Qlinkanın "İvan Susanin" operasından ayrı-ayrı parçaları tarda məharətlə dilləndirəndə dinləyicilərin, eləcə də tələbkar münsiflərin üzvlərinin heyrəti bir az da artdı. Tarzən bunu duyurmuş kimi daha da coşur, bəlkə də indiyədək professionalların imkansız musiqi aləti hesab etdiyi tarda istənilən mürəkkəb əsəri bütün incəliklərinə qədər çalmağın mümkün olduğunu əyani şəkildə sübuta yetirirdi."

 

Mükafatları

1. Qızıl medalı və laureatı - 1956-cı ildə Bakıda keçirilən Birinci Musiqi Festivalı

2. Qızıl medal, birinci dərəcəli diplom, laureat adı - 1957-ci ildə Moskvada Sovet Gənclərinin Birinci Ümumittifaq Festivalı

3. Beynəlxalq müsabiqə laureatı adı - 1957-ci ildə Dünya Gənclərinin 6-cı Ümumdünya Festivalı

 

Oqtay Quliyev 6 aprel 202-ci ildə vəfat edib.

Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

Çərşənbə axşamı, 22 Sentyabr 2026 08:14

Kontrabadsa ifa edir İlyas Hüseynov

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Kontrabas Azərbaycanda bəlkə də ən az tanınan musiqi alətidir. Amma simfonik musiqidə, simli alətlərdə onun xüsusi yeri və çəkisi olduğu şəksizdir. Deyəcəksiniz, öz çalğı alətlərimizə nə gəlib, kontrabasa meyl edək. Amma unutmayaq, musiqi aləmi çox zəngindir, hər damlası fərqli və gözəldir.

 

Görkəmli kontrabas ifaçısı İlyas Hüseynov 1924-cü il sentyabrın 22-də Bakı şəhərində anadan olub. Yeddi yaşından fortepianoda, 10 yaşından piano ilə məşğul olmağa başlayıb. Böyük Vətən müharibəsinin iştirakçısı olan musiqiçi müharibədən döndükdən sonra musiqi fəaliyyətini davam etdirib. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) M. M. Çudnovskinin sinfində təhsil alan İ. Hüseynov öz müəlliminin ənənələrini davam etdirərək pedaqoqun vəfatından sonra kontrabas sinfinə rəhbərlik edib.

Sonralar konservatoriyanın professoru olub. İstedadı və bacarıqlı ilə seçilən sənətkarın yetişdirdiyi tələbələr həm ifaçı, həm də pedaqoq kimi nəinki Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda böyük şöhrət qazanıb.

İ. Hüseynov pedaqoji fəaliyyətlə yanaşı,Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik orkestrində kontrabasçılar qrupunun konsertmeysteri olub, kamera orkestrində fəaliyyət göstərib. O, kontrabas aləti üçün dərslik, metodiki tövsiyələrin müəllifi olmaqla yanaşı, milli musiqi nümunələrinin kontrabas aləti üçün işləmələrini də həyata keçirib.

Bunların sırasında "Elegiya — İsrafimzadə", Qara Qarayevin "Yeddi gözəl" baletindən solo, Üzeyir Hacıbəylinin "Gülşən" baletindən rəqs və Azərbaycan bəstəkarlarının simfonik əsərlərindən parçaları qeyd etmək olar. Daha sonra ailəsi ilə birgə Almaniyanın paytaxtı Berlin şəhərinə köçüb və yaradıcılığını orda davam etdirib.

 

Mükafatları

1. "Əməkdə fərqlənməyə görə" medalı

2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

 

2017-ci il 12 yanvarda Berlin şəhərində vəfat edib. Berlin şəhərində dəfn olunub.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, Şamaxı "ASAN Həyat" kompleksində baş tutan tədbir ASAN könüllülərinin “Yaşıl ASAN” ekoloji proqramının, IDEA İctimai Birliyinin və “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası”nın birgə təşkilatçılığı ilə keçirilib.

Məqsəd kağız tullantılarının təkrar emalını təşviq etməklə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına dəstəkdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, müxtəlif rayonların ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Aksiyada 200 tondan çox kağız tullantıdan hazırlanmış “Yaşıl dağ” təqdim edilib. Burada ASAN könüllülərinin və məktəblilərin tullantılardan hazırladığı əl işləri və mədəniyyət guşəsi nümayiş etdirilib, eləcə də müxtəlif musiqi nömrələri səsləndirilib.

7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyasına Azərbaycanın 30-dan çox şəhər və rayonundan olan idarə və təşkilatlar, vətəndaşlar, məktəblilər qoşulublar.

Proqram çərçivəsində 11 il ərzində 2400 tondan çox kağız tullantısı təkrar emala göndərilib və nəticədə 40.800-dən çox ağacın kəsilməsinin qarşısı alınıb, 600-dən çox ekoloji istiqamətdə layihə, 200-dən çox təmizlik və ağacəkmə aksiyası baş tutub.

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2026)

Bazar ertəsi, 21 Sentyabr 2026 12:15

Milli Musiqi Günü Sumqayıt Musiqi Kollecində

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Gənclik şəhərində fəaliyyət göstərən Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Sumqayıt Musiqi Kolleci tək şəhərin deyil, ölkənin musiqi həyatında əhəmiyyətli yer tutur. Buradan müxtəlif illərdə olduqca adlı-sanlı musiqiçilər çıxmışlar. Həm də kollec tez-tez müxtəlif tədbirlərə, görüşlərə, konsertlərə evsahibliyi edir.

Milli Musiqi Günündə də belə oldu, kollecdə rəngarəng tədbir keçirildi.

 

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Samir Həmidov, Azərbaycan Milli Konservatoriyasının Etnomusiqişünaslıq kafedrasının müdiri, professor Jalə Qulamova, Xalq artisti, professor Ağaverdi Paşayev, professor Malik Quliyev, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev, Sumqayıt Dövlət Universitetinin rektor müşaviri Hüseynqulu Quliyev, prorektor Elşad Abdullayev, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri və musiqi xadimləri iştirak edirdilər.

Tədbirdə çıxış edən kollecin direktoru Natəvan Həsənova 18 Sentyabr – Milli Musiqi Gününün Azərbaycan musiqi mədəniyyətində xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. Bildirdi ki, bu əlamətdar tarix Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar və görkəmli maarifçi Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Milli Musiqi Günü Azərbaycan professional musiqisinin formalaşması və inkişafında mühüm rol oynamış böyük sənət irsinin xatırlanması və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətli tarixdir.

Bədii hissədə Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətində xüsusi yer tutan əsərləri təqdim olundu. Dahi bəstəkarın əsərləri kollecin müəllim və tələbələrindən ibarət orkestr, xor ansamblı, duet və solo ifalarla səsləndirildi.

Tədbir çərçivəsində Üzeyir Hacıbəyli irsinin Azərbaycan professional musiqisinin inkişafındakı rolu, milli musiqi ənənələrinin qorunması və yaşadılması məsələləri diqqətə çatdırıldı.

18 Sentyabr – Milli Musiqi Günü Azərbaycan professional musiqisinin keçdiyi inkişaf yolunu, milli musiqi irsinin zənginliyini və bu irsin müasir dövrdə davamlılığını əks etdirən əlamətdar tarix kimi qeyd olundu.

Nə qədər ki milli musiqimiz yaşayacaq, Üzeyir dühası da yaşamaqda davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2026)

17 -dən səhifə 3116

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.